Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(009)-993/2023 19.05.2023 BAKI ŞƏHƏRİ SƏBAİL RAYON MƏHKƏMƏSİ Hakim Abdullayev Şahin Zülfüqar oğlunun sədrliyi Ağayeva Narqələm Bayram qızının katibliyi, İddiaçı, Cavabdeh iştirakları ilə İddiaçı Cavabdeh qarşı aliment tələbinə dair iddia ərizəsi üzrə mülki işə Səbail rayon məhkəməsi binasında açıq məhkəmə iclasında baxaraq… MÜƏYYƏN ETDİ: İddiaçı Cavabdeh qarşı aliment tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək göstərmişdir ki, Cavabdeh onun atasıdır. X1 ilə nikahları Bakı şəhəri Səbail rayon Məhkəməsinin 2(009)-1956/2022 saylı, xx.xx.2022-ci il tarixli qətnaməsi ilə pozulmuşdur. O, anası ilə birlikdə yaşayır. Anası heç bir yerdə işləmir. O, isə "xxxx" QSC-nin Milli Aviasiya Akademiyasının “İqtisadiyyat və Hüquq” fakultəsinin 050406 “Maliyyə” (əyani, ödənişli əsaslarla, Azərbaycan bölməsi) ixtisası üzrə 2341a qrupunda 2-ci kursda təhsil alır. İllik ödənişi 2000 manat təşkil edir. Təhsillə bağlı heç bir yerdə işləyə bilmir. Hesab edir ki, cavabdehdən təhsilini başa vurana kimi onun xeyrinə aliment tutula bilər. Göstərilənləri nəzərə alaraq iddiaçı Cavabdeh ali təhsilini başa vurana kimi 220 manat sabit pul məbləğində alimentin onun xeyrinə tutulması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Məhkəmə iclasında izahatı alınmış İddiaçı iddia tələbini tam müdafiə edərək onun təmin edilməsini məhkəmədən xahiş etmişdir. İddiaçı həmçinin göstərmişdir ki, atası nə ona, nə də qardaşına maddi yardım göstərir. O, həm təhsil haqqı ödəməli, həm də təhsillə bağlı yol xərci çəkməlidir. Buna maddi imkanı yoxdur. Məhkəmə iclasında izahatı alınmış Cavabdeh iddia tələbini qəbul etməyərək öz izahatında göstərmişdir ki, onun 3 övladı var, onlar artıq yetkinlik yaşına çatmışlar. O, iddiaçının birinci pullu təhsil aldığı kollecin təhsil haqqını ödəmişdir. Oğlu hazırda təhsil alır, imkanı yalnız ona kömək etməyə çatır. Maddi imkanı yoxdur, qızı dövlət tərəfindən müəyyən edilmiş qaydada kredit götürüb, təhsil haqqını ödəyə bilər. Məhkəmədən iddianın rədd edilməsini xahiş etmişdir. Məhkəmə tərəflərin izahatlarını dinləyib, iş materiallarını araşdırıb, iş üzrə toplanmış sübutlara hüquqi qiymət verərək hesab edir ki, iddia tələbi aşağıdakı əsaslara görə təmin edilməməlidir. İş üzrə Azərbaycan Respublikası vətəndaşının şəxsiyyət vəsiqəsinin surətindən görünür ki, İddiaçı xx.xx.2000-ci il tarixdə Bakı şəhərində anadan olmuşdur. İş üzrə Azərbaycan Respublikası "xxxx" QSC-nin Milli Aviasiya Akademiyası tərəfindən verilmiş xx.xx.2022-ci il tarixli, 744 nömrəli arayışından görünür ki, X3 "xxxx" QSC-nin Milli Aviasiya Akademiyasının “İqtisadiyyat və hüquq” fakültəsinin 050406 “Maliyyə” (əyani, ödənişli əsaslarla, Azərbaycan bölməsi) ixtisası üzrə 2341a qrupunda İİ kursda təhsil alır. İş üzrə Bakı 17 saylı Mediasiya Təşkilatı tərəfindən verilmiş mediasiya sessiyasında (İMS) iştirak edilməməsi barədə xx.xx.2023-cü il tarixli arayışından görünür ki, İddiaçı aliment tələbinə dair mübahisəsi üzrə xx.xx.2023-cü il tarixdə, saat 10.30-11.00-da keçirilməsi nəzərdə tutulan ilkin mediasiya sessiyasında Cavabdeh iştirak etməmişdir. Məhkəmə verilmiş iddia tələbi ilə bağlı aşağıdakıları qeyd edir. Məhkəmə iclasında müəyyən edilmişdir ki, İddiaçı Cavabdeh qızıdır, xx.xx.2000-ci il tarixdə Bakı şəhərində anadan olmuşdur və valideynləri arasında olan nikah xx.xx.2022-ci il tarixdə pozulmuşdur. İddiaçı tərəfindən irəli sürülmüş tələbdən görünür ki, o, artıq yetkinlik yaşına çatmış və halhazırda "xxxx" QSC-nin Milli Aviasiya Akademiyasının “İqtisadiyyat və Hüquq” fakultəsinin “Maliyyə” ixtisası üzrə 2-ci kurs tələbəsi olmaqla ödənişli təhsil alır. Təhsil haqqı 2500 manat təşkil edir. İddiaçı təhsil alması ilə əlaqədar işləmək imkanının olmamasını, anası ilə birlikdə yaşamasını və maddi yardıma ehtiyacı olmasını, təhsil haqqı ödəməsini əsas tutaraq ali təhsilini başa vurana kimi 220 manat sabit pul məbləğində alimentin cavabdehdən tutulmasını xahiş edir. AR Ailə Məcəlləsinin 56.1-ci maddəsinə əsasən valideynlər öz uşaqları barəsində bərabər hüquq və vəzifələrə malikdirlər. Həmin Məcəllənin 80.1-ci maddəsinə əsasən valideynlər əmək qabiliyyəti olmayan və maddi yardıma ehtiyacı olan yetkinlik yaşına çatmış övladlarını saxlamağa borcludurlar. Qeyd edilən Məcəllənin 81.1-ci maddəsinə əsasən alimentin tutulması barədə saziş olmadıqda və ya sazişdə müstəsna hallarla (ağır xəstə, əlilliyi müəyyən edilmiş uşaqlara, habelə əmək qabiliyyəti olmayan və maddi yardıma ehtiyacı olan yetkinlik yaşına çatmış övladlara göstərilən kənar xidmətin haqqının ödənilməsi ilə əlaqədar və digər hallarda) əlaqədar yaranmış xərclərin ödənilməsi qaydası müəyyən edilməmişsə, valideynlərdən hər biri məhkəmə tərəfindən əlavə xərclərin ödənilməsinə cəlb oluna bilər. Göstərilən Məcəllənin 81.2-ci maddəsinə əsasən valideynlərin əlavə xərclərə cəlb olunması qaydasını məhkəmə müəyyən edir. Bu xərclərin miqdarı məhkəmə tərəfindən valideynlərin və uşaqların ailə və maddi vəziyyəti, eləcə də tərəflərin diqqətəlayiq olan digər maraqları nəzərə alınmaqla, hər ay ödənilməli olan sabit pul məbləğində müəyyən olunur. Məhkəmə qeyd edir ki, iddiaçı yetkinlik yaşına çatsa və hazırda təhsil alması ilə əlaqədar maddi yardıma ehtiyacı olsa da, cavabdehdən iddiaçının təhsil alması ilə bağlı alimentin tutulması qanuni hesab edilə bilməz. Belə ki, Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun «Azərbaycan Respublikası Ailə Məcəlləsinin 80 və 81-ci maddələrinin bəzi müddəalarının şərh edilməsinə dair» 27 yanvar 2015-ci il tarixli qərarına əsasən:
1. Azərbaycan Respublikası Ailə Məcəlləsinin 80 və 81-ci maddələrinin «əmək qabiliyyəti olmayan» müddəası yetkinlik yaşına çatmış övladın bu və ya digər xəstəlik və ya ondan yaranan qüsurlar nəticəsində əlilliyə məruz qalaraq, peşəkar və ya ümumi əmək fəaliyyəti ilə məşğul olmaq qabiliyyətini, yaxud imkanını tamamilə və ya qismən itirməsi kimi başa düşülməlidir.
2. Azərbaycan Respublikası Ailə Məcəlləsinin 81.1-ci maddəsinin «və digər hallarda» müddəası əmək qabiliyyəti olmayan və maddi yardıma ehtiyacı olan yetkinlik yaşına çatmış övladlar üçün birbaşa göstərilən tibbi xidməti və ya müalicə ilə bu və ya digər şəkildə əlaqədar olan tibbi xidmətləri ehtiva edir.
3. Azərbaycan Respublikası Ailə Məcəlləsinin 81-ci maddəsinin «göstərilən kənar xidmət» müddəası birbaşa tibbi xidməti deyil, yetkinlik yaşına çatmış və maddi yardıma ehtiyacı olan övladlar üçün göstərilmiş və ya gələcəkdə göstərilməsi zəruri olan əlavə xidmətlərə görə xərcləri nəzərdə tutur. Konstitusiya Məhkəməsinin yuxarıda qeyd edilən şərhində göstərilmişdir ki, göründüyü kimi, valideyn uşağının orta təhsilinə qədərki dövrdə onun təhsil müəssisəsini və təhsilinin formasını seçə bilər. Orta təhsil başa çatdıqdan sonra isə təhsil müəssisəsini və təhsilin formasını uşaqlar özləri seçirlər. Yəni orta təhsil bitdikdən sonra uşağın təhsil müəssisəsini və təhsilin formasını seçməsinə valideynin müdaxiləsi qanunla nəzərdə tutulmamışdır. Bununla əlaqədar Konstitusiya Məhkəməsinin Plenumu qeyd edir ki, ümumi orta təhsildən fərqli olaraq əlavə və ya peşə təhsili, eləcə də ali təhsilin seçim xüsusiyyətinə malik olması, müsabiqə əsasında təşkil olunması və daha çox fərdin maddi vəziyyəti ilə bağlı olması baxımından, uşağın ümumi orta təhsili başa vurduqdan sonra əlavə və ya peşə təhsili, ali təhsil almasına, böyük xərc tələb edən müsabiqə və sair tədbirlərdə iştirakına görə valideynlərin əlavə xərclərdə iştirakı, onlardan bu məsələ ilə bağlı vəsait tələb olunması əsassızdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 13.7-ci maddəsinə əsasən Azərbaycan Respublikası Konstitusiyasının və qanunlarının şərhi məhkəmə üçün o halda məcburidir ki, bu şərh Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin qərarında verilmiş olsun. Məhkəmə, Kontistusiya Məhkəməsinin AR Ailə Məcəlləsinin 80 və 81-ci maddəsinin şərh edilməsinə dair qərarında formalaşan hüquqi mövqeyi nəzərə alaraq hesab edir ki, yetkinlik yaşına çatan övladın valideyndən ödənişli təhsil alması ilə əlaqədar aliment tələb etməsi əsaslı hesab edilmədiyindən və Konstitusiya Məhkəməsinin qeyd edilən şərhi hazırki mübahisəyə baxılarkən məhkəmə üçün məcburi olduğundan, iddia tələbi əsassızdır və təmin edilməməlidir. Şərh olunanlara əsasən və AR MPM-nin 216-220-ci maddələrini rəhbər tutaraq, məhkəmə… QƏT ETDİ:
İddiaçı Cavabdeh qarşı Cavabdeh ali təhsilini başa vurana kimi 220 manat sabit pul məbləğində alimentin onun xeyrinə tutulması barədə iddia tələbi əsassız olduğu üçün təmin edilməsin. Qətnamədən onun tərəflərə rəsmi qaydada təqdim edildiyi gündən 1 (bir) ay müddətinə Bakı Şəhəri Səbail Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, qəbul edildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Qeyd: apellyasiya şikayəti elektron sistem vasitəsi ilə verilmədikdə AR MPM-nin 363.1.5ci maddəsinə əsasən geri qaytarılacaqdır.
Hakim: Şahin Abdullayev