Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(009)-984/2021 16.04.2021 BAKI ŞƏHƏRİ SƏBAİL RAYON MƏHKƏMƏSİ Hakim Abdullayev Şahin Zülfüqar oğlunun sədrliyi, Məmmədova Narqələm Bayram qızının katibliyi, İddiaçılar İddiaçı1 (eyni zamanda İddiaçı2 nümayəndəsi) Cavabdehin nümayəndəsi Nümayəndə iştirakları ilə İddiaçılar İddiaçı1 və İddiaçı2 cavabdeh «xxxx» ASC-yə qarşı sığorta haqqının ödənilməsi tələbinə dair mülki işə Səbail rayon məhkəməsi binasında açıq məhkəmə iclasında baxaraq… MÜƏYYƏN ETDİ: İddiaçılar İddiaçı1 və İddiaçı2 cavabdeh «xxxx» ASC-yə qarşı sığorta haqqının ödənilməsi tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək göstərmişlər ki, İddiaçı2 mülkiyyətində olan 2002-ci il buraxılışlı, dövlət qeydiyyat nişanlı **-BD-*** dövlət qeydiyyat nişanlı “E320” modelli “Mercedes Benz” markalı minik avtomobili xx.xx.2011-ci il tarixli etibarnamə üzrə 30 il müddətinə, xx.xx.2041-ci il tarixədək İddiaçı1 sahibliyinə verilmişdir. Qeyd olunan etibarnamə ilə mülkiyyətçi İddiaçı2, nəqliyyat vasitəsini sürücülük hüququ olduqda idarə etməyi, qeydiyyatdan çıxarmağı, qeydiyyata salmağı, bağışlamağı, ipoteka qoymağı, onun üzərində sərəncam verməyi və bu tapşırığın yerinə yetirilməsilə əlaqədar adından ərizə verməyi və digər hərəkətləri etməyi ona etibar etmişdir. İddiaçı1 istifadəsində olan minik avtomobili xx.xx.2020-ci il tarixdən xx.xx.2021-ci il tarixədək, 12 ay müddətində “xxxx” ASC ilə xx.xx.2020-ci il tarixdə bağlanmış “Avtonəqliyyat vasitəsi sahiblərinin mülki məsuliyyətinin icbari sığortası” növü ilə sığortalanmışdır. Sığorta müqaviləsinin qüvvədə olduğu müddətdə, yəni xx.xx.2021-ci il tarixdə, Yevlax şəhəri, F.Kərimov küçəsində İddiaçı1 istifadəsində olan minik avtomobili, yolun kənarında dayanarkən İddiaçı2 mülkiyyətində olan, buraxılış ili 2008-ci il tarixli **-SO-*** dövlət qeydiyyat nişanlı “Mitsubishi Pajero” modelli minik avtomobilini etibarnamə ilə idarə edən X1, həmin küçədə geriyə manevr edərkən, qəza törətmiş, İddiaçı1 istifadəsində olan “Mercedes Benz” markalı avtomobilin iki sol qapısını əzmiş və beləliklə, “İcbari Sığortalar Haqqında” və “Avtonəqliyyat vasitəsi sahiblərinin mülki məsuliyyətinin icbari sığortası haqqında” qanunvericiliyin tələblərinə uyğun olaraq, həmin anda “xxxx” ASC-nin nümayəndəsinin və Yevlax şəhər X5 bölməsinin əməkdaşının iştirakı ilə qəza hadisəsi qeydə alınmış və müvafiq sənədləşmələr aparılmışdır. Sığorta şirkətinin nümayəndəsi 7 iş günü ərzində İddiaçı1 istifadəsində olan minik avtomobilinə dəymiş zərərə görə ona müvafiq qaydada sığorta haqqı ödəniləcəyini bildirmişdir. Lakin, qeyd olunan müddət ərzində heç bir sığorta haqqı ona ödənilməmiş, onun təkidli tələbləri əsasında hadisəsindən 33 gün keçdikdən sonra, yəni xx.xx.2021-ci il tarixli, 21/069-1 saylı məktubla “xxxx” ASC-nin İdarə Heyətinin sədri Orxan Əfəndiyev tərəfindən onlara sığorta haqqı ödənilməsindən imtina edilmişdir. İmtina məktubunda göstərilmişdir: “Araşdırma zamanı müəyyən olunmuşdur ki, həmin avtomobillərin iştirakı ilə baş vermiş yol nəqliyyat hadisəsi üzrə Cəmiyyətimizin heç bir öhdəliyi yaranmamışdır. Belə ki, qeyd olunan hadisədə istismar olunan hər iki avtonəqliyyat vasitəsinin Sizin mülkiyyətinizdə olduğu məlum olmuşdur. “İcbari Sığortalan Haqqında” Azərbaycan Respublikası Qanununun 52.1-ci maddəsinə əsasən avtonəqliyyat vasitəsinin Azərbaycan Respublikasının ərazisində istifadəsi nəticəsində zərərçəkən üçüncü şəxslərin sağlamlığına və (və ya) əmlakına dəymiş zərərin əvəzinin ödənilməsi üzrə mülki məsuliyyətin yaranması faktı sığorta hadisəsi hesab olunur. Müvafiq yolnəqliyyat hadisəsi üzrə həm zərərvuran, həm də zərərə məruz qalan avtonəqliyyat vasitəsinin mülkiyyətçisi eyni şəxs, yəni Siz olduğunuzdan baş vermiş hadisə üzrə üçüncü şəxs qismində çıxış etmirsiniz və müvafiq hal sığorta hadisəsi hesab edilmir”. Hesab edirlər ki, cavabdeh sığortaçı “xxxx” ASC-nin onlara sığorta hadisəsinə görə sığorta ödənişindən imtinası qanuni və əsaslı sayıla bilməz, cavabdehin istinad etdiyi maddi normanın təfsiri və tətbiqi aşağıda qeyd olunan qanunun tələblərinə görə hazırki iş üzrə yolverilməzdir. Hər iki minik avtomobilin mülkiyyətçisinin eyni şəxs olması, yol nəqliyyat hadisəsi zamanı zərərçəkənə sığorta ödənişindən imtina edilməsi üçün əsas ola bilməz. Sığorta qanunvericiliyində belə bir maddi norma mövcud deyildir. Onun, yəni İddiaçı1, etibarnamə üzrə sahibliyində olan avtomobilə 30 il müddətinə, mülkiyyətçi İddiaçı2 tərəfindən bütün hüquqlar, o cümlədən sərəncam hüququ da verilmişdir. Qeyd olunan avtomobilə dair bütün ödəmələr, o cümlədən, sığorta haqqı da onun tərəfindən ödənilir. Hazırki halda zərər onun qanuni istifadəsində olan avtomobilə dəydiyindən Sığorta qanunvericiliyinin tələbinə görə o, sığortalı hesab olunur. Sığortacı “xxxx” ASC yuxarıda qeyd olunan qanunun tələblərini pozaraq, qanunla müəyyən edilmiş qaydada və müddətdə onlara sığorta ödənişi etməli olduğu halda bunu etməmiş, sığorta hadisəsindən 33 gün keçdikdən sonra, sığorta ödənişindən rəsmi qaydada imtina etmişdir. Bu müddət ərzində onlara sığorta ödənişi edib-etməyəcəyi barədə, cavabdeh “xxxx” ASC məlumat vermədiyindən o, avtomobilin istifadəçisi İddiaçı1 öz vəsaiti hesabına ünvan 1 ünvanında yerləşən “xxxx” MMC-yə avtomobilin təmiri ilə əlaqədar müraciət etmişdir. “xxxx” MMC-nin xx.xx.2021-ci il tarixli, 09/202 nömrəli Qüsur aktından da görünür ki, qeyd olunan avtomobilin ehtiyyat hissələri və təmir xərcləri 720 manat təşkil etmişdir. Göründüyü kimi, sığortaçı “xxxx” ASC “İcbari Sığortalar Haqqında” Qanunun 18.2-ci maddəsi ilə müəyyən olunmuş müddətdə sığorta haqqı olan 720 manat pul vəsaitini onlara ödəməli olduğu halda ödəməmiş, eyni zamanda gecikdirilən hər gün üçün, yəni 23 gün üçün ödəməli olan 720 manat pul vəsaitinin 0,1 faiz məbləğində dəbbə pulunu da ödəməlidir. Beləliklə, baş vermiş sığorta hadisəsinə görə sığortaçı “xxxx” ASC tərəfindən onlara 720 manat +(720 manat x 0,1% : 100) x 23 gün = 720 manat + 0,72 manat x 23 gün = 720 manat + 16,56 = 736,56 manat dəymiş zərərə görə və eyni zamanda dövlət rüsumu kimi məhkəməyə ödədikləri 30 manat pul vəsaiti, cəmi 766,56 manat cavabdeh “xxxx” ASC-dən tutulub onlara ödənilməlidir. Göstərilənləri nəzərə alaraq iddiaçılar cavabdeh “xxxx” ASC-dən xx.xx.2021-ci il tarixdə Yevlax şəhəri, F.Kərimov küçəsində baş vermiş sığorta hadisəsinə görə 736,56 manat və 30 manat dövlət rüsumunun, cəmi 766,56 manat pul vəsaitinin tutulub, İddiaçı1 və İddiaçı2 ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişlər. Məhkəmə iclasında izahatı alınmış İddiaçı1 (eyni zamanda İddiaçı2 nümayəndəsi) iddia tələbini müdafiə edərək onun təmin edilməsini məhkəmədən xahiş etmişdir. İddiaçı həmçinin göstərmişdir ki, avtomaşın artıq təmir olunmuşdur, avtomaşının hər iki qapısı yenisi ilə əvəz edilmişdir və təmirə görə 720 manat məbləğində pul ödənilmişdir. ona görə də cavabdeh sığorta şirkətinin məhkəməyə təqdim etidyi ziyan məbləği ilə razı deyil. Orada yalnız bir qapının dəyişdirilməli olması qeyd edilmişdir. Məhkəmə iclasında izahatı alınmış cavabdehin nümayəndəsi Nümayəndə iddia tələbini qəbul etməyərək öz izahatında göstərmişdir ki, iddiaya qarşı yazılı etirazı məhkəməyə təqdim etmişdir. Orada iddianın əsassızlığına dair geniş şərh vermişlər. Qısaca olaraq onu bildirir ki, sığortaçı mülki məsuliyyətin icbari sığortası üzrə sığorta hadisəsinin baş verməsində təqsrin dərəcəsindən asılı olmayaraq üçüncü şəxsin əmlakına dəyən zərərin əvəzini ödəyir. Zərərin əvəzi faydalanan şəxsə ödənilir. Sığorta ödənişi verilməli olan şəxs faydalanan şəxs hesab olunur. Mülki məsuliyyətin sığortası üzrə isə üçüncü şəxs faydalanan şəxs hesab olunur. Qanunvericiliyin tələblərinə əsasən müvafiq icbari sığorta müqaviləsinin tərəfi olmayan sığortalının və ya sığorta olunanın hərəkəti və ya hərəkətsizliyi nəticəsində zərərçəkən şəxslər, o cümlədən avtonəqilyyat vasitəsindəki sərnişinlər üçüncü şəxs sayılırlar. Müvafiq yol-nəqilyyat hadisəsi üzrə isə həm zərər vuran, həm zərərə məruz qalan avtonəqilyyat vasitəsinin mülkiyyətçisi eyni şəxs, yəni İddiaçı2 olduğundan, eləcə də sonuncu İddiaçı1 ailə üzvü olduğundan, baş vermiş hadisə üzrə o üçüncü şəxs qismində çıxış etmir və bu səbəbdən bu hal sığorta hadisəsi hesab edilmir. Qanunvericiliyin normalarına əsasən zərərçəkmiş əmlakın sahibi, zərərvuran əmlakın sahibinə münasibətdə üçüncü şəxs olmalıdır ki, sığorta ödənişi ala bilsin. İddiaçı1 “avtonəqilyyat vasitəsinin sahiblərin mülki məsuliyyətinin icbari sığortası” üzrə sığorta şəhadətnaməsi üzrə sığortalıdır. Yəni icbari sığorta müqaviləsinin tərəfidir , həmçinin faydalanan şəxs İddiaçı2 onun ailə üzvüdür və o, üçüncü şəxs sayıla bilməz. Bu səbəbdən sığorta təşkilatı tərəfindən iddiaçıya sığorta ödənişindən imtina barədə yazılan cavab qanuni və əsaslı olmuşdur. Göstərilənləri nəzərə alaraq cavabdehin nümayəndəsi iddianın rədd edilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə iş materiallarını araşdırıb, tərəflərin izahatlarını dinləyib və iş üzrə toplanmış sübutlara hüquqi qiymət verərək hesab edir ki, iddia tələbi qismən təmin edilməlidir. İş üzrə AR DİN BDYPİ tərəfindən verilmiş xx.xx.2011-ci il tarixli AB seriyalı 680370 nömrəli nəqliyyat vasitəsinin qeydiyyat şəhadətnaməsinin kserosurətindən görünür ki, ** BD *** qeydiyyat nişanlı «Mercedes Benz-E320» minik markalı nəqliyyat vasitəsi İddiaçı2 adına qeydiyyata alınmışdır. İş üzrə portaldan çıxarışından görünür ki, “Mitsubishi Pajero” minik markalı, ** SO *** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsi İddiaçı2 mülkiyyətindədir. İş üzrə İddiaçı2 tərəfindən verilmiş xx.xx.2011-ci il tarixli etibarnamənin kserosurətinə əsasən İddiaçı2 məxsus «Mercedes Benz E320» minik markalı ** BD *** dövlət nömrə nişanlı avtomaşını idarə edilməsi, qeydiyyatdan çıxarması, qeydiyyata salması, bağışlaması, ipoteka qoyması, onun üzərində sərəncam verməsi və digər hərəkətləri etməsi İddiaçı1 30 il müddətinə, xx.xx.2041-ci il tarixədək etibar edilmişdir. İş üzrə «xxxx» ASC tərəfindən verilmiş xx.xx.2020-ci il tarixli icbari sığorta müqaviləsinə dair məlumatdan görünür ki, «Mercedes Benz E320» markalı ** BD *** dövlət qeydiyyat nişanlı avtomobil PSS********** saylı sığorta müqaviləsi üzrə xx.xx.2020-ci il tarixdən xx.xx.2021-ci il tarixədək – 12 ay müddətinə sığorta olunmuşdur. Sığortaçı qismində «xxxx» ASC, sığortalı kimi İddiaçı2 göstərilmişdir. İş üzrə «xxxx» ASC tərəfindən verilmiş xx.xx.2020-ci il tarixli icbari sığorta müqaviləsinə dair məlumatdan görünür ki, «Mitsubishi Pajero» markalı ** SO *** dövlət qeydiyyat nişanlı avtomobil PSS********** saylı sığorta müqaviləsi üzrə xx.xx.2020-ci il tarixdən xx.xx.2021-ci il tarixədək – 12 ay müddətinə sığorta olunmuşdur. Sığortaçı qismində «xxxx» ASC, sığortalı qismində X2 göstərilmişdir. İş üzrə “xxxx” MMC avtotexniki xidmət stansiyası tərəfindən tərtib edilmiş xx.xx.2021-ci il tarixli aktdan görünür ki, «Mercedes Benz E320» minik markalı **-BD-*** dövlət qeydiyyat nişanlı avtomobilinə baxış keçirilmiş və avtomobilin təmiri və ehtiyyat hissələrinin dəyişdirilməsi üçün cəmi 720 manat vəsait hesablanmışdır. İş üzrə “xxxx” ASC tərəfindən İddiaçı2, surəti İddiaçı1 ünvanlanmış xx.xx.2021-ci il tarixli məktubundan görünür ki, PSS********** saylı “Avtonəqliyyat vasitələri sahiblərinin mülki məsuliyyətinin sığortası şəhadətnaməsi”nə əsasən “xxxx” ASC-də sığortalanmış “Mitsubishi Pajero” markalı, ** CK *** dövlət qeydiyyat nişanlı avtomobillə AB seriyalı, 680370 saylı nəqliyyat vasitəsinin qeydiyyat şəhadətnaməsinə əsasən İddiaçı2 mülkiyyətində olan “Mercedes Benz E320” markalı, 99BD370 dövlət qeydiyyat nişanlı avtomobilin Yevlax şəhəri, F.Kərimov küçəsində toqquşaraq zədələnməsinə görə onlara sığorta ödənişinin verilməsi barədə müraciətləri araşdırılmışdır. Araşdırma müəyyən olunmuşdur ki, həmin avtomobillərin iştirakı ilə baş vermiş yolnəqliyyat hadisəsi üzrə “xxxx” ASC-nin heç bir öhdəliyi yaranmamışdır. Belə ki, qeyd olunan hadisədə istismar olunan hər iki avtonəqliyyat vasitəsinin İddiaçı2 mülkiyyətində olduğu məlum olmuşdur. “İcbari Sığortalar haqqında” Azərbaycan Respublikası Qanunun 52.1-ci maddəsinə əsasəq avtonəqliyyat vasitəsinin Azərbaycan Respublikasının ərazisində istifadəsi nəticəsində zərərçəkən üçüncü şəxslərin sağlamlığına və (və ya) əmlakına dəymiş zərərin əvəzinin ödənilməsi üzrə mülki məsuliyyətin yaranması faktı sığorta hadisəsi hesab olunur. Müvafiq yol-nəqliyyat hadisəsi üzrə həm zərərvuran, həm də zərərə məruz qalan avtonəqliyyat vasitəsinin mülkiyyətçisi eyni şəxs olduqlarından, baş vermiş hadisə üzrə üçüncü şəxs qismində çıxış etmirlər və müvafiq hal sığorta hadisəsi hesab edilmir. Qeyd olunanlara əsasən baş vermiş hadisə üzrə “xxxx” ASC-nin hər hansı öhdəliyi yaranmadığından, sözügedən yol-nəqliyyat hadisəsinə görə sığorta ödənişini həyata keçirmək mümkün deyildir. Məhkəmə verilmiş iddia tələbləri ilə bağlı aşağıdakıları qeyd edir. Məhkəmə ilk növbədə iddiaçıların vurulmuş ziyana görə pulun tutulması ilə bağlı tələblərinə hüquqi qiymət verməmişdən əvvəl baş vermiş yol-nəqilyyat hadisəsinin sığorta hadisəsi hesab edilib-edilməməsinə hüquqi qiymət verilməsini zəruri hesab edir. Məhkəmə iclasında müəyyən edilmişdir ki, İddiaçı2 mülkiyyətində olan və qanuni əsaslarla (etibarnamə əsasında) İddiaçı1 tərəfindən istismar olunan “Mersedes Benz E320” markalı ** BD *** dövlət nömrə nişanlı avtomaşın xx.xx.2020-ci il tarixdən 12 ay müddətində “xxxx” ASC-də sığortalanmışdır. İddiaçı2 mülkiyətində olan digər avtomaşın – “Mitsubishi Pajero” markalı ** SO *** dövlət nömrə nişanlı avtomaşın da xx.xx.2020-ci il tarixdən xx.xx.2021-ci il tarixədək – 12 ay müddətinə sığorta olunmuşdur. Məhkəmə iclasında həmçinin müəyyən edilmişdir ki, xx.xx.2021-ci il tarixdə (icbari sığorta müqaviləsi qüvvədə olduğu müddətdə) yuxarıda göstərilən iki avtomobilin iştirakı ilə yol-nəqilyyat hadisəsi baş vermiş və nəticədə “Mersedes Benz” markalı avtomaşına maddi ziyan dəymişdir. Həmin yol-nəqilyyat hadisəsində təqsirli şəxs “Mitsubishi Pajero” markalı ** SO *** dövlət nömrə nişanlı avtomaşının sürücüsü olmuşdur. Bu hal mübahisə predmeti deyil. Baş vermiş yol-nəqliyyat hadisəsi nəticəsində “Mersedes Benz E320” markalı ** BD *** dövlət nömrə nişanlı avtomaşının qanuni əsaslarla sahibi olan İddiaçı1 avtomaşına dəymiş ziyanla bağlı sığorta ödənişinin verilməsi üçün cavabdehə müraciət etmişdir. Lakin cavabdeh baş vermiş yolnəqilyyat hadisəsində iştirak edən hər iki nəqliyyat vasitəsinin mülkiyyətçisinin İddiaçı1 olmasını əsas tutaraq yol-nəqliyyat hadisəsinin sığorta hadisəsi hesab olunmadığını, İddiaçı1 üçüncü şəxs kimi çıxış etmədiyini bildirmiş və bu səbəbdən sığorta ödənişinin verilməsindən imtina etmişdir. İddiaçı tərəfidən irəli sürülmüş tələbdən görünür ki, sığorta şirkəti tərəfindən verilmiş imtina qanuni olmamışdır və bu səbbədən iddiaçılar avtomaşına vurulmuş ziyanın əvəzinin ödənilməsi kimi cavabdehdən iddiaçıların xeyrinə sığorta ödənişinin tutulmasını xahiş etmişlər. Məhkəmə ilk növbədə baş vermiş hadisənin sığorta hadisəsi hesab olunmaması ilə bağlı cavabdehin dəlillərinə hüquqi qiymət verilməsini zəruri hesab edir. İş materiallarında olan sənədlərlə müəyyən olunur ki, İddiaçı2 mülkiyyətində olan “Mersedes Benz E320” markalı ** BD *** dövlət nömrə nişanlı avtomaşın qanuni əsaslarla, yəni etibarnamə əsasında İddiaçı1 sahiblik edir və həmin avtomaşına yol-nəqliyyat hadisəsi nəticəsində maddi ziyan dəymişdir. Yol-nəqliyyat hadisəsini törədən “Mitsubishi Pajero” markalı ** SO *** dövlət nömrə nişanlı avtomaşın da İddiaçı2 mülkiyyətində olsa da, sığorta şəhadətnaməsinə əsasən həmin avtomaşın üzrə sığortalı kimi İddiaçı1dur. “İcbari sığortalar haqqında” AR Qanununun 6.4-cü maddəsinə əsasən Azərbaycan Respublikasının Mülki Məcəlləsinə, bu Qanuna və (və ya) sığorta müqaviləsinin şərtlərinə uyğun olaraq, sığorta ödənişi verilməli olan şəxs faydalanan şəxs hesab edilir. Fərdi qəza sığortası üzrə sığorta olunan, onun öldüyü halda ailə üzvləri, onlar olmadığı halda Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1159-cu maddəsində nəzərdə tutulmuş digər vərəsələr, mülki məsuliyyətin sığortası üzrə isə üçüncü şəxs, onun öldüyü halda ailə üzvləri (üçüncü şəxs hüquqi şəxs olduqda, onun hüquq varisi) faydalanan şəxs hesab edilir. Həmin Qanunun 6.6-cı maddəsinə əsasən fərdi qəza sığortası üzrə sağlamlığına zərər dəymiş sığorta olunan, mülki məsuliyyətin sığortası üzrə isə əmlakına və (və ya) sağlamlığına zərər dəymiş üçüncü şəxs zərərçəkən hesab edilir. Məhkəmə qeyd edir ki, “Mersedes Benz” markalı ** BD *** dövlət nömrə nişanlı avtomaşının mülkiyyətçisi İddiaçı2 olsa da, həmin avtomaşın yol-nəqilyyat hadisəsi törədilən zaman qanuni əsaslarla İddiaçı1 sahibliyində olmuşdur. Digər tərəfdən “Mitsubishi Pajero” markalı ** SO *** dövlət nömrə nişanlı avtomaşın da yol-nəqilyyat hadisəsi baş verən zaman İddiaçı2 mülkiyyətində olsa da, həmin vaxt Seymur Orucov adlı şəxs tərəfindən idarə olunmuşdur. Deməli “Mersedes Benz” markalı ** BD *** dövlət nömrə nişanlı avtomaşının sürücüsünün mülki hüquq pozuntusu ilə üzrə faydalanan şəxs onun ziyan vurduğu maşının mülkiyyətçisi və ya qanuni əsaslarla sahiblik edən şəxsi çıxış edir. Eyni vəziyyət “Mitsubishi Pajero” markalı ** SO *** dövlət nömrə nişanlı avtomaşına aiddir. Yəni həmin avtomaşının vurduğu ziyan üzrə zərərçəkmiş şəxs faydalanan şəxs hesab olunur. Belə olan halda yol-nəqliyyat hadisəsi üzrə ziyan “Mersedes Benz” markalı ** BD *** dövlət nömrə nişanlı avtomaşına vurulduğu üçün, həmin avtomaşına qanuni əsaslarla sahiblik edən şəxs faydalanan şəxs, yəni sığorta olunanın hərəkəti və ya hərəkətsizliyi nəticəsində zərər çəkən - 3-cü şəxs hesab olunur. Bu səbəbdən məhkəmə cavabdehin nümayəndəsinin bununla bağlı gətirdiyi dəlillərini əsaslı hesab etmir. Cavabdeh sığorta ödənişinin verilməsindən imitna məktubunda qeyd etmişdir ki, həm ziyan vuran, həm zərər çəkən avtomaşınların mülkiyyətçisi eyni adamdır. Məhkəmə qeyd edir ki, yol-nəqliyyat hadisəsi törədən avtomaşınların mülkiyyətçiləri eyni adam olsa da, yol-nəqliyyat hadisəsi zamanı zərər çəkən avtomaşın (Mersedes Benz) İddiaçı1 qanuni sahibliyində olmuşdur. Belə olan halda ziyan dəymiş avtomaşının və ziyan vurmuş avtomaşının mülkiyyət hüququ ilə bir şəxsə məxsus olması, sığorta ödənişinin verilməsindən imtina üçün əsas ola bilməz. Belə ki, “İcbari sığortalar haqqında” AR Qanununun 53.1-ci maddəsinə əsasən mülkiyyətində avtonəqliyyat vasitəsi olan, yaxud avtonəqliyyat vasitəsinə faktiki sahibliyi həyata keçirən, yəni onu icarə və ya digər əşya hüquqlarına dair müqavilə və ya etibarnamə əsasında idarə edən, yaxud digər qanuni əsaslarla istismar edən şəxslər bu Fəslin məqsədləri üçün avtonəqliyyat vasitəsinin sahibi hesab olunurlar. Həmin Qanunun 53.3-cü maddəsinə əsasən avtonəqliyyat vasitəsinin sahiblərinin mülki məsuliyyətini icbari sığorta etdirərək sığorta haqqı ödəyən və müvafiq icbari sığorta müqaviləsinin tərəfi olan şəxs sığortalı hesab edilir. Göstərilən Qanunun 53.4-cü maddəsinə əsasən icbari sığorta şəhadətnaməsinin kimin adına verilməsindən asılı olmayaraq, istifadəsi ilə bağlı sahibinin mülki məsuliyyəti bu Fəslə uyğun olaraq sığortalanmış avtonəqliyyat vasitəsini qanuni əsaslarla istifadə edən istənilən şəxs üçüncü şəxslər qarşısında mülki məsuliyyətinə görə əmlak mənafeyi sığortalanmış sığorta olunan hesab edilir. Məhkəmə qanunvericiliyin yuxarıda göstərilən tələblərinə əsasən qeyd edir ki, yol-nəqliyyat hadisəsi törətmiş “Mitsubihi Pajero” markalı avtomaşının ziyan vurduğu avtomaşının qanuni sahibi İddiaçı1 olduğu üçün, icbari sığorta müqaviləsi üzrə faydalanan şəxs o hesab edilir və bu səbəbdən sığorta ödənişi də məhz ona ödənilməlidir. “İcbari sığortalar haqqında” AR Qanununun 54-cü maddəsinə əsasən bu Qanunun 7-ci maddəsində müəyyən edilmiş istisna nəzərə alınmaqla, müvafiq icbari sığorta müqaviləsinin tərəfi olmayan, sığortalının və ya sığorta olunanın hərəkəti və ya hərəkətsizliyi nəticəsində zərər çəkən şəxslər, o cümlədən avtonəqliyyat vasitəsindəki sərnişinlər, onlar öldükləri halda, ailə üzvləri bu Fəslin məqsədləri üçün üçüncü şəxs sayılırlar. Həmin Qanunun 7-ci maddəsinə əsasən sığortalı və (və ya) sığorta olunanın ailə üzvləri istisna olmaqla, bu Qanuna görə mülki məsuliyyətin icbari sığortası üzrə sığorta müqaviləsinin tərəfi olmayan, sığorta olunanın hərəkəti və ya hərəkətsizliyi nəticəsində zərər çəkən, eyni zamanda sığorta ödənişi almaq hüququna malik olan fiziki şəxslər – fiziki şəxs öldüyü halda, onun ailə üzvləri – və ya hüquqi şəxslər, yaxud onların hüquq varisləri üçüncü şəxs sayılırlar. Beləliklə icbari sığorta haqqında qanunun tələblərinə əsasən məhkəmə qeyd edir ki, yolnəqliyyat hadisəsində iştirak edən nəqliyyat vasitələrinin mülkiyyətçisi eyni şəxs olsa da, zərər çəkən “Mersedes Benz” markalı nəqliyyat vasitəsi yol-nəqilyyat hadisəsi törədilən zaman qanuni əsaslarla mülkiyyətçi olmayan şəxsin sahibliyində olduğu üçün, baş vermiş hadisə sığorta hadisəsi hesab olunur. Belə olan halda sığorta şirkəti sığorta hadisəsi ilə bağlı “Mersedes Benz” markalı avtomaşına dəyən ziyana görə sığorta ödənişi ödəmək öhdəliyi daşıyır. Məhkəmə cavabdehin “İcbari sığortalar haqqında” AR Qanununun 7-ci maddəsinə əsasən zərərçəkmiş şəxsin ailə üzvlərinin sığorta hadisəsi zamanı faydalanan şəxs ola bilməməsi ilə bağlı dəlilləri üzrə qeyd edir ki, qanunun bu norması yol-nəqliyyat hadisəsi üzrə faydalanan şəxsin əvəzinə o halda ailə üzvlərinin sığota ödənişi tələb etmək hüququnu müəyyən edir ki, həmin faydalanan şəxs vəfat etmiş olsun. Hazırki hadisədə isə ailə üzvünün özü sığortalıdır və bu ona görə həmin Qanunun tələblərinin hazırki münasibətə tətbiq edilməsi əsassızdır. Bu səbəbdən baş vermiş yol-nəqilyyat hadisəsinin sığorta hadisəsi hesab olunmaması ilə bağlı cavabdehin imtinası əsassız hesab edilməli və xx.xx.2021-ci il tarixdə Yevlax şəhəri, F.Kərimov küçəsində «Mercedes Benz E320» markalı ** BD *** dövlət qeydiyyat nişanlı avtomobilin və “Mitsubishi Pajero” markalı ** SO *** dövlət nömrə nişanlı avtomaşının iştirakı ilə törədilmiş yolnəqliyyat hadisəsi sığorta hadisəsi hesab olunmalıdır. Məhkəmə sığorta hadisəsi nəticəsində avtomaşına dəyən ziyanla əlaqədar qeyd edir ki, iddiaçı tərəfindən təqdim olunan arayışda ziyan məbləği 720 manat, cavabdeh tərəfindən təqdim olunan ziyan məbləği 600 manat təşkil edir. Arayışlar arasındakı fərq yalnız bir qapının yenisi ilə əvəz edilib-edilməməsi ilə bağlıdır. Məhkəmə İddiaçı1 avtomaşının hər iki qapısının yenisi il əvəz edilməsini və avtomaşının artıq təmir olunmasını və təmirə görə 720 manat ödənişinin olmasını nəzərə alaraq hesab edir ki, sığorta təşkilatı tərəfindən ödənilməli olan sığorta ödənişi 720 manat təşkil etməlidir. Məhkəmə eyni zamanda gecikdirilmiş vaxt üçün faizlərin 16,56 manat pulun tutulması hissəsi üzrə qeyd edir ki, sığorta təşkilatı tərəfindən baş vermiş hadisə ümumiyyətlə sığorta hadisəsi hesab edilmədiyindən, bu hal ödənişin gecikdirilməsi kimi qiymətləndirilə bilməz. Bu səbəbdən həmin pulun tutulması ilə bağlı tələb təmin edilməməlidir. Məhkəmə iddia tələbinin sığorta ödənişinin hər iki iddiaçının xeyrinə tutulması ilə bağlı qeyd edir ki, tutulmalı olan sığorta ödənşi avtomaşının mülkiyyətçisinin xeyrinə deyil, avtomaşına qanuni əsaslarla sahiblik edən və sığorta müqaviləsi üzrə faydalanan şəxs hesab olunan İddiaçı1 xeyrinə tutulmalıdır. AR MPM-nin 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Məhkəmə həmçinin hesab edir ki, iddia tələbi vurulmuş ziyanın tutulması hissəsində təmin olunduğu üçün ödənilmiş dövlət rüsumu da cavabdehdən İddiaçı1 xeyrinə tutulmalıdır. Şərh olunanlara əsasən və AR MPM-nin 216-220-ci maddələrini rəhbər tutaraq, məhkəmə… QƏT ETDİ: İddia qismən təmin edilsin. xx.xx.2021-ci il tarixdə Yevlax şəhəri, F.Kərimov küçəsində «Mercedes Benz E320» markalı ** BD *** dövlət qeydiyyat nişanlı avtomobilin və “Mitsubishi Pajero” markalı ** SO *** dövlət nömrə nişanlı avtomaşının iştirakı ilə törədilmiş yol-nəqliyyat hadisəsi sığorta hadisəsi hesab olunsun. “xxxx” ASC-dən İddiaçı1 xeyrinə baş vermiş sığorta hadisəsi ilə əlaqədar sığorta ödənişinin əvəzi kimi 720 manat və ödənilmiş dövlət rüsumunun əvəzi kimi 30 manat, cəmi 750 (yeddi yüz əlli) manat məbləğində pul tutulsun. İddia tələbi qalan hissədə təmin edilməsin. Qətnamədən onun tərəflərə rəsmi qaydada təqdim edildiyi gündən 1 (bir) ay müddətinə Bakı Şəhəri Səbail Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, qəbul edildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim: Şahin Abdullayev
Məhkəmə qərarları › İş №2(009)-984/2021
Bakı Şəhəri Səbail Rayon Məhkəməsi Qətnamə — İş №2(009)-984/2021
16.04.2021 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Sığorta müqaviləsi üzrə mübahisələr - Sığorta ödənişinin ödənilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver