Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(009)-918/2022 20.06.2022 BAKI ŞƏHƏRİ SƏBAİL RAYON MƏHKƏMƏSİ Hakim Bağırova Mədinə Ağacavad qızının sədrliyi, Əlizadə Hüseyn Oktay oğlunun katibliyi, İddiaçı, cavabdehin nümayəndəsi Nümayəndə2 iştirakı ilə, İddiaçı Cavabdeh Sığorta Şirkətinə qarşı sığorta ödənişinin ödənilməsi tələbinə dair mülki işə açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İddiaçı Cavabdeh Sığorta Şirkətinə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh Sığorta Şirkəti tərəfindən ona ödənilməli olan xəstəlik xərcləri 3450 manat, səfərin ləğv edilməsi tarixi dəyişdirilməsinə görə 750 manat, işə getmədiyinə görə 1000 manat əmək haqqı, ümumilikdə 5200 manat pulun ona verilməsinə və məhkəmə xərclərinin cavabdehdən tutulması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddiaçı tələbini onunla əsaslandırmışdır ki, o və ailəsi 12 avqust 2021-ci il tarixində Antalya şəhərinə getmişlər. 19 avqus 2021-ci il tarixində Bakıya qayıtmaq üçün əvvəlcə test verilməsi lazım olduğunu onlara bildirdilər və onlardan öz hesablarına 17 avqust 2021-ci il tarixində “COVİD-19” testi götürdülər. Testin nəticəsi arvadında və uşağında neqativ, onda isə pozitiv çıxdı. Bu səbəbdən arvadı və uşağı Bakıya yola salındı, o isə otelin karantin otaqına yerləşdirildi. 10 gün müddətinə orada qalmalı və öz hesabına aldığı dərmanlarla müalicə olmalı oldu. 27 avqust 2021-ci il tarixdə yenidən öz hesabına “COVİD-19” test götürdülər və bu dəfə də onda “COVİD- 19” testi müsbət oldu. Əlavə olaraq 4 gün yenidən öz hesabına oteldə qalaraq müalicə alandan sonra yenidən öz hesabına “COVİD-19” test verdi. Testin nəticəsi neqativ oldu və o, Bakıya qayıtmaq üçün yeni tarixə bilet sifariş etdi. Yaxın tarixdə bilet olmadığından 4 gün sonraya bilet aldı və həmin 4 günü yenidən öz hesabına oteldə qalmalı oldu. Onlar tur bileti alıb Antalyaya gedəndə Cavabdeh Sığorta Şirkəti tərəfindən bu kimi hallar baş verərsə, onlara sığorta pulunun ödənilməsi nəzərdə tutularaq 15000 ABŞ Dolları məbləğində sığorta olunmuşdular. Lakin onun xəstələnməsinə baxmayaraq, sığorta şirkəti tərəfindən heç bir köməklik olunmadı. Cavabdeh Sığorta Şirkəti onları sığorta edərkən əlavə məlumatlar vərəqəsi təqdim etmiş və bu kimi hallarla qarşılaşarsa onlara 15000 ABŞ dolları məbləğində pulun ödənilməsi barədə məlumat vermişdir. Məlumat üçün bildirir ki, o, xəstəlik səbəbindən oteldə əlavə qaldığı günlərin pulunu, 4 dəfə əlavə olaraq verdiyi testlərin pulunu və müalicə üçün lazım olan 14 günlük dərman preparatlarının pulunu özü öz hesabına etmişdir. Antalyada 2320 manat, Bakıya gəldikdən sonra 1150 manat, müalicə üçün ümumilikdə 3450 manat pul xərcləmişdir. Ona görə də, Cavabdeh Sığorta Şirkəti tərəfindən ona ödənilməli olan xəstəlik xərcləri 3450 manat, səfərin ləğv edilməsi tarixi dəyişdirilməsinə görə 750 manat, işə getmədiyinə görə 1000 manat əmək haqqı, ümumilikdə 5200 manat pulun ona verilməsinə və məhkəmə xərclərinin cavabdehdən tutulması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Məhkəmə iclasında İddiaçı iddia tələbini müdafiə edərək onun təmin edilməsini xahiş etmiş, eləcə də bildirmişdir ki, 17 avqust 2021-ci il tarixində ondan götürülən (COVİD-19) testi pozitiv çıxdıqdan sonra qaldığı oteldə onu karantin otağına salaraq telefonunu əlindən almış və ona yalnız bir paket dərman verərək otağın qapısını arxadan bağlamışlar. Onun qaldığı otaqda daxili telefon işləmədiyi, qızdırması çox yüksək olduğu və onunla heç kim maraqlanmadığı üçün o məcburiyyət qarşısında qalaraq pəncərəni açıb yoldan keçənlərdən qapının açılmasında ona yardım göstərmələrini xahiş etmişdir. Yalnız bundan sonra gəlib otağın qapısını açaraq onunla maraqlanmışlar. Oteldə qalan bir azərbaycanlı ailəsi ona yardım göstərmiş, ona lazımi dərmanları, yemək alıb gətirmişdir. Yalnız qapı açıldıqdan sonra o, telefonunu geri alaraq onu xaricə göndərmiş turist şirkətinə, sığorta şirkətinin nümayəndəsi “Remed Asistanse” servis mərkəzinə hadisə barədə məlumat verməyi xahiş etmişdir. Otel tərəfindən də onu xaricə göndərən turist şirkətinə onun “COVİD-19” testinin cavabı göndərilmişdir. O özü də hadisə barədə sığorta şirkətinin nümayəndəsi “Remed Asistanse” servis mərkəzinin telefonuna vatsapla məlumat vermişdir. O, xəstəlik səbəbindən oteldə əlavə qaldığı günlərin pulunu, 4 dəfə əlavə olaraq verdiyi testlərin pulunu və müalicə üçün lazım olan 14 günlük dərman preparatlarının pulunu özü öz hesabına etmişdir. Bunu onun əmək haqqı kartından çıxarışdan da görmək olur ki, həmin çıxarışı o, məhkəməyə təqdim etmişdir. Beləliklə, o, Antalyada əlavə qaldığı günlərə görə 2320 manat, Bakıya gəldikdən sonra müalicəsinə 1150 manat pul xərcləmişdir. O, Azərbaycana qayıtdıqdan sonra dəfələrlə sığorta şirkətinə sığorta ödənişi ilə bağlı şifahi şəkildə müraciətlər etmiş, lakin hal-hazıradək ona heç bir cavab verilməmiş, ona sığorta ödənişi ödənilməmişdir. Ona görə də, iddiasının təmin edilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə iclasında Cavabdeh Sığorta Şirkəti ASC-nin nümayəndəsi Nümayəndə2 iddianı qəbul etməyərək onun təmin edilmədən saxlanılması barədə qətnamə qəbul edilməsini xahiş etmiş və məhkəməyə etirazını təqdim edərək izah etmişdir ki, cavabdehlə iddiaçı arasında ST-20308 saylı səfər sığortası müqaviləsi bağlanmışdır. Müqavilədə azadolma məbləği 30 ABŞ dolları, Səfərin ləğv edilməsi və ya tarixinin dəyişdirilməsi üzrə sığorta məbləği limiti 750 ABŞ dolları müəyyən olunmuşdur. İddia ərizəsinə görə iddiaçı xx.xx.2021-ci il tarixində “COVİD-19” testi müsbət çıxdığı üçün Bakıya qayıda bilməmiş və Antalyada oteldə qalmalı olmuş, verdiyi PZR testi və müalicə üçün ödədiyi pulun, səfərin ləğvi ilə bağlı 750 manat, eləcə də oteldə qalmaq pulu, Bakıda müalicə pulunun və əmək haqqı üçün 1000 manat ümumilikdə 5200 manat ödənişin verilməsini tələb edir. Aşağıdakılara əsasən iddiaçının tələbini əsassız hesab edirlər. Sığorta müqaviləsinin tərkib hissəsi hesab edilən “Səfər sığortası” Qaydalarının 27.2-ci bəndinə əsasən səfərin ləğv edilməsinin və ya tarixlərinin dəyişdirilməsinin sığortası zamanı sığorta predmeti Sığortalının dəyəri ödənilmiş xaricə səfərin ləğv edilməsi və ya xaricdə qalma tarixlərinin dəyişməsi nəticəsində çəkdiyi xərclərdir. Qaydaların “Səfərin ləğv edilməsi və tarixinin dəyişdirilməsi bölməsinin 28.1 - 28.2-ci bəndinə əsasən aşağıda qeyd edilənlər sığorta hadisəsi hesab edilir: 28.1. Sığorta müqaviləsində nəzərdə tutulmuş və baş verməsi nəticəsində Sığortaçının sığorta ödənişi verməsi öhdəliyini yaranan hallar sığorta hadisəsi hesab edilir. 28.2. O hallar sığorta hadisəsi hesab edilir ki, onlar sığorta müqaviləsinin qüvvədə olduğu müddət ərzində baş vermiş olsun və səlahiyyətli orqanlar tərəfindən verilmiş sənədlərlə sübuta yetirilsin: -Sığortalının və ya onun yaxın qohumunun ölməsi, səhhətinin qəfil pozulması halları, hansı ki, səfərin başlama tarixindən əvvəl yaranmışdır və həmin səfərin baş tutmasına maneə törətmişdir. Bu Qaydalara əsasən yaxın qohum dedikdə, ata və ana, uşaqlar (övladlığa götürülənlər daxil olmaqla), həmçinin doğma bacı və qardaşlar nəzərdə tutulur; -Sığortalının və ya onun yaxın qohumunun və ya həyat yoldaşının ölməsi, səhhətinin qəfil pozulması halları, hansı ki, səfərin başlama tarixindən əvvəl yaranmışdır və həmin səfərin baş tutmasına maneə törətmişdir; -Sığorta müqaviləsi qüvvəyə mindikdən sonrakı dövrdə məhkəmə orqanı tərəfindən verilmiş qərara əsasən Sığortalının sığorta müddəti ərzində məhkəmə işinə baxılmasında iştirakı tələb edildikdə; -Sığortalının, onun həyat yoldaşının, yaxın qohumun xəstələnməsi və / və ya ölümü ilə bağlı olaraq, həkim məsləhətinə əsasən Sığorta olunanın xaricdən vaxtından əvvəl geri qayıtması; -Səfərin son tarixinin keçməsinə baxmayaraq, Sığortalının onunla birlikdə səfər edən həyat yoldaşının və ya yaxın qohumların ölümü, bədbəxt hadisə baş verməsi və ya xəstəliyi səbəbilə xəricdən geri qayıtmasının gecikməsi. Sığorta qaydalarının 29-cu maddəsinə əsasən Sığortaçı 28.2-cı bənddə göstərilən səbəblərə görə səfərin ləğv edilməsi ilə bağlı Sığorta olunan tərəfindən çəkilən aşağıdakı xərcləri əhatə edir: -Sığorta olunanın səfərə çıxa bilməməsi nəticəsində müqavilədə (və ya turizm şirkəti tərəfindən hazırlanmış digər səfər sənədində) turist xidmətləri üçün müəyyən edilmiş kompensasiya; -Səfər sənədlərinin ləğv edilməsi, oteldə otaq rezervasıyasından imtina və s. ilə bağlı olan və nəqliyyat şirkətinin, konsulluğun, otelin və s. sənədləri ilə təsdiqlənmiş xərclərin kompensasiyası. Qaydaların 29.2-ci bəndinə əsasən Sığortaçının xaricdən vaxtında geri qayıda bilməməsinə görə yaranan, Sığorta olunan tərəfindən ödənilən və sənədlərlə sübut edilən xərclən müqavilədə müəyyən edilmiş sığorta məbləği çərçivəsində geri qaytarır. Bu zaman "ekonom” sinfinə aid biletlərin əldə edilməsinə, təcili birdəfəlik mesajın çatdırılmasına (telefon, telefaks, teieqram) çəkilən xərclər qarşılanır, həmçinin turizm agentliyi - səfərin təşkilatçısı tərəfindən təsdiqlənən turizm şirkəti ilə müqaviləyə əsasən xaricdə qalma müddətinin istifadə edilməyən hissəsi üçün oteldə qalma xərclən də ödənilir. Səfər sənədlərinin əldə edilməsi xərcləri yalnız o halda qarşılanır ki, ilkin biletin əvəz edilməsi mümkün olmasın. Səfər sənədlərinin yenidən rəsmiləşdirilməsi zamanı Sığortaçı səfər sənədlərinin yenidən rəsmiləşdirilməsi ilə bağlı sənədlərlə təsdiq edilən xərcləri qarşılayır. Qaydaların 29.3cü bəndinə əsasən sığortaçı tərəfindən səfər vaxtının sona çatmasından sonra Sığorta olunanın xaricdən geri qayıtmasının gecikməsi nəticəsində yaranan və sənədlərdə təsdiq edilən xərcləri sığorta müqaviləsindəki sığorta məbləği çərçivəsində qarşılayır. Bu zaman Sığorta olunanın səviyyəsi 3 ulduzdan yüksək olmayan oteldə 5 (beş) gündən uzun olmayacaq müddətə qalması, turistik sinfə aid səfər biletlərinin satınalınmasına, təcili birdəfəlik mesajın çatdırılmasına (telefon, telefaks, teleqram) çəkilən xərclər ödənilir. Səfər sənədlərinin əldə edilməsi xərcləri yalnız o halda qarşılanır ki, ilkin biletin əvəz edilməsi mümkün olmasın. Səfər sənədlərinin yenidən rəsmiləşdirilməsi zamanı Sığortaçı səfər sənədlərinin yenidən rəsmiləşdirilmədi ilə bağlı sənədlərlə təsdiq edilən xərcləri qarşılayır. Qaydaların 31.1ci bəndinə əsasən Sığorta olunan sığorta hadisəsinin baş verməsindən sonrakı 5 gün ərzində sığorta hadisəsinin baş verməsi haqqında Sığortaçıya məlumat verməlidir. Sığorta hadisəsi baş verdikdən sonrakı 30 gün ərzində Sığorta olunan sığorta ödənişinin alınması üçün ərizə ilə müraciət etməlidir. Ərizədə sığorta hadisəsinin xarakteri və baş verdiyi şərait, xaricə çıxış tarixi əks etdirilməlidir. Ərizəyə aşağıdakı sənədlər əlavə edilməlidir (rus və ingilis dillərindən fərqli digər dillərdə olan sənədlərin əslinin tərcümələri): 31.1.1.-turizm xidmətlərinin göstərilməsi üzrə müqavilənin əsli və xidmətlərinin dəyərinin ödənilməsini təsdiqləyən sənədlər; 31.1.2.-turizm agentliyi tərəfindən turizm xidmətlərinin göstərilməsi üzrə müqavilə çərçivəsində alınmış məbləğlərin bir hissəsini Sığortalıya (Sığorta olunana) qaytarmasını təsdiqləyən sənədlər (qaytarılan məbləğin hesablanması və xərc üzrə kassa orderi); 31.1.3.- Sığorta olunanın turizm xidmətlərinin göstərilməsi üzrə müqaviləyə əsasən səfərin ləğv edilməsinə görə tətbiq edilmiş cərimə sanksiyaları ilə bağiı çəkdiyi xərclərlə bağlı turizm agentliyinin arayış; 31.1.4.-nəqliyyat şirkətinin, konsulluğun, otelin və xaricə səfəri təşkil etmək üçün Sığorta olunanın istifadə etdiyi digər təşkilatın sənədləri, hansılar ki, səfər sənədlərinin ləğv edilməsi, oteldə rezerv edilmiş otaqdan imtina edilməsi və s. nəticəsində zərərlərin baş verdiyini sübut edir; 31.1.5.-sığorta hadisəsinin xarakterini müəyyən etmək üçün zəruri olan sənədlər və məlumatlar, daha dəqiq:-Sığorta olunanın və ya onun yaxın qohumlarının xəstələnməsi, xəsarət alması və ya öiməsi nəticəsində səfərin baş verməməsi hallarında -tibb qurumundan arayış, notarial qaydada təsdiqlənmiş ölüm kağızının surəti, Sığorta olunan ilə yaxın qohumun qohumluq əlaqələrini sübut edən sənədlər; -Sığorta olunana məxsus əmlakın zədələnməsi və ya məhv olması nəticəsində səfərin baş verməməsi hallarında -polis orqanlarının və müvafiq inzibati xidmətlərin zərərin baş verməsini sübut edən protokolları; Məhkəmə iclasında iştirak səbəbi ilə səfərin baş verməməsi hallarında - məhkəmə tərəfindən təsdiq edilmiş məhkəməyə çağırış vərəqəsi. Qaydaların 31.5-ci bəndinə əsasən, Sığorta ödənişi Sığorta olunan tərəfindən 31.1.1- 31.1.5 bəndlərdə göstərilən sənədiərin təqdim edildiyi tarixdən sonrakı 30 (otuz) iş gün ərzində Sığortaçı tərəfindən ödənilir. Qaydaların 32.1-ci maddəsinə əsasən aşağıdakılardan biri baş verdikdə, Sığortaçı sığorta müqaviləsinə əsasən sığorta ödənişinin verilməsindən tam və ya qismən imtina etmək hüququna malikdir: 32.1.1.sığorta haqqının tam məbləğdə ödənilməməsi; 32.1.2. Qaydaların 31.1, 31.3 və 31 4-cü bəndlərinin pozulması; 32.1.3. Sığortaçıya sığorta hadisəsinin baş verməsi və çəkilmiş xərclərin məbləğləri ilə bağlı yalan məlumatların təqdim edilməsi; 32.1.4. sığorta hadisəsi ilə bağlı olaraq Sığortaçı tərəfindən ödəniləcək olan zərərin artmasına səbəb olma (qəsdən və ya ehtiyatsızlıq nəticəsində), və ya zərərlərin azaldılması üçün münasib tədbirlərin görülməməsi. Qaydaların 32.3-cü bəndinə əsasən, sığortaçının sığorta ödənişinin verilməsindən imtina qərarı mövcud qanunvericiliyə əsasən Sığortalı (Sığorta olunan) tərəfindən məhkəmə qaydasında mübahisələndirilə bilər. İddia ərizəsində qeyd edildiyinə görə iddiaçının səfərdən qayıda bilməməsi “COVİD 19” testinin müsbət çıxması və qarantinə alınması ilə bağlı olmuşdur. Lakin iddiaçı tərəfindən iş materiallarına Qaydaların 31.1.5-ci bəndində tələb olunan tibbi arayış əlavə edilməmişdir. Bundan əiavə, səfər sənədlərinin ləğv edilməsi, oteldə rezerv edilmiş otaqdan imtina edilməsi və s. nəticəsində zərərlərin baş verdiyini sübut edən, çəkilən xərcləri təsdiq edən sübutlar təqdim edilməmişdir. Eyni zamanda Qaydaların 29.3-cü bəndindən göründüyü kimi, Sığorta olunanın səviyyəsi 3 ulduzdan yüksək olmayan oteldə 5 (beş) gündən uzun olmayacaq müddətə qalmasına təminat verilmişdir. Lakin iddiaçının ərizəsindən belə görünür ki, iddiaçı 5 ulduzlu oteldə qalmış, qalma müddəti isə 10 gündən də çoxdur. Bundan əlavə, iddiaçı Qaydaların 31-ci maddəsinin tələblərinə əməl etməmiş, hadisə barədə Sığorta şirkətinə və onun müqavilədə təyin etdiyi “Remed Assistence” şirkətinə məlumat verməmişdir. Qeyd edilənlər iddiaçıya sığorta ödənişinin verilməsindən imtina üçün əsas yaradır və iddia tələbini əsassız edir. İddiaçının əmək haqqının ödənilməsi və Azərbaycanda aldığı müalicə xərclərinin ödənilməsi ilə bağlı tələbini də əsassız hesab edir. Belə ki, baxılan halda sığortanın predmeti Sığortalının dəyəri ödənilmiş xaricə səfərin ləğv edilməsi və ya xaricdə qalma tarixlərinin dəyişməsi nəticəsində çəkdiyi xərclərdir. Azərbaycanda alınan müalicə və əmək haqqı səfər sığortasının, xüsusilə səfərin ləğv edilməsi və ya xaricdə qalma tarixlərinin dəyişməsi xərcinə daxil deyildir. Göstərilənlərə əsasən iddia tələbi əsassız olduğundan rədd olunmasını xahiş etmişdir. Məhkəmə işə baxıb, tərəflərin izahatını dinləyib, təqdim olunmuş sübutları tədqiq edib, irəli sürülən tələbin dəlillərini müzakirə edərək hesab edir ki, iddia tələbi əsaslıdır və aşağıdakılara görə qismən təmin edilməlidir. İş materiallarından görünür ki, Cavabdeh Sığorta Şirkəti ASC ilə İddiaçı arasında xx.xx.2021-ci il tarixdən xx.xx.2021-ci il tarixədək ST 20308 saylı «Səfər sığortası şəhadətnaməsi» müqaviləsi rəsmiləşdirmişdir. Həmin şəhadətnamənin bəndlərinə əsasən hazırki iş üzrə cavabdeh sığortalını 15.000 ABŞ dolları məbləğində sığortalamışdır. Müqavilədə səfərin ləğv edilməsi və ya tarixinin dəyişdirilməsi üzrə sığorta məbləği limiti 750 ABŞ dolları müəyyən olunmuşdur. İş materiallarında olan iddiaçıya məxsus kart hesabından çıxarışdan görünür ki, xx.xx.2021-ci il tarixdən xx.xx.2021-ci il tarixədək iddiaçıya məxsus kart hesabından cəmi 763,04 manat vəsait çıxarılmışdır. İş materiallarında olan xx.xx.2021-ci il tarixli laboratoriya analizinin nəticəsindən görünür ki, İddiaçı PCR 1 testinin nəticəsi Pozitiv çıxmışdır. Yuxarıda göstərildiyi kimi, hazırki iş üzrə tərəflərin hüquq münasibətləri 17 avqust 2021-ci il tarixdə baş vermiş sığorta hadisəsi nəticəsində dəymiş ziyanın ödənilməsi ilə bağlı yaranmışdır. Mülki qanunvericilikdə sığorta hadisəsinin anlayışı verilməklə yanaşı, həmçinin sığorta hadisəsi baş verdiyi təqdirdə sığortalı və sığortaçının vəzifələri, habelə sığorta ödənişlərinin verilməsindən imtina əsasları da göstərilmişdir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 923.1-ci maddəsinə əsasən sığorta hadisəsinin baş verməsi barədə sığortalı və ya sığorta olunan şəxs, yaxud faydalanan şəxs hadisədən xəbər tutduqdan dərhal sonra və ya mümkün olan ən qısa müddət ərzində sığortaçıya və ya onun nümayəndəsinə, eyni zamanda həmin hadisə barədə məlumatlandırılmalı olan səlahiyyətli dövlət orqanlarına hər hansı vasitə ilə xəbər verməlidir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 925.1-ci maddəsinə əsasən sığorta hadisəsi nəticəsində dəymiş zərərin miqdarını sığortalının, sığorta olunanın və ya faydalanan şəxsin, yaxud onların nümayəndəsinin təqdim etdiyi sığorta tələbi əsasında sığortaçı müəyyən edir. Həmin Məcəllənin 925.5-ci maddəsinə əsasən əmlak sığortası müqaviləsi üzrə sığortalı, sığorta olunan və ya üçüncü şəxs aşağıdakı hallar istisna olmaqla, zərər dəymiş əmlakı sığorta hadisəsindən dərhal sonrakı vəziyyətdə sığortaçıya və ya onun səlahiyyətli nümayəndəsinə təqdim etməlidir. Həmin Məcəllənin 935.1.1-ci maddəsinə əsasən bu Məcəllənin 923.1-ci maddəsinin tələblərinə əməl edilməməsi nəticəsində sığortaçının hadisənin səbəblərini və (və ya) dəyən zərərin həcmini müəyyənləşdirmək imkanından tam və ya qismən məhrum olması ilə əlaqədar olaraq onun mənafeləri əhəmiyyətli dərəcədə pozulduqda sığortaçı sığorta ödəməkdən imtina edir. Qanunvericiliyin qeyd edilən normalarından aydın olur ki, sığorta hadisəsi barədə sığortalı və digər şəxslər tərəfindən sığortaçıya dərhal və mümkün olan ən qısa müddət ərzində məlumat verilməməsi nəticəsində sığortaçı, hadisənin səbəblərini və (və ya) dəyən zərərin həcmini müəyyənləşdirmək imkanından tam və ya qismən məhrum olması ilə əlaqədar onun mənafeyi əhəmiyyətli dərəcədə pozulduqda sığorta ödəməkdən imtina edə bilər. Qeyd edilən hal onu təsdiq edir ki, məhz göstərilən hallar müəyyən edildikdə, sığortaçı tərəfindən sığorta ödənişindən imtina edilə bilər. Qanunun 935.1.1-ci maddəsinin məzmunundan aydın olur ki, sığorta ödənişindən imtina əsası kimi müəyyən edilmiş şərtlərin sübut edilməsini məhz sığorta ödəməkdən imtina edən sığortaçının üzərinə düşür. Lakin sığortaçı tərəfindən məhkəməyə sığorta hadisəsinin səbəbini və dəyən zərərin həcminin müəyyənləşdirmək imkanından məhrum olması ilə əlaqədar onların mənafeylərinin əhəmiyyətli dərəcədə pozulmasını təsdiq edən hər hansı bir mötəbər sübut təqdim edilməmişdir. Halbuki mülki prosessual qanunvericiliyin 77-ci maddəsinə əsasən hər bir tərəf öz tələb və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. “Səfər sığortası” Qaydalarının 27.2-ci bəndinə əsasən səfərin ləğv edilməsinin və ya tarixlərinin dəyişdirilməsinin sığortası zamanı sığorta predmeti Sığortalının dəyəri ödənilmiş xaricə səfərin ləğv edilməsi və ya xaricdə qalma tarixlərinin dəyişməsi nəticəsində çəkdiyi xərclərdir. Qaydaların “Səfərin ləğv edilməsi və tarixinin dəyişdirilməsibölməsinin 28.1 - 28.2-ci bəndinə əsasən aşağıda qeyd edilənlər sığorta hadisəsi hesab edilir: 28.1. Sığorta müqaviləsində nəzərdə tutulmuş və baş verməsi nəticəsində Sığortaçının sığorta ödənişi verməsi öhdəliyini yaranan hallar sığorta hadisəsi hesab edilir. Qaydaların 28.2-ci bəndinə əsasən o hallar sığorta hadisəsi hesab edilir ki, onlar sığorta müqaviləsinin qüvvədə olduğu müddət ərzində baş vermiş olsun və səlahiyyətli orqanlar tərəfindən verilmiş sənədlərlə sübuta yetirilsin: -Sığortalının və ya onun yaxın qohumunun və ya həyat yoldaşının ölməsi, səhhətinin qəfil pozulması halları, hansı ki, səfərin başlama tarixindən əvvəl yaranmışdır və həmin səfərin baş tutmasına maneə törətmişdir. Məhkəmə iclasında sübutların tədqiqi ilə kifayət qədər müəyyən olundu ki, cavabdehlə aralarında bağlanmış «Səfər sığortası» müqaviləsi üzrə sığortalanmış iddiaçı və ailə üzvləri Bakıya qayıqmaq üçün öz hesablarına 17 avqust 2021-ci il tarixində “COVİD-19” testi vermiş, PSR testin nəticəsi iddiaçıda pozitiv çıxdığı üçün onun ailə üzvləri Bakıya yola salınmış, iddiaçı isə otelin karantin otaqına yerləşdirilmişdir. İddiaçı 10 gün müddətində oteldə karantində qalmış və öz hesabına aldığı dərmanlarla müalicə olunmuşdur. 27 avqust 2021-ci il tarixdə iddiaçıdan yenidən öz hesabına “COVİD-19” test götürmuşlər və bu dəfə də onda “COVİD-19” testi müsbət olduğundan, əlavə olaraq iddiaçı 4 gün yenidən öz hesabına oteldə qalaraq müalicə alandan sonra yenidən öz hesabına “COVİD-19” test vermişdir. Testin nəticəsi neqativ olmuş və iddiaçı Bakıya qayıtmaq üçün yeni tarixə bilet sifariş etmiş, yaxın tarixdə bilet olmadığından, iddiaçı 4 gün sonraya bilet almış və həmin 4 günü yenidən öz hesabına oteldə qalmalı olmuşdur. Məhkəmə iclasında eləcə də müəyyən olundu ki, iddiaçı tərəfindən sığorta şirkətinin nümayəndəsi “Remed Asistanse” servis mərkəzinin telefonuna vatsapla məlumat vermiş, otel tərəfindən də iddiaçını xaricə göndərən turist şirkətinə onun “COVİD-19” testinin cavabı göndərilmişdir. Lakin iddiaçı ilə bağlı sığorta hadisəsi baş verdiyinə baxmayaraq, sığorta şirkəti tərəfindən iddiaçıya heç bir sığorta ödənişi olmamışdır. Məhkəmə iclasında həmçinin müəyyən olundu ki, xx.xx.2021-ci il tarixdən xx.xx.2021-ci il tarixədək əlavə olaraq oteldə qaldığı müddət ərzində iddiaçı tərəfindən cəmi 763,04 manat vəsait sərf olunmuşdur. Beləliklə, məhkəmə iclasında sübutların tədqiqi ilə kifayət qədər müəyyən olundu ki, iddiaçı Antalya şəhərində olarkən xx.xx.2021-ci il tarixdə onunla bağlı sığorta hadisəsi baş vermiş, bununla əlaqədar iddiaçının səfəri ləğv edilmiş və səfərinin tarixi dəyişdirilmiş, onun xəstələnməsi barədə onu xaricə göndərən turist şirkətinə və sığorta şirkətinin nümayəndəsi “Remed Asistanse” servis mərkəzinə məlumat verilmiş, lakin Sığorta şirkəti tərəfindən iddiaçıya hər hansı sığorta ödənişi edilməmişdir. Ona görə də, məhkəmə hesab edir ki, iddia tələbi Cavabdeh Sığorta Şirkəti tərəfindən xəstəliyi ilə əlaqədar Antalyada onun sərf etdiyi 2320 manatın, səfərin ləğv edilməsi və tarixinin dəyişdirilməsinə görə 750 manatın cavabdehdən onun xeyrinə tutulması hissəsində qismən təmin edilməli, qalan hissədə, yəni Bakıda müalicəsinə sərf etdiyi xərcin və işə getmədiyinə görə 1000 manat əmək haqqının tutulması hissəsində isə əsassız olduğu üçün təmin edilməməlidir. Azərbaycan Respublikası MPM-nin 119.1-ci maddəsinə görə məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. İş materiallarında olan xx.xx.2022-ci il tarixli ödəniş qəbzindən görünür ki, iddia ərizəsinin verilməsi ilə əlaqədar 72.40 manat məbləğində dövlət rüsumu ödənilmişdir. İddia tələbi qismən təmin edildiyindən, məhkəmə hesab edir ki, cavabdehdən iddiaçının xeyrinə ödənilmiş dövlət rüsumunun əvəzi olaraq 50 manat tutulmalıdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 77.1-ci maddəsinə əsasən, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 14.2-ci maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 217.4-cü maddəsinə görə isə, məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 216- 220, 360-cı maddələrini rəhbər tutaraq məhkəmə, QƏT ETDİ: İddia qismən təmin edilsin. Cavabdeh Sığorta Şirkətindən səfərin tarixinin dəyişdirilməsinə görə 750 (yeddi yüz əlli) manat, xəstəlik xərcləri olaraq 763,04 (yeddi yüz altmış üç manat dörd qəpik) manat və ödənilmiş dövlət rüsumunun əvəzi olaraq 50 (əlli) manat tutularaq İddiaçı ödənilsin. Qalan hissədə iddia təmin edilməsin. Qətnamədən təqdim olunan (alınan) gündən 1 (bir) ay müddətində Bakı şəhəri Səbail rayon Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Hakim Mədinə Bağırova
Məhkəmə qərarları › İş №2(009)-918/2022
Bakı Şəhəri Səbail Rayon Məhkəməsi Qətnamə — İş №2(009)-918/2022
20.06.2022 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Sığorta müqaviləsi üzrə mübahisələr - Sığorta ödənişinin ödənilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver