Məhkəmə qərarları › İş №2(009)-87/2024

Bakı Şəhəri Səbail Rayon Məhkəməsi Qətnamə — İş №2(009)-87/2024

27.02.2024 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Sığorta müqaviləsi üzrə mübahisələr - Sığorta müqaviləsi üzrə sair mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(009)-87/2024 27.02.2024 BAKI ŞƏHƏRİ SƏBAİL RAYON MƏHKƏMƏSİ Bakı şəhəri Səbail Rayon Məhkəməsinin hakimi Rəna Nazim qızı Qafarovanın sədrliyi, Məhkəmə iclas katibi Pərvin Kamandar oğlu Paşazadənin katibliyi, İddiaçı nümayəndəsi X5, nümayəndəsi və vəkili Vəkil Zəki qızının, Cavabdeh "xxxx" Sığorta Şirkəti ASC-nin nümayəndəsi X1 iştirakları ilə, İddiaçı cavabdeh "xxxx" Sığorta Şirkəti ASC-yə qarşı "sığorta müqaviləsi üzrə kompensasiyanın ödənilməsi" tələbinə dair iddiası üzrə mülki işə məhkəmənin binasında açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: Təsviri hissə: İddiaçı cavabdeh "xxxx" Sığorta Şirkəti ASC-yə qarşı "sığorta müqaviləsi üzrə kompensasiyanın ödənilməsi" tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, müqaviləsi əsasında ona sığorta şirkəti tərəfindən 44390 (qırx dörd min üç yüz doxsan) avro məbləğində kompensasiya ödənilməsi, Respublika Sığorta fonduna və Maliyyə Nazirliyinin Sığortaya nəzarət idarəsinə xəbərnamə xarakterli vəsatət qaldırılması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddianın dəlilləri: Almaniya Federativ Respublikasının Bakıdakı Səfirliyinin viza mərkəzi olan Visametric-dən Schengen vizasına tələb olunan sənədləri verərkən ele orada yerləşən Atəşgah sığorta ASC-nin nümayəndəsindən C02902125 nömrəli xarici pasportu əsasında Atəşgah sığortanın mövcud tariflərinə görə ən üstün Platinum paket SS- 09285347 nömrəli səyahət sığortası şəhadətnaməsini əldə edərək 26 iyul 2022-ci il tarixində, qardaş X9 ilə birlikdə turizm məqsədilə Almaniyaya səyahətə çıxmışlar. Həmin tarixdə birbaşa Bakı-Berlin uçuşunu tapmaqda çətinlik yarandığı üçün İstanbul üzərindən Belçikaya və oradan sonra Berlinə getməyi planlaşdırmışlar. Bakı-İstanbul-Belçikaya getmiş və oradan da qatarla Berlinə getmək istəyərkən, Belçikanın ərazisində şiddətli atəşi qalxdı, ürək bulanması və təzyiqdən əziyyət çəkdiyi üçün təcili yardım çağırıldı, o, Belçikada xəstəxanaya yerləşdirildi. Orada ona koronavirus diaqnozu ilə xəstəlik vərəqəsi açıldı. Müalicə reanimasiyada gedərkən kəskin ürək çatışmazlığından çoxlu sayda aparatlardan və analizlərdən keçəndən sonra və ürək ağrılarından aparatda baxılarkən həyat üçün təhlükəli məqam yaşandığından təcili anjioqrafiya edildi, stend qoymaq mümkün olmadığından, bir gün sonra təkrar anjioqrafiya edildi, və açıq ürək əməliyyatı edilməsinin qaçılmaz olduğu aşkarladılar. Bir neçə və səhəri günü həyatı üçün təhlükəli kritik vəziyyət yarandığından, əməliyyat otağına aparıldı və ürəyindən açıq əməliyyat olundu. Həyatda yaşamaq mübarizəsi yaşadı, əməliyyatdan 15-20 gün keçdikdən sonra döş qəfəsində açıq əməliyyat aparılan zaman sümük bitişmədiyindən təkrar əməliyyat edilməsi məcburiyyətini də yaşadı. Anjioqrafiya və əməliyyatın kompyüter disk görüntüləri xəstəlik kağızına əlavə edilmişdir. Bütün edilən analiz və aparatların və xəstəxanada qaldığı palata baxım ödəmə haqqını hər gün hesablaşmalı olduğunu xatırladırdılar. Çox böyük məbləğ olduğundan sığorta müqaviləsii xəstəxananın sığorta şöbəsinə təqdim etdi. Orada Atəşgah sığortanın Belçikadakı ortaqları, təmsilçiləri Avropada əməkdaşlıq etdiyi nümayəndəsi Remed Assistance ilə əlaqə saxladılar, nümayəndələri gəlib xəstəlik kağızı ilə tanış oldular və ödəmələri özləri ödəyəcəklərinə söz verdiklərinə baxmayaraq ödəniş etmədilər. X12 gördü ki, xəstəxana ödəmələr olmadan heç bir hərəkət və diqqət göstərmirlər, Atəşgahın nümayəndəsinin ödənişlərimizdən sonra Bakı mərkəz ofisindən bütün ödənişləri sonda ödəyəcəklərini razılaşandan sonra məcbur qalıb xəstəxananın kassasına nağd şəkildə birinci dəfə 20 000 (iyirmi min) avro, ikinci dəfə 17360 (on yeddi min üç yüz altmış) avro və 12000 (on iki min) avro pul ödədi. Bunlar Belçikadakı sığorta nümayəndələrinin şahidliyi ilə oldu və dedilər ki, Bakıda əvəzi Atəşgah sığorta şirkəti tərəfindən ödəniləcəkdir. Bunlara əsasən dəfələrlə Atəşgah sığorta şirkətinə yazılı sənəd və sübutlarla təqdim edilməsinə baxmayaraq aylarla süründürərək 4970 (dörd min doqquz yüz yetmiş) avro ödəniləcəyinə dair məktub verdilər və qalan pulları ödəməyəcəkləri barədə xx.xx.2023-cü il tarixli, O-A-2023-054 nömrəli tarixli məktubla xəbər verdilər. Ona ödəniləcək məbləğ cəmi 49360 (qırx doqquz min üç yüz altmış) avrodur, bundan 4970 avro çıxılanda 44390 (qırx dörd min üç yüz doxsan) avro ödənilməlidir. Məhkəmə iclasında iştirak edən İddiaçı nümayəndəsi X10 iddianı müdafiə edərək iddia tələbinin təmin edilməsini xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən İddiaçı nümayəndəsi və vəkili Vəkil Zəki qızı iddianı müdafiə edərək iddia tələbinin təmin edilməsini xahiş etmişdir. Etirazın dəlilləri: İddiaçı Hadi qızı SS-09285347 saylı səfər sığortası şəhadətnaməsi üzrə Cavabdeh Sığorta Şirkətində sığorta olunmuşdur. İddiaçı ərizəsində səhhətində qəfil xəstəliyin yaranması səbəbindən Belçikada səfərdə olararkən həkimə müraciət etdiyini, açıq ürək əməliyyatı olduğunu və bununla bağlı xərclərinin tam ödənilmədiyini bildirmişdir. İddiaçının tələbinin əsaslı hesab etmirlər. Belə ki, iddiaçının xəstəxanaya daxil olduğu diaqnoz, aldığı müalicələr ürək-damar xəstəliyinin cərrahi müalicəsi ilə bağlı olduğu üçün sığorta şirkəti həmin müalicə ilə bağlı İddiaçıya 9360,64 manat ödəmişdir. Belə ki, sığorta müqaviləsinin standart şərti hesab edilən Səfər Sığortası Qaydalarının 10-cu maddəsinə əsasən, ürəkdamar sistemi xəstəliklərinin terapevtik və cərrahi müalicəsi üzrə sığorta məbləği müqavilənin valyutasına uyğun olaraq 5 000 ABŞ doliarı/Avro təşkil edir. İddiaçı onun Covid-19 virusu diaqnozu ilə xəstəxanaya yerləşdirildiyini və bu virusun onun ürəyinə zərər verdiyini iddia etmiş 44390 avro məbləğində ödənişin verilməsini tələb etmişdir. İş materiallarında iddiaçının məhz COVİD-19 virusu ilə bağlı müalicə alması və ürək-damar sistemində yaranan xəstəliyin məhz bu virusla bağlı yaranması halı sübut edilmir. Belə ki, Cavabdeh Sığorta Şirkətinin həkim-mütəxəssisi N.V.Əlizadə iş materiallarında olan tibbi sənədlər əsasında mütəxəssis rəyi vermişdir. Mütəxəssis rəyinə əsasən, “Tibbi sənədlərdə Hüseynova X7-19 virusuna uyğun şikayətlər, ağırlaşmalar və müalicə ilə bağlı qeydlər yoxdur. Yalnız, xəstəxanaya müsbət Covid-19 testi fonunda müraciət etdiyi, avqustun 1-i testin neqativ olduğu qeyd olunub. Epikrizdə Covid-19 virusunun müsbət olması barədə qeyd olunsa da bununla bağlı analizlərin nəticələri və aparılan müalicələrə dair sübutlar mövcud deyil. İş materiallarında olan döş qəfəsinin Kompyuter Tomoqrafiyası (KT) nəticəsində xəstənin ağ ciyərlərində heç bir patologiya aşkar olunmayıb. Keçirilən müayinələr nəticəsində xəstəyə Miokard İnfarktı ST-elevasiyasız diaqnozu qoyulub. Xəstəyə xx.xx.2022-ci İİ tarixində “Miokardial revaskularizasiya” əməliyyatı icra olunmuşdur. Xəstənin anamnezində 4-5 aydır ağrılarının olduğu qeyd olunub”. Beləliklə, iddiaçının anamnezində qeyd olunan əlamətlər, yəni, döş qəfəsində ağrılar, sıxılma, tənginəfəslik Covid-19 virusunun deyil, miokard infaktın əlamələridir. Təqdim edilən tibbi sənədlərin araşdırılması zamanı müəyyən edilmişdir ki, İddiaçının tibb müəssisəsinə müraciəti və əməliyyat olunması qəfil xəstəliklə və Qovid- 19 virusu ilə bağlı olmamış, İddiaçıda bir sıra xroniki xəstəliklər olmuşdur ki, bundar da miokard infarktına səbəb ola bilərdi. Belə ki, iddiaçıda yüksək qan təzyiqi, 2-ci dərəcəli şəkərli diabet xəstəlikləri olmuş, epikrizdə isə İddiaçının özünü 4-5 aydır xəstə hesab etdiyi, döş qəfəsində ağrılar, sıxılma, tənginəfəsiik olması yaranan xəstəliyin qəfil deyil, uzun müddət davam edən prosesin nəticəsi olmasını göstərir. İddiaçı məhkəməyə “ödəniş sənədi” kimi məktublar təqdim etmişdir. Halbuki, heç bir dövlətin, eləcə də Avropa Birliyi ərazisində məktub “ödəniş sənədi” hesab edilmir. İş materiailarına əlavə olunmuş “məktublar” ciddi hesabat sənədi deyil və bütün dünyada nağd ödəniş sənədi kimi qəbul edilən kassa sənədi və ya qəbzini əvəz edə bilməz. Eyni zamanda iş materiallarında yekun xərcləri təsdiq edən hesab mövcud deyildir. Belə ki, iddiaçının işə əlavə etdiyi hesabda onun gözlənilən təqribi xərcləri əks etdirdiyi, arta və ya azala biləcəyi qeyd edilir. Bir sözlə yekun xərclərlə bağlı invoys mövcud deyildir. Bundan əlavə İddiaçının “nağd” qaydada ödədiyini bildirdiyi hesablarda onun bank köçürməsi yolu ilə ödənilməli olduğu qeyd edilir. Bu isə iddiaçının “nağd ödənişlə” bağlı sənədlərinin mötəbərliyini şübhə altına alır. Bundan əlavə iddiaçı ərizəsində bildirmişdir ki, “xəstəxana xərcləri qardaşı tərəfindən nağd şəkildə ödənilərkən sığorta nümayəndələri bu ana şahidlik etdi və əvəzinin Cavabdeh Sığorta Şirkəti tərəfindən ödəniləcəyini bildirdi”. İddiaçının bu iddiası tamamilə əssasızdır, belə ki, sığorta şirkətinin heç bir nümayəndəsi tərəfindən bu prosesə şahidlik edilməmişdir. İddiaçının xəstəxanaya daxil olduğu diaqnoz, aldığı müalicələr onun ürək-damar xəstəliyi ilə bağlı olduğu üçün sığorta şirkəti həmin müalicə ilə bağlı 9360,64 manat İddiaçıya ödənilmişdir. Belə ki, sığorta şəhadətnaməsinin standart şərti hesab edilən Səfər Sığortası Qaydalarının 10-cu maddəsinə əsasən, ürək-damar sistemi xəstəliklərinin terapevtik və cərrahi müalicəsi üzrə sığorta məbləği müqavilənin valyutasına uyğun olaraq 5 000 ABŞ doiları/Avro təşkil etdiyi üçün Cavabdeh qeyd edilən həcmdə sığorta ödənişinin verilməsini təmin etmişdir. İddiaçı xroniki ürək, hiperterioz xəstəsidir, anamnezində 4-5 aydır ağrılarının olduğu qeyd olunub, bu fonda miokard infarktı olmağı gözlənilən hal İdi. Tədqiq edilmiş, ambulator müalicəyə dair sənədlərdə, iddiaçının əməliyyat olması üçün zəruri təxirəsalınmaz hal, həyatı üçün ciddi təhlükə aşkar edilməmişdir. “Səfər Sığortalan” qaydalarının 10.1 -ci maddəsinə əsasən, Sığorta məbləği dedikdə Sığortaçının ödədiyi tibbi və tibbi daşınma xərclərinin və həmçinin daşınma və ölümdən sonrakı repatriasiya xərclərinin son həddi olan pui məbləği başa düşülür. Ürək- damar sistemixəstəliklərinin terapevtik və cərrahi müalicəsi üzrə sığorta məbləği müqavilənin valyutasına uyğun olaraq 5 000 ABŞ dolları/Avro təşkil edir. Yuxarıda qeyd edilənlərdən məlum olur ki, cavabdeh ürək-damar sistemi xəstəlikləri ilə bağlı nəzərdə tutulan sığorta məbləği həddində öhdəliyini icra etmişdir və iddiaçının qarşısında əlavə sığorta ödənişi vermək öhdəliyi yoxdur. Məhkəmə iclasında iştirak edən cavabdeh nümayəndəsi X3 iddia ərizəsinə etiraz edərək etirazın məzmununa uyuğun izahat verdi və məhkəmədən, İddiaçı Hadi qızının Cavabdeh Sığorta Şirkəti ASC-yə qarşı iddiasının təmin edilməməsi barədə qətnamə qəbul edilməsini xahiş etdi. Məhkəmə iş materiallarını araşdırıb, hesab edir ki, iddia əsassız olduğundan rədd edilməlidir. Sübutlar: İşə əlavə edilmiş və məhkəmə baxışı zamanı tədqiq edilmiş: -01 iyul 2022-ci il tarixli SS-09285347 saylı Səfər Sığortası şəhadətnaməsindən görünür ki, sığortaçı Cavabdeh Sığorta Şirkəti və sığortalı xx.xx.2015-ci il tarixdə Azərbaycan Respublikası Maliyyə Nazirliyi ilə razılaşdırılmış “Səfər sığortası qaydaları”na uyğun olaraq səfərin məqsədi səyahət göstərilməklə sığorta məbləği 30 000 Avro, sığorta müddəti xx.xx.2022-xx.xx.2022-ci il olmaqla, platinium paket sığorta müqaviləsi bağlamış, sığortalının Sığorta şəhadətnaməsində Səfər qaydaları ilə tanış olduğu və orada yazılan şərtlərlə razılaşdığı qeydi edilmişdir. -Cavabdeh Sığorta Şirkəti ASC-nin İddiaçı Hadi qızına ünvanlanmış 01 may 2023-cü il tarixli məktubundan görünür ki, "xxxx" Sığorta Şirkətinə ünvanladığı xx.xx.2023-cü il tarixli ərizə və ona əlavə olunmuş sənədlər araşdırılmışdır. Təqdim edilən sənədlərdən müəyyən edilmişdir ki, o, xx.xx.2022-ci il tarixində Belçika Krallığına səfər etmiş, səfərdə olarkən səhhətində yaranan şikayətlər səbəbindən xx.xx.2022-ci il tarixində həkimə müraciət etmiş, kardiologiya şöbəsinə qəbul olunmuş, xx.xx.2022-ci il tarixində ona açıq ürək əməliyyatı icra olunmuş ve xx.xx.2022-ci il tarixinə qədər stasionar müalicə almış, xx.xx.2022-ci il tarixində yenidən xəstəxanaya müraciət etmişdir. Bununla bağlı o, tibbi və tibbi daşınma xərcləri ilə əlaqədar ümumilikdə 30.840.00 EUR dəyərində qəbzlər təqdim etmişdir. "xxxx" Sığorta Şirkəti ilə bağlanılmış SS-09285347 saylı Səfər Sığorta Şəhadətnaməsinin (bundan sonra Sığorta Şəhadətnaməsi) ayrılmaz tərkib hissəsi olan Səfər Sığortası Qaydalarının 9.1-ci maddəsinə uyğun olaraq kəskin ağrı və ya Sığorta olunanın həyatının xilas edilməsi ilə bağlı keçirilən təxirəsalınmaz tədbirlərə görə tibbi müayinə ve müalicə xərcləri Sığorta Şirkəti tərəfindən qarşılanır. Bundan başqa, Qaydaların 10.1 bəndinə əsasən ürək-damar sistemi xəstəliklərinin terapevtik və cərrahi müalicəsi üzrə sığorta məbləği müqavilənin valyutasına uyğun olaraq 5000 ABŞ dolları/Avro təşkil edir. Beləliklə, Qaydalara əsasən 5000 Avro məbləğində tibbi müayinə və müalicə xərclərinin manat ekvivalenti şərtsiz azadolma məbləği tətbiq olunmaqla onun hesabına köçürülmə yolu ilə ödənilməsi barədə qərar qəbul edilmişdir. Qeyd edilənləri nəzərə alaraq bildirir ki, "xxxx" Sığorta Şirkəti xx.xx.2023-cü il tarixli müraciəti üzrə ona geri ödənilmiş xidmətlərin dəyəri istisna olmaqla, sadalanan xərclərə dair sığorta ödənişinin verilməsindən imtina edir. - xx.xx.2023-cü il tarixli 11658 saylı ödəniş tapşırığından görünür ki, "xxxx" Sığorta Şirkəti tərəfindən İddiaçı Hadi qızına 12349 saylı sığorta aktına əsasən 9306.64 manat ödəniş edilmişdir. - "xxxx" Sığorta Şirkətinin həkim-mütəxəssisi N.V.Əlizadə tərəfindən iş materiallarında olan tibbi sənədlər əsasında verilmiş xx.xx.2023-cü il tarixli mütəxəssis rəyindən görünür ki, Səfər sığortası üzrə sığorta olunan səfərdə olarkən səhhətində yaranmış şikayətlə bağlı həkimə müraciət etmiş, müayinə və müalicə olunduğu Saint-Jan Klinikası tərəfindən tərtib edilmiş epikrizlər, qan analizinin nəticələri barədə sənədlər tərəfindən tədqiq edilmişdir. Tibbi sənədlərə əsasən, 28.07.22-ci il tarixində döş qəfəsində ağrı şikayətləri ilə X2 Yardım şöbəsinə müraciət etmişdir. Yüksək troponin analizinin nəticəsi və miokard infarktı şübhəsi ilə həmin klinikanın kardiologiya şöbəsinə qəbul olunmuşdur. Xəstəxanaya qəbul edilərkən müayinə protokoluna əsasən, əlavə analiz və müayinələr keçib. Tibbi sənədlərdə Hüseynova X7-19 virusuna uyğun şikayətlər, ağırlaşmalar və müalicə ilə bağlı qeydlər yoxdur. Yalnız, xəstəxanaya müsbət Covid-19 testi fonunda müraciət etdiyi, avqustun 1-i testin neqativ olduğu qeyd olunub. Epikrizdə Covid-19 virusunun müsbət olması barədə qeyd olunsa da bunu müəyyən edən analiz nəticələri və aparılan müalicələrə dair sənədlər mövcud deyil. İş materiallarında olan döş qəfəsinin Kompyuter Tomoqrafıyası (KT) nəticəsində xəstənin ağ ciyərlərində heç bir patologiya aşkar olunmayıb. Keçirilən müayinələr nəticəsində xəstəyə Miokard İnfarktı STelevasiyasız diaqnozu qoyulub. Xəstəyə xx.xx.2022-ci il tarixində “Miokardial revaskularizasiya” əməliyyatı icra olunmuşdur. Xəstənin anamnezində 4-5 aydır ağrılarının olduğu qeyd olunub. - Saint-Jean Klinikasının xərclər smetasından görünür ki, xx.xx.2022-ci il tarixdə nağd qaydada 17360 Avro, xx.xx.2022-ci il tarixdə 28310 Avro, xx.xx.2022-ci il tarixdə 12 000 Avro, xx.xx.2022-ci il tarixdə 30840 Avro, xx.xx.2022-ci il tarixdə 1710 Avro ödəniş edilmişdir. -Azərbaycan Respublikası Səhiyyə Nazirliyi “Məhkəmə-X14 X4” X13 xx.xx.2024-cü il tarixli, 948/KEŞ saylı ekspert rəyindən görünür ki, İddiaçı Hadi qızının mütəxəssis müayinəsinə əsasən, onda hal-hazırda “Ürəyin işemik xəstəliyi. Aorto-koronar şuntlama əməliyyatından sonrakı vəziyyət. Arterial hipertoniya İ dərəcə” kimi xəstəliklərinin olduğu müəyyən edildi. Ürək-damar sistemində qeyd olunan patoloji dəyişikliklər uzun sürən xroniki gedişli olub, koronar arteriyaların stenozu səbəbindən sonda açıq ürək əməliyyatının aparılmasına səbəb olmuşdur. Təqdim edilmiş tibbi sənədlərdə göstərilənlərə əsasən, Hüseynova X6 şəhəri “Kliniek SİNT JAN” xəstəxanasına xx.xx.2022-ci il tarixdə daxil olarkən onda “COVİD-19” virusun pozitiv olduğu qeyd edilsə də, xx.xx.2022-ci il tarixdə təkrar müayinə zamanı PCR SARS mənfi olduğu müəyyən edilmişdir. Yanaşı olaraq “COVİD-19” virusunun immunoloji analizləri aparılmamış və döş qəfəsinin instrumental müayinəsində ağciyərlərdə patoloji dəyişikliklər qeyd edilməmişdir. İddiaçı Hadi qızının adına Belçika şəhəri “Kliniek SİNT JAN” xəstəxanasından təqdim edilmiş tibbi sənədə əsasən, ona “NSTEMİ tipli miokard infarktı” diaqnozu təyin edilmişdir. Qeyd edilən diaqnoz aparılmış kliniki və instrumental müayinələr əsasında müəyyən edilmişdir. Koronar arteriyaların stenozları səbəbindən aorto-koronar şuntlama əməliyyatının aparılmasına tibbi göstəriş olmuşdur. İddiaçı Hadi qızının müayinəsi zamanı onda əməliyyata qədər qeyd olunan “COVİD-19” virusu pozitiv olmuş və 3 gün sonra təkrar müayinədə inkar edilmişdir. Tibbi sənəddə “COVİD-19” virusunun yaradan fəsadları haqqında hər hansı bir qeydiyyat yoxdur və miokard infarktının həmin virusa səbəb olması inkar edilir. Miokard infarktının baş verməsinin əsas səbəbi koronar arteriyaların aterosklerozudur, bu da bir çox xroniki xəstəliklərin əlavə təsirləri nəticəsində formalaşır. İddiaçı Hadi qızının üzərində icra edilmiş aorto-koronar şuntlama əməliyyatı ilə “COVİD- 19” virusu arasında səbəbli əlaqənin olması inkar edilir. İddiaçı Hadi qızında “COVİD-19” virusunun (yoluxma müddəti 3 gün) yoluxmasının ona aparılmış cərrahiyyə əməliyyatı ilə səbəbli əlaqəsi olmamışdır. Əsaslandırıcı hissə: İşin müəyyən edilmiş hallarından görünür ki, İddiaçı ilə cavabdeh "xxxx" Sığorta Şirkəti ASC arasında 01 iyul 2022-ci il tarixdə (səfər) sığorta müqaviləsi bağlanmışdır. Həmçinin müəyyən edilmişdir ki, İddiaçı 26 iyul 2022-ci il tarixində, turizm məqsədilə Almaniyaya getmək üçün Belçikaya getmiş, Belçikada tibbi müayinə, müalicə və əməliyyat olunmuşdur. Hazırda iddiaçı cavabdehlə aralarında bağlanmış səfər sığortası müqaviləsinə əsasən xarici ölkədə olduğu zaman Covid 19 virusuna yoluxduğu üçün kardioloji sahədə fəsad yaşadığını və əməliyyat olunduğunu, buna görə də çəkilən xərclərin - 44390 (qırx dörd min üç yüz doxsan) avro məbləğində sığorta ödənişinin ödənilməsini xahiş edir. Cavabdeh tərəf isə iddiaya etiraz edərək iddiaçının keçirdiyi əməliyatın Covid 19 virusuna yoluxması ilə əlaqəsinin müəyyən edilmədiyini, məhz kardioloji sahədə səhhəti ilə bağlı problem yarandığından əməliyyat olunduğunu, bununla bağlı isə müqavilədə nəzərdə tutulmuş ödəmənin edildiyini bildirmişlər. Azərbaycan Respublikası Mülki Məcəlləsinin: - 883.1-ci maddəsinə əsasən sığorta müqaviləsi sığortalının müvafiq sığorta haqqı ödəməsi müqabilində sığorta obyektinin məruz qala biləcəyi risklərlə bağlı itkilərin, dəyən zərərin əvəzinin və ya razılaşdırılan pul məbləğinin müəyyən bir hadisənin baş verməsi əsasında ödənilməsinin sığortaçı tərəfindən öhdəlik kimi götürülməsi şərtlərinin təsbit edildiyi razılaşmadır. - 899.1-ci maddəsinə əsasən sığorta müqaviləsi yazılı olaraq tərəflərin müvafiq sığorta qaydaları əsasında sığorta müqaviləsi adlanan sənədi tərtib edərək qarşılıqlı imzalaması yolu ilə, müvafiq sığorta qaydaları ilə sığortalının razı olmasını təsdiq etməsi şərti ilə sığortaçı tərəfindən ona sığorta şəhadətnaməsinin verilməsi yolu ilə bağlanır. - 922.1-ci maddəsinə əsasən sığorta hadisəsi icbari sığorta qanunlarına və ya sığorta müqaviləsinə görə sığorta ödənişinin sığortalıya, sığorta olunana və ya digər faydalanan şəxslərə ödənilməsi üçün əsas olan, sığorta müqaviləsinin qüvvədə olduğu müddət ərzində baş verən hadisə və ya yaranan haldır. - 925.1-ci maddəsinə əsasən sığorta hadisəsi nəticəsində dəymiş zərərin miqdarını sığortalının, sığorta olunanın və ya faydalanan şəxsin, yaxud onların nümayəndəsinin təqdim etdiyi sığorta tələbi əsasında mümkün olan ən qısa müddət ərzində sığortaçı müəyyən edir. - 926.1-ci maddəsinə əsasən sığorta ödənişi sığorta hadisəsi baş verdikdə icbari sığorta qanunlarına və ya sığorta müqaviləsinə uyğun olaraq sığortaçı tərəfindən ödənilən maliyyə kompensasiyasıdır. - 911.2-ci maddəsinə əsasən sığorta müqaviləsi bağlanarkən sığortalı özünə məlum olan, habelə sığortaçının yazılı surətdə tələb etdiyi və müqavilədən imtina etmək, yaxud onu məzmunu dəyişdirilmiş şəkildə bağlamaq qərarına təsir göstərə bilən bütün hallar barədə sığortaçıya məlumat verməlidir. - 912.1-ci maddəsinə əsasən sığortalı bu Məcəllənin 911.2-ci maddəsinə uyğun olaraq bildirilmiş hallarla bağlı sığorta müqaviləsi bağlandıqdan sonra meydana çıxan bütün dəyişikliklər barədə sığortaçıya və ya sığortaçının adından çıxış edən sığorta vasitəçisinə məlumat verməlidir. - 935.1.6-cı maddəsinə əsasən bu Məcəllənin 935.2-ci maddəsi nəzərə alınmaqla, sığorta predmeti, həmçinin sığorta olunan şəxs və (və ya) sığorta hadisəsi barəsində sığortalının sığortaçıya qəsdən yanlış məlumat verməsi nəticəsində sığortaçının sığorta riskini qiymətləndirmək, həmçinin sığorta hadisəsinin səbəblərini və (və ya) dəyən zərərin həcmini müəyyənləşdirmək imkanından tam və ya qismən məhrum olması sığorta ödənişinin verilməsindən imtina edilməsi üçün əsasdır. - 935.1.8-ci maddəsinə əsasən baş vermiş hadisənin icbari sığorta qanunlarına və ya sığorta müqaviləsinə görə sığorta hadisəsi hesab edilməməsi halında sığortaçı sığorta ödənişinin verilməsindən imtina edir. Məhkəmə qeyd edir ki, tərəflər arasında bağlanmış xx.xx.2022-ci il tarixli Səfər Sığortası şəhadətnaməsindən görünür ki, müqavilə özündə nəzərdə tutulmuş şərtlərlə yanaşı, həm də xx.xx.2015-ci il Azərbaycan Respublikası Maliyyə Nazirliyi ilə razılaşdırılmış “Səfərt sığortası qaydaları”na uyğun olaraq bağlanmışdır. “Səfər sığortası Qaydaları”nın: -2-ci bəndinə əsasən, bu Bölməyə əsasən sığorta predmeti Sığorta olunanların həyatı və sağlamlığıdır. -3.1-ci bəndinə əsasən, sığortaçı Sığortalı ilə Azərbaycan Respublikası sərhədlərindən kənara çıxan vətəndaşların bədbəxt hadisələr və qəfil xəstəliklər zamanı tibbi xərclərinin sığortası barədə müqavilə bağlayır. -8.3-cü bəndinə əsasən Tibbi xərclər, yəni; 8.3.1. Əməliyyatların, diaqnostik müayinələrin həyata keçirilməsi xərcləri, o cümlədən həkim tərəfindən təyin edilmiş tibbi preparatlara, sarğı materiallarına və fiksasiya vasitələrinə (gips, bandaj) çəkilmiş xərclər də daxil olmaqla stasionarda qalma və müalicə olunma (standart tipli palatada) xərcləri; 8.3.2. Həkim xidmətləri, diaqnostik müayinələr, həkim tərəfindən təyin edilmiş tibbi preparatlara, sarğı materiallarına və fiksasiya vasitələrinə (gips, bandaj) çəkilmiş xərclər də daxil olmaqla ambulator müalicə xərcləri. - 10.1-ci bəndinə əsasən Sığorta məbləği dedikdə Sığortaçının ödədiyi tibbi və tibbi daşınma xərclərinin və həmçinin daşınma və ölümdən sonrakı repatriasiya xərclərinin son həddi olan pul məbləği başa düşülür. Ürək- damar sistemi xəstəliklərinin terapevtik və cərrahi müalicəsi üzrə sığorta məbləği müqavilənin valyutasına uyğun olaraq 5 000 ABŞ dolları/Avro təşkil edir. İddiaçı keçirdiyi əməliyatın baş verməsini Covid 19 virusuna yoluxması ilə əlaqələndirsə də, bununla bağlı mötəbər sübutları məhkəməyə təqdim edə bilməmiş, əsaslandırdığı halları sübuta yetirə bilməmişdir. Məhkəmə qeyd edir ki, Azərbaycan Respublikası Səhiyyə Nazirliyi “Məhkəmə-X14 X4” X13 xx.xx.2024-cü il tarixli, 948/KEŞ saylı ekspert rəyindən də görünür ki, İddiaçı Hadi qızının üzərində icra edilmiş aorto-koronar şuntlama əməliyyatı ilə “COVİD-19” virusu arasında səbəbli əlaqənin olması inkar edilir. İddiaçı Hadi qızında “COVİD-19” virusunun (yoluxma müddəti 3 gün) yoluxmasının ona aparılmış cərrahiyyə əməliyyatı ilə səbəbli əlaqəsi olmamışdır. Məhkəmə, ekspert rəyini hazırki iş üzrə sübut növü kimi qiymətləndirilməsini mümkün sayır. Belə ki, ekspert rəyini təkzib edəcək heç bir sübut məhkəməyə təqdim edilməmişdir. Azərbaycan Republikası MPM-nin 101.7 və 206.1-ci maddələrinə əsasən ekspertin rəyi məhkəmə iclasında tədqiq edilir və digər sübutlarla birgə qiymətləndirilir. “Səfər sığortası Qaydaları”na əsasən ürək-damar sistemi xəstəliklərinin terapevtik və cərrahi müalicəsi üzrə sığorta məbləği müqavilənin valyutasına uyğun olaraq 5.000 ABŞ dolları/Avro təşkil etmişdir ki, cavabdeh tərəfindən təqdim edilmiş ödəniş tapşırığına əsasən iddaçıya 9306.64 manat sığorta ödənişi edilməsi müəyyən olunmuşdur. Belə olan halda məhkəmə qanunvericiliyin tələbini, tərəflər arasında bağlanmış müqavilə şərtlərini işin faktiki halları ilə müqayisəli şəkildə araşdıraraq və təqdim edilmiş sübutları tədqiq edərək hesab edir ki, iddiaçının iddiasını əsaslandığdığı hallar məhkəmə araşdırması zamanı öz təsdiqini tapmamışdır. Cavabdehin sığorta ödənişinin verilməsindən qismən imtinası tərəflər arasında bağlanmış səhayət sığortası müqaviləsinin şərtlərinə və müvafiq Qaydalara uyğun olmuş, tərəflər arasında bağlanmış müqavilənin və qüvvədə olan sığorta qanunvericiliyinin tələblərinin pozulması halına yol verilməmişdir. Məhkəmə iddia tələbinə münasibət bildirərək qeyd edir ki, hər hansı iddia tələbi üzrə ilk öncə iddiaçının tələbinə uyğun gələn iddia tələbinin qanuni əsası tapılmalı və məhkəməyə bildirdiyi faktiki halların həmin iddia tələbinin qanuni əsasının dispozisiya şərtlərinə uyğun olması yoxlanılmalıdır. Bu halda isə işin obyektiv həlli üçün yalnız mötəbər sübutlardan istifadə oluna bilər. Buna görə, əgər irəli sürülmüş iddia tələbinin qanuni əsası tapılmırsa və ya faktiki hallar tapılan iddia tələbinin qanuni əsasının şərtləri, yəni dispozisiya əlamətləri ilə uzlaşmırsa hüquqi dəyərləndirmə məhkəmə üçün artıq başa çatmalıdır. Əlavə araşdırılma aparılmasına ehtiyac yoxdur. Azərbaycan Respublikasının MPM-in 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Beləliklə, məhkəmə iş üzrə toplanmış və tədqiq olunmuş sübutlara obyektiv, qərəzsiz və məcmu halda hüquqi qiymət verərək hesab edir ki, İddiaçı cavabdeh "xxxx" Sığorta Şirkəti ASC-yə qarşı "sığorta müqaviləsi üzrə kompensasiyanın ödənilməsi" tələbinə dair iddiası əsassız olduğundan rədd edilməlidir. İddia tələbi rədd edildiyindən hazırkı iddianın qaldırılması ilə əlaqədar iddiaçı tərəfindən dövlət büdcəsinə ödənilmiş 337 manat dövlət rüsumu iddiaçıya aid edilməlidir. Azərbaycan Respublikası MPM-in 14.2, 77.1, 88 və 217.4-cü maddələrinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. Məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Nəticə: Göstərilənləri nəzərə alaraq və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220 və 360-cı maddələrini rəhbər tutaraq məhkəmə QƏT ETDİ: İddia təmin edilməsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı şəhəri Səbail Rayon Məhkəməsi vasitəsi ilə (elektron kabinet vasitəsilə MPM-nin 2 saylı əlavəsinə uyğun) Bakı Apellyasiya Məhkəməsinin mülki kollegiyasına apellyasiya şikayəti verilə bilər. Sədrlik edən: Rəna Qafarova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar