Məhkəmə qərarları › İş №2(009)-837/2021

Bakı Şəhəri Səbail Rayon Məhkəməsi Qərardad — İş №2(009)-837/2021

22.02.2021 · Əmək mübahisələri - Əmək haqqı tələbi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2(009)-837/2021 22.02.2021 BAKI ŞƏHƏRİ SƏBAİL RAYON MƏHKƏMƏSİ Hakim Abdullayev Şahin Zülfüqar oğlunun sədrliyi ilə İddiaçı cavabdeh Azərbaycan Respublikasının Baş Prokurorluğuna qarşı əmək haqqının ödənilməsi tələbinə dair iddia ərizəsinə baxaraq… MÜƏYYƏN ETDİ: İddiaçı cavabdeh Azərbaycan Respublikasının Baş Prokurorluğuna qarşı əmək haqqının ödənilməsi tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək xx.xx.2011-ci il tarixdən xx.xx.2004-cü il tarixə kimi hər ay üçün ona verilməli olan 1617 manat olmaqla cəmi 67914 manat pulun Baş Prokurorluq tərəifndən ona verilməsinə dair qətnamə çıxarılmasını xahiş etmişdir. Hakim iş materillarını araşdırıb hesab edir ki, iddia ərizəsi ümumi məhkəmədə baxılmalı olmadığından iddianın yolverilməzliyinə görə geri qaytarılmalıdır. İddiaçı tərəfindən irəli sürülmüş tələbdən görünür ki, o xx.xx.1992-ci ildən xx.xx.2019-cu il tarixə kimi prokurorluq orqanlarında müxtəlif vəzifələrdə işləmişdir. xx.xx.2019-cu il tarixdə təqaüdə çıxmışdır. xx.xx.2001-ci ildən xx.xx.2004-cü il tarixədək o, Baş Prokurorluğun sərəncamında saxlanılmışdır. Həmin müddət ərzində ona heç bir əmək haqqı verilməmişdir. 05.11.202-ci il tarixdə və xx.xx.2020-ci il tarixdə iddiaçı AR Baş Prokurrluğuna müraciət edərək sərəncamda olduğu müddət üçün ona verilməyən əmək haqqının verilməsini tələb etmiş, lakin onun bu tələbi yerinə yetirilməmiş və yalnız sərəncamda saxlanılması barədə arayış verilmişdir. “İnzibati icraat haqqında” AR Qanununun 3.2-ci maddəsinə əsasən “inzibati icraat haqqında” Qanun inzibati orqanların cinayət təqibi üzrə cinayət-prosessual fəaliyyətinə və inzibati xətalara dair işlər üzrə fəaliyyətinə şamil olunmur. “Prokurorluq haqqında” AR Qanununun 28-ci madəsinə əsasən prokurorluq işçilərinin hərəkətlərindən (hərəkətsizliyindən) və aktlarından müvafiq olaraq yuxarı prokurora və ya məhkəməyə şikayət verilə bilər. Göründüyü kimi prokurorluq tərəfindən iddiaçıya əmək haqqının ödənilməsindən imtina cinayət təqibi üzrə cinayət-prosessual fəaliyyətlə hər hansı hərəkət (hərəkətsizlik) və ya qərar deyildir. İşin hallarından da göründüyü kimi iddiaçının barəsində hər hansı cinayət təqibi həyata keçirilməmiş, eləcə də mübahisələndirilən hərəkət (hərəkəsizlik) aparılan (mövcud) hər hansı başqa bir cinayət təqibinin gedişində də qəbul edilməmişdir. Bundan başqa CPM-də prokuror tərəfindən cinayət-prosessual fəaliyyətlə bağlı olmayan hərəkətin (hərəkətsizliyin) edilməsi məhkəmə nəzarəti qaydasında mübahisələndirilməsi imkanları da nəzərdə tutulmamışdır. Məhkəmə nəzarəti qaydasında yalnız cinayət prosesini həyata keçirən orqanın prosessual hərəkətlərinə və ya qərarlarına dair şikayətlərə baxıla bilər. İddiaçıya sərəncamda olduğu müddət üçün əmək haqqının verilməməsi cinayət prosesi gedişində qəbul edilmiş prosessual hərəkət (hərəkətsizlik) olmadığı üçün onun məhkəmə nəzarəti qaydasında mübahisələndirilməsi də mümkün deyildir. Müvafiq olaraq “Prokurorluq haqqında” AR Qanun (28-ci maddə) prokurorluq işçisinin hərəkətindən(hərəkətsizliyindən) məhkəməyə şikayət vermə hüququnu nəzərdə tutduğundan, yuxarıda göstərilənlərə əsasən isə belə şikayətə CPM-də təsbit edilmiş məhkəmə nəzarəti qaydasında baxılması istisna edilir. Beləliklə baxılan iş üzrə mübahisə publik hakimiyyət daşıyıcısı olan orqanın (Baş Prokurorluq) iddiaçıya münasibətdə hakimiyyət səlahiyyətlərini tətbiq etməsi çərçivəsində etdiyi hərəkətin (hərəkətsizlik) qanuniliyi və bu hərəkət qanunsuz sayılaraq inzibati orqanın üzərinə inzibati aktın qəbul edilməsi ilə bağlı olmayan öhdəliyin qoyulması ilə bağlıdır. “İnzibati və mülki hüquq münasibətlərindən irəli gələn mübahisələrin məhkəmə aidiyyətinə dair” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 4 saylı xx.xx.2015-ci il tarixli qərarına əsasən mübahisənin məhkəmə aidiyyətinin müəyyən edilməsi üçün ilk növbədə mübahisənin tərəflərinin hüquqi vəziyyəti və onların arasındakı münasibətlərin ümumi (publik), yaxud xüsusi hüququn nizamasalma predmetinə aid olduğu müəyyən edilməlidir. Xüsusi hüquq, onun subyektləri olan fiziki və hüquqi şəxslər arasında yaranan hüquq münasibətlərini tənzimləyir; xüsusi hüquq münasibətlərinin tərəfləri bərabər mövqedədir, onlar öz iradələrini ifadə etməkdə sərbəstdirlər və heç biri digərinə münasibətdə hakimiyyət səlahiyyətlərini tətbiq etmir. Ümumi (publik) hüquq isə, publik hakimiyyət daşıyıcıları (Azərbaycan Respublikasının müvafiq icra hakimiyyəti orqanları, onların yerli (struktur) və digər qurumları, bələdiyyələr, habelə qanuna əsasən inzibati akt qəbul etmək səlahiyyəti verilmiş hər hansı fiziki və ya hüquqi şəxs) ilə fiziki və ya hüquqi şəxslər arasında olan münasibətləri tənzimləyir. Bu münasibətlərdə inzibati orqan qanunla ona həvalə edilmiş inzibati funksiyanı yerinə yetirir və digər tərəfə münasibətdə hakimiyyət səlahiyyətlərini tətbiq edir(2 və 3.1-ci bəndlər). “İnzibati icraat haqqında” Qanunun 1.1-ci maddəsinə əsasən bu Qanun inzibati aktların qəbul edilməsi, icra olunması və ya ləğv edilməsi ilə bağlı inzibati orqanlar tərəfindən həyata keçirilən fəaliyyətin hüquqi əsaslarını, prinsiplərini və prosedur qaydalarını müəyyən edir. İnzibati- Prosessual Məcəllənin 1.1-ci maddəsində isə təsbit edilmişdir ki, bu Məcəllə inzibati hüquq münasibətləri ilə bağlı mübahisələrin məhkəmə aidiyyətini, həmin mübahisələrə məhkəmədə baxılmasının və həll edilməsinin prosessual prinsiplərini və qaydalarını müəyyən edir. Həmin Məcəllənin 2.1-ci maddəsinə görə qanunla başqa aidiyyət qaydası müəyyən edilməmişdirsə, inzibati mübaşhisələ dair işlər üzrə məhkəmə icraatı inzibati məhkəmələr və inzibati kollegiyalar tərəfindən həyata keçirilir. Beləliklə hazırki mübahisə inzibati mübahisə olduğu üçün iddia tələbi inzibati məhkəməyə aiddir. AR İPM-nin 2.2.3-ci maddəsinə əsasən inzibati orqan tərəfindən inzibati aktın qəbul edilməsi ilə əlaqədar olmayan müəyyən hərəkətlərin edilməsinə dair iddialara (öhdəliyin icrası haqqında iddia) inzibati məhkəmə icraatı qaydasında baxılır. AR MPM-nin 153.2.1-ci maddəsinə əsasən ərizəyə məhkəmə qaydasında baxılmalı deyildirsə, hakim iddianın yolverilməzliyinə görə iddia ərizəsini qəbul etməkdən imtina edir. Həmin Məcəllənin 153.3-cü maddəsinə əsasən hakim ərizəni qəbul etməkdən imtina barədə əsaslandırılmış qərardad çıxarır. İşə məhkəmə qaydasında baxılmalı deyildirsə, iddiaçının hansı orqana müraciət etməli olmasını orada göstərir. «İnzibati və mülki hüquq münasibətlərindən irəli gələn mübahisələrin məhkəmə aidiyyətinə dair» Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun xx.xx.2015-ci il tarixli 4№-li qərarının 15.4-cü bəndinə əsasən inzibati və ya cinayət məhkəmə icraatı qaydasında, habelə inzibati xətalara dair işlər üzrə icraat qaydasında baxılmalı olan işlərin aidiyyəti üzrə göndərilməsi MPM-də nəzərdə tutulmamışdır. Bu səbəblə nəzərə alınmalıdır ki, inzibati məhkəməyə aid iddia ərizəsi ümumi məhkəməyə verilmişdirsə, MPM-in 153.2, 153.2.1-ci maddələrinə əsasən, ərizəyə mülki məhkəmə icraatı qaydasında ümumi məhkəmədə baxılmalı olmaması əsası ilə iddianın yolverilməzliyinə görə iddia ərizəsinin qəbulundan imtina olunmalı, inzibati məhkəməyə aid iş səhvən ümumi məhkəmənin icraatına qəbul edilmişdirsə, MPM-nin 261.0, 261.0.1-ci maddələrinə əsasən, işə mülki məhkəmə icraatı qaydasında ümumi məhkəmədə baxılmalı olmaması əsası ilə iş üzrə icraata xitam verilməli, iddiaçıya aidiyyəti üzrə səlahiyyətli məhkəməyə müraciət etmək hüququ izah olunmalıdır. Hakim həmçinin izah edir ki, iddiaçı göstərilən tələblə aidiyyəti üzrə inzibati məhkəməyə müraciət edə bilər. Şərh olunanlara əsasən və AR MPM-nin 153-cü madədsini rəhbər tutaraq, məhkəmə… QƏRARA ALDİ: İddiaçı cavabdeh Azərbaycan Respublikasının Baş Prokurorluğuna qarşı əmək haqqının ödənilməsi barədə iddia ərizəsinin məhkəmə icraatına qəbulu, qərardadın əsaslandırıcı hissəsində göstərilənlər nəzərə alınmaqla yolverilməz hesab olunsun və iddia ərizəsi sənədlərlə birlikdə iddiaçıya geri qaytarılsın. İddiaçıya izah edilsin ki, o hazırki tələblə aidiyyəti üzrə müvafiq inzibati məhkəməyə müraciət edə bilər. Qərardaddan 10 gün müddətində Səbail rayon Məhkəməsinə şikayət verilə bilər. Hakim:Şahin Abdullayev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar