Məhkəmə qərarları › İş №2(009)-902/2024

Bakı Şəhəri Səbail Rayon Məhkəməsi Qətnamə — İş №2(009)-902/2024

02.10.2024 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Sığorta müqaviləsi üzrə mübahisələr - Sığorta ödənişinin ödənilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(009)-902/2024 02.10.2024 BAKI ŞƏHƏRİ SƏBAİL RAYON MƏHKƏMƏSİ X4 Rüstəmlinin sədrliyi, Hüseynova Mələk Bəxtiyar qızının katibliyi, İddiaçı və cavabdehin nümayəndəsi X2 iştirakları ilə, İddiaçı – cavabdeh «Atəşgah Sığorta Şirkəti»nə qarşı «dəymiş zərərə görə sığorta haqqının ödənilməsi» tələbi barədə iddiası üzrə mülki işə Bakı şəhərində 02 oktyabr 2024-cü il tarixdə açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏN ETDİ: İddiaçı – cavabdeh «Atəşgah Sığorta Şirkəti»nə qarşı «dəymiş zərərə görə sığorta haqqının ödənilməsi» tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Volkswagen Tiguan markalı, ** DP *** dövlət qeydiyyat nişanlı avtomobilə dəymiş 2000 manat zərərin, vermiş olduğu 400 manat pulun, ** PE *** dövlət qeydiyyat nişanlı avtomobilə dəymiş zərər üçün 850 manat pulun, mənəvi zərər kimi isə 10,000 manat pulun Cavabdeh Sığorta Şirkəti tərəfindən onun xeyrinə tutulmasına dair qətnamə çıxarılmasını xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, xx.xx.2023 ci il tarixində baş verən avto nəqliyyat hadisəsində qarşı tərəfin günahı ucbatından Volkswagen Tiguan (**-DP-***) markalı avtomobilimə zərər dəymişdir. Atəşgah sığorta şirkəti məsuliyyəti üzərinə götürərək avtomobilini qiymətləndirmək üçün özlərinə məxsus olan Volvo servisə yönləndiriblər. Qiymətləndirmənin cavabı 650 (altı yüz əlli) manat olaraq göstərilib, ancaq faktiki zərər 2000 azn idi, iddiaçı öz növbəsində onlardan bu məbləği istədikdə onlar bu məbləği verməyəcəyini açıqladılar və öz servislərində təmir etməyi təklif etdilər. İddiaçı da məcbur qalaraq onlarla razılaşıb avtomobilini onlara təhvil verdi. Danışığa görə 20 gün ərzində təhvil verməli olduğu halda 38 gün tamamımda işləri bitirmədən avtomibili köç səbəbi ilə servisdən götürmələri istədilər. Avtomobilini götürdükdən sonra Atəşgah sığortaya müraciət etdikdə isə kömək edə bilməyəcəkələrini dedilər. İddiaçı isə onlara təklif etdi ki, çıxın ofisin qarşısına avtomobilin nə vəziyyətdə olduğuna nəzər yetirin və yenədə rədd cavabı aldı. Bu hadisədən 3-4 gün sonra karta ödənişlə bağlı sms bildirişi gəldi. Hansı ki həmin kartı ondan servisin əməkdaşları almışdılar. Və ofisə gedərək ödəniş aktını tələb edərək onlardan əldə etdi. Məbləğin 4737 man gördükdə təəcüb keçirtdi halbuki, idiaçı onlardan 2000 azn istəmişdi lakin onlar onun avtomobilinin zərərini 4737 azn olaraq qiymətləndirib aktlaşdırılıb.Onlar bu üsulla iddiaçını aldadaraq onu fiqur kimi istifadə edərək və səriştəsizliyindən istifadə edərək adına 4737 azn ödəniş edib onun adından onu nağdlaşdırıblar.Və həmçinin nəzərə alaq ki,zərərin çox olması zərərvuranın gələcək illərdə sığorta qiymətinə bir başa təsir etməklə onun haqqına girmiş olurlar. Bu yolla onlar büdcəyə zərər vuraraq fırıldaqçılıqla məşğul olurlar.Və həmçinin eyni zamanda iddiaçının saləhiyətində (**-PE-***) olan digər avtomobil ziyan görmüş və qiymətləndirmə nəticəsində 300 azn olub, lakin faktiki xərc 850 azndir. Hesab edir ki, cavabdeh tərəfindən ona vurulmuş maddi-mənəvi, ümumilikdə 13250 (on üç min iki yüz əlli) manat məbləğində pul ödənilməlidir. Sonradan iddiaçı iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizə təqdim edərək, Volkswagen Tiguan markalı, ** DP *** dövlət qeydiyyat nişanlı avtomobilə dəymiş 2000 manat zərərin, vermiş olduğu 400 manat pulun, mənəvi zərər kimi isə 10,000 manat pulun Cavabdeh Sığorta Şirkəti tərəfindən onun xeyrinə tutulmasına dair qətnamə çıxarılmasını xahiş etmişdir. Cavabdeh tərəfindən daxil olmuş etirazda qeyd olunmuşdur ki, iddiaçıya məxsus Volkswagen Tiguan markalı, ** DP *** dövlət qeydiyyat nişanlı avtomobil avtonəqliyyat vasitəsi sahiblərinin mülki məsuliyyətinin icbari sığortası növü üzrə sığorta olunmuşdur. Baş vermiş yol-nəqliyyat hadisəsindən sonra sığortalının yazılı razılığına əsasən avtomobil təmir müəssisəsinə yönləndirilmişdir. Avtomobilin təmiri yekunlaşdıqdan sonra sığortalının avtonəqliyyat vasitəsinin təhvil alınması və təmirdən razı qalması barədə ərizəsinin təqdim edilməsi ilə avtənəqliyyat vasitəsi sığortalıya təslim edilmişdir. Sığortalının avtomobili təhvil alması və təmirdən razılıq barədə ərizə təqdim etməsi ilə sığortaçı sığorta hadisəsi ilə bağlı öhdəliklərini tam icra etmişdir Məhkəmə iclasında iştirak edən iddiaçı iddia ərizəsinin məzmununa uyğun izahat verərək, iddia tələbinin təmin olunmasını xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən cavabdehin nümayəndəsi iddia ərizəsinə etirazın məzmununa uyğun izahat verərək, iddia tələbinin təmin olunmamasını xahiş etmişdir. Məhkəmə tərəflərin izahatlarını və təqdim olunmuş sübutları məcmu halında qiymətləndirilməklə hesab edir ki, iddia tələbi təmin olunmamalıdır. İş materiallarında olan: xx.xx.2023-cü il tarixli ilkin qüsur aktından görünür ki, Volkswagen Tiguan markalı, ** DP *** dövlət qeydiyyat nişanlı avtomobilə dəymiş zərər 650 manat məbləğində müəyyən edilmişdir. xx.xx.2024-cü il tarixli yekun qüsur aktından görünür ki, Volkswagen Tiguan markalı, ** DP *** dövlət qeydiyyat nişanlı avtomobilə dəymiş zərər 4737 manat məbləğində müəyyən edilmişdir. xx.xx.2024-cü il tarixli sığorta aktının surətindən görünür ki, Bakı şəhəri Ekologiya postu 1 ünvanında Scmitz yarımqoşqu markalı, ** ZA *** dövlət qeydiyyat nişanlı avtomobil “Atəşgah Sığorta Şirkəti”ndə sığortalanmış Volkswagen Tiguan markalı, ** DP *** dövlət qeydiyyat nişanlı avtomobillə toqquşmuş və 4737 manat məbləğində sığorta ödənişi edilmişdir. İddiaçı tərəfindən “Atəşgah Sığorta Şirkəti”nə ünvanlanmış məktubda qeyd edilir ki, İddiaçı ona məxsus Volkswagen Tiguan markalı, ** DP *** dövlət qeydiyyat nişanlı avtomobilin “Atəşgah Sığorta Şirkəti”-nin təyin etdiyi təmir müəssisəsində təmir olunmasına razılıq verir. İddiaçı tərəfindən “Atəşgah Sığorta Şirkəti”nə ünvanlanmış məktubda qeyd edilir ki, İddiaçı ona məxsus Volkswagen Tiguan markalı, ** DP *** dövlət qeydiyyat nişanlı avtomobili təhvil alır, təmir prosesindən razıdır, Avtouniversal servis mərkəzinə və Atəşgah Sığorta Şirkətinə öz minnətdarlığını bildirir. İşin hallarından aşkar göründüyü kimi, sığorta hadisəsinin mövcudluğu, sığortalanmış avtomobilə zərər dəyməsi mübahisəsizdir və mübahisə məhz vurulmuş zərərin məbləği ilə bağlı əmələ gəlmişdir. İddiaçı ərizəsində qeyd edir ki, sığorta şirkəti yaranmış vəziyyətdən sui-istifadə edərək, ona məxsus avtomobilin təmir-bərpası üçün real zərərdən qat-qat üstün məbləğ müəyyən etməklə 4737 manat pulu sığorta ödənişi kimi onun adına rəsmiləşdirmişdirlər. İddiaçı isə avtomobilini təmir müəssisəsindən götürdükdən sonra avtomobilə dəymiş zərərin aşağı səviyyədə təmir-bərpa edildiyinin şahidi olmuşdur. Məhkəmə baş vermiş yolnəqliyyat hadisəsi nəticəsində avtomobilə dəymiş real zərərin müəyyənləşdirilməsi üçün məhkəmə-əmtəəşünaslıq ekpsertizası təyin etmişdir. İşdə olan xx.xx.2024-cü il tarixli 9/3451 №-li məhkəmə ekspertizasının rəyində Volkswagen Tiguan markalı, ** DP *** dövlət qeydiyyat nişanlı avtomobilin təmir-bərpa xərci təxminən 4335 manat məbləğində vəsaitinin sərf edilməsi müəyyən olunmuşdur. Məhkəmə ekspertiza rəyinin kifayət qədər mötəbərliliyini əsas götürərək qeyd edir ki, sığorta şirkəti tərəfindən müəyyən edilmiş təmir müəssisəsində Volkswagen Tiguan markalı, ** DP *** dövlət qeydiyyat nişanlı avtomobilin təmir-bərpa xərci üçün müəyyən edilmiş və sığorta aktına əsasən ödənilmiş 4737 manat məbləğində pul vəsaiti avtomobilə dəymiş zərərin həqiqi məbləğə uyğun olmuşdur. Belə ki, ekspert rəyindən də görünür ki, müəssisə tərəfindən tərtib edilmiş qüsur aktına əsasən avtomobilin bərpa-xərci kimi həmin müəssisə tərəfindən yekun olaraq çıxarılmış 4737 manat məbləğ ilə ekspert rəyində təsbit olunmuş 4335 manat zərər məbləği arasında iddiaçının iddia etdiyi kimi mühüm fərq yoxdur. Məhkəmə eyni zamanda iddiaçının avtomobilini təmir müəssisəsindən götürdükdən sonra kifayət qədər yaxşı təmir edilmədiyinə və bununla əlaqədar sığorta şirkətinə müraciət etməsinə istinad etməsinə münasibətdə qeyd edir ki, iş materiallarında olan iddiaçının sığorta şirkətinə ünvanladığı ərizələrin məzmunundan görünür ki, avtomobil iddiaçının razılığı ilə təmir müəssisəsinə təhvil verilmiş və iş bitdikdən sonra iddiaçı tərəfindən təhvil alınmışdır. İddiaçı avtomobili təhvil alarkən təhvil prosesindən heç bir şikayəti olmadığına dair sığorta şirkətinə müraciət etmiş və təşəkkürünü bildirmişdir. Burdan görünür ki, iddiaçı avtomobilini təhvil alarkən təmir-bərpa işindən razı qalmışdır. Məhkəmə habelə qeyd edir ki, qüsur aktında qeyd olunan məbləğ avtomobilin təmir-bərpasına xərcləndiyi üçün ekspert rəyi ilə də təsdiq edilmiş həmin məbləğin qarşılığında avtomobilin yetərsiz keyfiyyətdə təmir olunub iddiaçıya təhvil verilməsi ağlabatan qəbul edilə bilməz. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 883-cü maddəsinə əsasən sığortalı sığorta obyektinin məruz qala biləcəyi risklərlə bağlı itkilərin, dəyən zərərin əvəzinin və ya razılaşdırılan pul məbləğinin müəyyən bir hadisənin baş verməsi əsasında ödənilməsi üçün sığorta haqqı ödəməsi müqabilində sığorta müqaviləsi bağlayır. Həmin Məcəllənin 884.5-ci maddəsinə əsasən, sığorta olunan əmlak mənafeləri sığorta müqaviləsi əsasında sığortalanan şəxsdir. “İcbari sığortalar haqqında” Azərbaycan Respublikasının Qanununun: 6.1-ci maddəsinə əsasən icbari sığorta müqaviləsi əsasında əmlak mənafeləri sığortalanan - fərdi qəza sığortası müqaviləsində xeyrinə icbari sığorta müqaviləsi bağlanan (sığorta olunanlar kateqoriyasına daxil olan), əmlak sığortası üzrə mülkiyyətində və ya faktiki sahibliyində əmlakı olan və ya mülki məsuliyyət sığortası üzrə bu Qanunun 6.2-ci maddəsində nəzərdə tutulmuş əsasla müəyyən edilən şəxs sığorta olunan hesab edilir. 7-ci maddəsinə əsasən, mülki məsuliyyətin icbari sığortası üzrə sığorta müqaviləsinin tərəfi olmayan, sığorta olunanın hərəkəti və ya hərəkətsizliyi nəticəsində zərər çəkən, eyni zamanda sığorta ödənişi almaq hüququna malik olan fiziki şəxslər – fiziki şəxs öldüyü halda, onun ailə üzvləri – və ya hüquqi şəxslər, yaxud onların hüquq varisləri üçüncü şəxs sayılırlar. 20.2-ci maddəsinə əsasən, həmin Qanunun 21-ci maddəsində nəzərdə tutulmuş müvafiq hallar istisna olmaqla, sığortaçı mülki məsuliyyətin icbari sığortası üzrə sığorta hadisəsinin baş verməsində sığortalının və ya sığorta olunanın təqsirinin dərəcəsindən asılı olmayaraq, hər bir halda üçüncü şəxsin əmlakına dəyən zərərin əvəzini bu Qanunla müəyyən edilmiş qaydada ödəməlidir. Göründüyü kimi, qanunverici təqsirinin dərəcəsindən asılı olmayaraq mülki məsuliyyətin icbari sığortası üzrə sığorta hadisəsinin baş verməsi ilə hər bir halda üçüncü şəxsin əmlakına dəyən zərərin əvəzini ödəməsi vəzifəsini müəyyən etmişdir. “İcbari sığortalar haqqında” Azərbaycan Respublikasının Qanununun 15.3-cü maddəsinə əsasən zərər dəymiş əmlakın təmiri və ya bərpası üçün birbaşa çəkilən xərclər, zərər dəymiş əmlakın daşınması, habelə onun qalıqlarının yığılması və daşınması ilə bağlı xərclər və s. əmlaka dəyən zərərin məbləğinə aiddir. «İcbari sığorta haqqında» Qanunun 56.1-ci maddəsinə əsasən üçüncü şəxsə dəyə bilən zərərə görə avtonəqliyyat vasitəsi sahiblərinin mülki məsuliyyətinin icbari sığortası üzrə fiziki şəxslərin sağlamlığına dəyən zərərə görə sığorta məbləği bir hadisə üzrə 50.000 manatdan çox olmamaq şərtilə, bir fiziki şəxsin sağlamlığına dəyən zərər üzrə 5000 manat, üçüncü şəxslərin əmlakına dəyən zərər üzrə 5000 manat müəyyən edilmişdir. İddia tələbinin ”10.000 manat mənəvi ziyanın tutulması” hissəsinə münasibətdə məhkəmə qeyd edir ki, tələb əsas hissədə (maddi zərərin əvəzinin tutulması) təmin edilmədiyindən həmin hissədən irəli gələn mənəvi ziyanın tutulması hissəsində də əsassız hesab edilməlidir. Həmçinin Mülki Prosessual Məcəllənin 119-cu maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edildiyindən və iddia tələbi təmin olunmadığı halda, hazırkı iş üzrə çəkilmiş xərclər (dövlət rüsumu və ekspert tədqiqatının dəyəri) iddiaçıya aid edilməlidir. İşə əlavə edilmiş sənədlərdən görünür ki, məhkəmə xərcləri iddiaçı tərəfindən iddianın qaldırılması üçün ödənilmiş dövlət rüsumundan və 100 manat Məhkəmə Ekspertiza Mərkəzi tərəfindən aparılmış məhkəmə-əmtəəşünaslıq ekspert tədqiqatının dəyərindən ibarətdir. Azərbaycan Respublikası MPM-nin 77.1-ci maddəsinin tələbinə görə, hər bir tərəf öz tələb və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. MPM-nin 14.2-ci maddəsinin tələbinə görə, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 217.4-cü maddəsinin tələbinə görə, məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 119, 216-220, 227, 358 və 360-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia təmin edilməsin. Ədliyyə Nazirliyi Məhkəmə Ekspertiza Mərkəzi tərəfindən aparılmış məhkəməəmtəəşünaslıq ekspertiza tədqiqatının dəyərini təşkil edən 100 manat vəsaitin əvəzi İddiaçı tutulub ƏN Məhkəmə Ekspertiza Mərkəzinin hesabına (hesab: Az.MEM VÖEN **********; AZ34CTRE********************, X1, KOD 210005; VÖEN **********; müxbir hesab Az41NABZ013601**********03944, S.W.İ.F.T. BİK: CTREAZ 22) köçürülsün. Qətnamədən təqdim olunan (alınan) gündən 1 (bir) ay müddətində Bakı şəhəri Səbail Rayon Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. HAKİM: İLKİN RÜSTƏMLİ

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar