Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2(009)-653/2024 15.02.2024 BAKI ŞƏHƏRİ SƏBAİL RAYON MƏHKƏMƏSİ Bakı şəhəri Səbail Rayon Məhkəməsinin hakimi Rəna Nazim qızı Qafarova, İddiaçı cavabdeh Azərbaycan Respublikasının Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinə və Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Şəki rayon şöbəsinə qarşı “mənəvi zərərin ödənilməsi” tələbinə dair iddia ərizəsini və ona əlavə edilmiş sənədləri nəzərdən keçirərək MÜƏYYƏN ETDİ: İddiaçı cavabdeh Azərbaycan Respublikasının Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinə və Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Şəki rayon şöbəsinə qarşı “mənəvi zərərin ödənilməsi” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək ona dəymiş mənəvi zərərlə bağlı 20.000 (iyirmi min) manat məbləğində vəsaitin cavabdehlər Azərbaycan Respublikasının Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətindən və Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Şəki rayon şöbəsindən xeyrimə tutulması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Aşağıda göstərilənlərə əsasən hesab edir ki, iddia ərizəsi yolverilməzliyinə görə qəbul edilməməlidir. Belə ki, Azərbaycan Respublikası MPM-nin 151.1-ci maddəsinə əsasən, iddia ərizəsinin bu Məcəllənin tələblərinə riayət edilməklə verilməsi yoxlanılmalıdır. Həmin Məcəllənin 153.2.1-ci maddəsinə əsasən, ərizəyə məhkəmə qaydasında və ya mülki məhkəmə icraatı qaydasında baxılmalı deyildirsə hakim, yolverilməzliyinə görə iddia ərizəsini qəbul etməkdən imtina edir. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin (İPM) 2.1-ci maddəsinə əsasən qanunla başqa aidiyyət qaydası müəyyən edilməmişdirsə, inzibati mübahisələrə dair işlər üzrə məhkəmə icraatı inzibati məhkəmələr və inzibati kollegiyalar tərəfindən həyata keçirilir. - 2.2-ci maddəsinə görə isə, şəxsin hüquq və vəzifələri ilə bağlı inzibati orqan tərəfindən qəbul edilmiş inzibati aktın mübahisələndirilməsinə, inzibati orqanın üzərinə inzibati aktın qəbul edilməsi ilə bağlı müvafiq öhdəliyin qoyulmasına dair iddialara və ya inzibati orqanın hərəkətsizliyindən müdafiəyə dair iddialara (məcburetmə haqqında iddia), inzibati orqan tərəfindən inzibati aktın qəbul edilməsi ilə əlaqədar olmayan müəyyən hərəkətlərin edilməsinə dair iddialara (öhdəliyin icrası haqqında iddia), inzibati mübahisələrin həlli ilə bağlı əmlak tələbinə, habelə inzibati orqanların qanunsuz qərarları (inzibati aktları) və ya hərəkətləri (hərəkətsizliyi) nəticəsində vurulmuş ziyana görə kompensasiyanın ödənilməsi tələbinə dair iddialara; inzibati məhkəmə icraatı qaydasında baxılır. İnzibati hüquq münasibətləri (idarəçilik sahəsində ümumi (publik) hüquq münasibətləri) dövlət idarəçiliyi və ya yerli özünüidarəetmə sahəsində yaranır və bilavasitə dövlət idarəetmə fəaliyyətinin həyata keçirilməsi prosesində inzibati orqanların vəzifə və səlahiyyətlərinin yerinə yetirilməsi ilə bağlıdır. Göründüyü kimi, belə hüquq münasibətlər publik hüquq sahəsində yaranmaqla münasibətin tərəfi kimi mütləq qaydada inzibati orqan çıxış edir, həmin orqanın fəaliyyəti ictimai idarəetmə ilə bağlı olur və hakimiyyət səlahiyyətlərinin tətbiq edilməsi ilə müşaiyyət olunur. Nəzərə alınmalıdır ki, inzibati hüquq münasibətlərini digər hüquq münasibətlərindən fərqləndirən xüsusiyyətlərdən biri həmin münasibətlərin hakimiyyət-tabeçilik prinsipi əsasında qurulmasıdır. İddia ərizəsindən görünür ki, İddiaçı dövlət orqanının hərəkətlərindən şikayət edir və mənəvi zərərin əvəzinin ödənilməsini tələb edir. Belə ki, iş materiallarında olan Hərbi xidmətə könüllü daxil olan şəxsin 9164 saylı Tibbi Şəhadətnamə kartından görünür ki, Müdafiə Nazirliyinin Mərkəzi Hərbi Poliklinikasının 28 avqust 2023-cü il tarixli 8948 №-li rəyi ilə (Diaqnoz: "ikitaylı aortal qapaq") ürəyinin anadangəlmə xəstə olduğu bildirərək “Xəstəliklər cədvəlinin" 80C maddəsinin İİ qrafasına və ƏTC-yə (Hərbi-həkim ekspertizası haqqında” Əsasnaməyə qoşma) əsasən Hərbi xidmətə daxil olmağa yararsızdır. İş materiallarında olan SX ******* nömrəli Hərbi biletin surətindən görünür ki, 2018-ci ildə Şəki rayon çağırış komissiyası tərəfindən hərbi xidmətə yararlı sayılaraq həqiqi hərbi xidmətə çağrılmış və 05 oktyabr 2018-ci il tarixdə hərbi hissəyə göndərilmiş, 2020-ci il aprelin 20-də həqiqi hərbi xidməti başa vurub Azərbaycan Respublikası Müdafiə Nazirliyinin xx.xx.2020-ci il tarixli 76 №-li əmri əsasında həqiqi hərbi xidmətdən ehtiyata buraxılmışdır. “İnzibati orqanların Təsnifatı”nın təsdiq edilməsi haqqında” Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.2007-ci il tarixli 136 nömrəli qərarına əsasən Azərbaycan Respublikasının Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidməti və Azərbaycan Respublikasının Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin yerli idarə, şöbə və bölmələri inzibati orqan hesab edilir. Hazırki iş predmet və subyekt tərkibinə görə inzibati xarakterlidir və bu səbəbdən İddiaçı iddia tələbinə ümumi məhkəmədə baxıla bilməz. Azərbaycan Respublikası MPM-nin 153.3-cü maddəsinə görə, hakim ərizəni qəbul etməkdən imtina barədə əsaslandırılmış qərardad çıxarır. İşə məhkəmə qaydasında baxılmalı deyildirsə, iddiaçının hansı orqana müraciət etməli olmasını orada göstərir. Həmin Məcəllənin 153.4-cü və 153.5-ci maddələrinə əsasən, ərizəni qəbul etməkdən imtina haqqında qərardad ərizəyə əlavə olunmuş bütün sənədlərlə birlikdə ərizəçiyə rəsmi qaydada verilməlidir. Ərizəni qəbul etməkdən imtina edilməsi ərizəçiyə həmin cavabdehə qarşı, həmin predmet barəsində və həmin əsaslarla yenidən iddia qaldırmağa mane olur. Belə olan halda, İddiaçı cavabdeh Azərbaycan Respublikasının Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinə və Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Şəki rayon şöbəsinə qarşı “mənəvi zərərin ödənilməsi” tələbinə dair iddia ərizəsinin qəbulundan iddianın yolverilməzliyinə görə imtina edilməli, iddia ərizəsi və ona əlavə edilmiş sənədlər İddiaçı qaytarılmalı və həmin iddia tələbi ilə onun müvafiq inzibati məhkəməyə müraciət etmək hüququ izah edilməlidir. Şərh olunanlara əsaslanaraq və Azərbaycan Respublikası MPM-nin 153.2.1, 153.3, 153.4, 153.5, 153.6, 263 və 264-cü maddələrini rəhbər tutaraq QƏRARA ALDİ: İddiaçı cavabdeh Azərbaycan Respublikasının Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinə və Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Şəki rayon şöbəsinə qarşı “mənəvi zərərin ödənilməsi” tələbinə dair iddia ərizəsinin qəbulundan iddianın yolverilməzliyinə görə imtina edilsin. İddia ərizəsi və ona əlavə edilmiş sənədlər İddiaçı qaytarılsın. İddiaçıya izah olunsun ki, həmin iddia tələbi ilə onun müvafiq inzibati məhkəməyə müraciət etmək hüququ vardır. Qərardaddan rəsmi qaydada verildikdən sonra 10 gün müddətində (elektron kabinet vasitəsilə MPM-nin 2 saylı əlavəsinə uyğun olaraq) Bakı şəhəri Səbail Rayon Məhkəməsinə şikayət verilə bilər. Hakim: Rəna Qafarova
Məhkəmə qərarları › İş №2(009)-653/2024
Bakı Şəhəri Səbail Rayon Məhkəməsi Qərardad — İş №2(009)-653/2024
15.02.2024 · Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Mənəvi zərərin ödənilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver