Məhkəmə qərarları › İş №2(010)-1207/2021

Bakı Şəhəri Suraxanı Rayon Məhkəməsi Qətnamə — İş №2(010)-1207/2021

11.02.2021 · Ailə münasibətləri üzrə mübahisələr - Alimentin təyin edilməsi tələbi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(010)-1207/2021 11.02.2021 BAKI ŞƏHƏRİ SURAXANI RAYON MƏHKƏMƏSİ Hakim Məmmədov Tural Nurulla oğlunun sədrliyi, Məhkəmə iclas katibi Məhərrəmov Orxan Kazım oğlunun katibliyi, İddiaçı Cavabdeh iştirakı ilə, İddiaçı Cavabdeh qarşı “aliment” tələbinə dair iddia ərizəsi üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq, məhkəmə Müəyyən etdi: İddiaçı Cavabdeh qarşı “aliment” tələbi ilə məhkəməyə müraciət edərək, xx xxxx 2018-ci il tarixdə doğulmuş Əzizli Nuray Rövşən qızının yetkinlik yaşına çatanadək saxlanılmaları üçün cavabdehdən xx xxxxxxxx 2020-ci il tarixdən başlayaraq sabit pul məbləğində 170 manat alimentin tutulmasını xahiş etmişdir. İşə məhkəmədə baxılarkən İddiaçı məhkəməyə iddia tələbinin həcminin azaldılması barədə ərizə təqdim edərək, alimentin tutulmasının əvvəlinin iddia ərizəsi məhkəməyə verildiyi tarixdən, yəni xx.xx.2021-ci il tarixdən hesablanmasını xahiş etmişdir. İddiaçı tələbini onunla əsaslandırmışdır ki, o, Cavabdeh ilə ailə qurmuş, nikahları xx xxxx 2018-ci il tarixdə 4 saylı Bakı “ASAN” xidmət mərkəzinin Qeydiyyat şöbəsində qeydə alınmışdır. Birgə nikahdan xx xxxx 2018-ci il tarixdə qızları Əzizli Nuray Rövşən qızı anadan olmuşdur. Ailə həyatı qurulmasından bir il keçməmiş cavabdehin ona qarşı münasibəti zəifləmişdir. Dəfələrlə uşaqlarının xəstələnməsinə baxmayaraq cavabdeh onlara kömək etməmişdir, buna görə o, həmişə atasından kömək almışdır. Cavabdeh onlara maddi yardım göstərmədiyinə görə hazırkı iddia ilə məhkəməyə müraciət etmişdir. Məhkəmə iclasında iştirak edən İddiaçı iddia ərizəsində qeyd olunanlara uyğun izahat verib iddianın təmin olunması barədə qətnamə qəbul edilməsini məhkəmədən xahiş etdi. Məhkəmə iclasında Cavabdeh iddia tələbini qəbul edərək, tələb edilən aliment məbləğinə etirazının olmadığını bildirdi. Məhkəmə iddiaçını və cavabdehi dinləyib, iş materiallarını nəzərdən keçirərək hesab edir ki, iddia təmin olunmalıdır. Belə ki, iş materiallarında olan: - AZ-İİ 278946 № li nikah haqqında şəhadətnamənin təsdiq edilmiş surətindən görünür ki, Cavabdeh ilə İddiaçı xx.xx.2018-ci ildə nikah bağlamışlar. Arvada Əzizli soyadı verilmişdir. - AZ-İV 105523 № li doğum haqqında şəhadətnamənin təsdiq edilmiş surətindən görünür ki, Əzizli Nuray Rövşən qızı xx.xx.2018-ci ildə anadan olmuşdur. Atası Cavabdeh, anası İddiaçıdır. Beləliklə, məhkəmə iclasında iddiaçı və cavabdehin izahatından, mülki işin materiallarından müəyyən olundu ki, iddiaçı ilə cavabdeh rəsmi nikaha daxil olaraq evlənmiş, birgə nikahlarından bir uşaqları doğulmuşdur. Hazırda tərəflərin arasındakı nikah mövcuddur və onların birgə nikahından doğulmuş yetkinlik yaşına çatmayan uşağları anası – iddiaçının himayəsindədir. Azərbaycan Respublikası Ailə Məcəlləsinin 75-ci maddəsinə əsasən, valideynlər uşaqlarını saxlamağa borcludurlar. Valideynlər uşaqlarını saxlamadıqda uşaqların saxlanılması üçün vəsait (aliment) valideynlərdən məhkəmə qaydasında tutulur. Azərbaycan Respublikası Ailə Məcəllənin 78.1-ci maddəsində isə göstərilmişdir ki, valideynlər arasında yetkinlik yaşına çatmayan uşaqlara aliment ödənilməsi barədə saziş yoxdursa, eləcə də aliment verməyə borclu olan valideynin qazancı qeyri-müntəzəm, dəyişən olarsa uşaqların saxlanılması üçün vəsait tutulmasını tələb edən şəxsin xahişi ilə alimentin miqdarı məhkəmə tərəfindən hər ay ödənilməli olan sabit pul məbləğində və ya eyni zamanda həm sabit pul məbləğində, həm də bu Məcəllənin 76-cı maddəsinə uyğun olaraq qazancın müəyyən hissəsi kimi müəyyən edilə bilər. «Azərbaycan Respublikasında 2021-ci il üçün yaşayış minimumu haqqında» Azərbaycan Respublikasının Qanunu ilə 2021-ci il üçün yaşayış minimumu ölkə üzrə uşaqlar üçün 175 manat məbləğində müəyyən edilmişdir. Qeyd olunanları nəzərə alan məhkəmə Cavabdeh qızı xx xxxx 2018-ci il təvəllüdlü Əzizli Nuray Rövşən qızının saxlanılması üçün hər ay 170 (bir yüz yetmiş) manat sabit pul məbləğində alimentin tutulmasını məqsədə və qanuna müvafiq olması qənaətinə gəlir. «Uşaq hüquqları haqqında» Konvensiyanın 3-cü maddəsinin tələbinə görə, sosial təminat məsələləri ilə məşğul olan dövlət idarələri və ya özəl idarələr, habelə məhkəmələr, inzibati orqanlar, yaxud qanunvericilik orqanları tərəfindən həyata keçirilibkeçirilməməsindən asılı olmayaraq, uşaqlar barəsində görülən bütün tədbirlərdə uşağın maraqlarının daha yaxşı təmin edilməsinə ilk növbədə diqqət yetirilir. «Uşaq hüquqları haqqında» Azərbaycan Respublikası Qanununun 3-cü maddəsinin tələbinə görə, uşaqlar barəsində dövlət siyasəti hər bir uşağın zəruri maddi və məişət şəraitində böyüyüb tərbiyyə olunmasının, mütərəqqi tələblər əsasında təhsil almasının, layiqli vətəndaş kimi formalaşmasının təmin edilməsinə yönəldilir. Həmin Qanunun 13-cü maddəsinin tələbinə görə isə, uşağın qanunvericiliklə müəyyən edilmiş minimum dolanacaq xərclərindən az olmayan maddi təminat almaq hüququ vardır. Azərbaycan Respublikası Ailə Məcəlləsinin 100.2-ci maddəsinə əsasən aliment məhkəmə qərarı ilə tutulduqda aliment məhkəməyə müraciət edildiyi tarixdən tutulur. Belə olan halda, məhkəmə hesab edir ki, alimentin tutulması, iddia ərizəsi məhkəməyə daxil olduğu tarixdən, başqa sözlə xx.xx.2021-ci il tarixdən başlayaraq hesablanmalıdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Azərbaycan Respublikası MPM-nin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 119.1-ci maddəsinin tələblərinə görə məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Məhkəmə hesab edir ki, cavabdehdən əlavə olaraq 30 manat dövlət rüsumu tutularaq dövlət büdcəsinə ödənilməlidir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 234.2.1-ci maddəsinə əsasən şəxsin saxlanılması üçün vəsaitlərin, o cümlədən alimentlərin tutulması haqqında qətnamələr dərhal icra olunur. Qeyd edilənlərə əsasən, Azərbaycan Respublikası MPM-nın 216-220, 233.1, 360, 362-ci və Azərbaycan Respublikası Ailə Məcəlləsinin 21-23-cü maddələrini rəhbər tutaraq məhkəmə Q ə t e t d i: İddia təmin edilsin. Cavabdeh xx.xx.2021-ci il tarixdən hesablanmaqla xx.xx.2018-ci il təvəllüdlü Əzizli Nuray Rövşən qızının yetkinlik yaşına çatanadək saxlanılması üçün hər ay 170 (bir yüz yetmiş) manat sabit pul məbləğində aliment tutularaq İddiaçı ödənilsin. Cavabdeh dövlət rüsumunun əvəzi olaraq 30 manat məbləğində pul tutularaq dövlət büdcəsinə ödənilsin. Qətnamə dərhal icra edilsin. Qətnamədən onun tərəflərə rəsmi qaydada təqdim edildiyi gündən 1 (bir) ay müddətində Bakı şəhəri Suraxanı Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, qəbul edildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Qətnamədən apellyasiya şikayəti verilməsi onun icrasını dayandırmır. Hakim Tural Məmmədov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar