Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(010)-1401/2021 06.05.2021 BAKI ŞƏHƏRİ SURAXANI RAYON MƏHKƏMƏSİ Hakim Rzayeva Nərminə Cahangir oğlunun sədrliyi, İmanov Rəşadət Rəvayət oğlunun katibliyi ilə, İddiaçı, Cavabdeh1 iştirakları ilə İddiaçı cavabdehlər Cavabdeh1 və Cavabdeh2nə qarşı evdən çıxarılma və mənəvi zərərin ödənilməsi tələbinə dair dair iddia ərizəsi üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı cavabdehlər Cavabdeh1 və Cavabdeh2nə qarşı evdən çıxarılma və mənəvi zərərin ödənilməsi tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, ona məxsus Bakı şəhəri, Suraxanı rayonu, Hövsan qəsəbəsi, Quşçuluq sovxozu, 6-cı sıra 2 saylı evin Cavabdeh1 qeyri-qanuni sahibliyindən götürülməsinə, onun ona məxsus evdən çıxarılmasına, evin onun qanuni sahibliyinə qaytarılmasına, mənəvi zərərə görə Cavabdeh1 30000 manat, Cavabdeh2ndən isə 5000 manat pulun tutulmasına dair qətnamə çıxarılmasını və Cavabdeh1 əməlində Azərbaycan Republikası Cinayət Məcəlləsinin 157-ci maddəsinin tərkibi olduğundan onun cinayət məsuliyyətinə cəlb edilməsi üçün barəsində xüsusi qərar çıxarılmasını xahiş etmişdir. İddiaçı iddia tələbini onunla əsaslandırmışdır ki, Bakı şəhəri, Suraxanı rayonu, Hövsan qəsəbəsi, Quşçuluq sovxozu, 6-cı sıra 2 saylı ev ona məxsus evdir. Həmin ev 3 sot ərazidə yerləşməklə 74,12 kv.m sahəsi olan 3 otaqlı evdir. Qeyd olunan ərazini və evi “xxxx” Şirkətindən (hazırda fəaliyyət göstərən Cavabdeh2 MMC) 23 aprel 2011-ci il tarixdə müqavilə bağlayaraq almışdır. Həmin müqaviləyə görə “xxxx” Şirkəti Hövsan qəsəbəsində ümumi sahəsi 74,12 kv.m olan 3 otaqlı fərdi yaşayış evinin layihələndirilməsi, tikintisi və “Payçı”ya bir pay kimi istismara hazır vəziyyətdə təhvil verilməsini öz öhdəsinə götürmüşdür. Müqaviləyə əsasən torpaq sahəsində həmin evin tikintisi başladı və qeyd olunan 3 otaqlı, 74,12 kv.m-lik fərdi yaşayış evi inşa olundu. Evin daxilində təmir işləri də başladı, təmir işləri tam başa çatmamış, 2020-ci ilin may ayında Cavabdeh1 Şirkətin ərazisində olan ona məxsus evə özbaşına daxil olmuş, evi zəbt etmiş, evdə özbaşına təmir işləri aparıb evini ələ keçirmişdir. Bununla bağlı, hazırda fəaliyyət göstərən Cavabdeh2 MMC heç bir tədbir görməmiş, kənar insanların əraziyə daxil olub evini zəbt etməsinin qarşısını almamış, hüquq mühafizə orqanlarına müraciət etməmiş, heç bir hüquqi tədbir görəməmişdir, halbuki ərazinin toxunulmazlığı şirkətin öhdəliyi olmuşdur, bu hərəkətləri ilə şirkət ona 5000 manat dəyərində mənəvi ziyan vurmuşdur. Hazırda, Cavabdeh1 evinə özbaşına daxil olaraq evi zəbt edib heç bir qanuni əsas olmadan evində yaşayır. O, evinə qohumlarını da gətirib yerləşdirib. Onların bu hərəkətlərində Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 157-ci maddəsinin tərkibi var. Qeyd edir ki, Cavabdeh1 evindən çıxmaq barədə dəfələrlə müraciət etsə də, o, müraciətinə cavab verməyib, evi boşaltmayıbdır. O, öz evinə köçüb yaşaya bilmir, çünki cavabdeh müxtəlif qohumlarını yığıb onu öz evinə buraxmır. Ona görə də Cavabdeh1 evindən çıxarılmalıdır, həmçinin onun barəsində cinayət işi başlanması üçün xüsusi qərar da qəbul edilməlidir, evi onun qanuni sahibliyinə qaytarılmalıdır. Bu hərəkətləri ilə cavabdeh ona mənəvi zərər də vurmuşdur, o, evinə daxil ola bilmir, stress keçirir, dərmanlarla yaşayır. Hesab edir ki, Cavabdeh1 30000 manat mənəvi zərərə görə kompensasiya tutulmalıdır. Ona məxsus Bakı şəhəri, Suraxanı rayonu, Hövsan qəsəbəsi, Quşçuluq sovxozu, 6-cı sıra 2 saylı evin Cavabdeh1 qeyri-qanuni sahibliyindən götürülməsinə, onun ona məxsus evdən çıxarılmasına, evin onun qanuni sahibliyinə qaytarılmasına, mənəvi zərərə görə Cavabdeh1 30000 manat, Cavabdeh2ndən isə 5000 manat pulun tutulmasına dair qətnamə çıxarılmasını və Cavabdeh1 əməlində Azərbaycan Republikası Cinayət Məcəlləsinin 157-ci maddəsinin tərkibi olduğundan onun cinayət məsuliyyətinə cəlb edilməsi üçün barəsində xüsusi qərar çıxarılmasını xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən İddiaçı iddia ərizəsində göstərilənlərə uyğun izahat verərək bildirmişdir ki, o, Bakı şəhəri, Suraxanı rayonu, Hövsan qəsəbəsi, Quşçuluq sovxozu, 6-cı sıra 2 saylı evi 2011 -ci ildə Cavabdeh2 şirkətindən almışdır. 2014-cü ildə Adgözəl adlı usta evdə işləyirdi, evdə müəyyən qədər işlər görüləndən sonra evin nəzarətini və evin açarını ona vermişdir. 2020-ci ildə qayıdandan sonra həmin evdə yaşayış olduğunu və tanımadığı bir ailənin orada yaşadığını görmüşdür. Orada yaşayan ailə ilə qarşılıqlı söhbətlərdən sonra ona məlum olmuşdur ki, onun evi orada yaşayan Tamara adlı şəxsə satılmışdır. Həmin andan sonra polis əməkdaşları ilə birlikdə həmin məsələni araşdırmış və ona 1 ay vaxt verilməsini və ondan sonra evi boşaldacaqlarını bildirmişdirlər. 1 ay tamam olduqdan sonra evi boşaltmadılar, bundan sonra o, aprel ayının 30-cu Azərişıq ASC-yə ərizəyə yazaraq işığın verilməsini dayandırılmasını xahiş etmişdir. Bundan sonra cavabdehin kürəkəni Samir tərəfindən ona hədə-qorxu edilmiş və onun səhhətində pisləşmə baş vermişdir. Bu səbəbə görə onun 200 manat məbləğində xərci çıxmışdır. Həmçinin bildirmişdir ki, artıq Suraxanı rayon Polis İdarəsinə Adgözəl Ağayevin cinayət məsuliyyətinə cəlb edilməsi ilə əlaqədar müraciət etmiş və artıq bu barədə araşdırılma aparılır. Son olaraq iddia tələbinin müdafiə etdiyini, ona məxsus Bakı şəhəri, Suraxanı rayonu, Hövsan qəsəbəsi, Quşçuluq sovxozu, 6-cı sıra 2 saylı evin Cavabdeh1 qeyri-qanuni sahibliyindən götürülməsinə, onun ona məxsus evdən çıxarılmasına, evin onun qanuni sahibliyinə qaytarılmasına, mənəvi zərərə görə Cavabdeh1 30000 manat, Cavabdeh2ndən isə 5000 manat pulun tutulmasına dair qətnamə çıxarılmasını və Cavabdeh1 əməlində Azərbaycan Republikası Cinayət Məcəlləsinin 157-ci maddəsinin tərkibi olduğundan onun cinayət məsuliyyətinə cəlb edilməsi üçün barəsində xüsusi qərar çıxarılmasını xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən Cavabdeh1 verdiyi izahatına əsasən bildirmişdir ki, Xırdalanda evini satdıqdan sonra, Hövsan qəsəbəsində Adgözəl adlı şəxs onlara özünü makler kimi təqdim etmiş və mübahisə gedən evə onları aparmışdır. Evin qiyməti ilə razılaşdıqdan sonra notariusda evin pulunu orada Adgözələ təqdim etmişdir. Adgözəl adlı şəxs ona həmin evi öz evi kimi təqdim etmişdir. Həmin evi aldıqdan sonra evə qaz, su və müəyyən qədər remont işləri görmüşdür. Evin iddiaçıya məxsus olduğunu bilmirdi və halhazırda evin ona məxsus olduğunu mübahisələndirmir. O, iddia tələbini qismən qəbul etdiyini, mübahisəli evdən bu ayın axırı üçün çıxmağı hazır olduğunu bildirmiş, lakin Adgözəl adlı şəxs onu aldatdığını, onun iddiaçının evini zəb etmək məqsədi olmadığını, evi alanda evin həqiqətən Adgözələ məxsus olduğunu bilməyini və əqdi bağlayanda həmin məlumatın hüquqi məsələlərdə savadı olmadığına görə yoxlamamış və Adgözəl adlı şəxsin evin pulunu qaytarana qədər iddiaçıdan vaxt verilməsini xahiş etdi. Məhkəmə iclasında iştirak edən şahid kimi dindirilmiş şəxs X2 öz ifadəsinə əsasən, usta işlədiyi vaxtda İddiaçı ilə tanış olmuş və onun evini təmir etmişdir. Ailəvi yaxınlığı olduğunu, onunla gediş-gəlişi olduğunu bildirmişdir. İddiaçı 2 il bundan əvvəl evi satmaq qərarına gəlmiş və ondan evlərin hal-hazırda neçə min manata olduğunu soruşmuşdur. O da, otuz iki və yaxud otuz üç min manat arası olduğunu bildirmişdir. O, İddiaçı xəbəri olmadan müəyyən qədər borcu olduğuna görə həmin evi satmış və həmin evdən qalan pula isə torpaq almışdır. Hal-hazırda bu işlə bağlı prokurorluqda iş gedir. O, evin satılmasında və Cavabdeh1 həmin evə yerləşdirilməsinə özünü günahkar bildiyini, cavabdehdən aldığı pulu qaytaracağını bildirmişdir. Məhkəmə iclasında iştirak edən şahid kimi dindirilmiş şəxs X1 öz ifadəsinə əsasən, mülki iş üzrə Cavabdeh1 kürəkəni olduğunu və həmin evin alınmasında özünün də iştirak etdiyini bildirmişdir. Adgözəl adlı şəxsdən həmin evi almışdır. Həmin şəxs özünü evin sahibi kimi təqdim etmişdir. Evi aldıqdan sonra qaz, su, istilik sistemi və müəyyən qədər işlər görmüşdür. Həmin evdə 7-8 ay qaldıqdan sonra evin sahibi ortalığa çıxmış və ondan sonra həmin evin İddiaçı məxsus olduğunu bilmişlər. Adgözəl adlı şəxsin onları adlatdığını, evi almaq üçün verilən pulun qaytarılmasını gözlədiklərini bildirmişdir. Məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilmiş digər cavabdeh "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyəti məhkəmə iclasına gəlməmiş, məhkəmə iclaslarının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq, məhkəməyə gəlməməyin səbəbini və ya mümkünsüzlüyünü bildirmədən və bu səbəblərin üzürlü olması barədə sübutlar təqdim etmədən təkrarən məhkəməyə gəlməmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 185.5-ci madəsinin tələblərinə görə məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilmiş cavabdehin gəlməməsinin səbəbləri haqqında məlumat olmadıqda və ya məhkəmə gəlməməyin səbəblərini üzürsüz hesab etdikdə, yaxud məhkəmə cavabdehin icraatı qəsdən yubandırdığını aşkar etdikdə, işə baxmağa haqlıdır. Məhkəmə iddiaçının və cavabdehin izahatlarını dinləyib, şahid ifadələrini nəzərdən keçirdib, işdə olan sənədləri tədqiq edib toplanmış sübutların məcmusuna qiymət verərək belə nəticəyə gəlir ki, iddianın qismən təmin edilməsinə dair qətnamə çıxarılmalıdır. Mülki işin materiallarına əlavə edilmiş: “xxxx” şirkətinin direktoru X3 ilə İddiaçı arasında 23 aprel 2011-ci il tarixli 44 nömrəli fərdi yaşayış evinin alqı-satqı müqaviləsinə əsasən, Suraxanı rayon, Hövsan qəsəbəsində ümumi sahəsi 74,12 kv.metr olan, 3 otaqlı fərdi yaşayış evinin layihələndirilməsi, tikintisi və “Payçı” y a bir pay kimi istismara hazır vəziyyətdə təhvil verilməsini öz öhdəsinə götürür. Müqavilə üzrə ümumi sahəsi 3 sot torpaq sahəsində inşa olunacaq 74,12 kv.metr olan 3 otaqlı, fərdi yaşayış evi üçün cəmi 28000 (iyirmi səkkiz min) manat ödənilməlidir. Alıcı ilkin olaraq 14000 (on dörd min) manat ödəyir, məbləğin qalan hissəsini 50 ay ərzində hər ay 280 manat ödəməyini götürmüşdür. Cavabdeh2 MMC şirkəti tərəfindən verilmiş 18.07.2012-ci il tarixli Suraxanı rayonu, Hövsan qəsəbəsi, Quşçuluq Sovxozu ərazisində “xxxx” şirkətinə məxsus ərazidə fərdi yaşayış evlərinin tikintisi və satışı ilə məşğul olaraq vətəndaşlara fərdi yaşayış evinin tikilib onlara təhvil verilməsi bağlanmış müqavilələrin daxili mülkiyyəti haqqında çıxarışa əsasən, Xəlilov X8 rayonu, Hövsan qəsəbəsi, Quşçuluq Sovxozu ərazisində 3 sotda yerləşən, ümumi sahəsi 74.12 m2 olan 3 otaqlı, 6-cı sıra, 2 saylı fərdi yaşayış evinin Azərbaycan Respublikası qanunvericiliyi ilə müəyyən edilmiş qaydada mülkiyyətçisidir. Cavabdeh2 MMC şirkəti tərəfindən verilmiş 11.12.2012-ci il tarixli arayışa əsasən, Cavabdeh2 MMC şirkətinə məxsus olan Suraxanı rayonu, Hövsan qəsəbəsi, Quşçuluq Sovxozu ərazisində 3 sotda yerləşən, ümumi sahəsi 74.12 m2 olan 3 otaqlı, 6-cı sıra, 2 saylı fərdi yaşayış evi İddiaçı məxsusdur. Suraxanı rayonu İcra Hakimiyyəti Hövsan qəsəbə İnzibati ərazi dairəsi üzrə nümayəndəliyi tərəfindən verilmiş 04.02.2020-ci il tarixli 483 nömrəli arayışa əsasən, Xəlilov X8 rayonu, Hövsan qəsəbəsi Quşçuluq sovxozu, 6-cı sıra , 2 saylı evdə yaşayır. Qeydiyyatsız ailə tərkibi dörd nəfərdən ibarətdir, ev hal-hazırda həmin vətəndaşa məxsusdur. Suraxanı rayon Polis İdarəsi tərəfindən göndərilmiş cinayət işinin başlanması və istintaq aidiyyəti üzrə göndərilməsi haqqında qərarın sürətindən görünür ki, vətəndaş İddiaçı şikayət ərizəsi üzrə toplanmış HK-1, 2242/0 nömrəli material üzrə fakta görə Azərbaycan Respublikası CM-nin 178.2.4-cü maddəsi ilə ********* nömrəli cinayət işi başlanılmışdır. “Azərbaycan Respublikasında məhkəmə sisteminin müasirləşdirilməsi və «Azərbaycan Respublikasının bəzi qanunvericilik aktlarına dəyişikliklər və əlavələr edilməsi haqqında” Azərbaycan Respublikası Qanununun tətbiq edilməsi barədə Azərbaycan Respublikası Prezidentinin 19 yanvar 2006-cı il tarixli, 352 saylı Fərmanı ilə məhkəmələrə tövsiyə edilmişdir ki, İnsan Hüquqları üzrə Avropa Məhkəməsinin presedent hüququnun öyrənilməsi işini təşkil etsinlər və onu məhkəmə təcrübəsində nəzərə alsınlar. Mübahisəli predmeti olan Bakı şəhəri, Suraxanı rayonu, Hövsan qəsəbəsi, Quşçuluq Sovxozu, 6-cı sıra 2 saylı ev X6 məxsus olması, cavabdeh X4 və onun ailə üzvlərinin heç bir hüquqi əsas olmadan orada yaşaması işin faktiki halları ilə sübuta yetirilir. Belə ki, İddiaçı evə dair mülkiyyət hüququ qeydə alınmasa da, Avropa Məhkəməsinin “Önəryıldız Türkiyəyə qarşı” işi üzrə 30 noyabr 2004-cü il tarixli qərarında göstərilmişdir ki, “İnsan hüquqlarının və X5 haqqında” Konvensiyanın 1 saylı Protokolunun 1-ci maddəsinin 1-ci hissəsində “mülkiyyət” anlayışı fiziki mallar üzərində mülkiyyətlə məhdudlaşmayan müstəqil mənaya malikdir və daxili qanunvericilikdəki formal təsnifatdan asılı deyil: məsələ bütövlükdə nəzərdən keçirilən işin halları ilə həmin maddə əsasında müdafiə olunan əhəmiyyətli mənafelər üzərində titulun ərizəçiyə təqdim edilibedilməməsinin müəyyənləşdirilməsindən ibarətdir. Müvafiq olaraq, bu müddəanın məqsədləri üçün fiziki mallarla yanaşı, əmlakı təşkil edən bəzi digər hüquqlar və maraqlar da “əmlak hüquqları” və beləliklə, “mülkiyyət” kimi qiymətləndirilə bilər. “Mülkiyyət” anlayışı “mövcud mülkiyyətlə” məhdudlaşmır və ərizəçinin maraqlarını, o cümlədən mülkiyyət hüququnun səmərəli həyata keçirilməsinin əldə olunmasına ən azı əsaslı və “qanuni gözləntiyə” malik olduğuna dair tələblərini də əhatə edə bilər. Belə ki, iş materiallarından görünür ki, 23 aprel 2011-ci il tarixli 44 nömrəli fərdi yaşayış evinin alqı-satqı müqaviləsinə əsasən Suraxanı rayon, Hövsan qəsəbəsində ümumi sahəsi 74,12 kv.metr olan, 3 otaqlı fərdi yaşayış evi “Payçı” olan İddiaçı bir pay kimi istismara hazır vəziyyətdə təhvil verilmiş, o da, Müqavilə üzrə ümumi sahəsi 3 sot torpaq sahəsində inşa olunacaq 74,12 kv.metr olan 3 otaqlı, fərdi yaşayış evi üçün cəmi 28000 (iyirmi səkkiz min) manat ödənilməsini öz öhdəsinə götürmüşdür. İddiaçı ilkin olaraq 14000 (on dörd min) manat ödəmiş, məbləğin qalan hissəsini 50 ay ərzində hər ay 280 manat ödəməyini götürmüşdür. İş materiallarına əlavə edilmiş maliyyə arayışlarına əsasən 24 may 2011-ci il tarixdən başlayaraq, 11 fevral 2015-ci il tarixə hər ay 280 manat ödəmiş, 11.11.2014-cü il tarix üçün borcu 2520 manat təşkil edilmiş, sonradan yenidən 4 dəfə ödəniş etmişdir. İddiaçı həmin evin ona məxsus olduğunu, gələcəkdə özəlləşdirmək və öz mülkiyyət hüquqlarını rəsmiləşdirmək niyyətində olduğunu qeyd edərək, cavabdehin və onun ailə üzvlərinin çıxarılmasını iddia edir. Cavabdeh iddianı etiraf edərək, mübahisə predmeti olan evdən çıxarılmasına etiraz etmir. Bundan əlavə məhkəmə araşdırılması zamanı məhkəməyə təqdim olunmuş sənədlərə əsasında müəyyən edilmişdir ki, Cavabdeh1 evi onun mülkiyyətçisi olmayan, səlahiyyətsiz şəxs olan Adgözəl Ağayevdən aldadılaraq almış, aralarında heç bir hüquqi məna daşımayan, mülki qanunvericiliyinin müddəalarına uyğun olmayan tərtib edilmiş sənəd imzalanmışdır. Qeyd olunan şəxs Adgözəl Ağayev barədə Suraxanı Rayon Polis İdarəsində fakta görə Azərbacyna Respublikası CM-in 178.2.4.-cü maddəsi ilə əlaqədar cinayət işi başlanılmış, cinayət işi aidiyyəti üzə ibtidai istintaq aparılması üçün Bakı şəhəri Suraxanı Rayon Poils İdarəsinin İstintaq Şöbəsinə göndərilmişdir. Bundan başqa, Avropa İnsan Hüquqları Məhkəməsinin oxşar məzmunlu iş üzrə 27 sentyabr 2007-ci il tarixli qərarını (Akimova Azərbaycana qarşı) order və icarə müqaviləsi əsasında dövlət mülkiyyətində olan mənzilə yaranan hüququn müdafiəsini mülkiyyət hüququnun müdafiəsinə bərabər tutmaq məsələsində məhkəmə presedent kimi qəbul edir. Həmin qərarın müvafiq bəndlərində məhkəmə müəyyən etmişdir ki, “39. ... Məhkəmə xatırladır ki, 1 saylı Protokolun 1-ci maddəsinin birinci hissəsindəki “mülkiyyət” anlayışı müstəqil mənaya malikdir, o, təkcə fiziki mallar üzərində mülkiyyətlə məhdudlaşmır və daxili qanunvericilikdəki formal təsnifatdan asılı deyil: əmlak təşkil edən bəzi digər hüquqlar və maraqlar da mülkiyyət hüququ sayıla və bu maddənin məqsədləri üçün “mülkiyyət” kimi qəbul edilə bilər. Azərbaycan Respublikasının tərəfdar çıxdığı «İnsan hüquqlarının və X5 haqqında» Avropa Konvensiyasina 1 saylı əlavə protokolun 1-ci maddəsinə əsasən hər bir fiziki və hüquqi şəxs öz mülkiyyətindən maneəsiz istifadə etmək hüququna malikdir. Azərbaycan Respublikası Konstitusiyasının 13-cü maddəsinin 1-ci hissəsinə görə Azərbaycan Respublikasında mülkiyyət toxunulmazdır və dövlət tərəfindən müdafiə olunur. İnsan hüquqları üzrə Avropa Məhkəməsi «Marks Belçikaya qarşı” işdə əmlakdan maneəsiz istifadə hüququ ilə bağlı şərh verərək göstərmişdir ki, «əmlakdan maneəsiz istifadə hüququ mahiyyət etibari ilə mülkiyyət hüququna təminat verir» Avropa Məhkəməsi Sporronq və Lonnrot İsveçə qarşı işdə qeyd etmişdir ki, mülkiyyətçinin əmlakına hüququ ilə bağlı statusu toxunulmaz qalsa da, mülkiyyət hüququnun həyata keçirilməsi imkanının əhəmiyyətli dərəcədə məhdudlaşdırılması ilə mülkiyyət hüququ «şərti və qeyri-sabit» xarakter almış olur. Azərbaycan Respublikasının Konstitusiyasının 29-cu maddəsinə əsasən hər kəsin mülkiyyət hüququ vardır. Mülkiyyətin heç bir növünə üstünlük verilmir. Mülkiyyət hüququ, o cümlədən xüsusi mülkiyyət hüququ qanunla qorunur. Hər kəsin mülkiyyətində daşınar və daşınmaz əmlak ola bilər. Mülkiyyət hüququ mülkiyyətçinin təkbaşına və ya başqaları ilə birlikdə əmlaka sahib olmaq, əmlakdan istifadə etmək və onun barəsində sərəncam vermək hüquqlarından ibarətdir. Heç kəs məhkəmənin qərarı olmadan mülkiyyətindən məhrum edilə bilməz. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 152.5-ci maddəsinə əsasən mülkiyyətçi qanunvericiliklə və ya başqa şəkildə, o cümlədən müqavilə məhdudiyyətləri ilə müəyyənləşdirilmiş hədlərdə əmlaka (əşyaya) sərbəst surətdə sahib ola bilər, ondan istifadə edə bilər və ona dair sərəncam verə bilər, həmin əmlakı başqa şəxslərin sahibliyinə yol verməyə bilər, ona mənsub əmlak barəsində öz mülahizəsi ilə istənilən hərəkətləri edə bilər. Mülki Məcəllənin 157.2-ci maddəsinə əsasən mülkiyyətçi özgəsinin qanunsuz sahibliyindən öz əmlakını geri tələb edə bilər. Yuxarıda qeyd olunan Avropa İnsan Hüquqları Məhkəməsinin oxşar məzmunlu iş üzrə 27 sentyabr 2007-ci il tarixli qərarı (Akimova Azərbaycana qarşı) ilə də qaçqın, yaxud məcburi köçkün statusunun mülkiyyətçinin mülkiyyət hüququnu pozmasına əsas olmaması, bunun əksinin Konvensiyanın 1 saylı Protokolunun 1-ci maddəsinin pozulması kimi qiymətləndirilməsi müəyyən edilmişdir. Belə ki, İddiaçı Qafur oğlu iddia tələbində Cavabdeh1 ona mənəvi ziyanın vurulmasını bildirsə də, bu faktı təsdiq edəcək hər hansı bir sübutu məhkəməyə təqdim etməmiş, yalnız şifahi izahatla kifayətlənmiş, həmçinin məhkəmə araşdırılması zamanı müəyyən edilmişdir ki, Cavabdeh1 mübahisələndirilən evdə heç bir hüquqi əsas olmadan yaşasa da, hərəktələrində hər hansı qərəzlilik olmamış, ona satmış şəxs Adgözəl Ağayev tərəfindən aldadılmışdır. Halbuki, Mülki-Prosessual Məcəllənin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Qeyd edilməlidir ki, «Mənəvi zərərin ödənilməsi barədə qanunvericiliyin məhkəmələr tərəfindən tətbiqi təcrübəsi haqqında» Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 03 oktyabr 2008-ci il tarixli 07 saylı Qərarında göstərilmişdir: ««İnsan Hüquqlarının və X5 Haqqında Konvensiya»nın 41-ci maddəsinə və Avropa İnsan Hüquqları Məhkəməsinin presedentlərinə əsasən mənəvi zərər şəxsə qeyri-əmlak, habelə əmlak zərəri vurulduqda ödənilə bilər. Konkret hüquq münasibəti üzrə milli qanunvericilik aktında mənəvi zərərin ödənilməsinin mümkünlüyü barədə birbaşa göstərişin olmaması bu barədə tələbin rədd edilməsi üçün əsas deyildir…Plenum izah edir ki, Azərbaycan Respublikası qanunvericiliyinin, «İnsan Hüquqlarının və X5 Haqqında Konvensiya»nın müddəaları və Avropa İnsan Hüquqları Məhkəməsinin presedentləri baxımından «mənəvi zərər» anlayışı insanın anadangəlmə və ya qanun əsasında ona mənsub olan şəxsi qeyriəmlak xarakterli hüquq və azadlıqlarının, habelə əmlak hüquqlarının pozulması nəticəsində mənəvi sarsıntı və iztirab keçirməsini ifadə edir. Zərərçəkən fiziki şəxsin mənəvi sarsıntı keçirməsi dedikdə, ona qarşı törədilən qanunsuz hərəkətin və ya hərəkətsizliyin şüurunda müəyyən mənfi psixi reaksiyaya səbəb olması, iztirab keçirməsi dedikdə isə onun sağlamlığının pozulması nəticəsində fiziki əzab çəkməsi anlaşılır… Şəxsə mənəvi zərərin vurulması mənəvi sarsıntı və iztirablara səbəb olan istənilən xarakterli qeyri-hüquqi hərəkət və ya hərəkətsizlikdə (mülki, cinayət, inzibati və s. hüquq pozmalarda) ifadə oluna bilər. Məhkəmə mənəvi zərərin ödənilməsi barədə tələblərə baxdıqda mülki məsuliyyətin yaranması əsaslarını müəyyən etməklə bərabər zərərçəkənin mənəvi sarsıntı və iztirablara məruz qalmasının nədə ifadə olunmasını, bunların hansı şəraitdə və hansı hərəkət (hərəkətsizlik) nəticəsində baş verməsini, zərərvuran şəxsin təqsirini, zərərçəkən şəxsin hansı mənəvi sarsıntı və iztirablar keçirməsini, zərərçəkənin bunları hansı məbləğdə və sair maddi formada qiymətləndirməsini aydınlaşdırmağa borcludur. Plenum izah edir ki, mənəvi zərərin miqdarı işin konkret hallarından asılı olaraq məhkəmə tərəfindən müəyyən edilir. Bu zaman mənəvi zərərin baş verməsinə səbəb olmuş hərəkətin və ya hərəkətsizliyin təhlükəlilik dərəcəsi, bunun nəticəsində zərərçəkənin keçirdiyi mənəvi iztirab və sarsıntıların xarakteri və ağırlığı, zərərvuran şəxsin təqsiri (qəsd və yaxud ehtiyatsızlıq) və əmlak vəziyyəti, zərərçəkən şəxsin fərdi xüsusiyyətləri (azyaşlı və yaxud qadın olması, səhhəti ilə əlaqədar mənəvi sarsıntı və iztirablara dözümü, peşə və sənəti, cəmiyyətdə nüfuzu və s.) , habelə işin sair diqqətəlayiq halları nəzərə alınmalıdır. Zərərin məbləği ağlabatan və ədalətli olmalıdır. Mənəvi zərərin ödənilməsi barədə işlərə baxıldıqda mülki və mülki prosessual qanunvericiliyin ümumi müddəaları ilə bərabər xüsusi qanunvericilikdə müəyyən olunmuş müddəalar, habelə adətlər, əxlaq normaları da nəzərə alınmalıdır.». Məhkəmə qeyd edir ki, hazırkı işdə cavabdehin mülki məsuliyyətinin yaranması əsası yəni, iddiaçıya istər X7, istərsə də Cavabdeh2 MMC tərəfindən mənəvi ziyanın vurulması, və yaxud mübahisələndirilən evi qərəzli olaraq zəbt edilməsi faktı hər hansı bir dəlillə sübut edilmir. Ona görə də, bu hissədə iddia təmin edilə bilməz. Hazırkı iş üzrə çəkilmiş məhkəmə xərcləri Azərbaycan Respublikası MPM-in 119.1ci maddəsi ilə müəyyən edilmiş qaydada ödənilmiş iddia tələbinin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilməli, yəni iddia təmin edilmədiyindən hazırkı iddianın qaldırılması ilə əlaqədar iddiaçı tərəfindən dövlət büdcəsinə ödənilmiş dövlət rüsumu iddiaçıya aid edilməlidir. Məhkəmə işin faktiki hallarını şərh olunan hüquq normaları əsasında qiymətləndirərək belə nəticəyə gəlir ki, Cavabdeh1 mübahisə predmeti olan Bakı şəhəri, Suraxanı rayonu, Hövsan qəsəbəsi, Quşçuluq Sovxozu, 6-cı sıra 2 saylı evindən çıxarılmalıdır. İddia qalan hissədə təmin edilməməlidir. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinın 119.1-ci maddəsinə əsasən, məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Ona görə də, iddiaçının iddia ərizəsi ilə məhkəməyə müraciət etdiyi zaman ödəmiş olduğu 30 (otuz) manat məbləğində dövlət rüsumu cavabdehə aid edilməlidir. Şərh olunanlara əsasən, Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 216-220, 227, 233, 358 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia qismən təmin edilsin. Cavabdeh1 Bakı şəhəri, Suraxanı rayonu, Hövsan qəsəbəsi, Quşçuluq sovxozu, 6cı sıra 2 saylı evindən çıxarılsın. İddia qalan hissədə təmin edilməsin. İddia ərizəsinin verilməsi üçün ödənilmiş 30 manat dövlət rüsumu Cavabdeh1 tutularaq İddiaçı xeyrinə ödənilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı şəhəri Suraxanı Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinin mülki kollegiyasına apellyasiya şikayəti verilə bilər. Sədrlik edən Nərminə Rzayeva
Məhkəmə qərarları › İş №2(010)-1401/2021
Bakı Şəhəri Suraxanı Rayon Məhkəməsi Qətnamə — İş №2(010)-1401/2021
06.05.2021 · Mənzil mübahisələri - Mənzildən çıxarılma - Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Mənəvi zərərin ödənilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver