Məhkəmə qərarları › İş №2(009)-955/2023

Bakı Şəhəri Səbail Rayon Məhkəməsi Qətnamə — İş №2(009)-955/2023

27.09.2023 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Sığorta müqaviləsi üzrə mübahisələr - Sığorta ödənişinin ödənilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(009)-955/2023 27.09.2023 BAKI ŞƏHƏRİ SƏBAİL RAYON MƏHKƏMƏSİ Hakim Bağırova Mədinə Ağacavad qızının sədrliyi, Əzizova Nurlanə Əli qızının katibliyi ilə, İddiaçı cavabdeh "xxxx" Açıq Səhmdar Cəmiyyətinə qarşı pul tələbi iddiası üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İddiaçı cavabdeh "xxxx" ASC-yə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdeh "xxxx" ASC-dən ona məxsus “Mersedes C220” markalı, ** BL *** dövlət qeydiyyat nişanlı avtomobilə dəymiş zərərə görə 4145 manat, ziyan aktının tərtib olunması üçün ödədiyi 50 manat və 62 manat ödənilmiş dövlət rüsumunun, cəmi 4257 manatın alınaraq ona verilməsi barədə qətnamə qəbul qəbul edilməsini xahiş etmişdir. İddiaçı tələbini onunla əsaslandırmışdır ki, 06 fevral 2023-cü il tarixdə ** NB *** dövlət qeydiyat nişanlı Hyundai Accent markalı avtomobilin sürücüsünün təqsiri üzündən ona məxsus Mersedes Benz C220 markalı ** BL *** dövlət qeydiyat nişanlı avtomobillərin iştirakı ilə Xudat-Nabran yolu üzərində yol nəqliyyat hadisəsi baş vermişdir. Baş vermiş yol nəqliyyat hadisəsi "xxxx" ASC Sığorta şirkətində sığortalı olan 99NB775 dövlət qeydiyat nişanlı Hyundai Accent markalı avtomobilin sürücüsünün təqsiri üzündən baş vermişdir. Yol nəqliyat hadisəsi nəticəsində onun avtomobilinə 4145 manat dəyərində zərər dəymişdir. Bu zərər məbləği hadisədən sonra Quba şəhərində fəaliyyət göstərən avto təmir stansiyasının ustaları tərəfindən onun avtomobilinə baxış keçirərək müəyyən olunmuş və bu barədə ziyan aktı tərtib edilmişdir. Hadisə baş verən tarixdən etibarən şirkətin əməkdaşları ilə telefonla əlaqə saxlayaraq zərərin ödənilməsi barəsində danışmışlar. Amma nəticə olaraq onun avtomobilinə dəymiş zərər məbləğinin tam şəkildə ödəniləcəyinə razılıq ala bilməmişdir. 2023-cü ilin mart ayının ortalarında "xxxx" ASC Sığorta şirkətindən onun ünvanına rəsmi məktubla avtomobilinə dəymiş zərər məbləği olaraq 2000 manat ayrılacağı barədə rəsmi məktub daxil olmuşdur. O, bu məbləğ ilə razılaşmadığını şirkətin qaynar xətt nömrəsi ilə şirkət əməkdaşlarına bildirdi. Onlar isə bildirdilər ki, avtomobilə dəymiş zərər olaraq sığorta ödənişi 2000 manatdan artıq ödənilməyəcək. Məhkəmə iclasının vaxtı və yeri barədə rəsmi məlumat verilməsinə baxmayaraq iddiaçı məhkəmə iclasına gəlməmiş, lakin məhkəməyə ərizə ünvanlayaraq, işə onun iştirakı olmadan baxılmasını və iddianın təmin olunması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Məhkəmə MPM-nin 185.4-ci maddəsinə əsasən işə iddiaçının iştirakı olmadan baxılmasını mümkün hesab edir. Cavabdeh "xxxx"i ASC-nin nümayəndəsi məhkəmə baxışı iclasının vaxtı və yeri barədə rəsmi məlumat verilməsinə baxmayaraq o, məhkəmə iclasına gəlməmiş, gəlməməsinin səbəbləri barədə məhkəməyə məlumat verməmişdir. Məhkəmə MPM-nin 185.5-ci maddəsinə əsasən işə cavabdehin nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab edir. Məhkəmə, iş materiallarını tədqiq edərək, hesab edir ki, iddia qismən təmin edilməlidir. İş materiallarında olan iddiaçı tərəfindən təqdim edilmiş "xxxx" firmasının xx.xx.2023-cü il tarixli Zərər Aktından görünür ki, “Mersedes Benz C220” markalı ** BL *** dövlət qeydiyat nişanlı avtomobilə dəymiş ziyanın ümumi məbləği 4145 (dörd min yüz qırx beş) manat müəyyən olunmuşdur. Təqdim olunmuş "xxxx" ASC-nin xx.xx.2023-cü il tarixli Dəymiş zərərin hesablanmasına dair Aktdan görünür ki, “Mersedes Benz C220” markalı ** BL *** dövlət qeydiyat nişanlı avtomobilə dəymiş ziyan 1220 (bir min iki yüz iyirmi) manat müəyyən olunmuşdur. İş materiallarında olan "xxxx" ASC tərəfindən İddiaçı ünvanlanmış 207/23 saylı, xx.xx.2023-cü il tarixli məktubdan görünür ki, "xxxx" ASC-də “Avtonəqliyyat vasitəsi sahiblərinin mülki məsuliyyətinin icbari sığortası” növü üzrə sığartalanan “Hyundai Accent” markalı 99NB775 dövlət qeydiyyat nişanlı avtomobil və “Mercedes” markalı 90BL282 dövlət qeydiyat nişanlı avtomobilin iştirakı ilə yol-nəqliyyat hadisəsi baş vermişdir. Mercedes” markalı 90BL282 dövlət qeydiyat nişanlı avtomobilə dəymiş zərər məbləği 2000 manat məbləğində müəyyən olunmuş, lakin bu məbləğ onu qane etməmişdir. “İcbari sığortalar haqqında” Azərbaycan Respublikasının Qanununun 16.2ci maddəsinə əsasən sığortaçı sağorta hadisəsi nəticəsində dəymiş zərərin məbləğini bilavasitə özü və ya “Sığorta fəaliyyəti haqqında” Azərbaycan Respublikası Qanununun 10.10-cu maddəsinin tələbini nəzərə almaqla təyin etdiyi sığorta sahəsində yardımçı fəaliyyət göstərən müvafiq şəxs vasitəsilə müəyyən edir.. Zərərin sığortaçı tərəfindən müəyyən edilmiş həcmi barədə tərəflər arasında razılıq əldə edilmədikdə, zərərin miqdarının qiymətləndirilməsi “Sığorta fəaliyyəti haqqında” Azərbaycan Respublikasının Qanununun 10.10-cu maddəsinin tələbi nəzərə alınmaqla tərəflərin qarşılıqlı razılığı ilə təyin olunan qiymətləndirmə fəaliyyəti ilə məşğul olan müstəqil ekspert tərəfindən aparılır. Odur ki, müstəqil ekspertin təyin edilməsi məqsədilə onun "xxxx" ASC-nin Quba nümayəndəliyinin əməkdaşı Əli Məmmədova müraciət etməsi xahiş olunmuşdur. İş üzrə təyin edilmiş məhkəmə-əmtəəşunaslıq ekspertizası üzrə AR ƏN Məhkəmə Ekspertizası Mərkəzinin xx.xx.2023-cü il tarixli, 9/3983 nömrəli ekspert rəyindən görünür ki, nəzəri hesablama yolu ilə, "xxxx" Firmasının tərtib edilmiş xx.xx.2023-cü il tarixli qüsur aktındakı məlumatlara əsasən avtohissələrin qiymətləri nəzərə alınmaqla 1993-cü il buraxılışlı “Mercedes” markalı 90BL282 dövlət qeydiyat nişanlı avtomobilin təmir-bərpa xərci hadisə baş verən tarixə təxminən 3435,00 manat müəyyən edilir. Yuxarıda göstərildiyi kimi, hazırki iş üzrə tərəflərin hüquq münasibətləri 06 fevral 2023-cü il tarixdə baş vermiş sığorta hadisəsi nəticəsində dəymiş ziyanın ödənilməsi ilə bağlı yaranmışdır. Mülki qanunvericilikdə sığorta hadisəsinin anlayışı verilməklə yanaşı, həmçinin sığorta hadisəsi baş verdiyi təqdirdə sığortalı və sığortaçının vəzifələri, habelə sığorta ödənişlərinin verilməsindən imtina əsasları da göstərilmişdir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 923.1-ci maddəsinə əsasən sığorta hadisəsinin baş verməsi barədə sığortalı və ya sığorta olunan şəxs, yaxud faydalanan şəxs hadisədən xəbər tutduqdan dərhal sonra və ya mümkün olan ən qısa müddət ərzində sığortaçıya və ya onun nümayəndəsinə, eyni zamanda həmin hadisə barədə məlumatlandırılmalı olan səlahiyyətli dövlət orqanlarına hər hansı vasitə ilə xəbər verməlidir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 925.1-ci maddəsinə əsasən sığorta hadisəsi nəticəsində dəymiş zərərin miqdarını sığortalının, sığorta olunanın və ya faydalanan şəxsin, yaxud onların nümayəndəsinin təqdim etdiyi sığorta tələbi əsasında sığortaçı müəyyən edir. Həmin Məcəllənin 925.5-ci maddəsinə əsasən əmlak sığortası müqaviləsi üzrə sığortalı, sığorta olunan və ya üçüncü şəxs aşağıdakı hallar istisna olmaqla, zərər dəymiş əmlakı sığorta hadisəsindən dərhal sonrakı vəziyyətdə sığortaçıya və ya onun səlahiyyətli nümayəndəsinə təqdim etməlidir. Həmin Məcəllənin 935.1.1-ci maddəsinə əsasən bu Məcəllənin 923.1-ci maddəsinin tələblərinə əməl edilməməsi nəticəsində sığortaçının hadisənin səbəblərini və (və ya) dəyən zərərin həcmini müəyyənləşdirmək imkanından tam və ya qismən məhrum olması ilə əlaqədar olaraq onun mənafeləri əhəmiyyətli dərəcədə pozulduqda sığortaçı sığorta ödəməkdən imtina edir. Qanunvericiliyin qeyd edilən normalarından aydın olur ki, sığorta hadisəsi barədə sığortalı və digər şəxslər tərəfindən sığortaçıya dərhal və mümkün olan ən qısa müddət ərzində məlumat verilməməsi nəticəsində sığortaçı, hadisənin səbəblərini və (və ya) dəyən zərərin həcmini müəyyənləşdirmək imkanından tam və ya qismən məhrum olması ilə əlaqədar onun mənafeyi əhəmiyyətli dərəcədə pozulduqda sığorta ödəməkdən imtina edə bilər. Qeyd edilən hal onu təsdiq edir ki, məhz göstərilən hallar müəyyən edildikdə, sığortaçı tərəfindən sığorta ödənişindən imtina edilə bilər. Qanunun 935.1.1-ci maddəsinin məzmunundan aydın olur ki, sığorta ödənişindən imtina əsası kimi müəyyən edilmiş şərtlərin sübut edilməsini məhz sığorta ödəməkdən imtina edən sığortaçının üzərinə düşür. Lakin sığortaçı tərəfindən məhkəməyə sığorta hadisəsinin səbəbini və dəyən zərərin həcminin müəyyənləşdirmək imkanından məhrum olması ilə əlaqədar onların mənafeylərinin əhəmiyyətli dərəcədə pozulmasını təsdiq edən hər hansı bir mötəbər sübut təqdim edilməmişdir. Halbuki mülki prosessual qanunvericiliyin 77-ci maddəsinə əsasən hər bir tərəf öz tələb və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Bununla yanaşı, məhkəmə iclasında sübutların tədqiqi ilə kifayət qədər müəyyən olundu ki, nəqliyyat vasitəsi sahiblərinin mülki məsuliyyətinin icbari sığortası növü üzrə "xxxx" ASC-də sığorta olunan xx.xx.2023-cü il tarixdə Xudat-Nabran yolu üzərində baş vermiş yol-nəqliyyat hadisəsi zamanı mülki məsuliyyəti "Günay Sığorta” şirkətində icbari sığortalamış Hyundai Accent markalı, ** NB *** qeydiyyat nişanlı avtomobilin sahibi yol hərəkət qaydalarını pozaraq iddiaçıya məxsus Mersedes Benz C220 markalı ** BL *** dövlət qeydiyat nişanlı minik avtomobilini vurması nəticəsində iddiaçıya maddi zərər dəymişdir. Cavabdeh "xxxx" ASC tərəfindən təqdim edilmiş xx.xx.2023-cü il tarixli qüsur aktına əsasən iddiaçıya məxsus avtomobilə dəymiş zərər 2000 manat qiymətləndirilmişdir. Məhkəmə tərəfindən təyin edilmiş məhkəmə-əmtəəşünaslıq ekspertizasının xx.xx.2023-cü il tarixli, 9/3983 nömrəli rəyinə əsasən nəzəri hesablama yolu ilə "xxxx" Firmasının tərtib edilmiş xx.xx.2023-cü il tarixli qüsur aktındakı məlumatlara əsasən avtohissələrin qiymətləri nəzərə alınmaqla 1993-cü il buraxılışlı “Mercedes Benz220” markalı ** BL *** dövlət qeydiyat nişanlı avtomobilin təmir-bərpa xərci hadisə baş verən tarixə təxminən 3435.00 manat müəyyən edilir. Məhkəmə hesab edir ki, ekspertin rəyi nəzərə alınmaqla dəymiş maddi ziyanla bağlı iddia tələbi qismən təmin edilməli və cavabdeh "xxxx" ASC-dən 3435 manat tutularaq iddiaçıya ödənilməlidir. Azərbaycan Respublikası MPM-nin 119.1-ci maddəsinə görə məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 77.1-ci maddəsinə əsasən, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 14.2-ci maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 217.4-cü maddəsinə görə isə, məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 216-220, 360-cı maddələrini rəhbər tutaraq məhkəmə, QƏT ETDİ: İddia qismən təmin edilsin. Cavabdeh "xxxx" Açıq Səhmdar Cəmiyyətindən İddiaçı xeyrinə 3435 (üç min dörd yüz otuz beş) manat dəymiş ziyan, ziyan aktının tərtib olunması üçün ödənilmiş 50 (əlli) manat və ödənilmiş 62 (altmış iki) manat dövlət rüsumu tutulsun. Qalan hissədə iddia təmin edilməsin. Ekspertiza tədqiqatının dəyəri 50 (əlli) manat cavabdeh "xxxx" Açıq Səhmdar Cəmiyyətindən tutulub AR Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin aşağıdakı hesabına köçürülsün: X1, kod 210005, VÖEN:**********, Müxbir hesab:AZ41NABZ********************, SFİFT:BİK CTREAZ22, MEM, VÖEN:**********, Hesab: AZ34CTRE********************. Qətnamədən onun tərəflərə rəsmi qaydada təqdim edildiyi gündən 1 (bir) ay müddətində Bakı Şəhəri Səbail Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Hakim Mədinə Bağırova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar