Məhkəmə qərarları › İş №2(009)-975/2023

Bakı Şəhəri Səbail Rayon Məhkəməsi Qətnamə — İş №2(009)-975/2023

27.09.2023 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Sığorta müqaviləsi üzrə mübahisələr - Sığorta ödənişinin ödənilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(009)-975/2023 27.09.2023 BAKI ŞƏHƏRİ SƏBAİL RAYON MƏHKƏMƏSİ Hakim Bağırova Mədinə Ağacavad qızının sədrliyi, Əzizova Nurlanə Əli qızının katibliyi ilə, İddiaçı cavabdeh "xxxx" Açıq Səhmdar Cəmiyyətinə qarşı pul tələbi iddiası üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İddiaçı cavabdeh "xxxx" ASC-yə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, ona məxsus ** OC *** dövlət qeydiyat nişanli BMW markalı avtomobilə dəymiş zərərə görə 3640 manat, ziyan aktının tərtib olunması üçün ödədiyi 50 manat və 57 manat ödənilmiş dövlət rüsumunun, ümumi olaraq 3747 manat məbləğin cavabdeh "xxxx" ASC-dən tutularaq ona ödənilməsinə dair qətnamə qəbul edilməsini xahiş etmişdir. İddiaçı tələbini onunla əsaslandırmışdır ki, 22 fevral 2023-cü il tarixdə Xaçmaz şəhəri ərazisində ** BR *** dövlət qeydiyat nişanlı VAZ minik markalı və ona məxsus ** OC *** dövlət qetdiyat nişanlı BMW minik markalı avtomobillərin iştirakı ilə yol nəqliyyat hadisəsi baş vermişdir. Baş vermiş yol nəqliyyat hadisəsi "xxxx" ASC Sığorta şirkətində sığortalı olan ** BR *** dövlət qeydiyat nişanlı VAZ markalı avtomobilin sürücüsünün təqsiri üzündən baş vermişdir. Yol nəqliyat hadisəsi nəticəsində onun avtomobilinə 3640 manat dəyərində zərər dəymişdir. Bu zərər məbləği hadisədən sonra Quba şəhərində fəaliyyət göstərən avto təmir stansiyasının ustaları tərəfindən onun avtomobilinə baxış keçirilərək müəyyən olunmuş və bu barədə ziyan aktı tərtib edilmişdir. Hadisədən bir müddət sonra sığorta şirkətindən onun mobil nömrəsinə zəng olunaraq avtomobilinə dəymiş zərərin 2400 manat məbləğində qiymətləndirildiyi bildirildi. O dəfələrlə Günay Siğorta şirkətinin qaynar xətt nömrəsi ilə əlaqə saxlayaraq bu məbləğin onun avtomobilinin zərərini ödəmədiyini bildirsə də, hesablanmış məbləğdə dəyişiklik edilməyəcəyini ona bildirdilər. Son olaraq, 2023-ci ilin mart ayının sonlarında "xxxx" ASÇ Sığorta şirkətindən onun ünvanına rəsmi məktubla avtomobilimə dəymiş zərər məbləği olaraq 2400 manat ayrılacağı barədə rəsmi məktub daxil oldu. O da, bu məbləğ ilə razılaşmayaraq və real olaraq avtomobilinin təmirinə 3640 manat lazım olduğunu nəzərə alaraq məhkəməyə müraciət etmişdir. Məhkəmə iclasının vaxtı və yeri barədə rəsmi məlumat verilməsinə baxmayaraq iddiaçı məhkəmə iclasına gəlməmiş, lakin məhkəməyə ərizə ünvanlayaraq, işə onun iştirakı olmadan baxılmasını və iddianın təmin olunması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Məhkəmə MPM-nin 185.4-ci maddəsinə əsasən işə iddiaçının iştirakı olmadan baxılmasını mümkün hesab edir. Cavabdeh "xxxx" ASC-nin nümayəndəsi məhkəmə baxışı iclasının vaxtı və yeri barədə rəsmi məlumat verilməsinə baxmayaraq o, məhkəmə iclasına gəlməmiş, gəlməməsinin səbəbləri barədə məhkəməyə məlumat verməmişdir. Məhkəmə MPM-nin 185.5-ci maddəsinə əsasən işə cavabdehin nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab edir. Məhkəmə, iş materiallarını tədqiq edərək, hesab edir ki, iddia qismən təmin edilməlidir. İş materiallarında olan iddiaçı tərəfindən təqdim edilmiş "xxxx" firmasının xx.xx.2023-cü il tarixli Zərər Aktından görünür ki, BMW minik markalı ** OC *** dövlət qeydiyat nişanlı avtomobilə dəymiş ziyanın ümumi məbləği 3640 (üç min altı yüz qırx) manat müəyyən olunmuşdur. Təqdim olunmuş "xxxx" ASC-nin xx.xx.2023-cü il tarixli Dəymiş zərərin hesablanmasına dair Aktdan görünür ki, BMW minik markalı ** OC *** dövlət qeydiyat nişanlı avtomobilə dəymiş ziyan 2400 (iki min dörd yüz) manat müəyyən olunmuşdur. İş materiallarında olan "xxxx" ASC tərəfindən İddiaçı ünvanlanmış xx.xx.2023cü il tarixli məktubdan görünür ki, "xxxx" ASC-də “Avtonəqliyyat vasitəsi sahibinin mülki məsuliyyətinin icbari sığortası” üzrə sığartalanmış “VAZ” markalı 27BR644 dövlət qeydiyyat nişanlı avtomobil və BMW minik markalı ** OC *** dövlət qeydiyat nişanlı avtomobilin iştirakı ilə xx.xx.2023-cü il tarixində yol-nəqliyyat hadisəsi baş vermişdir. xx.xx.2023-cü il tarixində tərtib edilmiş akta əsasən BMW minik markalı ** OC *** dövlət qeydiyat nişanlı avtomobilə dəymiş zərərin məbləği 2400 (iki min dörd yüz) manat müəyyən edilmişdir. “İcbari sığortalar haqqında” Azərbaycan Respublikasının Qanununun 20.3-cü maddəsinə əsasən əmlaka dəyən zərər üzrə sığorta ödənişi sığortaçının seçimi əsasında əmlakın təmirinə, bərpasına və ya yenisi ilə əvəz edilməsinə xərclərin çəkilməsi, yaxud qiymətləndirilmiş zərər məbləğinin faydalanan şəxsə birbaşa ödənilməsi yolu ilə həyata keçirilir. Qeyd olunan maddənin tələbinə uyğun olaraq 2400 manat məbləğin ödənilməsi üçün bank hesabının təqdim edilməsi xahiş olunmuşdur. İş üzrə təyin edilmiş məhkəmə-əmtəəşunaslıq ekspertizası üzrə AR ƏN Məhkəmə Ekspertizası Mərkəzinin xx.xx.2023-cü il tarixli, 9/3984 nömrəli ekspert rəyindən görünür ki, nəzəri hesablama yolu ilə, "xxxx" Firmasının tərtib etdiyi, xx.xx.2022-ci il tarixli qüsur aktındakı məlumatlara əsasən avtohissələrin qiymətləri nəzərə alınmaqla 2013-cü il buraxılışlı BMW minik markalı ** OC *** dövlət qeydiyat nişanlı avtomobilin təmir-bərpa xərci avtoehtiyat hissələrinə köhnəlmə faizi tətbiq edilməklə təxminən 2895 manat müəyyən edilir. Yuxarıda göstərildiyi kimi, hazırki iş üzrə tərəflərin hüquq münasibətləri 22 fevral 2023-cü il tarixdə baş vermiş sığorta hadisəsi nəticəsində dəymiş ziyanın ödənilməsi ilə bağlı yaranmışdır. Mülki qanunvericilikdə sığorta hadisəsinin anlayışı verilməklə yanaşı, həmçinin sığorta hadisəsi baş verdiyi təqdirdə sığortalı və sığortaçının vəzifələri, habelə sığorta ödənişlərinin verilməsindən imtina əsasları da göstərilmişdir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 923.1-ci maddəsinə əsasən sığorta hadisəsinin baş verməsi barədə sığortalı və ya sığorta olunan şəxs, yaxud faydalanan şəxs hadisədən xəbər tutduqdan dərhal sonra və ya mümkün olan ən qısa müddət ərzində sığortaçıya və ya onun nümayəndəsinə, eyni zamanda həmin hadisə barədə məlumatlandırılmalı olan səlahiyyətli dövlət orqanlarına hər hansı vasitə ilə xəbər verməlidir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 925.1-ci maddəsinə əsasən sığorta hadisəsi nəticəsində dəymiş zərərin miqdarını sığortalının, sığorta olunanın və ya faydalanan şəxsin, yaxud onların nümayəndəsinin təqdim etdiyi sığorta tələbi əsasında sığortaçı müəyyən edir. Həmin Məcəllənin 925.5-ci maddəsinə əsasən əmlak sığortası müqaviləsi üzrə sığortalı, sığorta olunan və ya üçüncü şəxs aşağıdakı hallar istisna olmaqla, zərər dəymiş əmlakı sığorta hadisəsindən dərhal sonrakı vəziyyətdə sığortaçıya və ya onun səlahiyyətli nümayəndəsinə təqdim etməlidir. Həmin Məcəllənin 935.1.1-ci maddəsinə əsasən bu Məcəllənin 923.1-ci maddəsinin tələblərinə əməl edilməməsi nəticəsində sığortaçının hadisənin səbəblərini və (və ya) dəyən zərərin həcmini müəyyənləşdirmək imkanından tam və ya qismən məhrum olması ilə əlaqədar olaraq onun mənafeləri əhəmiyyətli dərəcədə pozulduqda sığortaçı sığorta ödəməkdən imtina edir. Qanunvericiliyin qeyd edilən normalarından aydın olur ki, sığorta hadisəsi barədə sığortalı və digər şəxslər tərəfindən sığortaçıya dərhal və mümkün olan ən qısa müddət ərzində məlumat verilməməsi nəticəsində sığortaçı, hadisənin səbəblərini və (və ya) dəyən zərərin həcmini müəyyənləşdirmək imkanından tam və ya qismən məhrum olması ilə əlaqədar onun mənafeyi əhəmiyyətli dərəcədə pozulduqda sığorta ödəməkdən imtina edə bilər. Qeyd edilən hal onu təsdiq edir ki, məhz göstərilən hallar müəyyən edildikdə, sığortaçı tərəfindən sığorta ödənişindən imtina edilə bilər. Qanunun 935.1.1-ci maddəsinin məzmunundan aydın olur ki, sığorta ödənişindən imtina əsası kimi müəyyən edilmiş şərtlərin sübut edilməsini məhz sığorta ödəməkdən imtina edən sığortaçının üzərinə düşür. Lakin sığortaçı tərəfindən məhkəməyə sığorta hadisəsinin səbəbini və dəyən zərərin həcminin müəyyənləşdirmək imkanından məhrum olması ilə əlaqədar onların mənafeylərinin əhəmiyyətli dərəcədə pozulmasını təsdiq edən hər hansı bir mötəbər sübut təqdim edilməmişdir. Halbuki mülki prosessual qanunvericiliyin 77-ci maddəsinə əsasən hər bir tərəf öz tələb və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Bununla yanaşı, məhkəmə iclasında sübutların tədqiqi ilə kifayət qədər müəyyən olundu ki, nəqliyyat vasitəsi sahiblərinin mülki məsuliyyətinin icbari sığortası növü üzrə "xxxx" ASC-də sığorta olunan xx.xx.2023-cü il tarixdə Xaçmaz şəhərində baş vermiş yol-nəqliyyat hadisəsi zamanı mülki məsuliyyəti "Günay Sığorta” şirkətində icbari sığortalamış "VAZ" minik markalı, ** BR *** qeydiyyat nişanlı avtomobilin sahibi yol hərəkət qaydalarını pozaraq iddiaçıya məxsus BMW minik markalı ** OC *** dövlət qeydiyat nişanlı minik avtomobilini vurması nəticəsində iddiaçıya maddi zərər dəymişdir. Cavabdeh "xxxx" ASC tərəfindən təqdim edilmiş xx.xx.2023-cü il tarixli qüsur aktına əsasən iddiaçıya məxsus avtomobilə dəymiş zərər 3640 manat qiymətləndirilmişdir. Məhkəmə tərəfindən təyin edilmiş məhkəmə-əmtəəşünaslıq ekspertizasının xx.xx.2023-cü il tarixli, 9/3984 nömrəli rəyinə əsasən nəzəri hesablama yolu ilə "xxxx" Firmasının tərtib etdiyi xx.xx.2022-ci il tarixli qüsur aktındakı məlumatlara əsasən avtohissələrin qiymətləri nəzərə alınmaqla 2013-cü il buraxılışlı BMW minik markalı ** OC *** dövlət qeydiyat nişanlı avtomobilin təmir-bərpa xərci avtoehtiyat hissələrinə köhnəlmə faizi tətbiq edilməklə təxminən 2895,00 manat müəyyən edilir. Məhkəmə hesab edir ki, ekspertin rəyi nəzərə alınmaqla dəymiş maddi ziyanla bağlı iddia tələbi qismən təmin edilməli və cavabdeh "xxxx" ASC-dən 2895 manat tutularaq iddiaçıya ödənilməlidir. Azərbaycan Respublikası MPM-nin 119.1-ci maddəsinə görə məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 77.1-ci maddəsinə əsasən, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 217.4-cü maddəsinə görə isə, məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 216-220, 360-cı maddələrini rəhbər tutaraq məhkəmə, QƏT ETDİ: İddia qismən təmin edilsin. Cavabdeh "xxxx" Açıq Səhmdar Cəmiyyətindən İddiaçı xeyrinə 2895 (iki min səkkiz yüz doxsan beş) manat dəymiş ziyan, ziyan aktının tərtib olunması üçün ödənilmiş 50 (əlli) manat və ödənilmiş 57 (əlli yeddi) manat dövlət rüsumu tutulsun. Qalan hissədə iddia təmin edilməsin. Ekspertiza tədqiqatının dəyəri 100 (yüz) manat cavabdeh "xxxx" Açıq Səhmdar Cəmiyyətindən tutulub AR Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin aşağıdakı hesabına köçürülsün: X1, kod 210005, VÖEN:**********, Müxbir hesab:AZ41NABZ********************, SFİFT:BİK CTREAZ22, MEM, VÖEN:**********, Hesab: AZ34CTRE********************. Qətnamədən onun tərəflərə rəsmi qaydada təqdim edildiyi gündən 1 (bir) ay müddətində Bakı Şəhəri Səbail Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Hakim Mədinə Bağırova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar