Məhkəmə qərarları › İş №2(009)-791/2023

Bakı Şəhəri Səbail Rayon Məhkəməsi Qətnamə — İş №2(009)-791/2023

03.05.2023 · Ailə münasibətləri üzrə mübahisələr - Alimentin təyin edilməsi tələbi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(009)-791/2023 03.05.2023 BAKI ŞƏHƏRİ SƏBAİL RAYON MƏHKƏMƏSİ Hakim Bağırova Mədinə Ağacavad qızının sədrliyi, Rüstəmova Çinarə Mübariz qızının katibliyi, İddiaçı, Cavabdeh iştirakı ilə, İddiaçı Cavabdeh qarşı alimentin məbləğinin alınma üsulunun dəyişdirilməsi və sabit pul məbləğində tutulması tələbinə dair iddiası üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı Cavabdeh qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh Xaçmaz rayon Məhkəməsinin xx.xx.2022-ci il tarixli 2(067)-2385/2022 saylı qətnaməsi ilə müəyyən edilmiş alimentin alınma üsulu dəyişdirilərək, Cavabdeh birgə nikahlarından olan xx.xx.2008-ci il təvəllüdlü Həsənin, xx.xx.2010-cu il təvəllüdlü Rəşidənin və xx.xx.2012-ci il təvəllüdlü Yusifin yetkinlik yaşına çatana qədər saxlanılması üçün hər ay uşaq üçün 250 manat olmaqla, cəmi 750 manat sabit pul məbləğində aliment, habelə mediasiya prosesində ödədiyi 50 manat pul tutularaq ona ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddiaçı iddia tələbini belə əsaslandırmışdır ki, o, Cavabdeh ilə xx.xx.2004-cü ildə Xaçmaz rayon Qeydiyyat şöbəsində nikahlarını rəsmiləşdirməklə ailə qurmuşlar. Birgə nikahlarından üç uşaqları anadan olmuşdur: xx.xx.2008-ci ildə Həsən, xx.xx.2010-cu ildə Rəşidə və xx.xx.2012-ci ildə Yusif. Xaçmaz rayon Məhkəməsinin xx.xx.2022-ci il tarixli 2(067)-2385/2022 saylı qətnaməsinə əsasən Cavabdeh birgə nikahdan olan uşaqlarının saxlanılması üçün 01 iyul 2022-ci il tarixdən başlayaraq hər ay qazancının və başqa gəlirlərinin 1/2 hissəsi miqdarında aliment alınaraq ona verilməsi qət edilmişdir. Xaçmaz rayon məhkəməsində mülki işə baxılan zaman cavabdehin rəsmi iş yeri mövcud idi və o stabil aylıq məvacib alırdı. Hal-hazırda cavabdehin iş yeri yoxdur və alimentin ödənilməsində problemlər yaranıb. Buna görə də, onun ona 1600 manat aliment borcu yığılıb. Bu formada davam etsə, aliment borcu hər ay artacaq. Bununla da, qətnamənin icra etmək mümkün olmayacaq və uşaqların qanunla qorunan hüquqları pozulacaqdır. Özü Xaçmaz şəhərində yaşayıb və orta məktəblərin birində müəllimə işləyir. Aylıq gəliri yalnız əmək haqqından ibarətdir. Ərzaqların və digər malların qiyməti günü-gündən artır. 3 uşağı təkbaşına böyütmək çox çətindir. Başqa heç bir köməyi yoxdur. Aylıq maaşı ilə yalnız kommunal xərcləri və cüzi miqdarda ərzaqların xərclərini qarşılaya bilər. Uşaqları isə böyüyür və onların tələbatları da artır. Məhkəmə iclasında İddiaçı iddia tələbini müdafiə edərək bildirmişdir ki, uşaqları halhazırda böyüyüb, maddi tələbatları artıb, o isə çatdıra bilmir, özü isə müəllimə işləyir, eləcə də uşaqları hazırlıqlara gedirlər, onların hazırlıq pullarını verə bilmir. Əvvəl cavabdehin iş yeri var idi, alimenti vaxtı-vaxtında ödəyirdi, yəni ona cavabdeh 800 manat əvəzinə, 600 manat məbləğində pul ödəyirdi. Cavabdehin ona hazırda 1600 manat məbləgində borcu vardır. Ona məlumdur ki, cavabdeh işləməsə də, onun obyektləri var və aliment sabit pul məbləğində müəyyən edilərsə, həmin pulu cavabdeh ödəmək iqtidarındadır. Ona görə də, cavabdehin rəsmi iş yeri olmadığı üçün ondan uşaqların saxlanılması üçün sabit pul məbləğində aliment tutulmasını xahiş etmişdir. Məhkəmə iclasında Cavabdeh iddianı qismən qəbul edərək bildirmişdir ki, o hər ay uşaqların saxlanılması üçün 400 manat məbləğində aliment ödəməyə razıdır. Əvvəl işləyirdi və hər ay alimenti ödəyirdi, sonra iddiaçı onun iş yerinə şikayət etdiyinə görə onu işdən çıxartdılar. Hazırda isə onun 400 manat məbləğində pul ödəməyə imkanı çatır. Məhkəmə tərəflərin izahatını dinləyib, iş materiallarını araşdıraraq hesab edir ki, iddia tələbi qismən təmin edilməlidir. Belə ki, mülki iş materiallarına əlavə edilmiş AZ-İİ 207085 nömrəli, 24 dekabr 2008ci il tarixli, AZ-T 061162 nömrəli, 19 aprel 2018-ci il tarixli və AZ-İİ 871262 nömrəli, 11 aprel 2012-ci il tarixli doğum haqqında şəhadətnamələrin surətindən görünür ki, tərəflərin birgə nikahlarından üç uşaqları var: xx.xx.2008-ci il təvəllüdlü X6, xx.xx.2010-cü il təvəllüdlü X4 və xx.xx.2012-ci il təvəllüdlü X7. İş materiallarında olan AZE ******** nömrəli şəxsiyyət vəsiqəsinin surətindən görünür ki, X5, xx.xx.1982-ci ildə Gürcüstan Respublikası, Marneuli şəhərində anadan olmuş, ünvan 1 ünvanında qeydiyyatdadır. İş materiallarında olan AZE ******** nömrəli şəxsiyyət vəsiqəsinin surətindən görünür ki, Cavabdeh, xx.xx.1983-cü ildə ünvan 2 ünvanında qeydiyyatdadır. Təqdim olunmuş Xaçmaz rayon Məhkəməsinin xx.xx.2022-ci il tarixli, 2(067)- 2385/2022 saylı qətnaməsindən görünür ki, xx.xx.2008-ci il təvəllüdlü X2, xx.xx.2010-cü il təvəllüdlü X1 və xx.xx.2012-ci il təvəllüdlü X3 yetkinlik yaşına çatanadək saxlanılması üçün 01 iyun 2022-ci ildən başlayaraq Cavabdeh hər ay qazancının və başqa gəlirlərinin 1/2 hissəsi miqdarında aliment alınaraq İddiaçı verilməsi qət edilmişdir. Azərbaycan Respublikası Konstitusiyasının 17-ci maddəsinin 2-ci hissəsinə əsasən uşaqların qayğısına qalmaq və onları tərbiyə etmək valideynlərin borcudur. Bu borcun yerinə yetirilməsinə dövlət nəzarət edir. Azərbaycan Respublikası Ailə Məcəlləsinin 78-ci maddəsində uşaqların saxlanması üçün alimentin sabit pul məbləğində tutulmasının əsasları müəyyən edilmiş və göstərilmişdir ki, sabit pul məbləğinin miqdarı məhkəmə tərəfindən tərəflərin maddi və ailə vəziyyəti, diqqətəlayiq olan digər hallar nəzərə alınmaqla uşağın əvvəlki təminatının səviyyəsinin mümkün qədər maksimal saxlanması əsas tutularaq müəyyən edilir. Azərbaycan Respublikası Ailə Məcəlləsinin 112.1-ci maddəsinə əsasən aliment ödənilməsi barədə saziş olmadıqda, məhkəmə tərəfindən alimentin miqdarı müəyyən olunduqdan sonra, tərəflərdən birinin ailə və maddi vəziyyətində dəyişiklik olmuşsa, məhkəmə tərəflərdən istənilən birinin tələbi ilə alimentin müəyyən olunmuş miqdarını dəyişə bilər. Məhkəmə iclasında müəyyən edildi ki, tərəflərin yetkinlik yaşına çatmayan uşaqları xx.xx.2008-ci il təvəllüdlü X6, xx.xx.2010-cü il təvəllüdlü X4 və xx.xx.2012-ci il təvəllüdlü X7 iddiaçının himayəsindədir və uşaqların saxlanması üçün artan tələbat Xaçmazl rayon Məhkəməsinin xx.xx.2022-ci il tarixli qətnaməsi ilə müəyyənləşdirilən aliment məbləği ilə ödənilə bilmir. Eyni zamanda, “Azərbaycan Respublikasında 2023-cü il üçün yaşayış minimumu haqqında” xx.xx.2023-cü il tarixli Qanunla 2023-cü il üçün yaşayış minimumunun uşaqlar üçün 220 manat müəyyən edildiyini də əsas götürərək, məhkəmə, uşaqların təminatının səviyyəsinin mümkün qədər maksimal saxlanılması üçün iddia tələbinin qismən təmin edilməsini, cavabdehdən tutulan alimentin müəyyən olunmuş miqdarının dəyişdirilməsini zəruri hesab edir. Qeyd olunanlara əsasən, uşaqların saxlanılması üçün zəruri olan maddi təminatın yarısının da iddiaçının vəzifəsi olduğunu, tərəflərin maddi vəziyyəti, diqqətəlayiq olan digər maraqları, habelə uşaqlaın təminat səviyyəsinin mümkün qədər maksimal saxlanması və yuxarıda göstərilən digər halları nəzərə alaraq, məhkəmə uşaqların saxlanılması üçün iddiaçının xeyrinə tutulan aliment məbləğinin hər uşaq üçün 220 manat sabit pul məbləğində müəyyən olunmasını ədalətli hesab edir. Bu qənaətə gələrkən məhkəmə, habelə uşaq hüquqlarının həyata keçirilməsi, uşaqların yüksək mənəviyyatlı, hərtərəfli şəxsiyyət kimi formalaşmasına şərait yaradılmasının Azərbaycan Respublikasının dövlət siyasətinin üstün istiqamətlərindən biri olmasını nəzərə almışdır. Məhkəmə iddia tələbinin “ümumilikdə 50 (əlli) manat rüsum xərcinin cavabdehdən tutularaq ona ödənilməsi” hissəsinə münasibət bildirərək qeyd edir ki, iş materiallarına əlavə edilmiş “ilkin mediasiya sessiyasında iştirak edilməməsi barədə” xx.xx.2023-cü il tarixli arayışdan görünür ki, iddiaçı tərəfindən mediasiya prosesinin keçirilməsi ilə bağlı 50 (əlli) manat xidmət haqqı ödənilmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 107-ci maddəsinə əsasən, məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir. Həmin Məcəllənin 115.0.9-cu maddəsinə əsasən, məhkəmə tərəfindən zəruri hesab edilən digər xərclər işə baxılması ilə əlaqədar məsrəflərə daxildir. Azərbaycan Respublikası MPM-nin 119.1-ci maddəsinə əsasən, məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Məhkəmə sadalanmış normaları hazırki iş üzrə tətbiq edərək belə qənaətə gəlir ki, xidmət haqqı olaraq ödənilmiş 50 (əlli) manat məbləğində pul cavabdehdən tutularaq iddiaçıya ödənilməlidir. Beləliklə, məhkəmə mülki iş üzrə araşdırılmış sübutlara məcmu halda hüquqi qiymət verərək hesab edir ki, iddia qismən təmin edilməli, Xaçmaz Rayon Məhkəməsinin xx.xx.2022ci il tarixli, 2(067)-2385/2022 saylı qətnaməsi ilə müəyyən edilmiş alimentin alınma üsulu dəyişdirilərək, Cavabdeh 02 oktyabr 2008-ci il təvəllüdlü X2, 02 fevral 2010-cu il təvəllüdlü X1 və 13 mart 2012-ci il təvəllüdlü X3 yetkinlik yaşına çatanadək saxlanılmaları üçün hər ay, hər uşaq üçün 220 (iki yüz iyirmi) manat sabit pul məbləğində aliment, mediasiya prosesində ödənilmiş 50 (əlli) manat rüsum tutularaq İddiaçı ödənilməlidir. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia qismən təmin edilsin. Xaçmaz Rayon Məhkəməsinin xx.xx.2022-ci il tarixli, 2(067)-2385/2022 saylı qətnaməsi ilə müəyyən edilmiş alimentin alınma üsulu dəyişdirilərək, Cavabdeh 02 oktyabr 2008-ci il təvəllüdlü X2, 02 fevral 2010-cu il təvəllüdlü X1 və 13 mart 2012-ci il təvəllüdlü X3 yetkinlik yaşına çatanadək saxlanılmaları üçün hər ay, hər uşaq üçün 220 (iki yüz iyirmi) manat sabit pul məbləğində aliment, mediasiya prosesində ödənilmiş 50 (əlli) manat rüsum tutularaq İddiaçı ödənilsin. Qalan hissədə iddia təmin edilməsin Alimentin yeni qaydada tutulması hazırki qətnamənin qanuni qüvvəyə mindiyi tarixdən hesablansın. Qətnamədən onun tərəflərə rəsmi qaydada təqdim edildiyi gündən 1 (bir) ay müddətində Bakı Şəhəri Səbail Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Hakim Mədinə Bağırova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar