Məhkəmə qərarları › İş №2(009)-75/2023

Bakı Şəhəri Səbail Rayon Məhkəməsi Qətnamə — İş №2(009)-75/2023

04.04.2023 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Sığorta müqaviləsi üzrə mübahisələr - Sığorta ödənişinin ödənilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(009)-75/2023 04.04.2023 BAKI ŞƏHƏRİ SƏBAİL RAYON MƏHKƏMƏSİ Bakı şəhəri Səbail Rayon Məhkəməsinin hakimi Rəna Nazim qızı Qafarovanın sədrliyi, Məhkəmə iclas katibi Pərvin Kamandar oğlu Paşazadənin katibliyi, İddiaçının nümayəndəsi X1, Cavabdehin nümayəndəsi X3 iştirakları ilə, İddiaçı – cavabdeh "xxxx" ASC-yə (X10 müstəqil tələb irəli sürməyən üçüncü şəxs kimi işə cəlb edilən) qarşı «sığorta haqqının ödənilməsi» tələbinə dair iddiası üzrə mülki işə məhkəmənin binasında açıq məhkəmə iclasında baxaraq, Təsviri hissə: İddiaçı – cavabdeh "xxxx" ASC-yə qarşı «sığorta haqqının ödənilməsi» tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, ona məxsus ünvan 3 evin 105 saylı mənzilə dəymiş zərərin aradan qaldırılması üçün 1500 (bir min beş yüz) manat məbləğində sığorta ödənişinin, məhkəməyə müraciət üçün çəkdiyi 120 (bir yüz iyirmi) manat məbləğində xidmət haqqının və 36,20 (otuz altı manat iyirmi qəpik) manat məbləğində dövlət rüsumunun ödənilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddiaçı tələbi onunla əsaslandırmışdır ki, cavabdeh “Qala Sığorta’’ ASC ilə arasında 03 sentyabr 2021-ci il tarixdə MP-P-10716 saylı sığorta müqaviləsi bağlanılaraq Nəsimi rayonu, 2-ci Bulvar Məmmədyarov küçəsi, 9a saylı evin 105 saylı mənzili sığorta olunmuşdur. Uzun illərdir ki, mənzili “Qala Sığorta" ASC-də sığortalanır. Qeyd etmək istəyir ki, sığorta obyekti olan mənzilin mətbəxi, giriş hissəsi və hamamına üst mərtəbədə yerləşən mənzildə yaşayan şəxslər tərəfindən mütəmadi olaraq su tökülür. Mənzilin qeyd olunan hissələrindən istifadə etmək artıq imkansız hala çevrilmişdir. Evdə daimi nəmişlik yaranmışdır. Dəfələrlə tərəfindən yuxarı mərtəbədə yerləşən mənzildə yaşayan şəxslərə bu barədə bildirsək də məsələ öz həllini tapmamış, eyni qaydada davam etmişdir. Sonuncu dəfə 02 iyun 2022-ci il tarixdə mənzilin mətbəxində tavanın düz orta hissəsindən su axmağa başlamışdır. Sığorta Şirkəti tərəfindən ona dəymiş zərərin əvəzi olaraq 427,00 (dörd yüz iyirmi yeddi) manat məbləğində sığorta ödənişinin verilməsi qərara alınmışdır. Bu sığorta olunmuş əmlaka dəymiş zərərin məbləğindən qat-qat aşağıdır. Təklif olunan məbləğlə nəinki zərəri aradan qaldırmaq, heç ustaları evə dəvət etmək mümkün deyildir. Hazırda evdə 2 azyaşlı övladı ilə birlikdə yaşayırlar. Baş vermiş hadisəyə görə evdə yaranmış nəmişlik onların səhhətinə pis təsir edir. Dəymiş zərər sığorta şirkəti tərəfindən qısa müddət ərzində qaldırılmayacağı təqdirdə evdə yaşamaq imkansız olacaqdır. Tərəfindən bununla bağlı maliyyə bazarlarına nəzarət orqanına, Sığortaçıya müraciətlər etsə də dəymiş zərərin məbləği dəyişdirilməmişdir. Məhkəmə iclasında iştirak etmiş iddiaçının nümayəndəsi X4 iddia ərizəsinin məzmununa uyğun izahat verərək, iddia tələbini müdafiə etmiş və təmin olunması barədə qətnamə qəbul olunmasını xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən cavabdehin nümayəndəsi X5 iddia tələbini qismən qəbul edərək, ekspert rəyində göstərilən məbləğə etiraz etmədiyini bildirmişdir. Məhkəmə iş materiallarını araşdırıb, iddiaçının nümayəndəsinin, eləcə də cavabdehin nümayəndəsinin izahatlarını dinləyib belə hesab edir ki, iddia qismən təmin edilməlidir. Belə ki, iş materiallarında olan "xxxx" ASC ilə İddiaçı arasında bağlanmış xx.xx.2021ci il tarixli, MP-P 10716 nömrəli əmlak sığortası şəhadətnaməsindən görünür ki, ünvan 1 ünvanı "xxxx" ASC tərəfindən xx.xx.2024-cü il tarixədək sığortalanmışdır. İş materiallarında olan daşınmaz əmlaka dəymiş zərərə dair 04 iyul 2022-ci il tarixli ekspert rəyindən görünür ki, ünvan 1 ünvanına su basma nəticəsində dəymiş zərərin miqdarı ümumi 427 manat müəyyən edilmişdir. İş materiallarına əlavə edilmiş Azərbaycan Respublikası Mərkəzi Bankının İddiaçı ünvanladığı 25 iyul 2022-ci il tarixli məktubdan görünür ki, Azərbaycan Respublikasının Mərkəzi Bankına (Mərkəzi Bank) vətəndaş İddiaçı müraciəti daxil olmuşdur. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin (Mülki Məcəllə) 925.3-cü maddəsinə görə sığorta hadisəsi nəticəsində dəyən zərərin sığortaçı tərəfindən qiymətləndirilməsi, habelə miqdarı barədə tərəflər arasında razılıq əldə edilmədikdə zərərin miqdarının qiymətləndirilməsi “Sığorta fəaliyyəti haqqında” Azerbaycan Respublikası Qanununun 10.10-cu maddəsinin tələbi nəzərə alınmaqla, təyin olunan müstəqil ekspert tərəfindən aparılır. Mülki Məcəllənin 927.2-ci maddəsinə görə zərərin miqdarı barədə tərəflər arasında razılıq əldə edildikdən sonra əmlak sığortası üzrə sığorta ödənişi sığortaçının seçimi əsasında bu Mecellenin 927.4-cü maddəsi nəzərə alınmaqla, müəyyən edilmiş formalardan hər hansı birində heyata keçirilir (ödənilir). Göstərilənləri nəzərə alaraq, vətəndaşın ərizəsində qeyd edilən məsələnin tənzimlənməsi ilə əlaqədar əmlaka dəymiş zərərin miqdarı barədə əldə olunmuş razılığın, razılıq əldə olunmadığı təqdirdə isə müstəqil ekspertizanın keçirilməsi və keçirilmiş ekspertizanın nəticəsi barədə məlumatın 5 iş günü müddətində Mərkəzi Banka və müraciət edən vətəndaşa təqdim edilməsi xahiş olunur. İş materiallarında olan Qala Sığorta ASC-nin İddiaçı ünvanladığı xx.xx.2022-ci il tarixli məktubundan görünür ki, MP-P-10716/21 saylı "xxxx" şəhadətnaməsi üzrə Şirkətimizdə sığortalanmış ünvan 2 ünvanında yerləşən mənzilə su axması nəticəsində maddi zərərə məruz qalması barədə müraciətə baxılmışdır, "xxxx" ASC tərəfəindən təyin edilmiş zərər məbləği ilə razı olmadığı üçün“Sığorta fəaliyyəti haqqında” Azərbaycan Respublikası Qanununun 10.10-cu maddəsinin tələbi nəzərə alınmaqla qiymətləndirmə fəaliyyəti ilə məşğul olan fiziki şəxs müstəqil sığorta eksperti X9 tərəfindən qarşılıqlı razılıq əsasında zərər dəymiş mənzilə baxış keçirilmiş və mənzilə dəymiş zərərin 427 AZN (dörd yüz iyirmi yeddi) təşkil etdiyi müəyyən olunmuşdur. Müəyyən olunmuş zərər məbləği ilə bağlı münasibət bildirməyi xahiş edirik. Müəyyən olunmuş zərər məbləği ilə razı olduğunuz təqdirdə qanunvericiliyin tələblərinə uyğun olaraq sığorta hadisəsinin təsdiqi barədə tələb olunan müvafiq sənədlər əldə olunduqdan sonra sığorta ödənişi həyata keçiriləcəkdir. İş materiallarında olan Qala Sığorta ASC-nin İddiaçı ünvanladığı xx.xx.2022-ci il tarixli məktubundan görünür ki, "xxxx" ASC-yə daxil olmuş xx.xx.2022-ci il tarixli, 01.26-2- 2022-10357 saylı məktubunuza cavab olaraq aşağıdakıları diqqətə təqdim edirik. Cəmiyyətdə əmlak sığortası növü üzrə sığortalanmış İddiaçı məxsus Bakı şəhəri, Nəsimi rayonu, 2-ci Bulvar Məmmədyarov küçəsi, ev 9a, 105 saylı mənzilə yuxan mərtəbədə yerləşən mənzildən su axması nəticəsində zərər dəyməsi ilə bağlı Cəmiyyətimə məlumat daxil olmuşdur. Hadisə ilə əlaqədar qanunvericiliyə uyğun qaydada müxtəlif orqanlara sorğu göndərilmiş, sığorta araşdırılmasına, zərərin qiymətləndirilməsinə və müvafiq sənədlərin toplanılmasma başlanılmışdır. Sığorta araşdırması çərçivəsində əmlaka baxış keçirilərək dəymiş zərər qiymətləndirilmiş, bu barədə vətəndaşa məlumat verilmiş və dəymiş zərər məbləği ilə bağlı razılıq əldə edilmədiyinə görə müstəqil ekspert təyin olunmuşdur. Müstəqil ekspert tərəfindən dəymiş zərər 427,00 (dörd yüz iyirmi yeddi) manat məbləğində dəyərləndirilmişdir. Müstəqil ekspertin rəyi barədə vətəndaşa həm şifahi, həm də xx.xx.2022-ci il tarixli məktubla yazılı məlumat verilmişdir. Yekun olaraq vətəndaş müstəqil ekspertin müəyyən etdiyi zərər məbləği ilə də razılaşmamışdır. Yuxarıda qeyd edilənlərdən aydın olduğu kimi, qanunvericliklə nəzərdə tutulan bütün tələblər sığortaçı tərəfindən lazımi qaydada yerinə yetirilmişdir. Sığortalı razılaşdığı təqdirdə, Cəmiyyət müəyyən edilmiş zərər məbləğinin dərhal ödənilməsinə hazır olduğunu nəzərə çatdırılır. İş materiallarında olan hüquqi xidmətlərin göstərilməsi haqqında 18 avqust 2022-ci il tarixli müqavilədən görünür ki, “X8 Company” MMC ilə İddiaçı arasında müqavilə bağlanmışdır. İş materiallarında olan hüquqi xidmətlərin göstərilməsi haqqında 07 iyun 2022-ci il tarixli müqavilədən görünür ki, “X8 Company” MMC ilə X4 arasında müqavilə bağlanmışdır. Əsaslandırıcı hissə: Məhkəmə araşdırması zamanı müəyyən edilmişdir ki, cavabdeh “Qala Sığorta’’ ASC ilə arasında 03 sentyabr 2021-ci il tarixdə MP-P-10716 saylı sığorta müqaviləsi bağlanılaraq Nəsimi rayonu, 2-ci Bulvar Məmmədyarov küçəsi, 9a saylı evin 105 saylı mənzili sığorta olunmuşdur. Sığorta obyekti olan mənzilin mətbəx, dəhliz və sanitar qovşağında üst mərtəbədə yerləşən mənzildən su sızma nəticəsində zərər dəymişdir. Sığorta Şirkətinə müraciət olunmuş və müstəqil ekspert tərəfindən mənzilə ona dəymiş zərərin əvəzi 427,00 (dörd yüz iyirmi yeddi) manat məbləğində müəyyən edilmişdir. İddiaçı isə həmin məbləğlə razılaşmamış və iddia tələbi ilə məhkəməyə müraciət etmişdir. Məhkəmə iddia tələbinin “zərərin əvəzi olaraq 1500 manat məbləğində sığorta ödənişinin ödənilməsinə” aid hissəsinə münasibət bildirərək aşağıdakıları qeyd edir: Azərbaycan Respublikası Mülki Məcəlləsinin 922.1-ci maddəsinə əsasən, sığorta hadisəsi icbari sığorta qanunlarına və ya sığorta müqaviləsinə görə sığorta ödənişinin sığortalıya, sığorta olunana və ya digər faydalanan şəxslərə ödənilməsi üçün əsas olan, sığorta müqaviləsinin qüvvədə olduğu müddət ərzində baş verən hadisə və ya yaranan haldır. Həmin Məcəllənin 925.1-ci maddəsinə əsasən, sığorta hadisəsi nəticəsində dəymiş zərərin miqdarını sığortalının, sığorta olunanın və ya faydalanan şəxsin, yaxud onların nümayəndəsinin təqdim etdiyi sığorta tələbi əsasında mümkün olan ən qısa müddət ərzində sığortaçı müəyyən edir. Sığorta hadisəsi nəticəsində dəyən zərərin sığortaçı tərəfindən qiymətləndirilməsi, habelə miqdarı barədə tərəflər arasında razılıq əldə edilmədikdə zərərin miqdarının qiymətləndirilməsi “Sığorta fəaliyyəti haqqında” Azərbaycan Respublikası Qanununun 10.10-cu maddəsinin tələbi nəzərə alınmaqla, təyin olunan müstəqil ekspert tərəfindən aparılır. (MM 925.3.) Həmin Məcəllənin 926.1-ci maddəsinə əsasən, sığorta ödənişi sığorta hadisəsi baş verdikdə icbari sığorta qanunlarına və ya sığorta müqaviləsinə uyğun olaraq sığortaçı tərəfindən ödənilən maliyyə kompensasiyasıdır. İcbari sığortalar haqqında Azərbaycan Respublikası Qanununun 13.1-ci bəndinə əsasən, icbari sığorta növlərində sığorta hadisəsi müvafiq icbari sığorta müqaviləsində göstərilmiş əmlakın istismarı və ya fəaliyyətin həyata keçirilməsi nəticəsində sığorta olunana və ya üçüncü şəxsə dəyən zərərin əvəzinin ödənilməsi üçün əsas olan, həmin müqavilənin qüvvədə olduğu müddət ərzində baş verən, bu Qanunun Xüsusi bölməsində nəzərdə tutulmuş hadisələr və hallardır. Əmlak sığortası şəhadətnaməsinin 4-cü bəndinə əsasən, yanğın, partlayış, ildırım vurması, buxar qazanlarının, qaz anbarlarının, qaz kəmərlərinin, maşınların, aparatların və digər oxşar qurğuların və ya cihazların partlayışı, elektrik naqillərində baş verən qısa qapanma, su, istilik, kanalizasiya kəmərlərinin və yanğınsöndürmə sistemlərinin qəzası, habelə qonşu tikililərdən, yaşayış və qeyri yaşayış sahələrindən, yaşayış evlərindən və binalarından, mənzillərdən, otaqlardan, daxil olan su nəticəsində subasma, hər hansı predmetin və ya onun hissələrinin düşməsi, atılması, dəyməsi, dağılması, axıdılması və digər bu kimi formalarda təsiri, yerüstü nəqliyyat vasitəsinin dəyməsi, təbii fəlakətlərzəlzələ, vulkan, fırtına, qasırğa, tufan, dolu, sel, daşqın, leysan, yer sürüşməsi, üçüncü şəxslərin hərəkətləri, məişətdə və istehsalatda istifadə olunan qazın partlayışı sığorta risklərinə aiddir. Göstərilən qanunvericilik aktı normalarının tələbindən də görünür ki, sığorta hadisəsi baş verdiyi halda (dəymiş zərər müəyyən edilməklə) sığortaçı tərəfindən sığorta ödənişinin zərərçəkmiş şəxsə, eləcə də faydalanan şəxsə verilməsi nəzərdə tutulmuşdur. Məhkəmə qeyd edir ki, yuxarıda qeyd edilən İddiaçı mülkiyyətində olan "xxxx" ASCdə sığortalanmış ünvan 3 evin 105 saylı mənzilin mətbəx, dəhliz və sanitar qovşağına üst mərtəbədə yerləşən mənzildən suyun sızması nəticəsində zərər dəyməsi işin mübahisəsiz halıdır. Mübahisə doğuran hal dəymiş zərərin dəyəri ilə bağlıdır ki, məhkəmə ünvan 3 evin 105 saylı ünvanında yerləşən mənzilə dəymiş zərərlə bağlı mübahisənin obyektiv həlli baxımından Bakı şəhəri Səbail Rayon Məhkəməsinin xx.xx.2022-ci il tarixli, 2(009)- 1977/2022 saylı qərardadı ilə məhkəmə tikinti-texniki ekspertizası təyin etmişdir. Məhkəməyə təqdim edilmiş Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertiza Mərkəzinin 10/6758 saylı, xx.xx.2023-cü il tarixli rəyindən görünür ki, Bakı şəhəri, Nəsimi rayonu, 2-ci Bulvar Məmmədyarov küçəsi, ev 9a ünvanında yerləşən 105 mənzilə su axıdılması nəticəsində həmin mənzilin mətbəx, dəhliz və sanitar qovşağında zərər dəydiyi müəyyən olunur. Lakin, tədqiq olunan mənzilin üst mərtbəsində yerləşən mənzilə baxış keçirilməsi mümkün olmadığından su sızıntısının texniki səbəbinin müəyyən edilməsi mümükün olmamışdır. Bakı şəhəri, Nəsimi rayonu, 2-ci Bulvar Məmmədyarov küçəsi, ev 9a ünvanında yerləşən 105 mənzilə su sızması nəticəsində yaranan qüsurların aradan qaldırılması üçün aparılmalı təmir-tikinti işlərinin hazırda mövcud olan bazar qiymətlərinə uyğun olaraq dəyəri təqribən 780 manat məbləğində müəyyən olunur. Məhkəmə, Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertiza Mərkəzinin 10/6758 saylı, xx.xx.2023-cü il tarixli rəyini mötəbər sübut hesab edir və onunla razılaşır. Belə ki, rəylə razılaşmamaq üçün heç bir əsas müəyyən edilməmişdir. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 103.1-ci maddəsinə əsasən, ekspertin rəyi məhkəmə üçün məcburi deyildir və bu Məcəllənin 88-ci maddəsinədə müəyyən edilmiş qaydalar üzrə məhkəmələr tərəfindən qiymətləndirilir. Həmin Məcəllənin 206.1-ci maddəsinə əsasən, ekspertin rəyi məhkəmə iclasında tədqiq edilir və digər sübutlarla birgə qiymətləndirilir və onun məhkəmə üçün qabaqcadan heç bir qüvvəsi yoxdur. İddiaçı cavabdehdən dəymiş zərərin əvəzi olaraq 1500 manat tutulmasını tələb etsə də, məhkəmə dəymiş zərərin həcmini ekspert rəyində göstərilən həcmdə müəyyən edilməsini məqsədə müvafiq hesab edir. Göstərilənlərə əsasən məhkəmə belə nəticəyə gəlir ki, 780 (yeddi yüz səksən) manat məbləğində sığorta ödənişi cavabdehdən tutularaq iddiaçının xeyrinə ödənilməlidir. Azərbaycan Respublikasının MPM-nın 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. İşə əlavə edilmiş sənədlərdən görünür ki, məhkəmə xərcləri iddiaçı tərəfindən ödənilmiş 36.20 (otuz altı manat iyirmi qəpik) AZN dövlət rüsumundan həmçinin iddiaçı tərəfindən “X8 Company” MMC-yə ödənilmiş 120 (bir yüz iyirmi) manat hüquqi xidmət haqqından və iş üzrə təyin edilmiş ekspertiza tədqiqatının dəyəri olan 50 (əlli) manat məsrəflərdən ibarətdir. Hazırkı iş üzrə çəkilmiş məhkəmə xərcləri Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 119.1-ci maddəsi ilə müəyyən edilmiş qaydada ödənilmiş iddia tələbinin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilməli olduğundan, iddia tələbi isə qismən təmin olduğundan hazırkı iddianın qaldırılması ilə əlaqədar iddiaçı tərəfindən dövlət büdcəsinə ödənilmiş 36.20 (otuz altı manat iyirmi qəpik) manat dövlət rüsumunun 20 (iyirmi) manat hissəsi cavabdehdən tutularaq iddiaçıya ödənilməli, 16.20 (on altı manat iyirmi qəpik) manat hissəsi isə iddiaçıya aid edilməlidir. İş üzrə aparılmış ekspertiza tədqiqatının dəyəri olan 50 (əlli) manatın 25 (iyirmi beş) manat hissəsi cavabdehdən, 25 (iyirmi beş) manat hissəsi isə iddiaçıdan tutularaq Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertiza Mərkəzinin hesabına köçürülməlidir. Mülki Prosessual Məcəllənin 121.1-ci maddəsinə əsasən, məhkəmə nümayəndənin və ya vəkilin göstərdiyi yardıma görə xərclərin, konkret hallar və çıxış üçün təqdim olunmuş hesab nəzərə alınmaqla, digər tərəfdən ağlabatan məbləğdə alınıb xeyrinə qətnamə çıxarılan tərəfə verilməsini qərara alır. Məhkəmə hesab edir ki, İddiaçı tərəfindən “X8 Company” MMC hüquqi xidmət haqqı kimi ödənilmiş 120 (bir yüz iyirmi) manatın, 60 (altmış) manat hissəsi, yəni ağlabatan məbləğ cavabdehdən tutularaq İddiaçı ödənilməli, 60 (altmış) manat hissəsi isə iddiaçıya aid edilməlidir. Beləliklə, məhkəmə iş üzrə toplanmış və tədqiq olunmuş sübutlara obyektiv, qərəzsiz və məcmu halda hüquqi qiymət verərək hesab edir ki, iddia qismən təmin edilməli, 780 (yeddi yüz səksən) manat məbləğində sığorta ödənişi, iddiaçı tərəfindən dövlət büdcəsinə ödənilmiş 36.20 (otuz altı manat iyirmi qəpik) manat dövlət rüsumunun 20 (iyirmi) manat hissəsi və hüquqi yardım üçün ödənilmiş xidmət haqqının 60 (altmış) manat hissəsi cavabdeh "xxxx" ASC-dən tutularaq İddiaçı ödənilməli, dövlət rüsumunun 16.20 (on altı manat iyirmi qəpik) manat hissəsi və hüquqi yardımın 60 (altmış) hissəsi iddiaçıya aid edilməli, iş üzrə aparılmış ekspertiza tədqiqatının dəyəri olan 50 (əlli) manatın 25 (iyirmi beş) manat hissəsi cavabdehdən, 25 (iyirmi beş) manat hissəsi isə iddiaçıdan tutularaq Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertiza Mərkəzinin hesabına köçürülməlidir. İddia qalan hissədə təmin edilməməlidir. Məhkəmə qeyd edir ki, Azərbaycan Respublikası MPM-in 14.2, 77.1, 88 və 217.4-cü maddələrinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. Məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Nəticə: Göstərilənləri nəzərə alaraq və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 119, 216-220 və 360-cı maddələrini rəhbər tutaraq məhkəmə QƏT ETDİ: İddia qismən təmin edilsin. 780 (yeddi yüz səksən) manat məbləğində sığorta ödənişi, iddiaçı tərəfindən dövlət büdcəsinə ödənilmiş 36.20 (otuz altı manat iyirmi qəpik) manat dövlət rüsumunun 20 (iyirmi) manat hissəsi və hüquqi yardım üçün ödənilmiş xidmət haqqının 60 (altmış) manat hissəsi cavabdeh "xxxx" ASC-dən tutularaq İddiaçı ödənilsin. İddia qalan hissədə təmin edilməsin. İş üzrə aparılmış ekspertiza tədqiqatının dəyəri olan 50 (əlli) manatın 25 (iyirmi beş) manat hissəsi cavabdeh "xxxx" ASC-dən, 25 (iyirmi beş) manat hissəsi isə İddiaçı tutularaq Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertiza Mərkəzinin hesabına (hesab: Az.MEM VÖEN ********** Hesab: AZ34CTRE********************; X2 VÖEN ********** Kod: 210005 Müxbir hesabı AZ41NABZ013601**********3944, hesab, S.W.İ.F.T. BİK:CTREAZ22) köçürülsün. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı şəhəri Səbail Rayon Məhkəməsi vasitəsilə (elektron kabinet vasitəsilə) Bakı Apellyasiya Məhkəməsinin mülki kollegiyasına apellyasiya şikayəti verilə bilər. Sədrlik edən: Rəna Qafarova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar