Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(010)-1145/2022 11.03.2022 BAKI ŞƏHƏRİ SURAXANI RAYON MƏHKƏMƏSİ Hakim Məmmədov Tural Nurulla oğlunun sədrliyi Həsənzadə Leyla Fərhad qızının katibliyi İddiaçı MMC-nin nümayəndəsi X4 Cavabdeh iştirakı ilə, İddiaçı MMC-nin Cavabdeh qarşı "müqavilənin ləğv edilməsi, dəymiş zərər və borcun ödənilməsi” tələbinə dair iddia ərizəsi üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İddiaçı MMC Cavabdeh qarşı lizinq müqaviləsinin ləğv edilməsi, dəymiş zərər və borcun ödənilməsi tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək İddiaçı MMC ilə bağlanmış 13 may 2021-ci il tarixli MAS-3728 saylı “Daxili lizinq” müqaviləsinin ləğv edilməsi, Cavabdeh lizinq obyekti olan “Khazar SD” markalı, **-PY-*** dövlət qeydiyyat nişanlı avtomobilin bərpa olunması üçün tələb olunan 6805 manat məbləğində pul və ödənilmiş 88.45 manat dövlət rüsumunun İddiaçı MMC-nin xeyrinə tutulmasını xahiş etmişdir. İddiaçı MMC iddia ərizəsini onunla əsaslandırmışdır ki, iddiaçı ilə cavabdeh arasında bağlanmış 13 may 2021 -ci il tarixli MAS-3728 saylı “Daxili lizinq müqaviləsi”nə əsasən X1 ilə 2021 -ci il buraxılışlı, “KHAZAR SD” markalı, **-PY-*** dövlət qeydiyyat nişanlı, NVAW01HHFME321639 ban, 147H0567460 mühərrik nömrəli, ağ rəngli avtomobil 16700 manat məbləğinə İddiaçı MMC-nin mülkiyyətinə alınmış və sifarişçinin müvəqqəti sahiblik və istifadəsinə verilmişdir. “Daxili lizinq müqaviləsi”nin ayrılmaz tərkib hissəsi olan lizinq ödənişləri cədvəlinə (Əlavə №3) əsasən Cavabdeh illik 23 % hesablanmaqla 48 aylıq müddətə hər ay sabit məbləğ olmaqla 426.28 manat, ümumilikdə isə 23862 manat məbləğində pulu İddiaçı MMC-nin hesabına ödəməyi öhdəsinə götürmüşdür. Ödənilməli olan ümumilikdə 23862 manatın 16700 manatı əsas məbləğ təşkil edir. Cavabdeh müvəqqəti istifadəsinə verilmiş İddiaçı MMC-nin mülkiyyətində olan “KHAZAR SD” minik markalı, **-PY-*** dövlət qeydiyyat nişanlı avtomobil 15 oktyabr 2021 -ci il tarixdə yoləqliyyat hadisəsi törətmiş və servis mərkəzi tərəfindən tərtib olunmuş qüsur aktına əsasən avtomobilə 6805 manat dəyərində ziyan dəymişdir. Cavabdeh tərəfindən lizinq şirkətinə sonuncu ödəniş 29 oktyabr 2021-ci il tarixdə 433 manat məbləğində olmuşdur. Məhkəmə iclasında İddiaçı MMC-nin nümayəndəsi X7 iddia tələbini müdafiə edib, iddia ərizəsi ilə eyni məzmunlu izahat verərək, onun təmin edilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə iclasında Cavabdeh iddia tələbini qəbul etdiyini bildirdi. Məhkəmə tərəfləri dinləyib, iş materiallarını araşdıraraq və iş üzrə toplanmış sübutlara hüquqi qiymət verərək belə hesab edir ki, iddia təmin edilməlidir. İş materiallarında olan: - 13 may 2021 -ci il tarixli MAS-3728 saylı “Daxili lizinq müqaviləsi”nə X3 görünür ki, lizinq verən İddiaçı MMC ilə lizinq alan Cavabdeh arasında bağlanmış lizinq müqaviləsinə görə lizinq verən lizinq alanın sifariş etdiyi əmlakı öz mülkiyyətinə əldə edilməsini və muzdla lizinq alanın müvəqqəti sahibliyinə və istifadəsinə verilməsini öhdəsinə götürmüşdür. Müqavilənin ümumi məbləği 16700 manat təşkil edir. Ödənilən 3400 manat lizinq ödənişi lizinq müqaviləsinin əsas məbləğindən çıxıldıqdan sonra yerdə qalan məbləğə 48 ay müddətinə illik 23% həcmində mükafat məbləği hesablanır. - 13 may 2021 -ci il tarixli MAS-3728 saylı X6 1 saylı əlavədən görünür ki, lizinqə verilən əmlak 16700 manat dəyərində “2021 -ci il buraxılışlı, “KHAZAR SD” markalı, **-PY- *** dövlət qeydiyyat nişanlı, NVAW01HHFME321639 ban, 147H0567460 mühərrik nömrəli, ağ rəngli avtomobil olmuşdur. -13.05.2021-ci il tarixli təhvil-təslim aktından görünür ki, İddiaçı MMC-nin mülkiyyətində olan “KHAZAR SD” markalı **-PY-*** dövlət qeydiyyat nişanlı avtomobili Cavabdeh təhvil verilmişdir. -18.11.2021-ci il tarixli, TP ******* nömrəli inzibati tənbehvermə haqqında qərardan görünür ki, Cavabdeh AR İXM-nin 327.2 və 332.1-ci maddələrində nəzərdə tutulmuş inzibati xətanı örətməsilə əlaqədar olaraq 60 manat məbləğində cərimə edilmişdir. -Azərmaş MMC servis tərəfindən tərtib edilmiş qüsur aktından görünür ki, “KHAZAR SD” markalı **-PY-*** dövlət qeydiyyat nişanlı avtomobilin təmiri və ehtiyat hissələrinin quraşdırılması 6805 manat qiymətləndirilmişdir. İddiaçı tərəfindən cavabdehə pretenziya məktubu göndərilmiş, lakin cavabdeh onu qəbul etməkdən imtina etmişdir. Beləliklə, işin məhkəmə tərəfindən müəyyən edilən hallarından aydın olur ki, iddiaçı ilə cavabdeh arasında lizinq müqaviləsi bağlanmış, Həmin müqavilənin şərtlərinə görə iddiaçı lizinq obyektini cavabdehin sahibliyinə və istifadəsinə vermişdir. İş materialları ilə müəyyən edilir ki, avtomobil qəzalı vəziyyətdə iddiaçıya qaytarılmışdır. Məhkəmə qeyd edir ki, iddia tələbi müqavilənin ləğv edilməsi hissəsinə münasibətdə əsaslıdır. Belə ki, Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 421.2-ci maddəsinə görə tərəflərdən birinin tələbi ilə müqavilə yalnız digər tərəf müqaviləni əhəmiyyətli dərəcədə pozduqda və ya bu Məcəllədə və ya müqavilədə nəzərdə tutulan digər hallarda dəyişdirilə və ya ləğv edilə bilər. Həmin Məcəllənin 747.1-ci maddəsinə görə Lizinq müqaviləsinə görə lizinq verən müəyyən əşyanı müqavilə ilə şərtləşdirilmiş müəyyən haqla, müəyyən müddətə və digər şərtlərlə (lizinq alana əmlakı satın almaq hüququnun verilməsi də daxil olmaqla) lizinq alanın istifadəsinə verməyə borcludur. Lizinq alan müəyyənləşdirilmiş dövriliklə muzd ödəməyə borcludur. Həmin Məcəllənin 747-5.1-ci maddələrinə əsasən Lizinq əməliyyatlarının hüquqi forması ya lizinq verənlə lizinq alan arasında bağlanmış lizinq müqaviləsi və lizinq verənlə satıcı arasında bağlanılmış alqı-satqı müqaviləsidir, ya da həmin şəxslər arasında bu Məcəllənin 747-5.2-ci maddəsinə və lizinqlə bağlı digər maddələrinə müvafiq surətdə bağlanılmış üçtərəfli müqavilədir. Qeyd edilən Məcəllənin 748-1.5-ci maddəsinə əsasən Lizinq müqaviləsi qanuni qüvvəyə mindikdə lizinq alanın (müvafiq olaraq lizinq verənin lizinq verəndən (müvafiq olaraq lizinq alandan) lizinq müqaviləsi üzrə öhdəliklərinin yerinə yetirilməsini tələb etmək və onların yerinə yetirilmədiyi təqdirdə lizinq obyektinin qəbuluna hazırlıq zamanı vurulmuş zərərin, əgər bu hazırlıq üçün bilavasitə xərc çəkilibsə, lizinq verən (müvafiq olaraq lizinq alan) tərəfindən ödənilməsini məhkəmə yolu ilə tələb etmək hüququ vardır. Həmin Məcəllənin 748-7.1-ci maddəsinə görə Lizinq obyekti olan əmlakın zərərin bütün növlərindən qorunması, həmçinin onun məhv edilməsi, itirilməsi, korlanması, talanması, vaxtından əvvəl sıradan çıxması, quraşdırılması və ya istifadəsi zamanı buraxılan səhvlərdən və istismarı zamanı yol verilən risklərdən qorunması ilə bağlı məsuliyyəti, lizinq müqaviləsi ilə ayrı qayda nəzərdə tutulmayıbsa, lizinq obyektinin faktiki qəbulu anından lizinq alan daşıyır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 750-ci maddəsinə əsasən Lizinq alanın təqsiri üzündən müqaviləyə vaxtından əvvəl xitam verildikdə lizinq verən icra ilə bağlı öz mənafelərinə aid olmayan tələbləri irəli sürə bilməz. Tələblər müəyyənləşdirilərkən lizinq əmlakının qalıq dəyəri, lizinq muzdu üzrə faizlərin qalığı və qənaət edilmiş digər xərclər nəzərə alınır . Məhkəmə qeyd edir ki, iddia tələbi dəymiş zərərin ödənilməsi hissəsinə münasibətdə də əsaslı və qanunidir. Belə ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 21.1-ci maddəsinə əsasən zərərin əvəzinin ödənilməsini tələb etmək hüququna malik olan şəxs ona vurulmuş zərərin əvəzinin tam ödənilməsini tələb edə bilər, bu şərtlə ki, qanunda və ya müqavilədə zərərin əvəzinin daha az miqdarda ödənilməsi nəzərdə tutulmasın. Həmin Məcəllənin 21.2-ci maddəsinə əsasən zərər dedikdə, hüququ pozulmuş şəxsin pozulmuş hüququnu bərpa etmək üçün çəkdiyi və ya çəkməli olduğu xərclər, əmlakından məhrum olması və ya əmlakının zədələnməsi (real zərər), habelə hüququ pozulmasaydı, həmin şəxsin adi mülki dövriyyə şəraitində əldə edəcəyi gəlirlər (əldən çıxmış fayda) başa düşülür. Qeyd edilən maddi hüquq normalarına əsaslanaraq məhkəmə hesab edir ki, iddiaçının avtomobilə dəymiş ziyanın əvəzi kimi 6805 manatı cavabdehdən tələb etmək hüququ vardır. Belə ki, iddiaçı avtomobilin mülkiyyətçisidir və ona real zərər şəklində ziyan dəymişdir. Hazırkı iş üzrə çəkilmiş məhkəmə xərcləri Azərbaycan Respublikası MPM-in 119.1ci maddəsi ilə müəyyən edilmiş qaydada ödənilmiş iddia tələbinin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilməli, yəni hazırkı iddianın qaldırılması ilə əlaqədar iddiaçı tərəfindən dövlət büdcəsinə ödənilmiş 88.45 manat dövlət rüsumu cavabdehdən iddiaçının xeyrinə tutulmalıdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Azərbaycan Respublikası MPM-nin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 217.4-cü maddəsinə əsasən məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası MPM-nin müvafiq maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia təmin edilsin. İddiaçı "xxxx" MMC ilə cavabdeh İsmayilov Elşən Allahverdı̇ oğlu 13.05.2021-ci il tarixli, MAS-3728 saylı "daxili lizinq" müqaviləsi ləğv edilsin. Cavabdeh İsmayilov Elşən Allahverdı̇ oğlundan lizinq obyekti olan "Khazar SD" markalı, **-PY-*** dövlət qeydiyyat nişanlı avtomobilin bərpa olunması üçün 6805 manat məbləğində pul və ödənilmiş 88.45 manat məbləğində dövlət rüsumu tutularaq iddiaçı "xxxx" MMC-nin xeyrinə ödənilsin. Qətnamədən onun tərəflərə rəsmi qaydada təqdim edildiyi gündən 1 (bir) ay müddətində Bakı şəhəri Suraxanı Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, qəbul edildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim Tural Məmmədov
Məhkəmə qərarları › İş №2(010)-1145/2022
Bakı Şəhəri Suraxanı Rayon Məhkəməsi Qətnamə — İş №2(010)-1145/2022
11.03.2022 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Lizinq müqaviləsi üzrə mübahisələr - Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Mənəvi zərərin ödənilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver