Məhkəmə qərarları › İş №2(010)-1097/2023

Bakı Şəhəri Suraxanı Rayon Məhkəməsi Qətnamə — İş №2(010)-1097/2023

10.04.2023 · Ailə münasibətləri üzrə mübahisələr - Alimentin təyin edilməsi tələbi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(010)-1097/2023 10.04.2023 BAKI ŞƏHƏRİ SURAXANI RAYON MƏHKƏMƏSİ Bakı şəhər Suraxanı rayon məhkəməsinin hakimi Mirzəyeva Firuzə Fuad qızının sədrliyi, Quliyeva Leyla Məmməd qızının katibliyi, İddiaçı, Cavabdeh iştirakı ilə, İddiaçı Cavabdeh qarşı “əlavə xərclərin ödənilməsi” tələbinə dаir mülki işə аçıq məhkəmə iclаsındа bаxаrаq, məhkəmə MÜƏYYƏN ETDİ: İddia tələbi. İddiaçı Cavabdeh qarşı “əlavə xərclərin ödənilməsi” tələbinə dаir iddia ərizəsi ilə Bakı şəhəri Suraxanı Rayon Məhkəməsinə müraciət edərək, məhkəmədən təhsil alması ilə bağlı gündəlik xərclərinin (qida, nəqliyyatdan istifadə ilə bağlı gediş haqqları və s) təmin edilməsi məqsədilə hər ay 120 (yüz iyirmi) manat məbləğində pulun cavabdehdən alınaraq ona verilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddia tələbinə etiraz. Cavabdeh iddia ərizəsinə etiraz verərək İddiaçı təhsil alması ilə bağlı gündəlik xərclərin təmin edilməsi məqsədi ilə 120 (bir yüz iyirmi) manat məbləğində pulun ondan tutularaq iddiaçıya verilməsi barədə iddia ərizəsinin təmin edilməməsini xahiş etmişdir. İddia tələbinin əsaslandırıldığı hallar. İddiaçı iddia tələbini onunla əsaslandırmışdır ki, cavabdeh olan atası ilə anası X5 2003-cü ildə faktiki nikaha daxil olmaqla evlənmişlər. Nikahlarından xx.xx.2004-cü ildə o, dünyaya gəlmişdir. Atası ilə anası arasında münasibətlər korlanmışdır. Atası onun maddi vəziyyəti ilə maraqlanmamış və anası aliment tələbi ilə bağlı Suraxanı Rayon Məhkəməsinə müraciət etmişdir. Suraxanı Rayon Məhkəməsinin qətnaməsi ilə onun saxlanması üçün 120 manat alimentin tutuması müəyyən edilmişdir. Hal-hazıra o, yetkinlik yaşına çatmış və alimentin ödənilməsi dayandırılmışdır. 2022-ci ildə Azərbaycan Respublikası 2 nömrəli Bakı Tibb Kollecinə "tibb bacısı” şöbəsinə daxil olmuş və orada əyani formada, dövlət hesabına təhsil alır. Hal-hazırda əyani şöbədə 1-ci kursda təhsil aldığından heç bir yerdə işləmir. Çünki təhsil qrafiki buna heç cür imkan vermir. Hazırki təhsili, gündəlik xərcləri müəyyən qədər pul tələb edir. Gündəlik xərclər (gedişhaqqı, qida və s) ən azından 5 manat təşkil edir. O, gündəlik avtobusa, metroya, gündəlik qidaya ödənilən pulun qəbzlərini məhkəməyə təqdim edə bilməsə də aydındır ki, bütün bu xidmətlər ödənişlidir və gündəlik xərclər minimum 5 manat xərçlənir. O, isə həmin pulu ödəyə bilmir. Yeganə kömək edən şəxs anasıdır ki, o da səhhətində olan problemdən dolayı işləmir. Belə ki, anası 2015-ci ildə cərrahiyyə əməliyyatı keçirmiş və səhhətində olan problem onun fiziki güc tələb edən işlərdə işləməsinə imkan vermir. Hesab edir ki, qeyd etdiyi səbəblər nəzərə alınaraq cavabdeh olan atası əlavə xərclərin ödənilməsinə cəlb edilməlidir. Tərəflərin izahatları. Məhkəmə iclasında İddiaçı iddianı müdafiə edərək bildirdi ki, anası və nənəsi ilə birlikdə yaşayır, Azərbaycan Respublikası Səhiyyə Nazirliyi 2 nömrəli Bakı Baza Tibb Kollecindı təhsil alır və ayda 66 manat təqaüd alır, anası səhhətində olan problemdən dolayı işləmir o, isə gündəlik xərclərini ödəyə bilmir. Bu səbəbdən də təhsil alması ilə bağlı gündəlik xərclərinin (qida, nəqliyyatdan istifadə ilə bağlı gediş haqqları və s) təmin edilməsi məqsədilə hər ay 120 (yüz iyirmi) manat məbləğində pulun cavabdehdən alınaraq ona verilməsi barədə qətnamə çıxarılmasını xahiş edir. Məhkəmə iclasında Cavabdeh iddiaya etiraz edərək bildirdi ki, iddiaçı xx xxxx 2004cü il təvəllüdlü İddiaçı 2022-ci ilin iyul ayının 29-da 18 yaşı tamam olduğundan o, artıq yetkinlik yaşma çatmış hesab edilir. Eyni zamanda İddiaçı 2 nömrəli Bakı Baza Tibb Kollecində dövlət hesabına təhsil alır və təhsil müəssisəsindən təqaüd alır. Həmçinin, İddiaçı məhkəmənin müvafiq qətnaməsi ilə əmək qabiliyyəti olmayan şəxs kimi tanınması barədə iddia ərizəsinə hər hansı sənəd əlavə etməmişdir ki, bu da onun əmək qabiliyyətli olmasını və digər yetkinlik yaşına çatmış şəxslər kimi təhsil saatlarından sonra əmək fəaliyyəti ilə məşğul olmasına məhdudiyyət qoymadığını təsdiq edir. Hazırda ölkədə gənc könüllülər proqramı üzrə gənclərin erkən yaşlardan əməyə alışdırılması üzrə aparılan islahatlara qoşulması həm İddiaçı gələcəyi üçün faydalı olmaqla yanaşı, onun özünü və iddia ərizəsində qeyd etdiyi kimi onu böyüdən və səhhəti ilə əlaqədar işləmək qabiliyyəti olmayan anası X1 kömək etmiş olar. Həmçinin İddiaçı saxlanılması üçün yetkinlik yaşma çatanadək tərəfimdən məhkəmənin müəyyən etdiyi aliment ödənilmişdir. Bununla yanaşı qeyd edir ki, o, 2015-ci ildən rəsmi nikahdadır və həmin nikahdan xx.xx.2016-ci il təvəllüdlü qızı X9 və xx.xx.2021-ci il təvəllüdlü X10, 2 azyaşlı övladları ilə yanaşı arvadı X7 himayəsindədir. O, hazırda "xxxx" MMC-də sürücü vəzifəsində işləyir və əmək haqqının məbləği 460 manatdır, bu da ailənin bazar zənbilini ancaq təmin edir və onun əlavə kimisə himayəsinə götürmək imkanı məhduddur. Odur ki, məhkəmədən iddianın rədd edilməsini xahiş edir. İş materialları. Azərbaycan Respublikası Ağstafa Rayon Qeydiyyat Şöbəsi tərəfindən 12 yanvar 2013-cü il tarixdə verilmiş, AZ-İ seriyalı, 173476 nömrəli atalığın müəyyən edilməsi haqqında şəhadətnamənin surətindən görünür ki, Cavabdeh xx xxxx 2004-cü ildə X2 doğulmuş İddiaçı atası hesab edilmiş, bu barədə atalığın müəyyən edilməsi haqqında akt qeydləri kitabında 12 yanvar 2012-ci il tarixdə 02 nömrə ilə qeyd edilmişdir. Azərbaycan Respublikası Ağstafa Rayon Qeydiyyat Şöbəsi tərəfindən 12 yanvar 2013-cü il tarixdə verilmiş, AZ-İİ seriyalı, 978259 nömrəli doğum haqqında şəhadətnamənin surətindən görünür ki, İddiaçı (atası Cavabdeh, anası X5) xx xxxx 2004cü il tarixdə Ağstafa rayonunda doğulmuş, bu barədə doğum haqqında akt qeydləri kitabında xx.xx.2005-ci il tarixdə 304 nömrə ilə qeyd edilmişdir. Azərbaycan Respublikası Səhiyyə Nazirliyi 2 nömrəli Bakı Baza Tibb Kolleci tərəfindən 1573 saylı 14 dekabr 2022-ci il tarixdə verilmiş arayışa əsasən İddiaçı həmin kollecin Tibb bacısı (qardaşı) işi Şöbəsində əyani təhsil üzrə İ kürs tələbəsidir. Cavabdeh tərəfindən məhkəməyə təqdim olunmuş Azərbaycan Respublikası Rəqəmsal inkişaf və Nəqliyyat Nazirliyi "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyəti X14 tərəfindən 14 fevral 2023-cü il tarixdə verilmiş arayışdan görünür ki, Cavabdeh X11 İnzibati şöbəsində sürücü vəzifəsində işləyir və aylıq 460 manat əmək haqqı alır. 2 saylı Bakı Asan Xidmət X6 tərəfindən 27 fevral 2015-cı il tarixdə verilmiş, AZ-İİ seriyalı, 028959 nömrəli nikah haqqında şəhadətnamənin surətindən görünür ki, Cavabdeh və X7 arasında 27 fevral 2015-cı il tarixdə nikah bağlanmış, bu barədə nikahın başlanması haqqında akt qeydləri kitabında xx.xx.2015-cı il tarixdə 474 nömrə ilə qeyd edilmişdir. 2 saylı Bakı Asan Xidmət X6 tərəfindən 04 sentyabr 2016-cı il tarixdə verilmiş, AZ-İİİ seriyalı, ******* nömrəli doğum haqqında şəhadətnamənin surətindən görünür ki, X9 (atası Cavabdeh, anası X7) 09 avqust 2016-cı il tarixdə Bakı şəhərində doğulmuş, bu barədə doğum haqqında akt qeydləri kitabında xx.xx.2016-cı il tarixdə 5141 nömrə ilə qeyd edilmişdir. 2 saylı Bakı Asan Xidmət X6 tərəfindən 15 iyul 2021-cı il tarixdə verilmiş, AZ-İV seriyalı, 605367 nömrəli doğum haqqında şəhadətnamənin surətindən görünür ki, X10 (atası Cavabdeh, anası X7) 04 iyun 2021-cı il tarixdə Bakı şəhərində doğulmuş, bu barədə doğum haqqında akt qeydləri kitabında xx.xx.2021-cı il tarixdə 3084 nömrə ilə qeyd edilmişdir. Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi dayanıqlı və Operativ Sosial Təminat Agentliyi 3 saylı Bakı DOST Mərkəzi tərəfindən 15 fevral 2023-cü il tarixdə verilmiş arayışdan görünür ki, Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin Mərkəzləşdirilmiş elektron informasiya sisteminin “Əmək və Məşğulluq” altsisteminə əsasən X4 əmək müqaviləsi aşkar edilməmişdir. Tətbiq edilən hüquq. Azərbaycan Respublikasının Konstitusiyasının 17-ci maddəsinin (ailə, uşaqlar və dövlət) İİ-ci bəndi: Uşaqların qayğısına qalmaq və onları tərbiyə etmək valideynlərin borcudur. Bu borcun yerinə yetirilməsinə dövlət nəzarət edir. Azərbaycan Respublikasının Ailə Məcəlləsinin müvafiq maddələri: Maddə 75. Valideynlərin uşaqlarını saxlamaq vəzifəsi 75.1. Valideynlər uşaqlarını saxlamağa borcludurlar 75.4. Valideynlər uşaqlarını saxlamadıqda uşaqların saxlanması üçün vəsait (aliment) valideynlərdən məhkəmə qaydasında tutulur. Maddə 80. Əmək qabiliyyəti olmayan yetkinlik yaşına çatmış övladların aliment almaq hüququ 80.1. Valideynlər əmək qabiliyyəti olmayan və maddi yardıma ehtiyacı olan yetkinlik yaşına çatmış övladlarını saxlamağa borcludurlar. 80.2. Aliment ödənilməsi barədə saziş olmadıqda, əmək qabiliyyəti olmayan yetkinlik yaşına çatmış övladların saxlanması üçün alimentin miqdarı, tərəflərin ailə və maddi vəziyyəti, diqqətəlayiq olan digər maraqları nəzərə alınmaqla məhkəmə tərəfindən hər ay ödənilməli olan sabit pul məbləğində müəyyən edilir. Maddə 81. Valideynlərin uşaqlara görə əlavə xərclərdə iştirakı 81.1. Alimentin tutulması barədə saziş olmadıqda və ya sazişdə müstəsna hallarla (ağır xəstə, əlilliyi müəyyən edilmiş uşaqlara, habelə əmək qabiliyyəti olmayan və maddi yardıma ehtiyacı olan yetkinlik yaşına çatmış övladlara göstərilən kənar xidmətin haqqının ödənilməsi ilə əlaqədar və digər hallarda) əlaqədar yaranmış xərclərin ödənilməsi qaydası müəyyən edilməmişsə, valideynlərdən hər biri məhkəmə tərəfindən əlavə xərclərin ödənilməsinə cəlb oluna bilər. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin müvafiq maddələri: Maddə 119. Məhkəmə xərclərinin tərəflər arasında bölüşdürülməsi 119.1. Məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. 119.2. İddiaçı müəyyən olunmuş qaydada dövlət rüsumunu ödəməkdən azad edilmişsə, dövlət rüsumu iddianın təmin edilmiş hissəsinə mütənasib olaraq cavabdehdən tutularaq dövlət gəlirlərinə alınır. Maddə 124. İşə baxılarkən məhkəmənin çəkdiyi xərclərin ödənilməsi ...124.2. İddia rədd edildikdə işə baxılması ilə əlaqədar məhkəmənin çəkdiyi xərclər dövlət mədaxilinə məhkəmə xərclərindən azad edilməyən iddiaçıdan alınır. “Uşaq hüquqları haqqında” Azərbaycan Respublikasının 1998-ci il 19 may tarixli Qanunun. Maddə 1. Qanunun təsir dairəsi Uşaqların bu Qanunda nəzərdə tutulmuş hüquqları və vəzifələri 18 yaşına (yetkinlik yaşına) çatmayan və tam fəaliyyət qabiliyyəti əldə etməyən hər bir şəxsə aid edilir. “Dövlət rüsumu haqqında” Azərbaycan Respublikası Qanunun 9-cu maddəsinə görə: 9.1.2 Aliment alınması barədə iddialar üzrə iddiaçılar dövlət rüsumu ödəməkdən azad olunurlar. İddiaçı müəyyən olunmuş qaydada dövlət rüsumunu ödəməkdən azad edilmişsə, dövtət rüsümu iddianın təmin edilmiş hissəsinə münasib olaraq cavabdehdən tutularaq dövlət büdcəsinə köçürülür (m .9.4). “Аzərbаycаn Respublikası Аilə Məcəlləsinin 80 və 81-ci maddələrinin bəzi müddəalarının şərh edilməsinə dair” Azərbaycan Respublikasi Konstitusiya Məhkəməsi Plenumunun xx.xx.2015-cı il tarixli Qərarından çıxarış: “...yetkinlik yaşına çatmış övladın təkcə əmək qabiliyyətinin olmaması valideyndən aliment almaq hüququ üçün əsas deyil. Eyni zamanda, onun maddi yardıma ehtiyacı olması da tələb olunur. Yaxud əksinə, övlad əmək qabiliyyətlidirsə, onun maddi yardıma ehtiyacının olması valideynlərdən aliment tələb etməyə əsas vermir. Beləliklə, yetkinlik yaşına çatmış övladın əmək qabiliyyətinin olmaması və onun maddi yardıma ehtiyacının olması kimi hər iki halın birlikdə mövcud olması faktı məhkəmələr tərəfindən müəyyən edildikdə, valideynlərdən aliment tutula bilər. Əmək qabiliyyəti olmama dedikdə, şəxsin bu və ya digər xəstəlik və ya ondan yaranan qüsurlar nəticəsində əlilliyə məruz qalaraq, peşəkar və ya ümumi əmək fəaliyyəti ilə məşğul olmaq qabiliyyətini, yaxud imkanını tamamilə və ya qismən itirməsi başa düşülür. Buna müvafiq olaraq anadangəlmə, xəstəlikdən və ya xəsarətdən doğan əqli və ya fiziki qüsurlar nəticəsində həyat fəaliyyəti məhdudlaşan, sosial yardıma və müdafiəyə ehtiyacı olan şəxs əlil sayılır (“Əlilliyin və uşaqların sağlamlıq imkanları məhdudluğunun qarşısının alınması, əlillərin və sağlamlıq imkanları məhdud uşaqların reabilitasiyası və sosial müdafiəsi haqqında” Azərbaycan Respublikasının 1992-ci il 25 avqust tarixli Qanununun 2-ci maddəsi).... ...Göründüyü kimi, valideyn uşağının orta təhsilinə qədərki dövrdə onun təhsil müəssisəsini və təhsilinin formasını seçə bilər. Orta təhsil başa çatdıqdan sonra isə təhsil müəssisəsini və təhsilin formasını uşaqlar özləri seçirlər. Yəni orta təhsil bitdikdən sonra uşağın təhsil müəssisəsini və təhsilin formasını seçməsinə valideynin müdaxiləsi qanunla nəzərdə tutulmamışdır. Bununla əlaqədar Konstitusiya Məhkəməsinin Plenumu qeyd edir ki, ümumi orta təhsildən fərqli olaraq əlavə və ya peşə təhsili, eləcə də ali təhsilin seçim xüsusiyyətinə malik olması, müsabiqə əsasında təşkil olunması və daha çox fərdin maddi vəziyyəti ilə bağlı olması baxımından, uşağın ümumi orta təhsili başa vurduqdan sonra əlavə və ya peşə təhsili, ali təhsil almasına, böyük xərc tələb edən müsabiqə və sair tədbirlərdə iştirakına görə valideynlərin əlavə xərclərdə iştirakı, onlardan bu məsələ ilə bağlı vəsait tələb olunması əsassızdır.” Məhkəmənin mövqeyi və gəldiyi nəticə. İşin hallarından göründüyü kimi, Cavabdeh və X3 faktiki nikah münasibətlərdən bir uşaq (iddiaçı) doğulmuş, onun üzərindən cavabdehin atalığı müəyyən olunmuşdur. İddiaçı yetkinlik yaşına çatdığından onun saxlanılması üçün təyin olunmuş alimentin ödənilməsi başa çatmışdır. Cavabdeh 2015-ci ildən rəsmi nikahdadır və həmin nikahdan olan xx.xx.2016-ci il təvəllüdlü X9 və xx.xx.2021-ci il təvəllüdlü X10 və arvadı X7 onun himayəsindədir. O, hazırda "xxxx" MMC-də sürücü vəzifəsində işləyir və 460 manat məbləğində əmək haqqı alır. Bundan başqa, iddia tələbindən görünür ki, iddiaçı cavabdehdən təhsil alması ilə bağlı gündəlik xərclərinin (qida, nəqliyyatdan istifadə ilə bağlı gediş haqqları və s) tutulmasını xahiş etmişdir. Məhkəmə hesab edir ki, iddia təmin edilməməlidir. Belə ki, iddiaçının iddia etdiyi xərclər hüquq anlamında “əlavə” xərclər sayılmır. Həmin xərclər valideynlər tərəfindən uşaqlar üçün çəkilən gündəlik xərclərdir. Qeyd olunur ki, Azərbaycan Respublikasının Ailə Məcəlləsinin 80-ci maddəsində əmək qabiliyyəti olmayan yetkinlik yaşına çatmış övladların aliment almaq hüququ nəzərdə tutulmuşdur. Həmin maddənin birinci hissəsinə müvafiq olaraq valideynlər əmək qabiliyyəti olmayan və maddi yardıma ehtiyacı olan yetkinlik yaşına çatmış övladlarını saxlamağa borcludurlar. Uşaqların yetkinlik yaşına çatması ilə valideynlərin onlara münasibətdə aliment öhdəlikləri xitam olunur. Buna baxmayaraq, valideynlər əmək qabiliyyəti olmayan və maddi yardıma ehtiyacı olan yetkinlik yaşına çatmış övladlarını saxlamaq vəzifəsi daşıyırlar. Valideynin bu vəzifəsinin yaranması üçün aşağıdakı hallar olmalıdır: yetkinlik yaşına çatmış övladın əmək qabiliyyətinin olmaması və onun maddi yardıma ehtiyacının olması. Bu iki hal ayrıayrılıqda deyil, birlikdə götürüldükdə valideyn üçün vəzifə yaradır. İddiaçı isə əmək qabiliyyəti olmayan sayılmır. Məhkəmə xərcləri. Aliment tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edən iddiaçı dövlət rüsumu ödəməkdən azad olmuşdur. Məhkəmə iddianı təmin etməmək qənaətinə gəldiyindən, hesab edir ki, Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 124.2-ci maddəsinə əsasən, iddia tələbi üzrə dövlət rüsumu ödənilməməlidir. Şərh olunanlara əsaslanaraq və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 227, 233, 357, 358, 360 və 362-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddiaçı Cavabdeh qarşı “əlavə xərclərin ödənilməsi” tələbinə dаir iddiası təmin edilməsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində “Elektron Məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet və ya Bakı şəhər Suraxanı rayon məhkəməsi vasitəsilə Bakı Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti verilə bilər. Məhkəmə qətnaməsindən şikayət verilməmişdirsə, işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim: Firuzə Mirzəyeva

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar