Məhkəmə qərarları › İş №2(009)-912/2022

Bakı Şəhəri Səbail Rayon Məhkəməsi Qətnamə — İş №2(009)-912/2022

13.05.2022 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Sığorta müqaviləsi üzrə mübahisələr - Sığorta ödənişinin ödənilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(009)-912/2022 13.05.2022 BAKI ŞƏHƏRİ SƏBAİL RAYON MƏHKƏMƏSİ Hakim Abdullayev Şahin Zülfüqar oğlunun sədrliyi, Ağayeva Narqələm Bayram qızının katibliyi, İddiaçı iştirakı ilə İddiaçı cavabdeh "xxxx" ASC-yə qarşı sığorta ödənişinin, mənəvi zərərin və dəbbə pulunun ödənilməsi tələbinə dair mülki işə Səbail rayon məhkəməsi binasında açıq məhkəmə iclasında baxaraq… MÜƏYYƏN ETDİ: İddiaçı cavabdeh "xxxx" ASC-yə qarşı sığorta ödənişinin, mənəvi zərərin və dəbbə pulunun ödənilməsi tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək göstərmişdir ki, AR DİN BDYPİ Qİİ tərəfindən verilmiş AE010274 nömrəli 06.03.2021-ci il tarixli nəqliyyat vasitəsinin qeydiyyat şəhadətnaməsinə əsasən G4FGLW572278 nömrəli mühərrik, Z94C351BBMR134917 nömrəli banı olan 90UY891 qeydiyyat nişanlı 2021-ci il buraxılışlı KİA RİO CROSS MİNİK avtomobili ona məxsusdur. 18 oktyabr 2021-ci ildə təxminən saat 08:00 radələrində “Mercedes” markalı 99RN633 dövlət qeydiyyat nişanlı avtomobil ilə ona məxsus avtomobilin iştirakı ilə yolnəqliyyat hadisəsi baş vermişdir. Bildiririr ki, Mercedes” markalı 99RN633 dövlət qeydiyyat nişanlı avtomobilin bağladığı sığorta müqaviləsi çərçivəsində sığortaçı qismində çıxış edən "xxxx" ASC tərəfindən tərtib edilmiş akta əsasən ona məxsus avtomobilə dəymiş zərərin məbləği 730 (yeddi yüz otuz) manat müəyyən edilmişdir.Təyin edilmiş məbləğlə narazı olmaqla yanaşı, aşağıdakıları məhkəmənin nəzərinə çatdırır: ilkin olaraq qeyd edir ki, sığorta münasibətləri çərçivəsində zərərçəkən şəxs kimi "xxxx" ASC tərəfindən hüquqları təmin edilməmiş zərər məbləğinin müəyyən edilməsi qanunvericiliyin tələbləri pozularaq həyata keçirilmişdir. Belə ki, Azərbaycan Respublikasının “İcbari sığorta haqqında” 24 iyun 2011-ci il tarixli 165-İVQ nömrəli Qanunun 6.6-cı maddəsinə əsasən fərdi qəza sığortası üzrə sağlamlığına zərər dəymiş sığorta olunan, mülki məsuliyyətin sığortası üzrə isə əmlakına və (və ya) sağlamlığına zərər dəymiş üçüncü şəxs zərərçəkən hesab edilir. Bildirir ki, sığorta şirkətinin əməkdaşları tərəfindən nəinki gedişat barədə məlumat verilməmiş, hətta dəfələrlə edilmiş zənglərə və şikayətlərə cavab verilməmişdir. Bundan əlavə, qiymətləndirmə qanunvericilikdə nəzərdə tutulmuş müddət pozulmaqla aparılmışdır. Belə ki, yol nəqliyyat hadisəsi 18.10.2021 -ci il tarixində baş versə də, zərərin qiymətləndirilməsi barədə məktub 1 aya yaxın müddət keçdikdən, yəni 15.11.2021 -ci il tarixində tərtib edilmişdir. Halbuki, “İcbari sığorta haqqında” Qanunun 18.1 -ci maddəsinə əsasən bu Qanunun 17.1 -ci maddəsində göstərilən sənədlərdən sonuncusunun sığortaçıya təqdim edildiyi və (və ya) alındığı tarixdən 7 iş günündən gec olmayaraq sığortaçı sığorta ödənişini verməli, müvafiq hallarda zərərin qiymətləndirilməsi, əmlakın təmiri, bərpası və ya yenisi ilə əvəz edilməsi üçün yazılı qaydada təsdiqlənən tədbir görməli, yaxud sığortalıya, sığorta olunana və ya faydalanan şəxsə sığorta ödənişinin verilməsindən imtina haqqında yazılı şəkildə əsaslandırılmış bildiriş verməlidir. Eyni zamanda bildirir ki, zərərin qiymətləndirilməsi üçün tərtib edilən akt heç bir real qiymətləndirməyə, bazar qiymətinə və göstəricilərə uyğun olmamışdır. Ümumiyyətlə dəymiş zərərin avtomobilin zədələnmiş hansı detalı üzrə müəyyən edildiyi qeyri- müəyyəndir. Müəyyən edilən məbləğ avtomobilin təmiri və təmiri ümumiyyətlə mümkün olmayan ehtiyat hissəsinin dəyişidirilməsi üçün lazım olan məbləğdən 3 dəfə aşağıdır. Sadəcə vizual baxış əsasında aparılan qiymətləndirmə Sığorta şirkətinin göstərdiyi xidmətin keyfiyyətindən xəbər verməklə yanaşı, qeyri-obyektiv və formal fəaliyyətinin göstəricisidir. Qeyd edir ki, avtomobil 2021-ci ilin mart ayında “Kia Motors”un rəsmi satış mərkəzində alınmışdır və həmin servis tərəfindən rəsmi xidmət göstərilməkdədir. Servis Mərkəzindən alınmış qüsur aktı əsasən avtomobilə dəymiş zərərin məbləği 1.835,80 manat müəyyən edilmişdir. Bundan əlavə bildirir ki, şirkətin fəaliyyətindən narazılıqla bağlı həm özlərinə, həm də Mərkəzi Banka şikayət məktubu ilə müraciət etmişdir. Mərkəzi Bank tərəfindən şirkətə sərbəst auditorun təyin edilməsi ilə bağlı göstəriş məktubu ünvanlanmışdır. Bundan sonra sığorta şirkəti tərəfindən ona Mərkəzi Bankın göstərişini yerinə yetirmək məqsədi ilə sərbəst auditorun təyin edilməsi barədə məktub göndərilmişdir. Həmin məktub əsasında sığorta şirkətinə 24.12.2021 -ci il tarixdə "xxxx" MMC-nin dəymiş zərərin qiymətləndirilməsi üçün müstəqil ekspert qismində təyin edilməsi barədə ərizə ilə müraciət etmişdir. Təəssüflər olsun ki, şirkət öz ənənəsinə sadiq qalaraq vətəndaş hüquqlarının pozulması istiqamətində qanunazidd fəaliyyətini davam etdirmişdir. Belə ki, heç bir əsaslandırma və haqlı səbəblər olmadan həmin müəssisənin ekspert qismində cəlb edilməsinə şifahi telefon zəngi vasitəsi ilə razı olmadığını bildirmişdir. İmtinanın əsasları barədə yazılı cavab məktubunun göndərilməsini tələb ets də, buna məhəl qoyulmamışdır. Bildirir ki, sığorta hadisəsindən artıq 5 aya yaxın müddətin keçməsinə baxmayaraq məsələnin qanunvericiliyin tələbləri çərçivəsində həll edilməsi, vətəndaş hüquqlarının bərpası istiqamətində heç bir addım atılmamışdır. Odur ki, dəyən real zərər məbləğində, yəni 1.835,80 manat sığorta ödənişinin "xxxx" ASC tərəfindən ödənilməsi barədə qərar qəbul edilməsini xahiş edir. Bildirir ki, sığorta şirkətinin hərəkətsizliyi, o cümlədən qanunsuz hərəkətləri, vətəndaş hüquqlarımın bu formada tapdalanması mənəvi sarsıntı və iztirab keçirməyinə əsas olmuşdur. İddia ərizəsinin əvvəlində də qeyd etdiyi kimi, sığorta şirkətinə öz vəzifələrini yerinə yetirməsi vəziyyətinin öyrənilməsi, bir zərərçəkən şəxs kimi mənə dəymiş zərərin ödənilməsi 3 istiqamətində hansı addımlar atılması ilə bağlı dəfələrlə Günay Sığorta ASC-nin Çağrı Mərkəzinə zəng vurmuş, onlarla əlaqə saxlamağa cəhd göstərmişdir. Bildirir ki, edilmiş zənglərə əksər hallarda cavab verilməmiş, cavab verildikdə isə çox gec, 10-12 dəqiqə gözlədikdən sonra şablon sözlərlə sualları cavablandırılmışdır. Haqlı tərəf, zərərçəkən tərəf olsa da, ona qarşı təzyiqlər hiss etmiş və buna əsasən də mənəvi sarsıntı keçirmişdir. Sığorta şirkətinin fəaliyyətsizliyi onda nəinki şirkətə, hətta sığorta institutuna qarşı imansızlıq yaratmışdır ki, məcbur qalıb Mərkəzi Banka və ən nəhayətində əlavə xərclər çəkərək məhkəməyə müraciət etməli olmuşdur. Bildirir ki, hər zəng, hər müraciət və hər dəfə mənfi cavablar emosional əzab keçirməyinə, o cümlədən iş vaxtımdan ayrılmağına əsas olmuşdur. Sığorta müqaviləsinin bağlanması üçün vətəndaşlara göstərdikləri xidmət “keyfiyyətinin” (lüzumlu və lüzumsuz telefon zəngləri vasitəsi ilə) eynisini təəssüflər olsun ki sığorta hadisəsi baş verdiyi təqdirdə görə bilməmişdir. Bildirir ki, sığorta ödənişi ödənilmədiyi üçün o, avtomobili saz olmayan vəziyyətdə idarə etməli oldu ki, bu da ona əlavə psixoloji sıxıntı və təzyiq verirdi. O, məcbur qalıb öz vəsaiti hesabına avtomobili qismən təmir etdirməli oldu. Odur ki, göstərilənlərə əsasən "xxxx" ASC-nın qanunsuz əməlləri nəticəsində ona dəymiş 5.000,0 manat mənəvi zərərin ondan tutularaq ödənilməsi barədə qərar qəbul edilməsini xahiş edir. Azərbaycan Respublikasının “İcbari sığorta haqqında” Qanunun 18-ci maddəsinə əsasən bu Qanunun 17.1 -ci maddəsində göstərilən sənədlərdən sonuncusunun sığortaçıya təqdim edildiyi və (və ya) alındığı tarixdən 7 iş günündən gec olmayaraq sığortaçı sığorta ödənişini verməli, müvafiq hallarda zərərin qiymətləndirilməsi, əmlakın təmiri, bərpası və ya yenisi ilə əvəz edilməsi üçün yazılı qaydada təsdiqlənən tədbir görməli, yaxud sığortalıya, sığorta olunana və ya faydalanan şəxsə sığorta ödənişinin verilməsindən imtina haqqında yazılı şəkildə əsaslandırılmış bildiriş verməlidir.Sığortaçı sığorta ödənişini bu Qanunun 18.1 -ci maddəsi ilə müəyyən olunmuş müddətdə ödəmədikdə, hər qecikdirilmis gün üçün sığorta ödənişi məbləğinin 0,1 faizi həcmində dəbbə pulu ödəyir. Məlumdur ki, sığorta hadisəsi 18.10.2021-ci il tarixdə baş vermişdir, Qanunun 17.4-cü maddəsini də nəzərə alsaq iddia ərizəsinin verildiyi tarixə, yəni 05.11.2021 -ci tarixdən 28.03.2022-ci il tarixədək dəbbə pulu 262,50 manat təşkil edir: gecikdirilmiş gün sayı - 143 gün (05.11.2021 - 28.03.2022); sığorta ödənişi məbləği - 1.835,80 manat; Dəbbə pulu - 262,50 manat (1.835,80 x 0,1 % x 143 gün). Odur ki, "xxxx" ASC tərəfindən gecikdirilmiş sığorta ödənişi üçün məhkəmə qərarı qəbul edilən və qüvvəyə minən tarixədək dəbbə pulunun ödənilməsi barədə qərar qəbul edilməsini xahiş edir.Götərlənləri nəzərə alaraq iddiaçı məhkəmədən

1. Sığorta hadisəsi nəticəsində dəyən real zərər məbləğində, yəni 1.835,80 manat sığorta ödənişinin müəyyən edilməsi və cavabdehdən tutularaq iddiaçıya ödənilməsi;

2. "xxxx" ASC-nın qanunsuz əməlləri nəticəsində dəymiş 5.000,0 manat mənəvi zərərin cavabdehdən tutularaq iddiaçıya ödənilməsi;

3. "xxxx" ASC tərəfindən gecikdirilmiş sığorta ödənişi üçün məhkəmə qərarı qəbul edilən və qüvvəyə minən tarixədək - hazırkı tarixə isə 262,50 manat dəbbə pulunun cavabdehdən tutularaq iddiaçıya ödənilməsi;

4. Ödənilmiş 91,0 manat dövlət rüsumunun cavabdehdən tutularaq iddiaçıya ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Məhkəmə iclasında İddiaçı iddia tələblərini tam müdafiə edərək onun təmin edilməsini məhkəmədən xahiş etmişdir. İddiaçı həmçinin göstərmişdir ki, hazırda avtomaşını təmir etmişdir və təmirə 1330 manat xərc çəkmişdir, bunu təsdiq edən sübutu məhkəməyə təqdim etmişdir. Məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilmiş iş üzrə cavabdeh "xxxx" ASC-nin nümayəndəsi məhkəmə iclasına gəlməmişdir. Məhkəmə AR MPM-nin 185.5-ci maddəsinə əsasən işə cavabdehin nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. İş materiallarını araşdırıb, iddiaçının izahatını dinləyib,CD diskə baxış keçirdib, toplanmış sübutlara hüquqi qiymət verərək məhkəmə hesab edir ki, iddia tələbi aşağıdakı əsaslara görə qismən təmin edilməlidir. İş üzrə "xxxx" ASC tərəfindən tərtib edilmiş dəymiş zərərin hesablanmasına dair 10.11.2021-ci il tarixli aktın surətindən görünür ki, «Kia» markalı **-UY-*** dövlət qeydiyyat nişanlı avtomobilinə baxış keçirilmiş və avtomobilin təmiri və ehtiyyat hissələrinin dəyişdirilməsi üçün cəmi 730 manat vəsait hesablanmışdır. İş üzrə “Kia Motors” servis mərkəzi tərəfindən tərtib edilmiş 20.11.2021-ci il tarixli qüsur aktının surətindən görünür ki, «Kia» markalı **-UY-*** dövlət qeydiyyat nişanlı avtomobilinə baxış keçirilmiş və avtomobilin təmiri və ehtiyyat hissələrinin dəyişdirilməsi üçün cəmi 1835,80 manat vəsait hesablanmışdır. İş üzrə “Kia Motors” servis mərkəzi tərəfindən tərtib edilmiş 20.11.2021-ci il tarixli qüsur aktının surətindən görünür ki, «Kia» markalı **-UY-*** dövlət qeydiyyat nişanlı avtomobilinə baxış keçirilmiş və avtomobilin təmiri və ehtiyyat hissələrinin dəyişdirilməsi üçün cəmi 1330,80 manat vəsait hesablanmışdır. İş üzrə ödəniş qəbzindən belə məlum olur ki, "xxxx" MMC-yə «Kia» markalı **-UY-*** dövlət qeydiyyat nişanlı avtomaşının təmiri ilə bağlı 1330 manat məbləğində ödəniş həyata keçirmişdir. İş üzrə "xxxx" ASC tərəfindən İddiaçı ünvanlanmış 15.11.20201-ci il tarixli məktubuna əsasən, "xxxx" ASC-də “Avtonəqliyyat vasitəsi sahiblərinin mülki məsuliyyətinin icbari sığortası” şəhadətnaməsi ilə sığortalanmış “Mersedes” markalı, ** RN *** dövlət qeydiyyat nişanlı avtomobillə «Kia Rio» markalı **-UY-*** dövlət qeydiyyat nişanlı avtomobilin iştirakı ilə 18.10.2021-ci il tarixdə yol-nəqliyyat hadisəsi baş vermişdir. 10.11.2021-ci il tarixli akta əsasən “Kia Rio» markalı avtomaşına dəymiş zərərin məbləği 730 manat məbləğində müəyyən edilmişdir. Həmin məbləğin ödənilməsi üçün bank hesabının təqdim edilməsi xahiş olunmuşdur. Məhkəmə verilmiş iddia tələbləri ilə bağlı aşağıdakıları qeyd edir. Məhkəmə iclasında müəyyən edilmişdir ki, "xxxx" ASC-də “Avtonəqliyyat vasitəsi sahiblərinin mülki məsuliyyətinin icbari sığortası” şəhadətnaməsi ilə sığortalanmış “Mersedes” markalı, ** RN *** dövlət qeydiyyat nişanlı avtomobillə «Kia Rio» markalı **-UY-*** dövlət qeydiyyat nişanlı avtomobilin iştirakı ilə 18.10.2021-ci il tarixdə yol-nəqliyyat hadisəsi baş vermişdir. Məhkəmə iclasında eyni zamanda müəyyən edilmişdir ki, cavabdeh sığorta təşkilatı sığorta hadisəsi ilə əlaqədar iddiaçıya 730 manat məbləğində sığorta ödənişinin edilməsini təklif etmişdir. İddiaçı tərəfindən irəli sürülmüş tələbdən görünür ki, baş vermiş yol-nəqliyyat hadisəsi zamanı onun avtomaşınına cəmi 1835,80 manat məbləğində ziyan dəymişdir. Lakin sığorta şirkəti tərəfindən cəmi 730 manat sığorta ödənişi təklif edilmişdir. Belə ki, nəqliyyat vasitələrinin təmirinə dair smetasına əsasən ona məxus avtomaşına dəymiş ziyanın 1835 manat təşkil etməsi tam təsdiq olunur. Bu səbəbdən iddiaçı avtomaşınına dəymiş ziyana uyğun olaraq sığorta ödənişinin cavabdehdən tutulması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Məhkəmə ilk növbədə qeyd edir ki, baş vermiş yol-nəqliyyat hadisəsi sığorta hadisəsi hesab olunması ilə bağlı tərəflər arasında hər hansı mübahisə yoxdur və yaranmış mübahisə göründüyü kimi vurulmuş ziyan məbləği ilə əlaqədar olmuşdur. Məhkəmə digər tərəfdən qeyd edir ki, sığorta şirkəti tərəfindən iddiaçıya sığorta ödənişinin ödənilməsi təklif olunsa da, həmin ödənişlə iddiaçı razı olmadığından, o vurulmuş ziyanın tam həcmdə ona ödənilməsi ilə bağlı sığorta şirkətinə qarşı məhkəmədə tələb irəli sürməkdə haqlı olmuşdur. Belə ki, yuxarıda qeyd olunduğu kimi sığorta şirkəti iddiaçının mülkiyyətində olan avtomaşına vurulmuş ziyan məbləğini 730 manat hesablanmışdır. “Kia Motors” servis mərkəzi tərəfindən tərtib edilmiş 20.11.2021-ci il tarixli qüsur aktlarına əsasən iddiaçının mülkiyyətində olan avtomaşına dəymiş ziyanın məbləği həm 1835,80 manat, həm 1330,80 manat təşkil edir. Məhkəmə iclasında eyni zamanda müəyyən edilmişdir ki, iddiaçı tərəfindən avtomaşın təmir olunmuş və təmir xərci kimi 1330 manat ödəniş həyata keçirmişdir. Məhkəmə qeyd edir ki, cavabdeh təşkilat tərəfindən iddiaçıya sığorta ödənişi kimi 730 manat məbləğində pul təklif etsə də, həmin məbləğ vurulmuş ziyanın tam aradan qaldırılması üçün yetərli olmamışdır. Məhkəmə qeyd edir ki, sığorta şirkəti tərəfindən ziyan məbləği hesablanarkən 10.11.2021-ci il tarixli zərərin hesablanması aktı əsas tutulsa da, həmin akt mötəbər sübut kimi qəbul edilə bilməz. Belə ki, aktdan görünür ki, həmin akt sığorta şirkətinin əməkdaşları tərəfindən tərtib edilərək təsdiq edilmişdir. Sığorta şirkəti kommersiya təşkilatı kimi sığorta ödənişi ödəyən tərəf olduğu üçün, ziyan məbləğinin hesablanmasında maraqlı tərəf hesab olunur. Digər tərəfdən sığorta şirkəti avtomaşına vurulmuş ziyanı müəyyən edərkən yalnız vizual baxış keçirmiş və üzdən görünən ehtiyat hissələrinə vurulmuş ziyanı müəyyən etmişdir. Lakin iddiaçı tərəfindən təqdim edilən qüsur aktlarından və cavabdeh tərəfindən məhkəməyə təqdim edilmiş CD diskə baxış zamanı müəyyən oulnur ki, yol-nəqliyyat hadisəsi zamanı avtomaşının sığorta şirkətinin aktından göstərilməyən digər hissələr də zədələnmişdir. Bu səbəbdən məhkəmə həmin qüsur aktını daha mötəbər qəbul edir, eyni zamanda iddiaçı tərəfindən avtomobilin təmirinə çəkilən xərc kimi ödəniş qəbzində göstərilən məbləği də daha mötədər sübut kimi qəbul edir. Beləliklə məhkəmə iddiaçıya məxsus avtomaşına dəymiş ziyan məbləğinin 1330 manat həddində olmasını və belə olan halda sığorta şirkəti tərəfindən təklif olunan sığorta ödənişinin sığortalı əmlaka vurulmuş ziyanın aradan qaldırılması üçün kifayət etmədiyini nəzərə alaraq hesab edir ki, iddia tələbi sığorta ödənişinin tutulması hissəsində qismən təmin edilməli və cavabdehdən vurulmuş ziyanın əvəzi sığorta ödənişi kimi iddiaçının xeyrinə 1330 manat məbləğində pul tutulmalıdır. Azərbaycan Respublikası Mülki Məcəllənin 21.1-ci maddəsinə əsasən hüququ pozulmuş şəxs ona vurulmuş zərərin əvəzinin tam ödənilməsini tələb edə bilər, bu şərtlə ki, qanunda və ya müqavilədə zərərin əvəzinin daha az miqdarda ödənilməsi nəzərdə tutulmasın. Həmin Məcəllənin 21.2-ci maddəsinə əsasən zərər dedikdə, hüququ pozulmuş şəxsin pozulmuş hüququnu bərpa etmək üçün çəkdiyi və ya çəkməli olduğu xərclər, əmlakından məhrum olması və ya əmlakının zədələnməsi (real zərər), habelə hüququ pozulmasaydı, həmin şəxsin adi mülki dövriyyə şəraitində əldə edəcəyi gəlirlər (əldən çıxmış fayda) başa düşülür. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 21 və 23-cü maddələrinin şərh edilməsinə dair Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin 31 may 2002-ci il tarixli qərarına əsasən Azərbaycan Respublikası Mülki Məcəlləsinin 21-ci maddəsinin müddəaları yalnız real zərərin, habelə əldən çıxmış faydanın ödənilməsini nəzərdə tutur. “İcbari sığortalan haqqında” AR Qanununun 3.1.2-ci maddəsinə əsasən sığorta hadisələri nəticəsində sağlamlığına və (və ya) əmlakına zərər dəyən şəxslərin bu Qanunda müəyyən edilmiş həcmdə və qaydada müdafiəsinin təminatı icbari sığortaların əsas prinsiplərindən biridir. Həmin Qanunun 4.1-ci maddəsiən əsasən bu Qanunda nəzərdə tutulmuş icbari sığorta növləri fiziki və hüquqi şəxslərin əmlak mənafeləri ilə bağlı məruz qaldıqları zərərlərin əvəzinin ödənilməsini təmin etmək məqsədi ilə tətbiq edilir. Qeyd edilən Qanunun 15.1-ci maddəsinə əsasən icbari sığorta növlərində əmlaka dəyən zərər həmin əmlakın zədələnməsi, məhv olması və ya hər hansı digər formada itkisi ilə bağlı onun əmlak mənafelərinə dəyən zərərlərdir. Məhkəmə vurulmuş mənəvi ziyan görə 5.000 manat məbləğində pulun tutulması hissəsi üzrə qeyd edir ki, həmin hissədə tələb əsaslı hesab edilə bilməz. “Mənəvi zərərin ödənilməsi barədə qanunvericiliyin məhkəmələr tərəfindən tətbiqi təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 03.11.2008-ci il tarixli 7№-li qərarınına əsasən Azərbaycan Respublikası qanunvericiliyinin, “İnsan Hüquqlarının və Əsas Azadlıqların Müdafiəsi Haqqında Konvensiya”nın müddəaları və Avropa İnsan Hüquqları Məhkəməsinin presedentləri baxımından “mənəvi zərər” anlayışı insanın anadangəlmə və ya qanun əsasında ona mənsub olan şəxsi qeyri - əmlak xarakterli hüquq və azadlıqlarının, habelə əmlak hüquqlarının pozulması nəticəsində mənəvi sarsıntı və iztirab keçirməsini ifadə edir. Zərərçəkən fiziki şəxsin mənəvi sarsıntı keçirməsi dedikdə ona qarşı törədilən qanunsuz hərəkətin və ya hərəkətsizliyin şüurunda müəyyən mənfi psixi reaksiyaya səbəb olması, iztirab keçirməsi dedikdə isə onun sağlamlığının pozulması nəticəsində fiziki əzab çəkməsi anlaşılır. Mənəvi zərərin ödənilməsi ilə əlaqədar qanunvericiliyin müddəaları nəzərə alınmaqla şəxsə mənəvi zərər vurulması onun yaxın qohumlarını və ya iş yerini itirməsi, fəal ictimai həyat tərzindən məhrum olması, şəxsi, ailə və tibbi sirlərinin açıqlanması, şərəf, ləyaqət və işgüzar nüfuzunun ləkələnməsi, hər hansı başqa hüquqlarının müvəqqəti olaraq məhdudlaşdırılması və ya həmin hüquqlardan məhrum olması, sağlamlığına xəsarət yetirilməsi və s. hallarda özünü büruzə verə bilər. AR MPM-inn 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Qeyd edilən Məcəllənin 218.1-ci maddəsiən əsasən qətnamə çıxarıldıqda hakim sübutları qiymətləndirir, iş üçün əhəmiyyətli olan nə kimi halların müəyyən edildiyini, nə kimi halların müəyyən edilmədiyini, tərəflərin hansı hüquqi münasibətdə olmalarını, həmin iş üzrə hansı qanunun tətbiq edilməli olduğunu və iddianın təmin olunub-olunmadığını müəyyən edir. Məhkəmə qeyd edir ki, iddiaçı cavabdehin hərəkətləri nəticəsində mənəvi ziyan çəkməsini göstərsə də, bu halları təsdiq edən sübutları məhkəməyə təqdim edə bilməmişdir. Bu səbəbdən məhkəmə hesab edir ki, 5.000 manat mənəvi ziyanın tutulması hissəsində tələb təmin edilməməlidir. Məhkəmə iddia tələbinin 262,50 manat dəbbə pulunun cavabdehdən tutulması hissəsi üzrə qeyd edir ki, həmin hissədə də tələb təmin edilməməlidir. AR Mülki Məcəllənin 934-cü maddəsinə əsasən sığortaçı sığorta ödənişini sığorta qanunvericiliyi və ya sığorta müqaviləsi ilə müəyyən olunmuş müddətdə ödəmədikdə, hər gecikdirilmiş gün üçün sığorta ödənişi məbləğinin 0,1 faizi həcmində dəbbə pulu ödəyir. Məhkəmə iclasında müəyyən edilmişdir ki, cavabdeh sığorta təşkilatı tərəfindən iddiaçıya sığorta hadisəsi ilə bağlı sığorta ödənişinin verilməsindən imtina edilməmişdir. Əksinə iddiaçıya sığorta ödənişi təklif olunmuş, lakin sığortalı həmin məbləğlə razılaşmamış və bu səbəbdən məbləğlə bağlı tərəflər arasında mübahisə yaranmışdır. Belə olan halda bu hal sığorta ödənişinin müəyyən olunmuş müddətdə ödənilməməsi hesab edilmir və bu səbəbdən məhkəmə heab edir ki, dəbbə pulunun tutulması hissəsində tələb təmin edilməməlidir. AR MPM-nin 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Məhkəmə həmçinin hesab edir ki, iddia tələbi vurulmuş ziyanın tutulması hissəsində qismən təmin olunduğu üçün, məhkəmə xərci - ödənilmiş dövlət rüsumu təmin olunmuş tələbə mütənasib olaraq (33 manat) cavabdehdən iddiaçının xeyrinə tutulmalıdır. Şərh olunanlara əsasən və AR MPM-nin 216-220-ci maddələrini rəhbər tutaraq, məhkəmə…

QƏT ETDİ:

İddia tələbləri qismən təmin edilsin. 18.10.2021-ci il tarixdə baş vermiş yol-nəqliyyat hadisəsi ilə əlaqədar «Kia Pio» markalı ** UY *** dövlət nömrə nişanlı avtomaşına vurulmuş ziyanla bağlı "xxxx" Acıq Səhmdar Cəmiyyətindən İddiaçı xeyrinə sığorta ödənişi kimi 1330 manat və ödənilmiş dövlət rüsumunun əvəzi kimi 33 manat, cəmi 1363 (bir min üç yüz altmış üç) manat məbləğində pul tutulsun. İddia tələbləri qalan hissədə təmin edilməsin. Qətnamədən onun tərəflərə rəsmi qaydada təqdim edildiyi gündən 1 (bir) ay müddətinə Bakı Şəhəri Səbail Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, qəbul edildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Qeyd: apellyasiya şikayəti elektron sistem vasitəsi ilə verilmədikdə AR MPM-nin 363.1.5ci maddəsinə əsasən geri qaytarılacaqdır.

Hakim: Şahin Abdullayev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar