Məhkəmə qərarları › İş №2(009)-696/2021

Bakı Şəhəri Səbail Rayon Məhkəməsi Qətnamə — İş №2(009)-696/2021

01.03.2021 · Ailə münasibətləri üzrə mübahisələr - Alimentin azaldılması
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(009)-696/2021 01.03.2021 BAKI ŞƏHƏRİ SƏBAİL RAYON MƏHKƏMƏSİ Hakim Bağırova Mədinə Ağacavad qızının sədrliyi, Abbasova Gülnarə Güləli qızının katibliyi İddiaçı iştirakı ilə, İddiaçı Cavabdeh qarşı “alimentin azaldılması” tələbinə dair mülki işə açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı Cavabdeh qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Bakı Apellyasiya Məhkəməsinin xx xxxxxx 2018-ci il tarixli, 2(103)-13862/18 nömrəli qətnaməsi ilə xx.xx.2014-cü il tarixdə anadan olmuş övladı X1 üçün hər ay gəlirinin dördə biri məbləğində müəyyən edilmiş alimentin azaldılması və aliment miqdarının hər ay üçün 175 manat məbləğində müəyyən edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı tələbini belə əsaslandırmışdır ki, Səbail rayon Məhkəməsinin xx xxxxxxx 2018-ci il tarixli qətnaməsi ilə idddiaçı Cavabdeh ona qarşı alimentin tutulması barədə iddia tələbinin təmin edilməsi qət edilmişdir. Həmin qətnamədən vermiş olduğu apellyasiya şikayətinə baxan Bakı Apellyasiya Məhkəməsinin xx xxxxxx 2018-ci il tarixli 2(103)-13862/18 saylı qətnaməsi ilə apellyasiya şikayəti qismən təmin edilmiş, övladının saxlanılması üçün hər ay ondan qazanc və başqa gəlirlərimin 1/4 hissəsində alimentin tutulması qərara alınmışdır. Həmin qərar qanuni qüvvəyə minmiş və bugünədək icra olunmuşdur. Lakin hal-hazırda məişət həyatında baş vermiş ciddi dəyişikliklə bağlı alimentin məbləğində yenidən baxılması zərurəti yaranmışdır. Belə ki, məhkəmə qətnamələrində övladının saxlanılması üçün tutulan məbləğ əmək haqqının dörddə biri hissəsində müəyyən edilmişdi. “xxxx” MMC-də əmək fəaliyyətinin həyata keçirilməsi ilə bağlı da əmək haqqının dördə biri hissəsi hər ay üçün lazımi qaydada cavabdehə ödənilmişdir. Lakin qeyd olunan məbləğin 2021-ci ilin yanvar ayından başlayaraq tərəfindən ödənilməsi maddi imkan baxımından artıq mümkün deyildir. Belə ki, əmək haqqı aldığı, əmək fəaliyyətini həyata keçirdiyi “xxxx” MMC-nin direktorunun xx xxxxxx 2020-ci il tarixli əmri ilə əmək müqaviləsinə xitam verilmişdir. Göründüyü kimi işdən azad edilmiş və hal-hazıradək də heç bir yerdə işləmir. Bu isə hesab edir ki, tərəfindən ödənilən aliment məbləğinin azaldılması məsələsinə baxılmasına zərurət yaradır. Belə ki, Azərbaycan Respublikasının Ailə Məcəlləsinin 112.1-ci maddəsinə görə aliment ödənilməsi barədə saziş olmadıqda məhkəmə tərəfindən alimentin miqdarı müəyyən olunduqdan sonra tərəflərdən birinin ailə və ya maddi vəziyyətində dəyişiklik olmuşsa, məhkəmə tərəflərdən istənilən birinin tələbi ilə alimentin müəyyən olunmuş miqdarını dəyişə bilər və ya aliment ödəməli olan şəxsi tərəflərin diqqətəlayiq başqa maraqlarını da nəzərə almaqla aliment ödəməkdən azad edə bilər. Həmçinin “Nikahın pozulması, boşanmadan sonra yetkinlik yaşına çatmayan uşaqların valideynlərdən hansının yanında qalması və uşaqlar üçün valideynlərdən aliment tutulması tələbinə dair işlərə baxılarkən qanunvericiliyin məhkəmələr tərəfindən tətbiqi təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenum Qərarının 8.13-cü bəndinə görə alimentin miqdarının dəyişdirilməsi (artırılması və ya azaldılması) barədə tələbə baxarkən məhkəmə alimentin miqdarı müəyyən olunduqdan sonra tərəflərdən birinin ailə və ya maddi vəziyyətində hansı dəyişikliyin olduğunu müəyyən etməli və alimentin miqdarının dəyişdiriləcəyi təqdirdə bunun uşağın maddi vəziyyətinə təsirini nəzərə almalıdır. Göründüyü kimi ailə qanunvericiliyi alimentin məbləğinin dəyişdirilməsi, indiki halda azaldılması barədə tələbə baxarkən maddi vəziyyətdə olmuş dəyişiklikləri nəzərə ala bilər. Hazırkı tələbi də məhz maddi vəziyyətində olan dəyişikliklərlə bağlıdır. Hesab edir ki, aliment məbləğinin azaldılacağı təqdirdə onun məbləğinin müəyyən edilməsi ilə bağlı aşağıdakıların qeyd edilməsi zərurəti vardır. “Azərbaycan Respublikasında 2021-ci il üçün yaşayış minimumu haqqında” Qanunun 1-ci maddəsinə görə yaşayış minimumunun məbləği uşaqlar üçün 175 manat müəyyən edilmişdir. Hesab edir ki, övladı üçün minimum dolanacaq xərclərindən az olmayan 175 manat məbləğində hər ay üzrə alimentin ödənilməsi qanunauyğun olar. Belə ki, qeyd olunan məbləğ dolanacaq xərclərindən az olmamaqla bərabər, onun işsiz olmağı, o cümlədən övlada hər iki valideynin də maddi və mənəvi baxımdan dəstək verilməsi meyarları əsas götürüldükdə ədalətli olar. O, övladı üçün maddi imkanı imkan verdiyi müddətdə hər cür dəstək göstərməyə hazırdır, necə ki bu vaxta qədər kifayət qədər yüksək məbləğlə aliment də ödəmişdir. Lakin istər onun işsiz olmağı, istərsə də, ananın da maddi baxımdan övladının qayğısına qalmağa borclu olması nəzərə alınaraq maddi vəziyyəti düzələnədək, işsiz vəziyyəti aradan qaldırılanadək 175 manat məbləğində ödənişin edilmıəsi məqsədəuyğun olacaqdır. Məhkəmə iclasında İddiaçı iddia tələbini müdafiə edərək, təmin olunmasını məhkəmədən xahiş etdi. Cavabdeh məhkəmə baxışı iclasının vaxtı və yeri barədə rəsmi məlumat verilməsinə baxmayaraq o, məhkəmə iclasına gəlməmiş gəlməməsinin səbəbləri barədə məhkəməyə məlumat verməmişdir. Məhkəmə MPM-nin 185.5-ci maddəsinə əsasən, işə cavabdehin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə iddiaçının izahatını dinləyib, iş materiallarını araşdıraraq hesab edir ki, iddia təmin edilməlidir. Belə ki, iş materiallarına əlavə edilmiş Bakı Apellyasiya Məhkəməsinin xx xxxxxx 2018-ci il tarixli, 2(103)-13862/2018 saylı qətnaməsindən görünür ki, cavabdeh İddiaçı apellyasiya şikayəti təmin edilərək, Bakı şəhər Səbail Rayon Məhkəməsinin xx xxxxxxx 2018-ci il tarixli qətnaməsinin apellyasiya baxışının predmeti olan- «uşağın xəstəliyi ilə əlaqədar cavabdehdən iddiaçının xeyrinə hər ay 500 manat məbləğində pulun tutulması» barədə hissədə ləğv edilməsi və həmin hissədə iş üzrə yeni qətnamə qəbul edilməsi, iddiaçı Cavabdeh İddiaçı qarşı iddiasının «uşağın xəstəliyi ilə əlaqədar cavabdehdən iddiaçının xeyrinə hər ay pulun tutulması barədə» hissəsinin təmin edilməməsi, qətnamənin iddiaçı Cavabdeh ilə cavabdeh İddiaçı birgə nikahdan doğulmuş uşağın-xx.xx.2014-cü il təvəllüdlü X2 yetkinlik yaşına çatanadək saxlanılması üçün, xx.xx.2018-ci il tarixdən başlayaraq hər ay cavabdeh İddiaçı onun qazancının və ya başqa gəlirlərinin 1/4 hissəsində alimentin tutularaq iddiaçı Cavabdeh verilməsi barədə hissəsinin hazırki apellyasiya baxışının predmeti olmaması qət edilmişdir. İş materiallarında olan Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi Dayanıqlı və Operativ Sosial Təminat Agentliyi publik hüquqi şəxsi 1 saylı Bakı DOST Mərkəzinin **********1 nömrəli, xx xxxxxx 2021-ci il tarixli arayışından görünür ki, Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin Mərkəzləşdirilmiş elektron informasiya sisteminin «X3» alt sistemində İddiaçı xx.xx.2020-ci il tarixdən qüvvədə olan əmək müqaviləsi aşkar edilməmişdir. Mülki iş materiallarında olan «xxxx» MMC-nin 007/20 №-li, xx xxxxxx 2020-ci il tarixli əmrindən görünür ki, AR Əmək Məcəlləsinin 70-ci maddəsinin «b» bəndinə əsasən (işçilərin sayı və ya ştatları ixtisar edildikdə) «xxxx» MMC-də AR üzrə satış meneceri vəzifəsində çalışan İddiaçı əmək müqaviləsinə xx xxxxxx 2020-ci il tarixdən xitam verilmişdir. Azərbaycan Respublikası Konstitusiyasının 17-ci maddəsinə əsasən cəmiyyətin əsas özəyi kimi ailə dövlətin xüsusi himayəsindədir. Uşaqların qayğısına qalmaq və onları tərbiyə etmək valideynlərin borcudur. Bu borcun yerinə yetirilməsinə dövlət nəzarət edir. Uşaq hüquqlarının həyata keçirilməsi, uşaqların yüksək mənəviyyatlı, hərtərəfli şəxsiyyət kimi formalaşmasına şərait yaradılması Azərbaycan Respublikasının dövlət siyasətinin üstün istiqamətlərindən biridir. Uşaq hüquqlarının təmin edilməsinin əsas istiqamətlərindən biri də valideynlərin onların saxlanmasında iştirakının təmin edilməsidir. Valideynlər uşaqlarını saxlamadıqda uşaqların saxlanması üçün vəsait (aliment) valideynlərdən məhkəmə qaydasında tutulur. Alimentin tutulması tələbi uşaqların qayğısına qalmaq və onları tərbiyə etmənin valideynlərin borcu olması konstitusion müddəasından irəli gəldiyi üçün qanunvericilikdə alimentlə bağlı məsələlər dəqiq şəkildə müəyyən edilmiş, eləcə də alimentin valideynlərdən birinin aylıq qazancına nisbətdə və ya sabit pul məbləğində tutulması əsasları öz əksini tapmışdır. Bu baxımdan, alimentin məbləği və tutulması qaydası ilə bağlı məsələlər həll edilərkən uşaqların mənafeyi nəzərə alınmaqla yanaşı, uşaq(lar)ın yardıma ehtiyacının olması və valideynin ona nə dərəcədə yardım etmək iqtidarında olması meyarı da əsas götürülməlidir. Belə ki, tərəflərin ailə və maddi vəziyyəti alimentin miqdarının müəyyən edilməsi üçün mühüm əhəmiyyət kəsb edir. Məhz göstərilən aspektdən çıxış edərək qanunverici uşaqların saxlanması üçün alimentin valideynlərdən birinin aylıq qazancına nisbətdə və ya sabit pul məbləğində tutulması əsaslarını müəyyən etməklə yanaşı, Ailə Məcəlləsinin 112-ci maddəsində müəyyən edilmiş aliment miqdarının dəyişdirilməsi və aliment ödəməkdən azad etməni təsbit etmişdir. Azərbaycan Respublikası Ailə Məcəlləsinin 112.1-ci maddəsinə əsasən aliment ödənilməsi barədə saziş olmadıqda məhkəmə tərəfindən alimentin miqdarı müəyyən olunduqdan sonra tərəflərdən birinin ailə və ya maddi vəziyyətində dəyişiklik olmuşsa, məhkəmə tərəflərdən istənilən birinin tələbi ilə alimentin müəyyən olunmuş miqdarını dəyişə bilər və ya aliment ödəməli olan şəxsi tərəflərin diqqətəlayiq başqa maraqlarını da nəzərə almaqla aliment ödəməkdən azad edə bilər. Mülki işin müəyyən edilmiş hallarından aydın olur ki, tərəflərin birgə nikahdan olan uşaqları xx.xx.2014-cü il təvəllüdlü X1 üçün hər ay iddiaçıdan qazanc və başqa gəlirlərinin 1/4 hissəsində aliment tutulur. Məhkəmə iclasında sübutların tədqiqi ilə müəyyən olundu ki, iddiaçının maddi vəziyyətində dəyişiklik olmuşdur, iddiaçı hal-hazırda işsizdir. Belə olduğu təqdirdə, məhkəmə hesab edir ki, Bakı Apellyasiya Məhkəməsinin 2 (103)13862/18 saylı, xx xxxxxx 2018-ci il tarixli qətnaməsi ilə müəyyən edilmiş alimentin məbləği dəyişdirilərək, İddiaçı xx.xx.2014-cü il təvəllüdlü X2 yetkinlik yaşına çatanadək saxlanılması üçün hər ay 175 manat sabit pul məbləğində aliment tutularaq Cavabdeh ödənilməlidir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Mülki Prosessual Məcəllənin 77.1-ci maddəsinə müvafiq olaraq, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Məhkəmə iş üzrə sübutlara Mülki Prosessual Məcəllənin 88-ci maddəsinin tələblərinə uyğun olaraq obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət vermiş, iddia ərizəsində qoyulmuş tələblər üzrə nəticəyə gələrkən isə Mülki Prosessual Məcəllənin 217.4-cü maddəsində təsbit edilmiş bilavasitəlilik prinsipinə uyğun olaraq yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlara əsaslanmışdır. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia təmin edilsin.. Bakı Apellyasiya Məhkəməsinin 2(103)13862/18 saylı, xx xxxxxx 2018-ci il tarixli qətnaməsi ilə müəyyən edilmiş alimentin məbləği dəyişdirilərək, İddiaçı oğlundan xx.xx.2014-cü il təvəllüdlü X2 yetkinlik yaşına çatanadək saxlanılması üçün hər ay 175 manat sabit pul məbləğində aliment tutularaq Cavabdeh ödənilsin. Alimentin yeni qaydada tutulması hazırki qətnamənin qanuni qüvvəyə mindiyi tarixdən hesablansın. Qətnamədən təqdim olunan (alınan) gündən 1 (bir) ay müddətində Səbail rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Hakim Mədinə Bağırova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar