Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(010)-1284/2021 19.05.2021 BAKI ŞƏHƏRİ SURAXANI RAYON MƏHKƏMƏSİ Hakim Talıbova Leyla Oruc qızının sədrliyi, Mahmudov Ruslan Elxan oğlunun katibliyi, İddiaçı və Cavabdeh1 iştirakları ilə. İddiaçı cavabdehlər Cavabdeh1, Cavabdeh3, X3 və 18 saylı notariat kontoruna qarşı mənzilə köçürülmə, bağışlama müqaviləsinin etibarsız hesab olunması və birgə nikah dövründə əldə olunmuş əmlakın bölünməsi tələbinə dair mülki işə açıq məhkəmə iclasında baxaraq, M Ü Ə Y Y Ə N E T D İ: İddiaçı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək 25.12.2020-ci il tarixdə Bakı şəhəri 18 saylı Notariat ofisində bağlanmış Bakı şəhəri, Suraxanı rayonu, Yeni Günəşli qəsəbəsi, Müstəqilliyin 20 illiyi küçəsi 6 saylı evin, 22 saylı mənzilinə dair bağışlama müqaviləsinin, Beyləqan rayonu, Təzəkənd kəndində yerləşən torpaq sahəsinin özgəninkiləşdirilməsinə etiraz etməməsi barədə ərizənin, ərizələrdəki imzaların etibarsız hesab olunması və onun Bakı şəhəri, Suraxanı rayonu, Yeni Günəşli qəsəbəsi Müstəqilliyin 20 illiyi küçəsi 6 saylı evin, 22 saylı 3 otaqlı mənzilinə köçürülməsi, birgə nikah dövründə əldə edilmiş əmlakların 1/2 hissədə paylara bölünməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddiaçı məhkəmə iclasında iddia tələbini müdafiə edərək bildirmişdir ki, o 16.03.2009-cu il tarixdə Cavabdeh1 ilə rəsmi nikaha daxil olmuş və həmin nikahdan 07.09.2014-cü ildə Rəsul, 29.01.2013-cü ildə Fidan və 03.09.2020-ci ildə Məleykə adlı uşaqları doğulmuşdur. 24.12.2020-ci il tarixdə saat 00:00 radələrində əri Cavabdeh1 onu döyərək xəsarətlər yetirmiş, rayonda yaşayan anasına zəng edərək Bakıya çağırmış, onu əvvəlcə yaşadığı mənzildə, sonra istifadəsində olan avtomobildə döyərək Bakı şəhəri 18 saylı Notariat Ofisinə aparmış hədə-qorxu gələrək sənədləri imzalatdırmışdır. Cavabdeh1 onun lüt şəkillərini telefon vasitəsilə sosial şəbəkədə paylaşacağı və azyaşlı uşaqları ondan alması ilə təhdid etmişdir. Buna görə də o notariat orqanında həmin bağışlama müqavilələrinə imza etməyə məcbur olmuşdur. O Beyləqan rayonu, Təzəkənd kəndində yerləşən torpaq sahəsinin bağışlanmasına görə ərizəni 25.07.2020-ci il tarixdə və Bakı şəhəri, Suraxanı rayonu, Yeni Günəşli qəsəbəsi Müstəqilliyin 20 illiyi küçəsi 6 saylı evin, 22 saylı mənzilinin bağışlanmasına görə ərizəni isə 25.12.2020-ci il tarixdə vermişdir. Torpaq sahəsinin bağışlanmasına görə ərizəni ona görə vermişdir ki, o həyat yoldaşı Cavabdeh1 güvənmişdir. Mənzilin bağışlanmasına görə ərizəni isə ona görə vermişdir ki, cavabdeh onu başqa şəxslərlə yazışmalarını, şəkillərini paylaşması ilə təhdid etmişdir. Qeyd olunanlara əsasən Bakı şəhəri, Suraxanı rayonu, Yeni Günəşli qəsəbəsi, Müstəqilliyin 20 illiyi küçəsi 6 saylı evin, 22 saylı mənzilinə dair bağışlama müqaviləsinin, Beyləqan rayonu, Təzəkənd kəndində yerləşən torpaq sahəsinin özgəninkiləşdirilməsinə etiraz etməməsi barədə ərizənin, ərizələrdəki imzaların etibarsız hesab olunması və onun Bakı şəhəri, Suraxanı rayonu, Yeni Günəşli qəsəbəsi Müstəqilliyin 20 illiyi küçəsi 6 saylı evin, 22 saylı 3 otaqlı mənzilinə köçürülməsi, birgə nikah dövründə əldə edilmiş əmlakların 1/2 hissədə paylara bölünməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Cavabdeh1 iddia tələbini qəbul etməyərək bildirmişdir ki, Beyləqan rayonu, Təzəkənd kəndində yerləşən torpaq sahəsi əvvəlcə onun qardaşı Etibarın mülkiyyətində olmuş və 29.03.2015-ci ildə X9 həmin torpaq sahəsini ona bağışlamışdır. 25.07.2020-ci il tarixdə isə o həmin torpaq sahəsini yenidən X3 bağışlamışdır və İddiaçı bununla bağlı ərizə verərək torpaq sahəsinin bağışlanmasına etiraz etməmişdir. Bakı şəhəri, Suraxanı rayonu, Yeni Günəşli qəsəbəsi, Müstəqilliyin 20 illiyi küçəsi 6 saylı evin, 22 saylı mənzilini isə 27.01.2018-ci il tarixdə alqı-satqı müqaviləsi ilə almış, lakin həmin mənzil hal-hazırda anasına məxsusdur. İddiaçı ailədə ona xəyanət etmiş və bununla bağlı olaraq onun bir sıra mesajlarını və şəkillərini aşkara çıxardığından ailə münasibətləri pozulmuşdur. O iddiaçını bununla bağlı təhdid etməmiş, lakin ailə münasibətləri pozulduğundan nikaha xitam verilməsi ilə bağlı məhkəməyə müraciət etmişdir. İddiaçı heç bir təsir olmadan bağışlama müqavilələrini imzalamış, notariat orqanında isə notarius ona bağışlama müqaviləsinin imzalaması və bunun hüquqi nəticələrini izah etmişdir. Bundan başqa məhkəmənin icraatında azyaşlı uşaqların onun himayəsində saxlanılması ilə bağlı başqa iddia tələbi vardır. Qeyd olunanlara əsasən iddianın rədd olunması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Digər cavabdehlər məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq məhkəmə iclasında iştirak etməmiş və 18 saylı notariat kontoru nümayəndəsinin iştirakını təmin etməmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəllənin 185.5-ci maddəsinə əsasən, məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilmiş cavabdehin gəlməməsinin səbəbləri haqqında məlumat olmadıqda və ya məhkəmə gəlməməyin səbəblərini üzrsüz hesab etdikdə, yaxud məhkəmə cavabdehin icraatı qəsdən yubandırdığını aşkar etdikdə, işə baxmağa haqlıdır. Bu halda qətnamə çəkişmə şəraitində qəbul edilmiş kimi qiymətləndirilərək cavabdehə apellyasiya qaydasında şikayət etmək hüququ verilir. Məhkəmə işə cavabdehlərin və 18 saylı notariat kontorunun nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə iddiaçının və cavabdehin izahatını dinləyib, iş materiallarını araşdıraraq hesab edir ki, iddia təmin edilməməlidir. Belə ki, iş materiallarına əlavə edilmiş Beyləqan rayon İHB-nın Təzəkənd kəndi üzrə nümayəndəliyi tərəfindən verilmiş nikah haqqında haqqında şəhadətnamənin surətindən görünür ki, Cavabdeh1 ilə Muradova (Zeynalova) Maya Füzuli qızı 16.03.2009cu il tarixdə nikahlarını bağlamışlar. Nikah bağlandıqdan sonra ərə Zeynalov, arvada Zeynalova soyadı verilmişdir. İş materiallarına əlavə edilmiş “Elektron notariat” Avtomatlaşdırılmış informasiya sisteminin 25.12.2020-ci il tarixli çıxarışın surətindən görünür ki, İddiaçı Cavabdeh1 məxsus Bakı şəhəri, ünvan 1 ünvanında yerləşən evin bağışlanmasına etiraz etməmişdir. İş materiallarına əlavə edilmiş “Elektron notariat” Avtomatlaşdırılmış informasiya sisteminin 25.07.2020-ci il tarixli çıxarışın surətindən görünür ki, İddiaçı, Cavabdeh1 məxsus Beyləqan rayonu, Təzəkənd kəndi ünvanında yerləşən torpaq sahəsinin bağışlanmasına etiraz etməmişdir. İş materiallarına əlavə edilmiş “Elektron notariat” Avtomatlaşdırılmış informasiya sisteminin 23.05.2018-ci il tarixli çıxarışın surətindən görünür ki İddiaçı X4 məxsus Bakı şəhəri, ünvan 3 ünvanında yerləşən evin bağışlanmasına etiraz etməmişdir. İş materiallarına əlavə olunmuş 05.01.2021-ci il tarixli cinayət işinin başlanılmasının rədd edilməsi haqqında qərarın surətindən müəyyən olunur ki, İddiaçı müraciəti əsasında toplanılmış materiallarda Cavabdeh1 əməlində cinayət tərkibi olmadığından material üzrə cinayət işinin başlanılması rədd edilmişdir. İş materiallarında olan Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti Hüquqların X8 Daşınmaz Əmlakın Dövlət Reyestrindən verilmiş çıxarışın surətindən müəyyən edilir ki, Bakı şəhəri, ünvan 3 ünvanında yerləşən ev X1 adına Daşınmaz Əmlakın Dövlət Reyestrində 2874 nömrəli reyestr kitabının 268082 nömrəli vərəqində qeydiyyata alınmışdır. İş materiallarına əlavə edilmiş 24.05.2018-ci il tarixli daşınmaz əmlakın bağışlanması müqaviləsinin surətindən görünür ki, “hədiyyə verən” X10 Bakı şəhəri, Suraxanı rayonu,Yeni ünvan 4 ünvanında yerləşən mənzilin tam mülkiyyət üzrə “hədiyyə alan” X5 bağışlanmışdır. İş materiallarına əlavə edilmiş AN-İ seriyalı № ******* saylı 27.01.2018-ci il tarixli daşınmaz əmlakın alqı-satqı müqaviləsindən görünür ki, X7 Bakı şəhəri, ünvan 5 ünvanında yerləşən mənzili Cavabdeh1 satmışdır. İş materiallarında olan Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti Hüquqların X8 Daşınmaz Əmlakın Dövlət Reyestrindən verilmiş çıxarışın surətindən müəyyən edilir ki, Bakı şəhəri, ünvan 5 ünvanında yerləşən ev Cavabdeh1 adına Daşınmaz Əmlakın Dövlət Reyestrində 2023 nömrəli reyestr kitabının 186969 nömrəli vərəqində qeydiyyata alınmışdır. İş materiallarına əlavə edilmiş 28.12.2020-ci il tarixli daşınmaz əmlakın bağışlanması müqaviləsinin surətindən görünür ki, “hədiyyə verən” Cavabdeh1 Bakı şəhəri, ünvan 6 ünvanında yerləşən mənzilin tam mülkiyyət üzrə “hədiyyə alan” Cavabdeh3 bağışlanmışdır. İş materiallarına əlavə edilmiş 25.07.2020-ci il tarixli daşınmaz əmlakın bağışlanması müqaviləsinin surətindən görünür ki, “hədiyyə verən” Zeynalov X12 rayonu, Təzəkənd kəndində yerləşən ümumi sahəsi 1.58 ha torpaq sahəsinin tam mülkiyyət üzrə “hədiyyə alan” X3 bağışlanmışdır. İş materiallarında olan Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti Hüquqların X8 Daşınmaz Əmlakın Dövlət Reyestrindən verilmiş çıxarışın surətindən müəyyən edilir ki, Beyləqan rayonu, Təzəkənd kəndində yerləşən 1.58 ha torpaq sahəsinin tam mülkiyyət üzrə X2 adına Daşınmaz Əmlakın Dövlət Reyestrində 1 nömrəli reyestr kitabının 69 nömrəli vərəqində qeydiyyata alınmışdır. Azərbaycan Respublikası MPM-nin 14.2-ci maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 88-ci maddəsinə əsasən, məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. Qeyd edilən Məcəllənin 106.1-ci maddəsinə əsasən, işdə iştirak edən şəxslərin iş üçün əhəmiyyətli olan və onlara məlum olan faktlar barədə izahatları iş üzrə toplanmış digər sübutlarla yanaşı yoxlanılmalı və qiymətləndirilməlidir. Məhkəmə iddia tələbi ilə bağlı aşağıdakıları qeyd edir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin: 324.1-ci maddəsinə əsasən, Əqd mülki hüquq münasibətinin əmələ gəlməsinə, dəyişdirilməsinə və ya xitamına yönəldilmiş birtərəfli, ikitərəfli və ya çoxtərəfli iradə ifadəsidir. 324.2-ci maddəsinə əsasən, əqdlər birtərəfli və müqavilə şəklində (ikitərəfli və ya çoxtərəfli) ola bilər. 337.1-ci maddəsinə əsasən, bu Məcəllədə müəyyənləşdirilmiş şərtləri pozmaqla bağlanmış əqd etibarsızdır. Etibarsız əqdlər mübahisə edilən əqdlər və ya əhəmiyyətsiz əqdlər ola bilər. 337.2.-ci maddəsinə əsasən, Əqd barəsində mübahisə edildikdə əqd bağlandığı andan etibarsızdır. Müqavilənin mübahisə edilməsi müqavilənin digər tərəfinə iradə ifadəsinin bildirilməsi yolu ilə həyata keçirilir. Digər tərəfə münasibətdə həyata keçirilmiş birtərəfli əqd həmin şəxsə qarşı mübahisə edilir. Bu Məcəllənin 337.3.-cü maddəsinə əsasən əhəmiyyətsiz əqd məhkəmə tərəfindən etibarsız sayılıb-sayılmamasından asılı olmayaraq özlüyündə etibarsız olan əqddir. Həmin Məcəllənin 337.4-cü maddəsinə əsasən etibarsız əqd onun etibarsızlığı ilə bağlı nəticələr istisna olmaqla, hüquqi nəticələrə səbəb olmur. Bu cür əqd bağlandığı andan etibarsızdır. Həmin Məcəllənin 339.5-ci maddəsinə əsasən Əgər 339.1, 339.2 və 339.4-cü maddələrdə göstərilən əsaslardan biri üzrə əqd etibarsız sayılmışdırsa, bu Məcəllənin 337.5-ci maddəsinin qaydaları tətbiq edilir. Bundan başqa, digər tərəf hakimiyyətdən suiistifadə nəticəsində zərərçəkənə vurduğu real zərərin əvəzini ödəyir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 390.1.-ci maddəsinin tələbinə əsasən fiziki və hüquqi şəxslər azad surətdə müqavilələr bağlaya və bu müqavilələrin məzmununu müəyyənləşdirə bilərlər. Onlar bu Məcəllədə nəzərdə tutulmayan, lakin ona zidd olmayan müqavilələr də bağlaya bilərlər. Həmin Məcəllənin 390.3.-cü maddəsinə əsasən müqavilə bağlamaq vəzifəsinin bu Məcəllədə və ya könüllü götürülmüş öhdəlikdə nəzərdə tutulduğu hallar istisna olmaqla, müqavilə bağlamağa məcburetməyə yol verilmir. Həmin Məcəllənin 340.2.-ci maddəsinə əsasən yalan əqd başqa əqdi pərdələmək məqsədi ilə bağlanan əqddir. Yalan əqd əhəmiyyətsizdir. Yalan əqdə onun mahiyyəti nəzərə alınmaqla, tərəflərin həmin əqdi bağlayarkən əslində nəzərdə tutduqları əqdə aid olan qaydalar tətbiq edilir. Azərbaycan Respublikası MM-nin 666.1.-ci maddəsinə əsasən bağışlama müqaviləsi sağ ikən bağlanan elə müqavilədir ki, onun əsasında hədiyyə verən öz əmlakının bir hissəsini bağışlamaqla hədiyyə alanı zənginləşdirir, həm də bu cür bağışlama hədiyyə alan tərəfindən heç bir cavab xidməti ilə şərtləndirilmir. Bağışlama müqaviləsi hədiyyə alanın hədiyyəni qəbul etməsi ilə bağlanmış sayılır. Əgər bağışlama öhdəliklə şərtləndirilməyibsə, hədiyyənin qəbul edildiyi ehtimal olunur. Həmin Məcəllənin 673-cü maddəsinə əsasən hədiyyə verən aşağıdakı hallarda bağışlamaqdan imtina edə bilər: 673.1.1. hədiyyə alan hədiyyə verənin və ya onun yaxın qohumunun barəsində ağır cinayət törətdikdə; 673.1.2. hədiyyə alan ailə hüquq münasibətlərinə uyğun olaraq onun üzərinə qoyulmuş vəzifələri hədiyyə verənin və ya onun yaxın qohumlarının biri barəsində kobudcasına pozduqda; 673.1.3. o, bağışlama ilə bağlı öhdəlikləri əsassız olaraq icra etmədikdə. 673.2. Hədiyyə verən bağışlamaq barəsində verdiyi vədi aşağıdakı hallarda ləğv edə və onun icrasından imtina edə bilər: 673.2.1. bu Məcəllənin 673.1-ci maddəsində nəzərdə tutulan hallarda; 673.2.2. vəd verildikdən sonra hədiyyə verənin əmlak münasibətləri bağışlamanı onun üçün son dərəcə ağır yükə çevirə biləcəyi dərəcədə dəyişdikdə; 673.2.3. vəd verildikdən sonra hədiyyə verənin ailə hüquq münasibətləri üzrə əvvəllər olmamış, yaxud çox cüzi həcmdə olmuş öhdəlikləri yarandıqda. 673.3. İmtina yalnız onun əsasının hədiyyə verənə məlum olduğu gündən bir il ərzində imtina haqqında bildirişin hədiyyə alana çatdığı halda qüvvədədir. Hədiyyə verənin həmin ilin sonunadək öldüyü halda imtina hüququ qalan müddət üçün onun vərəsələrinə keçir. Əgər hədiyyə alan hədiyyə verəni qəsdən öldürmüşsə və ya bağışlamanı ləğv etməkdə ona mane olmuşsa, hədiyyə verənin vərəsələri bağışlamaqdan imtina edə bilərlər. 673.4. Bağışlamaqdan imtina edildikdə hədiyyə alan, əgər bağışlanmış predmet onun mülkiyyətindədirsə, hədiyyəni qaytarmağa borcludur. Azərbaycan Respublikası MPM-nin 77.1-ci maddəsinə görə hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 78.1-ci maddəsinə görə sübutlar işdə iştirak edən şəxslər tərəfindən birinci instansiya məhkəməsinə təqdim edilir. Həmin Məcəllənin 217.4.-cü maddəsinə əsasən məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. İddiaçı məhkəmə iclasında 25.12.2020-cı ildə bağlanmış bağışlanma müqavilələrinin etibarsız hesab edilməsini xahiş etsə də, həmin müqavilələrin etibarsız hesab edilməsi ilə bağlı olaraq heç bir tutarlı dəlil gətirməmişdir. İddiaçı cavabdeh tərəfindən təhdid edildiyini qeyd etsə də, bununla bağlı olaraq hüquq mühafizə orqanına müraciət etməmiş, notariat orqanında bağışlama müqaviləsini imzaladığını anlamış və hüquqi nəticələri ilə tanış olmuşdur. Bundan başqa iddiaçı üç müxtəlif vaxtlarda, yəni 23.05.2018-ci il tarixdə Bakı şəhəri, ünvan 7 ünvanında yerləşən evin bağışlanmasına, 25.07.2020-ci il tarixdə Cavabdeh1 məxsus Beyləqan rayonu, Təzəkənd kəndi ünvanında yerləşən torpaq sahəsinin bağışlanmasına və 25.12.2020-ci il tarixdə isə Cavabdeh1 məxsus Bakı şəhəri, ünvan 1 ünvanında yerləşən evin bağışlanmasına etiraz etməmişdir. İddiaçı bunu onunla əsaslandırmışdır ki, o həyat yoldaşına etibar etmiş və bununla bağlı olaraq əmlakların başqa şəxslərin adlarına bağışlanmasına etiraz etməmişdir. Məhkəmə hesab edir ki, iddiaçı bağışlama müqaviləsi bağlanan zaman bununla bağlı olaraq öz iradə ifadəsini bildirmiş, o anlaqlı və fəaliyyət qabiliyyəti olan şəxsdir və notariat orqanı tərəfindən bağışlama müqaviləsinin hüquqi nəticələri ona izah olunmuşdur. Azərbaycan Respublikasının Mənzil Məcəlləsinin 30.1.-ci maddəsinə əsasən yaşayış sahəsi mülkiyyətçisinin ailə üzvlərinə həmin mülkiyyətçi ilə ona məxsus olan yaşayış sahəsində birlikdə yaşayan mülkiyyətçinin arvadı (əri), habelə onun uşaqları və valideynləri aid edilir. Digər qohumlar, mülkiyyətçinin himayəsində olan əmək qabiliyyəti olmayanlar mülkiyyətçi tərəfindən ailə üzvləri kimi yaşayış sahəsinə köçürüldükdə, onun ailə üzvləri hesab edilə bilərlər. Həmin Məcəllənin 30.4.-cü maddəsinə əsasən əgər yaşayış sahəsinin mülkiyyətçisi ilə keçmiş ailə üzvü arasında başqa razılaşma yoxdursa, yaşayış sahəsinin mülkiyyətçisi ilə ailə münasibətlərinə xitam verildikdə, keçmiş ailə üzvünün həmin yaşayış sahəsindən istifadə hüququ saxlanmır. Yaşayış sahəsinin mülkiyyətçisinin keçmiş ailə üzvünün yaşayış sahəsini əldə etməyə və ya yaşayış sahəsindən istifadə hüquqlarını həyata keçirməyə əsasları olmadıqda, yaşayış sahəsinin mülkiyyətçisinin keçmiş ailə üzvünün maddi vəziyyəti və diqqətə layiq digər hallar özünü yaşayış sahəsi ilə təmin etməyə imkan vermədikdə, keçmiş ailə üzvünün göstərilən mülkiyyətçiyə məxsus olan yaşayış sahəsindən müəyyən müddətə istifadə hüququ məhkəmənin qərarı əsasında saxlanıla bilər. Bundan başqa məhkəmə hesab edir ki, İddiaçı mübahisəli mənzilə köçürülmə tələbi də təmin oluna bilməz, belə ki, mübahisəli mənzil hal-hazırda Cavabdeh3 mülkiyyətindədir və iddiaçı isə onun ailə üzvü hesab edilmir. Qeyd olunanlara əsasən məhkəmə hesab edir ki, bağışlama müqavilələrinin etibarsız hesab olunması üçün qanuni əsaslar mövcud olmadığından İddiaçı cavabdehlər Cavabdeh1, Cavabdeh3, X3 və 18 saylı notariat kontoruna qarşı mənzilə köçürülmə, bağışlama müqaviləsinin etibarsız hesab olunması və birgə nikah dövründə əldə olunmuş əmlakın bölünməsi tələbinə dair iddia ərizəsi təmin oluna bilməz. İddia tələbi təmin olunmadığından ödənilmiş dövlət rüsumu iddiaçıya aid edilməlidir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-in 216-220, 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə Q Ə T E T D İ: İddiaçı cavabdehlər Cavabdeh1, Cavabdeh3, X3 və 18 saylı notariat kontoruna qarşı mənzilə köçürülmə, bağışlama müqaviləsinin etibarsız hesab olunması və birgə nikah dövründə əldə olunmuş əmlakın bölünməsi tələbinə dair iddiası təmin edilməsin. Ödənilmiş dövlət rüsumu iddiaçıya aid edilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 ay müddətində Bakı şəhəri Suraxanı Rayon Məhkəməsi vasitəsilə Bakı Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, qəbul edildiyi gündən 1 ay keçdikdən sonra qanuni qüvvəyə minir. Sədrlik edən Leyla Talıbova
Məhkəmə qərarları › İş №2(010)-1284/2021
Bakı Şəhəri Suraxanı Rayon Məhkəməsi Qətnamə — İş №2(010)-1284/2021
19.05.2021 · Mənzil mübahisələri - Mənzilə köçürmə - Ailə münasibətləri üzrə mübahisələr - Ər-arvad arasında əmlak mübahisələri -
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver