Məhkəmə qərarları › İş №2(010)-1031/2024

Bakı Şəhəri Suraxanı Rayon Məhkəməsi Qətnamə — İş №2(010)-1031/2024

11.03.2024 · Ailə münasibətləri üzrə mübahisələr - Alimentin təyin edilməsi tələbi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(010)-1031/2024 11.03.2024 BAKI ŞƏHƏRİ SURAXANI RAYON MƏHKƏMƏSİ Hakim Mahmudova Təranə Nəriman qızının sədrliyi, məhkəmə iclas katibi X6 qızının katibliyi, İddiaçı, Cavabdeh iştirakları ilə, İddiaçı Cavabdeh qarşı “aliment” tələbinə dair iddia ərizəsinə açıq məhkəmə iclasında baxaraq, məhkəmə aşağıdakı qərarı qəbul etdi. İş materialları

1. 4 saylı Bakı “ASAN xidmət” mərkəzi Qeydiyyat şöbəsi tərəfindən 01 mart 2015-ci il tarixdə verilmiş AZ-İİ seriyalı 028545 №-li nikah haqqında şəhadətnamədən görünür ki, Cavabdeh ilə İddiaçı arasında 01 mart 2015-ci ildə nikah bağlanmışdır. Bu barədə nikahın bağlanması haqqında akt qeydləri kitabında 01 mart 2015-ci il tarixdə 494 nömrə ilə qeyd edilmişdir.

2. 4 saylı Bakı “ASAN xidmət” mərkəzi Qeydiyyat şöbəsi tərəfindən 11 yanvar 2016cı il tarixdə verilmiş AZ-İİİ seriyalı 680455 №-li doğum haqqında şəhadətnamənin notarial qaydada təsdiq edilmiş surətindən görünür ki, X2 21 dekabr 2015-ci ildə doğulmuşdur. Bu barədə doğum haqqında akt qeydləri kitabında 11 yanvar 2016-cı il tarixdə 227 nömrə ilə qeyd edilmişdir. Ata qrafasında Cavabdeh, ana qrafasında İddiaçı qeyd olunmuşdur.

3. 4 saylı Bakı “ASAN xidmət” mərkəzi Qeydiyyat şöbəsi tərəfindən 10 iyul 2019-cu il tarixdə verilmiş AZ-İV seriyalı 307348 №-li doğum haqqında şəhadətnamənin notarial qaydada təsdiq edilmiş surətindən görünür ki, X3 02 iyul 2019-cu ildə doğulmuşdur. Bu barədə doğum haqqında akt qeydləri kitabında 10 iyul 2019-cu il tarixdə 3903 nömrə ilə qeyd edilmişdir. Ata qrafasında Cavabdeh, ana qrafasında İddiaçı qeyd olunmuşdur.

4. Bakı 11 saylı Mediasiya təşkilatının xx.xx.2023-cü il tarixli “mediasiya sessiyasında iştirak edilməməsi barədə arayış”ından görünür ki, Cavabdeh ilkin mediasiya sessiyasında iştirak etməmişdir.

5. "xxxx" Qapalı Səhmdar Cəmiyyəti tərəfindən xx.xx.2024-cü il tarixdə verilmiş arayışdan görünür ki, Cavabdeh xx.xx.2023-cü il tarixdən "xxxx" Qapalı Səhmdar Cəmiyyətində Baş ofisin Təchizat və Təsərrüfat departamentinin Təchizat şöbəsində sürücü vəzifəsində 750 manat əmək haqqı ilə çalışır.

İşin faktiki halları

6. İddiaçı ilə Cavabdeh arasında 01 mart 2015-ci il tarixdə nikahın bağlanması və tərəflərin birgə nikahlarından 21 dekabr 2015-ci il təvəllüdlü X2 və 02 iyul 2019-cu il təvəllüdlü X1 doğulması işin mübahisəsiz hallarıdır.

İddia tələbi

7. İddiaçı Cavabdeh qarşı "aliment" tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh xx.xx.2015-ci il təvəllüdlü X2 və xx.xx.2019-cu il təvəllüdlü X1 yetkinlik yaşına çatanadək saxlanılması üçün hər ay hər uşağa görə 250 manat məbləğində alimentin tutulmasına dair qətnamə qəbul edilməsini xahiş etmişdir.

Tərəflərin izahatları

8. Məhkəmə prosesində İddiaçı iddia tələbini müdafiə edərək və iddia ərizəsinə uyğun izahat verərək bildirdi ki, aralarında hələ boşanma olmayıb. Onlar 5 aydır ki, ayrı yaşayırlar və cavabdeh ailəsinə maddi yardım etmədiyi üçün müvəqqəti aliment tələbi ilə də məhkəməyə müraciət etmişdir. Qərardad qəbul edilməsinə baxmayaraq, hələ ödəniş edilməyib. Qızı kiçik əməliyyat keçirib, ardınca qızılca, sarılıq xəstəliklərini keçirmişdir və pula ehtiyacı var. Cavabdeh əlavə olaraq taksi fəaliyyəti ilə də məşğul olur. Buna görə də qeyd olunanların nəzərə alınaraq, iddianın təmin edilməsi barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etdi.

9. Cavabdeh məhkəmə iclasında verdiyi izahatında iddia tələbini qismən qəbul edərək bildirdi ki, əmək haqqından bank borcu olduğu üçün çıxılma olur və cəmi 150 manat maaş qalır. Maaşından avtomatik olaraq kredit borcuna çıxıldığı üçün alimenti ödəyə bilmir. O, uşaqlara qarşı laqeyd deyil, sadəcə pulu, imkanı yoxdur. 750 manat maaş alır və borclarını ödədikdən sonra 150 manat pulu qalır. Əvvəllər taksi fəaliyyəti ilə məşğul olsa da, hazırda krediti ödəyə bilmədiyi üçün maşını qaytarmaq qərarına gəlmişdir. Buna görə də qeyd olunanların nəzərə alınaraq əmək haqqının 1/3 hissəsində alimentin tutulması barədə qətnamə qəbul edilməsinə etiraz etmədiyini bildirdi.

Tətbiq edilən hüquq

10. Azərbaycan Respublikasının Konstitusiyası

Maddə 17. Ailə, uşaqlar və dövlət İ. Cəmiyyətin əsas özəyi kimi ailə dövlətin xüsusi himayəsindədir. İİ. Uşaqların qayğısına qalmaq və onları tərbiyə etmək valideynlərin borcudur. Bu borcun yerinə yetirilməsinə dövlət nəzarət edir. Maddə 34. Nikah hüququ İV. Ər ilə arvadın hüquqları bərabərdir. Uşaqlara qayğı göstərmək, onları tərbiyə etmək valideynlərin həm hüququ, həm də borcudur.

11. Azərbaycan Respublikasının Ailə Məcəlləsi

Maddə 75. Valideynlərin uşaqlarını saxlamaq vəzifəsi 75.1. Valideynlər uşaqlarını saxlamağa borcludurlar. 75.4. Valideynlər uşaqlarını saxlamadıqda uşaqların saxlanması üçün vəsait (aliment) valideynlərdən məhkəmə qaydasında tutulur. Maddə 78. Uşaqların saxlanılması üçün alimentin sabit pul məbləğində tutulması 78.1. Valideynlər arasında yetkinlik yaşına çatmayan uşaqlara aliment ödənilməsi barədə saziş yoxdursa, eləcə də aliment verməyə borclu olan valideynin qazancı (gəliri) qeyri-müntəzəm, dəyişən olarsa, ya da qazancın (gəlirin) hamısını və ya bir hissəsini həmin valideyn natura və ya xarici valyuta ilə alırsa, yaxud onun qazancı və ya sair gəliri yoxdursa, habelə alimentin valideynin qazancından (gəlirindən) müəyyən hissə kimi tutulması mümkün olmadığı, çətinlik törətdiyi və tərəflərdən birinin marağını əhəmiyyətli dərəcədə pozduğu başqa hallarda, uşaqların saxlanması üçün vəsait tutulmasını tələb edən şəxsin xahişi ilə alimentin miqdarı məhkəmə tərəfindən hər ay ödənilməli olan sabit pul məbləğində və ya eyni zamanda, həm sabit pul məbləğində, həm də bu Məcəllənin 76cı maddəsinə uyğun olaraq qazancın (gəlirin) müəyyən hissəsi kimi müəyyən edilə bilər. 78.2. Sabit pul məbləğinin miqdarı məhkəmə tərəfindən tərəflərin maddi və ailə vəziyyəti, diqqətəlayiq olan digər hallar nəzərə alınmaqla uşağın əvvəlki təminatının səviyyəsinin mümkün qədər maksimal saxlanması əsas tutularaq müəyyən edilir.

12. Uşaq Hüquqları haqqında Qanun

Maddə 5. Dövlət orqanları, bütün fiziki və hüquqi şəxslər öz fəaliyyətində uşaqların mənafelərini üstün tutmalı, onların hüquqlarının təmin olunmasına şərait yaratmalıdırlar. Həmin Qanunun 19-cu maddəsinin 1-ci bəndinə əsasən uşağın maddi və mənəvi tələbatlarının təmin edilməsi, hüquq və mənafelərinin mühafizəsi valideynlərin əsas vəzifələridir.

13. “Uşaq hüquqları haqqında” xx.xx.1959-cu il tarixli Bəyannamə

Maddə 6. Uşaq mümkün olduqda, valideynlərin himayəsində və onların məsuliyyəti altında və hər halda, məhəbbət və mənəvi-maddi təminat mühitində böyüməlidir. “Uşaq hüquqları haqqında” BMT-nin xx.xx.1989-cu il tarixli Konvensiyasının 18-ci maddəsinə əsasən uşağın tərbiyəsi və inkişafı üçün əsas məsuliyyəti valideynlər daşıyırlar.

14. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunu “Аzərbаycаn Respublikası Аilə Məcəlləsinin 76, 78 və 112-ci maddələrinin şərh edilməsinə dair” 27 iyul 2016-cı il tarixli qərarı

Aliment ödənilməsi barədə saziş olmadıqda məhkəmə Azərbaycan Respublikası Ailə Məcəlləsinin 76.2 və 78.2-ci maddələrinə, bu qərarda formalaşmış hüquqi mövqeyə uyğun olaraq, hər iki tərəfin maddi və ailə vəziyyəti və diqqətəlayiq digər hallarla yanaşı, uşağın əvvəlki təminatının səviyyəsinə də qiymət verməlidir. Həmin qərarın 1-ci bəndində göstərilən hallara qiymət verərkən məhkəmə həmçinin nəzərə almalıdır ki, “Uşaq hüquqları haqqında” Azərbaycan Respublikası Qanununun 13-cü maddəsinə uyğun olaraq, uşağın Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş minimum dolanacaq xərclərindən az olmayan maddi təminat almaq hüququ vardır. Daimi iş yeri (gəlir mənbəyi) olan şəxsdən qazancın (gəlirin) müəyyən hissəsi kimi alimentin tutulması tərəflərdən birinin mənafeyini əhəmiyyətli dərəcədə pozarsa (məsələn, xeyrinə aliment tutulan şəxsin əlil olması, əmək fəaliyyəti ilə məşğul olmasını istisna edən xəstəlikdən əziyyət çəkməsi, yaxud himayəsində belə şəxslərin olması və s.) məhkəmə alimenti sabit pul məbləğində müəyyən edə bilər. Bu zaman əmək haqqının aşağı olmasına baxmayaraq həmin şəxsin bu əmək haqqının həddini aşan daha çox vəsait xərcləməsi (məsələn, şəxsin hər ay banka kredit müqaviləsi üzrə əmək haqqından qat-qat yüksək həddə kredit borcunu ödəməsi, yaxud nikah pozulduqdan sonra aliment tələbi irəli sürülənədək uşağın saxlanılması üçün əmək haqqından yüksək miqdarda vəsait verməsi) və s. kimi hallar nəzərə alınır. Alimentin miqdarı müəyyən edilərkən aliment ödəməli şəxsin məhkəmə qətnaməsinə əsasən aliment ödədiyi digər uşaqlarının olması nəzərə alınmalıdır. Aliment ödəyən şəxsin məhkəmə qətnaməsi ilə aliment tutulmayan digər övladlarının olması, eləcə də onun digər əlavə xərclərə (kredit borcunun olması, kirayə haqqı ödəməsi və s.) məruz qalması alimentin azaldılması üçün mütləq əsas kimi qəbul edilməməlidir. Aliment tələbinə dair işlərə baxılarkən aliment ödəməli şəxsin başqa uşağa görə aliment ödədiyi müəyyən edilərsə, yeni məhkəmə qərarının həmin alimentin məbləğinin aşağı düşməsinə səbəb ola biləcəyi və bununla da onun maraqlarına toxunduğu nəzərə alınaraq xeyrinə aliment ödənilən şəxs işdə iştirak etməyə cəlb olunmalıdır.

15. “Nikahın pozulması, boşanmadan sonra yetkinlik yaşına çatmayan uşaqların valideynlərdən hansının yanında qalması və uşaqlar üçün valideynlərdən aliment tutulması tələbinə dair işlərə baxılarkən qanunvericiliyin məhkəmələr tərəfindən tətbiqi təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 28 mart 2016-cı il tarixli, 8-2/2016 saylı qərarı

8.2. Uşağın Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş minimum dolanacaq xərclərindən az olmayan maddi təminat almaq hüququ vardır (“Uşaq hüquqları haqqında” Azərbaycan Respublikası Qanununun 13-cü maddəsi). Nikahın pozulması ilə əlaqədar uşağın valideynlərdən birinin himayəsinə verilməsi, uşağa qulluq, onun sağlamlıq, təhsil, inkişaf, məişət qayğılarının çəkilməsinin uşağın himayəsində olduğu valideynin üzərinə düşməsi, qanunvericiliklə müəyyən edilmiş minimum dolanacaq xərclərindən az olmayan maddi təminatın aliment kimi digər valideyndən tutulmasına əsas verir. Aliment ödəyən əmək qabiliyyətli valideynin rəsmi olaraq heç bir yerdə işləməməsi və qazanca malik olmaması onu uşağı saxlamaq, qanunvericiliklə müəyyən olunmuş minimum dolanacaq xərclərindən az olmayan maddi təminatı ödəmək vəzifəsindən azad etmir.

16. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsi

Maddə 234. Qətnamənin icra edilməsi. 234.2.1. Şəxsin saxlanılması üçün vəsaitlərin, o cümlədən alimentlərin alınması haqqında qətnamələr dərhal icra olunur.

Məhkəmənin mövqeyi

17. Məhkəmə tərəflərin izahatını dinləyib, iş materiallarını araşdırıb, təqdim edilmiş sübutları tədqiq edərək hesab edir ki, aşağıdakılara əsasən iddia tələbi qismən təmin edilməlidir.

18. Məhkəmə iclasında müəyyən olundu ki, İddiaçı ilə Cavabdeh arasında 01 mart 2015-ci il tarixdə nikah bağlanış və tərəflərin birgə nikahlarından 21 dekabr 2015-ci il təvəllüdlü X2 və 02 iyul 2019-cu il təvəllüdlü X3 doğulmuşdur. Hazırki vəziyyətdə tərəflər faktiki olaraq ayrı yaşadıqlarına və cavabdeh övladlarına baxmadığına görə iddiaçı ilkin aliment tələbi ilə məhkəməyə müraciət etmək məcburiyyətində qalmışdır.

19. Cavabdeh tərəfindən təqdim edilmiş arayışdan görünür ki, o, xx.xx.2023-cü il tarixdən "xxxx" Qapalı Səhmdar Cəmiyyətində Baş ofisin Təchizat və Təsərrüfat departamentinin Təchizat şöbəsində sürücü vəzifəsində 750 manat əmək haqqı ilə çalışır. Cavabdeh 750 manat əmək haqqı aldığını, kredit borcunun olduğunu və krediti ödədikdən sonra 150 manat pulu qaldığını və buna görə də əmək haqqı məbləğinin 1/3 hissəsində aliment tutulmasına razı olduğunu bildirsə də, məhkəmə hesab edir ki, aliment ödəyən əmək qabiliyyətli valideynin rəsmi olaraq az qazanca malik olması və ya kredit borcunun olması onu uşağı saxlamaq, qanunvericiliklə müəyyən olunmuş minimum dolanacaq xərclərindən az olmayan maddi təminatı ödəmək vəzifəsindən azad etmir və alimentin az məbləğdə təyin edilməsi üçün əsas ola bilməz. Belə ki, cavabdeh əvvəl etiraf etməsə də, sonradan məhkəmə iclasında verdiyi izahatında taksidə əlavə olaraq gündəlik 15-20 manat qazandığını, həmin pulu maşına və digər borclarına xərclədiyini bildirmişdir.

20. Məhkəmə alimentin cavabdehin əmək haqqı məbləğinin 1/3 hissəsində tutulması ilə bağlı tələbi ilə razılaşmayaraq qeyd edir ki, daimi iş yeri (gəlir mənbəyi) olan şəxsdən qazancın (gəlirin) müəyyən hissəsi kimi alimentin tutulması iddiaçının və onun yanında qalan uşaqların mənafeyini əhəmiyyətli dərəcədə pozduğu, həmçinin alimentin cavabdehin qazancından (gəlirindən) müəyyən hissə kimi tutulması çətinlik törətdiyi üçün aliment sabit pul məbləğində müəyyən edilməlidir. Tutulacaq sabit pul məbləğinin miqdarına münasibətdə məhkəmə hesab edir ki, cavabdehdən hər ay hər uşaq üçün 235 manat olmaqla, cəmi 470 manat sabit pul məbləğində alimentin tutulması ağlabatan məbləğ kimi qəbul edilə bilər. Belə ki, "AZEMİS" Elektron Məhkəmə İnformasiya Sistemindən çıxarılmış cavabdehin kredit məlumatlarından görünür ki, cavabdeh xx.xx.2021-ci il tarixdə "xxxx" ASC-dən 3959,31 manat kredit götürmüş və müqavilə xx.xx.2027-ci il tarixədək qüvvədədir. Bundan əlavə, cavabdehin özünün də məhkəmə iclasında verdiyi izahatdan görünür ki, o, kredit ödədiyini və maaşından yalnız 150 manat qaldığını etiraf etmişdir. Göründüyü kimi alimentin sabit pul məbləğində müəyyən edilməsi daha məqsədəuyğundur.

21. Məhkəmə Azərbaycan Respublikası Ailə Məcəlləsinin 100.2-ci maddəsinə əsaslanmaqla həmçinin hesab edir ki, aliment iddiaçının məhkəməyə müraciət etdiyi 16 yanvar 2024-cü il tarixdən etibarən tutulmalıdır.

Məhkəmə xərcləri

22. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 107-ci maddəsinə əsasən, məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir. Həmin Məcəllənin 119.1-ci maddəsinə görə, məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir.

23. “Dövlət rüsumu” haqqında Azərbaycan Respublikası Qanununun 9.1.2-ci maddəsinə əsasən, aliment alınması barədə iddialar üzrə iddiaçılar dövlət rüsumu ödəməkdən azad olunurlar. Həmin Qanunun 9.4-cü maddəsinə görə isə, iddiaçı müəyyən olunmuş qaydada dövlət rüsumu ödəməkdən azad edilmişsə, dövlət rüsumu iddianın təmin edilmiş hissəsinə münasib olaraq cavabdehdən tutularaq dövlət büdcəsinə köçürülməlidir.

24. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 112.1.3-cü maddəsinə əsasən, aliment alınması haqqındakı iddialarda – bir il ərzində ödəmənin məcmusu ilə iddianın qiyməti müəyyən edilir.

25. “Dövlət rüsumu haqqında” Azərbaycan Respublikası Qanununun 8.1.2-ci maddəsinə əsasən, iddia qiyməti 1.000 manatdan 10.000 manatadək olduqda 30 manat + 1.000 manatdan yuxarı olan iddia qiymətinin 1 faizi məbləğində dövlət rüsumu tutulur.

26. Hazırki iddia üzrə bir il ərzində olan aliment ödənişinin məcmusu 470x12=5640 manat təşkil etdiyinindən, ödənilməli olan dövlət rüsumu məbləği 76,40 manat təşkil edir.

27. Odur ki, mediasiya orqanına iddiaçı tərəfindən ödənilmiş 50 manat məbləğində pul Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 119.1-ci maddəsinə əsasən cavabdehdən iddiaçının xeyrinə tutulmalı, iddiaçı dövlət rüsumu ödəməkdən azad edildiyi üçün cavabdehdən 26,40 manat məbləğində dövlət rüsumu tutulmaqla Azərbaycan Respublikasının Dövlət Büdcəsinə ödənilməlidir.

Məhkəmənin gəldiyi nəticə

28. Beləliklə, məhkəmə iş materiallarını araşdırıb, sübutlara məcmu halda, tam, hərtərəfli və obyektiv hüquqi qiymət verərək hesab edir ki, iddia tələbi qismən təmin edilməli, Cavabdeh 21 dekabr 2015-ci il təvəllüdlü X2 və 02 iyul 2019-cu il təvəllüdlü X1 yetkinlik yaşına çatanadək saxlanılması üçün hər ay hər uşaq üçün 235 manat olmaqla, cəmi 470 manat sabit pul məbləğində aliment tutularaq İddiaçı ödənilməli, iddia qalan hissədə rədd edilməlidir.

29. Yuxarıda qeyd olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220-ci maddələrini rəhbər tutaraq, məhkəmə

qət etdi :

İddia qismən təmin edilsin. Cavabdeh 21 dekabr 2015-ci il təvəllüdlü X2 və 02 iyul 2019-cu il təvəllüdlü X1 yetkinlik yaşına çatanadək saxlanılması üçün hər ay hər uşaq üçün 235 manat olmaqla, cəmi 470 (dörd yüz yetmiş) manat sabit pul məbləğində aliment tutularaq İddiaçı ödənilsin. İddia qalan hissədə rədd edilsin. Alimentin tutulması müddəti 16 yanvar 2024-cü il tarixdən müəyyən edilsin. Qətnamə aliment hissəsində dərhal icra olunsun. Mediasiya orqanına iddiaçı tərəfindən ödənilmiş 50 (əlli) manat məbləğində pul Cavabdeh İddiaçı xeyrinə tutulsun. Cavabdeh 26,40 (iyirmi altı manat qırx qəpik) manat məbləğində dövlət rüsumu tutularaq Dövlət Büdcəsinə ödənilsin. Qətnamədən, məhkəmə qətnaməsi işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinetlə Bakı şəhəri Suraxanı Rayon Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilməmişdirsə, işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar