Məhkəmə qərarları › İş №2(010)-1189/2023

Bakı Şəhəri Suraxanı Rayon Məhkəməsi Qətnamə — İş №2(010)-1189/2023

03.04.2023 · Ailə münasibətləri üzrə mübahisələr - Alimentin azaldılması
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(010)-1189/2023 03.04.2023 BAKI ŞƏHƏRİ SURAXANI RAYON MƏHKƏMƏSİ Hakim Talıbova Leyla Oruc qızının sədrliyi, Mahmudov Ruslan Elxan oğlunun katibliyi, İddiaçı etibarnamə üzrə nümayəndəsi X1, Cavabdeh etibarnamə üzrə nümayəndəsi X4 iştirakları ilə, İddiaçı Cavabdeh qarşı “alimentin məbləğinin azaldılması” tələbinə dair mülki işə açıq məhkəmə iclasında baxaraq, M Ü Ə Y Y Ə N E T D İ: İddiaçı Cavabdeh qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək Bakı şəhəri Suraxanı rayon Məhkəməsinin 2(010)-1276/2019 saylı, xx.xx.2019-cu il tarixli qətnaməsi ilə müəyyən edilmiş alimentin miqdarı azaldılaraq, birinci nikahdan anadan olmuş xx.xx.2012-ci il təvəllüdlü X5 və xx.xx.2014-ci il X2 yetkinlik yaşına çatana kimi saxlanılması üçün ondan (İddiaçı) hər ay qazancının (başqa gəlirlərinin) 1/3 hissəsi miqdarında alimentin tutulması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddiaçı etibarnamə üzrə nümayəndəsi X3 məhkəmə iclasında izahat verərək bildirmişdir ki, Bakı şəhəri Suraxanı rayon məhkəməsinin 2(010)-1276/2019 saylı xx.xx.2019-cu il tarixli qətnaməsinə əsasən, iddiaçı Cavabdeh İddiaçı qarşı “alimentin artırılması tələbinə dair” iddia ərizəsi təmin edilmiş və bu qətnamə ilə həmin məhkəmənin 2(010)-1557/2018 saylı xx.xx.2018-ci il tarixli qətnaməsi ilə müəyyən edilmiş alimentin miqdarı artırılaraq, xx.xx.2012-ci il təvəllüdlü X5 və xx.xx.2014-ci il X2 yetkinlik yaşına çatana kimi saxlanması üçün İddiaçı hər ay qazancının (başqa gəlirlərinin) 1/3 hissəsi miqdarında, habelə hər ay hər uşağa görə 50 (əlli) manat sabit pul məbləğində alimentin iddiaçının xeyrinə tutulması qət edilmişdir. Belə ki, tərəflər arasında nikah münasibətlərinə Bakı şəhəri Suraxanı rayon məhkəməsinin müvafiq qətnaməsinə əsasən, xx.xx.2018-ci il tarixdə xitam verilmişdir. İddiaçı xx.xx.2021-ci il tarixində 2-ci dəfə X7 ilə nikah bağlamış və həmin nikahdan xx.xx.2022-ci il tarixdə X8 anadan olmuşdur. İddiaçı aylıq pul təminatı işğaldan azad edilmiş ərazilərdə tam ay xidmət etdikdə 1794 manat təşkil edir və bu məbləğin də hər ay 2 uşağa görə 440 manatı aliment qismində ödənilə bilər. Məlum qətnamənin tələbinə görə isə keçən və əvvəlki aylarda iddiaçının aylıq pul təminatından 609 manat və əlavə olaraq 2 uşağa görə 100 (bir yüz) manat sabit pul məbləğində olmaqla, cəmi 709 (yeddi yüz doqquz) manat aliment şəklində pul tutulmuşdur. Bundan əlavə o yenidən nikaha daxil olmuş və yeni ailə həyatı qurması ilə bağlı onun gündəlik və aylıq zəruri xərclərinin artması ümumi ödənişlərin təmin edilməsində bilavasitə çətinlik yaradır. Buna görə də “təyin olunmuş aliment məbləğinin azaldılmasına dair” iddia ərizəsi ilə məhkəməyə müraciət etmək məcburiyyətində qalmışdır. Odur ki, qeyd olunanlara əsasən iddianın təmin edilməsini məhkəmədən xahiş etmişdir. Cavabdeh etibarnamə üzrə nümayəndəsi X10 məhkəmə iclasında iddianı qəbul etməyərək bildirmişdir ki, Cavabdeh İddiaçı ilə rəsmi nikaha daxil olmuş və həmin birgə nikahdan xx.xx.2012-ci il təvəllüdlü X11 və xx.xx.2014-ci il X9 anadan olmuşdur. Tərəflər ailə mübahisələrindən irəli gələn səbəblərə görə nikahlarını pozmaq qərarına gəlmişlər. Hazırda iddia ərizəsində qeyd edilmiş xüsusatlar həqiqətə uyğun deyildir. İddia tamamilə cavabdehi ağır maddi duruma salmaq niyyətini güdür. Belə ki, birgə nikahdan doğulmuş hər iki uşaq uzun müddətdir ki, xəstəliklərdən əziyyət çəkirlər və müntəzəm olaraq müalicə alırlar. Cavabdeh heç yerdə işləmir və atası əlavə maddi yardım etmədiyindən o, məcbur qalaraq uşaqların sağlamlığı ilə bağlı çəkiləcək xərclərin ödənilməsi barədə Suraxanı rayon məhkəməsinə müraciət etmişdir. Hazırda cəmi 400 manat məbləğində uşaqların təminatının normal ödənilməsi yetərli deyildir. Cavabdeh müəyyən olunmuş aliment məbləğindən başqa xəstə uşaqların saxlanmasında əlavə heç bir maddi yardım göstərmir və onların problemləri ilə maraqlanmır, onların qayğısına qalmır, ünsiyyət qurmur. Odur ki, həmin iddia əsassızdır və yalan üzərində qurulduğundan, rədd olunmasını xahiş etmişdir. Məhkəmə iddiaçının nümayəndəsinin və cavabdehin nümayəndəsinin izahatını dinləyib, iş materiallarını araşdırıb hesab edir ki, aşağıdakılara əsasən iddia rədd olunmalıdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə əsasən, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. İş materiallarında olan Suraxanı Rayon Məhkəməsinin xx.xx.2019-cu il tarixli 2(010)- 1276/2019 saylı qətnaməsindən görünür ki, Bakı şəhəri Suraxanı Rayon Məhkəməsinin xx.xx.2018-ci il tarixli 2(010)-1557/2018 saylı qətnaməsi ilə təyin edilmiş alimentin məbləği dəyişdirilmiş, İddiaçı qətnamə qanuni qüvvəyə mindiyi gündən xx.xx.2012-ci il təvəllüdlü X5 və xx.xx.2014-cü il təvəllüdlü X2 yetkinlik yaşına çatanadək saxlanılması üçün hər ay qazancının (başqa gəlirlərinin) 1/3 hissəsi miqdarında aliment və hər ay hər uşağa 50 manat sabit pul məbləğində aliment Cavabdeh xeyrinə ödənilməsi qət edilmişdir. İş materiallarında olan Suraxanı rayon Qeydiyyat şöbəsi tərəfindən verilmiş AZ-İ seriyalı 358977 saylı nikahın pozulması haqqında şəhadətnamənin surətindən müəyyən olunur ki, İddiaçı və Cavabdeh arasındakı nikah xx.xx.2018-ci il tarixdə pozulmuşdur. İş materiallarına əlavə edilmiş 3 saylı Bakı Asan Xidmət Mərkəzi Qeydiyyat şöbəsi tərəfindən verilmiş doğum haqqında şəhadətnamənin surətindən görünür ki, X8 xx.xx.2022-ci il tarixdə anadan olmuşdur. Atası İddiaçı, anası X6r. İş materiallarında olan Azərbaycan Respublikası Müdafiə Nazirliyi tərəfindən verilmiş iş yerinə dair xx.xx.2023-cü il tarixli arayışdan görünür ki, İddiaçı, həqiqətən N nömrəli hərbi hissədə xidmət edir və onun aylıq pul təminatı işğaldan azad edilən ərazilərdə tam ay xidmət etdikdə 1794,07 manat və ildə bir dəfə olmaqla məzuniyyət pulu 615,15 manat təşkil edir. İş materiallarına əlavə edilmiş ilkin mediasiya sessiyasında iştirak edilməməsi barədə MŞB/8/2023-00006 saylı xx.xx.2023-cü il tarixli arayışdan görünür ki, xx.xx.2023cü il tarixdə saat 14:00-15:00-dək keçirilən iclasda İddiaçı iştirak etmiş və 50 manat mediasiyaya dair xərc ödəmişdir. Azərbaycan Respublikası Konstitusiyasının 34-cü maddəsinin İV bəndinə əsasən ər ilə arvadın hüquqları bərabərdir. Uşaqlara qayğı göstərmək, onları tərbiyə etmək valideynlərin həm hüququ, həm də borcudur. Birləşmiş Millətlər Təşkilatının Uşaq Hüquqları haqqında Konvensiyasının 3-cü maddəsinə əsasən uşaqlar barəsində bütün tədbirlərdə əsas diqqət uşaq mənafelərinin daha yaxşı təmin edilməsinə yönəldilir, istər bu tədbirlər sosial təminat məsələləri ilə məşğul olan dövlət idarələri və ya özəl idarələr tərəfindən görülsün, istərsə də məhkəmələr, inzibati və ya qanunvericilik orqanları tərəfindən. Azərbaycan Respublikası Ailə Məcəlləsinin 75.1-ci maddəsinə əsasən valideynlər uşaqlarını saxlamağa borcludurlar. Uşaqlarını saxlamağın qayda və formasını valideynlər müstəqil müəyyən edirlər. Valideynlər bu Məcəllənin 16-cı fəslinə uyğun olaraq yetkinlik yaşına çatmayan uşaqlarını saxlamaq barədə saziş (aliment ödənilməsi barədə saziş) bağlamaq hüququna malikdirlər. Valideynlər uşaqlarını saxlamadıqda uşaqların saxlanması üçün vəsait (aliment) valideynlərdən məhkəmə qaydasında tutulur (75.1-75.4cü maddələr). Həmin Məcəlləsinin 76-cı maddəsinə əsasən, aliment ödənilməsi barədə razılıq olmadıqda uşaqlar üçün onların valideynlərindən məhkəmə tərəfindən hər ay bir uşağa görə-qazancın və (və ya) valideynlərin başqa gəlirlərinin dörddə bir hissəsi, iki uşağa görəqazancın və (və ya) valideynlərin başqa gəlirlərinin üçdə bir hissəsi, üç və daha çox uşağa görə qazancın (başqa gəlirlərin) yarısı miqdarında aliment tutulur. Həmin Məcəllənin 78.1-ci maddəsinə görə valideynlər arasında yetkinlik yaşına çatmayan uşaqlara aliment ödənilməsi barədə saziş yoxdursa, eləcə də aliment verməyə borclu olan valideynin qazancı (gəliri) qeyri-müntəzəm, dəyişən olarsa, ya da qazancın (gəlirin) hamısını və ya bir hissəsini həmin valideyn natura və ya xarici valyuta ilə alırsa, yaxud onun qazancı və ya sair gəliri yoxdursa, habelə alimentin valideynin qazancından (gəlirindən) müəyyən hissə kimi tutulması mümkün olmadığı, çətinlik törətdiyi və tərəflərdən birinin marağını əhəmiyyətli dərəcədə pozduğu başqa hallarda, uşaqların saxlanması üçün vəsait tutulmasını tələb edən şəxsin xahişi ilə alimentin miqdarı məhkəmə tərəfindən hər ay ödənilməli olan sabit pul məbləğində və ya eyni zamanda, həm sabit pul məbləğində, həm də bu Məcəllənin 76-cı maddəsinə uyğun olaraq qazancın (gəlirin) müəyyən hissəsi kimi müəyyən edilə bilər. Həmin Məcəllənin 78.2-ci maddəsinə əsasən isə sabit pul məbləğinin miqdarı məhkəmə tərəfindən tərəflərin maddi və ailə vəziyyəti, diqqətəlayiq olan digər hallar nəzərə alınmaqla uşağın əvvəlki təminatının səviyyəsinin mümkün qədər maksimal saxlanması əsas tutularaq müəyyən edilir. Azərbaycan Respublikası Ailə Məcəlləsinin 112.1.-ci maddəsinə əsasən aliment ödənilməsi barədə saziş olmadıqda məhkəmə tərəfindən alimentin miqdarı müəyyən olunduqdan sonra tərəflərdən birinin ailə və ya maddi vəziyyətində dəyişiklik olmuşsa, məhkəmə tərəflərdən istənilən birinin tələbi ilə alimentin müəyyən olunmuş miqdarını dəyişə bilər və ya aliment ödəməli olan şəxsi tərəflərin diqqətəlayiq başqa maraqlarını da nəzərə almaqla aliment ödəməkdən azad edə bilər. Beləliklə, qanunvericiliyin birmənalı və imperativ qaydada müəyyən etmişdir ki, yalnız tərəflərdən birinin 1) ailə və ya 2) maddi vəziyyətində dəyişikliyin baş verməsi alimentin miqdarının dəyişilməsi (artırılması və ya azaldılması) üçün əsas ola bilər. Hər hansı digər hallar alimentin dəyişdirilməsi üçün əsas ola bilməz. Digər əsaslarla alimentin miqdarının dəyişdirilməsi alimentlə bağlı hüquq münasibətləri ilə ziddiyət təşkil edir. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin «Azərbaycan Respublikası Ailə Məcəlləsinin 76, 78 və 112-ci maddələrinin şərh edilməsinə dair» 27 iyul 2016-cı il tarixli qərarında qeyd olunmuşdur ki, alimentin miqdarı müəyyən olunarkən məhkəmə ilk növbədə, Ailə Məcəlləsinin 76.2 və 78.2-ci maddələrinə əsasən tərəflərin maddi və ailə vəziyyətini, diqqətəlayiq digər halların və uşağın əvvəlki təminatının səviyyəsini nəzərə almalıdır. Alimentin miqdarının dəyişdirilməsi (artırılması və ya azaldılması) barədə tələbə baxarkən məhkəmə bu Qərarda formalaşdırılan hüquqi mövqeyi rəhbər tutaraq alimentin miqdarı müəyyən olunduqdan sonra tərəflərdən birinin ailə və ya maddi vəziyyətində hansı dəyişikliyin olduğunu müəyyən etməli və alimentin miqdarının dəyişdiriləcəyi təqdirdə bunun uşağın təminat səviyyəsinə və aliment ödəyənin maddi vəziyyətinə təsirini nəzərə almalıdır. Qanunvericiliklə isə aliment məbləğinin müəyyən edilməsi zamanı bir sıra halların araşdırılmalı olduğunu tələb edir. Məhkəmə iş üzrə sübutlara Mülki Prosessual Məcəllənin 88-ci maddəsinin tələblərinə uyğun olaraq obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət vermiş, iddia ərizəsində qoyulmuş tələb üzrə nəticəyə gələrkən isə Mülki Prosessual Məcəllənin 217.4-cü maddəsində təsbit edilmiş bilavasitəlilik prinsipinə uyğun olaraq yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlara əsaslanmışdır. Məhkəmə tərəfindən müəyyən olunmuşdur ki, İddiaçı N nömrəli hərbi hissənin divizion komandirinin müavini vəzifəsində işləyir və onun aylıq əmək haqqının məbləği 933,65 manat və hər ay nəzərdə tutulmuş aliment ödənişi 411,22 manat, ildə bir dəfə olmaqla məzuniyyət pulu 615,95 manat təşkil edir. İddiaçı aylıq pul təminatı işğaldan azad edilən ərazilərdə tam ay xidmət etdiyi təqdirdə 1794,07 manat təşkil edir. Tərəflər arasında mübahisə hər ay hər uşağa görə tutulan 50 manat, cəmi 100 manat sabit pul məbləğində alimentin azaldılması ilə bağlıdır. Lakin iş materiallarından görünür ki, İddiaçı aylıq əmək haqqının məbləği 933,65 manat təşkil edir və iki uşağa görə əmək haqqının 1/3 hissəsi 311.21 manat təşkil edir ki, bu da bir uşaq üçün müəyyən olunmuş yaşayış minimumundan aşağıdır. İddiaçı işğaldan azad edilən ərazilərdə ay ərzində tam olaraq və uzun müddət ərzində xidmət etməsi barədə heç bir sübut təqdim etməmişdir. Yuxarıda qeyd olunanları nəzərə alaraq məhkəmə belə qənaətə gəlir ki, əsas diqqət yetkinlik yaşına çatmamış uşağın mənafeyinə, uşağın maddi cəhətdən təmin olunmasına yönəlməlidir. Belə ki, valideynlər boşandıqdan sonra da uşağın əvvəlki təminatını saxlamalı və onun mümkün qədər maksimal dərəcədə saxlanılmasına çalışmalıdırlar. Azərbaycan Respublikasında bir uşaq üçün yaşayış minimumunun 220 manat olmasını nəzərə alaraq, məhkəmə hesab edir ki, İddiaçı Cavabdeh qarşı alimentin azaldılması tələbinə dair iddia tələbi təmin oluna bilməz. Məhkəmə hesab edir ki, iddiaçının tələbi təmin edilmədiyindən ödənilmiş rüsumu onun özünə aid edilməlidir. Yuxarıdakılara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 360 -cı maddələrini rəhbər tutaraq, məhkəmə Q Ə T E T D İ: İddiaçı Cavabdeh qarşı “aliment məbləğinin azaldılması” tələbinə dair iddia ərizəsi təmin olunmasın. Ödənilmiş dövlət rüsumu iddiaçıya aid edilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı şəhəri Suraxanı Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti verilə bilər. Sədrlik edən Leyla Talıbova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar