Məhkəmə qərarları › İş №2(009)-936/2022

Bakı Şəhəri Səbail Rayon Məhkəməsi Qətnamə — İş №2(009)-936/2022

08.08.2022 · Ailə münasibətləri üzrə mübahisələr - Alimentin təyin edilməsi tələbi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(009)-936/2022 08.08.2022 BAKI ŞƏHƏRİ SƏBAİL RAYON MƏHKƏMƏSİ Hakim: Abdullayev Şahin Zülfüqar oğlunun sədrliyi, Ağayeva Narqələm Bayram qızının katibliyi ilə İddiaçının nümayəndəsi R.C.Mərdanovun və vəkili N.R.Səfərovun, Cavabdehin nümayəndəsi və vəkili S.M.Məmmədovun, 3-cü şəxs Səbail rayon İcra Hakimiyyəti başçısı yanında X3 İşləri və Hüquqlarının Müdafiəsi üzrə Komissiyasının nümayəndəsi Ə.E.Hüseynovun iştirakları ilə İddiaçı Cavabdeh qarşı nikahın pozulması, uşağın ananın yanında saxlanılması və alimentin tutulması tələbinə dair iddia ərizəsi üzrə mülki işə Səbail rayon Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq… MÜƏYYƏN ETDİ: İddiaçı Cavabdeh qarşı nikahın pozulması, uşağın ananın yanında saxlanılması və alimentin tutulması tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək göstərmişdir ki, o, Cavabdehlə el adəti üzrə evlənib toy şənliyi edilərək xx.xx.2011-ci il tarixdə rəsmi nikah münasibətinə girərək evlənmişlər. Həyat yoldaşının valideynlərinə məxsus Bakı şəhəri, Səbail rayonu, A.Quliyev küçəsi, ev 6, 38 saylı mənzildə əvvəlcə çox mehriban ər-arvad kimi yaşamışlar. Birgə nikahlarından xx.xx.2012-ci ildə İlyas adlı uşağı olmuşdur. İlk illərdə ailəsi çox mehriban münasibətdə olmuş, lakin son illərdə cavabdeh ona, ailəsinə qarşı çox biganə olaraq heç bir əsasla səbəb olmadan davadalaş salmaq, ailədə yersiz söz-söhbət aparmaqla onu təngə gətirmiş, lakin hər dəfə ailənin dağılmasına “el içində rüsvay olmayaq” deyə hər bir hərəkətinə göz yumub dedi-qodusunu udmağa çalışmışdır. Lakin son zamanlar daha buna dözmək iqtidarında deyil. Təngə gəlmişdir. Ona qarşı çox biganədir. Uşağını ondan ayırır, günlərlə yanında saxlayır, ona qarşı öyrətməklə aralarında “uçurum” yaradır. Valideynlərinə qarşı çox etinasızdır. Onun anası vəfat etmiş, lakin cavabdeh, bir kürəkən kimi, yas mərasimində iştirak etməmiş, “atasına belə başsağlığı verməkdən” yan keçmişdir. Birgə yaşayışları qeyri-mümkün olduğundan boşanmaq məcburiyyətində qalmışdır. Dəfələrlə cavabdehə öz aralarında məhkəməyə müraciət etmədən birgə uşaqların, oğlunun tərbiyə edilməsini istəsə də, lakin Cavabdeh onun tələbini, istəyini rədd edir, uşağını zorla əlindən alır, balanı anaya qarşı qoyur, onun bu ədalətsiz saymazyana hərəkətlərinin qarşısını almaq iqtidarında deyil. O, heç bir yerdə işləmir, cavabdeh isə məsul vəzifədə işləyərək yüksək əmək haqqı alır. Onu isə iqtisadi cəhətdən son dərəcə çətin durumda qoymuşdur. Məhz bu səbəbdən də cavabdehin əmək haqqından ¼ faizi tutularaq aliment formasında ona verilməsi xüsusatına obyektiv qiymət verilməlidir. Onun Cavabdeh ilə aralarında bağlanılmış xx.xx.2011-ci il tarixli 666351 saylı nikah haqqında şəhadətnamə üzrə nikahları qüvvədə olan mövcud AR Mülki, Mülki Prosessual, Ailə Məcəlləsinin müvafiq tələblərinə əsasən pozulmalıdır. Habelə, hüquqi yardım 16 saylı vəkillər bürosuna ödənilmiş 500 manat, mediasiya məhkəmə xərcləri ilə birlikdə cəmi 1000 manat cavabdehdən tələb edilməlidir. Məhkəməyə müraciət etməzdən əvvəl göstərdiyi xüsusatların həlli ilə əlaqədar olaraq ilkin mediasiya müraciət edilmiş, sessiyasında iştirak edilmiş, hər ikisinin razılığı əsasında iddianın əsaslı olması razılığına gəlinmişdir. Bu barədə mediasiya haqqı 50 manat pulu rəsmi sənədlə mediasiya hesabına ödəmişdir. Göstərilənləri nəzərə alaraq iddiaçı Cavabdeh ilə aralarında bağlanılmış xx.xx.2011-ci il tarixli 666351 saylı nikahın pozulması, xx.xx.2012-ci ildə birgə nikahlarından anadan olmuş İlyas adlı oğlunu ana kimi onun himayəsinə verməsi və saxlanılması üçün Cavabdeh əmək haqqından ¼ hissəsi tutularaq aliment formasında təmin edilməsi, habelə hüquqi yardım üçün 16 saylı vəkillər bürosuna ödənilmiş 500 manat, mediasiya və məhkəmə xərcləri ilə birlikdə cəmi 1000 manat Cavabdeh tələb edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Məhkəmə iclasında izahatı alınmış iddiaçının nümayəndəsi X7 iddianı tam müdafiə edərək onun təmin edilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə iclasında izahatı alınmış cavabdehin nümayəndəsi və vəkili X5 iddianı nikahın pozulması hissəsində qəbul edərək onun həmin hissədə təmin edilməsini, uşağın isə cavabdehin yanında saxlanılmasını xahiş etmişdir. Cavabdehin nümayəndəsi həmçinin izahatında göstərmişdir ki, beş ildən artıqdır ki, tərəflər arasında faktiki ailə münasibətləri pozulmuş, tərəflər ayrı yaşayır, uşaq həmin müddətdə ata ilə qalıb, ana ilə ünsiyyətinə heç bir maneə yoxdur, uşağın maddi təminatı ata tərəfindən qarşılanır, uşağın atanın yanında qalması müəyyən edilərsə, qarşı tərəfdən aliment tələb olunmayacaq. Məhkəmədən nikahın pozulması və azyaşlı uşağın atanın yanında qalması barədə qətnamə qəbul edilməsini, iddia tələbinin hüquqi yardım və məhkəmə xərcləri ilə bağlı hissədə rədd edilməsini xahiş etmişdir. Məhkəmə iclasında 3-cü şəxs qismində cəlb edilmiş Səbail rayon İcra Hakimiyyəti başçısı yanında X3 İşləri və Hüquqlarının Müdafiəsi üzrə Komissiyasının nümayəndəsi X1 rəyinin gəldiyi nəticəni müdafiə edərək uşaqların hazırki mərhələdə atasının yanında saxlanılmasını məqsədəmüvafiq hesab etmişdir. Məhkəmə iş üzrə tərəflərin izahatlarını dinləyib, iş materiallarını araşdıraraq və iş üzrə toplanmış sübutlara hüquqi qiymət verərək hesab edir ki, iddia tələbi qismən təmin edilməlidir. İş üzrə Bakı nikah evi tərəfindən verilmiş xx.xx.2011-ci il tarixli nikah haqqında şəhadətnamənin surətinə əsasən Cavabdeh ilə İddiaçı arasında xx.xx.2011-ci il tarixdə nikah bağlanılmış və bu barədə akt qeydləri kitabında 1028 №-li akt qeydi icra edilmişdir. Nikahdan sonra ərə Abdullayev, arvada Mərdanova soyadı verilmişdir. İş üzrə doğum haqqında şəhadətnamənin surətindən görünür ki, tərəflərin birgə nikahdan xx.xx.2012-ci il təvəllüdlü X4 adlı uşağı var. İş üzrə Səbail rayon İcra Hakimiyyəti Başçısı yanında Qəyyumluq və Himayəçilik Komissiyası tərəfindən verilmiş xx.xx.2022-ci il tarixli rəyinə əsasən komissiya tərəfləri dinləyib, iş materiallarını araşdıraraq uşağın üstün mənafeyini nəzərə alaraq İddiaçı övladı xx.xx.2012-ci il təvəllüdlü X2 atası Cavabdeh yanında saxlanılmasını məqsədəuyğun hesab etmişdir. Məhkəmə verilmiş iddia tələbi ilə bağlı aşağıdakıları qeyd edir. AR Ailə Məcəlləsinin 20.1-ci maddəsinə əsasən ər-arvadın birgə yaşamasının və ailənin saxlanılmasının qeyri mümkünlüyü məhkəmə tərəfindən müəyyən edildikdə, nikah məhkəmə qaydasında pozulur. Həmin Məcəllənin 21.1-ci maddəsinə əsasən yetkinlik yaşına çatmayan ümumi uşaqları olan ər-arvadın nikahın pozulmasına qarşılıqlı razılığı olduqda nikah onun pozulma səbəbləri məhkəmə qaydasında araşdırılmadan pozulur. Məhkəmə iclasında müəyyən edilmişdir ki, tərəflər arasında xx.xx.2011-ci il tarixdə nikah bağlanılmış və onların xx.xx.2012-ci il təvəllüdlü İlyas adlı uşağı var. Məhkəmə iclasında həmçinin müəyyən edilmişdir ki, tərəflər arasında olan münasibətlər kəsilmiş, tərəflər ailənin saxlanılmasını qeyri-mümkün hesab edir və nikahın pozulması ilə əlaqədar qarşılıqlı razılıqları var. Məhkəmə tərəflərin nikahın pozulmasına qarşılıqlı razılığını nəzərə alaraq hesab edir ki, onlar arasında bağlanmış nikah onun pozulma səbəbləri məhkəmə qaydasında araşdırılmadan pozulmalıdır. AR MPM-nin 191.3-cü maddəsinə əsasən cavabdeh tərəfindən iddia etiraf edildikdə və bu, məhkəmə tərəfindən təsdiq edildikdə, məhkəmə iddiaçının irəli sürdüyü tələblərin təmin olunması barədə qətnamə çıxarır. Məhkəmə birgə nikahdan olan uşağın hansı valideynin yanında qalması məsələsi üzrə aşağıdakıları qeyd edir. AR Ailə Məcəllənin 22.2.1-ci maddəsinə əsasən bu Məcəllənin 22.1-ci maddəsində göstərilən məsələlər üzrə ər-arvad arasında saziş olmadıqda, eləcə də bu saziş uşaqların və ya tərəflərdən birinin marağını pozduqda məhkəmə boşanmadan sonra yetkinlik yaşına çatmayan uşaqların valideynlərindən hansının yanında qaldığını; 22.2.2-ci maddəsinə əsasən uşaqlar üçün alimentin hansı valideyndən və hansı miqdarda tutulduğunu müəyyən etməlidir. «Nikahın pozulması, boşanmadan sonra yetkinlik yaşına çatmayan uşaqların valideynlərdən hansının yanında qalması və uşaqlar üçün valideynlərdən aliment tutulması tələbinə dair işlərə baxılarkən qanunvericiliyin məhkəmələr tərəfindən tətbiqi təcrübəsi haqqında»Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 28 mart 2016-cı il tarixli, 8-2/2016 saylı qərarına əsasən nikah məhkəmə qaydasında pozularkən ər-arvad məhkəməyə yetkinlik yaşına çatmayan uşaqlarının kiminlə qaldığını, uşaqların və (və ya) ehtiyacı olan və əmək qabiliyyəti olmayan ərin (arvadın) saxlanması üçün vəsaitin ödənilmə qaydasını, bu vəsaitin miqdarını və ər-arvadın ümumi birgə mülkiyyətinin bölünməsini müəyyən edən saziş təqdim etməzlərsə və yaxud təqdim olunan saziş uşaqların və ya tərəflərdən birinin marağını pozarsa, məhkəmə mütləq qaydada boşanmadan sonra yetkinlik yaşına çatmayan uşaqların valideynlərdən hansının yanında qaldığını və uşaqlar üçün alimentin hansı valideyndən və hansı miqdarda tutulduğunu müəyyən etməlidir. Eləcə də, bununla bağlı tələb olarsa ər-arvadın birgə mülkiyyətində olan əmlakının bölgüsünü aparmalı və əmək qabiliyyəti olmayan arvadın (ərin) saxlanması üçün ərdən (arvaddan) tutulmalı olan vəsaitin miqdarını müəyyən etməlidir. Məhkəmə iclasında müəyyən edilmişdir ki, tərəflərin birgə nikahdan olan xx.xx.2012-ci il təvəllüdlü İlyas adlı uşaq hazırda cavabdehin yanındadır. Tərəflər arasında uşağın hansı valideynin yanında qalması ilə bağlı mübahisə olduğu üçün, məhkəmə tərəfindən uşağın hansı valideynin yanında qalmasına dair rəyin alınması məqsədi ilə materiallar Səbail rayon İcra Hakimiyyəti başçısı yanında X3 İşləri və Hüquqlarının Müdafiəsi üzrə Komissiyasına göndərilmişdir. Komissiyanın xx.xx.2022-ci il tarixli rəyi ilə komissiyanın iclasında “whatsapp” tətbiqetməsi vasitəsi ilə xx.xx.2012cü il təvəllüdlü X4 ilə videobağlantı yaradılmış, komissiyanın iclasında dinlənilən X6 Respublikasının Tiflis şəhərində atası ilə birlikdə yaşadığını, anasının başqa evdə yaşadığını, 10 yaşının olduğunu, 11 yaşının gələn ilin aprelində tamam olacağını bildirmişdir. İlyas hal-hazırda atasının yanında yaşadığını, anasını 3 gün əvvəl gördüyünü əlavə etmişdir. “Valideynlərdən birinin yanında daimi qalmaq zərurəti yarandığı təqdirdə kimin yanında qalmaq istəyirsən?” sualına cavab olaraq atası ilə qalmağın ona rahat olduğunu və buna görə də onunla qalmaq istədiyini qeyd etmişdir. Komissiya tərəfindən “ananın yanında yaşamaq daha yaxşı deyilmi? Bəlkə ananla yaşayasan?” və buna bənzər suallara azyaşlı “Xeyr” cavabı vermişdir. Ona “Ana sənin üçün darıxsa?” deyildikdə, uşaq hərdən onu ziyarət edəcəyini bildirmişdir. Bu səbəbdən də komissiya tərəfləri dinləyib, iş materiallarını araşdıraraq uşağın üstün mənafeyini nəzərə alaraq İddiaçı övladı xx.xx.2012-ci il təvəllüdlü X2 atası Cavabdeh yanında saxlanılmasını məqsədəuyğun hesab etmişdir. Göründüyü kimi X3 İşləri və Hüquqlarının Müdafiəsi üzrə Komissiyasının rəyi ilə uşağın atanın yanında qalması məqsədəuyğun hesab edilmişdir. Məhkəmə birgə nikahdan dünyaya gəlmiş uşağın kimin yanında qalması ilə bağlı tərəflər arasında razılığın olmadığını nəzərə alaraq qeyd edir ki, bu mübahisə həll olunarkən ilk növbədə uşağın mənafeyi, onun hansı valideynə daha bağlı olması, uşağın fikri nəzərə alınmalıdır. AR Konstitusiyanın 17-ci maddəsinə əsasən cəmiyyətin əsas özəyi kimi ailə dövlətin xüsusi himayəsindədir. Uşaqların qayğısına qalmaq və onları tərbiyə etmək valideynlərin borcudur. Bu borcun yerinə yetirilməsinə dövlət nəzarət edir. Azərbaycan Respublikası Ailə Məcəlləsinin 64-cü maddəsinə əsasən valideynlər ayrı yaşadıqda uşaqların yaşayış yeri onların razılığı ilə həll edilir. Valideynlər arasında razılıq olmadıqda, məhkəmə mübahisəni uşaqların hüquq və mənafelərini, onların rəyini və sair halları (uşaqların qardaş və bacılarına, valideynlərdən hər birinə olan bağlılığı, valideynlərin əxlaqi və digər şəxsi keyfiyyətləri, uşağın yaşı, onun inkişafı və tərbiyəsi üçün şərait yaradılması) nəzərə almaqla həll edir. Həmin Məcəllənin 73-cü maddəsinə əsasən, uşaqların tərbiyəsi ilə əlaqədar mübahisələrə məhkəmədə baxılarkən, uşağın müdafiəsi üçün iddianın kim tərəfindən qaldırılmasından asılı olmayaraq müvafiq icra hakimiyyəti orqanı işə cəlb edilir. Müvafiq icra hakimiyyəti orqanı mübahisə ilə bağlı uşağın və onun tərbiyəsi ilə məşğul olmaq istəyən şəxsin (şəxslərin) həyat şəraitini müayinə etməyə, müayinə aktını və mübahisəyə dair ona əsaslanmış rəyini məhkəməyə təqdim etməyə borcludur. Qeyd edilən Məcəlləsinin 52-ci maddəsinə əsasən uşaq ailədə onun maraqlarına toxunan istənilən məsələnin həlli zamanı öz fikrini bildirmək, habelə məhkəmə istintaqı və inzibati araşdırmaların gedişində dinlənilmək hüququna malikdir. Onun maraqlarına zidd olan hallar istisna olunmaqla, 10 yaşına çatmış uşağın fikri mütləq nəzərə alınmalıdır. Bu Məcəllə ilə nəzərdə tutulmuş hallarda məhkəmə və ya qəyyumluq və himayə orqanı yalnız 10 yaşına çatmış uşağın razılığı ilə qərar qəbul edə, habelə qərar qəbul edərkən 7 yaşına çatmış uşağın fikrini öyrənə və nəzərə ala bilər. Avropa İnsan Hüquqları Məhkəməsinin “Babayeva Azərbaycana qarşı” xx.xx.2020-ci il tarixli qərarında məhkəmə qeyd etmişdir ki, “Səlahiyyətli milli orqanlara verilən mülahizə sərbəstliyi məsələlərin mahiyyətinə və maraqların əhəmiyyətinə görə dəyişəcəkdir. Belə ki, Məhkəmə səlahiyyətli orqanların, xüsusilə də, himayə qərarı verərkən geniş bir mülahizə sərbəstliyinə malik olduqlarını müəyyən edir. Bununla belə, hər hansı digər məhdudiyyətlərə, məsələn, bu orqanlar tərəfindən valideynlərin görüş hüququna qoyulan qadağalar və valideynlərin və uşaqların ailə həyatına hörmət hüququnun səmərəli müdafiəsini təmin etmək üçün nəzərdə tutulmuş hər hansı hüquqi təminata gəldikdə ciddi araşdırma tələb olunur. Bu cür əlavə məhdudiyyətlər kiçik bir uşağın bir və ya hər iki valideyni ilə münasibətlərinin azaldılması təhlükəsinə səbəb olur (bax Sahin Almaniyaya qarşı, no.30943/96, paraqraf 65, və Sommerfeld Almaniyaya qarşı, no.31871/96, paraqraf 63). 34. Ayrılmış valideynlərin uşağına münasibətdə uşağın hansı valideyninə verilməsi barədə qərar verməkdə yerli məhkəmələri əvəz etmək Məhkəmənin vəzifəsi deyildir. Lakin, bu sahədə Məhkəmənin rəyi cavabdeh dövlətin öz mülahizəsini ağlabatan, diqqətli və vicdanla yerinə yetirdiyini müəyyən etməklə məhdudlaşmır; Məhkəmə, həmçinin, yerli məhkəmələr tərəfindən uşağın yaşayış yeri ilə bağlı icraatda irəli sürülən səbəblərin kifayət edib-etmədiyini və məqsədəuyğun olub-olmadığını müəyyən etməlidir (bax yuxarıda qeyd edilən Gruzdeva, paraqraf 71). Qanunvericiliyin yuxarıda göstərilən tələblərindən göründüyü kimi birgə nikahdan olan uşaqların hansı valideynin yanında saxlanılması məsələsi həll olunarkən uşaqların mənafeyi ilə bərabər eyni zamanda uşaqların hansı valideynə daha çox bağlılığı da nəzərə alınmalıdır. Beləliklə məhkəmə X3 İşləri və Hüquqlarının Müdafiəsi üzrə Komissiyasının rəyini, yetkinlik yaşına çatmayan uşağın daha çox atasına bağlığını və onun yanında qalmasına dair fikirini və istəyini, eyni zamanda qanunun yuxarıda göstərilən tələblərini və uşağın mənafeyini nəzərə alaraq hesab edir ki, tərəflərin birgə nikahdan olan xx.xx.2012-ci il təvəllüdlü İlyasın atanın yanında qalması daha məqsədəmüvafiqdir. “Uşaq hüquqlarına dair” BMT-nın 3-cü maddəsinə əsasən məhkəmələr, uşaqlar barəsində görülən bütün tədbirlərdə, uşağın maraqlarının daha yaxşı təmin edilməsinə ilk növbədə diqqət etməlidirlər. Uşaq hüquqlarının həyata keçirilməsi, uşaqların yüksək mənəviyyatlı, hərtərəfli şəxsiyyət kimi formalaşmasına şərait yaradılması Azərbaycan Respublikasının dövlət siyasətinin üstün istiqamətlərindən biridir. Eyni zamanda uşağın öz valideynləri tərəfindən tərbiyə olunmaq, öz maraqlarının təmin olunması, hərtərəfli inkişafı, onun ləyaqətinə hörmət olunması hüququ vardır. Uşağın ailədə yaşamaq və tərbiyə almaq hüququnun həyata keçirilməsi müxtəlif vasitələrlə, o cümlədən onun yaşayış yerinin müəyyən edilməsi ilə də təmin edilir. Uşağın yaşayış yerinin müəyyən edilməsi zamanı ailə qanunvericiliyinin əsas prinsiplərindən biri olan yetkinlik yaşına çatmayan uşaqların hüquqlarının və mənafelərinin müdafiə edilməsi prinsipi rəhbər tutur. Beləliklə məhkəmə işin göstərilən hallarını, qəyyumluq və himayəçilik komissiyasının rəyini və işin digər diqqətəlayiq hallarını nəzərə alaraq hesab edir ki, iddia tələbi birgə nikahdan olan uşağın ananın yanında saxlanılması hissəsində əsassız hesab edilməli və tərəflərin birgə nikahdan olan uşağın atanın yanında saxlanılması müəyyən edilməlidir. Məhkəmə iddia tələbinin uşağın yetkinlik yaşına çatana kimi saxlanılması üçün cavabdehdən aylıq qazancının 1/4 hissəsi miqdarında aliment tutulması hissəsi üzrə qeyd edir ki, tərəflərin birgə nikahdan olan uşağın atanın yanında qalması müəyyən olunduğu üçün, iddia tələbi alimentin tutulması hissəsində də əsassız hesab edilməli və təmin edilməməlidir. Məhkəmə eyni zamanda onu da qeyd etməyi zəruri hesab edir ki, boşanmadan sonra uşağın saxlanılması üçün alimentin tututulması məsələsi həll olunmalıdır. Lakin tərəflərin birgə nikahdan olan uşağın atanın yanında qalması müəyyən edilsə də, cavabdeh uşağın saxlanılması üçün iddiaçıdan aliment tələb etmədiyindən, hazıki mərhələdə alimentin tutulması ilə bağlı məsələnin həllinə zərurət yoxdur. Məhkəmə iddia tələbinin hüquqi yardım xərcinə görə 500 manat məbləğində pulun tutulması hissəsi üzrə qeyd edir ki, bu hissədə tələb qismən təmin edilməlidir. Azərbaycan Respublikası MPM-nin 121-ci maddəsinə əsasən məhkəmə nümayəndənin və ya vəkilin göstərdiyi yardıma görə xərclərin, konkret hallar və çıxış üçün təqdim olunmuş hesab nəzərə alınmaqla, digər tərəfdən ağlabatan məbləğdə alınıb xeyrinə qətnamə çıxarılan tərəfə verilməsini qərara alır. Məhkəmə iddia tələbinin nümayəndəyə göstərilmiş yardıma görə 500 manat məbləğində xərcin tutulması hissəsi üzrə qeyd edir ki, iddiaçı tərəfindən həmin məbləğin ödənilməsini təsdiq edən müvafiq qəbz iddia ərizəsinə əlavə edilsə də, məhkəmə baxılan mülki işin o qədər də mürəkkəb olmamasını, yəni konkret halda həmin işlə əlaqədar göstərilən yardımın həcmini, işə baxılma müddətini, tələbin kifayət qədər yüksək olmamasını, iddia tələbinin qismən təmin edilməsini nəzərə alaraq hesab edir ki, həmin hissədə tələb qismən təmin edilməli və hüquqi yardıma görə ağlabatan məbləğ kimi 300 manat məbləğində pulun tutulması müəyyən edilməlidir. Məhkəmə iddia tələbinin mediasiya və məhkəmə xərcləri ilə birlikdə cəmi 1000 manat məbləğində pulun tutulması hissəsi üzrə qeyd edir ki, bu hissədə də tələb qismən təmin edilməlidir. “Dövlət rüsumu haqqında” AR Qanunun 9.1-1-ci maddəsinə əsasən “Mediasiya haqqında” Azərbaycan Respublikasının Qanununa uyğun olaraq mediasiya prosesinin nəticəsinə dair barışıq sazişi bağlanmadıqda məhkəməyə müraciət edərkən mediasiya prosesi ilə bağlı xərclərin öz üzərinə düşən hissəsini ödəmiş tərəf və ya həmin Qanunun 36.2-ci maddəsinə uyğun olaraq mediasiya xərclərini ödəmiş tərəf dövlət rüsumunu ödəməkdən azad olunur. Bu Qanunda nəzərdə tutulmuş dövlət rüsumunun məbləği çəkilmiş xərclərdən artıq olduqda, tərəf çəkdiyi xərc həddində dövlət rüsumundan azad edilir. Məhkəmə qeyd edir ki, iddia nikahın pozulması hissəsində təmin edildiyindən, iddiaçı qaldırılan tələblə bağlı mübahisəni məhkəməyədək həlli qaydasını nəzərdə tutan mediasiya prosesində iştirakı ilə bağlı mediatora müraciət etdiyindən, mediasiya (50 manat) və məhkəmə (30 manat) xərcləri kimi cəmi 80 manat ödədiyindən, həmin pul məbləği cavabdehdən iddiaçının xeyrinə tutulmalıdır. Həmin məbləğdən artıq məhkəməyə çəkilən əlavə xərc kimi sübutların məhkəməyə təqdim olunmamasını nəzərə alaraq bu hissədə məhkəmə yalnız mediasiya çəkilən xərcin və dövlət rüsumunun əvəzi kimi ödənilmiş pulun cavabdehdən tutulmasını əsaslı hesab edir. Məhkəmə birgə əmlakın bölünməsi ilə bağlı tələbin olmamasını nəzərə alaraq hesab edir ki, həmin məsələnin hazırki mərhələdə həll edilməsinə zərurət yoxdur. Bununla belə məhkəmə tərəflərə birgə nikah dövründə əldə edilmiş əmlakın bölünməsi ilə bağlı məsələnin AR Ailə Məcəlləsinin 36.9-cu maddəsində göstərilən müddət çərçivəsində həll etməsini məqsədəmüvafiq olduğunu izah edir. Şərh olunanlara əsasən və AR MPM-nin 216-220, 234 360-cı maddələrini rəhbər tutaraq, QƏT ETDİ: İddia qismən təmin edilsin. Cavabdeh ilə İddiaçı arasında Bakı Nikah evi tərəfindən qeydə alınmış 11 iyun 2011-ci il tarixli 1028 saylı nikahın bağlanması haqqında akt qeydinə əsasən bağlanılmış nikah pozulsun. xx.xx.2012-ci il təvəllüdlü X2 atası – Cavabdeh yanında qalması müəyyən edilsin. Cavabdeh İddiaçı xeyrinə hüquqi xidmət xərclərinə görə 300 manat, mediasiya və məhkəmə xərcləri kimi ödənilən 80 manat, cəmi 380 (üç yüz səksən) manat məbləğində pul tutulsun. İddia tələbi qalan hissədə təmin edilməsin. Qətnamədən onun tərəflərə rəsmi qaydada təqdim edildiyi gündən 1 (bir) ay müddətinə Bakı Şəhəri Səbail Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, qəbul edildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Qeyd: apellyasiya şikayəti elektron sistem vasitəsi ilə verilmədikdə AR MPM-nin 363.1.5ci maddəsinə əsasən geri qaytarılacaqdır. Hakim: Şahin Abdullayev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar