Azərbaycan Respublikası adından QƏTNAMƏ Sumqayıt şəhəri İş № 2(105)-1532/2025 14.01.2026 SUMQAYIT APELLYASİYA MƏHKƏMƏSİ İddiaçı MMC-nin Cavabdeh1 və Cavabdeh2 qarşı lizinq müqaviləsi üzrə borcun və lizinq obyektinə vurulmuş zərərin ödənilməsi tələbinə dair mülki iş üzrə (Açar sözlər: müqavilə öhdəliyi, pul tələbi) Sumqayıt Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının hakimləri X7 (sədrlik edən və məruzəçi), X8 və Hüseynzadə Afiq Hüseyn oğlundan ibarət tərkibdə, Məmmədli Rəşad Mehman oğlunun katibliyi, İddiaçı MMC-nin nümayəndəsi Nümayəndə2, Cavabdeh1 nümayəndəsi Nümayəndə1 iştirakı ilə, Sumqayıt Şəhər Məhkəməsinin xx.xx.2025-ci il tarixli, 2(060)-313/2025 nömrəli qətnaməsindən Cavabdeh1 tərəfindən verilmiş apellyasiya şikayətinə Sumqayıt Məhkəmə Kompleksinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq aşağıdakıları müəyyən etdi: İşin halları
1. İddiaçı MMC ilə Cavabdeh1 arasında bağlanmış 26 mart 2022-ci il tarixli MAS- 4954 nömrəli “Daxili lizinq müqaviləsi”ndən görünür ki, bu müqavilənin şərtlərinə uyğun olaraq lizinq verən lizinq alanın sifariş etdiyi və bu Müqavilənin ayrılmaz tərkib hissəsi olan 1 saylı əlavəsində göstərilən əmlakı boz rəngli, “Khazar SD” markalı ** PN *** dövlət qeydiyyat nişanlı avtomobilini muzdla lizinq alanın müvəqqəti sahibliyinə və istifadəsinə verilməsini öhdəsinə götürür. Lizinq obyekti lizinqalan tərəfindən seçilib. Bu lizinq müqaviləsinin əsas məbləğini 17000 manat təşkil edir. Lizinq alan bu müqavilə imzalandığı gün 3000 manat məbləğində lizinq ödənişini Lizinq verənə ödəməyi öz öhdəsinə götürür. Ödənilmiş 3000 manat lizinq ödənişi lizinq müqaviləsinin əsas məbləğindən çıxıldıqdan sonra yerdə qalan məbləğə 48 ay müddətinə illik 17.5% həcmində mükafat məbləği hesablanır.
2. 26 mart 2022-ci il tarixli MAS-4954 nömrəli kredit müqaviləsinə 1 saylı Əlavədən görünür ki, bu əlavənin predmetini tərəflər arasında bağlanmış 26 mart 2022-ci il tarixli MAS-4954 nömrəli “Daxili Lizinq” müqaviləsi üzrə əldə olunan əmlakın adı komplektliyi və dəyəri təşkil edir. Lizinq obyektinə aşağıda göstərilən siyahıya uyğun olaraq 17000 manat məbləğində olan avtomobil daxildir. Avtomobilin göstəriciləri: “Khazar SD” markalı, **-PN- *** dövlət qeydiyyat nişanlı, NVAW01HHFNE440587 ban nömrəli, boz rəngli avtomobil.
3. xx.xx.2024-cü il tarixli maliyyə arayışından görünür ki, Cavabdeh1 xx.xx.2024-cü il tarixə 284.47 manat əsas, 103.80 manat mükafat və həmin günə hesablanmış 328.53 manat cərimə, cəmi 716.80 manat borcu vardır.
4. 26 mart 2022-ci il tarixli təhvil-təslim aktından görünür ki, “Khazar SD" markalı, 77- PN-850 dövlət qeydiyyat nişanlı, İddiaçı MMC-nin mülkiyyətində olan avtomobili Cavabdeh1 təhvil alınmışdır.
5. xx.xx.2024-cü il tarixli mədaxil qəbzindən görünür ki, İddiaçı MMC məhkəməyə müraciət etmək üçün 46.47 manat dövlət rüsumu ödəmişdir.
6. İddiaçı MMC tərəfindən cavabdehə ünvanlanmış xəbərdarlıqdan görünür ki, borcun ödənilməsi barədə xəbərdarlıq edilmiş, əks təqdirdə məhkəməyə müraciət olunacağı bildirilmişdir.
7. X9 MMC tərəfindən tərtib edilmiş qüsur aktından görünür ki, “Khazar SD" markalı, 77- PN-850 dövlət qeydiyyat nişanlı, İddiaçı MMC-nin mülkiyyətində olan avtomobilinə yekun ödəniləcək məbləğ 1929.30 manat təşkil edir.
8. 05 iyun 2024-cü il tarixli avtonəqliyyat vasitəsinin saxlanca qəbulu barədə aktdan görünür ki, İddiaçı MMC etibarnamə üzrə nümayəndəsi X3 digər tərəfdən isə X5 öz imzalarıyla təsdiq etmşdirlər ki, həqiqətən də xx.xx.2024-cü il tarixdə İddiaçı MMC şirkətinə məxsus olan “Khazar SD" markalı, 77- PN-850 dövlət qeydiyyat nişanlı avtomobilin təhviltəslimini aparmışdırlar.Nəqliyyat vasitəsinin qabaq bufer əzilmiş, cızılmış hissələri, sağ-sol qabaq faralar, sınıq cəzəqlar, batıqlar mövcuddur.
9. 28 aprel 2025-ci il tarixli, 9/9067 nömrəli ekspert rəyindən görünür ki, tədqiqatın nəticəsi nəzəri hesablama yolu ilə, iş materiallarında olan “X9” MMC tərəfndən tərtib edilmiş xx.xx.2024-cü il tarixli qüsur aktında 2022-ci il buraxılışlı, boz rəngli “Khazar SD" markalı, 77- PN-850 dövlət qeydiyyat nişanlı avtomobilə dəymiş zərərin məbləği ƏDV daxil nəzəri hesablama yolu ilə təxminən 1635 manat müəyyən edilmişdir.
10. Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin eksperiza xərclərinə dair bildirişdən görünür ki, məhkəmə-əmtəəşünaslıq ekspertizasının keçirilməsinə 50 manat xərc çəkilmişdir.
11. İddiaçı MMC tərəfindən verilmiş xx.xx.2023-cü il POA********** nömrəli, xx.xx.2023-cü il tarixli POA********** nömrəli, xx.xx.2023-cü il tarixli POA********** nömrəli tarixli, xx.xx.2024-cü il tarixli, POA********** nömrəli, xx.xx.2024-cü il tarixli POA********** nömrəli etibarnamələrdən görünür ki, İddiaçı MMC ilə Cavabdeh1 arasında bağlanmış xx.xx.2022-ci il tarixli MAS-4594 saylı Daxili lizinq müqaviləsi əsasında lizinqə verilmiş “Khazar SD" markalı, **-PN-*** dövlət qeydiyyat nişanlı avtomobili Azərbaycan Respublikası ərazisində idarə etmək səlahiyyəti verilmişdir.
Birinci instansiya məhkəməsində icraat
12. İddiaçı Cavabdeh1 qarşı “lizinq müqaviləsi üzrə borcun və lizinq obyektinə vurulmuş zərərin ödənilməsi” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh1 26 mart 2022-ci il tarixli MAS-4954 saylı “Daxili lizinq” müqaviləsinə əsasən lizinq obyektindən müvəqqəti sahiblik və istifadə edilməsinə görə 05 iyun 2024-cü il tarixə 284.47 manat gecikdirilmiş əsas, 103.80 manat gecikdirilmiş mükafat və həmin günə hesablanmış 328.53 manat dəbbə pulu, həmçinin lizinq obyekti olan, “Khazar SD” markalı, **-PN-*** dövlət qeydiyyat nişanlı avtomobilin təmir-bərpası üçün tələb edilən 1929.30 manat, ümumilikdə 2646.10 manat borc və ödənilmiş 46.47 manat dövlət rüsumunun İddiaçı MMC-nin xeyrinə tutulması barədə qətnamə çıxarılması xahiş edilir.
13. İddia tələbi onunla əsaslandırılmışdır ki, İddiaçı MMC ilə Cavabdeh1 arasında bağlanmış 26 mart 2022-ci il tarixli MAS-4954 saylı “Daxili lizinq” müqaviləsinə əsasən lizinq alanın sifarişi ilə 2022-ci il buraxılışlı, “Khazar SD” minik markalı, **-PN-*** dövlət qeydiyyat nişanlı, boz rəngli avtomobil 17000 manat məbləğinə İddiaçı MMC-nin mülkiyyətinə alınmış və sifarişçinin müvəqqəti sahiblik və istifadəsinə verilmişdir. “Daxili lizinq müqaviləsi”nin ayrılmaz tərkib hissəsi olan lizinq ödənişləri cədvəlinə əsasən lizinq alan illik 17.5 % hesablanmaqla 48 aylıq müddətə hər ay sabit məbləğ olmaqla 407.60 manat, ümumilikdə isə 22565 manat məbləğində pulu İddiaçı MMC-nin hesabına ödəməyi öhdəsinə götürmüşdür. Cavabdeh1 müvəqqəti istifadəsinə verilmiş İddiaçı MMC-nin mülkiyyətində olan, “Khazar SD” minik markalı, **-PN-*** dövlət qeydiyyat nişanlı avtomobil 05 iyun 2024-cü il tarixdə şirkətin müvəqqəti duracağına yerləşdirilmiş və Servis Mərkəzi tərəfindən tərtib olunmuş qüsur aktına əsasən avtomobilə 1929.30 manat məbləğində zərər vurulduğu müəyyən edilmişdir. Eyni zamanda Cavabdeh1 MAS-4954 saylı “Daxili lizinq” müqaviləsi üzrə lizinq obyektinə müvəqqəti sahiblik və istifadə edilməsinə görə 05 iyun 2024-cü il tarixə ümumilikdə 716.80 manat məbləğində gecikmə borcu yaranmışdır.
14. Sumqayıt Şəhər Məhkəməsinin xx.xx.2025-ci il tarixli, 2(060)-313/2025 nömrəli qətnaməsi ilə iddia tələbinin qismən təmin edilməsi, Cavabdeh1 26 mart 2022-ci il tarixli MAS-4954 saylı “Daxili lizinq” müqaviləsinə əsasən, lizinq obyektinə müvəqqəti sahiblik və istifadə edilməsinə görə 284.47 (iki yüz səksən dörd manat qırx yeddi qəpik) manat gecikdirilmiş əsas borc, 103.80 (bir yüz üç manat səksən qəpik) manat gecikdirilmiş mükafat və həmin günə hesablanmış 100 (bir yüz) manat dəbbə pulu, lizinq obyekti olan avtomobilə dəymiş zərərə görə 1635 (bir min altı yüz otuz beş) manat, cəmi 2123.27 (iki min yüz iyirmi üç manat iyirmi yeddi qəpik) manat borcun və ödənilmiş 41.23 (qırx bir manat iyirmi üç qəpik) manat dövlət rüsumunun tutularaq İddiaçı MMC-yə ödənilməsi, iddia tələbinin qalan hissədə təmin edilməməsi, aparılmış məhkəmə əmtəəşünaslıq ekspertizası tədqiqatının dəyərini təşkil edən 50 (əlli) manatın 10 %-i, yəni 5 (beş) manatı İddiaçı MMC-dən, 90 %-i, yəni 45 (qırx beş) manatı isə Cavabdeh1 tutularaq Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin hesabına keçirilməsi qət edilmişdir (hakim Aynur Behbudova).
15. Birinci instansiya məhkəməsi gəldiyi nəticəni Azərbaycan Respublikası Mülki Məcəlləsinin 21.1, 21.2, 21.3, 442, 443.1 , 445.2.1, 462.1, 747.1, 747.2, 748-10.1, 748- 10.2, 748-1.8, 748-2.1, 748-1.11, 748-2.3, 748-1.12, 1096, 1096.2, 1097.1-ci maddələrinə, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.1, 14.2, 77.1, 119.1 və 217.4cü maddələrinə istinad etməklə əsaslandırmışdır.
Apellyasiya şikayətinin və ona etirazın dəlilləri, məhkəmə icraatı iştirakçılarının izahatları Apellyasiya şikayətinin dəlilləri
16. Cavabdeh1 apellyasiya şikayəti verərək Sumqayıt Şəhər Məhkəməsinin xx.xx.2025-ci il tarixli, 2(060)-313/2025 nömrəli qətnaməsinin ləğv edilməsini və iddia tələbinin rədd edilməsini xahiş etmişdir.
17. Cavabdeh1 apellyasiya şikayətini onunla əsaslandırmışdır ki, qətnamə ilə razı deyil, onu qeyri-obyektiv və qanunsuz sayır. Götürdüyü öhdəliyə əsasən maşını götürdüyü vaxtdan 2023-cü ilin mart ayınadək hər ay 408 manat məbləğində pulu iddiaçının hesabına keçirmişdir. 2023-cü ilin mart ayında isə həmin maşını Bakı sakini X1 ona təhvil vermişdir. Bunu iddiaçıya bildirmişdir və müqaviləni Ə.Rahibin adına keçirməyi xahiş etmişdir. İddiaçı da bunu edəcəyini bildirmişdir və Ə.Rahibə yol vərəqəsi belə vermişdir. İddiaçı özü Ə.Rahibə mart 2023-cü il-may 2024-cü 11 tarixi dövrünədək olan müddət üçün etibarnamə verib və Ə.Rahib də 2024-cü ilin may ayınadək hər ay ödənilməli olan 408 manat məbləğində pulu etibarnaməyə əsasən iddiaçıya ödəmişdir. 2024-cü ilin iyun ayı üçünsə o ödəməni etməyib, üstəlik maşını da iddiaçının deməyi ilə iddiaçıya qaytarmayıb, amma Ə.Rahib bildirir ki qaytarmışdır. İddiaçı maşını özü bildirdiyi kimi servisdən götürüb, akt tərtib edilərkən iddiaçı Ə.Rahibi dəvət etməyib, onun da iştirakı olmamışdır. Üstəlik akt düzgün yazılmamışdır, belə ki maşının təkərləri olmamışdır, çıxarılmış imişdir. İddiaçı isə bunları nəzərə almır. Onu da qeyd edir ki, Ə.Rahib maşın onun istifadəsində olduğu müddətdə yol hərəkəti qaydalarının pozuntusuna görə 8 dəfə DYPŞ tərəfindən cərimə olunub və hazırda 3 cərimə üzrə iş məhkəmə icraatındadır. İddiaçı bilə-bilə ki, maşın Ə.Rahibin istifadəsində olmuşdur və öz verdiyi yol vərəqələri əsasında da pulu Ə.Rahib ödəyir, buna baxmayaraq iş üzrə cavabdeh kimi Ə.Rahibin cəlb edilməsi əvəzinə əsassız olaraq cavabdeh kimi göstərmişdir. Halbuki iddiaçının tələb etdiyi lizinq obyektindən əsassız istifadəyə görə gecilkdirilmiş borc da, avtomobilin təmir-bərpası üçün tələb etdiyi şişirdilmiş məbləğ də Ə.Rahibdən tələb olunmalı idi. O məhkəməyə vəsatət vermişdir ki, onu əsl cavabdehlə əvəz edərək əsl cavabdeh kimi Cavabdeh2 işə cəlb olunsun, onun məhkəməyə çağrılaraq dindirilməsi təmin olunsun. Lakin Ə.Rahib məhkəməyə gəlməmiş, telefon zənglərinə də cavab verməmişdir.
18. Maddi hüquq normalarının pozulması və ya düzgün tətbiq edilməməsinə dair dəlillər: Məhkəmə qətnamədə iş materiallarında olan sənədlərin siyahısını sadalayaraq, daxili lizinq müqaviləsinin mətnindən və lizinq münasibətlərindən irəli gələn münasibətləri tənzimləyən MM-nin maddələrinə (747,748) əsaslanaraq lizinq verən və lizinq alanın hüquq və vəzifələrini göstərir. Bunlar isə iddianın təmini üçün sübut növü deyildir. Məhkəmə onu da nəzərə almır ki o lizinq alan tərəf kimi heç bir qaydanı pozmadan maşını Ə.Rahibə təhvil vermişdir. İddiaçıya da bunu bildirmişdir. Qətnamədə qeyd olunur ki, Mülki Məcəllənin 442, 443,445-ci maddələrinə görə öhdəliyi icra etməyən borclu kreditora dəymiş zərərin əvəzini ödəməyə borcludur, öhdəliyin müəyyənləşdirilmiş müddətdə icra ediməməsi borclunun icranı gecikdirməsi sayılır və buna görə borclu məsuliyyət daşıyır. Lakin məhkəmə nəzərə almır ki maşın Ə.Rahibin istifadəsində olub və axırıncı yol vərəqini də iddiaçı ona veribsə məsuliyyəti də o daşımalıdır. Məhkəmə qətnamədə göstərir ki o xahiş etmişdir deyə yol vərəqi ona verilmişdir. Məgər xahişlə yol vərəqi kimə gəldi verilə bilər? Məhkəmə AR Mülki Məcəlləsinin öhdəlik hüququna aid 442 və 445, 462,467-с1 maddələrinə də əsaslanaraq iddianı təmin etmişdir. Halbuki AR Mülki Məcəlləsinin normaları olan 385, 386-cı maddələrində qeyd olunmuşdur ki, öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir. O isə maşını təhvil vermişdir, maşın isə ona qaytarılmamışdır. Məhkəmə bu səbəbdən də qeyd edilən maddəni düzgün tövsif etməmişdir. Beləliklə, bu normalar və iddia qismən təmin edilərkən qətnamədə AR Mülki Məcəlləsinin bu maddələrinə istinad edilməsi də iddianın əsaslılığını sübut etmir. Məhkəmə qətnamə çıxararkən AR Mülki Məcəlləsinin zərərin əvəzinin ödənilməsi barədə normalara aid 21.1: 21.2 və 21.3-cü maddəsinə əsaslanmışdır. Lakin 21.3-cü maddəyə əsasən zərərin əvəzinin ödənilməsi ilə bağlı tələbin həcminin müəyyənləşdirilməsi zamanı zərərçəkənin və qanunvericilikdə nəzərdə tutulmuş hallarda üçüncü şəxsləin davranışlarının zərəririn yaranmasına və artmasına hansı həcmdə şərait yaratması nəzərə alınmalıdır. Məhkəmə nəzərə almamışdır ki, 26 mart 2022-ci il tarixli lizinq müqaviləsi ilə iddiaçının mülkiyyətinə alınmış avtomaşın onun sifarişi ilə onun sahiblik və istifadəsinə verilmiş, o isə sonradan, onu Ə.Rahibə satmışdır. Və iddiaçının maşında qeyd etdiyi qüsurun, texniki nasazlığın nədən ibarət olması, nə vaxt, hansı səbəbdən yaranması aydınlaşdırılmamışdır. Bunun doğrudan da olması belə məlum deyildir. Bəlkə bu qüsur, nasazlıq Ə.Rahibin istifadə etdiyi müddətdə yaranmışdır, nasazlığı o özü yaratmışdır, çünki o maşına alarkən əvvəlcə baxmış və hərtərəfli yoxlatdırmışdı və maşında iddiaçının iddia etdiyi mücərrəd qüsurlar, nasazlıqlar yox idi. AR Mülki Məcəlləsinin 1096.2, 1097.1-сi maddəsinə əsaslanan məhkəmə qətnamədə göstərmişdir ki, mülki hüquq pozuntusu hüquqla və ya qanunla müdafiə edilən başqa şəxsə birbaşa ziyan vurulmasına gətirib çıxaran təqsirli, hüquqazidd əməldir. Lakin o bu pozuntunu törətməmişdir təqsirli deyil, ziyan isə bu qətnamə ilə ona dəyir. Məhkəmə qətnamə çıxararkən maddi hüquq normalarının tələblərini pozmuş və maddi hüquq normasını düzgün tətbiq etməmişdir. Onun hüququ pozulub ona dəyən ziyanı kim ödəməlidi və hüququ necə müdafiə olunmalıdı? Beləliklə məhkəmə işə birtərəfli baxmış, qeyri-obyektiv və qanunsuz qətnamə çıxarmışdır. Məhkəmə iddiaçının maşını ona deyil, Eltona vermiş olduğunu, maşının satılmış olmasını və s. halları nəzərə almamışdır. Beləliklə, məhkəmə qətnamə çıxararkən maddi hüquq normalarının tələblərini pozmuş və maddi hüquq normasını düzgün tətbiq və təfsir etməmişdir.
19. Qətnamə prosessual hüquq normalarının tələblərini pozmaqla çıxarılmışdır. Belə ki AR MPM-in 8.1-ci maddəsinə əsasən mülki işlər ədalət mühakiməsi, hamının qanun və məhkəmə qarşısında bərabərliyi prinsipi əsasında həyata keçirilir. Lakin məhkəmə işə baxarkən MPM-nin bu tələbini pozmuşdur. Azərbaycan Respublikası MPM-in 14.1-ci maddəsinə əsasən məhkəmə həqiqətə nail olmaq üçün, işin hərtərəfli, tam və obyektiv tədqiqinə lazımi şərait yaradır. Lakin məhkəmə qeyd edilən maddənin tələblərini pozmuşdur. AR MPM-nin 385-ci maddəsinə əsasən məhkəmə gəldiyi nəticə üçün mühüm əhəmiyyəti olan bütün faktiki halları aydınlaşdırmalı və qətnamədə göstərilən nəticələr işin hallarına uyğun olmalıdır. Məhkəmə qərarları həm də ədalətli olmalıdır. Göstərilənlərdən də aydın olur ki, məhkəmə maddi və prosessual hüquq normalarını pozmaqla işə baxmış və qanunsuz qətnamə çıxarmışdır. AR MPM-in 218.1-ci maddəsinə əsasən qətnamə çıxarıldıqda hakim sübutları qiymətləndirir, iş üçün əhəmiyyətli olan nə kimi halların müəyyən edildiyini, nə kimi halların müəyyən edilmədiyini, tərəflərin hansı hüquqi münasibətdə olmalarını, həmin iş üzrə hansı qanunun tətbiq edilməli olduğunu müəyyən edir. AR MPM-in 217-ci maddəsinə əsasən qətnamə iş üzrə həqiqi hallara uyğun olmalıdır.
Apellyasiya şikayətinə qarşı tərəfin etirazının dəlilləri
20. Apellyasiya şikayətinə qarşı yazılı etiraz daxil olmamışdır.
Apellyasiya icraatı iştirakçılarının izahatları
21. Məhkəmə iclasında Cavabdeh1 nümayəndəsi Nümayəndə1 apellyasiya şikayətini müdafiə edərək təmin edilməsini xahiş etdi.
22. Məhkəmə iclasında İddiaçı MMC-nin nümayəndəsi Nümayəndə2 apellyasiya şikayətinə etiraz edərək təmin edilməməsini və birinci instansiya məhkəməsinin qətnaməsinin dəyişdirilmədən saxlanılmasını xahiş etdi.
23. Məhkəmə kollegiyasının iclasının vaxtı və yeri barədə lazımi qaydada digər cavabdehə məlumat verilməsinə baxmayaraq o məhkəmə iclasına gəlməmişdir.
24. Azərbaycan Respublikası MPM-nin 376.2-ci maddəsinə əsasən məhkəmə iclasının vaxtı və yeri barədə xəbərdar edilmiş tərəflərin gəlməməsinin səbəbləri haqqında məlumat olmadıqda və ya məhkəməyə gəlməməyinin səbəblərini üzürsüz hesab etdikdə, məhkəmə işə baxmağa haqlıdır. Qeyd olunan hüquq normasını əsas götürərək məhkəmə kollegiyası işə baxılmasını mümkün hesab etmişdir.
Tətbiq edilən hüquq Azərbaycan Respublikası Mülki Məcəlləsi
25. Maddə 14.1. Mülki hüquqlar və vəzifələr mülki qanunvericilikdə nəzərdə tutulan əsaslardan, habelə fiziki və hüquqi şəxslərin qanunvericilikdə nəzərdə tutulmasa da, mülki qanunvericiliyin prinsiplərinə görə mülki hüquqlar və vəzifələr doğuran hərəkətlərindən əmələ gəlir. 26.14.2. Mülki hüquqların və vəzifələrin əmələ gəlməsi əsasları aşağıdakılardır: 14.2.1. Qanunvericilikdə nəzərdə tutulmuş müqavilələr (əmək müqavilələri istisna olmaqla) və başqa əqdlər, habelə qanunvericilikdə nəzərdə tutulmasa da, ona zidd olmayan müqavilələr və başqa əqdlər. ... 14.2.6. Başqa şəxsə zərər vurulması. ....
27. Maddə 21.1. Zərərin əvəzinin ödənilməsini tələb etmək hüququna malik olan şəxs ona vurulmuş zərərin əvəzinin tam ödənilməsini tələb edə bilər, bu şərtlə ki, qanunda və ya müqavilədə zərərin əvəzinin daha az miqdarda ödənilməsi nəzərdə tutulmasın.
28. Maddə 21.2. Zərər dedikdə, hüququ pozulmuş şəxsin pozulmuş hüququnu bərpa etmək üçün çəkdiyi və ya çəkməli olduğu xərclər, əmlakından məhrum olması və ya əmlakının zədələnməsi (real zərər), habelə hüququ pozulmasaydı, həmin şəxsin adi mülki dövriyyə şəraitində əldə edəcəyi gəlirlər (əldən çıxmış fayda) başa düşülür.
29. Maddə 21.3. Zərərin əvəzinin ödənilməsi ilə bağlı tələbin həcminin müəyyənləşdirilməsi zamanı zərərçəkənin, onun işçisinin və qanunvericiliklə nəzərdə tutulmuş hallarda üçüncü şəxslərin davranışının zərərin yaranmasına və artmasına hansı həcmdə şərait yaratması nəzərə alınmalıdır.
30. Maddə 385.1. Öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır.
31. Maddə 386.1. Öhdəliyin zərər vurulması, əsassız varlanma və ya bu Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır.
32. Maddə 425.1. Öz hüquqlarını həyata keçirərkən və vəzifələrini icra edərkən tərəflərdən hər biri vicdanlılığın tələb etdiyi tərzdə, yəni şərtləşdirilmiş vaxtda və yerdə lazımi şəkildə, öhdəliyin şərtlərinə və bu Məcəllənin tələblərinə müvafiq surətdə, belə şərtlər və tələblər olmadıqda isə işgüzar adətlərə və ya adətən irəli sürülən digər tələblərə müvafiq surətdə hərəkət etməlidir.
33. Maddə 442. Öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür.
34. Maddə 443.1. Öhdəliyini icra etməyən borclu kreditora dəymiş zərərin əvəzini ödəməyə borcludur. Borclunun üzərinə öhdəliyi pozmağa görə məsuliyyət qoyulmadıqda bu qayda qüvvədə olmur.
35. Maddə 445.1. İcranı gecikdirmiş borclu gecikdirmə nəticəsində vurduğu zərər üçün və gecikdirmə zamanı təsadüfən baş vermiş icra mümkünsüzlüyünün nəticələri üçün kreditor qarşısında məsuliyyət daşıyır.
36. Maddə 445.2.1. Öhdəliyin onun icrası üçün müəyyənləşdirilmiş müddətdə icra edilməməsi borclunun icranı gecikdirməsi sayılır və icranı gecikdirmiş borclu gecikdirmə nəticəsində vurduğu zərər üçün kreditor qarşısında məsuliyyət daşıyır.
37. Maddə 448.1. Əgər bu Məcəllə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir.
38. Maddə 747.1. Lizinq müqaviləsinə görə lizinq verən müəyyən əşyanı müqavilə ilə şərtləşdirilmiş müəyyən haqla, müəyyən müddətə və digər şərtlərlə (lizinq alana əmlakı satın almaq hüququnun verilməsi də daxil olmaqla) lizinq alanın istifadəsinə verməyə borcludur. Lizinq alan müəyyənləşdirilmiş dövriliklə muzd ödəməyə borcludur.
39. Maddə 747.2. Lizinq verən müqavilədə nəzərdə tutulan əmlakı hazırlamağa və ya əldə etməyə borcludur.
40. Maddə 748-1.8. Lizinq müqaviləsinə xitam verildikdən sonra lizinq alan lizinq obyektini normal köhnəlmə (amortizasiya) və ya lizinq müqaviləsi ilə şərtlənən köhnəlmə nəzərə alınmaqla, lizinq verənə ondan aldığı vəziyyətdə (halda) qaytarmalıdır.
41. Maddə 748-1.11. Əgər lizinq alan lizinq verənin yazılı razılığı olmadan lizinq obyektini öz vəsaiti hesabına yaxşılaşdırıbsa və bu lizinq obyektinə zərər vurmadan ayrıla bilmirsə, lizinq müqaviləsinə xitam verildikdən sonra lizinq alan bu yaxşılaşdırmaların dəyərinin ona ödənilməsini tələb etmək hüququna malik deyildir.
42. Maddə 748-1.12. Lizinq verənin aşağıdakı hallarda pul məbləğlərini və lizinq obyektini mübahisəsiz geri almaq və bununla da lizinq müqaviləsini vaxtından əvvəl ləğv etmək hüququ vardır: ... 748-1.12.4. lizinq alan lizinq obyektindən istifadə üçün haqqı müqavilə ilə nəzərdə tutulan ödəniş müddətləri üzrə ardıcıl olaraq iki dəfədən artıq ödəmirsə.
43. Maddə 748-2.1. Lizinq alana müvəqqəti sahibliyə və ya istifadəyə verilmiş lizinq obyekti lizinq verənin mülkiyyətidir.
44. Maddə 748-2.2. Lizinq müqaviləsində ayrı qayda nəzərdə tutulmayıbsa, lizinq obyektinə sahiblik və ondan istifadə hüququ lizinq alana tam həcmdə keçir.
45. Maddə 748-2.3. Lizinq verən bu Məcəllənin 748-1.11-ci maddəsində və lizinq müqaviləsində nəzərdə tutulmuş hallarda lizinq obyektini lizinq alanın sahibliyindən və istifadəsindən geri almaq hüququna malikdir.
46. Maddə 748-10.1. Lizinq müqaviləsinin qüvvədə olduğu müddət ərzində həmin müqavilə üzrə ödənişlərin ümumi məbləği lizinq ödənişləri hesab edilir. Lizinq ödənişləri lizinq müqaviləsi üzrə lizinq alana verilmiş lizinq obyektindən istifadəyə görə onun tərəfindən lizinq verənin xeyrinə həyata keçirilən ödənişlərdir.
47. Maddə 748-10.2. Lizinq ödənişlərinin məbləği həyata keçirilməsi üsulu, forması və dövriliyi lizinq müqaviləsinə uyğun olaraq bu Məcəllənin müddəaları nəzərə alınmaqla həyata keçirilir.
Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsi
48. Maddə 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir.
49. Maddə 77.1. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir.
50. Maddə 217.3. Qətnamə iş üzrə müəyyən edilmiş hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır.
51. Maddə 217.4. Məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır.
52. Maddə 384.0.1. Apellyasiya instansiyası məhkəməsi qətnaməni dəyişmədən, apellyasiya şikayətini təmin etmədən saxlaya bilər.
53. Maddə 385.2. Birinci instansiya məhkəməsinin faktlar nöqteyi-nəzərindən qanuni və əsaslı olan və mahiyyəti üzrə düzgün olan qətnaməsi yalnız formal mülahizələrə görə ləğv edilə bilməz.
54. Maddə 402.1. Mülki işlər üzrə qəbul edilmiş qətnamənin mübahisələndirilən hissəsində iddianın qiyməti beş min manatdan, kommersiya mübahisələrinə dair işlər üzrə isə müvafiq olaraq on min manatdan az olan əmlak xarakterli iddialar üzrə qətnamələr istisna olmaqla, apellyasiya məhkəmələrinin mülki və kommersiya kollegiyalarının və Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin mülki və kommersiya kollegiyalarının qətnamələrindən kassasiya şikayəti verilə bilər.
Apellyasiya baxışının hədləri
55. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.6 və 372.7-ci maddələrinə əsasən apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun barəsində açıq və ya dolayısı ilə mübahisə edilən hissəsi üzrə, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. Apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır.
56. “Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372-ci maddəsinin apellyasiya baxışının hədləri barədə müddəalarının həmin Məcəllənin 372.1 və 372.7-ci maddələrinin tələbləri baxımından şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 20 may 2011-ci il tarixli qərarında göstərilmişdir ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.1-ci maddəsinə uyğun olaraq apellyasiya instansiyası məhkəməsi həmin Məcəllənin 372.6-cı maddəsində nəzərdə tutulduğu hallarda birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını mübahisələndirilən hissəsində apellyasiya şikayətinin dəlilləri həcmində yoxlayır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.1 və 372.7-ci maddələrinə uyğun olaraq apellyasiya instansiyası məhkəməsi maddi hüquq normalarına riayət edilməsini birinci instansiya məhkəməsinin qətnaməsinin mübahisələndirilən hissəsində yoxlayır. Bu hədlərdə apellyasiya instansiyası məhkəməsi şikayətin hüquqi mövqeyinə aid dəlillərdən asılı deyil və qətnaməni maddi hüquq normasının pozulması ilə əlaqədar apellyasiya şikayətində göstərilməyən əsaslarla da ləğv edə və dəyişdirə bilər.
57. Apellyasiya şikayətində Cavabdeh1 Sumqayıt Şəhər Məhkəməsinin xx.xx.2025-ci il tarixli, 2(060)-313/2025 nömrəli qətnaməsinin ləğv edilməsini xahiş etsə də, iddia qismən təmin edildiyindən kollegiya birinci instansiya məhkəməsinin qətnaməsini mübahisələndirilən hissədə yoxlanılmasını vacib hesab edir.
Apellyasiya instansiyası məhkəməsinin mövqeyi
58. Məhkəmə kollegiyası məruzəçi-hakimin məruzəsini və işdə iştirak edən şəxsin izahatını dinləyib, iş materiallarını və apellyasiya şikayətinin dəlillərini araşdıraraq hesab edir ki, apellyasiya şikayəti təmin edilməməli və birinci instansiya məhkəməsinin qətnaməsi mübahisələndirilən hissədə dəyişdirilmədən saxlanılmalıdır.
59. Kollegiya ilk növbədə qeyd edir ki, istənilən iddia tələbi ilə əlaqədar məhkəmə icraatının ən əsas vəzifəsi həmin tələbin hüquqi əsasının olub-olmadığının müəyyən olunmasıdır. Məhkəmələr bunu tərəflərin həmin tələblə bağlı hansı hüquqi əsaslandırmanı irəli sürmələrindən asılı olmayaraq müstəqil surətdə müəyyən etməlidir. Bunun üçün isə məhkəmələr tərəfindən ilk növbədə işin faktiki halları və hüquqi əsası araşdırılmalıdır. Əgər irəli sürülmüş iddia tələb(lər)inin qanuni əsası tapılırsa və faktiki hallar müvafiq maddi hüquq normasının dispozisiya şərtləri ilə uzlaşırsa (habelə cavabdehin etiraz və müdafiə vasitələrinə görə aradan qalxmırsa) iddia təmin olunur, uzlaşmırsa rədd edilir. İkinci halda hüquqi dəyərləndirmə məhkəmə üçün artıq başa çatmış olur. Bu halda əlavə olaraq irəli sürülən dəlillərin araşdırılmasına ehtiyac qalmır, çünki işin həlli üçün bunun əhəmiyyəti yoxdur.
60. Qanunvericiliyin tələbini rəhbər tutan məhkəmə kollegiyası qeyd edir ki, müqavilə üzrə borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün iddiaçı qarşısında cavabdehdir və mülki məsuliyyət daşıyır.
61. İşin hallarına görə tərəflər arasında 26 mart 2022-ci il tarixli, MAS-4954 saylı “Daxili lizinq” müqaviləsi imzalanmışdır. “Daxili lizinq müqaviləsi”nin ayrılmaz tərkib hissəsi olan lizinq ödənişləri cədvəlinə əsasən lizinq alan illik 17.5 % hesablanmaqla 48 aylıq müddətə hər ay sabit məbləğ olmaqla 407.60 manat, ümumilikdə isə 22565 manat məbləğində pulu İddiaçı MMC-nin hesabına ödəməyi öhdəsinə götürmüşdür. Cavabdeh1 müvəqqəti istifadəsinə verilmiş İddiaçı MMC-nin mülkiyyətində olan, “Khazar SD” minik markalı, **-PN-*** dövlət qeydiyyat nişanlı avtomobil 05 iyun 2024-cü il tarixdə şirkətin müvəqqəti duracağına yerləşdirilmiş və Servis Mərkəzi tərəfindən tərtib olunmuş qüsur aktına əsasən avtomobilə 1929.30 manat məbləğində zərər vurulduğu müəyyən edilmişdir. Birinci instansiya məhkəməsinin qərardadı əsasında əldə edilmiş 28 aprel 2025-ci il tarixli, 9/9067 nömrəli ekspert rəyindən görünür ki, tədqiqatın nəticəsi nəzəri hesablama yolu ilə, iş materiallarında olan “X9” MMC tərəfndən tərtib edilmiş xx.xx.2024-cü il tarixli qüsur aktında 2022-ci il buraxılışlı, boz rəngli “Khazar SD" markalı, 77- PN-850 dövlət qeydiyyat nişanlı avtomobilə dəymiş zərərin məbləği ƏDV daxil nəzəri hesablama yolu ilə təxminən 1635 manat müəyyən edilmişdir.
62. Beləliklə, iddiaçı MMC sözügedən müqavilə üzrə üzərinə düşən öhdəliyini yerinə yetirsə də, borclu Cavabdeh1 öhdəliklərini lazımi qaydada yerinə yetirməmiş, nəticədə iddiaçıya lizinq müqaviləsi üzrə borcu yaranmışdır.
63. Cavabdeh apellyasiya şikayətinin dəlillərində avtomobili Cavabdeh2 satıb ona təhvil verməsini, bu halı iddiaçıya da bildirdiyini, müqaviləni Ə.Rahibin adına keçirməyi xahiş etməsini, əsl cavabdehlə əvəz olunmalı olduğunu bildirmişdir.
64. Kollegiya həmin dəlillərlə razılaşmayaraq qeyd edir ki, daxili lizinq müqavilənin leqal tərifindən də göründüyü kimi lizinq, lizinq predmeti olan əmlaka müvəqqəti istifadə və sahibliyi nəzərdə tutur. Hazırki iş üzrə apellyasiya baxışında təqdim edilmiş İddiaçı MMC tərəfindən verilmiş xx.xx.2023-cü il POA********** nömrəli, xx.xx.2023-cü il tarixli POA********** nömrəli, xx.xx.2023-cü il tarixli POA********** nömrəli tarixli, xx.xx.2024-cü il tarixli, POA********** nömrəli, xx.xx.2024-cü il tarixli POA********** nömrəli etibarnamələrdən görünür ki, İddiaçı MMC ilə Cavabdeh1 arasında bağlanmış xx.xx.2022ci il tarixli MAS-4594 saylı Daxili lizinq müqaviləsi əsasında lizinqə verilmiş “Khazar SD" markalı, 77- PN-850 dövlət qeydiyyat nişanlı avtomobili Azərbaycan Respublikası ərazisində idarə etmək səlahiyyəti verilmişdir.
65. Kollegiya apellyasiya şikayətinin dəlilləri ilə bağlı həmçinin onu da qeyd edir ki, işin hallarına görə iddiaçı öz tələbini cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı irəli sürmüşdür. Birinci instansiya məhkəməsi haqlı olaraq, iddianı yalnız müqavilə üzrə tərəf olan və müqavilə üzrə yaranmış öhdəlikləri öz üzərinə götürmüş Cavabdeh1 münasibətdə qismən təmin etmişdir.
66. Nəzərə almaq lazımdır ki, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir.
67. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 77-ci maddəsi sübutetmə vəzifəsinin bölüşdürülməsinin ümumi qaydasını, sübutetmə prosesində məhkəmənin mövqeyini müəyyənləşdirir və mülki prosesin çəkişmə xarakteri daşımasını təsbit edir. İddiaçı iddiasının əsasını təşkil edən halları sübut etməlidir. Həmin hallara mübahisəli hüquq münasibətinin mövcudluğu ilə əlaqədar olan faktlar və cavabdeh tərəfindən iddiaçının hüququnun pozulmasını və mübahisələndirilməsini təsdiqləyən faktlar aiddir. Cavabdeh isə iddiaya qarşı etirazını əsaslandıran faktları sübut etməlidir.
68. Beləliklə, məhkəmə kollegiyası hesab edir ki, iddiaçı öz tələbinin əsası kimi istinad etdiyi halları qanunvericilikdə nəzərdə tutulmuş əsaslarla qismən sübut edə bilmişdir. Cavabdeh isə apellyasiya şikayətinin dəlillərini sübuta yetirə bilməmişdir.
69. Kollegiya yuxarıda qeyd olunan maddi hüquq normalarının tələblərindən çıxış edərək, bildirir ki, hazırkı iş üzrə birinci instansiya məhkəməsinin gəldiyi nəticə işin faktiki hallarına uyğun olmaqla, eyni zamanda ədalətli və qanuni mövqedir.
70. Bu baxımdan, məhkəmə kollegiyası cavabdehin apellyasiya şikayətində göstərdiyi dəlilləri formal mülahizələr kimi qiymətləndirərək hesab edir ki, bu dəlillər birinci instansiya məhkəməsinin qətnaməsinin ləğvi üçün əsas ola bilməz.
71. Beləliklə də, məhkəmə kollegiyası belə nəticəyə gəlir ki, apellyasiya şikayəti təmin edilməməli, hazırkı iş üzrə Sumqayıt Şəhər Məhkəməsinin xx.xx.2025-ci il tarixli, 2(060)-313/2025 nömrəli qətnaməsi mübahisələndirilən hissədə dəyişdirilmədən saxlanılmalıdır.
72. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 382, 384.0.1, 392- 393 və 402.1-ci maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası Qət etdi: Apellyasiya şikayəti təmin edilməsin. Sumqayıt Şəhər Məhkəməsinin xx.xx.2025-ci il tarixli, 2(060)-313/2025 nömrəli qətnaməsi mübahisələndirilən hissədə dəyişdirilmədən saxlanılsın. Qətnamədən kassasiya şikayəti verilə bilməz.