Məhkəmə qərarları › İş №2(009)-81/2023

Bakı Şəhəri Səbail Rayon Məhkəməsi Qətnamə — İş №2(009)-81/2023

30.01.2023 · Ailə münasibətləri üzrə mübahisələr - Alimentin təyin edilməsi tələbi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(009)-81/2023 30.01.2023 BAKI ŞƏHƏRİ SƏBAİL RAYON MƏHKƏMƏSİ Bakı şəhəri Səbail Rayon Məhkəməsinin hakimi Rəna Nazim qızı Qafarovanın sədrliyi, Məhkəmə iclas katibi Pərvin Kamandar oğlu Paşazadənin katibliyi, İddiaçı Cavabdehin nümayəndəsi və vəkili Vəkil iştirakları ilə, İddiaçı - Cavabdeh qarşı “nikahın pozulması, uşağın ananın yanında qalması və aliment” tələbinə dair mülki işə məhkəmənin binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İddiaçı - Cavabdeh qarşı “nikahın pozulması, uşağın ananın yanında qalması və aliment” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh ilə birgə nikahdan doğulmuş xx.xx.2022-ci il təvəllüdlü X1 yetkinlik yaşına çatanadək saxlanılması üçün hər ay onun xeyrinə 500 (beş yüz) alimentin, həmçinin xx.xx.2022-ci il təvəllüdlü X3 3 yaşına çatanadək hər ay cavabdehdən onun xeyrinə 300 (üç yüz) manat məbləğində alimentin tutulması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddia ərizəsi onunla əsaslandırılmışdır ki, o Cavabdeh ilə 03 iyul 2021-ci il tarixdə rəsmi nikaha girərək evlənmişdirlər. Birgə nikahdan 20 fevral 2022-ci il tarixdə X3 doğulmuşdur. Cavabdeh xeyli müddətdir ki, ailəni dolandırmır, hamiləlik dövründə də ona baxmayıb, hətta uşaq olduqdan sonra onların birgə nikahdan olan uşağın saxlanilmasına da maddi köməklik etmir. Uşaq xəstə olduğu üçün uşağı özü saxlayır. Maddi cəhətdən onun və uşağının saxlanmasına valideyinləri köməklik edirlər, onları (uşağı və onu) valideyinləri saxlayırlar. Cavabdeh uşaq doğulan zaman köməklik etsə də, sonradan uşaq problemli doğulduğunu bildikdən sonra hətta uşağı görməyə belə görməmişdir. Ona görə də hesab edir ki, uşaq yetkinlik yaşına çatanadək uşağın saxlanması üçün hər ay sabit pul məbləğində saxlanması üçün 500 manat aliment və əlavə olaraq uşaq 3-yaşına çatanadən hə ay cavabdhdən onun xeyrinə əlavə 300 nanat pul vəsaiti tutulmalıdır. Belə ki, o uşağın bütün qayğı və problemlərini həll etməyə maddi imkanı çatmır. Hesab edir ki, uşağın qayğı və problemlərini həll etmək valideyn kimi cavabdehin də vəzifəsidir. Cavabdeh ona istifadəsində olan telefonun vatsap vasitəsilə ona yazmışdır ki, hər ay 2000 manat pul qazanır, öz işini qurmuşdur, öz işinin patronudur. Bu səbəbdən də hesab edir ki, Azərbaycan Respublikası Ailə Məcəlləsinin 76.1.1-ci maddəsində göstərildiyi kimi 1 uşağa görə - qazancın və (və ya) gəlirlərinin dörddə bir hissəsi miqdarında alimet tutulur, yəni cavabdedhin hər ay 2000 manat qazancının 1/4 hissəsi, hər ay üçün cavabdehdən uşağın saxlanması üçün 500 (beş yüz) manat, əlavə olaraq o uşaq xəstə və azyaşlı olduğundan işləyə bilmədiyi üçün əlavə olaraq 300 (üç yüz) manat (minimum aylıq dolanacaq xərci) aliment onun xeyrinə tutulmalıdır. Sonradan İddiaçı iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizə verərək onunla Cavabdeh arasında bağlanmış xx.xx.2021-ci il tarixli nikahın pozulması, cavabdehlə birgə nikahlarından anadan olmuş xx.xx.2022-ci il təvəllüdlü X1 İddiaçı himayəsində saxlanılması, Cavabdeh ilə birgə nikahdan doğulmuş xx.xx.2022-ci il təvəllüdlü X1 yetkinlik yaşına çatanadək saxlanılması üçün hər ay onun xeyrinə 500 (beş yüz) alimentin, həmçinin xx.xx.2022-ci il təvəllüdlü X3 3 yaşına çatanadək hər ay cavabdehdən onun xeyrinə 300 (üç yüz) manat məbləğində alimentin tutulmasına dair qətnamə çıxarılmasını xahiş etmişdir. Məhkəmə iclasında İddiaçı iddia tələbini müdafiə edərək iddianın təmin edilməsini və alimentin tutulması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən cavabdehin nümayəndəsi və vəkili Vəkil iddia tələbini nikahın pozulması hissəsində qəbul etdiyini bildirmiş, uşağın atanın himayəsinə verilməsini və iddianın alimentin tutulmasına aid hissədə təmin edilməməsini xahiş etmişdir. Əlavə olaraq bildirmişdir ki, cavabdeh Türkiyə Respublikasında un məmulatları sexində çalışır. Məhkəmə, iş materiallarını araşdıraraq hesab edir ki, iddia tələbi qismən təmin edilməlidir. Belə ki, iş materiallarına əlavə olunmuş Culfa rayon İH Saltaq kənd İƏD üzrə nümayəndəlik tərəfindən verilmiş AZ-İİ seriyalı, 215109 nömrəli nikah haqqında şəhadətnamənin surətindən görünür ki, Cavabdeh ilə X2 arasında 03 iyun 2021-ci il tarixdə nikah bağlanmış və həmin nikah 02 №-li akt qeydi ilə rəsmiləşdirilmişdir. Nikahdan sonra arvada Məmmədova soyadı verilmişdir. İş materiallarına əlavə olunmuş 3 saylı Bakı Asan Xidmət Mərkəzinin qeydiyyat şöbəsi tərəfindən verilmiş doğum haqqında şəhadətnamənin surətindən görünür ki, tərəflərin birgə nikahından xx.xx.2022-ci il tarixdə X3 adlı uşağı anadan olmuşdur. Məhkəmə qeyd edir ki, Azərbaycan Respublikası Ailə Məcəlləsinin 19.1-ci maddəsinə əsasən, ərarvadın yetkinlik yaşına çatmayan ümumi uşaqları olduqda və ya ər (arvad) nikahın pozulmasına razı olmadıqda nikah məhkəmə qaydasında pozulur. Azərbaycan Respublikası Ailə Məcəlləsinin 20.1-ci maddəsinə əsasən ər-arvadın birgə yaşamasının və ailənin saxlanmasının qeyri-mümkünlüyü məhkəmə tərəfindən müəyyən edildikdə, nikah məhkəmə qaydasında pozulur. Həmin Məcəllənin 21.1-ci maddəsinə əsasən, yetkinlik yaşına çatmayan ümumi uşaqları olan ər-arvadın nikahın pozulmasına qarşılıqlı razılığı olduqda, eləcə də bu Məcəllənin 19.2-ci maddəsində göstərilən hallarda nikah onun pozulma səbəbləri məhkəmə qaydasında araşdırılmadan pozulur. Məhkəmə hesab edir ki, tərəflərin hazırda barışması və ailənin qorunub saxlanması ehtimalı istisna olunduğundan, tərəflər nikahın pozulmasında təkid etdiyindən tərəflər arasında bağlanmış nikah pozulmalıdır. Bundan başqa, məhkəmə hazırkı iddia tələbi barədə qətnamə çıxararkən həmçinin uşaqların valideynlərindən kimin yanında qalması və uşaqlar üçün alimentin hansı valideyndən hansı miqdarda tutulması məsələsinə də münasibət bildirərək aşağıdakıları qeyd etməyi zəruri hesab edir: Azərbaycan Respublikası Ailə Məcəlləsinin 22.1-ci maddəsinə əsasən nikah məhkəmə qaydasında pozularkən, ər-arvad məhkəməyə yetkinlik yaşına çatmayan uşaqlarının kiminlə qaldıqlarını, uşaqların və (və ya) ehtiyacı olan və əmək qabiliyyəti olmayan ərin (arvadın) saxlanması üçün vəsaitin ödənilmə qaydasını, bu vəsaitin miqdarını və ər-arvadın ümumi birgə mülkiyyətinin bölünməsini müəyyən edən saziş təqdim edə bilərlər. Həmin Məcəllənin 22.2.-ci maddəsinə əsasən ər-arvad arasında saziş olmadıqda, eləcə də uşaqların və ya tərəflərdən birinin maraqlarını pozduqda, məhkəmə boşanmadan sonra yetkinlik yaşına çatmayan uşaqların valideynlərindən hansının yanında qaldığını və uşaqlar üçün alimentin hansı valideyndən hansı miqdarda tutulmasını müəyyən etməlidir. Həmin Məcəllənin 60.4-cü maddəsinə əsasən valideynlər ayrı yaşadıqda uşaqların yaşayış yeri onların razılığı ilə həll edilir. Valideynlər arasında razılıq olmadıqda məhkəmə mübahisəni uşaqların hüquq və mənafelərini, onların rəyini və sair halları (uşaqların qardaş və bacılarına, valideynlərdən hər birinə olan bağlılığı, valideynlərin əxlaqi və digər şəxsi keyfiyyətləri, uşağın yaşı, onun inkişafı və tərbiyəsi üçün şərait yaradılması) nəzərə almaqla həll edir. “Nikahın pozulması, boşanmadan sonra yetkinlik yaşına çatmayan uşaqların valideynlərdən hansının yanında qalması və uşaqlar üçün valideynlərdən aliment tutulması tələbinə dair işlərə baxılarkən qanunvericiliyin məhkəmələr tərəfindən tətbiqi təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 28 mart 2016cı il tarixli Qərarının 7.1-ci bəndində göstərilmişdir ki, yetkinlik yaşına çatmayan uşağın valideynlərdən hansının yanında qalması ilə bağlı mübahisə həll edilərkən uşağın üstün mənafeyi rəhbər tutulmaqla aşağıdakılar nəzərə alınmalıdır: uşağın yaşı; onun fikri; uşağın valideynlərdən hər birinə, qardaş və bacılarına bağlılığı; valideynlərin mənəvi və sair şəxsi keyfiyyətləri; valideynlərdən hər biri ilə uşaq arasında yaranmış münasibətlər; uşağın tərbiyəsi və inkişafı üçün şərait yaratmaq imkanı (valideynlərin peşəsi, iş rejimi, onların maddi və ailə vəziyyəti, səhhəti nəzərə alınmaqla); ayrı yaşayan valideynlərdən hər birinin yaşayış yeri üzrə mövcud vəziyyətini xarakterizə edən digər hallar. Azərbaycan Respublikası Konstitusiyasının 34-cü maddəsinə əsasən analıq, atalıq, uşaqlıq qanunla mühafizə edilir. “Uşaq hüquqları haqqında” Azərbaycan Respublikası Qanununun 5-ci maddəsinə əsasən, dövlət orqanları, bütün fiziki və hüquqi şəxslər öz fəaliyyətində uşaqların mənafelərini üstün tutmalı, onların hüquqlarının təmin olunmasına şərait yaratmalıdırlar. Bakı şəhəri Səbail Rayon Məhkəməsinin 13 oktyabr 2022-ci il tarixli qərardadına əsasən İddiaçı Cavabdeh qarşı "nikahın pozulması və s." tələbinə dair mülki iş üzrə boşanmadan sonra tərəflərin yetkinlik yaşına çatmayan uşaqları xx.xx.2022-ci il təvəllüdlü X1 valideynlərindən hansının yanında qaldığı halda, uşağın mənafeyinə uyğunluğunun müəyyən edilməsinə dair əsaslandırılmış rəyin təqdim edilməsi üçün hazırkı mülki iş Səbail Rayon İcra Hakimiyyətinin Başçısı yanında Qəyyumluq və Himayəçilik Komissiyasına göndərilərək işin icraatı dayandırılmışdır. Bakı şəhəri Səbail Rayon İcra Hakimiyyətinin Başçısı yanında Qəyyumluq və Himayəçilik Komissiyasının 4/12-28 nömrəli xx.xx.2023-cü il tarixli rəyindən görünür ki, Səbail Rayon İcra Hakimiyyətinin başçısı yanında Qəyyumluq və Himayəçilik Komissiyası tərəfləri dinləyib, iş materiallarını araşdıraraq xx.xx.2022-ci il tarixdə keçirilmiş iclasının qərarını, uşağın yüksək mənafeyini, onun ana qulluğuna və qayğısına daha çox ehtiyacının olduğunu nəzərə alaraq, Cavabdeh övladı xx.xx.2022-ci il təvəllüdlü X1 anası İddiaçı yanında saxlanılmasını məqsədəuyğun hesab etmişdir. Məhkəmə nikah pozulduqdan sonra yetkinlik yaşına çatmayan uşaqların valideynlərindən hansının yanında saxlanılması məsələsini həll edərkən qeyd olunan normaları tətbiq edərək, eləcə də uşağın üstün mənafeyini rəhbər tutaraq, onun yaşını, hal-hazırda da anasının yanında yaşamasını nəzərə alaraq hesab edir ki, nikah pozulduqdan sonra azyaşlı xx.xx.2022-ci il təvəllüdlü X3 iddiaçı (anası) İddiaçı yanında qalmalıdır. Məhkəmə tərəflərin uşağının yetkinlik yaşına çatanadək saxlanması üçün alimentin tutulması məsələsinə dair aşağıdakıları qeyd edir. Azərbaycan Respublikası Konstitusiyasının 17-ci maddəsinə əsasən uşaqların qayğısına qalmaq və onları tərbiyə etmək valideynlərin borcudur. “Uşaq hüquqları haqqında” Azərbaycan Respublikası Qanununun 13-cü maddəsinə əsasən, uşağın Azərbaycan Respublikası qanunvericiliyi ilə müəyyən edilmiş minimum dolanacaq xərclərindən az olmayan maddi təminat almaq hüququ vardır. “Uşaq hüquqları haqqında” Azərbaycan Respublikası Qanununun 19-cu maddəsinə əsasən valideynlər uşağın tərbiyəsində bərabər hüquq və vəzifələri vardır. Uşağın qabiliyyətinin inkişaf etdirilməsi, onun maddi və mənəvi tələbatlarının təmin edilməsi, hüquq və mənafelərinin mühafizəsi valideynlərin əsas vəzifələridir. Azərbaycan Respublikası Ailə Məcəlləsinin 75.1, 75.4-cü maddələrinə əsasən valideynlər uşaqlarını saxlamağa borcludurlar. Valideynlər uşaqlarını saxlamadıqda uşaqların saxlanması üçün vəsait (aliment) valideynlərdən məhkəmə qaydasında tutulur. Azərbaycan Respublikası Ailə Məcəlləsinin 78.1-ci maddəsinə əsasən valideynlər arasında yetkinlik yaşına çatmayan uşaqlara aliment ödənilməsi barədə saziş yoxdursa, eləcə də aliment verməyə borclu olan valideynin qazancı (gəliri) qeyri-müntəzəm, dəyişən olarsa, ya da qazancın (gəlirin) hamısını və ya bir hissəsini həmin valideyn natura və ya xarici valyuta ilə alırsa, yaxud onun qazancı və ya sair gəliri yoxdursa, habelə alimentin valideynin qazancından (gəlirindən) müəyyən hissə kimi tutulması mümkün olmadığı, çətinlik törətdiyi və ya tərəflərdən birinin marağını əhəmiyyətli dərəcədə pozduğu başqa hallarda, uşaqların saxlanması üçün vəsait tutulmasını tələb edən şəxsin xahişi ilə alimentin miqdarı məhkəmə tərəfindən hər ay ödənilməli olan sabit pul məbləğində və ya eyni zamanda həm sabit pul məbləğində, həm də bu Məcəllənin 76-cı maddəsinə uyğun olaraq qazancın (gəlirin) müəyyən hissəsi kimi müəyyən edilə bilər. Həmin Məcəllənin 78.2-ci maddəsinə əsasən sabit pul məbləğinin miqdarı məhkəmə tərəfindən tərəflərin maddi və ailə vəziyyəti diqqətəlayiq olan digər hallar nəzərə alınmaqla uşağın əvvəlki təminatının səviyyəsinin mümkün qədər maksimal saxlanılması əsas tutularaq müəyyən edilir. “Azərbaycan Respublikasında 2023-cü il üçün yaşayış minimumu haqqında” Azərbaycan Respublikasının 09 dekabr 2022-ci il tarixli Qanununa əsasən 2023-ci il üçün yaşayış minimumu uşaqlar üçün 220 (iki yüz iyirmi) manat məbləğində müəyyən edilmişdir. Məhkəmə qeyd edir ki, tərəflərin izahatları ilə müəyyən olunur ki, cavabdeh Türkiyə Respublikasında un məmulatları sexində çalışır. Lakin onun qazancı və gəlirləri barədə dəqiq məlumat yoxdur. Alimentin miqdarını müəyyən edərkən məhkəmə uşaqların mənafeyini, onların əvvəlki təminat səviyyəsinin mümkün qədər maksimal saxlanılmasını, respublikada 2023cü il üçün uşaqlar üçün müəyyən olunmuş yaşayış minimumu məbləğini, eyni zamanda tərəflərin maddi və sosial vəziyyətini nəzərə alaraq hesab edir ki, tərəflərin uşağı xx.xx.2022-ci il təvəllüdlü X1 yetkinlik yaşına çatana qədər saxlanılması üçün cavabdehdən hər ay uşaq üçün 220 (iki yüz iyirmi) manat sabit pul məbləğində alimentin tutulması uşağın mənafeyi baxımından məqsədəuyğundur. Bundan başqa məhkəmə iddia tələbinin “uşaq üç yaşına çatanadək cavabdeh tərəfindən iddiaçının xeyrinə aliment tutulması hissəsi ilə bağlı qeyd edir ki, Ailə Məcəlləsinin 85.1.1-ci maddəsinə əsasən, hamiləlik dövründə və ümumi uşaqlarının doğulduğu gündən 3 il ərzində keçmiş arvad nikah pozulduqdan sonra məhkəmə qaydasında buna zəruri vəsaitə malik olan keçmiş ərdən aliment ödəməyi tələb etmək hüququna malikdir. Məhkəmə, iddiaçının qeyd edilən tələbinin hüquqi əsasının qanunda nəzərdə tutulduğunu, eləcə də tərəflərin maddi və sosial vəziyyətini, işin diqqətəlayiq digər hallarını nəzərə alaraq belə qənaətə gəlir ki, iddia tələbi bu hissədə qismən təmin edilməli və xx.xx.2022-ci il təvəllüdlü X1 üç yaşına çatanadək hər ay Cavabdeh İddiaçı xeyrinə 100 (bir yüz) manat məbləğində aliment tutulmalıdır. Məhkəmə, alimentin hansı vaxtdan tutulması ilə bağlı aşağıdakıları qeyd edir: Azərbaycan Respublikası Ailə Məcəlləsinin 100.2-ci maddəsinə əsasən, aliment məhkəməyə müraciət edildiyi vaxtdan tutulur. Məhkəmə hesab edir ki, tələbinə uyğun olaraq alimentin tutulmasının əvvəli məhkəməyə müraciət edildiyi vaxtdan, yəni xx.xx.2022-ci il tarixdən hesablanmalıdır. Məhkəmə qeyd edir ki, Azərbaycan Respublikası MPM-nin 119.1-ci maddəsinə əsasən, məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. İddiaçı müəyyən olunmuş qaydada dövlət rüsumunu ödəməkdən azad edilmişsə, dövlət rüsumu iddianın təmin edilmiş hissəsinə münasib olaraq cavabdehdən tutularaq dövlət gəlirlərinə alınır. (119.2.) Beləliklə, məhkəmə mülki iş üzrə araşdırılmış sübutlara məcmu halda hüquqi qiymət verərək hesab edir ki, iddia qismən təmin edilməli, İddiaçı ilə Cavabdeh arasında Culfa rayon İH Saltaq kənd İƏD üzrə nümayəndəliyində 03 iyul 2021-ci il tarixdə bağlanmış və 02 №-li akt qeydi ilə rəsmiləşdirilmiş nikah pozulmalı, yetkinlik yaşına çatmayan xx.xx.2022-ci il təvəllüdlü X3 iddiaçı (anası) İddiaçı yanında saxlanılmalı, xx.xx.2022-ci il tarixdən başlayaraq xx.xx.2022-ci il təvəllüdlü X1 yetkinlik yaşına çatana qədər saxlanılması üçün hər ay 220 (iki yüz iyirmi) manat sabit pul məbləğində aliment və xx.xx.2022-ci il təvəllüdlü X3 3 yaşına çatanadək hər ay 100 (bir yüz) manat məbləğində aliment Cavabdeh tutularaq İddiaçı ödənilməli, iddia qalan hissədə rədd edilməlidir. Məhkəmə qeyd edir ki, Azərbaycan Respublikası MPM-in 14.2, 77.1, 88 və 217.4-cü maddələrinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. Məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 119, 216-220, 227, 233, 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia qismən təmin edilsin. İddiaçı ilə Cavabdeh arasında Culfa rayon İH Saltaq kənd İƏD üzrə nümayəndəliyində 03 iyul 2021-ci il tarixdə bağlanmış və 02 №-li akt qeydi ilə rəsmiləşdirilmiş nikah pozulsun. Yetkinlik yaşına çatmayan xx.xx.2022-ci il təvəllüdlü X3 iddiaçı (anası) İddiaçı yanında saxlanılsın. xx.xx.2022-ci il tarixdən başlayaraq xx.xx.2022-ci il təvəllüdlü X1 yetkinlik yaşına çatana qədər saxlanılması üçün hər ay 220 (iki yüz iyirmi) manat sabit pul məbləğində aliment Cavabdeh tutularaq İddiaçı ödənilsin. xx.xx.2022-ci il tarixdən başlayaraq xx.xx.2022-ci il təvəllüdlü X3 3 yaşına çatanadək hər ay 100 (bir yüz) manat məbləğində aliment Cavabdeh tutularaq İddiaçı ödənilsin. İddia qalan hissədə təmin edilməsin. Qətnamə alimentin tutulmasına dair hissədə dərhal icra edilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı şəhəri Səbail Rayon Məhkəməsi (elektron məhkəmə sistemi vasitəsilə) vasitəsilə Bakı Apellyasiya Məhkəməsinin mülki kollegiyasına apellyasiya şikayəti verilə bilər. Sədrlik edən: Rəna Qafarova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar