Məhkəmə qərarları › İş №2(009)-742/2023

Bakı Şəhəri Səbail Rayon Məhkəməsi Qətnamə — İş №2(009)-742/2023

08.06.2023 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Sığorta müqaviləsi üzrə mübahisələr - Sığorta ödənişinin ödənilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(009)-742/2023 08.06.2023 BAKI ŞƏHƏRİ SƏBAİL RAYON MƏHKƏMƏSİ Hakim Süleymanova Şəhla Ənvər qızının sədrliyi, Əzizli Əziz Seyfulla oğlunun katibliyi, iddiaçı Azərbaycan Respublikası DİN-nin BDYP İdarəsinin Siqnal İxtisaslaşdırılmış Layihə İstehsalat İdarəsinin nümayəndəsi X1 iştirakı ilə, İddiaçı Azərbaycan Respublikası DİN-nin BDYP İdarəsinin Siqnal İxtisaslaşdırılmış Layihə İstehsalat İdarəsinin cavabdehlər "xxxx" ASC-yə və Cavabdeh2 qarşı “sığorta ödənişinin və maddi ziyanın ödənilməsi” tələbinə dair mülki işə açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏN ETDİ: Təsviri hissə: İddiaçı Azərbaycan Respublikası DİN-nin BDYP İdarəsinin Siqnal İxtisaslaşdırılmış Layihə İstehsalat İdarəsi cavabdeh "xxxx" ASC-yə qarşı “sığorta ödənişinin və maddi ziyanın ödənilməsi” tələbinə dair iddia ərizəsi ilə xx.xx.2023-cü il tarixdə məhkəməyə müraciət edərək, "xxxx" ASC-dən 7753 manat sığorta ödənişi və 1628 manat sığorta ödənişinin gecikdirildiyinə görə dəbbə pulunun tutularaq Azərbaycan Respublikası DİN-nin BDYP İdarəsinin Siqnal İxtisaslaşdırılmış Layihə İstehsalat İdarəsinə ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. xx.xx.2023-cü il tarixdə Azərbaycan Respublikası DİN-nin BDYP İdarəsinin Siqnal İxtisaslaşdırılmış Layihə İstehsalat İdarəsi dəqiqləşmə ərizəsi verərək cavabdehlər "xxxx" ASC-dən 4400 manat sığorta ödənişi və Cavabdeh2 3353 manat pulu tutularaq Azərbaycan Respublikası DİN-nin BDYP İdarəsinin Siqnal İxtisaslaşdırılmış Layihə İstehsalat İdarəsinə ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Səbail rayon Məhkəməsinin 2(009)742/2023 saylı, xx.xx.2023-cü il tarixli qərardadı ilə İddiaçı Azərbaycan Respublikası DİN-nin BDYP İdarəsinin Siqnal İxtisaslaşdırılmış Layihə İstehsalat İdarəsi cavabdeh "xxxx" ASC-yə qarşı “sığorta ödənişinin və maddi ziyanın ödənilməsi” tələbinə dair hissəsində icraata xitam verilmişdir. İddia belə əsaslandırılmışdır ki, xx.xx.2022-ci il tarixdə təxminən 13:00 radələrində Xaçmaz rayonu ərazisində Köhnə Xaçmaz kənd yolu ilə Qımılqışlaq kəndinin yol kəsişməsində “QAZ 2775” markalı, ** BH *** dövlət qeydiyyat nişanlı avtomobil yol nəqliyyat hadisəsi törətmişdir. Nəticədə, ərazidə quraşdırılmış 1 ədəd A tipli işıqfor, 1 ədəd 222 tipli işıqfor, 1 ədəd taymer və 1 ədəd altlıq dəst tam yararsız vəziyyətə düşməklə idarəyə 7753 (yeddi min yeddi yüz əlli üç) manat dəyərində maddi ziyan dəymişdir. Bununla bağlı, cavabdehə ziyan aktı tərtib edilərək xx.xx.2022-ci il tarixdə göndərilmişdir ki, idarəyə dəymiş ziyan ödənilsin. Lakin bu günə kimi cavabdeh tərəfdən heç bir ödəniş edilməmişdir. Cavabdeh2 xx.xx.2023-cü il tarixdə iddiaya etiraz verərək belə əsaslandırmışdır ki, 18 iyun 2022-ci il tarixdə, təxminən saat 13 radələrində, Xaçmaz rayonu ərazisində, Köhnə Xaçmaz kənd yolu ilə rayonun Qımılqışlaq kəndinin yolayrıcında idarə etdiyi “Mitsibuşi Aytrek” markalı, ** BL *** dövləıt qeydiyyat nişanlı avtomaşınla yol-nəqliyyat hadisəsi törətmişdi. Daha doğrusu ailəsi ilə birlikdə hərəkətdə olduğu zaman, qarşısına avtomaşın çıxdığına görə yolun kənarındakı işıqfora dəymiş və işıqfor zədələnmişdi. İdarə etdiyi avtomaşın sığortalı olduğundan hadisə yerində razılığa gəlindi ki, ziyanı sığorta şirkəti tam ödəyəcək. Sığorta şirkətinin nümayəndəsi həmin vaxtı ona zəng edərək bildirdi ki, “sənlik heç nə yoxdur, ziyanı biz ödəyəcəyik. Hadisədən bir ilə yaxın vaxt keçdikdən sonra Səbail Rayon Məhkəməsindən ünvanına, xx.xx.2023-cü il tarixli məhkəmə bildirişi iddiaçının iddia ərizəsi ilə birlikdə daxil oldu. Daha doğrusu həmin bildirişi və ərizənin surətini 03 may 2023-cü il tarixdə poçt vasitəsi ilə almışdır. Həmin iddia tələbi ilə razı deyil. Çünki o bu günədək bilmişdir ki, mübahisə öz həllini tapıb, tərtib edilmiş ziyan aktından və digər qəbul edilmiş sənədlərdən xəbəri olmayıb. Belə ki, idda ərizəsində göstərilir ki, hadisədə iştirak etmiş digər avtomaşına sığorta şirkəti tərəfindən 600 manat ödənmişdir. Hadisə zamanı onun avtomaşınından başqa heç bir avtomaşın zədələnməyib, onun avtomaşını da ancaq işıqfora dəyib. Bu nə dərəcədə düzdür ki, işıqfora 7753 manat ziyan dəysin? Onda olan məlumata görə işıqforun tam dəyəri 2000 manatdır. İşıqforu oğurlamayıb, qəsdən məhv etməyib, sərxoş olmamış, daha ağır hadisənin qarşısını almaq üçün ehtiyatsızlıqdan işıqfora toxunub. Ona görə də işıqfora dəymiş ziyanın müəyyən olunması üçün həmin iş mütəxəssisə təqdim olunmalı, iş üzrə ekspert rəyi alınmalıdır. Digər tərəfdən, iddiaçı ərizədə göstərir ki, guya hadisədən 2 gün sonra ziyan aktı tərtib olunaraq xx.xx.2022-ci il tarixdə cavabdeh tərəfə göndərilmişdir. Bu aktdan məlumatı olmayıb. İddiaçının Sığorta şirkəti ilə razılığa gəlməməsinin səbəbini deyə bilmir, 600 manat sığortasından kimə və nəyə görə ödənməsindən də xəbəri yoxdur. Hadisəni törədən maşınıdırsa, avtomaşını ancaq işıqfora dəyib, başqa heç bir əşyaya toxunmayıb. Onu da qeyd edir ki, hadisədən bir ilə yaxın vaxt keçir, X4 tərəfindən hadisə ilə əlaqədar hansı qərarın qəbul olunması barədə də xəbəri yoxdur, onu çağırmayıblar və heç bir sənədə də imza etməmişdir. İddiaçı tərəf ziyanı bu günə kimi tələb etməyibsə bunu məqsədli şəkildə edib, məqsədi əlavə faizlər hesablamaqdır. Digər tərəfdən iddiaçının iddia ərizəsinə hansı sənəd və sübutların əlavə olunması da göstərilməmişdir. Məhkəmə iclasında iştirak edən iddiaçı Azərbaycan Respublikası DİN-nin BDYP İdarəsinin Siqnal İxtisaslaşdırılmış Layihə İstehsalat İdarəsinin nümayəndəsi X2 iddia ərizəsinə uyğun izahat verərək bildrmişdir ki, qeyd edilən iş üzrə ekspert hər hansı bir nəticəyə gəlib çıxa bilməyəcəkdir. Məhv olunmuş əmlaklara ekspert qiymət qoya bilməyəcək. Qeyd olunan işıqfor dövlətin mülkiyyətində olan bir əmlakdır və həmin əmlakı yalnız bir orqan Azərbaycan Respublikası DİN BDYPİ-nin "xxxx" İdarəsi alır. Əsaslandırıcı hissə: Məhkəmə hesab edir ki, iddia qismən təmin edilməlidir. Belə ki, İş materiallarında olan Xaçmaz RQİ və TBŞ tərəfindən verilmiş nəqliyyat vasitəsinin qeydiyyat şəhadətnaməsinin kserosurətindən görünür ki, «Mitsubishi Airtrek» minik markalı **-BL-*** dövlət qeydiyyat nişanlı avtomaşın Cavabdeh2 adına qeydiyyata alınmışdır. İş materiallarında olan xx.xx.2022-ci il tarixli, İXP ******* saylı inzibati xəta haqqında protokoldan görünür ki, 18 iyun 2022-ci il tarixdə, təxminən saat 14 radələrində, Cavabdeh2 idarə etdiyi “Mitsubişi Airtrek” markalı, ** BL *** dövlət qeydiyyat nişanlı avtomaşınla Azərbaycan Respublikası İXM-nin 327.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətmişdir. İş materiallarında olan xx.xx.2022-ci il tarixli inzibati xəta haqqında protokol əsasında inzibati xəta haqqında qərara əsasən Cavabdeh2 Azərbaycan Respublikası İXM-nin 327.1-ci maddəsi ilə təqsirli bilinib 40 manat məbləğində cərimə edilmişdir. İş materiallarında olan Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Baş X5 İdarəsinin "xxxx" İxtisaslaşdırılmış Layihə İstehsalat İdarəsinin Atəşgah Sığorta Şirkətinə ünvanlandığı xx.xx.2022-ci il tarixli məktubda idarəyə dəymiş 7753 manat dəyərində maddi ziyanın ödənilməsi xahiş edilmişdir. İş materiallarında olan Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Baş X5 İdarəsinin "xxxx" İxtisaslaşdırılmış Layihə İstehsalat İdarəsinin rəisi M.Yusifov tərəfindən təsdiq edilmiş xx.xx.2022-ci il tarixli aktdan görünür ki, 18 iyun 2022-ci il tarixdə, təxminən saat 13 radələrində, Xaçmaz rayonu ərazisində, Köhnə Xaçmaz kənd yolu ilə rayonun Qımılqışlaq kəndinin yolayrıcında “QAZ” 2775 markalı, ** BH *** dövləıt qeydiyyat nişanlı avtomaşın yol-nəqliyyat hadisəsi törətmişdir və nəticədə ərazidə quraşdırılmış 1 ədəd A tipli işıqfor, 1 ədəd 222 tipli işıqfor, 1 ədəd taymer və 1 ədəd altlıq dəst tam yararsız vəziyyətə düşməklə idarəyə 7753 (yeddi min yeddi yüz əlli) manat dəyərində maddi ziyan dəymişdir. İş materialalrında olan Azərbaycan Respublikası DİN Baş X5 İdarəsi tərəfindən xx.xx.2021-ci il tarixdə tərtib edilmiş elektron qaimədən görünür ki, 1 ədəd A tipli i şıqfor 4660 manat, 1 ədəd 222 tipli işıqfor 1555.91 manat, 1 ədəd taymer 790 manat, 1 ədəd altlıq dəst 758.20 manat təşkil edir. İş materiallarında olan 11349 nömrəli, xx.xx.2023-cü il tarixli ödəniş tapşırığından görünür ki, "xxxx" ASC Azərbaycan Respublikası DİN-nin BDYP İdarəsinin Siqnal İxtisaslaşdırılmış Layihə İstehsalat İdarəsinin hesabına 5000 manat köçürülmüşdür. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1096-cı maddəsinə əsasən mülki hüquq pozuntusu (delikt) hüquqla və ya qanunla müdafiə edilən başqa şəxsə (zərərçəkənə) birbaşa ziyan və ya zərər vurulmasına gətirib çıxaran təqsirli, hüquqa zidd (mülki qanunvericiliyin normalarını pozan) əməldir (hərəkət və ya hərəkətsizlikdir). Delikt törətmiş şəxs mülki hüquq məsuliyyəti daşıyır. Həmin Məcəllənin 1097.1-ci maddəsinə görə, mülki hüquq pozuntusu (delikt) nəticəsində fiziki şəxsin şəxsiyyətinə və ya əmlakına vurulmuş zərərin, habelə hüquqi şəxsin əmlakına və işgüzar nüfuzuna vurulmuş zərərin əvəzi zərərvuran tərəfindən tam həcmdə ödənilməlidir. Qanunla zərərin əvəzini ödəmək vəzifəsi zərəri vurmayan şəxsin öhdəsinə qoyula bilər. Göründüyü kimi, iddia tələbinin hüquqi əsası kimi Mülki Məcəllənin 1096.1-ci və 1097.1-ci maddələrinin tətbiqi üçün aşağıdakı şərtlər mövcud olmalıdır: əməl (hərəkət və ya hərəkətsizlik), həmin əməlin hüquqazidd (qeyri-hüquqi) olması, şəxsiyyətə və ya əmlaka dəymiş zərər, əməl ilə zərər arasında uyğun səbəbli əlaqə və təqsir. Mülki hüquq pozuntusundan irəli gələn tələbin təmin edilməsi üçün sadalanan şərtlərin hər biri məhkəmə tərəfindən müəyyən edilməlidir. Həmin şərtlərdən biri aşkar edilmədiyi təqdirdə şəxsin delikt normaları çərçivəsində məsuliyyəti istisna edilir. Məhkəmə iclasında sübutların tədqiqi ilə müəyyən olundu ki, xx.xx.2022-ci il tarixdə təxminən 13:00 radələrində Xaçmaz rayonu ərazisində Köhnə Xaçmaz kənd yolu ilə Qımılqışlaq kəndinin yol kəsişməsində “QAZ 2775” markalı, ** BH *** dövlət qeydiyyat nişanlı avtomobil yol nəqliyyat hadisəsi törətmişdir. Nəticədə, ərazidə quraşdırılmış 1 ədəd A tipli işıqfor, 1 ədəd 222 tipli işıqfor, 1 ədəd taymer və 1 ədəd altlıq dəst tam yararsız vəziyyətə düşməklə idarəyə 7753 (yeddi min yeddi yüz əlli) manat dəyərində maddi ziyan dəymişdir. Sürücü Cavabdeh2 Azərbaycan Respublikası İXM-nın 327.1-cı maddəsi ilə təqsirli bilinib 40 manat məbləğində cərimə edilmə haqqında tənbeh növü tətbiq edilmişdir. Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Baş X5 İdarəsinin "xxxx" İxtisaslaşdırılmış Layihə İstehsalat İdarəsinin rəisi M.Yusifov tərəfindən təsdiq edilmiş xx.xx.2022-ci il tarixli akt əsasında ümumilikdə dəyən zərərin məbləği 7753 manat müəyyən edilmişdir. Məhkəmə hesab edir ki, qəza zamanı ərazidə quraşdırılmış 1 ədəd A tipli işıqfor, 1 ədəd 222 tipli işıqfor, 1 ədəd taymer və 1 ədəd altlıq dəst tam yararsız vəziyyətə düşməklə idarəyə dəymiş 7753 (yeddi min yeddi yüz əlli) manat dəyərində maddi ziyandan "xxxx" ASC tərəfindən ödənilmiş 5000 manat çıxılmalı və qalan 2753 manat Cavabdeh2 Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Baş X4 İdarəsinin "xxxx" İxtisaslaşdırılmış Layihə İstehsalat İdarəsinin xeyrinə tutulmalıdır. Məhkəmə həmçinin hesab edir ki, sığorta ödənişinin gecikdirildiyinə görə dəbbə pulunun tutulması hissəsində tələb əsassız olduğundan təmin edilməməlidir. Belə ki, ödəniş o halda gecikdirilmiş hesab edilə bilər ki, cavabdeh bunu qəsdən etsin, öhdəliyi icra etməkdən heç bir əsas olmadan imtina etsin. Lakin məhkəmə iclasında müəyyən edilmişdir ki, iddiaçı sığorta ödənişinin ödənilməsi ilə bağlı yalnız "xxxx" ASC-yə müraciət etmiş və sığorta şirkəti tərəfindən xx.xx.2023-cü il tarixdə ödəniş edilmiş, ödənilməmiş məbləğin Cavabdeh2 tutulması ilə bağlı 27 aprel 2023-cü il tarixdə məhkəməyə müraciət edilmiş və cavabdehin məlumatı yalnız məhkəmə prosesinin gedişində məlum olmuşdur. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 119.1ci maddəsinə görə, məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. “Dövlət rüsumu haqqında” Azərbaycan Respublikası Qanununa əsasən iddiaçı dövlət rüsumu ödəməkdən azad olunur. İddiaçı müəyyən olunmuş qaydada dövlət rüsumu ödəməkdən azad edilmişsə, dövlət rüsumu iddianın təmin edilmiş hissəsinə münasib olaraq cavabdehdən tutularaq dövlət büdcəsinə köçürülür. Məhkəmə hesab edir ki, iddiaçı dövlət rüsumu ödəməkdən azad edildiyindən, iddia təmin olunduğu hissədə dövlət rüsumu cavabdehdən tutularaq dövlət büdcəsinə köçürülməlidir. “Dövlət rüsumu haqqında” Azərbaycan Respublikası Qanununun 8.1.2-ci maddəsinə əsasən iddia qiyməti 1000 manatdan 10000 manatadək olduqda 30 manat+1000 manatdan yuxarı olan iddia qiymətinin 1% dövlət rüsumu ödənilməlidir. Məhkəmə hesab edir ki, iddiaçı dövlət rüsumu ödəməkdən azad edildiyindən və iddia qismən təmin edildiyindən 120 manat dövlət rüsumu cavabdehdən tutularaq dövlət büdcəsinə köçürülməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənn 76.1 və 76.2-ci maddəsinə əsasən tərəflərin tələb və etirazlarını əsaslandıran halların və işi düzgün həll etmək üçün əhəmiyyətli olan başqa halların mövcud olduğunu və ya olmadığını məhkəmə müəyyən edərkən həmin Məcəllədə və başqa qanunlarda müəyyən olunmuş qaydada əldə etdiyi məlumatlar sübutlar hesab olunur. Bu məlumatlar yazılı və maddi sübutlarla, ekspertlərin rəyləri ilə, yerində müayinə keçirməklə, səs və video yazıları ilə, şahidlərin ifadələri ilə, işdə iştirak edən şəxslərin izahatları ilə müəyyən edilir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 217.3-cü maddəsinə əsasən qətnamə iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. Qeyd olunan Məcəllənin 217.4-cü maddəsinə əsasən məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Nəticə hissəsi: Şərh olunanlara əsasən və Azərbaycan Respublikası MPM-nin 216-220-ci maddələrini rəhbər tutaraq məhkəmə QƏT ETDİ: İddia qismən təmin edilsin. Cavabdeh2 2753 (iki min yeddi yüz əlli üç) manat pul vəsaiti tutularaq iddiaçı Azərbaycan Respublikası DİN-nin BDYP İdarəsinin Siqnal İxtisaslaşdırılmış Layihə İstehsalat İdarəsinə ödənilsin. Cavabdeh2 dövlət nəfinə dövlət rüsumunun əvəzi kimi 47.53 (qırx yeddi manat, əlli üç qəpik) manat məbləğində pul tutulsun. İddia tələbi qalan hissədə təmin edilməsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Səbail Rayon Məhkəməsi (AZ-1003, Bakı şəhəri, M.Useynov küçəsi 5) vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə (Bakı şəhəri, Zahid Xəlilov küçəsi 540-cı məhəllə) (MPM-nin 361-363-cü maddələrinə və əlavə 2 uyğun olaraq) elektron qaydada apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Sədrlik edən: Şəhla Süleymanova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar