Məhkəmə qərarları › İş №2(009)-865/2021

Bakı Şəhəri Səbail Rayon Məhkəməsi Qətnamə — İş №2(009)-865/2021

18.03.2021 · Ailə münasibətləri üzrə mübahisələr - Alimentin təyin edilməsi tələbi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(009)-865/2021 18.03.2021 BAKI ŞƏHƏRİ SƏBAİL RAYON MƏHKƏMƏSİ Hakim Süleymanova Şəhla Ənvər qızının sədrliyi, Əkbərli Leyla Mirfazil qızının katibliyi ilə, İddiaçı, Cavabdeh nümayəndəsi və vəkili X1 iştirakı ilə, İddiaçı Cavabdeh qarşı “aliment tutulması” tələbinə dair iddiası üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı ərizə ilə məhkəməyə müraciət edərək Cavabdeh oğlundan xx xxxxxx 2018-ci il təvəllüdlü X3 və xx xxxxxxxx 2020-ci il təvəllüdlü X4 yetkinlik yaşına çatanadək saxlanılması üçün hər ay hər uşağa görə 200 (iki yüz) manat, uşağların saxlanılmasına görə isə onun xeyrinə 200 manat sabit pul məbləğində alimentin cavabdehdən tutulması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Məhkəmə baxışı ilə məlum olmuşdur ki, iddiaçı İddiaçı ilə Cavabdeh xx.xx.2017-ci il tarixdə rəsmi nikaha girməklə ailə həyatı qurmuş və həmin nikahdan xx xxxxxx 2018-ci il təvəllüdlü X3 və xx xxxxxxxx 2020-ci il təvəllüdlü X6 dünyaya gəlmişdir. Əvvəllər Cavid ilə bir müddət mehriban yaşasalar da, sonradan aralarında müəyyən mübahisələr yaranmışdır. Bunun da səbəbi Cavidin evə, ailəyə baxmaması idi. Artıq bir neçə aydır ki, o uşaqları ilə birlikdə Caviddən ayrı yaşayır. O, birgə nikahdan doğulmuş uşaqların saxlanması üçün maddi cəhətdən çətinlik çəkir, Cavid isə uşaqların saxlanılmasına heç bir maddi yardım etmir. Məhkəmə iclasında iddiaçı iddia ərizəsinə uyğun izahat verərək iddianın təmin edilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə iclasında Cavabdeh nümayəndəsi və vəkili X2 izahat verərək bildirmişdir ki, cavabdeh ilə iddiaçı məhkəmədən kənar bu münasibəti həll edə bilərdilər. İddia tələbini qismən qəbul etdiyini, cavabdehin işləmədiyini nəzərə alaraq hər uşağa 100 manat aliment tutulmasını xahiş etmişdir. Məhkəmə iş materiallarını araşdıraraq hesab edir ki, iddia tələbi qismən təmin edilməlidir. Məhkəmə ilk növbədə iddia tələbinin aliment tutulması hissəsi ilə bağlı qeyd edir ki, Azərbaycan Respublikası Ailə Məcəlləsinin 78.1-ci maddəsinə əsasən valideynlər arasında yetkinlik yaşına çatmayan uşaqlara aliment ödənilməsi barədə saziş yoxdursa, eləcə də aliment verməyə borclu olan valideynin qazancı (gəliri) qeyri-müntəzəm, dəyişən olarsa, ya da qazancın (gəlirin) hamısını və ya bir hissəsini həmin valideyn natura və ya xarici valyuta ilə alırsa, yaxud onun qazancı və ya sair gəliri yoxdursa, habelə alimentin valideynin qazancından (gəlirindən) müəyyən hissə kimi tutulması mümkün olmadığı, çətinlik törətdiyi və ya tərəflərdən birinin marağını əhəmiyyətli dərəcədə pozduğu başqa hallarda, uşaqların saxlanması üçün vəsait tutulmasını tələb edən şəxsin xahişi ilə alimentin miqdarı məhkəmə tərəfindən hər ay ödənilməli olan sabit pul məbləğində və ya eyni zamanda həm sabit pul məbləğində, həm də bu Məcəllənin 76-cı maddəsinə uyğun olaraq qazancın (gəlirin) müəyyən hissəsi kimi müəyyən edilə bilər. Ailə Məcəlləsinin 78.2-ci maddəsinə görə sabit pul məbləğinin miqdarı məhkəmə tərəfindən tərəflərin maddi və ailə vəziyyəti, diqqətəlayiq olan digər hallar nəzərə alınmaqla uşağın əvvəlki təminatının səviyyəsinin mümkün qədər maksimal saxlanması əsas tutularaq müəyyən edilir. “Azərbaycan Respublikasında 2021-ci il üçün yaşayış minimumu haqqında” Qanunla uşaqlar üçün nəzərdə tutulmuş yaşayış minimumunu əsas götürərək məhkəmə, cavabdehdən sabit pul məbləğində tutulacaq aliment məbləğinin 175 manat həcmində müəyyənləşdirilməsini məqsədəmüvafiq hesab edir. Bununla belə, məhkəmə vurğulayır ki, iddia tələbi tam təmin edilməsi aşağıdakılara görə məqsədəuyğun deyil. Belə ki, cavabdehin iş yeri və gəlirləri barədə iddia ərizəsində göstərilən xüsusatları təsdiq edəcək hər hansı mötəbər sübut təqdim edilməmişdir. Odur ki, məhkəmə cavabdehin özünün də maddi və əmlak mənafelərini nəzərə alır. Bundan əlavə, məhkəmə hesab edir ki, uşağın saxlanılmasını tam olaraq valideynlərdən birinin üzərinə qoymaq, konkret olaraq hazırkı işdə uşağın saxlanılması üçün yalnız atanın (cavabdehin) maddi öhdəliyini tanıyaraq alimentin məbləğini 200 manat miqdarında müəyyən etmək Azərbaycan Respublikası Konstitusiyasının 17-ci və Ailə Məcəlləsinin 56.1-ci maddələrinə uyğun olmazdı. Həmin normaların mənasından görünür ki, uşaqların saxlanılması valideynlərdən birinin deyil, onların hər ikisinin bərabər vəzifəsidir və məhkəmə tərəflərin əmlak vəziyyətini nəzərə alaraq, bərabərlik qaydasına mümkün qədər riayət olunmasını təmin etməlidir. Qeyd olunanlara əsasən uşağın saxlanılması üçün zəruri olan maddi təminatın həm də iddiaçının vəzifəsi olduğunu, tərəflərin maddi vəziyyəti, diqqətəlayiq olan digər maraqları, habelə uşağın təminat səviyyəsinin mümkün qədər maksimal saxlanması və yuxarıda göstərilən digər halları nəzərə alaraq, məhkəmə xx xxxxxx 2018-ci il təvəllüdlü X3 və xx xxxxxxxx 2020-ci il təvəllüdlü X4 yetkinlik saxlanılması üçün iddiaçının xeyrinə tutulan aliment məbləğinin 175 manat sabit pul məbləğində müəyyən olunmasını ədalətli hesab edir. Ailə Məcəlləsinin 100.2-ci maddəsinə əsasən, aliment məhkəməyə müraciət edildiyi vaxtdan tutulur. Məhkəmə eyni zamanda hesab edir ki, iddiaçı dövlət rüsumundan azad edildiyindən, cavabdehdən dövlət nəfinə dövlət rüsumunun əvəzi kimi 30 manat məbləğində pul tutulmalıdır. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 77.1-ci maddəsinə müvafiq olaraq hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Məhkəmə iş üzrə sübutlara Mülki Prosessual Məcəllənin 88-ci maddəsinin tələblərinə uyğun olaraq obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət vermiş, iddia ərizəsində qoyulmuş tələblər üzrə nəticəyə gələrkən isə Mülki Prosessual Məcəllənin 217.4-cü maddəsində təsbit edilmiş bilavasitəlilik prinsipinə uyğun olaraq yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlara əsaslanmışdır. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 227, 234 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia qismən təmin edilsin. xx xxxxxx 2018-ci il təvəllüdlü X3 və xx xxxxxxxx 2020-ci il təvəllüdlü X4 yetkinlik yaşına çatanadək onun saxlanılması üçün xx xxxxxx 2021-ci il tarixdən Cavabdeh hər ay hər uşaq üçün 175 (yüz yetmiş beş) manat sabit pul məbləğində aliment tutularaq İddiaçı verilsin. Cavabdeh dövlət nəfinə dövlət rüsumunun əvəzi kimi 30 (otuz) manat məbləğində pul tutulsun. Qətnamə alimentin tutulması hissəsində dərhal icra edilsin. İddia tələbi qalan hissədə təmin edilməsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Səbail Rayon Məhkəməsi (AZ-1003, Bakı şəhəri, M.Useynov küçəsi 5) vasitəsi ilə Bakı Apelyasiya Məhkəməsinə (Bakı şəhəri, Zahid Xəlilov küçəsi 540-cı məhəllə) apelyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, qəbul edildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim Şəhla Süleymanova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar