Məhkəmə qərarları › İş №2(010)-1197/2025

Bakı Şəhəri Suraxanı Rayon Məhkəməsi Qətnamə — İş №2(010)-1197/2025

05.02.2025 · Ailə münasibətləri üzrə mübahisələr - Alimentin təyin edilməsi tələbi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(010)-1197/2025 05.02.2025 BAKI ŞƏHƏRİ SURAXANI RAYON MƏHKƏMƏSİ Hakim Məmmədov Tural Nurulla oğlunun sədrliyi, məhkəmə iclas katibi X5 oğlunun katibliyi, İddiaçı, Cavabdeh iştirakı ilə İddiaçı Cavabdeh qarşı alimentin təyin edilməsi tələbinə dair iddiası üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq, məhkəmə aşağıdakı qərarı qəbul etdi. İddia tələbi

1. İddiaçı Cavabdeh qarşı alimentin təyin edilməsi tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, birgə nikahdan doğulmuş xx.xx.2018-ci il təvəllüdlü X2 və xx.xx.2019-cu il təvəllüdlü X1 yetkinlik yaşına çatana qədər saxlanılması üçün hər ay hər uşaq üçün 246 (iki yüz qırx altı) manat, ümumilikdə 492 (dörd yüz doxsan iki) manat məbləğində alimentin 2024-cü ilin yanvar ayından hesablanaraq cavabdehdən tutulması və mediasiyanın keçirilməsinə dair ödədiyi 60 (altmış) manat məbləğində rüsumun cavabdehdən alınaraq ona verilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.

İddia tələbinin dəlilləri

2. Cavabdehlə xx.xx.2017-ci il tarixdə 2979 №-li reyestr qeydi ilə 4 saylı Bakı Asan Xidmət X3 rəsmi nikaha daxil olmuşlar. Birgə nikahdan xx.xx.2018-ci il təvəllüdlü X2 və xx.xx.2019-cu il təvəllüdlü X4 doğulmuşdur. Əvvəllər münasibətləri normal olsa da, sonradan münasibətləri daha da gərginləşmişdir. Cavabdeh yüngül həyat tərzi keçirmiş və 2024-cü ilin yanvar ayında uşaqları onun üstünə ataraq evi tərk etmişdir. Suraxanı Rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli 2(010)-3774/2024 saylı qətnaməsinə əsasən nikahın pozulması və barışıq sazişinə əsasən uşaqların onun himayəsində saxlanılması qət olunmuşdur. Uşaqlar hal-hazırda onun yanındadır, uşaqları saxlamaq onun üçün çox çətindir. Belə ki, uşağın saxlanılması xərcləri günü-gündən artır, onların saxlanılması üçün daha çox məbləğə ehtiyac duyulur.

Tərəflərin izahatları

3. Məhkəmə iclasında İddiaçı iddia ərizəsində qeyd olunanlara uyğun izahat verərək iddia tələbinin təmin edilməsini xahiş etdi. Əlavə olaraq qeyd etdi ki, uşaqlara tək başına baxa bilmir, ona görə də, aliment məbləğinə ehtiyacı vardır.

4. Məhkəmə iclasında Cavabdeh bildirdi ki, iddia tələbini qəbul etmir.

İş materialları

5. AZ-İV seriyalı, 086957 nömrəli doğum haqqında şəhadətnamənin surətindən görünür ki, X2 xx.xx.2018-ci il tarixdə anadan olmuşdur. Atası İddiaçı, anası Cavabdehdır.

6. AZ-İV seriyalı, 279345 nömrəli doğum haqqında şəhadətnamənin surətindən görünür ki, X4 xx.xx.2019-cu il tarixdə anadan olmuşdur. Atası İddiaçı, anası Cavabdehdır.

7. xx.xx.2024-cü il tarixli Barışıq Sazişindən görünür ki, tərəflər – birinci tərəf İddiaçı ilə ikinci tərəf Cavabdeh aralarında bağlanmış nikahın pozulması, birgə nikahdan doğulmuş xx.xx.2018-ci il təvəllüdlü X2 və xx.xx.2019-cu il təvəllüdlü X1 atalarının yanında qalmaları, İddiaçı Cavabdeh qarşı aliment tələbinin olmaması, Cavabdeh övladları ilə ünsiyyətdə olması şərtləri barədə razılığa gəlmişdirlər.

8. Bakı şəhəri Suraxanı Rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli 2(010)-3774/2024 saylı qətnaməsindən görünür ki, iddia təmin edilmiş və İddiaçı ilə Cavabdeh arasında xx.xx.2017-ci il tarixdə 4 saylı Bakı Asan Xidmət X3 bağlanmış və nikahın bağlanması haqqında akt qeydləri kitabında 2979 nömrə ilə qeyd edilmiş nikahın pozulması qət edilmişdir.

İşin faktiki halları

9. Tərəflərin rəsmi nikaha daxil olması, bu nikahdan iki övladlarının doğulması, daha sonra, tərəflər arasında mediasiya təşkilatında uşaqların atanın himayəsində qalmaları ilə bağlı sazişin başlanması, tərəflər arasında nikahın pozulması və hazırda uşaqların iddiaçının yanında olması işin faktiki hallarını təşkil edir. İddiaçı hazırkı iddia tələbində cavabdehlə rəsmi nikahdan doğulan övladlarının saxlanması üçün tələbdə qeyd olunan miqdarda aliment tələb edir. Tələbində ona əsaslanır ki, mediasiya sazişində o, cavabdehdən aliment tələb etməyəcəyi razılaşsa da, lakin sonradan maddi vəziyyətində dəyişiklik baş vermiş və o indi aliment istəməyə məcbur olmuşudur. Cavabdeh iddia tələbini qəbul etmir. Etirazını onunla əsaslandırır ki, o uşaqların iddiaçıda qalmasına razılaşanda iddiaçının ona qarşı aliment tələbinin olmayacağının müqabilində razılaşmışdır. Nə qədər ki, belə razılıq var, hesab edir ki, aliment tutula bilməz.

Tətbiq edilən hüquq

10. Azərbaycan Respublikası Konstitusiyası

Maddə 17. Ailə, uşaqlar və dövlət İİ. Uşaqların qayğısına qalmaq və onları tərbiyə etmək valideynlərin borcudur. Maddə 34. Nikah hüququ İV. Ər ilə arvadın hüquqları bərabərdir. Uşaqlara qayğı göstərmək, onları tərbiyə etmək valideynlərin həm hüququ, həm də borcudur.

11. Azərbaycan Respublikası Ailə Məcəlləsi

Maddə 56. Valideynlərin hüquq və vəzifələrinin bərabərliyi 56.1. Valideynlər öz uşaqları barəsində bərabər hüquq və vəzifələrə malikdirlər. Maddə 75. Valideynlərin uşaqlarını saxlamaq vəzifəsi 75.1. Valideynlər uşaqlarını saxlamağa borcludurlar. 75.4. Valideynlər uşaqlarını saxlamağa borcludurlar. Valideynlər uşaqlarını saxlamadıqda uşaqlarının saxlanması barədə vəsait (aliment) valideynlərdən məhkəmə qaydasında tutulur. Maddə 100. Alimentin tutulması barədə tələbin verilməsi müddətləri 100.2 Aliment məhkəməyə müraciət edildiyi vaxtdan tutulur.

12. Uşaq Hüquqları haqqında Qanun

5. Dövlət orqanları, bütün fiziki və hüquqi şəxslər öz fəaliyyətində uşaqların mənafelərini üstün tutmalı, onların hüquqlarının təmin olunmasına şərait yaratmalıdırlar. Həmin Qanunun 19-cu maddəsinin 1-ci bəndinə əsasən uşağın maddi və mənəvi tələbatlarının təmin edilməsi, hüquq və mənafelərinin mühafizəsi valideynlərin əsas vəzifələridir.

13. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsi

Maddə 234. Qətnamənin icra edilməsi. 34.2. Aşağıdakı qətnamələr dərhal icra olunur: 234.2.1. şəxsin saxlanılması üçün vəsaitlərin, o cümlədən alimentlərin alınması haqqında;

14. “Nikahın pozulması, boşanmadan sonra yetkinlik yaşına çatmayan uşaqların valideynlərdən hansının yanında qalması və uşaqlar üçün valideynlərdən aliment tutulması tələbinə dair işlərə baxılarkən qanunvericiliyin məhkəmələr tərəfindən tətbiqi təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 28 mart 2016-cı il tarixli, 8-2/2016 saylı qərarı

8.2. Uşağın Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş minimum dolanacaq xərclərindən az olmayan maddi təminat almaq hüququ vardır (“Uşaq hüquqları haqqında” Azərbaycan Respublikası Qanununun 13-cü maddəsi). Nikahın pozulması ilə əlaqədar uşağın valideynlərdən birinin himayəsinə verilməsi, uşağa qulluq, onun sağlamlıq, təhsil, inkişaf, məişət qayğılarının çəkilməsinin uşağın himayəsində olduğu valideynin üzərinə düşməsi, qanunvericiliklə müəyyən edilmiş minimum dolanacaq xərclərindən az olmayan maddi təminatın aliment kimi digər valideyndən tutulmasına əsas verir. Aliment ödəyən əmək qabiliyyətli valideynin rəsmi olaraq heç bir yerdə işləməməsi və qazanca malik olmaması onu uşağı saxlamaq, qanunvericiliklə müəyyən olunmuş minimum dolanacaq xərclərindən az olmayan maddi təminatı ödəmək vəzifəsindən azad etmir.

15. Azərbaycan Respublikasında 2024-cü il üçün yaşayış minimumu haqqında Azərbaycan Respublikasının Qanunu

Maddə 1. Əhalinin əsas sosial-demoqrafik qrupları üzrə yaşayış minimumunun məbləği 2024-cü il üçün yaşayış minimumu ölkə üzrə 270 manat, əmək qabiliyyətli əhali üçün 287 manat, pensiyaçılar üçün 222 manat, uşaqlar üçün 235 manat məbləğində müəyyən edilsin.

16. “Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun bəzi qərarlarında dəyişiklik edilməsi barədə” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 20 dekabr 2024-cü il tarixli, 15 nömrəli qərarı.

8.4-1. Ailə Məcəlləsinin 110.2-ci maddəsinə əsasən alimentin indeksasiyası məqsədi üçün məhkəmə tərəfindən onun miqdarı müəyyən olunmuş minimum əmək haqqı məbləğinin müəyyən mislinə uyğun sabit pul məbləğində müəyyən edilir. İstinad edilən maddənin tələbindən göründüyü kimi məhkəmələr sabit pul məbləğində aliment təyin edərkən onun miqdarını ölkə üzrə minimum əmək haqqı məbləğinin müvafiq misli həddində müəyyən etməlidirlər (məsələn, Məhkəmə 2024-cü ildə bir uşağın saxlanmasına görə alimentin tutulması barədə iddiaya baxarkən alimenti 255 manat həddində müəyyən etmək istəyirsə, həmin il üzrə minimum əmək haqqı məbləğinin 0,74 mislində (345 x 0,74 = 255 manat) alimentin tutulması barədə qətnamə qəbul etməklə, qətnamənin nəticə hissəsini “xx.xx.xxxx tarixindən başlayaraq yetkinlik yaşına çatmayan A-nın saxlanılması üçün B-dən C-nin xeyrinə sonrakı artımlar nəzərə alınmaqla, hər ay ölkə üzrə müəyyən olunmuş minimum əmək haqqının 0,74 misli həddində sabit pul məbləğində aliment tutulsun” məzmununda ifadə etməlidir).

Məhkəmənin mövqeyi

17. Məhkəmə iş materiallarını və işin faktiki hallarını araşdıraraq, tərəflərin izahatını dinləyərək, işdə olan sənədləri tədqiq edərək və sübutları qiymətləndirərək hesab edir ki, aşağıda göstərilənlərə əsasən iddia qismən təmin edilməlidir.

18. Məhkəmə qeyd edir ki, yuxarıda qeyd olunan hallardan göründüyü kimi tərəflər rəsmi nikah münasibətində olmuş, daha sonra nikah pozulmuş, mediasiya orqanında imzalanan barışıq sazişinə əsasən uşaqlar iddiaçının yanında qalmış və iddiaçı cavabdehdən aliment tələb etməmişdir. Hazırda iddiaçı həmin münasibətdən anadan olan övladları - xx.xx.2018-ci il təvəllüdlü X2 və xx.xx.2019-cu il təvəllüdlü X1 yetkinlik yaşına çatanadək saxlanılması üçün hər ay hər uşaq üçün 246 manat sabit pul məbləğində aliment təyin edilməsini tələb edir. Məhkəmə, cavabdehin daha əvvəl iddiaçı ilə aralarında bağlanmış mediasiya sazişinə görə iddiaçının ondan aliment tələb etməmək barədə öhdəliyinin olması və bu səəbdən hazırkı tələbin rədd edilməsi barədə etirazı ilə razılaşmır. Belə ki, qeyd edilməlidir ki, tərəflər arasında mediasiya orqanında bağlanmış barışıq sazişi ikitərəfli əqd olmaqla, tərəflər arasında birgə nikahdan olan uşaqlara görə onları himayəsində saxlayan tərəfin aliment istəmədiyini müəyyən etmişdir. O da nəzərə alınmalıdır ki, mahiyyətinə görə aliment tələbi davam edən münasibətdir və müxtəlif faktorların təsiri ilə bu münasibətlər də dəyişir. Hazırkı işdə barışıq sazişində (ikitərəfli əqddə) aliment tələb edilməməsi barədə razılıq müəyyən müddət sonra iddiaçını qane etmədiyinə görə o cavabdehə bu məsələ ilə bağlı yeni mediasiya təklifi göndərmiş, başqa sözlə əvvəlki razılaşmadan çıxdığını göstərmişdir. Hazırkı münasibətlərin davam edən xarakterli olmasını nəzərə alaraq, məhkəmə iddiaçının tələbini qanuni və əsaslı hesab edir. Bu xüsusda cavabdehin etirazı ilə razılaşmır.

19. Təyin ediləcək alimnetə gəldikdə isə, məhkəmə qeyd edir ki, iddiaçı aliment tələbində uşaqlar üçün yaşayış minimumu həddinə əsaslansa da, lakin qanunvericiliyin tələbinə görə yetkinlik yaşına çatmayanlar üçün aliment təyin edilərkən əsas meyar kimi cari il üzrə müəyyən edilmiş minimum əmək haqqı məbləği əsas götürülməlidir. Belə ki, əgər aliment ödəməli olan şəxsin aylıq gəlirləri barədə başqa məlumatlar yoxdursa, məhz bu meyara əsaslanmaqla aliment miqdarı müəyyən edilir. Məhkəmə qeyd edir ki, uşaqların maddi və mənəvi tələbatlarının qarşılanması, onlara qulluq və qayğı göstərmək hər iki valideynin vəzifəsidir. Bu baxımdan məhkəmə yetkinlik yaşına çatmayan uşaqların yaşını, qida və digər zəruri xərclərə tələbatını, qanunvericiliyin tələbinə görə hər iki valideyinin uşağı saxlamağa borclu olduğunu nəzərə alaraq hesab edir ki, cavabdehdən iddiaçının xeyrinə yetkinlik yaşına çatmayan uşaqların saxlanılması üçün aliment tutulması qanuni və əsaslıdır.

20. Alimentin tutulma qaydasında münasibətdə isə məhkəmə AR Ali Məhkəməsinin yuxarıda qeyd olunan “Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun bəzi qərarlarında dəyişiklik edilməsi barədə” 20 dekabr 2024-cü il tarixli, 15 nömrəli qərarının 8.4-1-cü bəndinə uyğun olaraq qeyd edir ki, Cavabdeh xx.xx.2018-ci il təvəllüdlü X2 və xx.xx.2019-cu il təvəllüdlü X1 yetkinlik yaşına çatanadək saxlanılması üçün sonrakı artımlar nəzərə alınmaqla, hər ay hər uşaq üçün ölkə üzrə müəyyən olunmuş minimum əmək haqqının 0.43 misli həddində aliment tutularaq İddiaçı ödənilməlidir. Məhkəmə bu formada aliment tutulmasını müəyyən edərkən ilk növbədə yetkinlik yaşına çatmayan uşaqların mənafeyini nəzərə alır.

21. Alimentin hansı tarixdən hesablanmalı olmasına gəldikdə isə qeyd edilməlidir ki, iddiaçı öz tələbində aliment məbləğinin 2024-cü ilin yanvar ayından hesablanmasını xahiş etsə də, lakin AR Ailə Məcəlləsinin 100.2-ci maddəsində alimentin məhkəməyə müraciət edildiyi vaxtdan tutulduğu təsbit edilmişdir. Bu baxımdan məhkəmə hesab edir ki, yuxarıda qeyd olunan qaydada aliment iddiaçının iddia ərizəsi ilə məhkəməyə müraciət etdiyi vaxtdan, yəni xx.xx.2024-cü il tarixdən hesablanmalıdır. Məhkəmə xərcləri

22. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 107-ci maddəsinə əsasən, məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir. Həmin Məcəllənin 119.1-ci maddəsinə görə, məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Məhkəmə hesab edir ki, iddia qismən təmin edildiyindən iş üzrə ödənilmiş 60 manat mediasiya xərci cavabdehdən tutularaq iddiaçıya ödənilməlidir.

23. Yuxarıda qeyd olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220-ci maddələrini rəhbər tutaraq, məhkəmə

qət etdi: İddia qismən təmin edilsin. Cavabdeh xx.xx.2024-cü il tarixdən hesablanmaqla xx.xx.2018-ci il təvəllüdlü X2 və xx.xx.2019-cu il təvəllüdlü X1 yetkinlik yaşına çatanadək saxlanılması üçün sonrakı artımlar nəzərə alınmaqla, hər ay hər uşaq üçün ölkə üzrə müəyyən olunmuş minimum əmək haqqının 0.43 misli həddində aliment tutularaq İddiaçı ödənilsin. İş üzrə ödənilmiş 60 manat mediasiya xərci Cavabdeh tutularaq İddiaçı ödənilsin. Qətnamə alimentə aid hissədə dərhal icra edilsin. Qətnamədən onun tərəflərə rəsmi qaydada təqdim edildiyi gündən 1 (bir) ay müddətində Bakı şəhəri Suraxanı Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, tərəflərə rəsmi qaydada təqdim edildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar