Məhkəmə qərarları › İş №2(009)-795/2021

Bakı Şəhəri Səbail Rayon Məhkəməsi Qətnamə — İş №2(009)-795/2021

25.05.2021 · Əmək mübahisələri - Əmək haqqı tələbi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(009)-795/2021 25.05.2021 BAKI ŞƏHƏRİ SƏBAİL RAYON MƏHKƏMƏSİ Bakı şəhəri Səbail Rayon Məhkəməsinin hakimi Rəna Nazim qızı Qafarovanın sədrliyi, Məhkəmə iclas katibi Pərvin Kamandar oğlu Paşazadənin katibliyi, İddiaçı və cavabdeh “X2” MMC-nin nümayəndəsi Vəkil iştirakları ilə, İddiaçı cavabdeh “X2” MMC-yə qarşı «pul» tələbinə dair iddiası üzrə mülki işə məhkəmənin binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İddiaçı cavabdeh “X2” MMC-yə qarşı «pul» tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, 2019-cu il üçün ödənilməmiş əmək haqqı məbləği olaraq 15657,66 manat, həmin gecikdirilən əmək haqqı üzrə 95697,64 manat ödəncin, ümumilikdə isə 111355,30 manat məbləğində vəsaitin cavabdeh "X2" Məhdud Məsuliyyətli Cəmiyyətindən onun xeyrinə tutulması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddiaçı iddia ərizəsini onunla əsaslandırılmışdır ki, o, 26.08.2006-cı il tarixli, 10K nömrəli əmrlə “X2” Məhdud Məsuliyyətli Cəmiyyətinin müştərilərə mühasibat xidməti departamentinin rəisi vəzifəsinə işə qəbul olunmuşdur. 02.03.2020-ci il tarixli, 06 nömrəli əmrə əsasən onun xahişi ilə əmək müqaviləsinə xitam verilməklə tutduğu vəzifədən azad edilmişdir. Onun əmək haqqı 2019-cu ilin yanvar ayında 1948,62 manat, fevral ayında 4087,86 manat hesablanmış, 01 mart tarixindən sonra isə aylıq vəzifə maaşı 2766,35 manat və audit yoxlaması aparılmasında iştiraka görə hesablanmış əlavələrdən ibarət olmuşdur. 2018-ci ilədək MMC tərəfindən əmək haqqı normal qaydada ödənilsə də, 2018ci ilin sonlarında əmək haqlarının ödənilməsi naməlum səbəblərdən qismən həyata keçirilməklə davam etmiş, 2019-cu ilin əmək haqqının ödənilməsinə 2019-cu ilin aprel ayında başlanmışdır. MMC-nin rəhbərliyi bununla bağlı müraciətinə əvvəlcə ona əmək haqqı üzrə borcun olmadığını bildirmiş, o, borcun olduğunu sübut edəndə isə müxtəlif bəhanələr gətirməklə ödəməkdən boyun qaçırmışdır. Bu minvalla 2019-cu il üzrə əmək haqları ona qismən ödənilmişdir. 02.03.2020-ci il tarixli, 06 nömrəli əmrə əsasən onun xahişi ilə əmək müqaviləsinə xitam verildikdən sonra MMC rəhbərliyi mənə olan əmək haqqı borcunu yavaş-yavaş ödəyəcəyini bildirmiş, lakin sonralar çoxsaylı müraciətlərinə baxmayaraq əmək haqqı üzrə borc məbləğindən ona heç bir vəsait ödənilməmişdir. 2019cu il üzrə ödənilməmiş əmək haqqı qalığının ödənilməsi və həmin il üzrə gecikdirilmiş əmək haqqına görə müvafiq ödəncin verilməsi ilə bağlı MMC rəhbərliyinə ərizə ilə müraciət etsə də, heç bir nəticəsi olmamışdır. Ona görə də məhkəməyə müraciət etmək məcburiyyətindədir. 2019-cu il üzrə ödənilməmiş əmək haqqı məbləği və həmin gecikdirilmiş əmək haqqına görə ödənc məbləğini hesablasa, ödənilməyən əmək haqqı 15657,66 manat, əmək haqqının gecikdirilməsinə görə ödənc 95697,64 manat təşkil edir. Göründüyü kimi, bu kifayət qədər böyük vəsaitdir və o, bu vəsaiti almaq hüququna malikdir. Məhkəmə iclasında İddiaçı iddia ərizəsinin məzmununa uyğun izahat verərək, iddia tələbinin təmin olunması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Məhkəmə iclasında cavabdeh “X2” MMC-nin nümayəndəsi Vəkil iddia tələbinə etiraz təqdim edərək göstərmişdir ki, iddia ərizəsindən göründüyü kimi, iddiaçının tələbi 2019-cu il üçün ona ödənilməmiş əmək haqqından və gecikdirilən əmək haqqı üzrə ödəncdən ibarətdir. İddiaçı bildirir ki, guya 2019-cu ilin 01 mart tarixindən sonra onun aylıq vəzifə maaşı 2766,35 manat və audit yoxlaması aparılmasında iştiraka görə hesablanmış əlavələrdən ibarət olmuşdur. Halbuki, iddiaçının məhkəməyə təqdim etdiyi 26 avqust 2006-cı il tarixli, 10K nömrəli əmrlə o, aylıq maaşı ştat cədvəlinə uyğun olaraq departament rəisi təyin edilmişdir. 2006-cı il üçün təsdiq edilmiş ştat cədvəlinə əsasən, departament rəisinin əmək haqqısı 90 manat müəyyən edilmişdir. Daha sonra əmək müqaviləsinə dəyişiklik edilərək 24.09.2014-cü il tarixdən 500 manat, 23.02.2017-ci il tarixdən isə 577 manat təşkil etmişdir. Göründüyü kimi, iddiaçının istinad etdiyi hallar öz təsdiqini tapmır, iddiaçı öz tələbinin əsası kimi istinad etdiyi halları, yəni iddia etdiyi kimi, əmək haqqının 2019-cu ilin yanvar ayında 1948,62 manat, fevral ayında 4087,86 manat, 01 mart tarixindən isə 2766,35 manat olduğunu sübut etmək üçün məhkəməyə heç bir mötəbər sübut təqdim etməmişdir. Əksinə, iddiaçı ilə cavabdeh arasında bağlanmış əmək müqaviləsinə əsasən iddiaçının əmək haqqısı 23.02.2017-ci il tarixdən 577 manat, müəyyən edilmiş və cavabdeh 2019-cu il üçün iddiaçının əmək haqqını tam şəkildə ödəmişdir. Digər tərəfdən qeyd etməyi zəruri hesab edirlər ki, iddiaçı işlədiyi dövr ərzində əmək müqaviləsi ilə müəyyən edilmiş əmək funksiyalarını vaxtında, keyfiyyətlə və lazımınca icra etməmişdir. Belə ki, layihələr üzrə audit proqramlarının tərtib olunmadığı və bir çox audit sübutlarının toplanmadan auditor rəyinin tərtib olunduğu, həmçinin auditin X1 uyğun olaraq aparılmadığı aşkar edilmişdir. Bir sıra sifarişlərin icrası zamanı onun tərəfindən işlər keyfiyyətsiz yerinə yetirilmiş və nəticədə eyni işlərin yerinə yetirilməsi şirkətin digər əməkdaşları tərəfindən təmin edilmişdir. 2019-cu ilin may-iyun aylarında Böyük Britaniyanın “AA+B” şirkəti üçün yerinə yetirilmiş məsləhət xidməti üzrə xidmət haqqı işin aşağı keyfiyyətli olması səbəbindən iki dəfə azaldılmışdır. 2019-cu ilin fevral ayına qədər olan dövr üzrə İddiaçı əmək fəaliyyəti qeyri-qənaətbəxş hesab edilmiş və bu məsələ şirkətin əməkdaşlarının 01 fevral tarixli yığıncağında müzakirə edilmiş, bu barədə ona və digər işçilərə 13 fevral 2019-cu ildə yazılı xəbərdarlıq memorandumu göndərilmişdir. İddiaçı sistematik olaraq öz qeyri-peşəkar fəaliyyəti və keyfiyyətsiz xidməti nəticəsində şirkətin müştərilərini yayındırmışdır. Bu məqsədlə əmək müqaviləsinə 02.03.2020-ci il tarixli, 06 saylı əmrə əsasən xitam verildikdən 5 ay sonra iddiaçı ilə cavabdeh arasında yenidən 08 sentyabr 2020-ci il tarixli əmək müqaviləsi bağlanmış və həmin əmək müqaviləsinin 3.1-ci bəndinə əsasən, iddiaçı əvvəlki dövrlərdə yerinə yetirilmiş və ya davam edən tapşırıqlar üzrə hesabat və fayllarının hazırlanmasının başa çatdırılmasını öhdəsinə götürmüşdür. Göstərilənləri nəzərə alaraq İddiaçı cavabdeh “X2” MMC-yə qarşı «pul» tələbinə dair iddia tələbinin təmin edilməməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Məhkəmə işdə iştirak edən tərəflərin izahatlarını dinləyib, iş materiallarını araşdırıb hesab edir ki, iddia tələbləri aşağıda göstərilənlərə əsasən rədd olunmalıdır. Belə ki, iş materiallarına əlavə olunmuş və məhkəmə baxışı zamanı tədqiq edilmiş: - “xxxx” MMC ilə İddiaçı arasında bağlanmış 01.09.2006-cı il tarixli əmək müqaviləsindən görünür ki, İddiaçı “xxxx” MMC-də 26.08.2006-cı il tarixdən başlayaraq ekspert vəzifəsinə təyin olunmuşdur. - İddiaçı məxsus olan İT-İ seriyalı, ******* nömrəli əmək kitabçasının surətindən görünür ki, İddiaçı 26.08.2006-cı il tarixdə “xxxx” MMC-yə müştərilərlə mühasibat xidməti departamentinin rəisi təyin edilmiş, 13.03.2008-ci il tarixdə “xxxx” MMC adından “xxxx” MMC-yə dəyişdirilmiş, 26.12.2017-ci il tarixdə “xxxx” MMC adından “X2” MMC-yə dəyişdirilmiş, 02.03.2020-ci il tarixdə Əmək Məcəlləsinin 68.2-ci maddəsinin “a” bəndinə əsasən öz xahiş ilə tutduğu vəzifədən azad edilmiş və əmək müqaviləsinə xitam verilmişdir. - İddiaçı tərəfindən “X2” MMC-yə ünvanlanmış 11.12.2020-ci il tarixli ərizədən görünür ki, onunla bağlanmış əmək müqaviləsinə xitam verilsə də, 14865,79 manat məbləğində əmək haqqı və əmək haqqının 1 faizi məbləğində ödənc ödənilməsi xahiş olunmuşdur. - “X2” MMC tərəfindən məhkəməyə təqdim olunmuş arayışdan görünür ki, “xxxx” MMC-də 2006-cı il üçün ştat cədvəli üzrə əmək haqqı aşağıdakı kimi müəyyən olunmuşdur: - direktor 150 manat, departament rəisi 90 manat, baş auditor 90 manat, auditor köməkçisi 90 manat, layihə meneceri 90 manat, məsləhətçi 90 manat. - Əmək Müqaviləsinə dəyişiklik edilməsi ilə bağlı 24.09.2014-cü il tarixli əmək müqaviləsi bildirişindən görünür ki, İddiaçı “xxxx” MMC-də əmək haqqı əvvəl 400 manat, 24.09.2014-cü il tarixdən 500 manat olmuşdur. - Əmək Müqaviləsinə dəyişiklik edilməsi ilə bağlı 23.02.2017-ci il tarixli əmək müqaviləsi bildirişindən görünür ki, İddiaçı “xxxx” MMC-də əmək haqqı 23.02.2017-ci il tarixdən 577 manat olmuşdur. - “X2” MMC-nin direktoru tərəfindən verilmiş 08.09.2020-ci il tarixli 13 nömrəli əmrdən görünür ki, İddiaçı 08.09.2020-ci il tarixdən əmək haqqı əmək müqaviləsinə uyğun ödənilməklə şirkətə auditor vəzifəsinə qəbul edilmişdir. - Əmək müqaviləsinin bağlanması ilə bağlı əmək müqaviləsi bildirişinin qeydiyyata alınmasına dair 08.09.2020-ci il tarixli, xxxxxxx0000600 nömrəli məlumatdan görünür ki, “X2” MMC-nin ilə İddiaçı arasında bağlanmış əmək müqaviləsi elektron informasiya sistemində qeydiyyata alınmış, aylıq əmək haqqı 250 manat qeyd edilmişdir. - “X2” MMC-nin sədri - R. Hüseynov, müavin - C.Kərimova, üzvlər - S.Məmmədova və A.Nəsirli tərəfindən tərtib olunmuş 15 mart 2021-ci il tarixli Aktdan görünür ki, Komissiya 10 mart - 15 mart 2021-ci il tarixdə “X2” MMC-də İddiaçı (mühasibat xidməti departamentinin rəisi) son üç ildə fəaliyyətini araşdırmış və hazırki hesabatı tərtib etmişdir. Komissiya tərəfindən İddiaçı son üç ildə göstərdiyi auditor xidməti ilə müqavilələr üzrə yerinə yetirilməli olan işlər, toplanmış audit sübutları, audit proqramları və yerinə yetirilmiş audit prosedurları və ona müvafiq olaraq verilən rəylər, təhvil- qəbul aktları və digər audit sənədləri yoxlanılmışdır. Yoxlama zamanı layihələr üzrə audit proqramlarının tərtib olunmadığı və bir çox audit sübutlarının toplanmadan auditor rəyinin tərtib olunduğu, həmçinin auditin X1 uyğun olaraq aparılmadığı aşkar edilmişdir. Bir sıra sifarişlərin icrası zamanı onun tərəfindən işlər keyfiyyətsiz yerinə yetirilmiş və nəticədə eyni işlərin yerinə yetirilməsi şirkətin digər əməkdaşları tərəfindən təmin edilmişdir. 2019-cu ilin may-iyun aylarında Böyük Britaniyanın “AA+B” şirkəti üçün yerinə yetirilmiş məsləhət xidməti üzrə xidmət haqqı işin aşağı keyfiyyətli olması səbəbindən iki dəfə azaldılmışdır. 2019-cu ilin fevral ayına qədər olan dövr üzrə İddiaçı əmək fəaliyyəti qeyri-qənaətbəxş hesab edilmiş və bu məsələ şirkətin əməkdaşlarının 01 fevral tarixli yığıncağında müzakirə edilmiş, bu barədə ona və digər işçilərə 13 fevral 2019-cu ildə yazılı xəbərdarlıq memorandumu göndərilmişdir. İddiaçı sistematik olaraq öz qeyri-peşəkar fəaliyyəti və keyfiyyətsiz xidməti nəticəsində şirkətin müştərilərini yayındırmışdır. 2020-ci ildə şirkətdə tutduğu vəzifəsindən azad olunarkən ona yarımçıq işlərin başa çatdırılması zərurətinin mövcud olduğu bildirilmiş və bu məqsədlə yeni əmək müqaviləsi imzalanmışdır. Buna baxmayaraq, bu günə kimi İddiaçı öz vəzifə öhdəliklərini başa çatdırmamışdır. İddiaçı yerinə yetirməli olduğu işlərin vəziyyəti barədə arayış tərtib edilmiş və bu sənəd akta əlavə kimi təqdim olunmuşdur. Komissiya müəyyən etmişdir ki, şirkətin İddiaçı borcu yoxdur və yarımçıq qalmış işlərin yerinə yetirilib-yetirilməməsindən asılı olaraq ona qarşı müvafiq iddia şirkətin tələbi ilə məhkəməyə müraciət edilməlidir. - “X2” MMC tərəfindən verilmiş 01.01.2019-cu il tarixdən 01.01.2020-ci il tarixədək olan dövr üçün hesablanmış və ödənilmiş əmək haqqı cədvəlindən İddiaçı aid hissədən çıxarışdan görünür ki, vergilər daxil olmaqla vəzifə maaşı – 6924 manat, əmək haqqına əlavə - 14780,99 manat, vergilər daxil olmaqla hesablanmış əmək haqqı – 21704,99 manat, vergi çıxıldıqdan sonra ödənilmiş əmək haqqı 19579,98 manat müəyyən edilmişdir. - “X2” MMC tərəfindən Bakı şəhəri Səbail Rayon Məhkəməsinə təqdim olunmuş 24 may 2021-ci il tarixli, 01.01.2019-01.01.2020-ci il dövrü üçün işçilərin əmək haqqına əlavələrin hesablanması barədə əmrlərdən İddiaçı aid hissədən çıxarışdan görünür ki, 15.02.2019-cu il tarixli 01/M nömrəli əmrə əsasən İddiaçı 2019-cu ilin yanvar ayı üçün 1129,86 AZN məbləğində (vergilər daxil olmaqla) əmək haqqına əlavə verilmiş, 15.03.2019-cu il tarixli 02/M nömrəli əmrə əsasən İddiaçı 2019-cu ilin fevral ayı üçün 2728,25 AZN məbləğində (vergilər daxil olmaqla) əmək haqqına əlavə verilmiş, 15.04.2019-cu il tarixli 03/M nömrəli əmrə əsasən İddiaçı 2019-cu ilin mart ayı üçün 2234,63 AZN məbləğində (vergilər daxil olmaqla) əmək haqqına əlavə verilmiş, 15.06.2019-cu il tarixli 05/M nömrəli əmrə əsasən İddiaçı 2019-cu ilin may ayı üçün 524,68 AZN məbləğində (vergilər daxil olmaqla) əmək haqqına əlavə verilmiş, 15.07.2019-cu il tarixli 06/M nömrəli əmrə əsasən İddiaçı 2019-cu ilin iyun ayı üçün 1641,99 AZN məbləğində (vergilər daxil olmaqla) əmək haqqına əlavə verilmiş, 15.08.2019-cu il tarixli 07/M nömrəli əmrə əsasən İddiaçı 2019-cu ilin iyul ayı üçün 1641,99 AZN məbləğində (vergilər daxil olmaqla) əmək haqqına əlavə verilmiş, 15.09.2019-cu il tarixli 08/M nömrəli əmrə əsasən İddiaçı 2019-cu ilin avqust ayı üçün 1130,20 AZN məbləğində (vergilər daxil olmaqla) əmək haqqına əlavə verilmiş, 15.10.2019-cu il tarixli 09/M nömrəli əmrə əsasən İddiaçı 2019-cu ilin sentyabr ayı üçün 524,68 AZN məbləğində (vergilər daxil olmaqla) əmək haqqına əlavə verilmiş, 15.11.2019-cu il tarixli 10/M nömrəli əmrə əsasən İddiaçı 2019-cu ilin oktyabr ayı üçün 2376,55 AZN məbləğində (vergilər daxil olmaqla) əmək haqqına əlavə verilmiş, 15.01.2020-ci il tarixli 12/M nömrəli əmrə əsasən İddiaçı 2019-cu ilin dekabr ayı üçün 848,16 AZN məbləğində (vergilər daxil olmaqla) əmək haqqına əlavə verilmişdir. Məhkəmə araşdırması zamanı müəyyən edilmişdir ki, “xxxx” MMC tərəfindən verilmiş 26.08.2006-cı il tarixli 10k nömrəli əmrə əsasən İddiaçı “xxxx” MMC-də müştərilərlə mühasibat xidməti departamentinin rəisi vəzifəsinə təyin edilmiş, 13.03.2008-ci il tarixdə “xxxx” MMC adından “xxxx” MMC-yə dəyişdirilmiş, 26.12.2017-ci il tarixdə “xxxx” MMC adından “X2” MMC-yə dəyişdirilmiş, 02.03.2020-ci il tarixdə Əmək Məcəlləsinin 68.2-ci maddəsinin “a” bəndinə əsasən İddiaçı xahişi ilə tutduğu vəzifədən azad edilmiş və əmək müqaviləsinə xitam verilmişdir. “xxxx” MMC-də 2006-cı il üçün ştat cədvəli üzrə əmək haqqı aşağıdakı kimi müəyyən olunmuşdur: - direktor 150 manat, departament rəisi 90 manat, baş auditor 90 manat, auditor köməkçisi 90 manat, layihə meneceri 90 manat, məsləhətçi 90 manat. Həmçinin müəyyən edilmişdir ki, (Əmək Müqaviləsinə dəyişiklik edilməsi ilə bağlı 24.09.2014-cü il tarixli əmək müqaviləsi bildirişi ilə) İddiaçı “xxxx” MMCdə əmək haqqı əvvəl 400 manat, 24.09.2014-cü il tarixdən 500 manat olmuş, Əmək Müqaviləsinə dəyişiklik edilməsi ilə bağlı 23.02.2017-ci il tarixli əmək müqaviləsi bildirişinə əsasən, İddiaçı “xxxx” MMC-də əmək haqqı 23.02.2017-ci il tarixdən 577 manat olmuşdur. “X2” MMC-nin direktoru tərəfindən verilmiş 08.09.2020-ci il tarixli 13 nömrəli əmrlə İddiaçı 08.09.2020-ci il tarixdən əmək haqqı əmək müqaviləsinə uyğun ödənilməklə şirkətə auditor vəzifəsinə qəbul edilmiş, “X2” MMC-nin ilə İddiaçı arasında bağlanmış əmək müqaviləsi elektron informasiya sistemində qeydiyyata alınmış, aylıq əmək haqqı 250 manat qeyd edilmişdir. İşin materiallarından görünür ki, iddiaçının tələbinin əsas mahiyyətini 2019-cu il üçün ödənilməmiş əmək haqqı məbləği və həmin gecikdirilən əmək haqqı üzrə ödəncin cavabdeh "X2" Məhdud Məsuliyyətli Cəmiyyətindən onun xeyrinə tutulması təşkil edir. Məhkəməyə təqdim edilmiş sənədlərlə müəyyən edilmişdir ki, 2019-cu il ərzində işəgötürən tərəfindən iddiaçıya müqavilədə nəzərdə tutulmuş 577 manat məbləğində əmək haqqı və aylara üzrə işəgötürənin müvafiq əmrləri əsasında əmək haqqına əlavələr ödənilmişdir. Azərbaycan Respublikasının Əmək Məcəlləsinin: - 2-ci maddəsi Məcəllənin əsasını təşkil edən prinsipləri, o cümlədən, əmək münasibəti tərəflərinin hüquq bərabərliyini, onların mənafelərinin haqq-ədalətlə və qanunun aliliyinin təmin olunması ilə qorunmasını əks etdirir. Qeyd olunan prinsiplərə əsasən əmək münasibətlərində tərəflər – işçi və işəgötürən bərabər hüquq və vəzifələrə malikdir. Əmək Məcəlləsi həm işçinin, həm də işəgötürənin hüquqlarını müdafiə edir və tərəflərdən hər hansı birinə üstünlük verilməsi yolverilməzdir. - 154.1-ci maddəsinə əsasən, əmək haqqı - müvafiq iş vaxtı ərzində əmək funksiyasını yerinə yetirmək üçün əmək müqaviləsi ilə müəyyən edilmiş, işçinin gördüyü işə (göstərdiyi xidmətlərə) görə işəgötürən tərəfindən pul və ya natura formasında ödənilən gündəlik və ya aylıq məbləğ, habelə ona edilən əlavələrin, mükafatların və digər ödənclərin məcmusudur. - 155.5-ci maddəsinə əsasən, əmək haqqı sistemi ilə nəzərdə tutulan mükafatlar, əmək haqqına əlavələr, artımlar, habelə iş vaxtından kənar vaxtlarda görülən işlərə görə verilən ödəmələr və digər ödənclər minimum əmək haqqının məbləğinə daxil edilmir. Əmək haqqının tərkibinə aylıq tarif (vəzifə) maaşı, əlavələr və mükafatlar daxildir. Belə ki, Azərbaycan Respublikasının Əmək Məcəlləsinin 157-ci maddəsinin 2-ci hissəsinə əsasən, əmək müqaviləsi üzrə öhdəliklərin yerinə yetirilməsində, istehsalın səmərəliliyinin və işin keyfiyyətinin artırılmasında işçilərin maddi marağını gücləndirmək məqsədi ilə mükafatlandırma, o cümlədən il ərzində işin yekunlarına görə mükafat və maddi həvəsləndirmənin digər formaları tətbiq edilə bilər. Azərbaycan Respublikasının Əmək Məcəlləsinin 157-ci maddəsinin 5-ci hissəsinə əsasən, əmək haqqına əlavə - əmək şəraiti ilə əlaqədar əvəzödəmək və ya həvəsləndirmək məqsədi ilə işçinin tarif (vəzifə) maaşına, əmək haqqına müəyyən edilən əlavə ödəncdir. Mükafat - əməyin kəmiyyət və keyfiyyətinin yüksəldilməsinə işçinin maddi marağının artırılması məqsədi ilə əmək haqqı sistemində nəzərdə tutulan qaydada və formada verilən həvəsləndirici pul vəsaitidir. (ƏM 157-ci maddəsinin 6-cı hissəsi) Əmək Məcəlləsinin 158-ci maddəsinin 1-ci hissəsinə əsasən, əməyin ödənilməsi növləri, sistemləri, tarif (vəzifə) maaşları, ona edilmiş əlavələr, mükafatlar, digər həvəsləndirici ödənclərin miqdarı kollektiv müqavilələrlə, əmək müqavilələri ilə müəyyən edilir, kollektiv müqavilənin bağlanmadığı hallarda əmək müqaviləsi ilə və ya işəgötürənlə həmkarlar ittifaqları təşkilatı arasında razılaşmalarla müəyyən edilir. Göründüyü kimi, əmək haqqına əlavə ilə mükafat həvəsləndirici pul vəsaiti olmaqla yanaşı, eləcə də onun verilməsi təşəbbüsü işəgötürənə aid olmaqla onun hüququdur. Məhkəmə hesab edir ki, iddiaçının əmək haqqı və əmək haqqına müvafiq ödəncin verilməsi ilə bağlı iddia tələbləri əsassızdır. Belə ki, cavabdeh iddiaçı ilə arasında bağlanılan əmək müqaviləsi ilə üzərinə iddiaçıya əmək haqqı ilə yanaşı həmçinin əlavələr və ya mükafatlar da ödənilməsi kimi öhdəlik götürməmişdir. Məhkəmə həmçinin hesab edir ki, iddiaçının əmək müqaviləsi üzrə işçiyə kollektiv müqavilədə və ya digər həvəsləndirici tədbirləri müəyyən edən Cəmiyyətdaxili sənədlərin tələblərində nəzərdə tutulmuş miqdarda və qaydada əmək haqqına əlavə, mükafat və ya maddi yardımlar verilməsi halı mövcud olsa belə, mükafat və maddi yardımların verilməməsi halı əmək qanunvericiliyinin tələblərinin və iddiaçının hüquqlarının pozulması kimi qiymətləndirilə bilməz. Belə ki, işçiyə kollektiv müqavilədə və ya digər həvəsləndirici tədbirləri müəyyən edən Cəmiyyətdaxili sənədlərin tələblərində nəzərdə tutulmuş miqdarda və qaydada mükafat və maddi yardımlar verilməsi işəgötürənin vəzifəsi kimi deyil, hüququ kimi nəzərdə tutulur. Məhkəmə qeyd edir ki, hər hansı iddia tələbi üzrə ilk öncə iddiaçının tələbinə uyğun gələn iddia tələbinin qanuni əsası tapılmalı və məhkəməyə bildirdiyi faktiki halların həmin iddia tələbinin qanuni əsasının dispozisiya şərtlərinə uyğun olması yoxlanılmalıdır. Buna görə, əgər irəli sürülmüş iddia tələbinin qanuni əsası tapılmırsa və ya faktiki hallar tapılan iddia tələbinin qanuni əsasının şərtləri, yəni dispozisiya əlamətləri ilə uzlaşmırsa hüquqi dəyərləndirmə məhkəmə üçün artıq başa çatmalıdır. Əlavə olaraq irəli sürülən dəlillərin araşdırılmasına zərurət qalmır, çünki işin həlli üçün bunun əhəmiyyəti yoxdur. Bu mənada məhkəmənin qənaətinə görə, iddiaçının tələbinin əmək haqqı məbləği və ödəncin verilməsi ilə bağlı irəli sürdüyü faktiki hallar onun iddia tələblərinin qanuni əsasının dispozisiya şərtləri ilə uzlaşmamışdır. Belə ki, iddiaçının bununla bağlı iddia tələbini əsaslandırdığı hallar məhkəmə araşdırması zamanı öz təsdiqini tapmamışdır. Buna görə də həmin tələb rədd edilməlidir. Məhkəmə qeyd edir ki, Azərbaycan Respublikası MPM-in 14.2, 77.1, 88 və 217.4-cü maddələrinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. Məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Beləliklə də, məhkəmə iş üzrə tədqiq olunmuş sübutlara obyektiv, qərəzsiz və məcmu halda hüquqi qiymət verərək hesab edir ki, İddiaçı cavabdeh “X2” MMC-yə qarşı “əmək haqqı və s.” tələbinə dair iddiası əsassız olduğundan təmin edilməməlidir. Göstərilənləri nəzərə alaraq və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 233 və 360-cı maddələrini rəhbər tutaraq məhkəmə QƏT ETDİ: İddiaçı cavabdeh “X2” MMC-yə qarşı “əmək haqqı və s.” tələbinə dair iddiası təmin edilməsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətinə Bakı şəhəri Səbail Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, qəbul edildiyi gündən 1 ay keçdikdən sonra qanuni qüvvəyə minir. Sədrlik edən: Rəna Qafarova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar