Məhkəmə qərarları › İş №2(009)-887/2022

Bakı Şəhəri Səbail Rayon Məhkəməsi Qətnamə — İş №2(009)-887/2022

05.05.2022 · Ailə münasibətləri üzrə mübahisələr - Alimentin təyin edilməsi tələbi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(009)-887/2022 05.05.2022 BAKI ŞƏHƏRİ SƏBAİL RAYON MƏHKƏMƏSİ Hakim Abdullayev Şahin Zülfüqar oğlunun sədrliyi, Ağayeva Narqələm Bayram qızının katibliyi, İddiaçı iştirakı ilə, İddiaçı Cavabdeh qarşı aliment tutulması tələbinə dair iddia ərizəsi üzrə mülki işə Səbail rayon Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq… MÜƏYYƏN ETDİ: İddiaçı Cavabdeh qarşı aliment tutulması tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək göstərmişdir ki, o, Cavabdeh ilə 21.02.2012-ci ildə rəsmi nikaha daxil olmuşdur. Bu barədə Bakı şəhəri Səbail rayon Qeydiyyat Şöbəsində olan nikahın bağlanması haqqında akt qeydləri kitabında 21.02.2012-ci ildə 69 nömrə ilə qeyd aparılmışdır. Birgə nikahlarından 14.12.2012-ci il təvəllüdlü X5 və 19.05.2016-cı il təvəllüdlü X3 dünyaya gəlmişdir. Cavabdehla normal ailə münasibətləri olubdur. Öz evlərində mehriban yaşamışlar. Cavabdeh 2021-ci ilin avqust ayında xaricə işləməyə gedib, imkan daxilində uşaqlar üçün az da olsa pul göndərirdi. Axırıncı dəfə 2021ci ilin noyabrın 02-də adına olan bank kartına 800 manat pul yükləmişdir. O, onun 350 manatını uşağın gözlüyünə vermis, qalan 450 manatı da çəkib uşaqlara paltar və s.almışdır. Bunun üstündə telefonla zəng edib ona demişdir ki, “gərək sən hər ay 100 manat çəkərdin, nəyə görə pulun hamısını çəkmisən”. O, da izah verəndə onu dinləməmiş telefonu söndürmüşdür. Həmin vaxtdan onunla danışmır və uşaqların saxlanması üçün pul göndərmir. O, uşaqları saxlamaq üçün çətinlik çəkir. Kənar adamlardan eşitmişdir ki, qayıdandan sonra boşanmaq fikrindədir. Göründüyü kimi, aralarında olan nikah pozulmamışdır. Lakin, cavabdeh 2021-ci ilin noyabr ayından bu günə kimi uşaqları ilə maraqlanmır, onların qayğısına qalmır, onların saxlanılması üçün hər hansı məbləğdə vəsait göndərmir. Uşaqlar isə onunla birlikdə yaşayırlar. “Azərbaycan Respublikasında 2022-ci il üçün yaşayış minimumu haqqında” Qanununa əsasən 2022-ci il üçün yaşayış minimum ölkə üzrə uşaqlar üçün 193 manat məbləğində müəyyən edilmişdir. Cavabdeh müvəqqəti olaraq xarici ölkədədir, daimi iş yeri yoxdur, qazancı (gəliri) dəyişən, qeyri-müntəzəmdir. Aralarında uşaqlara aliment ödənilməsi barədə Saziş də bağlanmamışdır. Onların yaşayışları yaxşı olmuşdur. Uşaqları normal qidalanmış, geyinmiş, onların təhsili üçün zəruri xərclər çəkilmişdir. Hesab edir ki, uşaqların əvvəlki təminat səviyyəsinin saxlanılması üçün hər bir uşağa ayda minimum 250 manat aliment müəyyən olunmalıdır. Göstərilənləri nəzərə alaraq iddiaçı aralarında bağlanmış nikahları pozulmadan birgə nikahlarından doğulmuş uşaqları 14.12.2012-ci il təvəllüdlü X5 və 19.05.2016-cı il təvəllüdlü X1 18 yaşına çatana qədər onların saxlanılması üçün Cavabdeh hər ay hər uşaq üçün 250 manat olmaqla, ümumilikdə 500 manat sabit pul məbləğində alimentin tutularaq ona ödənilməsinə, “mediasiya haqqı” olaraq ödədiyi 50 manatın Cavabdeh tutulub ona ödənilməsinə dair qətnamə qəbul edilməsini xahiş etmişdir. Məhkəmə iclasında izahatı alınmış İddiaçı iddianı tam müdafiə edərək onun təmin edilməsini məhkəmədən xahiş etmişdir. İddiaçı həmçinin göstərmişdir ki, 2021-ci ilin avqust ayından cavabdehlə birgə yaşamırlar, cavabdeh eşitdiyinə görə Almaniyaya getmiş, lakin onun 1 illik müddəti bu ilin avqust ayında bitir, Azərbaycana qayıdacaq. Bu müddət ərzində Emin tərəfindən uşaqların saxlanılması üçün maddi köməklik göstərilməmişdir, yalnız bir dəfə avtomaşının satışından əldə olunmuş 800 manat pul kart hesabına köçürülmüş, o, həmin hesabdan pulu çıxarmış, uşağın eynəyi üçün 350 manatı, 450 manatı uşaqların digər xərclərinə sərf etmişdir. Hesab edir ki, cavabdeh uşaqlara maddi yardım göstərməlidir. Cavabdeh yaşayış yeri məlum olmadığından (iddiaçı onun Almaniya Federativ Respublikasına getməsini bildirmişdir) onu məhkəməyə dəvət etmək mümkün olmamışdır. Bu barədə onun axırıncı yaşayış yerindən məhkəmə bildirişi müvafiq qeydlə (“bu ünvanda yaşamır”) məhkəməyə daxil olduqdan sonra, məhkəmə AR MPM-nin 147-ci maddəsinə əsasən işə cavabdehin iştirakı olmadan baxılmasını mümkün saymışdır. Məhkəmə iş üzrə iddiaçının izahatını dinləyib, iş materiallarını araşdıraraq, iş üzrə təqdim edilmiş sübutları məcmu halında tam, hərtərəfli, obyektiv araşdıraraq və hüquqi qiymət verib hesab edir ki, iddia tələbi qismən təmin edilməlidir. İş üzrə Bakı şəhəri Səbail rayon qeydiyyat şöbəsi tərəfindən verilmiş 21.02.2012-ci il tarixli nikah haqqında şəhadətnamənin surətindən görünür ki, Cavabdeh ilə X4 arasında 21.02.2012-ci il tarixdə nikah bağlanılmış və bu barədə akt qeydləri kitabında 69 №-li akt qeydi icra edilmişdir. Nikahdan sonra ərə Mürsəlov, arvada Mürsəlova soyadı verilmişdir. İş üzrə doğum haqqında şəhadətnamələrin kserosurətlərindən görünür ki, tərəflərin birgə nikahdan 14.12.2012-ci il təvəllüdlü X5 və 19.05.2016-cı il təvəllüdlü X3 adlı uşaqları var. İş üzrə ilkin mediasiya sessiyasında iştirak edilməməsi barədə 21.02.2022-ci il tarixli arayışından görünür ki, İddiaçı tərəfindən təsvir edildiyi kimi ailə mübahisəsi üzrə 21.02.2022-ci il tarixdə 15.00-16.00 saatlarında keçirilməsi nəzərdə tutulan ilkin mediasiya sessiyasında Cavabdeh iştirak etməmişdir. Məhkəmə verilmiş iddia tələbi ilə bağlı aşağıdakıları qeyd edir. Məhkəmə iclasında müəyyən edilmişdir ki, iddiaçı ilə cavabdeh arasında 21.02.2012-ci il tarixdə nikah bağlanılmış və onların birgə nikahından 14.12.2012-ci il təvəllüdlü Osman adlı və 19.05.2016-cı il təvəllüdlü İntizam adlı uşaqları var. Tərəflər arasında ailə münasibətləri pozulsa da, nikahları ləğv edilməmişdir. Məhkəmə iclasında həmçinin müəyyən edilmişdir ki, cavabdeh uşaqların saxlanılması üçün iddiaçıya hər hansı maddi yardım göstəmir və bu səbəbdən iddiaçı azyaşlı uşaqları saxlamaq üçün hazırki tələblə məhkəməyə müraciət etmişdir. İddiaçı tərəfindən irəli sürülmüş tələbdən görünür ki, cavabdeh xarici ölkəyə işləməyə getmiş və 2021-ci ilin noyabr ayından uşaqları ilə maraqlanmır, onların qayğısına qalmır, uşaqların saxlanılması üçün hər hansı məbləğdə vəsait göndərmir. Bu səbəbdən iddiaçı məhkəmədən uşaqların saxlanılması üçün cavabdehdən hər ay, hər biri üçün 250 manat sabit pul məbləği şəklində alimentin tutulmasını xahiş etmişdir. Məhkəmə qeyd edir ki, iddiaçı mübahisənin məhkəmədənkənar qaydada mediator vasitəsi ilə həll edilməsini istəsə də, cavabdeh mediasiya sessiyasına gəlmədiyindən, iddiaçı mübahisənin həll edilməsi ilə bağlı məhkəməyə müraciət etməkdə tam haqlıdır. Azərbaycan Respublikasının Ailə Məcəlləsinin 75.1-ci maddəsinə əsasən valideynlər uşaqlarını saxlamağa borcludurlar. Həmin Məcəllənin 75.4-cü maddəsinə əsasən valideynlər uşaqlarını saxlamadıqda uşaqların saxlanılması üçün vəsait (aliment) valideynlərdən məhkəmə qaydasında tutulur. Həmin Məcəllənin 78.1-ci maddəsinə görə, valideynlər arasında yetkinlik yaşına çatmayan uşaqlara aliment ödənilməsi barədə saziş yoxdursa, eləcə də aliment verməyə borclu olan valideynin qazancı (gəliri) qeyri-müntəzəm, dəyişən olarsa, ya qazancın (gəlirin) hamısını və ya bir hissəsini həmin valideyn natura və ya xarici valyuta ilə alırsa, yaxud onun qazancı və ya sair gəliri yoxdursa, habelə alimentin valideynin qazancından (gəlirindən) müəyyən hissə kimi tutulması mümkün olmadığı, çətinlik törətdiyi və tərəflərdən birinin marağının əhəmiyyətli dərəcədə pozulduğu başqa hallarda, uşaqların saxlanması üçün vəsait tutulmasını tələb edən şəxsin xahişi ilə alimentin miqdarı məhkəmə tərəfindən hər ay ödənilməli olan sabit pul məbləğində və ya eyni zamanda həm sabit pul məbləğində, həm də bu Məcəllənin 76 maddəsinə uyğun olaraq qazancın (gəlirin) müəyyən hissəsi kimi müəyyən edilə bilər. Həmin Məcəllənin 78.2-ci maddəsinə əsasən sabit pul məbləğinin miqdarı məhkəmə tərəfindən tərəflərin maddi və ailə vəziyyəti, diqqətəlayiq olan digər hallar nəzərə alınmaqla uşağın əvvəlki təminatının səviyyəsinin mümkün qədər maksimal saxlanması əsas tutularaq müəyyən edilir. Azərbaycan Respublikasında 2022-ci il üçün yaşayış minimumu haqqında Azərbaycan Respublikasının Qanununa əsasən 2022-ci il üçün yaşayış minimumu ölkə üzrə adambaşına uşaqlar üçün 193 manat məbləğində təsdiq edilmişdir. Məhkəmə cavabdehin uşaqların saxlanılması üçün iddiaçıya hər hansı maddi yardım göstərilməməsini, 2022-ci il üçün yaşayış minimumunun uşaqlar üçün 193 manat müəyyən edilməsini nəzərə alaraq hesab edir ki, iddia tələbi qismən təmin edilməli və cavabdehdən uşaqların yetkinlik yaşına çatanadək saxlanılması üçün hər ay, hər uşağa görə 193 manat sabit pul məbləği şəklində aliment tutulmalıdır. AR Ailə Məcəlləsinin 100.2-ci maddəsinə əsasən aliment məhkəməyə müraciət edildiyi vaxtdan tutulur. Məhkəmə həmçinin hesab edir ki, aliment tutulması iddiaçının iddia ərizəsi ilə məhkəməyə müraciət etdiyi vaxtdan - 28.03.2022-ci il tarixdən başlanılmalıdır. AR MPM-nin 234.2.1-ci maddəsinə əsasən şəxsin saxlanılması üçün vəsaitlərin, o cümlədən alimentlərin alınması haqqında qətnamələr dərhal icra olunur. Məhkəmə habelə hesab edir ki, alimentin tutulması hissəsində qətnamə dərhal icra edilməlidir. AR MPM-nin 112.1.3-cü maddəsinə əsasən aliment alınması haqqındakı iddialarda – bir il ərzində ödəmənin məcmusu ilə iddianın qiyməti müəyyən edilir. “Dövlət rüsumu haqqında” AR Qanunun 9.1.2-ci maddəsinə əsasən aliment alınması barədə iddialar üzrə - iddiaçılar dövlət rüsumu ödəməkdən azad olunurlar. “Dövlət rüsumu haqqında” AR Qanunun 9.1-1-ci maddəsinə əsasən “Mediasiya haqqında” Azərbaycan Respublikasının Qanununa uyğun olaraq mediasiya prosesinin nəticəsinə dair barışıq sazişi bağlanmadıqda məhkəməyə müraciət edərkən mediasiya prosesi ilə bağlı xərclərin öz üzərinə düşən hissəsini ödəmiş tərəf və ya həmin Qanunun 36.2-ci maddəsinə uyğun olaraq mediasiya xərclərini ödəmiş tərəf dövlət rüsumunu ödəməkdən azad olunur. Bu Qanunda nəzərdə tutulmuş dövlət rüsumunun məbləği çəkilmiş xərclərdən artıq olduqda, tərəf çəkdiyi xərc həddində dövlət rüsumundan azad edilir. Məhkəmə hesab edir ki, cavabdehdən iddiaçının xeyrinə aliment tutulması müəyyən edildiyindən, cavabdehdən bir il ərzində tutulacaq alimentin ümumi məcmusu – 4632 manat nəzərə alınaraq, ödənilməli olan dövlət rüsumu 66 manat təşkil edəcəkdir. Lakin məhkəmə qeyd edir ki, iddiaçı qaldırılan tələblə bağlı məhkəməyə müraciət etmək üçün dövlət rüsumunun ödəməkdən azad olunduğundan, mübahisəni məhkəməyədək həlli qaydasını nəzərdə tutan mediasiya prosesində iştirakı ilə bağlı isə mediatora müraciət etdiyindən və mediasiya xərcləri kimi 50 manat ödədiyindən, həmin pul məbləği cavabdehdən iddiaçının xeyrinə tutulmalı və ödənilməli olan 16 manat rüsum isə dövlət nəfinə tutulmalıdır. Yuxarıda göstərilənlərinə əsasən və Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 216-220, 234 360-cı maddələrini rəhbər tutaraq, QƏT ETDİ: İddia qismən təmin edilsin. Cavabdeh 28.03.2022-ci il tarixdən başlayaraq, 14.12.2012-ci il təvəllüdlü X2 və 19.05.2016-cı il təvəllüdlü X1 yetkinlik yaşına çatana kimi saxlanılmaları üçün hər ay hər uşağa görə 193 manat, cəmi 386 (üç yüz səksən altı) manat sabit pul məbləğində aliment tutularaq İddiaçı ödənilsin. Qətnamə alimentin tutulması hissəsində dərhal icra edilsin. Cavabdeh dövlət nəfinə dövlət rüsumunun əvəzi kimi 16 (on altı) manat məbləğində pul tutulsun. Cavabdeh İddiaçı xeyrinə mediasiya xərcləri kimi ödənilən 50 (əlli) manat məbləğində pul tutulsun. Qətnamədən onun tərəflərə rəsmi qaydada təqdim edildiyi gündən 1 (bir) ay müddətində Bakı Şəhəri Səbail Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, qəbul edildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Qeyd: apellyasiya şikayəti elektron sistem vasitəsi ilə verilmədikdə AR MPM-nin 363.1.5ci maddəsinə əsasən geri qaytarılacaqdır. Hakim: Şahin Abdullayev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar