Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(009)-824/2021 14.09.2021 BAKI ŞƏHƏRİ SƏBAİL RAYON MƏHKƏMƏSİ Hakim Bağırova Mədinə Ağacavad qızının sədrliyi, Əlizadə Hüseyn Oktay oğlunun katibliyi, iddiaçının nümayəndəsi və vəkili Vəkil, cavabdehin nümayəndəsi Nümayəndə iştirakı ilə, İddiaçı cavabdehlər Cavabdeh1 Sığorta Şirkəti ASC-yə və Cavabdeh2 qarşı “sığorta ödənişinin verilməsi” tələbinə dair mülki işə açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İddiaçı cavabdehlər Cavabdeh1 Sığorta Şirkəti ASC-yə və Cavabdeh2 qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh1 Sığorta Şirkəti ASC-dən sığorta ödənişi qismində 5000 manat, Cavabdeh2 isə çəkdiyi xərcin geri qalan hissəsi olan 50 manat, ona vurduğu zərər nəticəsində nəqliyyat vasitəsindən istifadə etmək imkanından məhrum olduğu üçün onun 05 yanvardan 16 yanvar 2021-ci il tarixə qədər taksi xidmətindən istifadə ilə əlaqədar çəkdiyi xərc olan gündəlik 50 manat olmaqla 600 manat, dövlət rüsumu kimi ödənilmiş 30 manat və vəkil xidməti haqqı olaraq verilmiş 200 manat, ümumilikdə 880 manat pul vəsaititnin tutularaq ona ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, onun idarə etdiyi “Kia Rio” markalı, 99FJ003 dövlət qeydiyyat nişanlı avtomobilə 30.12.2020-ci il tarixində ** XO *** dövlət qeydiyyat nişanlı avtomobilin sürücüsü Cavabdeh2 tərəfindən törədilən yol-nəqliyyat hadisəsi nəticəsində zərər dəymişdir. Bu yol-nəqliyyat hadisəsi ilə bağlı Cavabdeh2 İnzibati Xətalar Məcəlləsinin 327.1-ci maddəsinin törədilməsində təqsirli bilinərək barəsində İXP3704079 nömrəli inzibati protokol tərtib olunmuşdur. Müəyyən olunmuşdur ki, qeyd olunan nəqliyyat vasitəsinin sahibinin mülki məsuliyyətinin icbari sığortası cavabdeh "xxxx" Sığorta Şirkəti ASC tərəfindən sığortalanmışdır. Tərəfindən müvafiq sığorta ödənişinin verilməsi üçün müraciət olunsa da, cavabdeh ona dəyən zərəri 12.01.2021-ci il tarixli aktla 2725.2 manat həcmində qiymətləndirmiş və ona bu barədə 29.01.2021-ci il tarixli, O-AP-2021/0421 saylı məktubla məlumat verilmişdir. Halbuki onun idarə etdiyi nəqliyyat vasitəsinin rəsmi servisindən verilən 05.01.2021-ci il tarixli ilkin və 16.01.2021-ci il tarixli yekun qüsur aktları ilə zərər ümumilikdə 5050 manat həcmində müəyyən olunmuşdur. İdarə etdiyi nəqliyyat vasitəsinin zəmanət müddətinin başa çatmadığını və zəmanət şərtlərinin yalnız rəsmi servisdə tətbiq olunduğunu nəzərə alaraq, onun nəqliyyat vasitəsini rəsmi servisdən kənar təmir elətdirməyi zəmanət şərtlərindən kənara çıxmağı ilə nəticələnəcəkdir. Buna görə də, ona vurulan zərərin əvəzi yalnız rəsmi servis tərəfindən verilən qüsur aktı ilə müəyyən olunan həcmdə verilməlidir. Bununla əlaqədar olaraq, tərəfindən 03.02.2021-ci il tarixində yenidən cavabdehə müraciət olunmuş, müəyyən olunmuş həcmdə sığorta ödənişinin verilməsi tələb olunmuşdur. Cavabdeh tərəfindən isə 08.02.2021-ci il tarixli, O-A-2021-0058 saylı cavab məktubu ilə yenidən onun tələb etdiyi miqdarda ödənişin verilməsindən imtina edilmişdir. Buna görə də, onun tərəfindən öz hesabına rəsmi servis tərəfindən verilən qüsur aktı əsasında təmir xərcləri qarşılanmışdır. “Sığorta fəaliyyəti haqqında” Azərbaycan Respublikası Qanununun 10.10-cu maddəsinin tələbi nəzərə alınmaqla tərəflərin qarşılıqlı razılığı ilə təyin olunan qiymətləndirmə fəaliyyəti ilə məşğul olan müstəqil ekspert tərəfindən aparılır. 20.2-ci maddəyə əsasən, bu Qanunun 21-ci maddəsində nəzərdə tutulmuş müvafiq hallar istisna olmaqla, sığortaçı mülki məsuliyyətin icbari sığortası üzrə sığorta hadisəsinin baş verməsində sığortalının və ya sığorta olunanın təqsirinin dərəcəsindən asılı olmayaraq, hər bir halda üçüncü şəxsin əmlakına dəyən zərərin əvəzini bu Qanunla müəyyən edilmiş qaydada ödəməlidir. Bu qanunun 56.1-ci maddəsinə əsasən üçüncü şəxsə dəyə bilən zərərə görə avtonəqliyyat vasitəsi sahiblərinin mülki məsuliyyətinin icbari sığortasına dair standart və sərhəd sığorta müqavilələri üzrə sığorta məbləğləri aşağıdakı kimi müəyyən edilir: 56.1.2. üçüncü şəxslərin əmlakına dəyən zərər üzrə 5000 manat. Həmin qanunun 52-1.2-ci maddəsinə əsasən zərərçəkənin bu Qanunun 52-1.1-ci maddəsində nəzərdə tutulmuş qaydada tələb irəli sürməsi onu zərərvurana qarşı zərərin sığorta məbləğindən artıq hissəsinin ödənilməsi tələbi ilə çıxış etmək hüququndan məhrum etmir. Göründüyü kimi, bu halda onun çəkdiyi xərc 5050 manat sığorta məbləğinin yuxarı həddindən 50 manat çox olduğu üçün qalan məbləği zərərvuran Cavabdeh2 tələb etmək hüququ mövcuddur. Eyni zamanda, Cavabdeh2 tərəfindən törədilən yol nəqliyyat hadisəsi nəticəsində o uzun müddət nəqliyyat vasitəsini idarə etmək imkanından məhrum olmuşdur və bu müddətdə taksi xidmətinə görə xərc çəkmişdir. Məhkəmə iclasında iddiaçının nümayəndəsi və vəkili Vəkil iddia tələbini müdafiə edərək, onun təmin edilməsini xahiş etdi. Məhkəmə iclasında Cavabdeh1 Sığorta Şirkəti ASC-nin nümayəndəsi Nümayəndə iddianı qəbul etməyərək onun təmin edilmədən saxlanılması barədə qətnamə qəbul edilməsini xahiş etdi və izah etdi ki, iş materiallarına əsasən nəqliyyat vasitəsi sahiblərinin mülki məsuliyyətinin icbari sığortası növü üzrə Cavabdeh1 Sığorta Şirkətində sığorta olunan “Hyundai Accent minik” markalı, ** XO *** dövlət qeydiyyat nişanlı avtomobil 30 dekabr 2020-ci il tarixində baş vermiş yol-nəqliyyat hadisəsi nəticəsində İddiaçı idarə etdiyi “Kia Rio” markalı, ** FJ *** dövlət qeydiyyat nişanlı avtomobillə toqquşmuşdur. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 925.1-ci maddəsinə əsasən, sığorta hadisəsi nəticəsində dəymiş zərərin miqdarını sığortalının, sığorta olunanın və ya faydalanan şəxsin, yaxud onların nümayəndəsinin təqdim etdiyi sığorta tələbi əsasında mümkün olan ən qısa müddət ərzində sığortaçı müəyyən edir. Həmin maddənin 2-ci bəndinə əsasən, sığortaçı dəymiş zərəri müxtəlif üsullarla, o cümlədən zərər dəymiş predmetin və ya hadisə yerinin fiziki və texniki xüsusiyyətlərini müxtəlif vasitələrlə təyin etməklə, sxem və cizgilər tərtib etməklə, foto və video çəkilişlər aparmaqla, bilavasitə özü və ya «Sığorta fəaliyyəti haqqında» Azərbaycan Respublikası Qanununun 10.10-cu maddəsinin tələbini nəzərə almaqla nümayəndəsi kimi təyin etdiyi sığorta sahəsində yardımçı fəaliyyət göstərən müvafiq şəxs vasitəsilə qiymətləndirir. İcbari sığortalar haqqında Azərbaycan Respublikası Qanununun 16.1-ci maddəsinə əsasən sığorta hadisəsi nəticəsində dövlət və bələdiyyə əmlakına dəyən zərərin məcburi qiymətləndirilməsi sığortaçı tərəfindən təmin edilməlidir. Adı çəkilən Qanunun 16.2-ci maddəsininin 1-ci cümləsində göstərilir ki, sığortaçı sığorta hadisəsi nəticəsində dəymiş zərərin məbləğini bilavasitə özü və ya Sığorta fəaliyyəti haqqında Azərbaycan Respublikası Qanununun 10.10-cu maddəsinin tələbini nəzərə almaqla təyin etdiyi sığorta sahəsində yardımçı fəaliyyət göstərən müvafiq şəxs vasitəsilə müəyyən edir. Qeyd edilənlərdən məlum olur ki, Cavabdeh1 Sığorta Şirkətinin sığorta hadisəsi nəticəsində dəymiş zərəri qiymətləndirmək hüququ qanunvericiliklə təsbit edilmişdir. Bunu nəzərə alaraq cavabdehin texniki ekspertiza şöbəsinin mütəxəssisləri tərəfindən əmlaka dəymiş zərər araşdırılmış və bununla bağlı müvafiq hesabat tərtib edilmişdir. Hesabata əsasən “Kia Rio” markalı ** FJ *** dövlət qeydiyyat nişanlı avtomobilə dəymiş zərərin məbləği 2725 manat təşkil edir. Mülki Məcəllənin 925.3-cü və “İcbari Sığortalar haqqında” Qanunun 16-cı maddələrinə əsasən sığorta hadisəsi nəticəsində dəyən zərərin sığortaçı tərəfindən qiymətləndirilməsi, habelə miqdarı barədə tərəflər arasında razılıq əldə edilmədikdə zərərin miqdarının qiymətləndirilməsi “Sığorta fəaliyyəti haqqında” Azərbaycan Respublikası Qanununun 10.10-cu maddəsinin tələbi nəzərə alınmaqla, təyin olunan müstəqil ekspert tərəfindən aparılır. Qeyd edilənlərlə bağlı 29 yanvar 2021-ci il tarixində iddiaçıya rəsmi məktub ünvanlanmış, məktubda dəymiş zərər məbləği barədə ona məlumat verilmiş, eyni zamanda cavabdehin onun avtomobilinin təmirini təşkil etməyə, eləcə də zərər məbləğinin qarşılıqlı razılıq əsasında təyin olunan müstəqil ekspert tərəfindən qiymətləndirilməsi təşkil etməyə hazır olduğu bildirilmişdir. Lakin iddiaçı təklif edilənlərə münasibət bildirməmişdir. Eyni zamanda “İcbari Siğortalar haqqında” Qanunun 17-ci maddəsində sığortalı və ya faydalanan şəxs tərəfindən sığorta ödənişinin verilməsi üçün tələb edilən sənədlərin siyahısı göstərilmişdir. Həmin tələb edilən sənədlər üzrə iddiaçı tərəfindən həmin Qanunun 17.1-ci maddəsinə uyğun olaraq sığorta tələbi, 17.1.10-cu maddəsinə uyğun olaraq isə faydalanan şəxsin şəxsiyyət vəsiqəsinin surəti eləcə də, bank rekvizitləri sığortaçıya təqdim edilməmişdir. Göstərilən səbəblərdən sığorta tərəfindən sığorta ödənişinin həyata keçirilməsi bu günədək mümkün olmamışdır. Ona görə də, iddianın rədd olunması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Cavabdeh2 məhkəmə baxışı iclasının vaxtı və yeri barədə rəsmi məlumat verilməsinə baxmayaraq o, məhkəmə iclasına gəlməmiş, gəlməməyin səbəbləri barədə məhkəməyə məlumat verməmişdir. Məhkəmə MPM-nin 185.5-ci maddəsinə əsasən işə cavabdehin iştirakı olmadan baxılmasını mümkün hesab edir. Məhkəmə tərəflərin izahatını dinləyib, iş materiallarını tədqiq edərək, hesab edir ki, iddia qismən təmin edilməlidir. İş materiallarında olan iddiaçı tərəfindən təqdim edilmiş X2 Mərkəzinin 05.01.2021-ci il tarixli Qüsur aktından görünür ki, “Kia Rio” markalı, 99FJ003 dövlət qeydiyyat nişanlı avtomobilə dəymiş zərər 5153,37 manat, o cümlədən ehtiyyat hissəsinin cəmi 4349,37 manat, servis xidməti 804,0 manat müəyyən olunmuşdur. İş materiallarında olan "xxxx" MMC-nin 249 nömrəli, 05.01.2021-ci il tarixli və 16.01.2021-ci il tarixli ödəniş qəbzlərindən görünür ki, ehtiyyat hissələrinə və xidmət haqqına görə 5050 manat ödəniş olmuşdur. İş materiallarında olan Cavabdeh1 Sığorta Şirkəti ASC tərəfindən təqdim olunmuş 12.01.2021-ci il tarixli Hesablamanın nəticəsi aktından görünür ki, “Kia Rio” markalı, 99FJ003 dövlət qeydiyyat nişanlı avtomobilə dəymiş zərər 2725,20 manat, o cümlədən ehtiyyat hissəsinin cəmi 2396,0 manat, görülən işlər 329,20 manat müəyyən olunmuşdur. İş materiallarında olan Cavabdeh1 Sığorta Şirkəti ASC tərəfindən İddiaçı ünvanlanmış 29.01.2021-ci il tarixli, Q-AP-2021 0421 nömrəli məktubdan görünür ki, ona məxsus olan avtomobilə dəymiş zərər şirkətin mütəxəssisləri tərfindən araşdırılmış və avtomobilə dəymiş zərər məbləği 2725 manat məüəyyən edilmişdir. Müəyyən edilmiş zərər məbləği ilə razı olmadığı halda Cavabdeh1 Sığorta Şirkəti onun yazılı razılığı ilə dəymiş zərərin sığorta sahəsində yardımçı fəaliyyət göstərən müstəqil ekspert tərəfindən qiymətləndirilməsini təşkil etməyə hazırdır. İş üzrə təyin edilmiş məhkəmə-əmtəəşunaslıq ekspertizasının 12.07.2021-ci il tarixli, 9/3524 nömrəli rəyindən görünür ki, nəzəri hesablama yolu ilə, «Kia Motors» servis mərkəzinin 05.01.2021-ci il tarixli qüsur aktındakı məlumatlara əsasən avtohissələrin qiymətləri nəzərə alınmaqla «Kia Rio» markalı ** FJ *** dövlət qeydiyyat nişanlı avtomobilin təmir-bərpa xərci hadisə baş verən tarixə təxminən 5098,0 manat, Cavabdeh1 Sığorta Şirkəti ASC-nin 12.01.2021-ci il tarixli qüsur aktındakı məlumatlara əsasən avtohissələrin qiymətləri nəzərə alınmaqla «Kia Rio» markalı ** FJ *** dövlət qeydiyyat nişanlı avtomobilin təmir-bərpa xərci hadisə baş verən tarixə təxminən 3601,0 manat müəyyən edilir. İş materiallarında olan 12.02.2021-ci il tarixli ödəniş qəbzindən görünür ki, İddiaçı tərəfindən hüquqi yardım haqqı olaraq Vəkil bank hesabına 200 manat köçürülmüşdür. Yuxarıda göstərildiyi kimi, hazırki iş üzrə tərəflərin hüquq münasibətləri 30 dekabr 2020-ci il tarixdə baş vermiş sığorta hadisəsi nəticəsində dəymiş ziyanın ödənilməsi ilə bağlı yaranmışdır. Mülki qanunvericilikdə sığorta hadisəsinin anlayışı verilməklə yanaşı, həmçinin sığorta hadisəsi baş verdiyi təqdirdə sığortalı və sığortaçının vəzifələri, habelə sığorta ödənişlərinin verilməsindən imtina əsasları da göstərilmişdir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 923.1-ci maddəsinə əsasən sığorta hadisəsinin baş verməsi barədə sığortalı və ya sığorta olunan şəxs, yaxud faydalanan şəxs hadisədən xəbər tutduqdan dərhal sonra və ya mümkün olan ən qısa müddət ərzində sığortaçıya və ya onun nümayəndəsinə, eyni zamanda həmin hadisə barədə məlumatlandırılmalı olan səlahiyyətli dövlət orqanlarına hər hansı vasitə ilə xəbər verməlidir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 925.1-ci maddəsinə əsasən sığorta hadisəsi nəticəsində dəymiş zərərin miqdarını sığortalının, sığorta olunanın və ya faydalanan şəxsin, yaxud onların nümayəndəsinin təqdim etdiyi sığorta tələbi əsasında sığortaçı müəyyən edir. Həmin Məcəllənin 925.5-ci maddəsinə əsasən əmlak sığortası müqaviləsi üzrə sığortalı, sığorta olunan və ya üçüncü şəxs aşağıdakı hallar istisna olmaqla, zərər dəymiş əmlakı sığorta hadisəsindən dərhal sonrakı vəziyyətdə sığortaçıya və ya onun səlahiyyətli nümayəndəsinə təqdim etməlidir. Həmin Məcəllənin 935.1.1-ci maddəsinə əsasən bu Məcəllənin 923.1-ci maddəsinin tələblərinə əməl edilməməsi nəticəsində sığortaçının hadisənin səbəblərini və (və ya) dəyən zərərin həcmini müəyyənləşdirmək imkanından tam və ya qismən məhrum olması ilə əlaqədar olaraq onun mənafeləri əhəmiyyətli dərəcədə pozulduqda sığortaçı sığorta ödəməkdən imtina edir. Qanunvericiliyin qeyd edilən normalarından aydın olur ki, sığorta hadisəsi barədə sığortalı və digər şəxslər tərəfindən sığortaçıya dərhal və mümkün olan ən qısa müddət ərzində məlumat verilməməsi nəticəsində sığortaçı, hadisənin səbəblərini və (və ya) dəyən zərərin həcmini müəyyənləşdirmək imkanından tam və ya qismən məhrum olması ilə əlaqədar onun mənafeyi əhəmiyyətli dərəcədə pozulduqda sığorta ödəməkdən imtina edə bilər. Qeyd edilən hal onu təsdiq edir ki, məhz göstərilən hallar müəyyən edildikdə, sığortaçı tərəfindən sığorta ödənişindən imtina edilə bilər. Qanunun 935.1.1-ci maddəsinin məzmunundan aydın olur ki, sığorta ödənişindən imtina əsası kimi müəyyən edilmiş şərtlərin sübut edilməsini məhz sığorta ödəməkdən imtina edən sığortaçının üzərinə düşür. Lakin sığortaçı tərəfindən məhkəməyə sığorta hadisəsinin səbəbini və dəyən zərərin həcminin müəyyənləşdirmək imkanından məhrum olması ilə əlaqədar onların mənafeylərinin əhəmiyyətli dərəcədə pozulmasını təsdiq edən hər hansı bir mötəbər sübut təqdim edilməmişdir. Halbuki mülki prosessual qanunvericiliyin 77-ci maddəsinə əsasən hər bir tərəf öz tələb və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Məhkəmə iclasında sübutların tədqiqi ilə kifayət qədər müəyyən olundu ki, nəqliyyat vasitəsi sahiblərinin mülki məsuliyyətinin icbari sığortası növü üzrə Atəşgah” Sığorta Şirkətində sığorta olunan “Hyundai Accent minik” markalı, ** XO *** dövlət qeydiyyat nişanlı avtomobilin sürücüsü Cavabdeh2 tərəfindən 30.12.2020-ci il tarixində törədilən yol-nəqliyyat hadisəsi nəticəsində İddiaçı idarə etdiyi “Kia Rio” markalı, ** FJ *** dövlət qeydiyyat nişanlı avtomobilə zərər dəymişdir. Bu yol-nəqliyyat hadisəsi ilə bağlı Cavabdeh2 İnzibati Xətalar Məcəlləsinin 327.1-ci maddəsi ilə təqsirli bilinərək barəsində İXP3704079 nömrəli inzibati protokol tərtib olunmuşdur. İddiaçıya məxsus “Kia Rio” markalı, ** FJ *** dövlət qeydiyyat nişanlı avtomobilə dəymiş zərər nəqliyyat vasitəsinin rəsmi servisindən verilən 05.01.2021-ci il tarixli ilkin və 16.01.2021-ci il tarixli yekun qüsur aktları ilə zərər ümumilikdə 5050 manat həcmində müəyyən olunmuş, Cavabdeh1 Sığorta ASC tərəfindən təqdim edilmiş 12.01.2021-ci il tarixli qüsur aktına əsasən isə iddiaçıya məxsus avtomobilə dəymiş zərər 2725.2 manat qiymətləndirilmişdir. Məhkəmə tərəfindən təyin edilmiş məhkəməəmtəəşünaslıq ekspertizasının 12.07.2021-ci il tarixli, 9/3524 nömrəli rəyinə əsasən nəzəri hesablama yolu ilə, «Kia Motors» servis mərkəzinin 05.01.2021-ci il tarixli qüsur aktındakı məlumatlara əsasən avtohissələrin qiymətləri nəzərə alınmaqla «Kia Rio» markalı ** FJ *** dövlət qeydiyyat nişanlı avtomobilin təmir-bərpa xərci hadisə baş verən tarixə təxminən 5098,0 manat, Cavabdeh1 Sığorta Şirkəti ASC-nin 12.01.2021-ci il tarixli qüsur aktındakı məlumatlara əsasən avtohissələrin qiymətləri nəzərə alınmaqla «Kia Rio» markalı ** FJ *** dövlət qeydiyyat nişanlı avtomobilin təmir-bərpa xərci hadisə baş verən tarixə təxminən 3601,0 manat müəyyən edilmişdir. Beləliklə, məhkəmə iclasında sübutların tədqiqi ilə kifayət qədər müəyyən olundu ki, 30.12.2020-ci il tarixdə sığorta hadisə baş vermişdir. Sonradan tərəflər sığorta məbləğində razılığa gələ bilməmişdir. Buna səbəb Sığorta şirkətinin və sərbəst qiymətləndiricinin göstərdikləri qiymətdə böyük fərq olmasıdır. “İcbari Sığortalar haqqında" Qanunun 56.1.2-ci maddəsinə əsasən avtonəqliyyat vasitəsi sahiblərinin mülki məsuliyyətin icbari sığortası üzrə üçüncü şəxslərin əmlakına dəyən zərər üzrə sığorta məbləği 5000 manat təşkil edir. Həmin Qanunun 10.1-ci maddəsinə əsasən sığorta məbləği bu Qanuna uyğun olaraq sığorta obyektinin sığortalandığı və sığortaçının öhdəliklərinin bu Qanunla müəyyənləşdirilmiş məbləğlə ifadə olunan son həddidir. Məhkəmə tərəfindən təyin olunmuş məhkəmə-əmtəəşünaslıq ekspertizasının 12.07.2021-ci il tarixli, 9/3524 nömrəli rəyi ilə «Kia Motors» servis mərkəzinin 05.01.2021-ci il tarixli qüsur aktındakı məlumatlara əsasən avtohissələrin qiymətləri nəzərə alınmaqla iddiaçıya məxsus avtomobilin təmir-bərpa xərci hadisə baş verən tarixə təxminən 5098,0 manat müəyyən edildiyini, iddiaçı tərəfindən sığorta ödənişi kimi 5050 manat tələb olunduğunu nəzərə alaraq, məhkəmə hesab edir ki, həmin məbləğdən Cavabdeh1 Sığorta Şirkətindən iddiaçının xeyrinə tutulacaq məbləğ çıxılmaqla qalan 50 manat (5050-5000=50) Cavabdeh2 tutularaq iddiaçıya ödənilməlidir. Bununla yanaşı, məhkəmə hesab edir ki, Cavabdeh2 ona vurduğu zərər nəticəsində nəqliyyat vasitəsindən istifadə etmək imkanından məhrum olduğu üçün onun 05 yanvardan 16 yanvara qədər taksi xidmətindən istifadə ilə əlaqədar çəkdiyi xərc olan gündəlik 50 manat olmaqla, 600 manat ödənilməsi hissəsində iddia tələbi təmin edilməməlidir, belə ki, iddiaçı tələbin həmin hissəsi ilə bağlı məhkəməyə sübut təqdim etməmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 121.1-ci maddəsinə əsasən məhkəmə nümayəndənin və ya vəkilin göstərdiyi yardıma görə xərclərin, konkret hallar və çıxış üçün təqdim olunmuş hesab nəzərə alınmaqla, digər tərəfdən ağlabatan məbləğdə alınıb xeyrinə qətnamə çıxarılan tərəfə verilməsini qərara alır. Azərbaycan Respublikası MPM-nin 119.1-ci maddəsinə görə məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 77.1-ci maddəsinə əsasən, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 14.2-ci maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 217.4-cü maddəsinə görə isə, məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 216- 220, 360-cı maddələrini rəhbər tutaraq məhkəmə, QƏT ETDİ: İddia qismən təmin edilsin. Cavabdeh1 Sığorta Şirkəti Açıq Səhmdar Cəmiyyətindən 5000 (beş min) manat sığorta ödənişi tutularaq İddiaçı ödənilsin. Cavabdeh2 50 (əlli) manat, vəkil xidmətinə görə 200 (iki yüz) manat və ödənilmiş 30 (otuz) manat dövlət rüsumu tutularaq İddiaçı ödənilsin. Qalan hissədə iddia təmin edilməsin. Ekspertiza tədqiqatının dəyəri 100 (yüz) manat Cavabdeh1 Sığorta Şirkəti Açıq Səhmdar Cəmiyyətindən tutularaq AR Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin aşağıdakı hesabına köçürülsün: X1, kod 210005, VÖEN:**********, Müxbir hesab:AZ41NABZ********************, SFİFT:BİK CTREAZ22, MEM, VÖEN:**********, Hesab: AZ34CTRE********************. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı şəhəri Səbail rayon Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Hakim Mədinə Bağırova
Məhkəmə qərarları › İş №2(009)-824/2021
Bakı Şəhəri Səbail Rayon Məhkəməsi Qətnamə — İş №2(009)-824/2021
14.09.2021 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Sığorta müqaviləsi üzrə mübahisələr - Sığorta ödənişinin ödənilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver