Məhkəmə qərarları › İş №2(009)-957/2024

Bakı Şəhəri Səbail Rayon Məhkəməsi Qətnamə — İş №2(009)-957/2024

17.05.2024 · Müqavilələrin ləğv edilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(009)-957/2024 17.05.2024 BAKI ŞƏHƏRİ SƏBAİL RAYON MƏHKƏMƏSİ Hakim Abdullayev Şahin Zülfüqar oğlunun sədrliyi, Ağayeva Narqələm Bayram qızının katibliyi, İddiaçı nümayəndəsi və vəkili Vəkil iştirakı ilə İddiaçı cavabdehlər Bakı şəhəri 14 saylı Notariat Ofisinə və Cavabdeh2 qarşı barışıq sazişinin ləğv olunması tələbinə dair iddia ərizəsi üzrə mülki işə Səbail rayon Məhkəməsi binasında açıq məhkəmə iclasında baxaraq… MÜƏYYƏN ETDİ: İddiaçı cavabdehlər Bakı şəhəri 14 saylı Notariat Ofisinə və Cavabdeh2 qarşı barışıq sazişinin ləğv olunması tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək göstərmişdir ki, o, Cavabdeh2 ilə 12 iyul 2023-cü il tarixdə Bakı şəhəri 14 saylı Notariat Ofisində barışıq sazişi bağlamışdır. Cavabdehin ona borcu var idi. Lakin cavabdeh ona olan borcunu ödəmək istəmədiyi üçün o, Şirvan şəhər Prokurorluğuna müraciət etmiş və şikayəti ilə bağlı iş başlasa da, sonradan cavabdeh ona bildirmişdir ki, “onun ticarət obyektim vardır və mən onu satıb, sənin borcunu ödəyəcəm”. O, da ona inanıb gedib 14 saylı Notariat Ofisində onunla barışıq sazişi bağlamışdır. Lakin bu sazişi bağladıqdan sonra cavabdeh ona hər ay söz verməyə başlamışdır ki, narahat olmasın tezliklə borcunu ödəyəcəkdir. Lakin o, başa düşmüşdür ki, cavabdeh onu aldadır. Sonradan isə ona cavab verməməyə başlamışdır. Bir sözlə cavabdeh öhdəliyini yerinə yetirməməyə başlamışdır. Ona görə də o, Bakı şəhəri 14 saylı notariat ofisinə barışıq sazişinin ləğv olunması ilə bağlı müraciət etmişdir. Lakin orada ona bildirmişlər ki, müqavilənin ləğvi üçün hər iki tərəf müraciət etməlidir, ona görə də müqavilənin ləğv olunması üçün məhkəməyə müraciət etməsi bildirmişlər. Göstərilənləri nəzərə alaraq iddiaçı Cavabdeh2 ilə onun arasında xx.xx.2023-cü il tarixdə Bakı şəhəri 14 saylı Notariat Ofisində bağlanmış barışıq sazişinin ləğv edilməsi barədə qətnamə qəbul edilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə iclasında izahatı alınmış iddiaçının nümayəndəsi və vəkili Vəkil iddia tələbini müdafiə edərək onun təmin edilməsini məhkəmədən xahiş etmişdir. İddiaçının nümayəndəsi həmçinin göstərmişdir ki, Cavabdeh2 barəsində cinayət işi qaldırılmaması üçün iddiaçını aldadaraq barışıq sazişi bağlamış, lakin üzərinə götürdüyü öhdəliyi icra etməmiş, bu günə qədər iddiaçıya olan borcunu qaytarmamışdır. Məhkəmə iclasının yeri və vaxtı barədə lazımi qaydada xəbərdar edilmiş Cavabdeh2 məhkəmə iclasına gəlməmişdir. Məhkəmə AR MPM-nin 185.5-ci maddəsinə əsasən işə cavabdehin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə iclasının yeri və vaxtı barədə lazımi qaydada xəbərdar edilmiş cavabdeh ünvan 1 ünvanlanmış məktubda işə nümayəndənin iştirakı olmadan baxılmasını xahiş etmişdir. Məhkəmə işə cavabdehin nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə iş üzrə iddiaçının nümayəndəsinin izahatını dinləyib, iş materiallarını araşdıraraq, iş üzrə toplanmış sübutlara hüquqi qiymət verərək hesab edir ki, iddia tələbi əsassız olduğu üçün təmin edilməməlidir. İş üzrə İddiaçı ilə Cavabdeh2 arasında bağlanılmış və Bakı şəhəri 14 saylı notariat ofisində təsdiq edilmiş xx.xx.2023-cü il tarixli barışıq sazişinin surətindən görünür ki, tərəflər onların arasında əvvəllər olan anlaşılmazlığın artıq həll olunması, İddiaçı İbhəhim oğlu onunla Cavabdeh2 arasında barışıq olduğu üçün ona qarşı iddia, şikayət və tələblərin olmaması və gələcəkdə də olmayacağı, Cavabdeh2 onunla İddiaçı arasında barışıq olduğu üçün ona qarşı iddia, şikayət və tələblərin olmaması və gələcəkdə də olmayacağı barədə razılığa gəlmişlər. İş üzrə Bakı şəhəri 14 saylı notariat ofisi tərəfindən İddiaçı ünvanlanmış xx.xx.2024-cü il tarixli məktubundan görünür ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 421-ci maddəsinə əsasən müqavilənin dəyişdirilməsi və ləğv edilməsi, əgər bu Məcəllədə və ya müqavilədə ayrı qayda nəzərdə tutulmayıbsa, tərəflərin razılaşması ilə mümkündür. Tərəflərdən birinin tələbi ilə müqavilə yalnız digər tərəf müqaviləni əhəmiyyətli dərəcədə pozduqda və ya bu Məcəllədə və ya müqavilədə nəzərdə tutulan digər hallarda dəyişdirilə və ya ləğv edilə bilər. Tərəflərdən birinin müqaviləni pozması o zaman əhəmiyyətli pozuntu sayılır ki, bunun digər tərəfə vurduğu zərər nəticəsində o, müqavilə bağlanarkən ümid etməyə haqqı çatanlardan xeyli dərəcədə məhrum olur. Müqavilənin tamamilə və ya hissəhissə icrasından birtərəfli imtina edildikdə və belə imtinaya bu Məcəllə ilə və ya tərəflərin razılaşması ilə yol verildikdə müqavilə müvafiq surətdə ləğv edilmiş və ya dəyişdirilmiş sayılır. Müqavilə üzrə tərəflər qarşılıqlı razılıq əsasında birlikdə notariat ofisinə müraciət etməməsi səbəbindən, müqavilənin ləğv edilməsi imkanları xaricindədir. İzah edirlər ki, aparılmış notariat hərəkətlərindən və ya notariat hərəkətlərini aparmaqdan imtina edilməsindən maraqlı şəxs bu barədə Azərbaycan Respublikası Qanununun 41-ci maddələrinə əsasən aidiyyəti məhkəməyə şikayət verə bilər. İş üzrə İddiaçı tərəfindən Cavabdeh2 ünvanlanmış təklifindən görünür ki, Cavabdeh2 öhdəliyinin yerinə yetirməməsi ilə əlaqədar o, Cavabdeh2 müqavilənin ləğv olunması üçün 5 gün müddətində onunla notariusa gedib həmin müqaviləni ləğv etməyi təklif edir, əks təqdirdə məhkəməyə barışıq sazişinin ləğv olunması ilə bağlı məhkəməyə müraciət etməli olacaqdır. Məhkəmə verilmiş iddia tələbi üzrə aşağıdakıları qeyd etməyi zəruri hesab edir. Məhkəmə iclasında müəyyən edilmişdir ki, iddiaçı ilə cavabdeh arasında bağlanılmış və Bakı şəhəri 14 saylı notariat ofisində təsdiq edilmiş xx.xx.2023-cü il tarixli barışıq sazişinə əsasən tərəflər arasında əvvəllər olan anlaşılmazlığın həll olunması, barışıq olduğu üçün tərəflər bir-birlərinə qarşı iddia, şikayət və tələblərin olmaması və gələcəkdə də olmayacağı barədə razılığa gəlmişlər. İddiaçı tərəfindən irəli sürülmüş tələbdən görünür ki, cavabdeh tərəfindən üzərinə götürülmüş borcun ödənilməsi barədə öhdəliyinin yerinə yetirilməməsi ilə əlaqədar iddiaçı onunla cavabdeh arasında xx.xx.2023-cü il tarixdə Bakı şəhəri 14 saylı notariat ofisində bağlanılmış barışıq sazişinin ləğv edilməsini məhkəmədən xahiş edir. Məhkəmə qeyd edir ki, hər hansı iddia tələbi üzrə hüquqi dəyərləndirmə prosesi ilk addım kimi iddiaçının tələbinə uyğun gələn iddia tələbinin qanuni əsasının tapılmasından və məhkəməyə bildirdiyi faktiki halların həmin iddia tələbinin qanuni əsasının dispozisiya şərtlərinə uyğun olmasının yoxlanılmasından ibarətdir. Ona görə əgər irəli sürülmüş iddia tələbinin qanuni əsası tapılmırsa və ya faktiki hallar tapılan iddia tələbinin qanuni əsasının şərtləri, yəni dispozisiya əlamətləri ilə uzlaşmırsa hüquqi dəyərləndirmə məhkəmə üçün artıq başa çatmalıdır. Əlavə olaraq irəli sürülən dəlillərin araşdırılmasına ehtiyac qalmır, çünki işin həlli üçün bunun əhəmiyyəti yoxdur. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 881.1-ci və 881.2-ci maddələrinə əsasən barışıq razılaşması haqqında müqaviləyə görə tərəflər öz aralarında hüquqlar və ya iddialar barəsində mübahisəni və ya qeyri-müəyyənliyi qarşılıqlı güzəştlər yolu ilə həll edirlər. Barışıq razılaşmasının qüvvəsi ondan ibarətdir ki, əvvəllər mübahisəli və ya qeyrimüəyyən olmuş hüquqlara və iddialara istinad edilməsi həmin razılaşmaya əsasən istisna edilir və hüquqi statusundan asılı olmayaraq iştirakçılar üçün yalnız barışıq razılaşmasında təsbit edilənlər etibarlı olur. Məhkəmə qeyd edir ki, barışıq sazişi tərəflərin mübahisəli münasibətlərinə dair yeni bir hüquqi nəticə - hüquq və öhdəliklər əmələ gətirmək məqsədilə bağladıqları qarşılıqlı ikitərəfli (çoxtərəfli) müqavilədir. Barışıq sazişi tərəflər arasındakı mübahisənin və ya fikir ayrılığına səbəb olma potensialı daşıyan qeyri-müəyyənliyin aradan qaldırılmasına yönəlir. Mülki qanunvericiliyin məqsədi mülki dövriyyə azadlığını təmin etmək, yəni subyektlərin öz şəxsi mənafelərini həyata keçirməyə hüquqi şəraiti yaratmaqdır (Mülki Məcəllə, maddə 1.1). İstər bu məqsəddən irəli gələn iradə sərbəstliyi (Mülki Məcəllə, maddə 6.1.2) və müqavilə azadlığı prinsipləri (Mülki Məcəllə, maddə 6.1.5 və 390), istərsə də Mülki Məcəllənin 12.2-ci maddəsinin “Mülki hüquq münasibətlərinin subyektləri həm qanunla birbaşa qadağan olunmamış hərəkətləri, həm də qanunda bilavasitə nəzərdə tutulmamış hərəkətləri icra edə bilərlər” müddəası onu deməyə əsas verir ki, barışıq razılaşması da mülki qanunvericilikdə nəzərdə tutulan müqavilələrdən biri olmaqla, tərəflər arasında öhdəlik hüquq münasibətləri yaradan əqd növüdür. Müqavilə dedikdə, iki və ya daha artıq şəxsin hüquqi nəticə əmələ gətirmək üçün ifadə etdikləri və bir-birinə uyğun olan iradə bəyanları başa düşülür. Başqa sözlə, şəxslər ifadə etdikləri iradələri ilə özlərinin mülki hüquq və vəzifələrini əmələ gətirir, dəyişdirir və ya xitam edirlər. İradə bəyanı şifahi, sadə yazılı və ya rəsmi (notarial) formada, birtərəfli və ya müqavilə şəklində (ikitərəfli və ya çoxtərəfli) ola bilər. Barışıq razılaşmasının bağlanması üçün bir qayda olaraq forma tələb olunmur, lakin razılaşmada hər hansı formanın gözlənilməsini tələb edən əqdlər vardırsa, razılaşma bu əqdlər üçün tələb edilən forma üzrə tərtib olunmalıdır (Mülki Məcəllə, maddə 881.3). Azərbaycan Respublikası Mülki Məcəlləsinin 324-cü maddəsinə əsasən, əqd mülki hüquq münasibətinin əmələ gəlməsinə, dəyişdirilməsinə və ya xitamına yönəldilmiş birtərəfli, ikitərəfli və ya çoxtərəfli iradə ifadəsidir. Məhkəmə qeyd edir ki, əqdlər birtərəfli və müqavilə şəklində (ikitərəfli və ya çoxtərəfli) ola bilər. Mülki Məcəlləyə və ya tərəflərin razılaşmasına uyğun olaraq bağlanması üçün bir tərəfin iradə ifadəsinin zəruri və yetərli olduğu əqd birtərəfli əqddir. Müqavilənin bağlanması üçün iki tərəfin razılaşdırılmış iradə ifadəsi (ikitərəfli əqd) və ya üç və ya daha çox tərəfin razılaşdırılmış iradə ifadəsi (çoxtərəfli əqd) zəruridir. Müqavilə əqdlərin bir növü kimi mülki hüquq münasibətlərinin əmələ gəlməsinə, dəyişdirilməsinə və ya xitamına yönəldilmiş ikitərəfli və ya çoxtərəfli iradə ifadəsidir (Mülki Məcəllənin 389.1-ci maddəsi). Konstitusiya Məhkəməsi Plenumunun formalaşdırdığı hüquqi mövqeyə əsasən, hər hansı əqdin etibarlılığı, yəni arzu olunan hüquqi nəticəyə səbəb olması üçün onun bağlanmasında lazımi subyektlərin (səlahiyyətli şəxslərin) iştirakı, onların arasında iradə ifadəsinin bildirilməsi və vahidliyinin mövcudluğu, əqdin forma və məzmununun qanunvericiliyin tələblərinə uyğun olması vacibdir. Müqavilənin qanunvericilikdə müəyyən edilmiş qayda və şərtlərə uyğun bağlanması tələb olunur (Ə.İbrahimovun şikayəti üzrə 2004-cü il 12 aprel tarixli Qərar). Azərbaycan Respublikası Mülki Məcəlləsinin 390.1-ci maddəsinə əsasən fiziki və hüquqi şəxslər azad surətdə müqavilələr bağlaya və bu müqavilələrin məzmununu müəyyənləşdirə bilərlər. Onlar bu Məcəllədə nəzərdə tutulmayan, lakin ona zidd olmayan müqavilələr də bağlaya bilərlər. Həmin Məcəllənin 405.1-ci maddəsinə əsasən tərəflər müqavilənin bütün mühüm şərtləri barəsində tələb olunan formada razılığa gəldikdə, müqavilə bağlanmış sayılır. Müqavilənin predmetinə dair şərtlər, bu Məcəllədə həmin növ müqavilələr üçün mühüm və ya zəruri adlandırılmış şərtlər, habelə tərəflərdən birinin müraciəti ilə barəsində razılaşma əldə edilməli olan bütün şərtlər mühüm sayılır. Məhkəmə qeyd edir ki, iddiaçı cavabdehlə bağladığı barışıq sazişinin ləğv edilməsinin hüquqi əsası kimi barışıq sazişi bağlayarakən cavabdeh tərəfindən aldadıldığını, yəni cavabdeh tərəfindən ona olan borcunu obyektini satıb verəcəyi barədə öhdəlik götürsə də, həmin borcu ödəmədiyini göstərmişdir. İddiaçı eyni zamanda iddia ərizəsində əqdin etibarsızlığına dair mülki qanunvericiliyində nəzərdə tutulmuş müddəalara istinad etmişdir. Məhkəmə həmçinin qeyd edir ki, MM-nin 422-ci maddəsi müqavilənin ləğv edilməsinin hüquqi əsaslarını, 337-ci maddəsi isə etibarsızlığın hüquqi əsaslarını müəyyən edir. Məhkəmə iclasında müəyyən edilmişdir ki, tərəflər arasında barışıq sazişi bağlanarkən həmin sazişdə hər hansı qeyri-şərt, yaxud öhdəliyin yerinə yetirilməsi nəzərdə tutulmamışdır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 421.2-ci maddəsinə əsasən tərəflərdən birinin tələbi ilə müqavilə yalnız digər tərəf müqaviləni əhəmiyyətli dərəcədə pozduqda və ya bu Məcəllədə və ya müqavilədə nəzərdə tutulan digər hallarda dəyişdirilə və ya ləğv edilə bilər. Tərəflərdən birinin müqaviləni pozması o zaman əhəmiyyətli pozuntu sayılır ki, bunun digər tərəfə vurduğu zərər nəticəsində o, müqavilə bağlanarkən ümid etməyə haqqı çatanlardan xeyli dərəcədə məhrum olur. Qanunun yuxarıda göstərilən tələbindən aydın olur ki, tərəflərin iradəsinə əsasən bağlanılmış barışıq sazişi başlıca olaraq onların iradələrinə əsaslanan razılaşmaları ilə ləğv edilə bilər. Bu müddəa müqavilə azadlığı prinsipindən irəli gəlir. Tərəflərdən birinin tələbi ilə müqavilə yalnız digər tərəf müqaviləni əhəmiyyətli dərəcədə pozduqda və ya müqavilədə nəzərdə tutulmuş hallarda ləğv edilə bilər. Məhkəmə qeyd edir ki, iddiaçı barışıq sazişinin faktiki olaraq etibarsız hesab edilməsinin qanunda nəzərdə tutulmuş hüquqi əsaslarını qeyd etməklə onun ləğv edilməsini xahiş edir. Halbuki yuxarıda göstərilən qanunun norması müqavilənin ləğvinin hüquqi əsası kimi iddiaçının iddia ərizəsində istinad etdiyi halları nəzərdə tutmur. İddiaçı tərəfindən isə qanunda müəyyən edilən müqavilənin ləğvi əsasına səbəb olan sübutları məhkəməyə təqdim edə bilməmişdir. Məhkəmə qeyd edir ki, müqavilə tərəflərin iradə ifadəsinə əsaslanan və tərəflər üçün hüquq və vəzifələr yaradan, öhdəliklərin əmələ gəlməsinə səbəb olan əqddir. Müqavilə bağlanarkən tərəflərin iradə ifadəsi həmin müqavilənin bağlanılmasının zəruri şərtidir. Müqavilənin bağlanılmasının zəruri şərtlərindən biri də müqavilə azadlığı prinsipinə riayət edilməsidir. Yəni müqavilə azadlığı fiziki və hüquqi şəxslərin azad surətdə müqavilələr bağlamaq, onların məzmununu müəyyənləşdirmək, habelə mülki qanunvericilikdə nəzərdə tutulmasa da, ona zidd olmayan müqavilələr bağlamaq hüquqlarını ehtiva edən bir anlamdır. Yəni şəxsin müqavilə bağlamaq haqqında iradəsi yarandığı andan gerçəkləşənədək ancaq onun sərbəst iradəsinə əsasən həyata keçirilir və öz seçdiyi tərəflə məzmununu sərbəst olaraq müəyyənləşdirdikləri qanuna zidd olmayan istənilən müqaviləni azad surətdə bağlaya bilər ki, bu da müqavilə azadlığıdır. Azərbaycan Respublikası MPM-nin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Göstərilən Məcəllənin 80-ci maddəsinə əsasən məhkəmə işin gedişində təqdim olunmuş ancaq o sübutları qəbul edir və nəzərə alır ki, onlar işdə tərəflərin tələblərini müəyyən edən faktlarla və hallarla əlaqədardır. Beləliklə məhkəmə yuxarıda göstərilənləri nəzərə alaraq hesab edir ki, Bakı şəhəri 14 saylı Notariat Ofisində təsdiq edilmiş xx.xx.2023-cü il tarixli barışıq sazişinin ləğv olunması üçün hüquqi əsaslar məhkəmə tərəfindən müəyyən edilmədiyindən, iddia əsassız hesab edilməli və təmin edilməməlidir. Azərbaycan Respublikasının MPM-nın 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Məhkəmə həmçinin qeyd edir ki, iddia tələbi təmin olunmadığından, məhkəmə xərcləri iddiaçıya aid edilməlidir. Şərh olunanlara əsasən və AR Mülki-Prosessual Məcəllənin 216-220-ci maddələrini rəhbər tutaraq, məhkəmə… QƏT ETDİ: İddiaçı cavabdehlər Bakı şəhəri 14 saylı Notariat Ofisinə və Cavabdeh2 qarşı Cavabdeh2 ilə onun arasında xx.xx.2023-cü il tarixdə Bakı şəhəri 14 saylı Notariat Ofisində bağlanmış barışıq sazişinin ləğv edilməsi barədə iddia tələbi əsassız olduğundan təmin edilməsin. Məhkəmə xərcləri iddiaçıya aid edilsin. Qətnamədən onun tərəflərə rəsmi qaydada təqdim edildiyi gündən 1 (bir) ay müddətinə Bakı Şəhəri Səbail Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, qəbul edildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Qeyd: apellyasiya şikayəti elektron sistem vasitəsi ilə verilmədikdə AR MPM-nin 363.1.5-ci maddəsinə əsasən geri qaytarılacaqdır. Hakim: Şahin Abdullayev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar