Məhkəmə qərarları › İş №2(010)-247/2022

Bakı Şəhəri Suraxanı Rayon Məhkəməsi Qətnamə — İş №2(010)-247/2022

21.02.2022 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Lizinq müqaviləsi üzrə mübahisələr - Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Mənəvi zərərin ödənilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(010)-247/2022 21.02.2022 BAKI ŞƏHƏRİ SURAXANI RAYON MƏHKƏMƏSİ Hakim Talıbova Leyla Oruc qızının sədrliyi, Mahmudov Ruslan Elxan oğlunun katibliyi, İddiaçı MMC-nin etibarnamə üzrə nümayəndəsi X1 iştirakları ilə, İddiaçı MMC-nin Cavabdeh qarşı “lizinq müqaviləsinin ləğv edilməsi, dəymiş zərər və borcun ödənilməsi” tələbinə dair iddia ərizəsi üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İddiaçı MMC Cavabdeh qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, İddiaçı MMC ilə bağlanmış 12.02.2020-ci il tarixli, MAS-2123 saylı “Daxili lizinq” müqaviləsinin ləğv edilməsi, həmin müqavilə üzrə Cavabdeh 12.02.2020-ci il tarixli, MAS-2123 saylı “Daxili lizinq” müqaviləsinə əsasən lizinq obyektindən müvəqqəti sahiblik və istifadə edilməsinə görə 05.07.2021-ci il tarixə 8.7 manat gecikdirilmiş əsas, 4.64 manat gecikdirilmiş mükafat, 0.63 manat dəbbə pulu, 6234 manat dəymiş zərər olmaqla, ümumilkdə 6247.97 manat borc və ödənilmiş 30.40 manat məbləğində dövlət rüsumunun İddiaçı MMC-nin xeyrinə tutulması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı MMC-nin etibarnamə üzrə nümayəndəsi X2 məhkəmə iclasında iddia tələbini müdafiə edərək bildirmişdir ki, İddiaçı MMC ilə Cavabdeh arasında bağlanmış 12 fevral 2020-ci il tarixli MAS-2123 saylı “Daxili lizinq müqaviləsi”nə əsasən Cavabdeh sifarişi ilə 2019-cu il buraxılışlı, “KHAZAR SD” minik markalı, **-PF-*** dövlət qeydiyyat nişanlı, NVAW01HHFLE220306 ban nömrəli, boz rəngli avtomobil 13300 manat məbləğinə İddiaçı MMC-nin mülkiyyətinə alınmış və sifarişçinin müvəqqəti sahiblik və istifadəsinə verilmişdir. “Daxili lizinq müqaviləsi”nin ayrılmaz tərkib hissəsi olan lizinq ödənişləri cədvəlinə (Əlavə №3) əsasən Cavabdeh illik 17 % hesablanmaqla 48 aylıq müddətə hər ay sabit məbləğ olmaqla 383,77 manat, ümumilikdə isə 18421 manat məbləğində pulu İddiaçı MMC-nin hesabına ödəməyi öhdəsinə götürmüşdür. Ödənilməli olan ümumilikdə 18421 manatın 13300 manatı əsas məbləğ təşkil edir. İddiaçı MMC-nin mülkiyyətində olan Cavabdeh oğlunun müvəqqəti istifadəsinə verilmiş “KHAZAR SD” minik markalı, **-PF-*** dövlət qeydiyyat nişanlı avtomobil 05 iyul 2021-ci il tarixdə yol-nəqliyyat hadisəsi zamanı yararsız vəziyyətə salınmış və servis mərkəzi tərəfindən tərtib olunmuş qüsur aktına əsasən avtomobilə 6234 manat dəyərində ziyan dəymişdir. Cavabdeh tərəfindən lizinq şirkətinə sonuncu ödəniş 08.05.2021-ci il tarixdə 400 manat məbləğində olmuşdur. Eyni zamanda Cavabdeh 12 fevral 2020-ci il tarixli MAS-2123 saylı “Daxili lizinq” müqaviləsi üzrə lizinq obyektinə müvəqqəti sahiblik və istifadə edilməsinə görə 05.07.2021-ci il tarixə 8.7 manat gecikdirilmiş əsas, 4.64 manat gecikdirilmiş mükafat, 0.63 manat dəbbə pulu, ümumilkdə 13.97 manat borcu yaranmışdır. Qeyd olunanlara əsasən iddianın təmin edilməsi barədə qətnamə qəbul edilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə iclasının yeri və vaxtı barədə lazımi qaydada cavabdehə məlumat verilməsinə baxmayaraq, məhkəmə iclasına gəlməmiş, gəlməməsinin səbəbləri barəsində məhkəməyə heç bir məlumat verməmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəllənin 185.5-ci maddəsinə əsasən, məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilmiş cavabdehin gəlməməsinin səbəbləri haqqında məlumat olmadıqda və ya məhkəmə gəlməməyin səbəblərini üzrsüz hesab etdikdə, yaxud məhkəmə cavabdehin icraatı qəsdən yubandırdığını aşkar etdikdə, işə baxmağa haqlıdır. Bu halda qətnamə çəkişmə şəraitində qəbul edilmiş kimi qiymətləndirilərək cavabdehə apelyasiya qaydasında şikayət etmək hüququ verilir. Məhkəmə işə cavabdehin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə iddiaçının nümayəndəsinin izahatını dinləyib, iş materiallarını araşdıraraq belə nəticəyə gəlir ki, iddia qismən təmin edilməlidir. Azərbaycan Respublikası MPM-nin 14.2-ci maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 88-ci maddəsinə əsasən, məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. Qeyd edilən Məcəllənin 106.1-ci maddəsinə əsasən, işdə iştirak edən şəxslərin iş üçün əhəmiyyətli olan və onlara məlum olan faktlar barədə izahatları iş üzrə toplanmış digər sübutlarla yanaşı yoxlanılmalı və qiymətləndirilməlidir. İş materiallarına əlavə olunmuş 12.02.2020-ci il tarixli MAS-2123 saylı daxili lizinq müqaviləsindən və onun 1 saylı əlavəsindən görünür ki, İddiaçı MMC ilə Cavabdeh arasında bağlanmış müqaviləyə əsasən İddiaçı MMC-nin mülkiyyətində olan 2019-cu il buraxılışlı, “KHAZAR SD” minik markalı, NVAW01HHFLE220306 ban nömrəli, boz rəngli avtomobil 13300 manat məbləğinə müvəqqəti lizinqə verilmişdir. İş materiallarına əlavə olunmuş 12.02.2020-ci il tarixli Lizinq Obyektinin təhvil-təslim aktından görünür ki, İddiaçı MMC-nin mülkiyyətində olan “KHAZAR SD” minik markalı, NVAW01HHFLE220306 ban nömrəli, boz rəngli avtomobil 13300 manat məbləğində Cavabdeh təhvil verilmiş, Cavabdeh avtomobili qəbul edərək təhvil almışdır. İş materiallarına əlavə olunmuş daxili lizinqi müqaviləsi üzrə gecikdirilmiş lizinq ödənişlərinin və dəymiş zərərin ödənilməs barədə xəbərdarlıq məktubundan görünür ki, İddiaçı MMC tərəfindən yaranmış borcun və cərimənin ödənilməsi Cavabdeh tələb edilmişdir. İş materiallarına əlavə edilmiş 05.07.2021-ci il tarixli İnzibati Tənbeh vermə haqqında qərara əsasən Cavabdeh İXM-nin 327.1-ci maddəsinə əsasən 40 manat inzibati cərimə olunmuşdur. İş materiallarına əlavə edilmiş Azərmaş MMC servisi tərəfindən verilmiş qüsur aktından müəyyən olunur ki, “KHAZAR SD” minik markalı, ** PF *** dövlət qeydiyyat nişanlı avtomobilin təmiri üçün 6234 manat tələb olunur. İş materiallarına əlavə olunmuş AD№762170 nəqliyyat vasitəsinin qeydiyyat şəhadətnaməsinin surətindən müəyyən olunur ki, KHAZAR SD” minik markalı, ** PF *** dövlət qeydiyyat nişanlı avtomobilin sahibi İddiaçı MMC-dir. Suraxanı Rayon Məhkəməsinin 03.11.2021-ci il tarixli 2(010)-5672/2021 saylı qərardadı ilə iş üzrə məhkəmə-əmtəəşünasılıq ekspertizası təyin edilmiş və ekspertizanın keçirilməsi Azərbaycan Respublikası Məhkəmə Ekspertizası Mərkəzinə tapşırılmışdır. Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin 26.01.2022-ci il tarixli 9/9045 nömrəli rəyi 08.02.2022-ci il tarixində məhkəməyə daxil olmuşdur. Rəydən görünür ki, nəzəri hesablama yolu ilə iş materiallarında olan İddiaçı MMC-nin 06.07.2021-ci il tarixli qüsur aktındakı məlumatlara əsasən avtohissələrin qiymətləri nəzərə alınmaqla, 2019-cu il buraxılışlı, “KHAZAR SD” minik markalı, **-PF-*** dövlət qeydiyyat nişanlı avtomobilin təmir-bərpa xərci hadisə baş verən tarixə təxminən 5900,0 manat müəyyən olunmuşdur. İş materiallarına əlavə edilmiş 12.02.2020-ci il tarixli MAS-2123 saylı daxili lizinq müqaviləsinə 3 saylı əlavədən görünür ki, Cavabdeh illik 17 % hesablanmaqla 48 aylıq müddətə hər ay sabit məbləğ olmaqla 383,77 manat, ümumilikdə isə 18421 manat məbləğində pulu İddiaçı MMC-nin hesabına ödəməyi öhdəsinə götürmüşdür. Məhkəmə iddia tələbi ilə bağlı aşağıdakıları qeyd edir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 385.1-ci maddəsinə əsasən, öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 442-ci maddəsinə əsasən, öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. Həmin məcəllənin 443.1-ci maddəsinə əsasən öhdəliyini icra etməyən borclu kreditora dəymiş zərərin əvəzini ödəməyə borcludur. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 445.1-ci maddəsinə əsasən icranı gecikdirmiş borclu gecikdirmə nəticəsində vurduğu zərər üçün və gecikdirmə zamanı təsadüfən baş vermiş icra mümkünsüzlüyünün nəticələri üçün kreditor qarşısında məsuliyyət daşıyır. Həmin Məcəllənin 445.2.1-ci maddəsinə əsasən, öhdəliyin onun icrası üçün müəyyənləşdirilmiş müddətdə icra edilməməsi borclunun icranı gecikdirməsi sayılır. Həmin məcəllənin 747.1-ci maddəsinə əsasən, lizinq müqaviləsinə görə lizinq verən müəyyən əşyanı müqavilə ilə şərtləşdirilmiş müəyyən haqla, müəyyən müddətə və digər şərtlərlə (lizinq alana əmlakı satın almaq hüququnun verilməsi də daxil olmaqla) lizinq alanın istifadəsinə verməyə borcludur. Lizinq alan müəyyənləşdirilmiş dövriliklə muzd ödəməyə borcludur. Həmin məcəllənin 748-1.12-ci maddəsinə əsasən, Lizinq alan lizinq obyektindən istifadə üçün haqqı müqavilə ilə nəzərdə tutulan ödəniş müddətləri üzrə ardıcıl olaraq iki dəfədən artıq ödəmirsə Lizinq verənin pul məbləğlərini və lizinq obyektini mübahisəsiz geri almaq və bununla da lizinq müqaviləsini vaxtından əvvəl ləğv etmək hüququ vardır. Həmin məcəllənin 748-1.8-ci maddəsinə əsasən, Lizinq müqaviləsinə xitam verildikdən sonra lizinq alan lizinq obyektini normal köhnəlmə (amortizasiya) və ya lizinq müqaviləsi ilə şərtlənən köhnəlmə nəzərə alınmaqla, lizinq verənə ondan aldığı vəziyyətdə (halda) qaytarmalıdır. Həmin məcəllənin 748-2.1-ci maddəsinə əsasən, Lizinq alana müvəqqəti sahibliyə və ya istifadəyə verilmiş lizinq obyekti lizinq verənin mülkiyyətidir. Həmin məcəllənin 748-2.3-cü maddəsinə əsasən, Lizinq verən bu Məcəllənin 748- 1.11-ci maddəsində və lizinq müqaviləsində nəzərdə tutulmuş hallarda lizinq obyektini lizinq alanın sahibliyindən və istifadəsindən geri almaq hüququna malikdir. Beləliklə, iş materiallarından müəyyən edildi ki, İddiaçı MMC ilə Cavabdeh arasında 12.02.2020-ci il tarixli MAS-2123 saylı Daxili lizinq müqaviləsi bağlanmışdır. Həmin müqaviləyə əsasən İddiaçı MMC cavabdehə mülkiyyətində olan “KHAZAR SD” minik markalı, **-PF-*** dövlət qeydiyyat nişanlı, NVAW01HHFLE220306 ban nömrəli, boz rəngli avtomobili 13300 manata lizinqə verilmişdir. İş üzrə İddiaçı MMC müqavilə üzrə üzərinə düşən öhdəliyi yerinə yetirmiş, lakin sonuncu bu müqavilə üzrə öhdəliyi lazımınca icra etməməklə müqavilənin və mülki qanunvericiliyin şərtlərini pozmuşdur. Hazırda cavabdeh iddiaçı təşkilatla bağladıqları müqavilə öhdəliklərini lazımi qaydada yerinə yetirmədiklərinə görə, İddiaçı MMC ona qarşı iddia tələbi irəli sürərək iddia tələbində cavabdehin cəmiyyətə olan müqavilə üzrə lizinq predmeti olan MAS-2123 saylı, 12.02.2020-ci il tarixli Daxili lizinqi müqaviləsinin ləğv edilməsi, həmin müqavilə üzrə ödənilməmiş lizinq ödənişləri üzrə 8.7 manat gecikdirilmiş əsas, 4.64 manat gecikdirilmiş mükafat, 0.63 manat dəbbə pulu, 6234 manat dəymiş zərər ümumilkdə 6247.97 manat məbləğində borcun və 30.40 manat dövlət rüsumunun cavabdehdən tutularaq iddiaçıya ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Məhkəmə iddia tələbinin vurulmuş zərərin tutulması hissəsinə münasibətdə hesab edir ki, ekspertiza rəyinə əsasən avtomobilə vurulmuş zərər 5900 manat təşkil etdiyindən, həmin məbləğ cavabdehdən iddiaçının xeyrinə ödənilməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 107-ci maddəsinə əsasən, məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir. Həmin Məcəllənin 119.1-ci maddəsinə əsasən, məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Beləliklə məhkəmə iş materiallarında olan sübutları araşdırıb belə bir nəticəyə gəlir ki, müqavilədə nəzərdə tutulan öhdəlik lazımınca yerinə yetirilmədiyindən və cavabdeh tərəfindən əsas borc üzrə qismən ödənişlər edildiyindən iddia qismən təmin edilməli, MAS- 665 saylı, 12.02.2020-ci il tarixli Daxili lizinqi müqaviləsinin ləğv edilməli, həmin müqavilə üzrə ödənilməmiş lizinq ödənişləri üzrə 8.7 manat gecikdirilmiş əsas, 4.64 manat gecikdirilmiş mükafat, 0.63 manat dəbbə pulu, 5900 manat dəymiş zərər olmaqla, ümumilkdə 5913,97 manat məbləğində borc və 30.40 manat dövlət rüsumu tutularaq İddiaçı MMC-nin xeyrinə ödənilməlidir. Azərbaycan Respublikası MPM-nin 217.4-cü maddəsinə əsasən, məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Azərbaycan Respublikası MPM-nin 218.3-cü maddəsinə əsasən, hakim işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır. Məhkəmə xərcləri ilə əlaqədar məsələyə münasibətdə məhkəmə belə qənaətə gəlir ki, ekspertiza tədqiqatının dəyəri – 100 (yüz) manat Cavabdeh tutularaq dövlət büdcəsinə ödənilməlidir. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası MPM-nin 119, 216-220, 227, 233, 360-cı maddələrini rəhbər tutaraq məhkəmə QƏT ETDİ: İddia qismən təmin edilsin. İddiaçı MMC ilə Cavabdeh arasında bağlanmış 12.02.2020-ci il tarixli MAS-2123 saylı Daxili lizinq müqaviləsi ləğv edilsin. Cavabdeh 12.02.2020-ci il tarixli MAS-2123 saylı Daxili maliyyə lizinq müqaviləsinə əsasən ödənilməmiş lizinq ödənişləri üzrə 8.7 manat gecikdirilmiş əsas, 4.64 manat gecikdirilmiş mükafat, 0.63 manat dəbbə pulu, 5900 manat dəymiş zərər olmaqla, ümumilkdə 5913,97 (beş min doqquz yüz on üç manat, doxsan yeddi qəpik) manat və 30.40 (otuz manat, qırx qəpik) manat dövlət rüsumu tutularaq İddiaçı MMC-nin xeyrinə ödənilsin. Ekspertiza tədqiqatının dəyəri - 100 (yüz) manat Cavabdeh tutularaq dövlət büdcəsinə ödənilsin. İddia qalan hissədə təmin edilməsin. Qətnamədən 1 (bir) ay müddətində Suraxanı Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apelyasiya Məhkəməsinin Mülki Kollegiyasına apelyasiya şikayəti verilə bilər. Sədrlik edən: Leyla Talıbova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar