Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(009)-687/2025 15.05.2025 BAKI ŞƏHƏRİ SƏBAİL RAYON MƏHKƏMƏSİ Hakim Abdullayev Şahin Zülfüqar oğlunun sədrliyi, Ağayeva Narqələm Bayram qızının katibliyi, İddiaçı iştirakı ilə İddiaçı cavabdeh ləğv prosesində olan "xxxx" ASC-yə qarşı yol-nəqliyyat hadisəsi nəticəsində avtomaşına dəymiş zərərin əvəzi kimi sığorta ödənişinin ödənilməsi tələbinə dair iddia ərizəsi üzrə mülki işə Səbail rayon məhkəməsi binasında açıq məhkəmə iclasında baxaraq… MÜƏYYƏN ETDİ: İddiaçı cavabdeh ləğv prosesində olan "xxxx" ASC-yə qarşı yol-nəqliyyat hadisəsi nəticəsində avtomaşına dəymiş zərərin əvəzi kimi sığorta ödənişinin ödənilməsi ödənilməsi tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək göstərmişdir ki, xx.xx.2023-cü il tarixdə Quba şəhəri ərazisində ona məxsus 99TG567 dövlət qeydiyyat nişanlı “Mercedes Benz E220” markalı və 90TB256 dövlət qeydiyyat nişanlı “Mercedes Benz C klass” markalı avtomobillərin iştirakı ilə yol-nəqliyyat hadisəsi baş vermişdir. Baş vermiş yol-nəqliyyat hadisəsi "xxxx" ASC Sığorta şirkətində olan 90TB256 dövlət qeydiyyat nişanlı “Mercedes Benz C klass” markalı avtomobilin sürücüsünün təqsiri üzündən baş vermişdir. Yol-nəqliyyat hadisəsi nəticəsində onun avtomobilinə 2.551 manat dəyərində zərər dəymişdir. Bu zərər məbləği hadisədən sonra Quba şəhərində fəaliyyət göstərən avto təmir stansiyasının ustaları tərəfindən avtomobilinə baxış keçirərək müəyyən olunmuş və bu barədə ziyan aktı tərtib edilmişdir. Yol-nəqliyyat hadisəsindən sonra "xxxx" ASC sığorta şirkətindən onun mobil nömrəsinə zəng olunaraq, avtomobilinin təmir olunması üçün 950 manat məbləğində pul hesablandığını bildirmişlər (qeyd edir ki, hesablanmış məbləğlə bağlı rəsmi olaraq heç bir məktub ünvanına göndərilməmiş və ya mobil nömrəsinə sms bildiriş şəklində mesaj göndərilməmişdir). O, 950 manat pulun avtomobilinin təmirinə tələb olunan xərci ödəmədiyini və real məbləğ olan 2551 manat sığorta ödənişinin hesabına köçürülməsinin təmin olunmasını xahiş etmişdir. Amma ona yenə zəng vasitəsilə şirkət tərəfindən 950 manat məbləğdən artıq pul ayrılmayacağını və hara istəsə də, şikayət edə biləcəyini bildirmişlər. Dəfələrlə telefon danışığı ilə müraciət etsə də, avtomobilinə öz nümayəndələri tərəfindən yerində baxış keçirmələrini xahiş etsə də, şirkət tərəfindən heç bir şikayəti və müraciəti nəzərə alınmamışdır. "xxxx" ASC Sığorta Şirkətinə telefonla zəng edərək hesablanan sığorta ödənişinə şifahi müraciət və etirazlarından başqa, şirkətə müxtəlif vaxtlarda yazılı olaraq rəsmi müraciətlərində olmuşdur. Amma nə şifahi, nə də rəsmi müraciətlərinə heç bir məhəl qoyulmur, rəsmi olaraq göndərdiyi məktublara heç bir cavab verilməmişdir. Səhhətində yaranmış problemlərə görə daha bu barədə şirkətin işçiləri ilə əlaqə saxlaya bilməmiş, məhkəməyə müraciət edə bilməmiş və məsələ bu günə qədər uzadılaraq gətirilib çıxarılmışdır. Şirkət əməkdaşlarının nəzərə alınması səbəbinin ali orqan olan məhkəməyə müraciət edir. Göstərilənləri nəzərə alaraq iddiaçı "xxxx" ASC Sığorta şirkətində sığortalı olan 90TB256 dövlət qeydiyyat nişanlı “Mercedes Benz C klass” markalı avtomobilin sürücüsünün təqsiri üzündən baş vermiş yol-nəqliyyat hadisəsi zamanı ona məxsus 99TG567 dövlət qeydiyyat nişanlı “Mercedes Benz E220” markalı avtomobilinə dəymiş 2.551 manat məbləğində zərərin, ziyan aktının tərtib olunması üçün ödədiyi 50 manat rüsumun və 46 manat məhkəmə rüsumu olmaqla ümumi olaraq 2647 manat məbləğin "xxxx" ASC Sığorta Şirkəti tərəfindən ona ödənilməsinə dair qətnamə qəbul edilməsini xahiş etmişdir. Məhkəmə iclasında izahatı alınmış İddiaçı Məmmədmövsum oğlu iddia tələbini müdafiə edərək onun təmin edilməsini xahiş etmişdir Məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilmiş iş üzrə cavabdeh ləğv prosesində olan "xxxx" ASC-nin nümayəndəsi məhkəmə iclasına gəlməmişdir. Məhkəmə AR MPMnin 185.5-ci maddəsinə əsasən işə cavabdehin nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. İş materiallarını araşdırıb, iddiaçının izahatını dinləyib, toplanmış sübutlara hüquqi qiymət verərək məhkəmə hesab edir ki, iddia tələbi aşağıdakı əsaslara görə qismən təmin edilməlidir. İş üzrə Quba rayonu Polis kapitanı X1 tərəfindən tərtib edilmiş xx.xx.2023-cü il tarixli inzibati xəta haqqında protokola və həmin protokol əsasında inzibati xətalarla bağlı çıxarılan inzibati tənbeh vermə haqqında qərarın surətlərinə əsasən, X2 xx.xx.2023-cü il tarixdə baş vermiş yolnəqliyyat hadisəsində təqsirli hesab olunaraq AR İXM-nin 327.1-ci maddəsi ilə inzibati məsuliyyətə cəlb edilmiş və barəsində 40 manat cərimə növündə inzibati tənbeh tətbiq edilmişdir. İş üzrə "xxxx" firması tərəfindən tərtib edilmiş xx.xx.2024-cü il tarixli ziyan aktının görünür ki, «Mercedes Benz E220» markalı **-TG-*** dövlət qeydiyyat nişanlı avtomaşına baxış keçirilmiş, avtomobilin təmiri və ehtiyyat hissələrinin dəyişdirilməsi üçün cəmi 2551 manat vəsait hesablanmışdır. İş üzrə İddiaçı tərəfindən "xxxx" ASC-yə ünvanlanmış xx.xx.2024-cü il tarixli, xx.xx.2024-cü il tarixli və xx.xx.2024-cü il tarixli müraciətlərin surətlərindən görünür ki, xx.xx.2023-cü il tarixdə 90TB256 dövlət qeydiyyat nişanlı “Mercedes Benz C Klass” markalı avtomobilin sürücüsünün təqsiri üzündən ona məxsus “Mercedes Benz E220” markalı, 99TG567 dövlət qeydiyyat nişanlı avtomobillərin iştirakı ilə yol nəqliyyat hadisəsi baş vermişdir. Nəzərinə çatdırır ki, ona məxsus 99TG567 dövlət qeydiyyat nişanlı avtomobilə dəymiş zərər "xxxx" ASC sığorta şirkəti tərəfindən qarşılanmalıdır. Məlumat üçün bildirir ki, qəza zamanı onun avtomobilinə dəymiş maddi zərər Sığorta şirkətinin əməkdaşları tərəfindən 950 manat məbləğində qiymətləndirilmişdir. Amma onun avtomobilinin təmiri üçün tələb olunan xərc isə real olaraq 2551 manat məbləğindədir. Şirkətin əməkdaşları tərəfindən onun maşınına dəymiş zərərin tam olaraq 2551 manat ödənilməsini təmin edilməsini xahiş etmişdir. Əks təqdirdə məhkəməyə müraciət etməsi üçün əsas olaraq zərərin, şirkətin əməkdaşları tərəfindən hesablanmış 950 manat məbləğində olmasını təsdiq edən zərər aktının rəsmi şəkildə onun ünvanına göndərilməsini və ya hesablanmış məbləğin SMS bildiriş formasında mobil nömrəsinə göndərilməsinin təmin olunmasını xahiş etmişdir. İş üzrə İddiaçı sifarişi əsasında "xxxx" MMC (Azərbaycan Qiymətləndirmə və Konsaltinq Xidməti) tərəfindən tərtib edilmiş avtomobilə dəymiş maddi ziyanın qiymətləndirilməsi haqqında AV 04-36/25 nömrəli, xx.xx.2025-ci il tarixli hesabatından görünür ki, **-TG-*** dövlət qeydiyyat nişanlı “Mercedes Benz E220 CDİ” markalı avtomobilinin qiymətləndirmə tapşırığına uyğun olaraq qəza nəticəsində dəymiş maddi ziyanın hesablanmış dəyəri xx.xx.2025-ci il tarixə 2.174 manat təşkil etmişdir. Məhkəmə verilmiş iddia tələbləri ilə bağlı aşağıdakıları qeyd edir. Məhkəmə iclasında müəyyən edilmişdir ki, xx.xx.2023-cü il tarixdə X2 idarə etdiyi “Mercedes Benz C240” minik markalı, ** TB *** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsi ilə hərəkət edən zaman iddiaçının idarə etdiyi “Mercedes Benz E220” minik markalı, ** TG *** dövlət qeydiyyat nişanlı avtomaşınla toqquşmuş və toqquşma nəticəsində iddiaçının idarə etdiyi avtomaşına maddi ziyan dəymişdir. Həmin hadisə nəticəsində X2 AR İXM-nın 327.1-ci maddəsi ilə təqsirli bilinib 40 manat məbləğində cərimə edilmişdir. Məhkəmə iclasında həmçinin müəyyən edilmişdir ki, baş vermiş sığorta hadisəsi ilə əlaqədar vurulmuş ziyanın əvəzi kimi sığorta şirkəti "xxxx" ASC tərəfindən iddiaçıya 950 manat məbləğində sığorta haqqı ödənilməsi təklif olunmuşdur. İddiaçı tərəfindən irəli sürülmüş tələbdən görünür ki, baş vermiş yol-nəqliyyat hadisəsi zamanı onun avtomaşınına cəmi 2551 manat məbləğində ziyan dəymişdir. Lakin sığorta şirkəti tərəfindən cəmi 950 manat sığorta ödənişi təklif edilmişdir. Bu səbəbdən iddiaçı avtomaşınına dəymiş ziyana uyğun olaraq sığorta ödənişinin cavabdehdən tutulması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Məhkəmə ilk növbədə qeyd edir ki, baş vermiş yol-nəqliyyat hadisəsi sığorta hadisəsi hesab olunması ilə bağlı tərəflər arasında hər hansı mübahisə yoxdur, cavabdeh sığorta hadisəsinin baş verməsini qəbul edir, sığorta ödənişinin verilməsindən imtina etmir və yaranmış mübahisə göründüyü kimi vurulmuş ziyan məbləği ilə əlaqədar olmuşdur. Məhkəmə digər tərəfdən qeyd edir ki, sığorta şirkəti tərəfindən iddiaçıya sığorta ödənişinin ödənilməsi təklif olunsa da, həmin ödənişlə iddiaçı razı olmadığından, o vurulmuş ziyanın tam həcmdə ona ödənilməsi ilə bağlı sığorta şirkətinə qarşı məhkəmədə tələb irəli sürməkdə haqlı olmuşdur. Belə ki, sığorta şirkəti iddiaçının idarə etdiyi avtomaşına vurulmuş ziyan məbləğini 950 manat hesablanmışdır. "xxxx" MMC tərəfindən tərtib edilmiş xx.xx.2024-cü il tarixli ziyan aktına əsasən iddiaçının idarə etdiyi avtomaşına dəymiş ziyanın məbləği 2551 manat təşkil edir. İddiaçı isə avtomaşına cəmi 2551 manat məbləğində dəymiş zərərin ödənilməsini tələb etmişdir. Məhkəmə qeyd edir ki, cavabdeh təşkilat tərəfindən iddiaçıya sığorta ödənişi kimi 950 manat məbləğində pul təklif etsə də, həmin məbləğ vurulmuş ziyanın tam aradan qaldırılması üçün yetərli olmamışdır. Həmçinin cavabdeh tərəfindən də ziyan məbləğinin 950 manat təşkil etməsini təsdiq edən sübutlar da məhkəməyə təqdim edilməmişdir. Məhkəməyə iddiaçı tərəfindən həmçinin onun sifarişi əsasında Azərbaycan Qiymətləndiricilər Palatasının üzvü olan qiymətləndiricilər tərəfindən tərtib edilmiş qiymətləndirmə hesabatında dəyən ziyan məbləğinin 2174 manat həddində olması barədə sübut da təqdim edilmişdir. Bu səbəbdən məhkəmə həmin hesabatı daha mötəbər sübut kimi qəbul edir. Digər tərəfdən məhkəmə qeyd edir ki, araşdırma zamanı "xxxx" MMC-nin qiymətləndiricilər tərəfindən verilmiş hesabatda müəyyən edilən halları təkzib edən, bu hallara zidd olan sübutlar müəyyən edilməmişdir. Azərbaycan Respublikası MPM-nin 88-ci maddəsinə əsasən məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. Göstərilən Məcəllənin 101.7-ci maddəsinə əsasən ekspertin rəyi məhkəmədə tədqiq olunur və digər sübutlarla yanaşı qiymətləndirilir. Beləliklə məhkəmə iddiaçının idarə etdiyi avtomaşına dəymiş ziyan məbləğinin 2174 manat həddində olmasını və belə olan halda sığorta şirkəti tərəfindən təklif olunan sığorta ödənişinin avtomaşına vurulmuş ziyanın aradan qaldırılması üçün kifayət etmədiyini nəzərə alaraq hesab edir ki, iddia tələbi qismən təmin edilməli və cavabdehdən vurulmuş ziyanın əvəzi olaraq sığorta ödənişi kimi iddiaçının xeyrinə 2174 manat pul tutulmalıdır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 21.1-ci maddəsinə əsasən hüququ pozulmuş şəxs ona vurulmuş zərərin əvəzinin tam ödənilməsini tələb edə bilər, bu şərtlə ki, qanunda və ya müqavilədə zərərin əvəzinin daha az miqdarda ödənilməsi nəzərdə tutulmasın. Həmin Məcəllənin 21.2-ci maddəsinə əsasən zərər dedikdə, hüququ pozulmuş şəxsin pozulmuş hüququnu bərpa etmək üçün çəkdiyi və ya çəkməli olduğu xərclər, əmlakından məhrum olması və ya əmlakının zədələnməsi (real zərər), habelə hüququ pozulmasaydı, həmin şəxsin adi mülki dövriyyə şəraitində əldə edəcəyi gəlirlər (əldən çıxmış fayda) başa düşülür. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 21 və 23-cü maddələrinin şərh edilməsinə dair Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin 31 may 2002-ci il tarixli qərarına əsasən Azərbaycan Respublikası Mülki Məcəlləsinin 21-ci maddəsinin müddəaları yalnız real zərərin, habelə əldən çıxmış faydanın ödənilməsini nəzərdə tutur. “İcbari sığortaları haqqında” AR Qanununun 3.1.2-ci maddəsinə əsasən sığorta hadisələri nəticəsində sağlamlığına və (və ya) əmlakına zərər dəyən şəxslərin bu Qanunda müəyyən edilmiş həcmdə və qaydada müdafiəsinin təminatı icbari sığortaların əsas prinsiplərindən biridir. Həmin Qanunun 4.1-ci maddəsinə əsasən bu Qanunda nəzərdə tutulmuş icbari sığorta növləri fiziki və hüquqi şəxslərin əmlak mənafeləri ilə bağlı məruz qaldıqları zərərlərin əvəzinin ödənilməsini təmin etmək məqsədi ilə tətbiq edilir. Qeyd edilən Qanunun 15.1-ci maddəsinə əsasən icbari sığorta növlərində əmlaka dəyən zərər həmin əmlakın zədələnməsi, məhv olması və ya hər hansı digər formada itkisi ilə bağlı onun əmlak mənafelərinə dəyən zərərlərdir. Azərbaycan Respublikası MPM-nin 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Məhkəmə həmçinin hesab edir ki, iddia tələbi vurulmuş ziyanın tutulması hissəsində qismən təmin olunduğu üçün, məhkəmə xərcləri – sübut kimi dəyərləndirilmiş qiymətləndirmə hesabatının tərtib edilməsi üçün ödənilmiş 150 manat, ödənilmiş dövlət rüsumu təmin olunmuş tələbə mütənasib olaraq (41,74 manat) cavabdeh ləğv prosesində olan "xxxx" ASC-dən iddiaçının xeyrinə tutulmalıdır. Şərh olunanlara əsasən və AR MPM-nin 216-220-ci maddələrini rəhbər tutaraq, məhkəmə… QƏT ETDİ: İddia qismən təmin edilsin. xx.xx.2023-cü il tarixdə baş vermiş yol-nəqliyyat hadisəsi ilə əlaqədar «Mercedes Benz E220» markalı, **-TG-*** dövlət qeydiyyat nişanlı avtomaşına vurulmuş ziyanla bağlı ləğv prosesində olan "xxxx" Acıq Səhmdar Cəmiyyətindən İddiaçı xeyrinə sığorta ödənişi kimi 2.174 manat, ziyan aktının və qiymətləndirmə hesabatının tərtib edilməsi üçün ödənilmiş 150 manat, həmçinin ödənilmiş dövlət rüsumunun əvəzi kimi 41,74 manat, cəmi 2365,74 (iki min üç yüz altmış beş manat, yetmiş dörd qəpik) manat məbləğində pul tutulsun. İddia tələbi qalan hissədə təmin edilməsin. Qətnamədən onun tərəflərə rəsmi qaydada təqdim edildiyi gündən 1 (bir) ay müddətində Bakı Şəhəri Səbail Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, qəbul edildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Qeyd: apellyasiya şikayəti elektron sistem vasitəsi ilə verilmədikdə AR MPM-nin 363.1.5ci maddəsinə əsasən geri qaytarılacaqdır. Hakim: Şahin Abdullayev
Məhkəmə qərarları › İş №2(009)-687/2025
Bakı Şəhəri Səbail Rayon Məhkəməsi Qətnamə — İş №2(009)-687/2025
15.05.2025 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Sığorta müqaviləsi üzrə mübahisələr - Sığorta ödənişinin ödənilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver