Məhkəmə qərarları › İş №2(009)-722/2022

Bakı Şəhəri Səbail Rayon Məhkəməsi Qərardad — İş №2(009)-722/2022

26.05.2022 · Müqavilələrin ləğv edilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2(009)-722/2022 26.05.2022 BAKI ŞƏHƏRİ SƏBAİL RAYON MƏHKƏMƏSİ Bakı şəhəri Səbail Rayon Məhkəməsinin hakimi Rəna Nazim qızı Qafarovanın sədrliyi, Məhkəmə iclas katibi Pərvin Kamandar oğlu Paşazadənin katibliyi, İddiaçı, onun vəkili X4 və üçüncü şəxs X1 iştirakı ilə, İddiaçılar İddiaçı və X5 Cavabdeh MMC-yə (üçüncü şəxs kimi X3 cəlb edilən) qarşı “qiymətləndirmə rəyinin ləğv edilməsi” tələbinə dair iddia ərizəsi üzrə mülki işə məhkəmənin binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İddiaçılar İddiaçı və X8 Cavabdeh MMC-yə qarşı “qiymətləndirmə rəyinin ləğv edilməsi” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh MMC-nin A-İ/0146 nömrəli, 25.01.2022-ci il tarixli rəyinin ləğv edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddia ərizəsi onunla əsaslandırılmışdır ki, ünvan 1 ünvanında yerləşən fərdi yaşayış evi vərəsəlik qaydasında Binəqədi Rayon Məhkəməsinin 2(001)-2288/2017 saylı, 19 may 2017-ci il tarixli qətaməsi ilə 4/18 hissədə İddiaçı 7/18 hissədə X5 və 7/18 hissədə X1 payları müəyyən etmişdir. Azərbaycan Respublikası ƏMDK yanında DƏDRX Hüquqların Dövlət Qeydiyyatı Haqqında Daşınmaz Əmlakın Dövlət Reyestri tərəfindən verilmiş **********60-10301 qeydiyyat nömrəli, RX seriyalı, ******* nömrəli Çıxarışa əsasən ünvan 3 ünvanında yerləşən fərdi yaşayış evi yuxarıda qeyd olunan paylar üzrə mülkiyyətlərindədir. Bundan sonra Binəqədi Rayon Məhkəməsinin 2(001)-5922/2019 saylı, 03 oktyabr 2019-cu il tarixli qətnaməsi ilə onun Binəqədi rayonu, Binəqədi qəsəbəsi, Axundov küçəsi ev 9 ünvanında yerləşən fərdi yaşayış evə köçürülməsi qət etmişdir. Bundan sonra Binəqədi Rayon Məhkəməsinin 2(001)-3255/2020 saylı, 28.09.2020-ci il tarixli qətnaməsi ilə ünvan 4 ünvanında yerləşən fərdi yaşayış evi açıq hərracda satılaraq əldə olunan gəlir paylara mütənasib şəkildə 4/18 hissədə İddiaçı, 7/18 hissədə X6 və 7/18 hissədə X2 ödənilməsi qət etmişdir. Məlum etmək istəyir ki, Binəqədi Rayon Məhkəməsinin 2(001)-3255/2020 saylı 28.09.2020-ci il tarixli qətnaməsinin qəbul edilməsinə səbəb olmuş və X3 tərəfindən imzalanmış iddia ərizəsində və sözü gedən qətnamənin əsaslandırıcı hissəsində "xxxx" Hüquq və Qiymətləndirmə Şirkəti tərəfindən qiymətləndirmə aparılmış 11 mart 2020-ci il tarixdə ünvan 3 saylı fərdi yaşayış evinin qiyməti 60000 (altımış min) manat olduğu qeyd olunmuşdur. Hansı ki, o, həmin məhkəmə vaxtı qeyd olunan qiymətin aşağı olduğu üçün buna etiraz etmiş və qeyd olunan 60000 (altımış min) manatın X2 düşən 7/18 hissəsi yəni, 23334 manat məbləğində Rəsul Ağababayeva kompensasiya verilməklə onun mülkiyyətinə xitam verilməsinə dair qarşılıqlı iddia verilmiş, buna da qiymət aşağı olduğu üçün Rəsul Ağababayev razılaşmamışdır. Onu da qeyd etmək istəyir ki, həmin qətnamənin icrası ilə əlaqədar Binəqədi Rayon İcra şöbəsinin icra məmuru İİ dərəcəli ədliyyə qulluqçusu Kamran Mirzəyev tərəfindən Bakı şəhəri, ünvan 3 saylı fərdi yaşayış evinin qiymətləndirilməsi üçün qiymətləndiricinin dəvət edilməsi haqqında 25.01.2022-ci il tarixdə qərar qəbul emişdir. Həmin qərarın icrası ilə əlaqədar «X10 Azerbaycan» MMC-yə sifariş vermişdir. «X10 Azərbaycan» MMC tərəfindən eyni tarixdə yəni, 25.01.2022-ci il tarixdə qiymətləndirmə aparmış və Bakı şəhəri, ünvan 3 saylı fərdi yaşayış evinin bazar dəyəri 14000 (on dörd min) manat müəyyən edilməsinə dair A-İ/0146 saylı 25.01.2022-ci il tarixli rəy verilmiş və həmin rəyi də eyni tarixdə yəni, 25.01.2022-ci il tarixdə Binəqədi Rayon İcra şöbəsinə göndərmişdir. 11 mart 2020-ci il tarixdə Bakı şəhəri, ünvan 3 saylı fərdi yaşayış evinin qiyməti 60000 (altımış min) manat müəyyən olunmuşdur. Həmin tarixdən hal-hazıradək iqtisadiyyatda, daşınar və daşınmaz əmlak bazarında bahalaşma və qiymət artımı olduğu halda «X10 Azərbaycan» MMC tərəfindən mübahisə predmeti olan fərdi yaşayış evinin bazar dəyərinin 14000 manat müəyyən edilməsi ümumiyyətlə ağlasığmaz bir haldır. Bundan başqa, yuxarıda qeyd olunan çıxarışa əsasən Bakı şəhəri, ünvan 3 saylı fərdi yaşayış evinin 0,00576 ha həyət yanı torpaq sahəsi vardır ki, «X10 Azərbaycan» MMC tərəfindən buna heç münasibət bildirməmişdir. Hansı ki, həmin torpaq sahəsinin bir sotu 20000 manat civarındadır. Hesab edir ki, Bakı şəhəri, ünvan 3 saylı fərdi yaşayış evinin «X10 Azərbaycan» MMC tərəfindən bazar dəyəri 14000 (on dörd) manat müəyyən edilməsinə dair A-İ/0146 saylı 25.01.2022-ci il tarixli rəy həqiqəti özündə əks etdirmədiyi və olduqca aşağı və cüzi bir qiymət qoyduğu üçün ləğv olunmalıdır. Məhkəmə, iddia ərizəsini iş materialları əsasında nəzərdən keçirərək hesab edir ki, iddia ərizəsinə məhkəmədə baxılmalı olmadığından iş üzrə icraata xitam verilməlidir. Məhkəmə iclasında iştirak edən İddiaçı və onun vəkili X9 iş üzrə icraata xitam verilməsinə etiraz etmədiklərini bildirdilər. Məhkəmə iclasında iştirak edən üçüncü şəxs X3 iş üzrə icraata xitam verilməsinə etiraz etmədiyini bildirmişdir. Belə ki, iş materialları ilə müəyyən edilmişdir ki, Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin 2(001)-2288/2017 saylı, 19 may 2017-ci il tarixli qətaməsi ilə ünvan 1 ünvanında yerləşən fərdi yaşayış evinə vərəsəlik qaydasında 4/18 hissədə İddiaçı 7/18 hissədə X5 və 7/18 hissədə X1 payları müəyyən edilmiş, Binəqədi Rayon Məhkəməsinin 2(001)-3255/2020 saylı, 28.09.2020-ci il tarixli qətnaməsi ilə isə ünvan 4 ünvanında yerləşən fərdi yaşayış evinin açıq hərracda satılaraq əldə olunan gəlir paylara mütənasib şəkildə 4/18 hissədə İddiaçı, 7/18 hissədə X6 və 7/18 hissədə X2 ödənilməsi qət edilmiş, daha sonra Binəqədi Rayon Məhkəməsinin 2(001)-3255/2020 saylı, 03.12.2021-ci il tarixli icra sənədinə əsasən qətnamənin icrası qaydasında icra icraatı çərçivəsində qeyd edilən əmlak hərraca çıxarılmış və icra məmurunun sifarişi əsasında keçirilmiş qiymətləndirmə nəticəsində əmlakın qiyməti müəyyən edilmişdir. Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki və Kommersiya Kollegiyalarının “İcra icraatı çərçivəsində borclunun əmlakının hərracdan satılması qaydası ilə bağlı qanunvericiliyin tətbiqi üzrə” 24.11.2021-ci il tarixli qərardadında göstərilmişdir ki, borclunun ipoteka predmeti olmayan əmlakının, notariusun icra qeydi əsasında tutma yönəldilmiş ipoteka predmeti olan əmlakının, habelə vergi ödəyicisi kimi siyahıya alınmış əmlakının ilkin (başlanğıc) satış qiyməti hərracın keçirilməsinədək olan dövr ərzində icra icraatı çərçivəsində hərracı bu qiymət əsasında sifariş etmiş icra məmurunun hərəkətlərindən verilmiş şikayət qaydasında aidiyyəti məhkəmədə mübahisələndirilir. Hərrac keçirildikdən sonra isə qiymət “Qiymətləndirmə fəaliyyəti haqqında” Azərbaycan Respublikası Qanununun 8-ci maddəsinə uyğun olaraq iddia icraatı qaydasında mübahisələndirilir. Qeyd edilənlər belə nəticəyə gəlməyə əsas verir ki, hazırki işdə də dəyəri mübahisələndirilən əmlak icra icraatı çərçivəsində müəyyən edilmiş əmlak olduğundan, əmlakın müəyyən edilmiş qiymətinin mübahisələndirilməsi iddia icraatı qaydasında deyil, icra çərçivəsində icra məmurunun hərəkətlərindən şikayət verilməsi qaydasında həyata keçirilməlidir. Ona görə də, iddiaçılar İddiaçı və X5 iddia ərizəsinə iddia icraatı qaydasında baxılmalı olmadığından, iş üzrə icraata xitam verilməlidir. Belə ki, Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 261.0.1-ci maddəsinə əsasən, iş məhkəmədə və ya mülki məhkəmə icraatı qaydasında baxılmalı deyildirsə hakim iş üzrə icraata xitam verir. Həmin Məcəllənin 262.1-ci maddəsinə əsasən, iş üzrə icraata xitam verilməsi barədə məhkəmə qərardad çıxarır. İşin məhkəmə orqanlarına aid olmaması nəticəsində icraata xitam verilərsə, məhkəmə ərizəçinin hansı orqana müraciət etməli olmasını göstərməlidir. (MPM-262.3) İş üzrə icraata xitam verilməsi haqqında məhkəmənin qərardadından şikayət verilə bilər. (MPM-262.5) Beləliklə, məhkəmə belə nəticəyə gəlir ki, İddiaçı və X5 Cavabdeh MMC-yə (üçüncü şəxs kimi X3 cəlb edilən) qarşı “qiymətləndirmə rəyinin ləğv edilməsi” tələbinə dair iddia ərizəsinə məhkəmədə (iddia icraatı qaydasında) baxılmalı olmadığından iş üzrə icraata xitam verilməli, iddiaçıya aidiyyəti üzrə icra məmuruna (qurumuna), narazı qaldığı halda isə icra məmurunun hərəkətlərindən məhkəməyə şikayət etmək hüququ izah edilməlidir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-in 261-264, 267-268-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: İddiaçılar İddiaçı və X5 Cavabdeh MMC-yə (üçüncü şəxs kimi X3 cəlb edilən) qarşı “qiymətləndirmə rəyinin ləğv edilməsi” tələbinə dair iş üzrə icraata xitam verilsin. İddiaçılara izah edilsin ki, aidiyyəti üzrə icra məmuruna (qurumuna), narazı qaldığı halda isə icra məmurunun hərəkətlərindən müvafiq məhkəməyə şikayət etmək hüququ vardır. Qərardaddan rəsmi qaydada verildikdən sonra 10 (on) gün müddətində Bakı şəhəri Səbail Rayon Məhkəməsinə şikayət verilə bilər. Sədrlik edən: Rəna Qafarova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar