Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(009)-65/2021 29.01.2021 BAKI ŞƏHƏRİ SƏBAİL RAYON MƏHKƏMƏSİ Hakim İlkin Şahin oğlu Rüstəmlinin sədrliyi, Deputat Süleyman oğlu Tomayevin katibliyi ilə, Cavabdeh1 nümayəndəsi və vəkili X2 iştirakı ilə, İddiaçı - cavabehlər Cavabdeh1 və Cavabdeh2 (3-cü şəxs qismində Bakı şəhəri 1 saylı notariat kontoru və DƏDRX-nin 1 saylı Bakı Ərazi İdarəsi göstərilməklə) qarşı “müqavilənin etibarsız hesab edilməsi” barədə iddia tələbinə dair mülki işə Bakı şəhərində Səbail rayon Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏN ETDİ: İddiaçı - cavabehlər Cavabdeh1 və Cavabdeh2 (3-cü şəxs qismində Bakı şəhəri 1 saylı notariat kontoru və DƏDRX-nin 1 saylı Bakı Ərazi İdarəsi göstərilməklə) “müqavilənin etibarsız hesab edilməsi “ tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, xx.xx.2012-ci il tarixli bağışlanma müqaviləsinin etibarsız hesab edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddia ərizəsi belə əsaslandırılmışdır ki, iddiaçı mülkiyyətində olan Bakı şəhəri, Yasamal rayonu, İslam Səfərli küçəsində yerləşən 10 saylı evin 7,8,9 nömrəli mənzillərini Cavabdeh1 bağışlamışdır. 2011-ci il tarixdə İçəri şəhər ərazisində yerləşən iddiaçının mənzilinə dair məhkəmə mübahisəsi olmuşdur. Bu işlə əlaqədar olaraq özünü hüquqşünas kimi təqdim edən fırıldaqçı Cavabdeh2 iddiaçıya kömək edəcəyini vəd etmişdir. Mülki işin baxışı zamanı iddiaçıya məxsus bir neçə mənzilin üzərinə həbs qoyulmuşdur. Sonradan həmin mənzillərin üzərinə qoyulmuş həbslər götürülmüş və buna görə də iddiaçının Cavabdeh2 inamı yaranmışdır. Vasif bundan istifadə edərək bildirmişdir ki, gələcəkdə iddiaçıya məxsus Bakı şəhəri, Yasamal rayonu, İslam Səfərli küçəsində yerləşən 10 saylı evin 7,8,9 nömrəli mənzillərinə həbs qoya bilərlər. Ona görə də iddiaçı bu mənzili əvvəllər tanımadığı vasifin oğlu Cavabdeh1 hədiyyə etmişdir. Mübahisəli mənzildə iddiaçıya məxsus dəyəri 100.000 manat olan əşyalar da var idi. Bağışlanma müqaviləsi əsasında formal olaraq digər şəxsə hədiyyə edilən Bakı şəhəri, Yasamal rayonu, İslam Səfərli küçəsində yerləşən 10 saylı evin 7,8,9 nömrəli mənzilin açarları iddiaçının istifadəsində olmuşdur. Bir müddətdən sonra iddiaçya məlum olmuşdur ki, həbsin götürülməsində Cavabdeh2 heç bir rolu olmamışdır. Bundan başqa Cavabdeh2 iddiaçının xəbəri olmadan Bakı şəhəri, Atatürk prospekti 39, mənzil 27-də olan iddiaçının evini ona verilmiş etibarnamə əsasında öz doğma qızı X1 hədiyyə etmişdir. Cavabdeh eyni üsulla iddiaçıya məxsus iki mənzilin birini doğma oğluna, digərini isə qızına bağışlamışdır. Bağışlama müqaviləsi əsasında mənzilin ələ keçirilməsinə dair aldadıldığını iddiaçı bir neçə ay bundan qabaq anlamışdır. Göstərilənlərə əsasən, iddianın təmin olunması xahiş olunur. Cavabdeh1 tərəfindən daxil olmuş ərizədə göstərilmişdir ki, iddia ərizəsində qeyd olunan əmlakı cavabdeh ilə iddiaçı arasında tam qanunlara riayət olunmaqla bağlanmış bağışlama müqaviləsinə əsasən cavabdehin adına keçmişdir. Cavabdeh2 2014-cü ildə iddiaçı ilə rəsmi nikaha daxil olaraq ailə qurmuş və həmin vaxtdan onlar Norveç Krallığında yaşayıblar. 2019-cu ilin sentyabr ayında onlar arasında olan nikaha xitam verildi. İddia ərizəsində qeyd edilən digər əmlak-Nərimanov rayonu, Atatürk prospekti 39 ünvanında yerləşən 27 saylı mənzillə bağlı Nərimanov rayon Məhkəməsinin icraatında mülki iş vardır və həmin iş üzrə iddiaçı cavabdehin bacısı olan İbrahimova Ülkər, cavabdeh isə İddiaçıdir. İddiaçı məhkəmə iclasının vaxtı və yeri barəsində lazımi qaydada məlumatlandırılmasına baxmayaraq məhkəmə iclasında iştirak etməmişdir. Məhkəmə iclasında iştirak etmiş cavabdehin nümayəndəsi-vəkili ərizə verərək, məhkəmə iclasının iddiaçının iştirakı olmadan keçirilməsini və iddia tələbini qəbul etməyərək, iddianın təmin olunmamasını xahiş etmişdir. Digər cavabdeh məhkəmə iclasının vaxtı və yeri barəsində lazımı qaydada məlumatlandırılmasına baxmayaraq, məhkəmə iclasına gəlməmiş və gəlməmələrinin səbəbləri barədə məhkəməyə məlumat verməmişdir. Bakı şəhəri 1 saylı Notariat Ofisi məhkəməyə məktub ünvanlayaraq məhkəmə iclasının notariat kontorunun nümayəndəsinin iştirakı olmadan keçirilməsini xahiş etmişdir. Məhkəmə Azərbaycan Respublikası MPM-nın 185.5-ci maddələrinə əsaslanaraq, cavabdehlərin iştirakı olmadan işə baxılmasını mümkün hesab etmişdir. Məhkəmə iş materiallarını araşdırıb, cavabdehin nümayəndəsi-vəkilinin izahatını dinləyib, iş üzrə toplanmış sübutlara hüquqi qiymət verərək hesab edir ki, iddia tələbi aşağıdakı əsaslara görə əsassız olduğundan təmin edilməməlidir. Belə ki, iş materiallarında olan: ÖM seriyalı 133485 nömrəli Qeydiyyat Vəsiqəsinin surətindən görünür ki, Bakı şəhəri, Yasamal rayonu, İ.Səfərli küçəsi 10 saylı evin 7,8,9 saylı mənzili xx.xx.2002-ci il tarixdə İddiaçı adına hüquqi qeydiyyatdan keçirilmişdir. xx xxxx 2012-ci il tarixli Daşınmaz Əmlakın Bağışlama Müqaviləsinə əsasən İddiaçı Bakı şəhəri, Yasamal rayonu, İ.Səfərli küçəsi 10 saylı evin 7,8,9 saylı mənzilini Cavabdeh1 bağışlamışdır. xx xxx 2014-cü il tarixli Daşınmaz Əmlakın Bağışlama Müqaviləsinə əsasən İddiaçı tərəfindən (onun adından etibarnamə ilə çıxış edən Cavabdeh2) ünvan 2 ünvanında yerləşən 27 nömrəli mənzil X1 bağışlanmışdır. Məhkəmə iddia tələbi ilə əlaqədar aşağıdakıları qeyd etməyi zəruri hesab edir. Məhkəmə hesab edir ki, iddiaçının iddia tələbi aşağıdakı əsaslara görə əsaslı hesab edilə bilməz. Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx xxxxxxxx 2000-ci il tarixli 167 nömrəli qərarı ilə təsdiq edilmiş «Azərbaycan Respublikasında notariat hərəkətlərinin aparılması qaydaları haqqında» Təlimatın 45-ci maddəsinə əsasən daşınmaz əmlakın özgəninkiləşdirilməsi və ya girov qoyulması haqqında müqavilə həmin əmlakın yerləşdiyi yerin notariusu tərəfindən təsdiq edilir. Təlimatın 46-cı maddəsinə əsasən notariuslar daşınmaz əmlakın özgəninkiləşdirilməsi və ya girov qoyulması haqqında müqavilələri notariat qaydasında təsdiq edərkən onların özgəninkiləşdirən və ya girov qoyan şəxsə məxsus olmasını yoxlayırlar. Təlimatın 47-ci maddəsinə əsasən qeydiyyatdan keçməli olan əmlakın özgəninkiləşdirilməsi və ya girov qoyulması haqqında əqdləri təsdiq edərkən notarius özgəninkiləşdirilən və ya girov qoyulan əmlaka mülkiyyət hüquqlarının dövlət qeydiyyatı haqqında müvafiq reyestrdən çıxarışı tələb edir. Məhkəmə iclasında müəyyən edilmişdir ki, mübahisəli Bakı şəhəri, Yasamal rayonu, İ.Səfərli küçəsi 10 saylı evin 7,8,9 saylı mənzilə dair Bakı şəhəri 1 saylı notariat kontorunda xx.xx.20127-ci il tarixli Daşınmaz Əmlakın Bağışlama müqaviləsi təsdiq edilərkən həmin mənzilin həbsdə və yüklü olması ilə bağlı daşınmaz əmlakın dövlət reyestrində hər hansı qeydiyyat mövcud olmamışdır. Bununla bağlı notarius bağışlama müqaviləsini təsdiq edərkən mübahisəli ev üzərində dövlət reyestrində qeydiyyata alınmış hüquqlara və onların məhdudlaşdırılmasına (yüklülüyünə) dair arayışı “Elektron notariat” informasiya sistemi vasitəsilə real vaxt rejimində əldə etmişdir. Bundan başqa həmin müqavilə təsdiq edilərkən tərəflərə, habelə iddiaçıya AR Mülki Məcəlləsinin 667-674-cü maddələrinin məzmunu izah edilmiş və tərəflər müqaviləni könüllü surətdə imzalamışdırlar. Məhkəmə qeyd edir ki, mübahisəli Bakı şəhəri, Yasamal rayonu, İ.Səfərli küçəsi 10 saylı evin 7,8,9 saylı mənzilə dair Bakı şəhəri, 1 saylı notariat kontorunda xx.xx.2012-ci il tarixli Daşınmaz Əmlakın Bağışlama müqaviləsi bağlanılarkən notariat orqanı tərəfindən qanunvericiliyin bütün tələblərinə riayət olunmuş, yəni evin yüklülüyünə dair arayış «Elektron notariat» informasiya sistemi vasitəsi ilə real vaxt rejimində əldə edilmiş, lazımı sənədlər tələb edilərək əldə edilmiş, hədiyyə verənin əmlaka dair olan mülkiyyət hüququ, o cümlədən hədiyyə verənin əmlakı bağışlamasına dair iradəsi yoxlanılmış və yalnız bundan sonra bağışlama müqaviləsi notariat qaydada təsdiq olunmuşdur. Bu səbəbdən məhkəmə hesab edir ki, bağışlama müqaviləsi qanunvericiliyin bütün tələbləri gözlənilməklə təsdiq olunduğundan, onun etibarsızlığına heç bir əsas yoxdur. AR Mülki Məcəlləsinin: 362.2-ci maddəsinə əsasən notarial forma tələb edən əqdlərin bağlanması üçün etibarnamə notariat qaydasında təsdiqlənməlidir. 152.1-ci maddəsinə əsasən mülkiyyət hüququ - subyektin ona mənsub əmlaka (əşyaya) öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüququdur. 152.5-ci maddəsinə əsasən mülkiyyətçi qanunda və ya müqavilədə müəyyən edilən məhdudiyyətlər nəzərə alınmaqla müəyyənləşdirilmiş hədlərdə əmlaka (əşyaya) sərbəst surətdə sahib ola bilər, ondan istifadə edə bilər və ona dair sərəncam verə bilər, həmin əmlaka başqa şəxslərin sahibliyinə yol verməyə bilər, ona mənsub əmlak barəsində öz mülahizəsi ilə istənilən hərəkətləri edə bilər, bir şərtlə ki, həmin hərəkətlər qonşuların və ya üçüncü şəxslərin hüquqlarını pozmasın, yaxud hüquqdan sui-istifadə olmasın. 337.1-ci maddəsinə əsasən bu Məcəllədə müəyyənləşdirilmiş şərtləri pozmaqla bağlanmış əqd etibarsızdır. Etibarsız əqdlər mübahisə edilən əqdlər və ya əhəmiyyətsiz əqdlər ola bilər. 666.1-ci maddəsinə əsasən bağışlama müqaviləsi sağ ikən bağlanan elə müqavilədir ki, onun əsasında hədiyyə verən öz əmlakının bir hissəsini bağışlamaqla hədiyyə alanı zənginləşdirir, həm də bu cür bağışlama hədiyyə alan tərəfindən heç bir cavab xidməti ilə şərtləndirilmir. Bağışlama müqaviləsi hədiyyə alanın hədiyyəni qəbul etməsi ilə bağlanmış sayılır. Əgər bağışlama öhdəliklə şərtləndirilməyibsə, hədiyyənin qəbul edildiyi ehtimal olunur. 668.1- ci maddəsinə əsasən bağışlama bu hallarda etibarlıdır: 668.1.1.daşınmaz əşyaların və ya həmin əşyalara hüquqların bağışlanması zamanı bağışlama müqaviləsi notariat qaydasında təsdiqləndikdə; 668.1.2. rəsmi reyestrlərdə qeydə alınması tələb edilən daşınar əşyaların bağışlanması zamanı bağışlama müqaviləsi notariat qaydasında təsdiqləndikdə; 668.1.3. daşınar əşyaların bağışlanması zamanı hədiyyə verən əşyanı hədiyyə alana verdikdə; 668.1.4. tələblərin və digər hüquqların bağışlanması zamanı onlar bu Məcəllənin tələblərinə uyğun yazılı surətdə keçirildikdə; 668.1.5. gələcəkdə bağışlama vəd edildikdə bu vəd notariat qaydasında təsdiqləndikdə. Məhkəmə qeyd edir ki, mübahisəli müqavilənin etibarsız hesab edilməsi üçün mülki qanunvericilikdə hallar konkret olaraq müəyyən edilmişdir. Əqdin (müqavilənin) etibarsızlığı dedikdə Mülki Məcəllədə müəyyənləşdirilmiş şərtləri pozmaqla bağlanan və məzmununda nəzərdə tutulmuş mülki-hüquqi münasibətləri yaratmayan, yalnız özünün etibarsızlığı ilə bağlı nəticələrə səbəb ola bilən əqd anlaşır. Etibarsız əqdlər mübahisə edilən əqdlər və əhəmiyyətsiz əqdlər deyə iki qrupa bölünür. Aldatma dedikdə şəxsdən əsl həqiqəti gizlətməklə, onu hiyləgərcəsinə həqiqətdən uzaq müəyyən hərəkətə həvəsləndirərək təhrik etmək anlaşılır. Bu yolla maraqlı tərəf arzuladığı və öz iradəsinə müvafiq olan, lakin aldadılmış tərəfin mənafeyinə zidd olan bir əqdin bağlanmasına nail olur. Beləliklə, bağlanmış əqddə aldadılmış tərəfin həqiqi iradəsi təhrif edilmiş olur. Bu isə şəxsin iradə sərbəstliyinin və mülki qanunvericiliyin əsas prinsiplərindən birinin kobud surətdə pozulmasıdır. Qanunun tələbinə görə aldatma nəticəsində bağlanmış əqd onun aldatma olmadan bağlana bilməyəcəyi aşkar olduğu halda mübahisələndirilə bilər. Aldatma yolu ilə əqdin bağlanmasına nail olmuş şəxsin bunun nəticəsində fayda götürmək, yaxud digər tərəfə zərər vurmaq məqsədinin güddüyünün əhəmiyyəti yoxdur. Beləliklə məhkəmə qeyd edir ki, qeyd olunan müqavilə qanunda nəzərdə tutulmuş şərtlərə əməl edilməklə bağlanıldığından və iddiaçı tərəfindən gətirilən dəlillər müqavilənin etibarsızlığı üçün əsas olmadığından, iddia tələbi əsassızdır, ona görə də təmin olunmamalıdır. Məhkəmə eyni zamanda cavabdehin iddia müddətinin tətbiqi barədə ərizəsinə münasibətdə qeyd edir ki, iddia müddəti şəxsin öz hüquqlarını müdafiə edə bilməsi üçün qanunla nəzərdə tutulan müddətdə məhkəməyə müraciət etmək üçün nəzərdə tutulan institutdur. AR Mülki Məcəlləsinin: 372.1-ci maddəsinə əsasən başqa şəxsdən hər hansı hərəkəti yerinə yetirməyi və ya yerinə yetirməkdən çəkinməyi tələb etmək hüququna müddət şamil edilir. 373.2-ci maddəsinə əsasən müqavilə tələbləri üzrə iddia müddəti üç il, daşınmaz əşyalarla bağlı müqavilə tələbləri üzrə iddia müddəti isə altı ildir. 377.1-ci maddəsinə əsasən iddia müddətinin axımı şəxsin öz hüququnun pozulduğunu bildiyi və ya bilməli olduğu gündən başlanır. Məhkəmə qeyd olunan maddi normalara istinad edərək qeyd edir ki, cavabdehin iddia müddətinin tətbiqi bağlı vermiş olduğu ərizə əsaslıdır. Belə ki, qanunvericilik daşınmaz əmlaklarla bağlı müqavilələrin mübahisələndirilməsi üçün 6 il iddia müddəti müəyyənləşdirmişdir. İş materiallarından görünür ki, tərəflər arasında bağlanmış mübahisələndirilən bağışlama müqaviləsi 2012-ci il tarixdə bağlanmasına baxmayaraq, iddiaçı sözügedən müqaviləni yalnız müqavilənin bağlandığı tarixdən 7 il müddət keçdikdən sonra mübahisələndirmişdir. 375.1-ci maddəsinə əsasən hüququn müdafiəsi haqqında tələb iddia müddətinin keçməsindən asılı olmayaraq məhkəmə tərəfindən baxılmağa qəbul edilir. 375.2-ci maddəsinə əsasən məhkəmə tərəfindən iddia müddəti yalnız mübahisə tərəfinin məhkəmə qərarı çıxarılanadək verdiyi ərizə əsasında tətbiq edilir. Məhkəmə həmçinin MPM-nın 119-cu maddəsinə əsaslanaraq hesab edir ki, məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edildiyi üçün və hazırki halda iddia təmin olunmadığı üçün məhkəmə xərclərinə aid edilən 10,40 manat ödənilmiş dövlət rüsumu iddiaçıya aid edilməlidir Şərh olunanlara əsasən və Az. Resp. MPM-nin 216-220-ci maddələrini rəhbər tuturaq, məhkəmə QƏT ETDİ: İddiaçı - cavabehlər Cavabdeh1 və Cavabdeh2 (3-cü şəxs qismində Bakı şəhəri 1 saylı notariat kontoru və DƏDRX-nin 1 saylı Bakı Ərazi İdarəsi göstərilməklə) qarşı “müqavilənin etibarsız hesab edilməsi” barədə iddia tələbi əsassız olduğundan təmin edilməsin. İddiaçı tərəfindən iddianın qaldırılması üçün ödənilmiş dövlət rüsumu iddiaçının özünə aid edilsin. Qətnamədən işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı şəhəri Səbail Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasına apellyasiya şikayəti verilə bilər. HAKİM: İLKİN RÜSTƏMLİ
Məhkəmə qərarları › İş №2(009)-65/2021
Bakı Şəhəri Səbail Rayon Məhkəməsi Qətnamə — İş №2(009)-65/2021
29.01.2021 · Müqavilələrin ləğv edilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver