Məhkəmə qərarları › İş №2(009)-675/2022

Bakı Şəhəri Səbail Rayon Məhkəməsi Qətnamə — İş №2(009)-675/2022

13.05.2022 · Müqavilələrin ləğv edilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(009)-675/2022 13.05.2022 BAKI ŞƏHƏRİ SƏBAİL RAYON MƏHKƏMƏSİ Hakim Abdullayev Şahin Zülfüqar oğlunun sədrliyi, Ağayeva Narqələm Bayram qızının katibliyi, İddiaçının nümayəndəsi və vəkili Vəkil1, Cavabdeh2 nümayəndəsi və vəkili Vəkil2 iştirakları ilə İddiaçı cavabdehlər X8 və Cavabdeh1na qarşı bağışlama müqaviləsinin ləğvi və mülkiyyət hüquqlarının bərpa edilməsi tələbinə dair iddia ərizəsi üzrə mülki işə Səbail rayon Məhkəməsi binasında açıq məhkəmə iclasında baxaraq… MÜƏYYƏN ETDİ: İddiaçı cavabdehlər X8 və Cavabdeh1na qarşı bağışlama müqaviləsinin ləğvi və mülkiyyət hüquqlarının bərpa edilməsi tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək göstərmişdir ki, o, Bakı şəhəri İcra Hakimiyyəti Texniki İnventarlaşdırma və Mülkiyyət Hüquqlarının Qeydiyyatı İdarəsi tərəfindən verilmiş 465,419,80 a/c saylı reyestri kitabında 67499, 60527,15221-xi səhifəsində qeydiyyata alınmış, qeydiyyat nömrəsi 30/24048 olan 06.11.2002-ci il tarixli ÖM seriyalı 133485 saylı qeydiyyat vəsiqəsi və Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin Bakı şəhər Ərazi İdarəsi tərəfindən verilmiş 11/19556 saylı, 04.07.2012-ci il tarixli arayışa əsasən Bakı şəhəri, Yasamal rayonu, İslam Səfərli küçəsində yerləşən 10 saylı evin ümumi sahəsi 89,4 kv.m. olan yaşayış sahəsindən 7,8,9 nömrəli mənzilini X8 bağışlamışdır. Bağışlama müqaviləsi Bakı şəhəri 1 saylı Xüsusi Notariat Kontorunun notariusu F.M.Sabitov tərəfindən 19.07.2012-ci il tarixdə təsdiq edilmişdir. X4 əvəzindən bağışlama müqaviləsini atası X5 imzalamışdır. Belə ki, təxminən 2011-ci il tarixdə “İcəri Şəhər” ərazisində yerləşən mənzilinə dair məhkəmə mübahisəsi olmuşdur. Bu işlə əlaqədar özünü hüquqşünas kimi təqdim edən X5 ona köməklik göstərəcəyini vəd etmişdir. Sonra mülki işlərinə görə onu məhkəmədə təmsil etmək üçün ona tərəfindən etibarnamələr verilmişdir. Həmin mülki işin nəticəsi olaraq onun əleyhinə məhkəmə qətnaməsi qəbul olunmuşdur. Hətta mülki işin baxışı zamanı ona məxsus bir neçə mənzilin üzərinə həbs qoyulmuşdur. Sonradan həmin mənzillərin üzərinə qoyulmuş həbslər götürülmüşdür. Səlimov Vaqif bunların onun əziyyəti, hüquqi yardımı nəticəsində baş verdiyini bildirmişdir. Buna görə də X2 inamı yaranmış və sonuncuya etibar etmişdir. Vasif bundan istifadə edərək bildirmişdir ki, gələcəkdə təkrar ona məxsus Bakı şəhəri, Yasamal rayonu, İslam Səfərli küçəsi, 10, mənzil 7,8,9-da olan evinə həbs qoya bilərlər. Qeyd olunan səbəbdən bu mənzili bağışlama yolu ilə əvvəllər tanımadığı Vasifin oğlu X8 hədiyyə etmişdir. O, üzərinə yalnız həbs qoyulmaması üçün mənzilini 19.07.2012-ci il tarixdə X8 bağışlama müqaviləsi ilə heç bir əvəz almadan hədiyyə etmişdir. Mübahisəli mənzildə ona məxsus dəyəri 100.000 manat olan əşyaları da var idi. Həmçinin əlavə olaraq ona məxsus 10.000 ABŞ dolları dəyərində qızıl-zinət əşyaları da mövcud olmuşdur. Yəni bağışlama müqaviləsi əsasında formal olaraq digər şəxsə hədiyyə edilən Bakı şəhəri, Yasamal rayonu, İslam Səfərli küçəsi, 10, mənzil 7-8-9-da olan evinin açarları uzun müddət öz istifadəsində olmuşdur. Konkret bağışlama müqaviləsi görüntü xarakterli olmaqla onu aldatma yolu ilə bağlanmışdır. Həmçinin bir müddətdən sonra ona məlum olmuşdur ki, həbsin götürülməsinə dair X6 ümumiyyətlə rolu olmamışdır. Göründüyü kimi X5 etibarından sui-istifadə edərək və onu aldadaraq mənzilini ələ keçirmişdir. Hətta bununla bağlı tərəfindən verilmiş şikayət nəticəsində Səbail rayon Polis İdarəsinin 39-cu Polis Bölməsində araşdırılma aparılmışdır. 17.12.2021-ci il tarixli cinayət işinin başlanmasının rədd edilməsi haqqında qərardan da göründüyü kimi araşdırma zamanı izahatı alınan X9 onu bağışlama müqaviləsi bağlanmamışdan öncə ümumiyyətlə görmədiyini və tanımadığını, ona bağışlama ilə bağlı heç bir vəd vermədiyini, müqavilə bağlandıqdan bir müddət sonra bağışlamadan xəbəri olduğunu, Bakı şəhərində olsa da, müqaviləni onun əvəzindən atasının imzaladığını bildirmişdir. Bundan başqa tərəfindən X2 verilmiş baş etibarnamə əsasında əvvəllər anasına, sonradan isə bağışlama müqaviləsi əsasında onun mülkiyyətinə verilmiş və Bakı şəhəri, Nərimanov rayonu, Atatürk prospekti, 39, mənzil 27-də olan evini xəbəri olmadan 03.05.2014-cü il tarixdə notarial qaydada öz doğma qızı X3 “öz dədə malı” kimi hədiyyə etmişdir. Lakin həmin mənzil qanunvericiliyin tələblərinə uyğun olaraq yenidən öz mülkiyyətinə qaldırılmışdır. O, eyni qayda və üsulla ona məxsus iki mənzilinin birini doğma oğluna, digərini isə qızına bağışlanma müqaviləsi əsasında əvəzsiz olaraq hədiyyə etmişdir. Analoji üsulla iki dəfə ona qarşı dələduzluq edərək əvəzsiz şəkildə iki mənzilini ələ keçirmişdir. Bundan başqa X5 dəfələrlə onu döyərək xəsarətlər yetirmişdir. X5 ona xəsarət yetirdiyi üçün hazırda Norveç Krallığında 1 il müddətinə azadlıqdan məhrumetmə cəzasına məhkum olunmuşdur. Hazırda mübahisəli mənzildən istifadə hüququ tam məhdudlaşdırılmışdır. Ümumiyyətlə həmin mənzilə yaxınlaşmasına cavabdeh tərəfindən icazə verilmir. Bağışlama müqaviləsinin nəticəsi olaraq mübahisəli mənzil X4 mülkiyyətinə verilmişdir. Bağışlama müqaviləsi əsasında mənzilinin ələ keçirilməsinə dair aldadıldığını bir müddət öncə anlamışdır. Bu hərəkət və qanunsuz bağışlama müqaviləsi onun konstitusion hüquqlarının kobud şəkildə pozulmasına gətirib çıxarmışdır. Səlimov Vasifin onu aldatması nəticəsində mənzil cavabdehin mülkiyyətinə keçmişdir. Onun verdiyi izahatdan da göründüyü kimi, onlar ümumiyyətlə bir-birlərini tanımamışlar. Səlimov Məmmədin ifadəsini, müqavilənin aldadılma nəticəsində bağlanıldığını, Səlimov Vasif tərəfindən döyüldüyünü, hazırda mənzildən istifadəsinə manneə yaradıldığını nəzərə alaraq bağışlama müqaviləsinin ləğv edilməsi və mübahisəli mənzil üzərində mülkiyyət hüququnun bərpa olunması barədə qətnamə çıxarılmalıdır. Göstərilənləri nəzərə alaraq iddiaçı Cavabdeh1 təsdiq edilmiş 19.07.2012-ci il tarixli bağışlama müqaviləsinin ləğv olunması və ona məxsus Bakı şəhəri, Yasamal rayonu, İsla Səfərli küçəsində yerləşən 10 saylı evin ümumi sahəsi 89,4 kv.m. olan 7,8,9 nömrəli mənzildən cavabdeh X4 çıxarılması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Məhkəmə iclasında izahatı alınmış iddiaçının nümayəndəsi və vəkili Vəkil1 iddia tələbini müdafiə edərək onun təmin edilməsini məhkəmədən xahiş etmişdir. İddiaçının nümayəndəsi həmçinin göstərmişdir ki, məhkəməyə təqdim etdiyi sübutlar İddiaçı digər əmlakının hazırki cavabdehin bacısına formal bağışlanması və bağışlanmadan imtinaya dair sənədlər bir daha qaldırılan iddianın əsaslığını bağışlama müqaviləsinin formal xarakter daşımasını təsdiq edir, cinayət işinin başlanmasının rədd etmə qərarında cavabdeh izahat verərkən etiraf etmişdir ki, iddiaçını tanımamışdır. Digər tərəfdən hazırki münasibətə iddia müddəti tətbiq edilə bilməz, Mülki Məcəllənin 384-cü maddəsi mülkiyyətlə əlaqədar iddialar üzrə iddia müddətinin tətbiq edilməli olmamasını müəyyən edir. Hazırki münasibətə də iddia müddəti tətbiq edilə bilməz. Hazırki tələb mülkiyyət hüquqlarının bərpası ilə bağlıdır. Məhkəmə iclasında izahatı alınmış cavabdeh X4 nümayəndəsi və vəkili Vəkil2 iddia tələbini qəbul etməyərək öz izahatında göstərmişdir ki, iddiaçı iddia müddətini ötürərək iddia qaldırdığından iddia tələbinə iddia müddəti tətbiq edilərək, iddianın rədd edilməsi barədə qətnamə çıxarılmasını xahiş etdi və bu barədə ərizəsini məhkəməyə təqdim etmişdir. Nümayəndə həmçinin göstərmişdir ki, qaldırılan iddia da əsassızdır. Bağışlama zamanı aldatma olmayıb, iddiaçı cavabdehin atası ilə 5-6 il ailə münasibətlərində olub, ev cavabdehə mənzil təminatı üçün bağışlanılıb. Müqavilə tam qanuni əsaslarla bağlanıb. Məhkəmə iclasının yeri və vaxtı barədə lazımi qaydada xəbərdar edilmiş cavabdeh ünvan 1 ünvanlanmış məktublarda işə onun iştirakı olmadan baxılmasını xahiş etmişdir. Məhkəmə işə cavabdeh Bakı şəhəri 1 saylı notariat ofisinin nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilmiş iş üzrə müstəqil tələb irəli sürməyən 3-cü şəxslər X5 və Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 1 saylı Bakı Ərazi İdarəsinin nümayəndəsi məhkəmə iclasına gəlməmişlər. Məhkəmə AR MPM-nin 185.5-ci maddəsinə əsasən işə onların iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə iş üzrə tərəflərin izahatlarını dinləyib, iş materiallarını araşdıraraq, iş üzrə toplanmış sübutlara hüquqi qiymət verərək hesab edir ki, iddia tələbi əsassız olduğu üçün təmin edilməməlidir. İş üzrə Texniki İnventarlaşdırma və Mülkiyyət Hüquqlarının Qeydiyyatı İdarəsi tərəfindən verilmiş ÖM seriyalı 133485 nömrəli 06.11.2002-ci il tarixli qeydiyyat vəsiqəsinin surətinə əsasən Bakı şəhəri, Yasamal rayonu, İ.Səfərli küçəsində yerləşən 10 saylı evin 89,4 kv.m. yaşayış sahəsindən ibarət 7,8,9 nömrəli mənzili İddiaçı adına qeydiyyata alınmışdır. İş üzrə Bakı şəhər 1 saylı Notariat Kontorunda təsdiq edilmiş və İddiaçı ilə X9 arasında bağlanılmış 19.07.2012-ci il tarixli daşınmaz əmlakın bağışlanması müqaviləsinin notarial qaydada təsdiq edilmiş surətinə əsasən İddiaçı mülkiyyətində olan Bakı şəhəri, Yasamal rayonu, İslam Səfərli küçəsində yerləşən 10 saylı evin, 89,4 kv.m yaşayış sahəsindən ibarət 7,8,9 nömrəli mənzilini X8 bağışlamışdır. İş üzrə Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi Yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən RX seriyalı ******* nömrəli 16.08.2012-ci il tarixli çıxarışın notarial qaydada təsdiq edilmiş surətinə əsasən Bakı şəhəri, Yasamal rayonu, İslam Səfərli küçəsində yerləşən 10 saylı evin, 89,4 kv.m. yaşayış sahəsindən ibarət 7,8,9 saylı mənzili tam mülkiyyət hüququ üzrə X4 mülkiyyətindədir. İş üzrə Azərbaycan Respublikası DİN-nin Bakı şəhər Baş Polis İdarəsi tərəfindən İddiaçı ünvanlanmış 14.03.2019-cu il tarixli məktubun surətindən görünür ki, əmlakının X5 və qeyriləri tərəfindən ələ keçirilməsi barədə Bakı şəhər Baş Polis İdarəsinə daxil olmuş İddiaçı ərizəsi və Təhqiqat İdarəsində Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.3.2-ci (külli miqdarda ziyan vurmaqla dələduzluq) maddəsi ilə istintaq aparılan cinayət işinə əlavə edilmişdir. 24.10.2014cü il tarixdə V.Səlimovun Cinayət Məcəlləsinin 178.3.2-ci maddəsi ilə təqsirləndirilən şəxs qismində cəlb edilməsi haqqında qərar qəbul edilərək ölkə hüdudlarını tərk etdiyindən barəsində axtarış elan edilməklə həbs qətimkan tədbiri seçilmişdir. İş üzrə Bakı Apellyasiya Məhkəməsinin 2(103)-3975/2021 saylı, 03.05.2021-ci il tarixli qərardadından görünür ki, İddiaçı tərəfindən verilmiş apellyasiya şikayəti qismən təmin edilmiş, Səbail rayon Məhkəməsinin 2(009)-65/2021 saylı işi üzrə 29.01.2021-ci il tarixli qətnaməsi ləğv edilmiş, İddiaçı cavabdehlər X8 və X2 (3-cü şəxs Cavabdeh1 və DƏDRX-nin 1 saylı Bakı Ərazi İdarəsi göstərilməklə) qarşı “müqavilənin ləğv (etibarsız hesab) edilməsi və mülkiyyət hüquqlarının bərpa edilməsi” tələbi baxılmamış saxlanılmışdır. İş üzrə Səbail RPİ-nin 39-cu PB-nin cinayət işinin başlanmasının rədd edilməsi haqqında 17.12.2021-ci il tarixli qərarın surətindən görünür ki, İddiaçı ərizə ilə müraciət edərək X7 tərəfindən aldatma yolu ilə ünvan 3 ünvanında yerləşən 7,8,9 saylı mənzillərinin ələ keçirilməsi bildirmişdir. Araşdırma zamanı izahatı alınmış X9 izahatında göstərmişdir. İddiaçı 2017-2018-ci illərdə Norveçdə olarkən görmüşdür. Bundan əvvəl onu Bakıda olarkən cəmi bir dəfə görmüşdür. Yasamal rayonu, İ.Səfərli küçəsində yerəşən 10 saylı evdəki 7,8,9 saylı mənzilləri onun adına bağışlanmazdan əvvəl görməmişdir. Eləcə də həmin mənzillərin əvvəlcədən ona bağışlanacağı barədə Təranə ona heç bir vəd verməmiş, və yaxud bu barədə Təranədən xahiş etməmişdir. Təranənin həmin mənzilləri ona bağışlamasından bir müddət sonra xəbəri olmuşdur. Təranəni həmin mənzilləri ona bağışladıqdan sonra da mənzildə görməmişdir. Bildiyinə görə Təranə xaricdə yaşayırmış. Təranə ona həmin mənzilləri bağışlayarkən bağışlama müqaviləsini onun adından atası Vasif imzalamışdır. Həmin vaxt Bakı şəhərində yaşasa da, atasına etibarnamə verdiyi üçün atası müqaviləni imzalamışdır.Müqavilə bağlanan gün onun müqavilədən xəbəri olmamışdır. Təranə xanımın sözügedən mənzillərdə əşyaları qalsa da, sonradan onları evdə görməmişdir. Hesab edir ki, Təranə həmin əşyaları aparmışdır. Təranə atası ilə 2014-cü ildən 2019-cu ilədək rəsmi nikahda olmuşdur. Bundan savayı Təranə ilə qohumluq əlaqəsi olmamışdır. Hazırda nikah pozulduğu üçün Təranə həmin mənzillərin qaytarılmasını tələb edir. X1 əməlində cinayət tərkibi olmadığı üçün toplanmış material üzrə cinayət işinin başlanması rədd edilmişdir. İş üzrə İddiaçı tərəfindən X8 ünvanlanmış 18.01.2022-ci il tarixli pretenziya məktubunun surətindən görünür ki, atası X5 tərəfindən aldadılması nəticəsində Bakı şəhəri, Yasamal rayonu, İslam Səfərli küçəsi, ev 10-da yerləşən 7,8,9 saylı mənzillər 19.07.2012-ci il tarixdə Cavabdeh2 bağışlanılmışdır. Atası tərəfindən aldadılması artıq ona məlum olduğu üçün bağışlama müqaviləsindən imtina edərək onun ləğv edilməsi barədə 7 gün ərzində müvafiq tədbir görülməsi üçün Məmməd Səlimova məlumat verir. 28.01.2022-ci il tarixədək müqavilənin ləğv edilməsinə dair müvafiq tədbir görülməyəcəyi halda tərəfindən məhkəməyə müraciət ediləcək. İş üzrə 42 saylı MKİS tərəfindən verilmiş 10.03.2022-ci il tarixli arayışından görünür ki, İddiaçı Rahil qızı Bakı şəhəri, İ.Səfərli küçəsi, 10 saylı evin mənzili aldığı gündən 06.11.2002-ci ildən 10.03.2022-ci il tarixə qədər mənzil-kirayə haqqı ödənişlərini vaxtlı-vaxtında ödəyib. Heç bir borcu yoxdur. Məhkəmə iclasında cavabdehin nümayəndəsi və vəkili verilmiş iddianın iddia müddətinin ötürülməsi ilə əlaqədar rədd edilməsini xahiş etmiş və bununla əlaqədar yazılı vəsatət vermişdir. «L.İ.Binnətovanın şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki işlər üzrə məhkəmə kollegiyasının 05 iyun 2007-ci il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair» 8 may 2008-ci il tarixli Qərarında qeyd etmişdir ki, «iddia müddəti pozulmuş hüququn müdafıəsinin müddəti kimi bu müddətin axımının başlanmasına səbəb olan subyektiv hüququn pozulması ilə ayrılmaz surətdə bağlıdır. Buna görə, məhkəmə qabaqcadan iddiaçının müvafıq subyektiv hüquqa malik olubolmaması, subyektiv hüququn pozulub-pozulmaması, cavabdehin bu pozuntunu edib-etməməsi məsələlərini araşdırmadan iddia müddətinin keçməsinə görə iddianı rədd etməkdə haqlı deyil. İddia müddətinin keçməsinə görə iddianı rədd etmiş, lakin subyektiv mülki hüququn pozulması məsələsini həll etməyən məhkəmə aktı daxilən ziddiyyətli və əsassızdır, çünki iddia müddətinin keçməsinə görə məhkəmənin gəldiyi nəticə lazımi əsasa söykənmir». Məhkəmə Konstitusiya Məhkəməsinin yuxarıda göstərilən qərarını nəzərə alaraq hesab edir ki, iddia müddətinin ötürülməsi ilə bağlı cavabdehin nümayəndəsinin dəlillərinə hüquqi qiymət verməmişdən əvvəl irəli sürülmüş iddia tələbinə hüquqi qiymət verilməlidir. Məhkəmə verilmiş iddia tələbi üzrə aşağıdakıları qeyd etməyi zəruri hesab edir. Məhkəmə iclasında müəyyən edilmişdir ki, Bakı şəhəri, Yasamal rayonu, İslam Səfərli küçəsində yerləşən 10 saylı evin 7,8,9 nömrəli mənzili xüsusi mülkiyyət hüququ üzrə İddiaçı mülkiyyətində olmuşdur və onun tərəfindən həmin mənzil 19.07.2012-ci il tarixdə bağışlama müqaviləsi əsasında X8 bağışlanmışdır. İddiaçı tərəfindən irəli sürülmüş tələbdən görünür ki, 2011-ci il tarixdə məhkəmə mübahisəsi ilə əlaqədar özünü hüquqşünas kimi təqdim edən X5 ona köməklik göstərəcəyini vəd etmişdir. Həmin mülki işin nəticəsi olaraq onun əleyhinə məhkəmə qətnaməsi qəbul olunmuşdur. Hətta mülki işin baxışı zamanı ona məxsus bir neçə mənzilin üzərinə həbs qoyulmuş,sonradan həmin mənzillərin üzərinə qoyulmuş həbslər götürülmüşdür. X2 inamı yaranmış və sonuncuya etibar etmişdir. Vasif bundan istifadə edərək bildirmişdir ki, gələcəkdə təkrar ona məxsus Bakı şəhəri, Yasamal rayonu, İslam Səfərli küçəsi, 10, mənzil 7,8,9-da olan evinə həbs qoya bilərlər. Bu səbəbdən həmin mənzili bağışlama yolu ilə əvvəllər tanımadığı Vasifin oğlu X8 hədiyyə etmişdir. O, üzərinə yalnız həbs qoyulmaması üçün mənzilini 19.07.2012-ci il tarixdə X8 bağışlama müqaviləsi ilə heç bir əvəz almadan hədiyyə etmişdir. Yəni bağışlama müqaviləsi əsasında formal olaraq digər şəxsə hədiyyə edilən Bakı şəhəri, Yasamal rayonu, İslam Səfərli küçəsi, 10, mənzil 7-8-9-da olan evinin açarları uzun müddət öz istifadəsində olmuşdur. Konkret bağışlama müqaviləsi görüntü xarakterli olmaqla onu aldatma yolu ilə bağlanmışdır. X5 etibarından sui-istifadə edərək və onu aldadaraq mənzilini ələ keçirmişdir. Bu səbəbdən iddiaçı cavabdehlə aralarında bağlanılmış müqavilənin ləğv edilməsini xahiş etmişdir. Mülki Məcəllənin 324-cü maddəsinə əsasən, əqd mülki hüquq münasibətinin əmələ gəlməsinə, dəyişdirilməsinə və ya xitamına yönəldilmiş birtərəfli, ikitərəfli və ya çoxtərəfli iradə ifadəsidir. Əqdlər birtərəfli və müqavilə şəklində (ikitərəfli və ya çoxtərəfli) ola bilər. Mülki Məcəlləyə və ya tərəflərin razılaşmasına uyğun olaraq bağlanması üçün bir tərəfin iradə ifadəsinin zəruri və yetərli olduğu əqd birtərəfli əqddir. Müqavilənin bağlanması üçün iki tərəfin razılaşdırılmış iradə ifadəsi (ikitərəfli əqd) və ya üç və ya daha çox tərəfin razılaşdırılmış iradə ifadəsi (çoxtərəfli əqd) zəruridir. Müqavilə əqdlərin bir növü kimi mülki hüquq münasibətlərinin əmələ gəlməsinə, dəyişdirilməsinə və ya xitamına yönəldilmiş ikitərəfli və ya çoxtərəfli iradə ifadəsidir (Mülki Məcəllənin 389.1-ci maddəsi). Arzu olunan hüquqi nəticəni yaradan iradə ifadəsi olaraq əqd, o cümlədən onun ən geniş istifadə edilən növü olan müqavilələr bazar iqtisadiyyatı şəraitində iqtisadi dövriyyənin axımlılığını təmin edən ən başlıca hüquqi vasitədir. Əqdin arzu olunan hüquqi nəticəyə səbəb olması üçün onun etibarlı olması, yəni qanunvericilikdə göstərilən məcburi (imperativ) normaların tələblərinə uyğun olması lazımdır. Konstitusiya Məhkəməsi Plenumunun formalaşdırdığı hüquqi mövqeyə əsasən, hər hansı əqdin etibarlılığı, yəni arzu olunan hüquqi nəticəyə səbəb olması üçün onun bağlanmasında lazımi subyektlərin (səlahiyyətli şəxslərin) iştirakı, onların arasında iradə ifadəsinin bildirilməsi və vahidliyinin mövcudluğu, əqdin forma və məzmununun qanunvericiliyin tələblərinə uyğun olması vacibdir. Müqavilənin qanunvericilikdə müəyyən edilmiş qayda və şərtlərə uyğun bağlanması tələb olunur (Ə.İbrahimovun şikayəti üzrə 2004-cü il 12 aprel tarixli Qərar). AR Mülki Məcəlləsinin 666.1-ci maddəsinə əsasən bağışlama müqaviləsi sağ ikən bağlanan elə müqavilədir ki, onun əsasında hədiyyə verən öz əmlakının bir hissəsini bağışlamaqla hədiyyə alanı zənginləşdirir, həm də bu cür bağışlama hədiyyə alan tərəfindən heç bir cavab xidməti ilə şərtləndirilmir. Bağışlama müqaviləsi hədiyyə alanın hədiyyəni qəbul etməsi ilə bağlanmış sayılır. Əgər bağışlama öhdəliklə şərtləndirilməyibsə, hədiyyənin qəbul edildiyi ehtimal olunur. Məhkəmə qeyd edir ki, bağışlama müqaviləsi əvəzsiz əqd olmaqla daşınmaz əmlaklar barəsində notariat qaydasında təsdiq edildiyi andan etibarlı olur və daşınmaz əmlaka mülkiyyət hüququ onun verilməsinin daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alındığı andan əldə edənə keçir. Bağışlama müqaviləsinə əsasən hədiyyə verən sağ ikən öz əmlakının bir hissəsinin heç bir cavab xidməti ilə şərtləndirilmədən hədiyyə alana bağışlayaraq onu zənginləşdirir. Bağışlama müqaviləsi şəxsin təmənnasız xeyirxah iradəsinin ifadəsinə əsaslanır. Lakin bağışlama müqaviləsi hədiyyə alanın hədiyyəni qəbul etməsi ilə bağlanmış sayılır. Digər tərəfdən, bağışlamanın heç bir cavab xidməti ilə şərtləndirilməsinə yol verilmədiyi nəzərdə tutulmuşsa da, Mülki Məcəllənin 670-ci maddəsinə əsasən bağılama müəyyən şərtlərin və ya öhdəliklərin yerinə yetirilməsindən asılı edilə bilər. Belə bir müqavilə şərti tərəflərin razılaşmaları nəticəsində qəbul edilir. Buna görə də əgər bağışlama hansısa bir öhdəliklə şərtləndirilməyibsə bağışlama üzrə hədiyyənin hədiyyə alan tərəfindən qəbul edildiyi ehtimal olunur. AR Mülki Məcəllənin 670.1-ci maddəsinə əsasən bağışlama şərtlərin və ya öhdəliklərin yerinə yetirilməsindən asılı edilə bilər. Həmin Məcəllənin 670.3-cü maddəsinə əsasən bağışlama müqaviləsinə uyğun olaraq hədiyyə verən və onun vərəsələri hədiyyə alanın götürdüyü öhdəliyinin icra etməməsi və ya lazımınca icra edilməməsi barədə iddia verə bilərlər. AR Mülki Məcəllənin 390.1-ci maddəsinə əsasən fiziki və hüquqi şəxslər azad surətdə müqavilələr bağlaya və bu müqavilələrin məzmununu müəyyənləşdirə bilərlər. Onlar bu Məcəllədə nəzərdə tutulmayan, lakin ona zidd olmayan müqavilələr də bağlaya bilərlər. AR Mülki Məcəlləsinin 405.1-ci maddəsinə əsasən tərəflər müqavilənin bütün mühüm şərtləri barəsində tələb olunan formada razılığa gəldikdə, müqavilə bağlanmış sayılır. Müqavilənin predmetinə dair şərtlər, bu Məcəllədə həmin növ müqavilələr üçün mühüm və ya zəruri adlandırılmış şərtlər, habelə tərəflərdən birinin müraciəti ilə barəsində razılaşma əldə edilməli olan bütün şərtlər mühüm sayılır. Məhkəmə iclasında müəyyən edilmişdir ki, tərəflər arasında bağışlama müqaviləsi bağlanarkən həmin müqavilədə hər hansı qeyri-şərt, yaxud öhdəliyin yerinə yetirilməsi nəzərdə tutulmamış, həmçinin bağışlama heç bir şərtlərin və ya öhdəliklərin yerinə yetirilməsindən asılı edilməmişdir. İddiaçı bağışlama müqaviləsinin ləğvinin əsası kimi onun görüntü xarakterli olmaqla aldatma yolu ilə bağlanmasını qeyd etmişdir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 421.2-ci maddəsinə əsasən tərəflərdən birinin tələbi ilə müqavilə yalnız digər tərəf müqaviləni əhəmiyyətli dərəcədə pozduqda və ya bu Məcəllədə və ya müqavilədə nəzərdə tutulan digər hallarda dəyişdirilə və ya ləğv edilə bilər. Tərəflərdən birinin müqaviləni pozması o zaman əhəmiyyətli pozuntu sayılır ki, bunun digər tərəfə vurduğu zərər nəticəsində o, müqavilə bağlanarkən ümid etməyə haqqı çatanlardan xeyli dərəcədə məhrum olur. Qanunun yuxarıda göstərilən tələbindən aydın olur ki, tərəflərin iradəsinə əsasən bağlanılmış müqavilə başlıca olaraq onların iradələrinə əsaslanan razılaşmaları ilə ləğv edilə bilər. Bu müddəa müqavilə azadlığı prinsipindən irəli gəlir. Tərəflərdən birinin tələbi ilə müqavilə yalnız digər tərəf müqaviləni əhəmiyyətli dərəcədə pozduqda və ya müqavilədə nəzərdə tutulmuş hallarda ləğv edilə bilər. Məhkəmə qeyd edir ki, iddiaçı bağışlama müqavilənin faktiki olaraq etibarsız hesab edilməsinin qanunda nəzərdə tutulmuş hüquqi əsaslarını qeyd etməklə onun ləğv edilməsini xahiş edir. Halbuki yuxarıda göstərilən qanunun norması müqavilənin ləğvinin hüquqi əsası kimi iddiaçının iddia ərizəsində istinad etdiyi halları nəzərdə tutmur. İddiaçı tərəfindən isə qanunda müəyyən edilən müqavilənin ləğvi əsasına səbəb olan sübutları məhkəməyə təqdim edə bilməmişdir. Digər tərəfdən məhkəmə qeyd edir ki, tərəflər arasında 19.07.2012-ci il tarixdə bağlanılmış bağışlama müqaviləsi iddiaçının iradə ifadəsinə uyğun olmaması və həmin əqd bağlanılarkən hər hansı qanunsuzluğa yol verilməsi məhkəmə tərəfindən müəyyən edilməmişdir. Belə ki, müqavilə tərəflərin iradə ifadəsinə əsaslanan və tərəflər üçün hüquq və vəzifələr yaradan, öhdəliklərin əmələ gəlməsinə səbəb olan əqddir. Müqavilə bağlanarkən tərəflərin iradə ifadəsi həmin müqavilənin bağlanılmasının zəruri şərtidir. Müqavilənin bağlanılmasının zəruri şərtlərindən biri də müqavilə azadlığı prinsipinə riayət edilməsidir. Yəni müqavilə azadlığı fiziki və hüquqi şəxslərin azad surətdə müqavilələr bağlamaq, onların məzmununu müəyyənləşdirmək, habelə mülki qanunvericilikdə nəzərdə tutulmasa da, ona zidd olmayan müqavilələr bağlamaq hüquqlarını ehtiva edən bir anlamdır. Mülki qanunvericiliyin prinsiplərini müəyyən edən Mülki Məcəllənin 6-cı maddəsində nəzərdə tutulmuşdur ki, fiziki və hüquqi şəxslər mülki hüquqları öz mənafelərini gerçəkləşdirmək üçün iradələrinə uyğun olaraq əldə edir və həyata keçirdirlər. Qanunun bu müddəasından çıxış edən şəxs hər şeydən əvvəl öz iradəsinə müvafiq olaraq bağlayacağı müqavilədə özü üçün münasib tərəfdaş seçir, sonra şəxs öz iradəsinə müvafiq olaraq hazırladığı bağlanacaq müqavilənin mühüm şərtlərini nəzərdə tutan təklifini verir və tərəflər sərbəst olaraq müqavilənin bütün mühüm şərtləri barəsində tələb olunan formada razılığa gəldikdə müqavilə bağlanmış sayılır. Yəni şəxsin müqavilə bağlamaq haqqında iradəsi yarandığı andan gerçəkləşənədək ancaq onun sərbəst iradəsinə əsasən həyata keçirilir və öz seçdiyi tərəflə məzmununu sərbəst olaraq müəyyənləşdirdikləri qanuna zidd olmayan istənilən müqaviləni azad surətdə bağlaya bilər ki, bu da müqavilə azadlığıdır. Beləliklə məhkəmə yuxarıda göstərilənləri nəzərə alaraq hesab edir ki, Cavabdeh1 təsdiq edilmiş 19.07.2012-ci il tarixli bağışlama müqaviləsinin ləğv olunması üçün hüquqi əsaslar məhkəmə tərəfindən müəyyən edilmədiyindən, iddia əsassız hesab edilməli və təmin edilməməlidir. Məhkəmə qeyd edir ki, iddia tələbi bağışlama müqaviləsinin ləğv edilməsi hissəsində təmin edilmədiyindən, cavabdeh X4 mənzildən çıxarılması hissəsində də əsassız hesab edilməli və təmin edilməməlidir. Məhkəmə eyni zamanda hesab edir ki, iddia tələbi iddia müddətinin üzrsüz səbəbdən ötürülməsi ilə əlaqədar da təmin edilməməlidir. Məhkəmə ilk növdəbə iddiaçının nümayəndəsinin hazırki mübahisəyə iddia müddətinin şamil edilməməsi barədə dəlillərinə hüquqi qiymət verərək aşağıdakıları qeyd edir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 372.1 və 372.2-ci maddələrinə əsasən başqa şəxsdən hər hansı hərəkəti yerinə yetirməyi və ya yerinə yetirməkdən çəkinməyi tələb etmək hüququna müddət şamil edilir. Hüququ pozulmuş şəxsin iddiası ilə hüququn müdafiəsi üçün müddət iddia müddəti sayılır. Mülki qanunvericiliyə müvafiq olaraq ümumi iddia müddəti on il, müqavilə tələbləri üzrə iddia müddəti üç il, daşınmaz əşyalarla bağlı müqavilə tələbləri üzrə iddia müddəti altı il, vaxtaşırı icra edilməli öhdəliklərdən irəli gələn tələblər üzrə iddia müddəti üç il təşkil edir (Mülki Məcəllənin 373.1- 373.3-cü maddələri). Eyni zamanda, tələblərin ayrı-ayrı növləri üçün bu Məcəllə ilə ümumi müddətə nisbətən qısaldılmış və ya uzadılmış xüsusi iddia müddətlərinin təyin edilməsinin mümkünlüyü nəzərdə tutulmuşdur (Mülki Məcəllənin 373.4-ci maddəsi). İddia müddəti institutu mülki dövriyyənin, hüquq münasibətlərinin müəyyənliyini və sabitliyini yaratmaq, onların iştirakçılarını intizamlandırmaq, hüquq münasibətlərinin subyektlərinin hüquq və qanuni maraqlarının müddət baxımından vaxtında müdafiəsini və bərpasınıtəmin etmək məqsədi daşıyır. Belə ki, pozulmuş hüquqların məcburi müdafiəsi üçün ağlabatan müddət məhdudiyyətlərinin olmaması işin baxılması üçün əhəmiyyət kəsb edən sübutların toplanmasının və saxlanmasının lazım olduğunu nəzərə almayan cavabdehlərin və üçüncü şəxslərin qanunla qorunan hüquq və maraqlarının pozulmasına gətirib çıxarardı.Mübahisə tərəfinin ərizəsi əsasında məhkəmə tərəfindən iddia müddətinin tətbiqi mülki mübahisə tərəflərini əsaslandırılmamış çəkişmələrdən qoruyur və eyni zamanda, onları öz hüquqlarını vaxtında həyata keçirmələrinə və müdafiəsinə məcbur edir. İddia müddətinin məqsədi ilə bağlı İnsan Hüquqları üzrə Avropa Məhkəməsi Stanyo Belçikaya qarşı iş üzrə 7 iyul 2009-cu il tarixli qərarında göstərmişdir ki, qanunvericilikdə müəyyən olunan iddia müddətinin məqsədi hüquqi müəyyənlikdir.Belə ki,potensial cavabdehləri vaxtı ötmüş tələblərdən qoruyur və məhkəmələri müəyyən zaman keçdikdən sonra qeyri-müəyyən və natamam sübutlara əsaslanmaqla qərar çıxarmaq zərurətindən azad edir. Mülki qanunvericilik müqavilə hüququnun əsasını təşkil edən müqavilə azadlığını təmin etməklə yanaşı, bağlanan müqavilələrin ümumi şərtlərini (müqavilənin növlərini və formasını, onun standart şərtlərini, dəyişdirilməsinin və ləğv edilməsinin əsaslarını və s.), o cümlədən bağlanmış müqavilənin qüvvəsini tənzimləyən bir sıra müddəaları nəzərdə tutmuşdur. Şəxsin hüququ pozulduqda onun müdafiəsi üçün hüququ pozmuş şəxsə qarşı məcburiyyət tədbirlərinin tətbiqi halına qanun iddia müddətlərini şamil edir. Maraqlı tərəfin tələbi üzrə məcburiyyət tədbirlərinin tətbiqi hər zaman deyil, yalnız iddia müddətləri həddində mümkündür. Bu mənada hüquqları pozulmuş şəxsin öz hüquqlarının bərpasını tələb etmək hüququnun vaxtında həyata keçirilməsinə zəmin yaradan iddia müddətinin axımının başlanğıcının müəyyən edilməsi xüsusi əhəmiyyət kəsb edir. Məhkəmə qeyd edir ki, Mülki Məcəllənin 384.0.4-cü maddəsində iddia müddətinin şamil edilmədiyi hallar müəyyən edilmişdir. Konstitusiya Məhkəməsinin Plenum Qərarlarında formalaşan hüquqi mövqeyə görə Mülki Məcəllənin 384.0.4-cü maddəsi müqavilədən irəli gələn tələb etmək hüququnu deyil, əşya hüquqları ilə bağlı halları tənzimləyir. Əşya hüquqları tam və məhdud əşya hüquqları olaraq iki əsas qrupa ayrılır: tam əşya hüququ - mülkiyyət hüququ; məhdud əşya hüquqları - servitut, uzufrukt, tikintiyə vərəsəlik, girov və ipoteka. Bu hüquqların xüsusiyyəti ondan ibarətdir ki, bu hüquqlardan istifadə edilməməsi onların aradan qalxmasına səbəb olmur və hər kəsə qarşı tələbin irəli sürülmə imkanı da hər hansı bir müddətlə məhdudlaşdırılmır. Əşya hüquqlarının iddia müddətinə tabe olmaması prinsipi hüququn hamılıqla qəbul edilən ümumi prinsiplərindən biridir və Konstitusiyanın 29-cu maddəsinin, 60-cı maddəsinin İ hissəsinin və 71-ci maddəsinin İİ hissəsinin müddəalarının təmin edilməsinə xidmət edir. Mülki Məcəllənin 384.0.4-cü maddəsi mülkiyyətçinin və ya digər sahibin onun hüququnun hər cür pozuntularının aradan qaldırılması haqqında tələblərə, özü də bu pozuntular sahiblikdən məhrumetmə ilə birləşdirilmiş olmasa belə iddia müddətinin şamil edilmədiyini təsbit etmişdir. Məhkəmə qeyd edir ki, bağışlama müqaviləsindən irəli gələn münasibətlərə iddia müddətinin şamil edilməməsi müqavilə üzrə müəyyən edilmiş müddətlərin əhəmiyyətsizliyinə gətirib çıxara bilər. Ona görə də məhkəmə hesab edir ki, hazırki tələb müqavilə münasibətlərindən yaranan tələb olduğuna görə ona Mülki Məcəllənin 373.2-ci maddəsində nəzərdə tutulan üç illik müddət tətbiq edilməlidir. Bu mübahisələri iddia müddətinin şamil edilmədiyi tələblərlə eyniləşdirmək düzgün olmaz və müvafiq olaraq Mülki Məcəllənin 384.0.4-cü maddəsinin müddəaları da müqavilə münasibətlərindən yaranan tələbləri ehtiva edə bilməz və bu səbəbdən məhkəmə iddiaçının nümayəndəsinin hazırki münasibətə iddia müddətinin tətbiq edilməli olmaması barədə dəlillərini əsassız hesab edir. Beləliklə məhkəmə bağışlama müqaviləsinin bağlandıqdan təxminən on il sonra hazırki tələbin irəli sürülməsini, bununla da qanunda nəzərdə tutulmuş müddət keçməklə iddia qaldırılmasını və həmin müddətin buraxılmasının üzrlü hesab edilməsinə dair hər hansı bir sübutun təqdim edilməməsini nəzərə alaraq hesab edir ki, iddia tələbi iddia müddətinin keçməsi ilə əlaqədar da əsassız hesab edilməli və təmin edilməməlidir. Azərbaycan Respublikasının MPM-nın 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Məhkəmə həmçinin qeyd edir ki, iddia tələbləri təmin olunmadığından, məhkəmə xərcləri iddiaçıya aid edilməlidir. Şərh olunanlara əsasən və AR Mülki-Prosessual Məcəllənin 216-220-ci maddələrini rəhbər tutaraq, məhkəmə… QƏT ETDİ: İddiaçı cavabdehlər X8 və Cavabdeh1na qarşı Cavabdeh1 təsdiq edilmiş 19.07.2012-ci il tarixli bağışlama müqaviləsinin ləğv olunması və iddiaçıya məxsus Bakı şəhəri, Yasamal rayonu, İslam Səfərli küçəsində yerləşən 10 saylı evin ümumi sahəsi 89,4 kv.m. olan 7,8,9 nömrəli mənzildən cavabdeh X4 çıxarılması barədə iddia tələbləri əsassız olduğundan təmin edilməsin. Məhkəmə xərcləri iddiaçıya aid edilsin. Qətnamədən onun tərəflərə rəsmi qaydada təqdim edildiyi gündən 1 (bir) ay müddətinə Bakı Şəhəri Səbail Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, qəbul edildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Qeyd: apellyasiya şikayəti elektron sistem vasitəsi ilə verilmədikdə AR MPM-nin 363.1.5ci maddəsinə əsasən geri qaytarılacaqdır. Hakim: Şahin Abdullayev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar