Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(009)-721/2025 15.04.2025 BAKI ŞƏHƏRİ SƏBAİL RAYON MƏHKƏMƏSİ Hakim Abdullayev Şahin Zülfüqar oğlunun sədrliyi, Ağayeva Narqələm Bayram qızının katibliyi, İddiaçı, Cavabdeh A.Y.Muradxanlının (Muradxanovanın) iştirakları ilə, İddiaçı cavabdeh Muradxanlı (Muradxanova) Aygün Yunis qızına qarşı şərəf və ləyaqətinin müdafiəsi və dəymiş mənəvi zərərin əvəzinin ödənilməsi tələbinə dair iddia ərizəsi üzrə mülki işə Səbail rayon Məhkəməsi binasında açıq məhkəmə iclasında baxaraq… MÜƏYYƏN ETDİ: İddiaçı cavabdeh Muradxanlı (Muradxanova) Aygün Yunis qızına qarşı şərəf və ləyaqətinin müdafiəsi və dəymiş mənəvi zərərin əvəzinin ödənilməsi tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək göstərmişdir ki, ünvan 1 ünvanda yerləşən sahəsi 147 kv.m. faktiki 168 kv.m. olan qeyri-yaşayış sahəsi qızı (etibarnamə əsasında nümayəndəsi olduğu) X1 mülkiyyətindədir, eyni ünvanda yerləşən sahəsi 12,6 kv.m., faktiki 21,84 kv.m. qeyri-yaşayış sahəsi oğlu (etibarnamə əsasında nümayəndəsi olduğu) X2, ünvan 1 ünvanda yerləşən sahəsi 111,9 kv.m., faktiki 128,9 kv.m. olan qeyri-yaşayış sahəsi isə onun özünün mülkiyyətindədir. 2021-ci ilin may ayında "xxxx" MTK tərəfindən həmin ərazilərdə heç bir qanuni icazəsi olmadan yüksək mərtəbəli yaşayış binası inşa etmək adı ilə söküntü işləri aparmağa başlanılmışdır. Nümayəndəsi olduğu adlarını qeyd etdiyi övladlarını MTK dəvət etməmiş, onunla isə razılığa gələ bilməmişlər. Belə ki, MTK ona qeyriyaşayış sahəsinin əvəzinə texniki mərtəbə (24 pillə aşağı zirzəmi) təklif etmişdir. MTK-nın irəli sürdüyü şərtləri haqsız və ədalətsiz hesab edərək onların mülkiyyətində olan sahələrdən çıxmamışlar. Bununla belə onların etirazlarına məhəl qoymadan MTK-nın istifadəsində olan ağır texnikalarla yuxarıda qeyd etdiyi əmlakları dağıdılmış, hətta mülkiyyətində olan sahədən külli miqdar dəyərində əmlaklar oğurlanmış, buna görə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.4-cü maddəsi ilə cinayət işi başlanılmışdır. Hətta MTK ilə onun arasında davam edən mübahisələr məhkəmə və hüquq-mühafizə orqanlarının müstəvisində davam etdiyi halda, kütləvi nümayiş etdirilən internet informasiya ehtiyatında müxtəlif təhqir və böhtan xarakterli müsahibələr və videoçarxlar hazırlanaraq bu yolla ona təsir edilməyə başlanılmışdır. Belə ki, “Prime TV” youtube kanalında xx.xx.2023-cü il tarixdə yayımlanmış, müxbir Cavabdeh (Aygün Muradxanlı) aparıcısı olduğu və MTK-nın nümayəndəsi (vəkil) Camal Hümbətovun iştirakı ilə keçirilmiş “East Residensə mane olan qadını kim himayə edir. Qanun MTK-ları niyə qorumur” adlı verilişdə (müsahibədə) o, aparıcı Cavabdeh (Aygün Muradxanlı) tərəfindən olduqca pis və ağır formada təhqir olunmuşdur və ona böhtan atılmışdır. Tərəfindən həmin müsahibəyə baxış keçirilərkən onun barəsində jurnalist Aygün Muradxanlı tərəfindən videonun 15:54:56 saniyəsində “bomj” (red.əyyaş, tüfeyli həyat tərzi keçirən şəxs), bir neçə saniyədən sonra “anlaqsız qadın üzündən”, videonun 15:55:32 saniyəsində “reketlik edən”, videonun 15:56:42 saniyəsində “dələduz, anlaqlı olmayan qadın”, videonun 16:04:52 saniyəsində “yaddaşsız, anlaqsız”, “dəlinin əlində qalmışıq” ifadələri işlətməklə onu təhqir etmiş və böhtan atmışdır. Aygün Muradxanlının (Cavabdeh) onun barəsində işlətdiyi “bomj” ifadəsi də rus mənşəli söz olub, Azərbaycan dilinə tərcümədə “əyyaş, tüfəyli həyat tərzi keçirən şəxs” mənasında işlədilir. “Anlaqsız” ifadəsi isə psixi xəstəlik kimi nəzərdə tutulmaqla öz hərəkətlərinin faktiki xarakterini dərk etməyən mənasında işlədilir. Bildirir ki, aparıcı Cavabdeh (Aygün Muradxanlı) ilə əvvəllər və ya indi hər hansı münasibəti olmamış və yaxud ortaq tanışları olmamışdır. Belə olan halda onun MTK-dan özünün və övladlarının xüsusi mülkiyyətlərində olan əmlakları tələb etdiyinə görə Aygün Muradxanlı yalan olduğunu bilə-bilə, heç bir sübut olmadığı halda onu “bomj”, “anlaqsız” adlandırmaqla onu təhqir etmişdir. Bu ifadələrin əks etdirdiyi ifadələr konkret faktlarla sübuta yetirilmədiyi təqdirdə təhqir kimi səciyyələndirilir. Bu barədə rəsmi sənəd olsa belə “İnformasiya, informasiyalaşdırma və informasiyanın mühafizəsi haqqında” Azərbaycan Respublikası Qanununun 13.2.3.9-cu maddəsinə əsasən təhqir və ya böhtan xarakteri daşıyan, habelə şəxsi həyatın toxunulmazlığını pozan məlumatların yayılması qanunla qadağan edilən məlumatların dairəsinə aid edilmişdir. Qeyd edilən verilişə youtube kanalında 27 bəyənmə işarələnmiş, müxtəlif şəxslər tərəfindən 424 baxış olmuşdur. Beləliklə, Cavabdeh (Aygün Muradxanlı) “Prime TV” youtube internet televiziya kanalında xx.xx.2023-cü il tarixdə yayımlanmış, aparıcısı olduğu "xxxx"ə mane olan qadını kim himayə edir, Qanun MTK-ları niyə qorumur” adlı verilişdə (müsahibədə), "xxxx" Mənzil Tikinti Kooperativi ilə vətəndaş İddiaçı arasında yaranmış sonuncunun və ailə üzvlərinin xüsusi mülkiyyətində olan əmlaklarla bağlı mübahisəli münasibətlər zəminində həmin verilişdə "xxxx" MTK-nın mövqeyindən çıxış edərək onu MTK-dan əsassız olaraq və hədə-qorxu ilə külli miqdarda əmlak tələb edən şəxs kimi təqdim edib “dələduz” və “reket” adlandırmaqla sonuncunu ağır cinayətdə ittiham etməklə böhtan atmış, habelə X3 heç bir təsdiqedici məlumatlara malik olmadığı halda o, məhz MTK-dan əmlaklarını tələb etdiyinə görə onu “bomj” (əyyaş, tüfeyli həyat tərzi keçirən şəxs), “anlaqsız” adlandırmaqla şəxsiyyətini alçaldaraq təhqir etmiş və bununla da yalan olduğunu bilə-bilə onun şərəf və ləyaqətini ləkələyən və ya onu nüfuzdan salan, şərəf və ləyaqətini nalayiq formada qəsdən alçaldan məlumatları kütləvi nümayiş etdirilən internet informasiya ehtiyatında yaymaqla Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 147.2 və 148-ci maddələrində nəzərdə tutulan cinayət əməllərini törətmişdir. Cavabdeh “Prime TV” youtube internet televiziya kanalında xx.xx.2023-cü il tarixdə yayımlanmış, aparıcısı olduğu "xxxx"ə mane olan qadını kim himyə edir, Qanun MTK-ları niyə qorumur” adlı veriliş (müsahibə) zamanı işlətdiyi şər-böhtan və təhqiramiz sözlər ona sağalmaz mənəvi ziyan vurmuşdur. Belə ki, o, 66 yaşında yaşlı qadındır, 2 övladı, nəvələri, gəlini, kürəkəni var. Cavabdeh ona böhtan atmaqla və təhqir etməklə nəinki ona, eləcə də ailə üzvlərinə mənəvi ziyan vurmuşdur. Qohumlarının, qudaların yanında nüfuzuna xələl gəlmişdir. Onun qanunsuz hərəkətləri nəticəsində mənfi psixi reaksiyaya səbəb olmuş, iztirab keçirmiş, onun sağlamlığının pozulması nəticəsində fiziki əzab çəkir, müalicə alır. Uzun müddətdir ki, xüsusi ittiham qaydasında verdiyi şikayət ilə əlaqədar məhkəmə proseslərinə gedir. Hər proses günü eyni stress və mənəvi sarsıntı çəkir. Bakı şəhəri Səbail rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli, 1(009)-20/2024 nömrəli hökmü ilə (hakim Azər Tağıyev) Muradxanova (Muradxanlı) Aygün Yunis qızının əməlində Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 147.2 və 148-ci maddələri ilə nəzərdə tutulmuş cinayət tərkibi olmadığına görə ona bəraət verilmiş, Bakı Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının (hakimlər Anar İbrahimov (sədrlik edən və məruzəçi), Mirzəli Abbasov və Ramin Qaraqurbanlıdan ibarət tərkibdə) xx.xx.2024-cü il tarixli, 1(103)-853/2024 nömrəli qərarı ilə apellyasiya şikayəti qismən təmin edilmiş, Aygün Muradxanlıya CM-nin 147.2-ci maddəsi ilə bəraət verilmiş, o, CM-nin 148-ci maddəsində nəzərdə tutulan əməli törətməkdə təqsirli bilinərək, ona həmin maddə ilə 1000 manat məbləğində cərimə cəzası təyin edilmişdir. Azərbaycan Respublikası Ali Məhkəməsinin Cinayət Kollegiyasının (hakimlər X6 (sədrlik edən və məruzəçi) X4 və X7) xx.xx.2024-cü il tarixli 1(102)-2515/2025 nömrəli qərarı ilə Bakı Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının xx.xx.2024-cü il tarixli hökmü kassasiya şikayətinə münasibətdə dəyişdirilmədən saxlanılmışdır. Göstərilənləri nəzərə alaraq iddiaçı xx.xx.2023-cü il tarixdə “Prime TV” youtube internet televiziya kanalında “"xxxx"ə mane olan qadını kim himayə edirdi. Qanun MTK-ları niyə qorumur” başlıqlı video müsahibəsində TV-nin rəhbəri və aparıcısı Aygün Muradxanlı tərəfindən çox kobud şəkildə təhqir olunmuş, onun şərəfini, ləyaqətini ləkələyən, şəxsiyyətini aşağılayan ifadələrin hamısının yalan olduğunu, söylənilənlərin birmənalı qərəzli, dezinformasiya olduğunu etiraf etməklə təkzib verməsi və “Prime TV” kanalında ardıcıl olaraq 10 gün manşetdə həmin video müsahibədə göstərilən fotolarla titildə yazılanların eynisini (Foto, "xxxx"ə mane olan qadını kim himayə edir. Qanun MTK-ları niyə qorumur”) olaraq bu məzmunda üzrxahlıq, videosunun yayılması vəzifəsinin cavabdehin üzərinə qoyulması, yalan olduğunu bilə-bilə, qəsdən tərəfindən qərəzli şəkildə yayındığını etiraf edir və bunun üçün aparıcı ondan və həmin video müsahibəyə görə stres yaşayan onun övladlarından, onu şəxsən tanıyanlardan, eləcə də “Prime TV”-nin izləyicilərindən üzr istəməklə bir də belə böhtan dolu, qərəzli verilişlərin verilməyəcəyinə dəyərli sehirçilərinə söz verməsi, Aygün Muradxanlı tərəfindən onun şərəfini, ləyaqətini ləkələyən məlumatlar nəticəsində ona dəymiş mənəvi ziyanın əvəzi olaraq cavabdeh Aygün Muradxanlıdan 50.000 manat məbləğində pulun alınıb ona verilməsi, məhkəmə xərcləri rüsum olaraq 250 manatının Aygün Muradxanlıdan onun xeyrinə tutulması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Məhkəmə iclasında izahatı alınmış İddiaçı iddia tələbini tam müdafiə edərək onun təmin edilməsini məhkəmədən xahiş etmişdir. İddiaçı həmçinin göstərmişdir ki,cavabdeh onun iddia ərizəsində qeyd etdiyi ifadələrin onun tərəfindən səsləndirməməsini bildirir. Bu yalandır, onun xüsusi ittiham qaydasında şikayətinə baxılarkən həmin ifadələrin cavabdeh tərəfindən səsləndirilməsi müəyyən olunmuşdur və ona cəza verilmişdir. Cavabdeh mübahisələndirdiyi verilişindən sonra yeddi verilişdə də onun haqqında ironik ifadələr işlətmişdir. Ona görə də cavabdeh həm ondan, həm onun ailə üzvlərindən üzr istəməlidir, mənəvi iztirab isə çox çəksə də, ziyan məbləğini Azərbaycan reallığına uyğun qoymuşdur. Məhkəmə iclasında izahatı alınmış cavabdeh Muradxanlı (Muradxanova) Aygün Yunis qızı iddia tələbini qəbul etməyərək öz izahatında göstərmişdir ki, 200-dən artıq sakinin mənzili sökülmüş, lakin MTK iddiaçıya görə tikintini başlaya bilməmişdir, həmin sakinlər çöldə qalmışlar. Sakinlərin müraciəti əsasında vəkilin də iştirakı ilə çəkiliş aparılaraq ictimaiyyələşdirilmişdir. Lakin iddiaçının qeyd etdiyi ifadələri o, işlətməmişdir, sakinlər işlətmişlər. Onun haqqında birinci instansiya məhkəməsində bəraət verilsə də, Apellyasiya və Ali Məhkəmə 1000 manat cərimə etmiş və o cəriməni ödəmişdir. Yəni artıq bununla bağlı üzərinə düşən vəzifəni icra etmişdir. Demədiyi sözlərə görə təkzib verməli deyil. Məhkəmədən iddianın rədd edilməsini xahiş etmişdir. Məhkəmə iş üzrə tərəflərin izahatlarını dinləyib, iş üzrə toplanmış sübutlara hüquqi qiymət verərək hesab edir ki, iddia tələbi qismən təmin edilməlidir. İş üzrə Azərbaycan Respublikası Ali Məhkəməsinin Cinayət Kollegiyasının 1(102)-2515/2024 saylı, xx.xx.2024-cü il tarixli qərarın surətindən görünür ki, məhkum Muradxanova (Muradxanlı) Aygün Yunis qızının müdafiəçisi X5 və xüsui ittihamçı İddiaçı tərəfindən verilmiş kassasiya şikayətləri təmin edilməmiş, Muradxanova (Muradxanlı) Aygün Yunis qızının Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 148-ci maddəsi ilə təqsirli bilinərək məhkum edilməsinə dair Bakı Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının xx.xx.2024-cü il tarixli, 1(103)-853/2024 nömrəli hökmü məhkum Muradxanova (Muradxanlı) Aygün Yunis qızının müdafiəçisi X5 və xüsusi ittihamçı İddiaçı tərəfindən verilmiş kassasiya şikayətlərinə münasibətdə dəyişdirilmədən saxlanılmışdır. Həmin qərarda göstərilmişdir ki, Bakı şəhəri Səbail rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli, 1(009)-20/2024 nömrəli hökmü ilə (hakim Azər Tağıyev) Muradxanova (Muradxanlı) Aygün Yunis qızının əməlində Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 147.2 və 148-ci maddələri ilə nəzərdə tutulmuş cinayətin tərkibi olmadığına görə ona bəraət verilmiş, Aygün Muradxanlıya vurulmuş ziyanın ödənilməsi hüququ və həmin hüququn həyata keçirilməsi qaydası izah edilmiş, iş üzrə məhkəmə xərci – keçirilmiş məhkəmə-linqvistik ekspertizasının dəyərini təşkil edən 200 manat məbləğində pulun dövlət büdcəsinin vəsaiti hesabından ödənilməsi hökm edilmişdir. Həmin hökmdən narazı qalan xüsusi ittihamçı İddiaçı apellyasiya şikayəti vermişdir. Bakı Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının (hakimlər: Anar İbrahimov (sədrlik edən və məruzəçi), Mİrzəli Abbasov və Ramin Qaraqurbanlıdan ibarət tərkibdə) xx.xx.2024-cü il tarixli, 1(103)-853/2024 nömrəli qərarı ilə apellyasiya şikayəti qismən təmin edilmiş, hökm ləğv edilmiş, Cavabdeh (Muradxanlıya) CM-nin 147.2-ci maddəsi ilə bəraət verilmiş, o, CM-nin 148-ci maddəsində nəzərdə tutulan əməli törətməkdə təqsirli bilinərək, ona həmin maddə ilə 1000 manat məbləğində cərimə cəzası təyin edilmişdir. Məhkəmə verilmiş iddia tələbi ilə bağlı aşağıdakıları qeyd edir. Azərbaycan Respublikası Konstitusiyasının 46-cı maddəsinə əsasən hər kəsin öz şərəf və ləyaqətini müdafiə etmək hüququ vardır. Şəxsiyyətin ləyaqəti dövlət tərəfindən qorunur. Heç bir hal şəxsiyyətin ləyaqətinin alçaldılmasına əsas verə bilməz. Azərbaycan Respublikası Konstitusiyasının 47-ci maddəsinə əsasən hər kəsin fikir və söz azadlığı vardır. Heç kəs öz fikir və əqidəsini açıqlamağa və ya fikir və əqidəsindən dönməyə məcbur edilə bilməz. İrqi, milli, dini, sosial və hər hansı digər meyara əsaslanan ədavət və düşmənçilik oyadan təşviqata və təbliğata yol verilmir. Azərbaycan Respublikası Konstitusiyasının 50-ci madddəsinin 3-cü hissəsinə əsasən hər kəsin kütləvi informasiya vasitələrində dərc edilən və onun hüquqlarını pozan və ya mənafelərinə xələl gətirən məlumatı təkzib etmək və ya ona cavab vermək hüququna təminat verilir. Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun «Şərəf və ləyaqətin müdafiəsi barədə qanunvericiliyin məhkəmələr tərəfindən tətbiq edilməsi təcrübəsi haqqında» 7 saylı xx.xx.1999-cu il tarixli qərarının 3-cü maddəsinə əsasən məhkəmələr şərəf və ləyaqətin müdafiəsi barədə işlərə baxarkən üç halı aydınlaşdırmalı və onlara məcmu halında hüquqi qiymət verməlidir: məlumatın vətəndaşların və təşkilatların şərəf və ləyaqətini ləkələməsi; həmin məlumatların doğru olmaması; bu məlumatların yayılması. Məlumat başqa şəxsə, bir neçə şəxsə və yaxud qeyri-müəyyən şəxslər dairəsinə bildirildikdə yayılmış hesab edilir. Məlumat mətbuatda dərc edilməklə, radio və televiziya verilişlərində səsləndirilməklə, kinoxronikal proqramlarda nümayiş etdirilməklə, əsərlərdə təsvir edilməklə, yığıncaq və toplantılarda deyilməklə, məktub, ərizə və şikayətlərdə göstərilməklə, idarə, müəssisə və təşkilatlardan çıxan sənədlərdə qeyd edilməklə və s. üsullarla yayıla bilər. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 23.1-ci maddəsinə əsasən fiziki şəxs onun şərəfini, ləyaqətini və ya işgüzar nüfuzunu ləkələyən, şəxsi və ailə həyatının sirrini və ya şəxsi və ailə toxunulmazlığını pozan məlumatların məhkəmə qaydasında təkzib olunmasını tələb edə bilər, bu şərtlə ki, həmin məlumatları yaymış şəxs onların həqiqətə uyğun olduğunu sübuta yetirməsin. Faktik məlumatlar natamam dərc edildikdə də, əgər bununla şəxsin şərəfinə, ləyaqətinə və ya işgüzar nüfuzuna toxunulursa, eyni qayda tətbiq edilir. Marağı olan şəxslərin tələbi ilə fiziki şəxsin şərəf və ləyaqətinin müdafiəsinə onun ölümündən sonra da yol verilir. Həmin Məcəllənin 23.2-ci maddəsinə əsasən əgər fiziki şəxsin şərəfini, ləyaqətini, işgüzar nüfuzunu ləkələyən və ya şəxsi və ailə həyatının sirrinə qəsd edən məlumatlar mediada yayılmışdırsa, həmin mediada da təkzib edilməlidir. Əgər göstərilən məlumatlar rəsmi sənədə daxil edilmişdirsə, həmin sənəd dəyişdirilməli və bu barədə marağı olan şəxslərə məlumat verilməlidir. Digər hallarda təkzib qaydasını məhkəmə müəyyənləşdirir. Göstərilən Məcəllənin 23.3-cü maddəsinə əsasən mediada hüquqlarına və ya qanunla qorunan mənafelərinə toxunan məlumatlar dərc edilmiş (yayımlanmış) fiziki şəxsin həmin mediada öz cavabının dərc edilməsi (yayımlanması) hüququ vardır. Həmin Məcəllənin 23.4-cü maddəsinə əsasən şərəfini, ləyaqətini və ya işgüzar nüfuzunu ləkələyən məlumatlar yayılmış fiziki şəxsin həmin məlumatların təkzibi ilə yanaşı, onların yayılması nəticəsində vurulmuş zərərin əvəzinin ödənilməsini tələb etmək hüququ vardır. “Media haqqında” Azərbaycan Respublikasının Qanununun 1.1.1-ci maddəsinə əsasən kütləvi informasiya – əldə olunması, ötürülməsi, istehsalı və yayımı Azərbaycan Respublikasının qanunları ilə məhdudlaşdırılmayan, qeyri-məhdud sayda şəxslərə çatdırmaq məqsədilə media subyektləri tərəfindən dərc olunan və (və ya) yayımlanan məlumatlar. Həmin Qanunun 1.1.4-ci maddəsinə əsasən jurnalist – əmək müqaviləsi ilə media subyektində və ya fərdi olaraq müəllif hüquqları əsasında mülki hüquq müqaviləsi ilə fəaliyyət göstərən, əsas fəaliyyət növü davamlı şəkildə məlumat toplamaq, hazırlamaq, redaktə və istehsal etmək, ötürmək, habelə həmin məlumatlara dair fikir bildirmək (şərh vermək) olan və bu fəaliyyəti gəlir əldə etmək məqsədilə yerinə yetirən şəxsdir. Həmin Qanunun 4.1-ci maddəsinə əsasən media sahəsində dövlətin əsas vəzifələri aşağıdakılardır: 4.1.1. media sahəsində fikir müxtəlifliyi və fəaliyyət azadlığını təmin etmək. Eyni Qanunun 14.1-ci maddəsinə əsasən mediada dərc olunan və (və ya) yayımlanan informasiya aşağıdakı tələblərə cavab verməlidir: 14.1.6. əxlaqdankənar leksik (söyüş) məzmunlu söz və ifadələrdən, jestlərdən istifadəyə yol verilməməlidir; 14.1.7. şərəf və ləyaqətin alçaldılmasına, işgüzar nüfuzun ləkələnməsinə yol verilməməlidir; 14.1.8. şəxsin ailə və şəxsi həyatına aid sirr olan məlumatların yayılmasına yol verilməməlidir; 14.1.9. böhtana, təhqirə və nifrət çıxışlarına yol verilməməlidir; 14.1.11. faktlar və hadisələr qərəzsiz və obyektiv təqdim olunmalı, birtərəfliliyə yol verilməməlidir; Göstərilən Qanunun 18.1-ci maddəsinə əsasən media subyekti tərəfindən fiziki şəxsin şərəf və ləyaqətini, fiziki və hüquqi şəxsin işgüzar nüfuzunu ləkələyən, böhtan və təhqir xarakterli məlumatlar yayıldıqda, fikirlər təhrif olunduqda fiziki şəxsin özünün və ya nümayəndəsinin, hüquqi şəxsin rəhbərinin, yaxud səlahiyyətli nümayəndəsinin həmin media subyektində 1 (bir) ay müddətində cavab vermək, habelə media subyektindən həqiqətə uyğun olmayan məlumatın təkzib olunmasını, düzəliş verilməsini, üzr istənilməsini tələb etmək, yaxud birbaşa məhkəməyə müraciət etmək hüququ vardır. Həmin Qanunun 19.1-ci maddəsinə əsasən təkzibdə hansı məlumatın həqiqətə uyğun olmadığı, həmin çap mediası subyektində nə vaxt və necə dərc olunduğu göstərilir. Çap mediası subyektində təkzib məlumatın və ya materialın verildiyi səhifədə həmin şriftlə yığılır və “Təkzib” başlığı altında dərc olunur. Gündəlik, günaşırı, həftəlik və aylıq yayımlanan qəzetlər təkzib, cavab və ya düzəliş haqqında tələbin daxil olduğu gündən sonrakı nömrədə, digər dövri-nəşrlər isə hazırlanan və ya yaxın günlər üçün planlaşdırılan buraxılışda təkzibi, cavabı və ya düzəlişi dərc etməlidirlər. Məhkəmə iclasında müəyyən edilmişdir ki, xx.xx.2023-cü il tarixdə “Prime TV” youtube kanalında müxbir cavabdeh Muradxanlı (Muradxanova) Aygün Yunis qızının aparıcısı olduğu və "xxxx" MTK-nın nümayəndəsi Camal Hümbətovun iştirakı ilə “"xxxx"ə mane olan qadını kim himayə edir. Qanun MTK-ları niyə qorunmur” adlı video buraxılış yayımlanmış, həmin video buraxılışda cavabdeh Muradxanlı (Muradxanova) Aygün Yunis qızı iddiaçı barəsində müxtəlif fikirlər və ifadələr səsləndirmişdir. Məhkəmə iclasında həmçinin müəyyən edilmişdir ki, cavabdeh Muradxanlı (Muradxanova) Aygün Yunis qızı həmin verilişində iddiaçı barəsində “bomj”, “anlaqsız qadın üzündən”, “reketlik edən”, “dələduz, anlaqlı olmayan qadın”, “yaddaşsız, anlaqsız”, “dəlinin əlində qalmışıq” kimi ifadələr səsləndirmişdir. Məhkəmə iclasında eyni zamanda müəyyən edilmişdir ki, qanuni qüvvəyə minmiş Bakı Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının xx.xx.2024-cü il tarixli, 1(103)-853/2024 nömrəli qərarı ilə Muradxanlı (Muradxanova) Aygün Yunis qızına CM-nin 147.2-ci maddəsi ilə bəraət verilmiş, o, CM-nin 148-ci maddəsində nəzərdə tutulan əməli törətməkdə təqsirli bilinərək, ona həmin maddə ilə 1000 manat məbləğində cərimə cəzası təyin edilmişdir. İddiaçı tərəfindən irəli sürülmüş tələbdən görünür ki, xx.xx.2023-cü il tarixdə “Prime TV” youtube kanalında cavabdeh Muradxanlı (Muradxanova) Aygün Yunis qızının aparıcısı olan "xxxx"ə mane olan qadını kim himayə edirdi. Qanun MTK-ları niyə qorumur” adlı verilişdə cavabdeh iddiaçı barəsində “bomj”, “anlaqsız qadın üzündən”, “reketlik edən”, “dələduz, anlaqlı olmayan qadın”, “yaddaşsız, anlaqsız”, “dəlinin əlində qalmışıq” ifadələri işlətməklə iddiaçının şərəf və ləyaqətini alçaltmış, onun işgüzar nüfuzunu ləkələmişdir. Bu səbəbdən iddiaçı cavabdehin üzərinə “Prime TV” Youtube kanalında onun barəsində deyilən ifadələrin təkzib edilməsi və eyni youtube kanalında ondan üzr istənilməsi vəzifəsinin qoyulması və ona dəymiş mənəvi zərərin əvəzi kimi 50.000 manatın cavabdehdən tutularaq ona ödənilməsini xahiş etmişdir. Məhkəmə qeyd edir ki, cavabdehin səsləndirdiyi və iddia tələbində təkzib olunması xahiş olunan ifadələr iddiaçının şərəf və ləyaqəti ləkələyən, işgüzar nüfuza xələl gətirən fikirlər və ifadələr kimi hesab edilməlidir. Məhkəmə cavabdehin həmin ifadələrin onun tərəfindən səsləndirilməməsi barədə dəlillərinə qiymət verərək hesab edir ki, bu dəlillər xüsusi ittiham qaydasında şikayətə baxan məhkəmələr tərəfindən qəbul edilməmiş və təkzib edilmişdir. Məhkəmə iclasında müəyyən edilmişdir ki, iddiaçının iddia ərizəsində istinad etdiyi hala, yəni cavabdeh tərəfindən səsləndirilən ifadələrin təhqir xarakterli ifadələr hesab olunmasına qanuni qüvvəyə minmiş məhkəmə qərarı ilə hüquqi qiymət verilmiş və təyin edilmiş məhkəmə-linqvistik ekspertizasının rəyi ilə “East Residensə mane olan qadını kim himayə edir. Qanun MTK-nı niyə qorumur?” adlı verilişdə A. Muradxanlı (Muradxanova) tərəfindən işlənmiş ifadələr (“bomj”, “anlaqsız qadın”, “reketlik edən”, “dələduz”, “bir dəlinin əlində qalmışıq”, “anlaqlı olmayan qadın”) İddiaçı şəxsiyyətini, şərəf və ləyaqətini alçaldan söz və fikirlərin hesab olunması, həmin söz və ifadələr birbaşa təhqir xarakterli olması, yəni ünvanlandığı şəxsin şərəf və ləyaqətini alçaltmaq, işgüzar nüfuzunu ləkələmək xarakterin daşıması müəyyən edilmişdir. Azərbaycan Respublikası MPM-nin 82.4-cü maddəsinə əsasən məhkəmənin qanuni qüvvəyə minmiş hökmü, habelə cinayət təqibi üzrə qüvvəyə minmiş digər qərarı mülki işə və kommersiya mübahisəsinə baxılarkən məhkəmə üçün hadisənin olub-olmaması və şəxsin həmin hadisəyə aidiyyəti hissəsində məcburidir “Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 254.1.4-cü maddəsinin şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 25 mart 2004-cü il tarixli qərarında göstərilmişdir ki, qanunverici məhkəmənin icraatında olan mülki iş üzrə yalnız qanuni qüvvəyə minmiş məhkəmə hökmünün, qərarının, qətnaməsinin, qərardadının preyudisial əhəmiyyəti olduğunu göstərmişdir. Başqa iş üzrə məhkəmənin qanuni qüvvəyə minmiş qətnaməsi və ya hökmü ilə müəyyən olunan faktlar preyudisial faktlar adlanır. Bu zaman göstərilən faktlar mülki iş üzrə iştirakçıların dairəsindən asılı olmayaraq hamı üçün preyudisialdır və bu faktlar heç kim tərəfindən mübahisələndirilə bilməz. Bundan əlavə, göstərilən maddənin məzmunundan da göründüyü kimi hökm ilə müəyyən faktın preyudisiallığı yalnız hökmün çıxarıldığı iş üzrə işdə iştirak etmiş şəxslərə aiddir və sonrakı məhkəmə proseslərində həmin şəxslər tərəfindən mübahisələndirilə bilməz. Məhkəmə yuxarıda qeyd edilənləri nəzərə alaraq hesab edir ki, Bakı Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının qanuni qüvvəsini almış xx.xx.2024-cü il tarixli qərarı ilə müəyyən edilmiş faktların hazırkı iş üzrə preyudisial əhəmiyyət daşıması nəzərə alınmalıdır. Bu səbəbdən həmin faktın yenidən sübut edilməsi yolverilməz hesab edilməlidir. Göründüyü kimi cavabdehin iddiaçı barəsində səsləndirdiyi ifadələrin iddiaçının şərəf və ləyaqətinin ləkələnməsi faktı məhkəmə qərarı ilə öz təsdiqini tapmışdır. Bu səbəbdən məhkəmə hesab edir ki, həmin ifadələrin təkzib edilməsi barədə tələb əsaslı hesab edilməklə təmin edilməlidir. “Media haqqında” Azərbaycan Respublikasının Qanununun 77.2-ci maddəsinə əsasən mediada yayılmış həqiqətə uyğun olmayan məlumata görə redaksiya, eləcə də jurnalist aşağıdakı hallarda məsuliyyət daşımır: 77.2.1. həmin məlumat dövlət orqanlarının (qurumlarının) vəzifəli şəxsləri və ya onların mətbuat xidmətləri tərəfindən rəsmi yayılmışdırsa; 77.2.2. həmin məlumat informasiya agentliklərindən və ya idarə, müəssisə, təşkilat, siyasi partiya və qeyri-hökumət təşkilatlarının mətbuat xidmətləri tərəfindən yayılmışdırsa; 77.2.3. həmin məlumat Azərbaycan Respublikası Milli Məclisinin deputatlarının, dövlət orqanlarının (qurumlarının), bələdiyyələrin, idarə, müəssisə, təşkilat və qeyri-hökumət təşkilatlarının nümayəndələrinin, habelə vəzifəli şəxslərin rəsmi çıxışlarında olduğu kimi təkrar edilmişdirsə; 77.2.4. həmin məlumat canlı yayımla efirə gedən çıxışlarda səsləndirilmişdirsə. Məhkəmə qeyd edir ki, şərəf və ləyaqət vətəndaşın yaşadığı cəmiyyətin ona verdiyi obyektiv qiyməti və onun özü-özünə verdiyi qiyməti əks etdirən, bir-biri ilə qarşılıqlı şəkildə əlaqəli və birbirini tamamlayan anlayışlardır. Praktiki cəhətdən şərəf və ləyaqətin müdafiəsi müəyyən məlumatların yayılma faktının və yayan subyektin, onların ləkələyici xarakterinin müəyyən olunmasından tutmuş, ləkələyici məlumatların həqiqətə uyğun olmaması prezumpsiyasının təkzibinə, məlumatların özünün təkzibinə və onları yayan şəxslərin cəzalandırılmasına qədər məntiqi baxımdan əsaslandırılmış model üzərində qurulmalıdır. Bununla da istər məlumatların gözdən salma xarakterinin, istərsə də həmin məlumatların həqiqətə uyğun olmadığının sübut olunmasına faydasız yerə zaman, qüvvə və vəsait sərf olunmasının qarşısı alına bilər. Beləliklə, ilk növbədə zərərçəkmişlə bağlı məlumatların yayılma faktı və onları yayan subyekt müəyyən olunmalıdır. Müdafiə subyektləri həqiqətə uyğun olmayan ləkələyici məlumatların yayılmasına görə mülkihüquqi məsuliyyətə cəlb olunmalı şəxslər və müvafiq müdafiə hüququ olan şəxslərdir. Şərəf və ləyaqətin müdafiəsi haqqında iddianı barəsində həqiqətə uyğun olmayan ləkələyici məlumatların yayıldığını hesab edən şəxslər qaldıra bilər. Şərəf dedikdə - şəxsə verilən müəyyən ictimai (sosial) qiymət başa düşülür. Burada söhbət müsbət ictimai qiymətdən gedir. Deməli, şərəf şəxsiyyətə verilən müsbət ictimai qiyməti ifadə edir və şərəf, şəxsin obyektiv ictimai xüsusiyyətidir. O, cəmiyyətin şəxsə olan münasibətini müəyyənləşdirir. Şəxsin ictimai-mənəvi və ictimai-əxlaqi statusu məhz onunla müəyyən edilir. Şərəf şəxsə olan obyektiv ictimai münasibəti əks etdirir. O, hər bir halda şəxsin cəmiyyətdə tutduğu mövqeyə təsir göstərir. Ləyaqət isə şəxsin özünün öz ictimai keyfiyyətlərinə (mənəvi-əxlaqi, digər ictimai keyfiyyətlərinə) verdiyi qiymət başa düşülür. Ləyaqət, şərəflə sıx surətdə bağlı olan kateqoriyadır. Əgər şərəf şəxsiyyətin obyektiv, ictimai və xarici meyarıdırsa, ləyaqət onun subyektiv, fərdi və daxili meyarıdır. Onların hər ikisi şəxsiyyətin vacib mənəvi keyfiyyətləridir. Şərəf və ləyaqət biri-biri ilə qarşılıqlı bağlı olan elə meyarlardır ki, bu meyarlar əsasında şəxsin şəxsiyyətinə mənəvi qiymət verilir. Fərq yalnız ondadır ki, şərəf mənəvi qiymətləndirmənin xarici, ləyaqət isə daxili meyarlarını özündə ehtiva edir. Şərəf və ləyaqət hüququ hər bir fiziki şəxsin, əmək kollektivinin və ya təşkilatın ayrılmaz hüququdur. Bu hüququn pozulması böyük mənəvi ziyan, hərəkət azadlığına və ictimai mövqeyə zərbə vuraraq ətrafdakılarda əlverişsiz təəssürat yaradır. Buna görə də dövlət onun şəxsi qeyriəmlak hüququnu qorumalıdır. Fiziki və ya hüquqi şəxs kütləvi informasiya vasitəsinin redaksiyasından həmin kütləvi informasiya vasitəsində yayımlanmış həqiqətə uyğun olmayan, onun şərəf və ləyaqətinə ləkə vuran məlumatların təkzib olunmasını tələb etmək hüququna malikdir. Bu halda yayımlanmış məlumatlar ümumilikdə aşağıdakı iki əlamətə malik olmalıdır: həqiqətə uyğun olmayan məlumatlar kütləvi informasiya vasitələrində yayımlanmışdır; - kütləvi informasiya vasitələrində yayımlanmış məlumatlar ləkələyici xarakterə malikdir. Məhz Azərbaycan Respublikası Konstitusiyasının 46-cı maddəsində şəxsiyyətin şərəf və ləyaqətinin dövlət tərəfindən qorunmasına dair ümumi norma vardır və həmin normaya görə heç bir hal şəxsiyyətin şərəf və ləyaqətinin alçaldılmasına əsas verə bilməz. Yəni, hər bir şəxsin şərəf və ləyaqət hüquqlarını, əgər həmin hüquqlar pozularsa, müdafiə etmək hüququ vardır. Müdafiə hüququ dedikdə - hüquq sahibinə (hüquq daşıyıcısına, səlahiyyətli şəxsə) öz pozulmuş şərəf və ləyaqət hüquqlarını bərpa etmək məqsədilə hüquqqoruyucu xarakterli tədbirlər tətbiq olunması üçün verilən imkan başa düşülür. Mülki Məcəllənin 23-cü maddəsində şərəf və ləyaqət hüquqlarının müdafiəsinin aşağıdakı üsulların köməyi ilə qorunması və müdafiə olunması nəzərdə tutulub: zərərin əvəzinin ödənilməsi; mənəvi zərərin kompensasiyası; hüquqları pozan hərəkətlərin qarşısının alınması; təkzibetmə; yayılmış məlumatların məhkəmə tərəfindən yalan məlumat kimi tanınması; cavabı dərc etmə və sair. Məhkəmə praktikası həqiqətə uyğun olmayan ləkələyici məlumatların təkzib olunması qaydasını müəyyən edir: - vətəndaşın şərəf və ləyaqətinə ləkə vuran məlumatlar kütləvi informasiya vasitəsində yayımlanmışdırsa, bu məlumatlar həmin kütləvi informasiya vasitəsində də təkzib olunmalıdır; - həmin məlumatlar hər-hansı bir təşkilatdan çıxan sənəddə əks olunubsa, bu sənəd dəyişdirilməli və ya geri çağırılmalıdır. Digər hallarda təkzib etmə qaydası məhkəmə tərəfindən müəyyən olunur. Barəsində kütləvi informasiya vasitəsində hüquqlarını və qanunla qorunan maraqlarını pozan məlumat yayımlanmış vətəndaşın cavabını həmin kütləvi informasiya vasitəsində dərc etdirmək hüququ var. Ümumilikdə ləkələyici məlumatı təkzib etmə üsulu həmin məlumatın yayımlanma üsuluna uyğun olmalıdır. Təkzibin özünün mahiyyəti bundan ibarətdir: birincisi, təkzibi bilavasitə həqiqətə uyğun olmayan ləkələyici məlumatı yaymış şəxs verməlidir; ikincisi, təkzibdə həqiqətə uyğun olmayan ləkələyici məlumatın inkarı əks olunmalıdır; üçüncüsü, məlumat zərərçəkmişin pozulmuş hüquqlarının bərpasını maksimum təmin edəcək qaydada təkzib olunmalıdır. Şərəf və ləyaqətin müdafiəsi barədə iddialara baxılarkən ilk növbədə müəyyənləşdirməlidir ki, yayılmış məlumatlar şəxsin şərəf və ləyaqətini ləkələyirmi və yayılmış məlumatlar ləkələyici xarakterə malikdirmi? Ləkələyici məlumatlar dedikdə - məlumatı yaymış şəxs tərəfindən qüvvədə olan qanunvericiliyin və ya əxlaqi-mənəvi prinsiplərin pozulması barədə elə informasiya başa düşülür ki, həmin informasiya şəxsin şərəf və ləyaqətini alçaldır, şəxsi nüfuzdan salır. Bundan başqa, şərəf və ləyaqətin müdafiə olunmasının üçüncü şərti - yayılmış ləkələyici məlumatların həqiqətə uyğun olmamasından, yəni onların doğru olmamasından ibarətdir. Həm də yayılmış ləkələyici məlumatlar əsassız, uydurma və yalan xarakterə malik olmalıdır. Yalnız bu şərt mövcud olduqda şərəf və ləyaqət alçalır, pozulur və onlara zərər dəyir. Yayılmış ləkələyici məlumatların həqiqətə uyğun olmaması dedikdə- ilk növbədə ümumiyyətlə, mövcud olmayan hallar (faktlar) barəsində yayılan informasiya başa düşülür. Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun «Şərəf və ləyaqətin müdafiəsi barədə qanunvericiliyin məhkəmələr tərəfindən tətbiq edilməsi təcrübəsi haqqında» 7 saylı xx.xx.1999-cu il tarixli qərarının 14-cü bəndinə əsasən, «məhkəmələrə izah edilsin ki, mənəvi ziyanın tutulması, bir qayda olaraq, vətəndaşların şəxsi qeyri-əmlak hüquqlarının pozulması nəticəsində tətbiq edilir. Vətəndaşların əmlak hüquqlarının pozulması ilə əlaqədar mənəvi ziyanın tutulmasını qanunvericilikdə bilavasitə müəyyən olunmuş hallarda yol verilir. Mənəvi ziyanın miqdarı pul ilə ölçülməlidir, mənəvi ziyanın miqdarını müəyyən edərkən məhkəmələr hər bir işə fərdi yanaşmalı, məlumatın yayılması dairəsini, iddiaçıya yetirmiş mənəvi və fiziki sarsıntılarının xarakterini və dərəcəsini, cavabdehin təqsirini və əmlak vəziyyətini, işin sair diqqətə layiq hallarını, habelə mənəvi ziyanın ödənilməsi üçün cavabdehin real imkanlarını və qətnamənin icrasının mümkünlüyünü nəzərə almalıdır». Məhkəmə qeyd edir ki, məhkəmə iclasında “Prime TV” youtube kanalında xx.xx.2023-cü il tarixdə nümayiş etdirmiş verilişdə cavabdeh tərəfindən İddiaçı barəsində səsləndirmiş ifadələrin həqiqətə uyğun olmaması, iddiaçının şərəf, ləyaqətini ləkələyən məlumatlar kimi qiymətləndirilməli olması müəyyən edildiyindən, iddia tələbi həmin hissədə təmin edilməli, “Prime TV” Youtube kanalında İddiaçı barəsində deyilən ifadələrin təkzib edilməsi vəzifəsi cavabdeh Muradxanlı (Muradxanova) Aygün Yunis qızının üzərinə qoyulmalıdır. Lakin məhkəmə iddia tələbinin iddiaçının işgüzar nüfuzuna dəymiş zərərin əvəzi kimi cavabdehdən 50.000 manat məbləğində pulun tutulması hissəsi üzrə qeyd edir ki, həmin hissədə də tələb təmin edilməməlidir. Yuxarıda qeyd edilən Plenum Qərarının 6-cı bəndinə əsasən iddiaçı mənəvi ziyanın ödənilməsini tələb etdikdə keçirdiyi fiziki və mənəvi sarsıntıları sübut etməlidir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 23.6-cı maddəsinə əsasən bu maddənin fiziki şəxsin işgüzar nüfuzunun müdafiəsinə dair qaydaları müvafiq olaraq hüquqi şəxsin işgüzar nüfuzunun müdafiəsinə də tətbiq edilir. “Mənəvi zərərin ödənilməsi barədə qanunvericiliyin məhkəmələr tərəfindən tətbiqi təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun xx.xx.2008-ci il tarixli 7№-li qərarınına əsasən Azərbaycan Respublikası qanunvericiliyinin, “İnsan Hüquqlarının və Əsas Azadlıqların Müdafiəsi Haqqında Konvensiya”nın müddəaları və Avropa İnsan Hüquqları Məhkəməsinin presedentləri baxımından “mənəvi zərər” anlayışı insanın anadangəlmə və ya qanun əsasında ona mənsub olan şəxsi qeyri – əmlak xarakterli hüquq və azadlıqlarının, habelə əmlak hüquqlarının pozulması nəticəsində mənəvi sarsıntı və iztirab keçirməsini ifadə edir. Zərərçəkən fiziki şəxsin mənəvi sarsıntı keçirməsi dedikdə ona qarşı törədilən qanunsuz hərəkətin və ya hərəkətsizliyin şüurunda müəyyən mənfi psixi reaksiyaya səbəb olması, iztirab keçirməsi dedikdə isə onun sağlamlığının pozulması nəticəsində fiziki əzab çəkməsi anlaşılır. Mənəvi zərərin ödənilməsi ilə əlaqədar qanunvericiliyin müddəaları nəzərə alınmaqla şəxsə mənəvi zərər vurulması onun yaxın qohumlarını və ya iş yerini itirməsi, fəal ictimai həyat tərzindən məhrum olması, şəxsi, ailə və tibbi sirlərinin açıqlanması, şərəf, ləyaqət və işgüzar nüfuzunun ləkələnməsi, hər hansı başqa hüquqlarının müvəqqəti olaraq məhdudlaşdırılması və ya həmin hüquqlardan məhrum olması, sağlamlığına xəsarət yetirilməsi və s. hallarda özünü büruzə verə bilər. Məhkəmə qeyd edir ki, iddiaçı youtube kanalında yayılmış məlumatlar nəticəsində mənəvi ziyan çəkməsini göstərsə də, bu halları təsdiq edən sübutları məhkəməyə təqdim edə bilməmişdir. Bu səbəbdən məhkəmə hesab edir ki, cavabdehdən 50.000 manat məbləğində pul vəsaitinin iddiaçının xeyrinə tutulması hissəsində də tələb təmin edilməməlidir. Azərbaycan Respublikasının MPM-nın 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Məhkəmə iddia tələbləri qismən təmin olmasını nəzərə alaraq hesab edir ki, ödənilmiş 250 manat dövlət rüsumunun 100 manatı cavabdehdən tutulmalı, 150 manatı isə iddiaçıya aid edilməlidir. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası MPM-nin 216-220-ci maddələrini rəhbər tutaraq, məhkəmə… QƏT ETDİ: İddia qismən təmin edilsin. xx.xx.2023-cü il tarixdə “Prime TV” youtube kanalında Muradxanlı (Muradxanova) Aygün Yunis qızının aparıcısı olan "xxxx"ə mane olan qadını kim himayə edir. Qanun MTK-ları niyə qorumur” adlı verilişdə İddiaçı barəsində Muradxanlı (Muradxanova) Aygün Yunis qızı tərəfindən səsləndirilən söz və ifadələr həqiqətə uyğun olmayan məlumatlar, şərəf və ləyaqətini ləkələyən söz və ifadələr hesab edilsin. Cavabdeh Muradxanlı (Muradxanova) Aygün Yunis qızının üzərinə “Prime TV” youtube kanalında “bomj”, “anlaqsız qadın üzündən”, “reketlik edən”, “dələduz, anlaqlı olmayan qadın”, “dəlinin əlində qalmışıq” kimi məlumatlarla əlaqədar qətnamə qanuni qüvvəsini aldıqdan sonra bir ay müddətində təkzib verilməsi vəzifəsi həvalə edilsin. Cavabdeh Muradxanlı (Muradxanova) Aygün Yunis qızındаn İddiaçı xeyrinə ödənilmiş dövlət rüsumunun əvəzi kimi 100 (yüz) manat məbləğində pul tutulsun. İddia tələbi qalan hissədə təmin edilməsin. Qətnamədən onun tərəflərə rəsmi qaydada təqdim edildiyi gündən 1 (bir) ay müddətinə Bakı Şəhəri Səbail Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, qəbul edildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Qeyd: apellyasiya şikayəti elektron sistem vasitəsi ilə verilmədikdə AR MPM-nin 363.1.5ci maddəsinə əsasən geri qaytarılacaqdır. Hakim: Şahin Abdullayev
Məhkəmə qərarları › İş №2(009)-721/2025
Bakı Şəhəri Səbail Rayon Məhkəməsi Qətnamə — İş №2(009)-721/2025
15.04.2025 · Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Mənəvi zərərin ödənilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver