Məhkəmə qərarları › İş №2(010)-1333/2023

Bakı Şəhəri Suraxanı Rayon Məhkəməsi Qətnamə — İş №2(010)-1333/2023

06.04.2023 · Ailə münasibətləri üzrə mübahisələr - Alimentin təyin edilməsi tələbi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(010)-1333/2023 06.04.2023 BAKI ŞƏHƏRİ SURAXANI RAYON MƏHKƏMƏSİ Hakim Mahmudova Təranə Nəriman qızının sədrliyi, məhkəmə iclas katibi X4 qızının katibliyi, İddiaçı Əzı̇ zulla qızının, cavabdehin vəkili və nümayəndəsi Vəkil iştirakları ilə, İddiaçı Cavabdeh qarşı “aliment” tələbinə dair iddia ərizəsinə açıq məhkəmə iclasında baxaraq, məhkəmə aşağıdakı qərarı qəbul etdi. İş materialları

1. 4 saylı Bakı “ASAN xidmət” mərkəzi Qeydiyyat şöbəsi tərəfindən 29 mart 2021-ci il tarixdə verilmiş AZ-İİ seriyalı 430782 №-li nikah haqqında şəhadətnamədən görünür ki, Cavabdeh ilə İddiaçı arasında 29 mart 2021-ci ildə nikah bağlanmışdır. Bu barədə nikahın bağlanması haqqında akt qeydləri kitabında 29 mart 2021-ci ildə 476 nömrə ilə qeyd edilmişdir. Nikah bağlandıqdan sonra ərə Həsənov, arvada Həsənova soyadı verilmişdir.

2. 4 saylı Bakı “ASAN xidmət” mərkəzi Qeydiyyat şöbəsi tərəfindən 23 fevral 2017-ci il tarixdə verilmiş AZ-İİİ seriyalı 917712 №-li doğum haqqında şəhadətnamənin notarial qaydada təsdiq edilmiş surətindən görünür ki, X3 24 yanvar 2017-ci ildə doğulmuşdur. Bu barədə doğum haqqında akt qeydləri kitabında 23 fevral 2017-ci il tarixdə 1207 nömrə ilə qeyd edilmişdir. Ata qrafasında Cavabdeh, ana qrafasında İddiaçı qeyd olunmuşdur.

3. 4 saylı Bakı “ASAN xidmət” mərkəzi Qeydiyyat şöbəsi tərəfindən 14 avqust 2018ci il tarixdə verilmiş AZ-İV seriyalı 153586 №-li doğum haqqında şəhadətnamənin notarial qaydada təsdiq edilmiş surətindən görünür ki, X2 19 iyul 2018-ci ildə doğulmuşdur. Bu barədə doğum haqqında akt qeydləri kitabında 14 avqust 2018-ci il tarixdə 4608 nömrə ilə qeyd edilmişdir. Ata qrafasında Cavabdeh, ana qrafasında İddiaçı qeyd olunmuşdur.

4. "xxxx" MMC tərəfindən 23 fevral 2023-cü il tarixdə verilmiş 101 №-li arayışdan görünür ki, Cavabdeh həqiqətən də 04 fevral 2023-cü il tarixindən "xxxx" MMC-də sürücü vəzifəsində işləyir.

5. Əmək müqaviləsinin bağlanması ilə bağlı əmək müqaviləsi bildirişindən görünür ki, Cavabdeh "xxxx" MMC-də sürücü vəzifəsində işləyir və əmək haqqı 345 manat təşkil edir.

6. “Turbo.az” saytından edilmiş çıxarışdan və “Whatsapp” statusundan görünür ki, Cavabdeh satış məqsədilə sayta müxtəlif maşın elanları yerləşdirmiş və əlaqəli şəxs kimi özünü göstərmişdir.

İşin faktiki halları

7. İddiaçı ilə Cavabdeh arasında 29 mart 2021-ci ildə tarixdə nikahın bağlanması və tərəflərin birgə nikahlarından 24 yanvar 2017-ci il təvəllüdlü X3 və 19 iyul 2018-ci il təvəllüdlü X1 doğulması işin mübahisəsiz halıdır.

İddia tələbi

8. İddiaçı Cavabdeh qarşı "aliment" tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, 24 yanvar 2017-ci il təvəllüdlü X3 və 19 iyul 2018-ci il təvəllüdlü X1 yetkinlik yaşına çatana kimi saxlanılması üçün hər ay hər uşaq üçün 220 manat olmaqla, cəmi 440 manat sabit pul məbləğində alimentin Cavabdeh tutularaq ona ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.

Tərəflərin izahatları

9. Məhkəmə prosesində İddiaçı iddia tələbini müdafiə edərək və iddia ərizəsinə uyğun izahat verərək bildirdi ki, cavabdeh ilə birgə nikahlarından iki övladları dünyaya gəlmişdir. Artıq 5 aydan çoxdur ki, cavabdeh ilə ayrı yaşayırlar və cavabdeh uşaqları ilə maraqlanmır. Cavabdeh şəxsi bizneslə, maşın alqı-satqısı ilə məşğuldur. Hətta onun adına da bir neçə maşın var idi. Birlikdə yaşadıqları vaxt cavabdeh ailəsinə yaxşı baxmırdı, aralarındakı əsas məsələ də maddi problemlərə görə yaranırdı. Cavabdehin gəliri yüksək olurdu, 1800-1900 manat gəliri olurdu, lakin ailəsi üçün xərcləmirdi. Cavabdeh mediasiyada özü maşın satışı ilə məşğul olduğunu və aliment məbləği olaraq 200 manat verə biləcəyini etiraf etmişdir. Cavabdeh qeyd olunan iş yerində işləmir, ora cavabdehin bacısının işlədiyi kursdur və alimentdən yayınmaq üçün iş yerini ora rəsmiləşdirmişdir. Təqdim etdiyi fotoşəkillər cavabdehin öz şəxsi “Whatsapp” statusunda paylaşdığı şəkillərdir. Onları 11-26 mart tarixlərində müəyyən aralıqla paylaşıb. Cavabdeh satdığı maşınların şəklini “turbo.az” saytında paylaşıb, əlaqə nömrəsi olaraq da öz nömrəsini qeyd edib. Deməli, cavabdeh maşın satışı ilə məşğuldur və əlavə gəlir yeri var. Buna görə də qeyd olunanların nəzərə alınaraq, iddianın təmin edilməsi barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etdi.

10. Cavabdehin vəkili və nümayəndəsi Vəkil məhkəmə iclasında verdiyi izahatında iddia tələbini qəbul etməyərək bildirdi ki, iddiaçı tərəf sabit pul məbləğində aliment tələb edir, cavabdehin isə rəsmi iş yeri var və 345 manat maaş alır. O, bu barədə məhkəməyə sənəd təqdim etmişdir. Cavabdeh aliment ödəməyə razıdır. Qanunvericiliyə əsasən 2 uşaq üçün əmək haqqı və gəlirlərinin 1/3 hissəsində aliment tutulması nəzərdə tutulub. İddiaçının təqdim etdikləri yalnız fotoşəkillərdən ibarətdir, həmin şəkillərdən cavabdehin biznes fəaliyyəti ilə məşğul olması məlum olmur. Buna görə də qeyd olunanların nəzərə alınaraq cavabdehin əmək haqqı və gəlirlərinin 1/3 hissəsində miqdarında, yəni 115 manat məbləğində alimentin tutulması barədə qətnamə qəbul edilməsinə etiraz etmədiyini bildirdi.

Tətbiq edilən hüquq

11. Azərbaycan Respublikasının Konstitusiyası

Maddə 17. Ailə, uşaqlar və dövlət İ. Cəmiyyətin əsas özəyi kimi ailə dövlətin xüsusi himayəsindədir. İİ. Uşaqların qayğısına qalmaq və onları tərbiyə etmək valideynlərin borcudur. Bu borcun yerinə yetirilməsinə dövlət nəzarət edir. Maddə 34. Nikah hüququ İV. Ər ilə arvadın hüquqları bərabərdir. Uşaqlara qayğı göstərmək, onları tərbiyə etmək valideynlərin həm hüququ, həm də borcudur.

12. Azərbaycan Respublikasının Ailə Məcəlləsi

Maddə 75. Valideynlərin uşaqlarını saxlamaq vəzifəsi 75.1. Valideynlər uşaqlarını saxlamağa borcludurlar. 75.4. Valideynlər uşaqlarını saxlamadıqda uşaqların saxlanması üçün vəsait (aliment) valideynlərdən məhkəmə qaydasında tutulur. Maddə 78. Uşaqların saxlanılması üçün alimentin sabit pul məbləğində tutulması 78.1. Valideynlər arasında yetkinlik yaşına çatmayan uşaqlara aliment ödənilməsi barədə saziş yoxdursa, eləcə də aliment verməyə borclu olan valideynin qazancı (gəliri) qeyri-müntəzəm, dəyişən olarsa, ya da qazancın (gəlirin) hamısını və ya bir hissəsini həmin valideyn natura və ya xarici valyuta ilə alırsa, yaxud onun qazancı və ya sair gəliri yoxdursa, habelə alimentin valideynin qazancından (gəlirindən) müəyyən hissə kimi tutulması mümkün olmadığı, çətinlik törətdiyi və tərəflərdən birinin marağını əhəmiyyətli dərəcədə pozduğu başqa hallarda, uşaqların saxlanması üçün vəsait tutulmasını tələb edən şəxsin xahişi ilə alimentin miqdarı məhkəmə tərəfindən hər ay ödənilməli olan sabit pul məbləğində və ya eyni zamanda, həm sabit pul məbləğində, həm də bu Məcəllənin 76cı maddəsinə uyğun olaraq qazancın (gəlirin) müəyyən hissəsi kimi müəyyən edilə bilər. 78.2. Sabit pul məbləğinin miqdarı məhkəmə tərəfindən tərəflərin maddi və ailə vəziyyəti, diqqətəlayiq olan digər hallar nəzərə alınmaqla uşağın əvvəlki təminatının səviyyəsinin mümkün qədər maksimal saxlanması əsas tutularaq müəyyən edilir.

13. Uşaq Hüquqları haqqında Qanun

Maddə 5. Dövlət orqanları, bütün fiziki və hüquqi şəxslər öz fəaliyyətində uşaqların mənafelərini üstün tutmalı, onların hüquqlarının təmin olunmasına şərait yaratmalıdırlar. Həmin Qanunun 19-cu maddəsinin 1-ci bəndinə əsasən uşağın maddi və mənəvi tələbatlarının təmin edilməsi, hüquq və mənafelərinin mühafizəsi valideynlərin əsas vəzifələridir.

14. “Uşaq hüquqları haqqında” xx.xx.1959-cu il tarixli Bəyannamə

Maddə 6. Uşaq mümkün olduqda, valideynlərin himayəsində və onların məsuliyyəti altında və hər halda, məhəbbət və mənəvi-maddi təminat mühitində böyüməlidir. “Uşaq hüquqları haqqında” BMT-nin xx.xx.1989-cu il tarixli Konvensiyasının 18-ci maddəsinə əsasən uşağın tərbiyəsi və inkişafı üçün əsas məsuliyyəti valideynlər daşıyırlar.

15. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunu “Аzərbаycаn Respublikası Аilə Məcəlləsinin 76, 78 və 112-ci maddələrinin şərh edilməsinə dair” 27 iyul 2016-cı il tarixli qərarı

Aliment ödənilməsi barədə saziş olmadıqda məhkəmə Azərbaycan Respublikası Ailə Məcəlləsinin 76.2 və 78.2-ci maddələrinə, bu qərarda formalaşmış hüquqi mövqeyə uyğun olaraq, hər iki tərəfin maddi və ailə vəziyyəti və diqqətəlayiq digər hallarla yanaşı, uşağın əvvəlki təminatının səviyyəsinə də qiymət verməlidir. Həmin qərarın 1-ci bəndində göstərilən hallara qiymət verərkən məhkəmə həmçinin nəzərə almalıdır ki, “Uşaq hüquqları haqqında” Azərbaycan Respublikası Qanununun 13-cü maddəsinə uyğun olaraq, uşağın Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş minimum dolanacaq xərclərindən az olmayan maddi təminat almaq hüququ vardır.

16. “Nikahın pozulması, boşanmadan sonra yetkinlik yaşına çatmayan uşaqların valideynlərdən hansının yanında qalması və uşaqlar üçün valideynlərdən aliment tutulması tələbinə dair işlərə baxılarkən qanunvericiliyin məhkəmələr tərəfindən tətbiqi təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 28 mart 2016-cı il tarixli, 8-2/2016 saylı qərarı

8.2. Uşağın Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş minimum dolanacaq xərclərindən az olmayan maddi təminat almaq hüququ vardır (“Uşaq hüquqları haqqında” Azərbaycan Respublikası Qanununun 13-cü maddəsi). Nikahın pozulması ilə əlaqədar uşağın valideynlərdən birinin himayəsinə verilməsi, uşağa qulluq, onun sağlamlıq, təhsil, inkişaf, məişət qayğılarının çəkilməsinin uşağın himayəsində olduğu valideynin üzərinə düşməsi, qanunvericiliklə müəyyən edilmiş minimum dolanacaq xərclərindən az olmayan maddi təminatın aliment kimi digər valideyndən tutulmasına əsas verir. Aliment ödəyən əmək qabiliyyətli valideynin rəsmi olaraq heç bir yerdə işləməməsi və qazanca malik olmaması onu uşağı saxlamaq, qanunvericiliklə müəyyən olunmuş minimum dolanacaq xərclərindən az olmayan maddi təminatı ödəmək vəzifəsindən azad etmir.

17. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsi

Maddə 234. Qətnamənin icra edilməsi. 234.2.1. Şəxsin saxlanılması üçün vəsaitlərin, o cümlədən alimentlərin alınması haqqında qətnamələr dərhal icra olunur.

Məhkəmənin mövqeyi

18. Məhkəmə tərəflərin izahatını dinləyib, iş materiallarını araşdırıb, təqdim edilmiş sübutları tədqiq edərək hesab edir ki, aşağıdakılara əsasən iddia tələbi qismən təmin edilməlidir.

19. Məhkəmə iclasında müəyyən olundu ki, tərəflər hal-hazırda nikahda olsalar da, nikahlarının pozulması barədə tələb məhkəmə icraatındadır. Həmçinin, tərəflərin birgə nikahlarından 24 yanvar 2017-ci il təvəllüdlü X3 və 19 iyul 2018-ci il təvəllüdlü X2 doğulmuşdur. Tərəflər faktiki olaraq ayrı yaşadıqlarına və cavabdeh övladlarına baxmadığına görə iddiaçı aliment tələbi ilə məhkəməyə müraciət etmək məcburiyyətində qalmışdır.

20. Məhkəmə hesab edir ki, Cavabdeh aliment sabit pul məbləğində tutulmalıdır. Belə ki, cavabdehin rəsmi işləməsinə dair məhkəməyə sübut təqdim edilsə də, tutulacaq alimentin cavabdehin əmək haqqına yönəldiləcəyi təqdirdə sabit pul məbləğinə münasibətdə və uşaqların yaşayış minimumuna nisbətdə az olacağı üçün (təxminən əmək haqqının üçdə biri olaraq (345/3)x1=115 manat) məhkəmə alimentin sabit pul məbləğində tutulmasını məqsədəmüvafiq hesab edir. Həmçinin, ailə qanunvericiliyinə əsasən alimentin valideynin qazancından (gəlirindən) müəyyən hissə kimi tutulması tərəflərdən birinin marağını əhəmiyyətli dərəcədə pozduğu başqa hallarda, uşaqların saxlanması üçün vəsait tutulmasını tələb edən şəxsin xahişi ilə alimentin miqdarı məhkəmə tərəfindən hər ay ödənilməli olan sabit pul məbləğində tutula bilər. Göründüyü kimi qanunvericilik alimentin sabit və ya əmək haqqından tutulması məsələsini müəyyən hallarla əlaqələndirərək, hansı qaydada tutulmalı olduğunu göstərmişdir. Tutulacaq sabit pul məbləğinin miqdarına münasibətdə məhkəmə hesab edir ki, cavabdehdən hər ay hər uşaq üçün 200 manat olmaqla, cəmi 400 manat sabit pul məbləğində alimentin tutulması ağlabatan məbləğ kimi qəbul edilə bilər. Belə ki, iddiaçı tərəfindən məhkəməyə təqdim edilmiş fotoşəkillərdən görünür ki, cavabdeh maşın satışı ilə məşğuldur və onun tərəfindən turbo.az saytına (maşın satışı ilə bağlı sayt) müxtəlif günlərdə müxtəlif maşınlar yerləşdirilmişdir. Göründüyü kimi cavabdeh rəsmi əmək haqqından əlavə digər gəlirləri də mövcuddur və bu səbəbdən onun ümumi gəlirləri (əmək haqqı+əlavə gəlirlər) iki uşaq üçün ümumilikdə 400 manat alimenti ödəməyə kifayət edəcəkdir. Bundan əlavə, aliment ödəyən əmək qabiliyyətli valideynin rəsmi olaraq az qazanca malik olması onu uşağı saxlamaq, qanunvericiliklə müəyyən olunmuş minimum dolanacaq xərclərindən az olmayan maddi təminatı ödəmək vəzifəsindən azad etmir və alimentin az məbləğdə təyin edilməsi üçün əsas ola bilməz.

21. Məhkəmə Azərbaycan Respublikası Ailə Məcəlləsinin 100.2-ci maddəsinə əsaslanmaqla həmçinin hesab edir ki, aliment iddiaçının məhkəməyə müraciət etdiyi 06 fevral 2023-cü il tarixdən etibarən tutulmalıdır.

Məhkəmə xərcləri

22. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 107-ci maddəsinə əsasən, məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir. Həmin Məcəllənin 119.1-ci maddəsinə görə, məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir.

23. “Dövlət rüsumu” haqqında Azərbaycan Respublikası Qanununun 9.1.2-ci maddəsinə əsasən, aliment alınması barədə iddialar üzrə iddiaçılar dövlət rüsumu ödəməkdən azad olunurlar. Həmin Qanunun 9.4-cü maddəsinə görə isə, iddiaçı müəyyən olunmuş qaydada dövlət rüsumu ödəməkdən azad edilmişsə, dövlət rüsumu iddianın təmin edilmiş hissəsinə münasib olaraq cavabdehdən tutularaq dövlət büdcəsinə köçürülməlidir.

24. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 112.1.3-cü maddəsinə əsasən, aliment alınması haqqındakı iddialarda – bir il ərzində ödəmənin məcmusu ilə iddianın qiyməti müəyyən edilir.

25. “Dövlət rüsumu haqqında” Azərbaycan Respublikası Qanununun 8.1.2-ci maddəsinə əsasən, iddia qiyməti 1.000 manatdan 10.000 manatadək olduqda 30 manat + 1.000 manatdan yuxarı olan iddia qiymətinin 1 faizi məbləğində dövlət rüsumu tutulur.

26. Hazırki iddia üzrə bir il ərzində olan aliment ödənişinin məcmusu 400x12=4800 manat təşkil etdiyinindən, ödənilməli olan dövlət rüsumu məbləği 68 manat təşkil edir.

27. Odur ki, mediasiya orqanına iddiaçı tərəfindən ödənilmiş 50 manat məbləğində rüsum olmaqla, cəmi 100 manat məbləğində pul Azərbaycan Respublikası Mülki- Prosessual Məcəlləsinin 119.1-ci maddəsinə əsasən cavabdehdən iddiaçının xeyrinə tutulmalı, iddiaçı dövlət rüsumu ödəməkdən azad edildiyi üçün cavabdehdən 18 manat məbləğində dövlət rüsumu tutulmaqla Azərbaycan Respublikasının Dövlət Büdcəsinə ödənilməlidir.

Məhkəmənin gəldiyi nəticə

28. Beləliklə, məhkəmə iş materiallarını araşdırıb, sübutlara məcmu halda, tam, hərtərəfli və obyektiv hüquqi qiymət verərək hesab edir ki, iddia tələbi qismən təmin edilməli, Cavabdeh 24 yanvar 2017-ci il təvəllüdlü X3 və 19 iyul 2018-ci il təvəllüdlü X1 yetkinlik yaşına çatanadək saxlanılması üçün hər ay hər uşaq üçün 200 manat olmaqla, cəmi 400 manat sabit pul məbləğində aliment tutularaq İddiaçı ödənilməli, iddia qalan hissədə rədd edilməlidir.

29. Yuxarıda qeyd olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220-ci maddələrini rəhbər tutaraq, məhkəmə

qət etdi :

İddia qismən təmin edilsin. Cavabdeh 24 yanvar 2017-ci il təvəllüdlü X3 və 19 iyul 2018-ci il təvəllüdlü X1 yetkinlik yaşına çatanadək saxlanılması üçün hər ay hər uşaq üçün 200 manat olmaqla, cəmi 400 (dörd yüz) manat sabit pul məbləğində aliment tutularaq İddiaçı ödənilsin. Alimentin tutulması müddəti 06 fevral 2023-cü il tarixdən müəyyən edilsin. Qətnamə aliment hissəsində dərhal icra olunsun. İddia qalan hissədə rədd edisin. Mediasiya orqanına iddiaçı tərəfindən ödənilmiş 50 (əlli) manat məbləğində pul Cavabdeh İddiaçı xeyrinə tutulsun. Cavabdeh 18 (on səkkiz) manat məbləğində dövlət rüsumu tutularaq Dövlət Büdcəsinə ödənilsin. Qətnamədən, məhkəmə qətnaməsi işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinetlə Bakı şəhəri Suraxanı Rayon Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilməmişdirsə, işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar