Məhkəmə qərarları › İş №2(103)-7227/2021

Bakı Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(103)-7227/2021

25.08.2021 · Mənzil mübahisələri - Mənzilə köçürmə - Ailə münasibətləri üzrə mübahisələr - Ər-arvad arasında əmlak mübahisələri -
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(103)-7227/2021 25.08.2021 BAKI APELLYASİYA MƏHKƏMƏSİ X13 Sarıyevin sədrliyi ilə, Namiq Şamil oğlu Cəfərov və Ziya Allahverdi oğlu Şirinovdan ibarət tərkibdə, Məhkəmə iclas katibi İlahə Novruz qızı Həsənzadənin katibliyi ilə, İddiaçı, Cavabdeh1 iştirakları ilə, Bakı şəhəri Suraxanı rayon Məhkəməsinin 19 may 2021-ci il tarixli, 2(010)-1284/2021 saylı qətnaməsindən İddiaçı tərəfindən verilmiş apellyasiya şikayətinə əsasən mülki işə Bakı Apellyasiya Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək 25.12.2020-ci il tarixdə Bakı şəhəri 18 saylı Notariat ofisində bağlanmış Bakı şəhəri, Suraxanı rayonu, Yeni Günəşli qəsəbəsi, Müstəqilliyin 20 illiyi küçəsi 6 saylı evin, 22 saylı mənzilinə dair bağışlama müqaviləsinin, Beyləqan rayonu, Təzəkənd kəndində yerləşən torpaq sahəsinin özgəninkiləşdirilməsinə etiraz etməməsi barədə ərizənin, ərizələrdəki imzaların etibarsız hesab olunması və onun Bakı şəhəri, Suraxanı rayonu, Yeni Günəşli qəsəbəsi Müstəqilliyin 20 illiyi küçəsi 6 saylı evin, 22 saylı 3 otaqlı mənzilinə köçürülməsi, birgə nikah dövründə əldə edilmiş əmlakların 1/2 hissədə paylara bölünməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılır ki, o, 16.03.2009-cu il tarixdə Cavabdeh1 ilə rəsmi nikaha daxil olmuş və həmin nikahdan 07.09.2014-cü ildə Rəsul, 29.01.2013-cü ildə Fidan və 03.09.2020-ci ildə Məleykə adlı uşaqları doğulmuşdur. 24.12.2020-ci il tarixdə saat 00:00 radələrində əri Cavabdeh1 onu döyərək xəsarətlər yetirmiş, rayonda yaşayan anasına zəng edərək Bakıya çağırmış, onu əvvəlcə yaşadığı mənzildə, sonra istifadəsində olan avtomobildə döyərək Bakı şəhəri 18 saylı Notariat Ofisinə aparmış hədə-qorxu gələrək sənədləri imzalatdırmışdır. Cavabdeh1 onun lüt şəkillərini telefon vasitəsilə sosial şəbəkədə paylaşacağı və azyaşlı uşaqları ondan alması ilə təhdid etmişdir. Buna görə də o, notariat orqanında həmin bağışlama müqavilələrinə imza etməyə məcbur olmuşdur. O Beyləqan rayonu, Təzəkənd kəndində yerləşən torpaq sahəsinin bağışlanmasına görə ərizəni 25.07.2020-ci il tarixdə və Bakı şəhəri, Suraxanı rayonu, Yeni Günəşli qəsəbəsi Müstəqilliyin 20 illiyi küçəsi 6 saylı evin, 22 saylı mənzilinin bağışlanmasına görə ərizəni isə 25.12.2020-ci il tarixdə vermişdir. Torpaq sahəsinin bağışlanmasına görə ərizəni ona görə vermişdir ki, o həyat yoldaşı Cavabdeh1 güvənmişdir. Mənzilin bağışlanmasına görə ərizəni isə ona görə vermişdir ki, cavabdeh onu başqa şəxslərlə yazışmalarını, şəkillərini paylaşması ilə təhdid etmişdir. Bakı şəhəri Suraxanı rayon Məhkəməsinin 19 may 2021-ci il tarixli, 2(010)-1284/2021 saylı qətnaməsi ilə iddia təmin edilməmişdir. Həmin qətnamədən narazı qalan İddiaçı apellyasiya şikayəti verərək, Bakı şəhəri Suraxanı rayon Məhkəməsinin 19 may 2021-ci il tarixli, 2(010)-1284/2021 saylı qətnaməsinin ləğv edilməsini və iddia tələblərinin təmin edilməsi barədə yeni qətnamə qəbul edilməsini xahiş etmişdir. Apellyasiya şikayətinin məzmunu iddia tələbi ilə eynilik təşkil etməklə, şikayətdə məhkəmə tərəfindən maddi və prosessual hüquq normlarının pozulması qeyd olunmuşdur. Məhkəmə kollegiyasının iclasında iştirak edən İddiaçı apelyasiya şikayətinin məzmununa uyğun izahat verərək, apellyasiya şikayətinin təmin edilərək, qətnamənin ləğv edilərək, iddianın təmin edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etdi. Cavabdeh1 apelyasiya şikayətini qəbul etməyərək, birinci instansiya məhkəməsinin qətnaməsinin dəyişdirilmədən saxlanılmasını xahiş etdi. Cavabdehlər Cavabdeh3, X9 və 18 saylı Notariat Kontoruna məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdarlıq edilməsinə baxmayaraq, onlar məhkəmə iclasına gəlməmiş, gəlməməyin səbəbləri haqqında məlumat verməmişlər. Məhkəmə kollegiyası Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 376.2-ci maddəsinə əsasən onların iştirakları olmadan işə baxılmasını mümkün hesab etmişdir. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372-ci maddəsinin apellyasiya baxışının hədləri barədə müddəalarının həmin Məcəllənin 372.1 və 372.7-ci maddələrinin tələbləri baxımından şərh edilməsinə dair” 20 may 2011-ci il tarixli qərarında göstərilmişdir ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.1-ci maddəsinə uyğun olaraq apellyasiya instansiyası məhkəməsi həmin Məcəllənin 372.6-cı maddəsində nəzərdə tutulduğu hallarda birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını mübahisələndirilən hissəsində apellyasiya şikayətinin dəlilləri həcmində yoxlayır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.1 və 372.7-ci maddələrinə uyğun olaraq apellyasiya instansiyası məhkəməsi maddi hüquq normalarına riayət edilməsini birinci instansiya məhkəməsinin qətnaməsinin mübahisələndirilən hissəsində yoxlayır. Bu hədlərdə apellyasiya instansiyası məhkəməsi şikayətin hüquqi mövqeyinə aid dəlillərdən asılı deyil və qətnaməni maddi hüquq normasının pozulması ilə əlaqədar apellyasiya şikayətində göstərilməyən əsaslarla da ləğv edə və dəyişdirə bilər. Məhkəmə kollegiyası prosessual qanunvericiliyin qeyd olunan müddəasını və onun rəsmi şərhinə dair Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun qərarını nəzərə almaqla qeyd edir ki, hazırki halda apellyasiya baxışının hədlərini qətnamənin tam olaraq yoxlanılması təşkil edir. Məhkəmə kollegiyası bu kontekstdə tərəflərin izahatını dinləyib, apellyasiya şikayətinin dəlillərini və işin materiallarını tədqiq edərək hesab edir ki, apellyasiya şikayəti qismən təmin edilməli, qətnamə iddianın rədd edilən və Bakı şəhəri, Suraxanı rayonu, Yeni Günəşli qəsəbəsi, Müstəqilliyin 20 illiyi küçəsi 6 saylı evin, 22 saylı mənzili ilə bağlı təmin edilməyən hissəsində ləğv edilməli, həmin hissədə işdə olan sübutlar əsasında yeni qətnamə qəbul edilməli, qətnamə Beyləqan rayonu, Təzəkənd kəndində yerləşən torpaq sahəsi ilə bağlı hissədə dəyişdirilmədən saxlanılmalıdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəllənin 372.7-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. Həmin Məcəllənin 217.2-ci maddəsinə əsasən qətnamə mübahisəli hüquq münasibətlərinin yarandığı zaman qüvvədə olan maddi hüquq normalarına və işin baxılması zamanı qüvvədə olan prosessual hüquq normalarına uyğun çıxarılmalıdır. Belə ki, işin mübahisəsiz halı ondan ibarətdir ki, İddiaçı və Cavabdeh1 16 mart 2009-cu ildə nikah qeyd etdirməklə ailə qurmuş, onların birgə nikahlarından 2013, 2014 və 2020-ci ildə 3 uşaqları anadan olmuşdur. İş materiallarına əlavə edilmiş “Elektron notariat” Avtomatlaşdırılmış informasiya sisteminin 25.12.2020-ci il tarixli çıxarışın surətindən görünür ki, İddiaçı Cavabdeh1 məxsus Bakı şəhəri, ünvan 1 ünvanında yerləşən evin bağışlanmasına etiraz etməmişdir. İş materiallarına əlavə edilmiş “Elektron notariat” Avtomatlaşdırılmış informasiya sisteminin 25.07.2020-ci il tarixli çıxarışın surətindən görünür ki, İddiaçı, Cavabdeh1 məxsus Beyləqan rayonu, Təzəkənd kəndi ünvanında yerləşən torpaq sahəsinin bağışlanmasına etiraz etməmişdir. İş materiallarına əlavə edilmiş “Elektron notariat” Avtomatlaşdırılmış informasiya sisteminin 23.05.2018-ci il tarixli çıxarışın surətindən görünür ki İddiaçı X3 məxsus Bakı şəhəri, ünvan 3 ünvanında yerləşən evin bağışlanmasına etiraz etməmişdir. İş materiallarına əlavə olunmuş 05.01.2021-ci il tarixli “cinayət işinin başlanılmasının rədd edilməsi haqqında” qərarın surətindən müəyyən olunur ki, İddiaçı müraciəti əsasında toplanılmış materiallarda Cavabdeh1 əməlində cinayət tərkibi olmadığından material üzrə cinayət işinin başlanılması rədd edilmişdir. İş materiallarında olan Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti Hüquqların X8 Daşınmaz Əmlakın Dövlət Reyestrindən verilmiş çıxarışın surətindən müəyyən edilir ki, Bakı şəhəri, ünvan 3 ünvanında yerləşən ev X1 adına Daşınmaz Əmlakın Dövlət Reyestrində 2874 nömrəli reyestr kitabının 268082 nömrəli vərəqində qeydiyyata alınmışdır. İş materiallarına əlavə edilmiş 24.05.2018-ci il tarixli daşınmaz əmlakın bağışlanması müqaviləsinin surətindən görünür ki, “hədiyyə verən” X10 Bakı şəhəri, Suraxanı rayonu,Yeni ünvan 4 ünvanında yerləşən mənzilin tam mülkiyyət üzrə “hədiyyə alan” X4 bağışlanmışdır. İş materiallarına əlavə edilmiş AN-İ seriyalı № ******* saylı 27.01.2018-ci il tarixli daşınmaz əmlakın alğı-satqı müqaviləsindən görünür ki, X7 Bakı şəhəri, ünvan 5 ünvanında yerləşən mənzili Cavabdeh1 satmışdır. İş materiallarında olan Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti Hüquqların X8 Daşınmaz Əmlakın Dövlət Reyestrindən verilmiş çıxarışın surətindən müəyyən edilir ki, Bakı şəhəri, ünvan 5 ünvanında yerləşən ev Cavabdeh1 adına Daşınmaz Əmlakın Dövlət Reyestrində 2023 nömrəli reyestr kitabının 186969 nömrəli vərəqində 13.02.2018-ci ildə qeydiyyata alınmışdır. İş materiallarına əlavə edilmiş 28.12.2020-ci il tarixli daşınmaz əmlakın bağışlanması müqaviləsinin surətindən görünür ki, “hədiyyə verən” Cavabdeh1 Bakı şəhəri, ünvan 6 ünvanında yerləşən mənzilin tam mülkiyyət üzrə “hədiyyə alan” Cavabdeh3 bağışlanmışdır. İş materiallarına əlavə edilmiş 25.07.2020-ci il tarixli daşınmaz əmlakın bağışlanması müqaviləsinin surətindən görünür ki, “hədiyyə verən” Zeynalov X12 rayonu, Təzəkənd kəndində yerləşən ümumi sahəsi 1.58 ha torpaq sahəsinin tam mülkiyyət üzrə “hədiyyə alan” X5 bağışlanmışdır. İş materiallarında olan Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti Hüquqların X8 Daşınmaz Əmlakın Dövlət Reyestrindən verilmiş çıxarışın surətindən müəyyən edilir ki, Beyləqan rayonu, Təzəkənd kəndində yerləşən 1.58 ha torpaq sahəsinin tam mülkiyyət üzrə X2 adına Daşınmaz Əmlakın Dövlət Reyestrində 1 nömrəli reyestr kitabının 69 nömrəli vərəqində 29.07.2020-ci ildə qeydiyyata alınmışdır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin (bundan sonra-MM) 6.2-ci maddəsinə əsasən, fiziki və hüquqi şəxslər mülki hüquqları öz mənafelərini gerçəkləşdirmək üçün iradələrinə uyğun olaraq əldə edir və həyata keçirirlər. Onlar müqavilə əsasında öz hüquq və vəzifələrini müəyyənləşdirməkdə və qanunvericiliyə zidd olmayan hər hansı müqavilə şərtləri qoymaqda sərbəstdirlər. Azərbaycan Respublikası Ailə Məcəlləsinin (bundan sonra-AM) 32.1-ci maddəsinə əsasən, nikah müddətində ər-arvadın əldə etdikləri əmlak onların ümumi birgə mülkiyyəti sayılır. AM-nin 32.2.2-ci maddəsinə əsasən ər-arvadın ümumi gəlirləri hesabına əldə edilən daşınar və daşınmaz əşyalar, qiymətli kağızlar, kredit idarələrinə və s. kommersiya təşkilatlarına qoyulmuş paylar, əmanətlər, kapitaldan olan paylar və əmlakın ər-arvaddan kimin adına əldə olunmasından, yaxud əmanətin kimin adına və ya kim tərəfindən qoyulmasından asılı olmayaraq nikah dövründə ər-arvadın qazandığı hər hansı sair əmlak ər-arvadın ümumi birgə mülkiyyətinə daxildir. AM-nin 32.3-cü maddəsinə əsasən nikah dövründə ev təsərrüfatı ilə, uşaqlara qulluq etməklə məşğul olduğundan və ya digər üzürlü səbəblərə görə müstəqil qazancı olmayan ər (arvad) da ümumi əmlak üzərində hüquqa malikdir. Şərh olunan maddi normalara uyğun olaraq, nikah müddətində ər-arvadın əldə etdikləri əmlak onların ümumi birgə mülkiyyəti hesab olunur. Qanun bu halda ər-arvadın birgə nikah dövründə əldə etdikləri əmlakın ümumi prezumpsiyasını müəyyən edir. Bu o deməkdir ki: 1) birgə nikah dövründə əldə edilmiş əmlakın ümumi əmlak kateqoriyasına aid edilməsi üçün sübut təqdim etməyə ehtiyac yoxdur; 2) birgə nikah müddətində əldə edilmiş bütün əmlak qanunda həmin əmlakın ümumi əmlaka daxil olmasının göstərilib-göstərilməməsindən asılı olmayaraq ümumi əmlak sayılır; 3) hər hansı əmlakın ümumi əmlak siyahısından çıxarılması üçün həmin əmlakın ərin və ya arvadın əmlakı olması barədə qanunun birbaşa göstərişi olmalıdır. Həmçinin, Azərbaycan Respublikası Mülki Məcəlləsinin (bundan sonra-MM) 225.1-ci maddəsinə əsasən, ərlə arvadın nikah dövründə qazandıqları əmlak, əgər nikah kontraktında və ya onlar arasındakı razılaşmada ayrı qayda nəzərdə tutulmayıbsa, onların ümumi mülkiyyətidir. Tədqiq olunmuş sübutlarla müəyyən olunur ki, tərəflər birgə nikah dövründə-yəni 27 yanvar 2018-ci ildə mübahisəli Bakı şəhəri, Suraxanı rayonu, Yeni Günəşli qəsəbəsi, Müstəqilliyin 20 illiyi küçəsi 6 saylı evin, 22 saylı mənzilini almış, Cavabdeh1 mülkiyyət hüquqları 13.02.2018-ci ildə qeydə alınmışdır. İş materiallarına əlavə olunmuş 05.01.2021-ci il tarixli “cinayət işinin başlanılmasının rədd edilməsi haqqında” qərarın surətindən görünür ki, İddiaçı 30.12.2020-ci ildə AR DİN-nin 102 xidmətinə zəng edərək, 25.12.2020-ci ildə saat 00-30 radələrində yaşadığı evdə həyat yoldaşı Cavabdeh1 tərəfindən qısqanclıq zəmnində döyüldüyünü, sonuncunun evdən və uşaqlarından imtina etməsini tələb etməsini, məcburiyyət qarşısında qalaraq, notariusa yaxınlaşaraq, sənədləri imzalamasını qeyd etmişdir. Həmin qərarla müəyyən edilmişdir ki, İddiaçı Cavabdeh1 tərəfindən döyülərək qarının və sol saidin qançırları ilə müşayət olunan xəsarət almışdır. İş materiallarına əlavə edilmiş Bakı şəhəri Suraxanı rayon Məhkəməsinin 15 fevral 2021ci il tarixli, 3(010)-330/2021 saylı qərarın surətindən görünür ki, Cavabdeh1 25 dekabr 2020-ci il tarixdə, saat 00-30 radələrində yaşadıqları Bakı şəhəri, Suraxanı rayonu, Yeni Suraxanı qəsəbəsi, Müstəqilliyin 20 illiyi küçəsi, 6 saylı evin, 22 saylı mənzilində aralarında ailə məişət zəmnində yaranmış mübahisə zamanı, arvadı İddiaçı qəsdən vuraraq, sonuncuya qarının və sol saidin qançırları ilə müşayiət olunan sağlamlığa zərər vurmayan və dərəcəsi təyin edilməyən xəsarətlər yetirməklə döyməsinə görə Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 157-ci maddəsi ilə təqsirli bilinərək, 300 manat məbləğində cərimə növündə inzibati tənbeh tətbiq edilmişdir. Azərbaycan Respublikası Mülki Məcəllənin (bundan sonra-MM) 337.1-ci maddəsinə əsasən bu Məcəllədə müəyyənləşdirilmiş şərtləri pozmaqla bağlanmış əqd etibarsızdır. Etibarsız əqdlər mübahisə edilən əqdlər və ya əhəmiyyətsiz əqdlər ola bilər. MM-nin 337.2-ci maddəsinə əsasən əqd barəsində mübahisə edildikdə əqd bağlandığı andan etibarsızdır. Müqavilənin mübahisə edilməsi müqavilənin digər tərəfinə iradə ifadəsinin bildirilməsi yolu ilə həyata keçirilir. Digər tərəfə münasibətdə həyata keçirilmiş birtərəfli əqd həmin şəxsə qarşı mübahisə edilir. MM-nin 337.3-cü maddəsinə əsasən əhəmiyyətsiz əqd məhkəmə tərəfindən etibarsız sayılıb-sayılmamasından asılı olmayaraq, özlüyündə etibarsız olan əqddir. MM-nin 337.4-cü maddəsinə əsasən etibarsız əqd onun etibarsızlığı ilə bağlı nəticələr istisna olmaqla, hüquqi nəticələrə səbəb olmur. Bu cür əqd bağlandığı andan etibarsızdır. MM-nin 339.4-cü maddəsinə əsasən əqdi bağlayan şəxsi əqdi bağlamağa məcburetmə (zorakılıq və ya hədələmə) ona hüquq verir ki, zorakılığın üçüncü şəxs tərəfindən törədildiyi halda da əqdi mübahisələndirsin. Xaraktercə şəxsə təsir göstərə bilən və ona şəxsən özünü və ya əmlakını real təhlükə gözlədiyini təlqin edə bilən məcburetmə əqdin etibarsızlığına səbəb olur. Məcburetmənin xarakteri qiymətləndirilərkən şəxsin yaşı və cinsi, həyat şəraiti nəzərə alınır. Məcburetmə tərəflərdən birinin arvadına (ərinə), digər ailə üzvlərinə və ya yaxın qohumlarına qarşı yönəldildikdə də əqdin mübahisələndirilməsinə əsas verir. Məcburetmənin məqsədi ilə vasitələrinin bir-birinə uyğun gəlmədiyi hallardan başqa, nə qanuna zidd məqsədlərlə, nə də qanuna zidd vasitələr tətbiq edilməklə həyata keçirilməyən hərəkətlər məcburetmə sayılmır. Tədqiq olunmuş sübutlar əsasında müəyyən olunur ki, İddiaçı həyat yoldaşı olan iş üzrə Cavabdeh1 tərəfindən 25 dekabr 2020-ci il tarixdə saat 00-30 radələrində döyülmüş, həmin gün saat 18-04-də 18 saylı Notariat Kontorunda mübahisəli mənzilin Cavabdeh1 tərəfindən bağışlanmasına etiraz etməməsi barədə ərizə verilmişdir. Mülki qanunvericiliyə əsasən əqdin etibarsızlığı dedikdə, tərəflərin əqd bağladıqları zaman arzu etdikləri hüquqi nəticənin baş verməməsi və əmələ gəlməməsi başa düşülür. Etibarsız əqdlər elə hüquqa zidd hərəkətlərdir ki, bu hərəkətlər əqdin etibarlı olması şərtlərindən heç olmazsa birinə uyğun gəlmədiyinə görə arzu edilən hüquqi nəticəyə səbəb olmur. Qanunda əqdlərin etibarlı olması üçün dörd qrup şərtin (tələbin) olması göstərilir. Bu şərtlər qanunda nəzərdə tutulmuşdur: əqdin subyekt tərkibinə aid edilən şərt, əqdin məzmununa aid edilən şərt, əqddə iradə və iradəni ifadə etmənin vəhdətinə aid edilən şərt, əqdin formasına aid edilən şərt. Bu şərtlərin hamısı olduqda müvafiq əqd etibarlı əqd kimi tanınır və qəbul edilir, habelə subyektlərin əqd bağladıqları zaman cəhd göstərdikləri və arzu etdikləri hüquqi nəticəni doğurur. Göstərilən şərtlərdən hər hansı birinə əməl edilməməsi əqdlərin etibarsızlığına səbəb olur. Əqdin hansı elementinin qüsurlu olmasından asılı olaraq etibarsız əqdlərin dörd növü fərqləndirilir. Subyekt tərkibi qüsurlu olan, iradəsi qüsurlu olan, forması qüsurlu olan, məzmunu qüsurlu olan əqdlər. Göründüyü kimi, İddiaçı tərəfindən birgə nikah dövründə əldə edilmiş mənzilin bağışlanmasına etiraz etməməsi barədə ərizə məcburetmə nəticəsində verildiyindən, həmin ərizənin verilməsinə iddiaçının azad surətdə iradə ifadəsi olmadığından, 28.12.2020-ci il tarixdə Bakı şəhəri 18 saylı Notariat ofisində bağlanmış Bakı şəhəri, Suraxanı rayonu, Yeni Günəşli qəsəbəsi, Müstəqilliyin 20 illiyi küçəsi 6 saylı evin, 22 saylı mənzilinin Cavabdeh1 tərəfindən Cavabdeh3 bağışlama müqaviləsi etibarsız hesab olunmalı, sonuncunun adına verilmiş çıxarış ləğv olunmalıdır. Kollegiya işin hallarını və qanunvericiliyin tələbini nəzərə alaraq hesab edir ki, mənzil birgə nikah dövründə əldə olunmaqla, ümumi birgə mülkiyyət olduğundan, həmin mənzilin 1/2 hissəsinə İddiaçı, 1/2 hissəsinə Cavabdeh1 payları müəyyən edilməli, iddiaçı həmin mənzilə köçürülməlidir. Belə ki, AM-nin 37.1-ci maddəsinə əsasən ər-arvad arasındakı müqavilədə başqa hal nəzərdə tutulmayıbsa, onların ümumi əmlakının bölünməsi zamanı bu əmlakdakı payları bərabər hesab edilir. Kollegiya Beyləqan rayonu, Təzəkənd kəndində yerləşən torpaq sahəsi ilə bağlı qeyd edir ki, həmin torpaq sahəsi “Torpağa mülkiyyət hüququna dair” dövlət aktına (JN-400, KOD ********) əsasən 1995-ci ildə Cavabdeh1 və digər ailə üzvlərinin mülkiyyətinə verilmişdir. İş materiallarından 25.07.2006-cı il tarixli, ********* qeydiyyat nömrəli çıxarışdan görünür ki, Beyləqan rayonu, Təzəkənd kəndində yerləşən 1,58 ha kənd təsərrüfat təyinatlı əkin sahəsi X9 və Cavabdeh1 adına mülkiyyət hüququ ilə qeydiyyata alınmışdır. AM-nin 34.1-ci maddəsinə əsasən nikaha daxil olanadək onlara məxsus olan əmlak, habelə nikah dövründə hədiyyə şəklində və ya vərəsəlik qaydasında, digər əvəzsiz əqdlər üzrə əldə etdikləri əmlak ər-arvadın hər birinin ayrıca mülkiyyətindədir (ər-arvadın hər birinin əmlakıdır). Göründüyü kimi, Beyləqan rayonu, Təzəkənd kəndində yerləşən torpaq sahəsi nikahdan əvvəl Cavabdeh1 mülkiyyətində olduğundan, birgə nikah dövründə əldə edilmiş əmlak hesab edilə bilməz. Digər tərəfdən 25.07.2020-ci il tarixdə Beyləqan rayonu, Təzəkənd kəndində yerləşən torpaq sahəsi ilə bağlı bağışlamağa görə verilmiş ərizənin etibarsızlığı üçün məhkəmə düzgün olaraq qeyd etmişdir ki, sübutlar təqdim olunmamışdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəllənin 14.2, 77.1, 88-ci maddələrinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir; hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir; məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Həmin Məcəllənin 384.0.2-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi qətnaməni tamamilə və ya qismən ləğv edə bilər və birinci instansiya məhkəməsində müəyyən edilmiş hallar və ya əlavə təqdim olunmuş sübutlar əsasında yeni qətnamə qəbul edə bilər. Həmin Məcəllənin 385.1.1, 385.1.2, 385.1.3, 385.1.4-cü maddələrinə əsasən maddi hüquq normalarının və ya prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq edilməməsi; məhkəmənin gəldiyi nəticə üçün mühüm əhəmiyyəti olan bütün faktiki halların aydınlaşdırılmaması; birinci instansiya məhkəməsi tərəfindən müəyyən edilmiş, iş üçün əhəmiyyəti olan halların sübut edilməməsi; birinci instansiya məhkəməsinin qətnamədə göstərilmiş nəticələrinin işin hallarına uyğun gəlməməsi məhkəmə qətnaməsinin apellyasiya qaydasında ləğv edilməsi üçün əsaslardandır. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 382, 384, 392, 393, 405-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası QƏT ETDİ: İddiaçı tərəfindən verilmiş apellyasiya şikayəti qismən təmin edilsin. Hazırkı iş üzrə Bakı şəhəri Suraxanı rayon Məhkəməsinin 19 may 2021-ci il tarixli, 2(010)-1284/2021 saylı qətnaməsi “iddianın rədd olunan” və “Bakı şəhəri, Suraxanı rayonu, Yeni Günəşli qəsəbəsi, Müstəqilliyin 20 illiyi küçəsi 6 saylı evin, 22 saylı mənzili ilə bağlı rədd edilən hissələrdə ləğv edilsin, həmin hissələrdə iş üzrə yeni qətnamə qəbul edilsin. İddia qismən təmin edilsin. 28.12.2020-ci il tarixdə Bakı şəhəri 18 saylı Notariat ofisində bağlanmış Bakı şəhəri, Suraxanı rayonu, Yeni Günəşli qəsəbəsi, Müstəqilliyin 20 illiyi küçəsi 6 saylı evin, 22 saylı mənzilinin Cavabdeh1 tərəfindən Cavabdeh3 bağışlama müqaviləsi etibarsız hesab edilsin, Cavabdeh3 adına verilmiş çıxarış ləğv edilsin. Bakı şəhəri, Suraxanı rayonu, Yeni Günəşli qəsəbəsi, Müstəqilliyin 20 illiyi küçəsi 6 saylı evin, 22 saylı mənzilinin 1/2 hissəsinə İddiaçı, 1/2 hissəsinə Cavabdeh1 payları müəyyən edilsin. İddiaçı Bakı şəhəri, Suraxanı rayonu, Yeni Günəşli qəsəbəsi, Müstəqilliyin 20 illiyi küçəsi 6 saylı evin, 22 saylı mənzilinə köçürülsün. Qətnamə qalan hissədə dəyişdirilmədən saxlanılsın. Qətnamədən şikayət verilməmişdirsə, qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 ay keçdikdən sonra qanuni qüvvəyə minir. Qətnamədən, qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 ay müddətində Bakı Apellyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasına kassasiya şıkayəti verilə bilər. Sədrlik edən Xəyal Sarıyev Hakimlər Namiq Cəfərov Ziya Şirinov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar