Məhkəmə qərarları › İş №2(009)-952/2022

Bakı Şəhəri Səbail Rayon Məhkəməsi Qətnamə — İş №2(009)-952/2022

20.05.2022 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Sığorta müqaviləsi üzrə mübahisələr - Sığorta ödənişinin ödənilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(009)-952/2022 20.05.2022 BAKI ŞƏHƏRİ SƏBAİL RAYON MƏHKƏMƏSİ Hakim Abdullayev Şahin Zülfüqar oğlunun sədrliyi, Ağayeva Narqələm Bayram qızının katibliyi, İddiaçılar İddiaçı1, İddiaçı2, Cavabdehin nümayəndəsi Nümayəndə iştirakları ilə İddiaçılar İddiaçı1 və İddiaçı2 cavabdeh "xxxx" ASC-yə qarşı sığorta ödənişinin ödənilməsi tələbinə dair iddia ərizəsi üzrə mülki işə Səbail rayon Məhkəməsi binasında açıq məhkəmə iclasında baxaraq… MÜƏYYƏN ETDİ: İddiaçılar İddiaçı1 və İddiaçı2 cavabdeh "xxxx" ASC-yə qarşı sığorta ödənişinin ödənilməsi tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək göstərmişlər ki, İddiaçı1 01.03.2021-ci il tarixdə “BMW 740Lİ” markalı, WBA7E21080G408924 ban nömrəli, qara metallik rəngli, 2016-cı il buraxılışlı, **-OV-*** dövlət qeydiyyat nişanlı avtonəqliyyat vasitəsini almışdır. 23.04.2021-ci il tarixdə sözügedən avtonəqliyyat vasitəsini Azərbaycan Respublikası Maliyyə Nazirliyinin Kollegiyasının N Q-20 saylı, 23.09.2014-cü il tarixli qərarı ilə təsdiq edilmiş “Fiziki şəxslərə təqdim edilən X1 tam sığortası üzrə sığorta qaydaları”na əsasən "xxxx" ASC-də sığorta etdirmişdir. Sığorta razılaşmasına əsasən ona M10482/21 saylı şəhadətnaməsi verilmişdir. 28.06.2021-ci il tarixdə, saat 23.12 radələrində Şəki şəhəri, M.F.Axundov prospektində yuxarıda qeyd etdiyi sığortalı “BMW 740Lİ” markalı, WBA7E21080G408924 ban nömrəli, qara metallik rəngli, 2016-cı il buraxılışlı, **- OV-*** dövlət qeydiyyat nişanlı avtonəqliyyat vasitəsi ilə yol-nəqliyyat hadisəsi törətmişdir. Yolnəqliyyat hadisəsi baş verdikdən sonra polis orqanlarına və "xxxx" ASC-yə məlumat vermişdir. Hər iki qurumun işçiləri hadisə yerinə gəlmişlər. Sənədləşmə işləri aparmışlar. Şəki şəhər-rayon polis şöbəsinin 06.07.2021-ci il tarixli, 189-17927-1221 saylı müşayiətedici məktubu ilə “Avtonəqliyyat vasitəsi sahiblərinin mülki məsuliyyətinin icbari sığortası üzrə sığorta hadisəsi hesab edilə bilən halın təfərrüatları barədə” arayışı və s. sənədləri sığorta şirkətinə təqdim etmişdir. Qəzadan bir aydan çox müddətin keçməsinə baxmayaraq, zədələnmiş avtomobilini təmir etdirməmişdir. Sığorta kompensasiyasının verilməsini gözlətmişdir. Bir ay ərzində zədələnmiş avtomobilinə Şəki şəhərində yerləşən dayanacaqda "xxxx" ASC-nin səlahiyyətli nümayəndəsi X3 və sığorta şirkətin digər işçiləri tərəfindən dəfələrlə baxış keçirilmişdir. "xxxx" ASC-nin səlahiyyətli nümayəndəsi X3 avtomobilə dəymiş zərərin xüsusiyyətlərini tam olaraq hadisə yerində, dayanacaqda və sonda təmir stansiyasında görmüşdür. Bununla bağlı fotoşəkillər çəkmişdir. Müayinələr aparmışdır. Azərbaycan Respublikası Maliyyə Kollegiyasının No Q-20 saylı, 23.09.2014-cü il tarixli qərarı ilə təsdiq edilmiş “Fiziki şəxslərə təqdim edilən X1 tam sığortası üzrə sağorta qaydaları”nın 18.1-ci,18.3-cü,19.6-cı maddələrinə əsasən sığorta hadisəsinin baş verməsi barədə sığortalı və ya sığorta olunan şəxs, yaxud faydalanan şəxs hadisədən xəbər tutduqdan mümkün olan ən qısa müddət ərzində sığortaçıya və ya onun nümayəndəsinə, eyni zamanda həmin hadisə barədə məlumatlandırılmalı olan səlahiyyətli dövlət orqanlarına hər hansı vasitə ilə xəbər verməlidir. Bu Qaydaların 18.1-ci bəndində üzərinə məlumatlandırma vəzifəsi qoyulan şəxslərdən başqa digər şəxslər, o cümlədən səlahiyyətli dövlət orqanları və müvafiq hallarda zərərçəkən tərəfindən də sığorta hadisəsinin baş verməsi haqqında hər hansı vasitə ilə sığortaçıya xəbər verməsi sığorta hadisəsi barədə məlumatlandırılma hesab edilir. Sığortaçı sığorta hadisəsinin baş verməsi barədə bu Qaydalarda nəzərdə tutulmuş qaydada məlumatlandırıldıqdan 5 iş günü müddətində onun nümayəndəsi sığortalanmış avtomobilə və ya zərərçəkən üçüncü şəxsin əmlakına dəymiş zərərin məbləğinin qiymətləndirilməsini təşkil etmədikdə sığortalı və sığorta olunan, həmçinin zərər çəkmiş üçüncü şəxs təyin etdiyi müstəqil ekspert və ya mütəxəssis vasitəsilə əmlaka dəymiş real zərərin məbləğinin müəyyənləşdirilməsin və aradan qaldırılmasına başlaya bilər. Müstəqil ekspert hesablamasına görə baş vermiş yol-nəqliyyat hadisəsi nəticəsində ümumilikdə avtomobilə 37.773 manat məbləğində zərər dəymişdir. Dəymiş zərəri avtonəqliyyat vasitələrinin təmir stansiyaları da təsdiq edir. Göstərilənlərə baxmayaraq, sığorta şirkəti öhdəliklərini yerinə yetirməmişdir. Sığorta ödənişini bu günə kimi verməmişdir. Ona görə də avtomobilini şəxs vəsaiti hesabına təmir etdirmişdir. Böyük məbləğdə maliyyə çətinliyinə düşmüşdür. Şəki şəhər-rayon polis şöbəsinin 06.07.2021-ci il tarixli 189-17927-1221 saylı müşayiətedici məktubu ilə bütün sənədləri "xxxx" ASCyə təqdim etmişdir. Azərbaycan Respublikası Maliyyə Nazirliyinin Kollegiyasının No Q-20 saylı, 23.09.2014-cü il tarixli qərarı ilə təsdiq edilmiş “Fiziki şəxslərə təqdim edilən X1 tam sığortası üzrə sığorta qaydaları”nın 22-ci və 24-cü maddələrinə əsasən bu Qaydaların 20.1-ci bəndində göstərilən sənədlərdən sonuncunun sığortaçıya təqdim edildiyi tarixdən 7 iş günündən gec olmayaraq sığortaçı sığorta ödənişini faydalanan şəxsə onun istəyinə uyğun olaraq nağd və ya bank hesabına köçürmə yolu ilə ödəməli idi. Sığortaçı sığorta ödənişini bu Qaydalarla müəyyən olunmuş müddətdə ödəmədikdə hər gecikdirilmiş gün üçün sığorta ödənişi məbləğinin 0,1 faizi həcmində dəbbə pulu ödəyir. Sığorta şirkəti 06.07.2021-ci il tarixdən 7 iş günündən gec olmayaraq sığorta ödənişini vermədiyindən, dəbbə pulu 17.07.2021-ci il tarixindən iddia ərizəsi məhkəməyə verilən tarixə kimi hesablanmalıdır. Belə olan halda, sığorta şirkəti həmin gündən məhkəməyə müraciət olunan 28.03.2022-ci ilə kimi 254 gün ərzində sığorta ödənişinin verilməsini gecikdirmişdir. 37.774 manat sığorta ödənişi məbləğində 100 manat azadolma məbləği çıxıldıqdan sonra 37.674 manat sığorta ödənişi və dəbbə pulu həyata keçirilməlidir. Göstərilənləri nəzərə alaraq iddiaçılar cavabdeh Günay Sığorta” ASC-dən İddiaçı1 xeyrinə 36674 manat sığorta ödənişi məbləği, 200 manat dövlət rüsumu, ümumilikdə 36874 manat, İddiaçı2 xeyrinə 1000 manat məbləğində pul vəsaitinin tutulması barədə qətnamə qəbul edilməsini xahiş etmişlər. Məhkəmə iclasında izahatı alınmış İddiaçı1 iddia tələbini tam müdafiə edərək onun təmin edilməsini məhkəmədən xahiş etmişdir. İddiaçı həmçinin göstərmişdir ki, hadisə baş verəndən dərhal sonra Qaynar xətt vasitəsi ilə sığorta təşkilatına və X11 məlumat vermiş, hadisə yerinə hər iki qurumun nümayəndələri gəlmiş, aktlaşdırılmış, avtomaşına baxış keçirilmşdir. Hadisədən sonra Bakıya gəlmiş, əməliyyat olunmuşdur, sonra Şəkiyə qayıdarkən sığorta şirkəti ilə əlaqə saxlamış, avtomaşının düzəlməsi ilə bağlı tədbir görülməsini xahiş etmiş, bildirmişlər ki, narahat olmasın, ziyan müəyyənləşdirdikdən sonra ödəniş ediləcək. Lakin bir ay müddətində avtomaşının təmiri ilə əlaqədar tədbir görülməmişdir, sonra sığorta şirkətinin əməkdaşı ilə əlaqə saxlayarkən ona bildirmişlər ki, qüvəndiyi təmir müəssisəsində avtomaşını təmir etdirib, qüsur aktını onlara təqdim edə bilər. O, avtomaşını Şəki şəhərində təmir etdirmiş və eyni zamanda qüsur aktını sığorta şirkətinə göndərmişdir. Avtomaşının təmir olunan hissələri və yenilənən hissələri olmuş, görüntülər çəkilərək götürülmüşdür. Təmirdən sonra sığorta şirkətinin nümayəndələri avtomaşına baxış keçirmək üçün Şəki şəhərinə gəlmişlər. Eyni zamanda Bakı şəhərinə avtomaşına qiymət qoymaq üçün gətirilməsi ona təklif olunmuş, evakuator xərcinin çəkilməsini də onun üzərinə qoymuşlar, Bakıda avtomaşına baxış keçirilmiş, lakin qiymət qoyulmasının mümkün olmamasını bildirmişlər. İddiaçı eyni zamanda göstərmişdir ki, avtomobilə çəkdiyi xərclə bağlı rəsmi sübutu yoxdur, bərpaya çəkilən xərci tam ödəməmişdir, sığorta ödənişi aldıqdan sonra onu ödəyəcəkdir. Avtomaşına iddiada göstərilən məbləğ həddində xərc tələb olunub. Məhkəmə iclasında izahatı alınmış İddiaçı2 iddia tələbini tam müdafiə edərək onun təmin edilməsini məhkəmədən xahiş etmişdir. İddiaçı həmçinin göstərmişdir ki, tələbin 1000 manatı ona güzəşt olunub. Məhkəmə iclasında izahatı alınmış cavabdeh "xxxx" ASC-nin etibarnamə əsasında nümayəndəsi Nümayəndə iddianı qəbul etməyərək və bununla bağlı yazılı etiraz təqdim edərək öz izahatında göstərmişdir ki, "xxxx" ASC-də “Avtomobil nəqliyyat vasitələrinin tam sığortası” üzrə sığortalanmış “BMW 740” markalı, ** OV *** dövlət qeydiyyat nişanlı avtomobilin iştirakı ilə 28.06.2021-ci il tarixdə yol-nəqliyyat hadisəsi baş vermişdir. İddiaçı1 hadisə baş verdikdən sonra şifahi və yazılı surətdə avtomobilin servisdə təmir olunması üçün təqdim edilməsi xahiş edilmişdir. Lakin dəymiş ziyanın müəyyən edilməsi üçün avtomobil servisə təqdim edilməmişdir. 26.07.2021ci ildə İddiaçı1 “Rich Servis”in ünvanı və əlaqə nömrəsi barədə məktub ünvanlanmışdır. 28.07.2021-ci ildə təkrar olaraq İddiaçı1 məktub göndərilmiş və həmin məktub şəxsən İddiaçı1 imza edilməklə təqdim edilmişdir. Həmin məktubda göstərilir ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 925.2-ci və 925.5-ci maddəsinə əsasən sığortaçı dəymiş zərəri müxtəlif üsullarla, o, cümlədən zərər dəymiş predmetin və ya hadisə yerinin fiziki və texniki xüsusiyyətlərini müxtəlif vasitələrlə təyin etməklə, sxem və cizgilər tərtib etməklə, foto və video çəkilişlər aparmaqla, bilavasitə özü və ya “Sığorta fəaliyyəti haqqında” Azərbaycan Respublikası Qanununun 10.10-cu maddəsinin tələbini nəzərə almaqla nümayəndəsi kimi təyin etdiyi sığorta sahəsində yardımçı fəaliyyəti göstərən müvafiq şəxs vasitəsilə qiymətləndirir. İddiaçı1 avtomobilin dəymiş zərər müəyyən etmək və hadisənin araşdırılması məqsədilə ekspertizanın aparılması üçün "xxxx" ASCnin müqavilə bağladığı “Rich Servis” avtotəmir müəssisəsinə avtomobili təqdim etməsi xahiş edilmişdir. İddiaçı1 avtomobili hadisədən dərhal sonrakı vəziyyətdə "xxxx" ASC-yə təqdim edilmədiyi halda, sığorta şirkəti zərərin qiymətləndirilməsi və hadisədən araşdırılmasından məhrum olduğu bildirilmişdir və nəzərə çatdırılmışdır ki, bu hal sığorta ödənişindən imtina edilməsi üçün əsasdır. 05.08.2021-ci il tarixdə də oxşar məzmunlu məktub iddiaçıya ünvanlanmış və İddiaçı1 təqdim edilmişdir. 12.08.2021-ci il tarixdə İddiaçı1 "xxxx" ASC-yə ərizə ilə müraciət edərək “BMW 740” markalı, ** OV *** dövlət qeydiyyat nişanlı avtomobilin müqavilə bağlanmış təmir müəssisəsində qiymətləndirilməsinə etiraz etmədiyini bildirmişdir. İddiaçıya 12.08.2021-ci il tarixdə oxşar məzmunlu məktub göndərilmişdir. Məktubda göstərilir ki, qanunvericiliyin tələbinə uyğun olaraq "xxxx" ASC tərəfindən İddiaçı1 müraciət olunmuş (HD-1029/21 saylı, 28.07.2021-ci il tarixli və HD-1057/21 saylı 05.08.2021-ci il tarixli məktublar) və zərər məbləğini müəyyən etmək üçün servis mərkəzinə onun müraciət etməsi istənilmişdir. Lakin ötən dövr ərzində İddiaçı1 tərəfindən bu istiqamətdə hər-hansı bir tədbir görülməmişdir. Eyni zamanda İddiaçı1 nəzərinə çatdırılmışdır ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 935.1.5-ci maddəsinə əsasən zərər dəymiş əmlakın sığortaçıya təqdim edilməsi ilə bağlı bu Məcəllənin 925.5-ci maddəsinə riayət edilməməsinin sığortaçını zərərin həcmini müəyyənləşdirmək imkanından tam və ya qismən məhrum etməsi halında sığortaçı sığorta ödənişinin verilməsindən imtina edilir. Bununla əlaqədar olaraq İddiaçı1 dəfələrlə şifahi və yazılı olaraq müraciət edilmiş, lakin İddiaçı1 tərəfindən heç bir tədbir görülməmişdir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 935.1.5-ci maddəsinə əsasən zərər dəymiş əmlakın sığortaçıya təqdim edilməsi ilə bağlı bu Məcəllənin tələblərinə riayət edilməməsinin sığortaçını zərərin həcmini müəyyənləşdirmək imkanından tam və ya qismən məhrum etməsi sığorta ödənişinin verilməsindən imtina üçün əsasdır. İddiaçı1 şifahi məlumatına görə “BMW 740” markalı ** OV *** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsi onun özü tərəfindən təmir edilmişdir. Bu isə Azərbaycan Respublikası Mülki Məcəlləsinin 935.1.5-ci maddəsini (sığortaçının zərərin həcmini müəyyənləşdirmək imkanından tam və ya qismən məhrum olması) tövsif etməklə, sığorta ödənişindən imtinaya əsas vermişdir. İddiaçı1 çoxsaylı müraciətlərini nəzərə alaraq müvafiq nəqliyyat vasitəsinə çəkilən xərcləri təsdiqləyən hesab-fakturalarının ”Günay Sığorta” ASC-yə təqdim edilməsi xahiş olunmuşdur. 24.12.2021-ci il tarixdə iddiaçı və nümayəndəsinə məktub göndərilmişdir. Məktubda göstərilir ki, “BMW 740” markalı ** OV *** dövlət qeydiyyat nişanlı avtomobilə dəymiş zərərin qiymətləndirilməsi üçün müvafiq avtomobilin rəsmi servis xidmətinə təqdim edilməsi ilə bağlı vətəndaş İddiaçı1 dəfələrlə yazılı və şifahi qaydada müraciət olunmuşdur. Lakin "xxxx" ASC-nin müraciətləri vətəndaş tərəfindən cavablandırılmamış və müvafiq avtomobil qeyri-müəyyən səbəblərdən servis xidmətinə təqdim olunmamışdır. Bununla yanaşı vətəndaş "xxxx" ASC-yə heç bir məlumat vermədən avtomobili özü təmir etdirmişdir. Cavabdehin nümayəndəsi həmçinin göstərmişdir ki, sığorta şirkəti tərəfindən Rafael Musayevə avtomaşını onun qüvəndiyi servisdə təmir etdirilməsi deyilməmişdir. Belə ki, hadisədən bir ay sonra iddiaçı avtomobili təmir etdirirdisə, sığorta şirkəti həmin müddət ərzində onlarla məktub yazaraq avtomaşına qiymət qoyulması üçün servisə təqdim edilməsi barədə məktub nə üçün yazılmalı idi. Digər tərəfdən iddiaçının şikayətləri olduğu üçün şirkət belə qərara gəlmişdir ki, təmir olunsa da, avtomaşına çəkilən xərclə bağlı ziyan müəyyənləşdirilsin, ekspert avtomaşına baxış keçirilsə də, ziyan məbləğini müəyyən edə bilməmiş, iddiaçı tərəfindən isə avtomaşının təmirinə çəkilən xərclə bağlı hər hansı bir sübut şirkətə təqdim edilə bilməmişdir. Göstərilənləri nəzərə alaraq cavabdehin nümayəndəsi iddianın rədd olunmasını məhkəmədən xahiş etmişdir. Məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilmiş iş üzrə mübahisə predmeti barəsində müstəqil tələblər irəli sürməyən üçüncü şəxs X3 məhkəmə iclasına gəlməmişdir. Məhkəmə AR MPM-nin 185.5-ci maddəsinə əsasən işə 3-cü şəxsin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. İş materiallarını araşdırıb, tərəflərin izahatlarını və şahid ifadələrini dinləyib, toplanmış sübutlara hüquqi qiymət verərək məhkəmə hesab edir ki, iddia tələbləri aşağıdakı əsaslara görə təmin edilməməlidir. Məhkəmə iclasında şahid qismində dindirilmiş X4 öz ifadəsində göstərmişdir ki, avtomobil sahəsi üzrə ekspertdir. Müqavilə əsasında İddiaçı1 avtomaşınına dəymiş ziyanın müəyyən etmək məqsədi ilə sığorta təşkilatının nümayəndəsi ilə Şəki şəhərinə getmiş, avtoservisin həyətində avtomaşını görməmiş, avtomaşın qonşu həyətdə olmuşdur. Avtomaşına baxarkən onun təmir olunmasını müəyyən etmiş, ustadan dəyişdirilmiş hissələri onlara təqdim edilməsi xahiş olunmuş, lakin həmin hissələr ona təqdim edilməmişdir. Çəkilən xərclə bağlı qəbzlər tələb edildikdə onların olmadığı bildirilmişdir. Ona görə də avtomaşına dəymiş ziyanın müəyyən edilməsi mümkün olmamışdır. Məhkəmə iclasında şahid qismində dindirilmiş X8 öz ifadəsində göstərmişdir ki, o, sığorta şirkətinin nümayəndəsidir. Əhməd adlı ekspertlə Şəkiyə qiymətləndirmə üçün o, getmişdir. Şəkidə avtomaşının təmir olunmasını görmüşlər. İş üzrə AR DİN BDYPİ Qİİ tərəfindən verilmiş nəqliyyat vasitəsinin qeydiyyat şəhadətnaməsinin surətinə əsasən “BMW 740” markalı ** OV *** dövlət qeydiyyat nişanlı avtomobil İddiaçı1 adına qeydiyyata alınmışdır. İş üzrə 23.04.2021-ci il tarixli M10482/21 saylı fiziki şəxslərə təqdim edilən X1 tam sığortası şəhadətnaməsinin surətinə əsasən “BMW 740Lİ” markalı ** OV *** dövlət nömrə nişanlı avtomaşın sığortalı İddiaçı1 tərəfindən kasko növü üzrə 23.04.2022-ci il tarixədək 102.000 manat məbləğində sığorta edilmiş, sığorta haqqı 3.509 manat, azadolma məbləği 100 manat, faydalanan şəxs sığortalı göstərilmişdir. Həmin şəhadətnamənin “Sığorta şərtləri” bölməsində, sığortalanmış avtomobilə dəymiş zərərlə bağlı sığorta ödənişinin formasını (nağd ödəniş, təmir və s.) Sığortaçı müəyyən edir. Sığorta ödənişinin forması müəyyən edildikdən sonra avtomobilin təmir-bərpa işlərinin aparılması nəqliyyat vasitəsinə xidmət göstərilən rəsmi servis mərkəzi tərəfindən aparılacaq Sığortaçının seçimi əsasında zərərin qiymətləndirilməsi sığortaçı və ya sığortaçının təyin etdiyi təmir müəssisəsi tərəfindən aparılması qeyd olunmuşdur. İş üzrə Şəki rayonu Yol patrul xidməti tərəfindən tərtib edilmiş 28.06.2021-ci il tarixli inzibati tənbeh vermə haqqında qərarın surətinə əsasən, İddiaçı1 28.06.2021-ci il tarixdə saat 23.12 radələrində “BMW 740Lİ” minik markalı, ** OV *** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsini idarə edərkən yol-nəqliyyat hadisəsi törətmiş, nəticəsində X5 AR İXM-nın 327.1-ci maddəsi ilə təqsirli bilinib 40 manat cərimə edilmişdir. İş üzrə əmlak üzrə müstəqil ekspert X2 tərəfindən verilmiş 5014 nömrəli ekspert rəyindən görünür ki, “BMW 740Lİ” markalı ** OV *** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsinin ehtiyat hissələrinə dəymiş zərərin bazar qiyməti 35.694 manat, işçilik xidmətləri isə 2080 manat müəyyən olunur. Avtomobilə 28.06.2021-ci il tarixdə baş vermiş yol nəqliyyat hadisəsi nəticəsində dəymiş zərərin ümumi məbləği 37774 manatdır. İş üzrə "xxxx" ASC tərəfindən İddiaçı1 ünvanlanmış 28.07.2021-ci il tarixli HD-1029/21 saylı məktubun surətindən görünür ki, "xxxx" ASC-də “X1 Tam Sığortası” üzrə sığortalanmış “BMW 740” markalı ** OV *** dövlət nömrə nişanlı avtomobilin iştirakı ilə 28.06.2021-ci il tarixdə yol-nəqliyyat hadisəsi baş vermişdir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 925.2-ci və 925.5-ci maddəsinə əsasən sığortaçı dəymiş zərəri müxtəlif üsullarla, o, cümlədən zərər dəymiş predmetin və ya hadisə yerinin fiziki və texniki xüsusiyyətlərini müxtəlif vasitələrlə təyin etməklə, sxem və cizgilər tərtib etməklə, foto və video çəkilişlər aparmaqla, bilavasitə özü və ya “Sığorta fəaliyyəti haqqında” Azərbaycan Respublikası Qanununun 10.10-cu maddəsinin tələbini nəzərə almaqla nümayəndəsi kimi təyin etdiyi sığorta sahəsində yardımçı fəaliyyəti göstərən müvafiq şəxs vasitəsilə qiymətləndirir. Həmin Məcəllənin 925.5-ci maddəsinə əsasən əmlak sığortası müqaviləsi üzrə sığortalı, sığorta olunan və ya üçüncü şəxs zərər dəymiş əmlakı sığorta hadisəsindən dərhal sonrakı vəziyyətdə sığortaçıya və ya onun səlahiyyətli nümayəndəsinə təqdim etməlidir. Qeyd olunan maddənin tələbinə uyğun olaraq İddiaçı1 avtomobilinə dəymiş zərəri müəyyən etmək və hadisənin araşdırılması məqsədilə ekspertizanın aparılması üçün "xxxx" ASC-nin müqavilə bağladıbı “Rich Servis” avtotəmir müəssisəsinə avtomobili təqdim etməsi xahiş edilmişdir. İddiaçı1 avtomobili hadisədən dərhal sonrakı vəziyyətdə "xxxx" ASC-yə təqdim edilmədiyi halda, sığorta şirkəti zərərin qiymətləndirilməsi və hadisədən araşdırılmasından məhrum olunur. Bu isə sığorta ödənişindən imtina edilməsi üçün əsasdır. İş üzrə Şəki ŞRPŞ-nin İB tərəfindən verilmiş 15.10.2021-ci il tarixli cinayət işinin başlanılmasının rədd edilməsi haqqında qərarın surətindən görünür ki, İddiaçı1 özünə məxsus “BMV” markalı ** OV *** dövlət qeydiyyat nişanlı avtomobili "xxxx" ASC-də 23.04.2021-ci il tarixdə tam kasko sığortası elətdirmişdir. Sığorta elətdirdikdən bir xeyli müddət sonra Şəki şəhəri, M.F.Axundov küçəsində yol nəqliyyat hadisəsi törətmiş və avtomobilə ziyan dəymişdir. Bundan sonra İddiaçı1 avtomobili servisdə deyil, bibisioğlu R.Əhmədov vasitəsilə fərdi qaydada usta fəaliyyəti ilə məşğul olan şəxsdə təmir elətdirmişdir. Lakin "xxxx" həmin faktı əsassız hesab edib, avtomobili rəsmi servisdə gətirilməməsi halından şübhələnib, bu barədə DİN-nə müraciət etmişdir. Göründüyü kimi, "xxxx" ASC ilə İddiaçı1 arasında olan münasibətlər məhz mülki xarakterli münasibətlərdir. Orada İddiaçı1 yaxud "xxxx" tərəfindən bağlanmış müqavilənin pozulması halından söhbət gedir ki, həmin faktından da araşdırılması aidiyyəti məhkəmə orqanınıdır. Bundan başqa, şəxsin əməlində dələduzluq olması onun belə niyyətinin müqavilə, yaxud hər hansı bir işin görülməsindən əvvəl baş verməlidir. Lakin toplanmış materialdan da göründüyü kimi, İddiaçı1 kasko elətdirməklə saxta yol nəqliyyat hadisəsi törətməklə sığorta şirkətin xeyli miqdarda pul almağı barədə dələduzluq niyyətini sübut etmək mümkün olmamışdır. Sünki istər hadisə yerinə çıxmış YPX-nin əməkdaşları, istərsə də digər şəxslər baş vermiş yol nəqliyyat hadisəsinə şübhəli hal ilə rastlaşmadıqlarını bildirmişlər. Buna görə də toplanmış materialda İddiaçı1 əməlində cinayət tərkibinin əlamətlərinin olmadığını sübuta yetirilmişdir. Qərarın təsviri hissəsində göstərilənlərə əsasən NK-1/1333 nömrəli toplanmış material üzrə cinayət işinin başlanılması rədd edilmişdir. İş üzrə Şəki rayon Məhkəməsinin 6(075)-1/2022 saylı, 14.02.2022-ci il tarixli qərarın surətinə əsasən İddiaçı1 şikayəti təmin edilməmiş, Şəki ŞRPŞ-nin İstintaq Bölməsinin müstəntiqi R.Xəlilovun icraatında olan HK-1/1333 nömrəli material üzrə cinayət işinin başlanmasının rədd edilməsi haqqındakı 15.10.2021-ci il tarixli qərarı qanuni hesab edilmişdir. İş üzrə “Tələbin ilkin sahibi” qismində İddiaçı1 ilə “Tələbin yeni sahibi” qismində İddiaçı2 arasında bağlanılmış 28.03.2022-ci il tarixli tələbin güzəşti barədə müqavilədən görünür ki, “Tələbin ilkin sahibi” İddiaçı1 28.06.2021-ci il tarixdə Şəki şəhəri, M.F.Axundov prospekti ünvanında baş vermiş sığorta hadisəsi nəticəsində “BMW 740Lİ” markalı ** OV *** dövlət qeydiyyat nişanlı əmlaka dəymiş zərərə görə sığorta öhdəliyi daşıyan "xxxx" ASC-yə qarşı malik olduğu hüquqları və tələbləri qismən, yəni 1000 manat həddində “Tələbin yeni sahibi” İddiaçı2 güzəşt edir. Hazırki tələb məbləği, yəni sığorta ödənişi bu müqavilə ilə sesiya edilməyən sığorta ödənişini “Tələbin ilkin sahibi”nin xeyrinə alınması üçün güzəşt edilir. Müqavilə imzalandığı gündən öhdəlik daşıyan "xxxx" ASC-yə qarşı 1000 manat ödənişin (kompensasiyanın) alınması hüquq və tələbi “Tələbin yeni sahibi”nə keçir. Tələblər və hüquqlar “Tələbin yeni sahibi”nə “Tələbin ilkin sahibi”ndə olduğu vəziyyətdə keçir. Güzəşt edilən tələbin məbləği 1000 manatdır. İş üzrə İddiaçı1 tərəfindən "xxxx" ASC-yə ünvanlanmış tələbin sahibinin (kreditorun) öz tələbini üçüncü şəxsə güzəşt etməsi barədə 28.03.2022-ci il tarixli bildirişindən görünür ki, “Tələbin ilkin sahibi” İddiaçı1 28.06.2021-ci il tarixdə Şəki şəhəri, M.F.Axundov prospekti ünvanında baş vermiş sığorta hadisəsi nəticəsində “BMW 740Lİ” markalı ** OV *** dövlət qeydiyyat nişanlı əmlaka 37774 manat məbləğində dəymiş zərərə görə sığorta öhdəliyi daşıyan "xxxx" ASC-yə qarşı malik olduğu hüquqları və tələbləri qismən, yəni 1000 manat həddində “Tələbin yeni sahibi” İddiaçı2 güzəşt edib. “Tələbin yeni sahibi”nin hüquq və vəzifələrini nəzərə alıb icra edilməsini xahiş etmişdir. Məhkəmə verilmiş iddia tələbləri ilə bağlı aşağıdakıları qeyd edir. Məhkəmə iclasında müəyyən edilmişdir ki, "xxxx" ASC-də kasko sığortası üzrə sığortalanmış İddiaçı1 məxsus olmuş “BMW 740Lİ” markalı ** OV *** dövlət qeydiyyat nişanlı avtomaşının iştirakı ilə 28.06.2021-ci il tarixdə yol-nəqliyyat hadisəsi baş vermişdir. Məhkəmə iclasında həmçinin müəyyən edilmişdir ki, yol-nəqliyyat hadisəsi nəticəsində “BMW 740Lİ” markalı ** OV *** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitələsinə ziyan dəymişdir. Sığorta təşkilatı tərəfindən İddiaçı1 avtomobilin qiymətləndirilməsi və servisdə təmir edilməsi üçün təqdim edilməsini xahiş edilmiş, lakin dəymiş ziyanın müəyyən edilməsi üçün avtomobil servisə təqdim edilməmişdir. İddiaçılar tərəfindən irəli sürülmüş tələbdən görünür ki, baş vermiş yol-nəqliyyat hadisəsi sığorta hadisəsi olsa da, cavabdeh sığorta təşkilatı tərəfindən əsassız olaraq sığorta ödənişinin ödənilməsindən imtina edilmiş, bu səbəbdən həmin hadisə nəticəsində avtomobilə 37774 manat məbləğində zərər dəymişdir ki, iddiaçı həmin ziyan məbləğini cavadehdən tələb edir. Məhkəmə ilk növdəbə qeyd edir ki, sığorta müqaviləsi üzrə sığortalı, eyni zamanda faydalanan şəxs İddiaçı1 olsa da, onun digər İddiaçı2 ilə bağladığı 28.03.2022-ci il tarixli “Tələbin güzəşti barədə“ müqavilə şərtinə uyğun olaraq güzəşt edilən 1000 manat həddində tələb 2-ci iddiaçıya keçdiyindən, İddiaçı2 həmin məbləğ həddində İddiaçı1lə birgə iddiaçı qismində çıxış etməkdə subyektiv hüquqa malik olmuşdur. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 883.1-ci maddəsinə əsasən sığorta müqaviləsi sığortalının müvafiq sığorta haqqı ödəməsi müqabilində sığorta obyektinin məruz qala biləcəyi risklərlə bağlı itkilərin, dəyən zərərin əvəzinin və ya razılaşdırılan pul məbləğinin müəyyən bir hadisənin baş verməsi əsasında ödənilməsinin sığortaçı tərəfindən öhdəlik kimi götürülməsi şərtlərinin təsbit edildiyi razılaşmadır. Məhkəmə qeyd edir ki, iqtisadi mənada sığorta dedikdə şəxslərin əmlak mənafelərini müdafiə etmək məqsədi ilə xüsusi olaraq sığorta pul fondlarının yaradılması ilə bağlı olaraq yaranan elə iqtisadi münasibətlər başa düşülür ki, bu münasibətlərə görə əgər şəxslərə arzuolunmaz mənfi həyat hadisələri (bədbəxt hadisə, təbii fəlakət və s.) nəticəsində zərər vurularsa, belə zərərin əvəzi həmin fondlardan ayrılmış pul vəsaiti hesabına ödənilir, kompensasiya olunur. Şəxslərin düşdükləri zərərin əvəzini ödəmək və onların pozulmuş əmlak mənafelərini bərpa etmək sığortanın məqsədini təşkil edir. Sığortanın obyektindən və vurulmuş zərərdən asılı olaraq onun 2 növü fərqləndirilir: şəxsi və əmlak sığortası. Əmlak sığortası maddi əşyanın itirilməsi və ya zədələnməsi nəticəsində vurulmuş zərərin əvəzinin ödənilməsini və ziyanın kompensasiya olunmasını təmin edən sığortadır. Azərbaycan Respublikası Konstitusiyasının 127-ci maddəsinin İİ-ci bəndinə əsasən hakimlər işlərə qərəzsiz, ədalətlə, tərəflərin hüquq bərabərliyinə, faktlara əsasən və qanuna müvafiq baxırlar. Azərbaycan Respublikası Maliyyə Nazirliyinin Kollegiyasının 23.09.2014-cü il tarixli Q-20 nömrəli qərarı ilə təsdiq edilmiş “Fiziki şəxslərə təqdim edilən avtonəqliyyat vasitələrinin tam sığortası üzrə sığorta qaydaları”nın 10-cu bəndinə əsasən bu qaydalarının xüsusi hissəsinin İİ və İİİ bölmələri üzrə zərər dəyən avtomobilin təmir edilməsi üçün təmir emalatxanası (servis mərkəzi və s.) təyin etməklə bağlı seçim hüququnun sığortaçıya və ya sığorta olunana aid edilməsi sığorta müqaviləsində müəyyən edilir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 925.2-ci maddəsinə əsasən sığortaçı dəymiş zərəri müxtəlif üsullarla, o cümlədən zərər dəymiş predmetinin və ya hadisə yerinin fiziki və texniki xüsusiyyətlərini müxtəlif vasitələrlə təyin etməklə, sxem və cizgilər tərtib etməklə, foto və video çəkilişlər aparmaqla, bilavasitə özü və ya “Sığorta fəaliyyəti haqqında” Azərbaycan Respublikası Qanununun 10.10-cu maddəsinin tələbini nəzərə almaqla nümayəndəsi kimi təyin etdiyi sığorta sahəsində yardımçı fəaliyyət göstərən müvafiq şəxs vasitəsilə qiymətləndirir. Həmin Məcəllənin 925.5-ci maddəsinə əsasən əmlak sığortası müqaviləsi üzrə sığortalı, sığorta olunan və ya üçüncü şəxs aşağıdakı hallar istisna olmaqla, zərər dəymiş əmlakı sığorta hadisəsindən dərhal sonrakı vəziyyətdə sığortaçıya və ya onun səlahiyyətli nümayəndəsinə təqdim etməlidir. Məhkəmə qeyd edir ki, sığorta hadisəsinin baş verməsi nəticəsində yaranmış zərərin qiymətləndirilməsi sığorta münasibətlərinin ən önəmli məsələlərindəndir. Bu zərərin düzgün qiymətləndirilməsində həm onun əvəzini almalı olan sığortalı, sığorta olunan və faydalanan şəxs, həm də onun əvəzinin ödəməli olan sığortaçı maraqlı olurlar. Qanunvericiliyə əsasən sığorta hadisəsi baş verdikdə dəymiş zərərin miqdarı sığortaçının özü və ya sığorta sahəsində yardımçı fəaliyyət göstərən müvafiq şəxs vasitəsilə müəyyən edir. Zərərin sığortaçı tərəfindən müəyyən edilmiş həcmi barədə tərəflər arasında razılıq əldə edilməklə, zərərin miqdarının qiymətləndirilməsi tərəflərin qarşılıqlı razılığı ilə təyin olunan qiymətləndirmə fəaliyyəti ilə məşğul olan müstəqil ekspert tərəfindən aparılır. “Sığorta fəaliyyəti haqqında” Azərbaycan Respublikası Qanununun 10.10-cu maddəsinə əsasən Azərbaycan Respublikasının sığorta sahəsində yardımçı fəaliyyət göstərən hüquqi şəxsləri və müstəqil ekspertləri yalnız bu Qanunun 95.3-cü maddəsində nəzərdə tutulmuş reyestrə daxil edilmiş olduqları halda sığorta əməliyyatları üzrə xidmət göstərmək üçün cəlb oluna bilərlər. Məhkəmə iclasında müəyyən edilmişdir ki, İddiaçı1 ilə cavabdeh sığorta təşkilatı arasında bağlanılmış sığorta müqaviləsi yuxarıda qeyd edilən Qaydaların və mülki qanunvericiliyin tələblərinə uyğun tərtib edilmiş və həmin müqavilənin şərtinə əsasən sığortalanmış avtomobilə dəymiş zərərlə bağlı sığorta ödənişinin formasını (nağd ödəniş, təmir və s.) sığortaçı müəyyən edir. Sığorta ödənişinin forması müəyyən edildikdən sonra avtomobilin təmir-bərpa işlərinin aparılması nəqliyyat vasitəsinə xidmət göstərilən rəsmi servis mərkəzi tərəfindən aparılacaq sığortaçının seçimi əsasında zərərin qiymətləndirilməsi sığortaçı və ya sığortaçının təyin etdiyi təmir müəssisəsi tərəfindən aparılmalıdır. Məhkəmə iclasında eyni zamanda müəyyən edilmişdir ki, cavabdeh sığorta təşkilatı tərəfindən avtomaşına dəymiş ziyan məbləğinin müəyyənləşdirilməsi məqsədi ilə Cəmiyyətin müqavilə bağladığı “Rich Servis” avtotəmir müəssisəsinə avtomaşının həmin müəssisəyə təqdim edilməsi sığortalıya rəsmi müraciət olunaraq dəfələrlə bildirilsə də, sığortalı tərəfindən avtomaşın qiymətləndirilməsi üçün həmin servisə təqdim edilməmişdir. İddiaçılar məhkəməyə “daxil olma” tarixi və “icra tarixi” qeyd olunmayan və sığortalıya məxsus avtomaşına dəyən ziyan məbləğinin müəyyən edən “ekspert rəyi” adlı sənəd təqdim etmişlər ki, həmin sənəddə ziyan məbləği 37774 manat göstərilmişdir. İddiaçı eyni zamanda avtomaşını təmir etdirsə də, ona nə qədər məbləğdə xərc çəkməsini təsdiq edən mötəbər sübutu məhkəməyə təqdim edə bilməmişdir. Eyni zamanda cinayət işinin başlanmasının rədd etmə haqqında qərarda İddiaçı1 yol-nəqliyyat hadisəsi nəticəsində avtomaşına dəymiş ziyanın özü aradan qaldırıldığı və bunun üçün 25.000 manat pul xərclədiyini göstərmişdir. Məhkəmə qeyd edir ki, sığorta hadisəsi və onun baş verməsi səbəbləri sığortaçının sığorta ödənişi üzrə öhdəliyin yaranmasında həlledici rol oynayır. Belə ki, sığorta hadisəsi sığortalının sığorta ödənişi almaq məqsədi ilə cinayətkar qəsdi nəticəsində baş verərsə, sığortaçının sığorta ödənişi üzrə öhdəliyi yaranmır. Buna görə də sığortaçı sığorta hadisəsinin baş verməsi səbəblərini araşdırmaqda maraqlıdır. Bu məqsədlə sığortaçı sığortalıdan sığorta hadisəsinin baş verməsi faktını təsdiq edən, sığorta ödənişinin həcminin müəyyənləşdirilməsi üçün lazım olan sənədlərini tələb etmək, zərər dəymiş əmlakı sığorta hadisəsindən dərhal sonrakı vəziyyətində sığortalıdan tələb etmək, zərər dəymiş əmlaka baxış keçirmək və digər tədbirlər həyata keçirmək hüququna malikdir. Qanunvericilik sığorta təşkilatına sığorta hadisəsinin səbəbləri və ya zərərin həcmini müəyyənləşdirmək imkanından tam və ya qismən məhrum olunma halında sığorta ödənişinin verilməsindən imtina edilməsini müəyyən edir. AR Mülki Məcəlləsinin 935.1.5-ci maddəsinə əsasən zərər dəymiş əmlakın sığortaçıya təqdim edilməsi ilə bağlı bu Məcəllənin 925.5-ci maddəsinə riayət edilməməsinin sığortaçını zərərin həcmini müəyyənləşdirmək imkanından tam və ya qismən məhrum etməsi sığorta ödənişinin verilməsindən imtina üçün əsasdır. Azərbaycan Respublikası Maliyyə Nazirliyinin Kollegiyasının 23.09.2014-cü il tarixli Q-20 nömrəli qərarı ilə təsdiq edilmiş “Fiziki şəxslərə təqdim edilən avtonəqliyyat vasitələrinin tam sığortası üzrə sığorta qaydaları”nın 34-cü maddəsinə əsasən sığorta hadisəsi nəticəsində zərər dəymiş avtomobilin təmiri və ya bərpası xərcləri hesablanarkən avtomobilin ayrı-ayrı hissələrinin təbii aşınması və ya köhnəlməsi ilə bağlı aparılan bərpa işləri və ya belə hissələrin dəyişdirilməsi, təmir yolu ilə istismara yararlı vəziyyətə gətirilə bilən hissələrin dəyişdirilməsi, avtomobilin zədələnmiş hissəsinin rənglənməsindən əlavə onun zədələnmiş digər hissələrin rənglənməsi nəzərə alınmalıdır. Həmin Qaydaların 35-ci maddəsinə əsasən avtomobilin dəyişdirilməli olan hissələrinin və aqreqatlarının bazar dəyərinə köhnəlmə əmsalı tətbiq edə bilər. Məhkəməyə təqdim edilmiş ekspert rəyində onun nə vaxt icra olunması, avtomobilə hansı tarixdə baxış keçirilməsi və yuxarıda qeyd edilən Qaydaların müddəalarına əməl edilməməsi məhkəmə tərəfindən müəyyən edildiyindən, məhkəmə ekspert rəyini mötəbər sübut kimi qəbul etmir. Məhkəmə qeyd edir ki, cavabdeh sığorta təşkilatı sığortalıya ziyan məbləğinin müəyyən edilmə məqsədilə avtomaşının müvafiq servis mərkəzinə təqdim edilməsini təklif etsə də, sığortalı İddiaçı1 cavabdehin qanuni müraciətlərinə müsbət cavab verməmiş, avtomaşını özü təmir etdirmiş, dəyən ziyan məbləğinin 37.774 manat həddində olmasına dair mötəbər sübut kimi qiymətləndirilə bilməyən (tarixsiz) ekspert rəyinə istinad etmişdir. Avtomaşının təmir etməsinə nə qədər xərc çəkməklə bağlı isə hər hansı mötəbər sübutu məhkəməyə təqdim edilə bilməmişdir. İnsan Hüquqları üzrə Avropa Məhkəməsinin Kraska İsveçreyə qarşı iş üzrə 19 aprel 1993-cü il tarixli qərarında ifadə etdiyi hüquqi mövqeyə görə, Konvensiyanın 6-cı maddəsinin 1-ci bəndinin təsir dairəsi digər məsələlərlə yanaşı (məhkəmə) üçün öz qərarına aid olub-olmamasına qabaqcadan qiymət vermədən tərəflərin təqdim etdiyi bütün müraciətləri, dəlilləri və sübutları hərtərəfli araşdırmaq öhdəliyi yaradır (§ 30). Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumu özünün «S.Əliyevanın şikayəti ilə ləaqədar Azərbaycan Respublikası Ali Məhkəməsi MİÜMK-nın 28.12.2004-cü iltarixli qərarının Azərbaycan Respublikası Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair» 31.05.2006-cı il tarixli qərarında göstərmişdir ki, «mülki–prosessual qanunvericiliyin göstərilən müddəalarından irəli gələrək məhkəmə, özü tərəfindən müəyyən olunmuş işin hallarını və qənaətini formalaşdıran sübutları, bu və ya digər sübutları rədd etmək üçün istinad etdiyi dəlilləri və rəhbər tutduğu qanunları qətnamədə göstərməklə onun hüquqi cəhətdən əsaslandırmalıdır». Avropa Məhkəməsinin qərarlarında qeyd edilmişdir ki, milli məhkəmələr tərəfindən öz qərarlarını əsaslandırmaq tələbinə əməl olunmaması ədalətli məhkəmə araşdırılması zamanı tərəflərin mövqelərinin bərabərlik prinsipi gözlənilməklə dinlənilməsinin sübuta yetirilməməsi ilə nəticələnir; ərizəçinin dəlillərinin apellyasiya instansiyası məhkəməsi tərəfindən rədd edildiyi və ya sadəcə nəzərə alınmadığı aydın olmadığından, məhkəmə tərəfindən belə dəlillərin rədd edilməsinə dair nəticənin əsaslandırılmamasına dəlalət edir (Kuznetsov və digərlərinin işi üzrə 21 yanvar 2007-ci il tarixli qərar; Hiro Bilaninin işi üzrə 9 dekabr 1994-cü il tarixli qərar). Həmin Məhkəmənin Van de Huk Niderlanda qarşı işi üzrə 19 aprel 1994-cü il tarixli qərarında göstərilmişdir ki, sübutların qiymətləndirilməsi və onların aidiyyəti və mümkünlüyü məsələsinin həllində milli məhkəmələrin səlahiyyətini nəzərə alaraq Məhkəmə xatırladır ki, Konvensiyanın 6-cı maddəsinin 1-ci bəndi ədalət mühakiməsi orqanının üzərinə tərəflərin təqdim etdiyi mülahizələri, dəlilləri və sübutları hərtərəfli araşdırmaq vəzifəsini qoyur. Avropa Məhkəməsinin Qavazov Bolqarıstana qarşı 06 mart 2008-ci il tarixli Qərarında qeyd edilmişdir ki, sübutlar qiymətləndirilərkən, bir qayda olaraq əsaslı şübhədən kənar standartlar tətbiq edilir (§ 93). AR MPM-nin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. «Mahmudov Rusiyaya qarşı» iş üzrə 26 iyul 2007-ci il tarixli qərarında İnsan Hüquqları Üzrə Avropa Məhkəməsi qeyd etmişdir ki, Kovnensiya araşdırmalarında sübutları qiymətləndirərkən, bir qayda olaraq, affirmanti, non neganti incumbit probation (sübut etmək yükü təkzib edənin deyil, iddia edənin üzərinə düşür) prinsipi rəhbər tutulur. Sübut kifayət qədər güclü, aydın və bir-birinə uyğun qənaətlərin həm mövcudluğundan, həmçinin təkzib olunmaz oxşar fakt ehtimallarından irəli gələ bilər. (§68). Beləliklə məhkəmə İddiaçı1 tərəfindən zərər dəymiş əmlakın sığortaçıya təqdim edilməməsini mülki qanunvericiliyinin yuxarıda göstərilən tələblərinə riayət edilməməsi və sığorta müqaviləsi üzrə üzərinə götürdüyü öhdəliyi icra etməməsi kimi qiymətləndirərək bu halın sığortaçını zərərin həcmini müəyyənləşdirmək imkanından məhrum olunması kimi nəzərə alaraq hesab edir ki, cavabdeh sığorta təşkilatının sığorta ödənişinin verilməsindən imtinası tam qanuni və əsaslı olmuşdur. Beləliklə iş üzrə toplanmış sübutlara məcmu şəkildə hüquqi qiymət verərək hesab edir ki, qaldırılan iddia tələbləri əsassızdır və təmin edilməməlidir. Azərbaycan Respublikasının MPM-nın 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Məhkəmə həmçinin qeyd edir ki, iddia tələbləri təmin olunmadığından, məhkəmə xərci iddiaçılara aid edilməlidir. Bu səbəbdən iddia tələbi ödənilmiş dövlət rüsumunun tutulması hissəsində də təmin edilməməlidir. Şərh olunanlara əsasən və AR MPM-nin 216-220-ci maddələrini rəhbər tutaraq, məhkəmə… QƏT ETDİ: İddiaçılar İddiaçı1 və İddiaçı2 cavabdeh "xxxx" ASC-yə qarşı cavabdeh "xxxx" ASC-dən İddiaçı1 xeyrinə 36674 (otuz altı min altı yüz yetmiş dörd) manat sığorta ödənişi məbləği, 200 (iki yüz) manat dövlət rüsumu, ümumilikdə 36874 (otuz altı min səkkiz yüz yetmiş dörd) manat, İddiaçı2 xeyrinə 1000 (bir min) manat məbləğində pul vəsaitinin tutulması barədə iddia tələbləri əsassız olduğu üçün təmin edilməsin. Qətnamədən onun tərəflərə rəsmi qaydada təqdim edildiyi gündən 1 (bir) ay müddətinə Bakı Şəhəri Səbail Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, qəbul edildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Qeyd: apellyasiya şikayəti elektron sistem vasitəsi ilə verilmədikdə AR MPM-nin 363.1.5ci maddəsinə əsasən geri qaytarılacaqdır. Hakim: Şahin Abdullayev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar