Məhkəmə qərarları › İş №2(010)-1475/2025

Bakı Şəhəri Suraxanı Rayon Məhkəməsi Qətnamə — İş №2(010)-1475/2025

30.04.2025 · Mənzil mübahisələri - Mənzilə köçürmə - Mənzil mübahisələri - Mənzil münasibətləri üzrə sair mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(010)-1475/2025 30.04.2025 BAKI ŞƏHƏRİ SURAXANI RAYON MƏHKƏMƏSİ Hakim Miriyeva Səlimə Miri qızının sədrliyi, X1 iclas katibliyi, İddiaçı iştirakı ilə, İddiaçı Cavabdeh qarşı “evə köçürülmə və maneələrin aradan qaldırılması” tələbinə dair mülki işə açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İddia tələbi.

1. İddiaçı Cavabdeh qarşı “evə köçürülmə və maneələrin aradan qaldırılması” tələbinə dair iddia ərizəsi ilə Bakı şəhəri Suraxanı Rayon Məhkəməsinə müraciət edərək, məhkəmədən Bakı şəhəri, Suraxanı rayonu, Zığ qəsəbəsi, Hövsan yolu yaşayış sahəsi ünvanında yerləşən 121B nömrəli evə köçürülməsi və 0.06 ha torpaq sahəsinə 1/2 hissədəki payından istifadəyə maneələrin aradan qaldırılması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.

İddia tələbinin əsaslandırıldığı hallar.

2. İddiaçı iddia tələbini onunla əsaslandırmışdır ki, Bakı şəhəri Suraxanı Rayon Məhkəməsinin xx.xx.2022-ci il tarixli, 2(010)-86/2022 nömrəli qətnaməsinə əsasən, cavabdehlə aralarında bağlanmış nikah pozulmuş və birgə nikah dövründə əldə olunmuş, Bakı şəhəri, Suraxanı rayonu, Zığ qəsəbəsi, Hövsan yolu yaşayış sahəsi ünvanında yerləşən 121B nömrəli fərdi yaşayış evinə və 0.06 ha torpaq sahəsinə 1/2 hissədə payları müəyyən olunmuşdur. Nikah pozulduqdan sonra cavabdeh giriş qapısının qıfılını və açarını dəfələrlə dəyişərək, onu məhkəmə tərəfindən müəyyən olunmuş mülkiyyətindən istifadə etməyə maneələr yaratmış və o, mülkiyyətindən istifadə edə bilmədiyinə görə anasının yanında qalmağa məcbur olmuşdur. İddia tələbinin dəqiqləşdirilməsi.

3. İddiaçı iddia tələbinin dəqiqləşdirilməsinə dair ərizə ilə məhkəməyə müraciət edərək, məhkəmədən cavabdeh X7 ilə ümumi paylı mülkiyyətində olan, Bakı şəhəri, Suraxanı rayonu, Zığ qəsəbəsi, Hövsan yolu yaşayış sahəsi ünvanında yerləşən 121B nömrəli fərdi yaşayış evi və həmin fərdi yaşayış evinin yerləşdiyi 0.06 ha torpaq sahəsindən istifadəyə cavabdeh tərəfindən yaradılmış maneələrin aradan qaldırılması və onun həmin fərdi yaşayış evinə köçürülməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Tərəflərin izahatları.

4. Məhkəmə iclasında İddiaçı iddia ərizəsinin məzmununa uyğun izahat verərək, məhkəmədən iddianın təmin edilməsini xahiş etdi.

5. Məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilmiş Cavabdeh məhkəmə iclasına gəlməmiş, bunun üzrlü səbəbləri barədə məhkəməyə heç bir məlumat verməmişdir. Belə olan halda, məhkəmə işə cavabdehin iştirakı olmadan baxılmasını mümkün hesab etdi.

İş materialları.

6. Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövləti Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri Publik Hüquqi Şəxsi tərəfindən verilmiş hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən çıxarışdan görünür ki, Bakı şəhəri, Suraxanı rayonu, Zığ qəsəbəsi, Hövsan yolu yaşayış sahəsi ünvanında yerləşən, ümumi sahəsi 119.50 kv.metr olan 121B nömrəli fərdi yaşayış evi İddiaçı mülkiyyətindədir və həmin fərdi yaşayış evi üzərində sonuncunun xüsusi mülkiyyət hüququ xx.xx.2017-ci il tarixdə ********** nömrə ilə qeyd edilmişdir.

7. Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövləti Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri Publik Hüquqi Şəxsi 1 saylı Bakı Ərazi İdarəsi tərəfindən Bakı şəhəri Suraxanı rayon İcra şöbəsinə ünvanlanmış xx.xx.2022-ci il tarixli cavab məktubunun surətindən görünür ki, Bakı şəhəri, Suraxanı rayonu, Zığ qəsəbəsi, Hövsan yolu yaşayış sahəsi ünvanında yerləşən 121B nömrəli ev "xxxx" QSC tərəfindən xx.xx.2017-ci il tarixli və "xxxx" ASC tərəfindən xx.xx.2020-ci il tarixli ipoteka müqaviləsi ilə yüklü edilmiş, Bakı şəhəri Suraxanı Rayon Məhkəməsinin 2(010)-2376/2021 nömrəli qəraradı ilə həmin fərdi yaşayış evinin üzərinə həbs qoyulmuşdur.

8. Bakı şəhəri Suraxanı Rayon Məhkəməsinin xx.xx.2022-ci il tarixli, 2(010)-86/2022 nömrəli qətnaməsindən çıxarışdan görünür ki, iddia qismən təmin edilmiş, iddiaçı X5 ilə cavabdeh İddiaçı arasında Füzuli rayon VVAQ şöbəsində xx.xx.2003-cü ildə bağlanmış və “Nikahın bağlanması haqqında akt qeydləri kitabında” 48 nömrə ilə qeyd edilmiş nikahın pozulması, xx.xx.2005-ci il təvəllüdlü X3 boşanmadan sonra iddiaçı X4 yanında qalması, cavabdeh İddiaçı X4 xeyrinə xx.xx.2005-ci il təvəllüdlü X3 yetkinlik yaşına çatanadək saxlanılması üçün hər ay sabit pul məbləğində 175 manat və xx.xx.2003-cü il təvəllüdlü X2 xx.xx.2021-ci il tarixdən xx.xx.2021-ci il tarixədək saxlanması üçün hər ay sabit pul məbləğində 175 manat miqdarında aliment tutulması, aliment tutulmasının əvvəlinin xx.xx.2021-ci il tarixdən hesablanması, Bakı şəhəri, Suraxanı rayonu, Zığ qəsəbəsi, Hövsan yolu yaşayış sahəsi 121B nömrəli mənzilə və Bakı şəhəri, Suraxanı rayonu, Hövsan qəsəbəsinə gedən yolun sağ tərəfindəki yarımstansiyaya çatmamış 0.06 torpaq sahəsinə 1/2 hissədə X4 və 1/2 hissədə İddiaçı paylarının müəyyən edilməsi qət edilmişdir.

İşin faktiki halları.

9. İddiaçı və Cavabdeh arasında xx.xx.2003-cü il tarixdə bağlanmış nikah Bakı şəhəri Suraxanı Rayon Məhkəməsinin xx.xx.2022-ci il tarixli qətnaməsi ilə pozulmuşdur.

10. ünvan 2 ünvanında yerləşən, sahəsi 119.5 m2 olan fərdi yaşayış evi və evin yerləşdiyi 0.06 ha torpaq sahəsi İddiaçı xüsusi mülkiyyəti kimi xx.xx.2017-ci il tarixdə daşınmaz əmlakın dövlət reyestrində qeydə alınmışdır.

11. Bakı şəhəri Suraxanı Rayon Məhkəməsinin xx.xx.2022-ci il tarixli qətnaməsi ilə ünvan 2 ünvanında yerləşən fərdi yaşayış evi və 0.06 ha torpaq sahəsinin 1/2 hissəsi üzərində X4, 1/2 hissədə isə İddiaçı payı müəyyən edilmişdir.

Tətbiq edilən hüquq.

12. Azərbaycan Respublikasının Konstitusiyası.

Maddə 13. Mülkiyyət İ. Azərbaycan Respublikasında mülkiyyət toxunulmazdır və dövlət tərəfindən müdafiə olunur. Maddə 43. Mənzil hüququ İ. Heç kəs yaşadığı mənzildən qanunsuz məhrum edilə bilməz.

13. Azərbaycan Respublikasının Mülki Məcəlləsi.

Maddə 157. Mülkiyyətin müdafiəsi. 157.2. Mülkiyyətçi özgəsinin qanunsuz sahibliyindən öz əmlakını geri tələb edə bilər. Maddə 213. Ümumi mülkiyyət anlayışı və onun əmələ gəlməsi əsasları. 213.1. İki və ya bir neçə şəxsin mülkiyyətində olan əşya onlara ümumi mülkiyyət hüququ əsasında mənsubdur. 213.2. Əşya mülkiyyət hüququnda mülkiyyətçilərin hər birinin payı müəyyənləşdirilməklə (paylı mülkiyyət) və ya belə paylar müəyyənləşdirilmədən (birgə mülkiyyət) ümumi mülkiyyətdə ola bilər. Maddə 215. Paylı mülkiyyətdə olan əmlaka sahiblik, ondan istifadə və ona dair sərəncam verilməsi. 215.1. Paylı mülkiyyətdə olan əşyaya sahiblik və ondan istifadə onun bütün mülkiyyətçilərinin razılaşması əsasında, razılaşma əldə edilmədikdə isə məhkəmənin müəyyənləşdirdiyi qaydada həyata keçirilir. 215.2. Paylı mülkiyyətin mülkiyyətçisi ümumi əşyanın öz payına uyğun hissəsinin onun sahibliyinə və istifadəsinə verilməsi hüququna malikdir, bu mümkün olmadıqda isə onun payına düşən əşyaya sahiblik və ondan istifadə edən digər mülkiyyətçilərdən müvafiq əvəz ödəməyi tələb edə bilər. 215.4. Hər bir mülkiyyətçi qalan mülkiyyətçilərin hüquqları ilə bir araya sığan dərəcədə əşyaya sahiblik, ondan istifadə və ona dair sərəncam vermək ixtiyarına malikdir. Əşyanı özgəninkiləşdirmək və ya yüklü etmək, habelə onun təyinatını dəyişmək üçün bütün iştirakçıların razılığı tələb olunur, bu şərtlə ki, onlar yekdilliklə ayrı qayda barədə razılaşmasınlar. Əgər ümumi mülkiyyətdəki paylar üzrə ipotekalar və ya torpaq sahələrinə yüklülüklər varsa, daha iştirakçılar əşyanın özünü həmin hüquqlarla yüklü edə bilməzlər.

14. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi.

Maddə 14. İş üzrə məhkəmə baxışının prinsipləri. 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Maddə 77. Sübut etmə vəzifəsi. 77.1. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Maddə 88. Sübutların qiymətləndirilməsi. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. Maddə 107. Məhkəmə xərclərinin tərkibi. Məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir. Maddə 119. Məhkəmə xərclərinin tərəflər arasında bölüşdürülməsi. 119.1. Məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Maddə 185. İşdə iştirak edən şəxslərin, nümayəndələrinin və vəkillərinin məhkəmə iclasına gəlməməsinin nəticələri. 185.5. Məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilmiş cavabdehin gəlməməsinin səbəbləri haqqında məlumat olmadıqda və ya məhkəmə gəlməməyin səbəblərini üzürsüz hesab etdikdə, yaxud məhkəmə cavabdehin icraatı qəsdən yubandırdığını aşkar etdikdə, işə baxmağa haqlıdır. Bu halda qətnamə çəkişmə şəraitində qəbul edilmiş kimi qiymətləndirilərək cavabdehə apellyasiya qaydasında şikayət etmək hüququ verilir. Maddə 217. Qətnamənin qanuniliyi və əsaslılığı. 217.3. Qətnamə iş üzrə müəyyən edilmiş hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. 217.4. Məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır.

Məhkəmənin mövqeyi.

15. İşin faktiki hallarından göründüyü kimi, iddiaçının köçürülməyi tələb etdiyi ünvan 2 ünvanında yerləşən fərdi yaşayış evi, eləcə də evin yerləşdiyi torpaq sahəsi onun cavabdehlə birgə nikahı dövründə əldə edilmiş və məhkəmə qətnaməsi ilə həmin ev və torpaq sahəsi üzərində 1/2 hissədə iddiaçının, 1/2 hissədə isə cavabdehin payı müəyyən edilmişdir. Yəni iddiaçı köçürülmək istədiyi evin 1/2 hissəsi üzərində mülkiyyət hüququna malikdir.

16. Tərəflərin əmlak üzərində payları müəyyən edilsə də, bu paylar hələ ayrılmamışdır. Belə olan halda iddiaçının ümumi paylı mülkiyyətdə olan həmin ev və evin yerləşdiyi torpaq sahəsi üzərində sahiblik və istifadə hüququ ümumi qaydada – cavabdehlə bərabər həcmdə təmin edilməlidir. Nəzərə alınmalıdır ki, yuxarıda istinad edilmiş Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 215.4-cü maddəsinə əsasən, hər bir mülkiyyətçi qalan mülkiyyətçilərin hüquqları ilə bir araya sığan dərəcədə əşyaya sahiblik, ondan istifadə və ona dair sərəncam vermək ixtiyarına malikdir. Bu baxımdan əmlakın digər paylı mülkiyyətçisi olan cavabdehin həmin əmlakdan istifadə və sahiblik etməsi iddiaçının bu hüquqlarını məhdudlaşdırmamalıdır. Odur ki, iddiaçı paylı mülkiyyətçisi olduğu evə köçürülməsini, eləcə də evdən və torpaq sahəsindən istifadəsinə cavabdeh tərəfindən törədilən maneələrin qadağan edilməsini tələb etməkdə haqlı olmuşdur.

Məhkəmə xərcləri.

17. İş materiallarından görünür ki, iddiaçı hazırkı iddia ərizəsi ilə məhkəməyə müraciət edərkən 100 manat məbləğində dövlət rüsumu ödəmişdir. İş materiallarından isə görünür ki, iddiaçı Füzuli rayonundan məcburi köçkündür. “Dövlət rüsumu haqqında” Azərbaycan Respublikası qanununun 9.1.20-ci maddəsinə görə isə məhkəmədə verilən iddialar üzrə məcburi köçkünlər dövlət rüsumunun ödənilməsindən azaddırlar.

18. Belə olan halda məhkəmə hesab edir ki, iddiaçı dövlət rüsumu ödəməkdən azad olmasına baxmayaraq, artıq ödədiyi 100 manat məbləğində dövlət rüsumu dövlət büdcəsindən iddiaçıya qaytarılmalı, ödənilməmiş 100 manat məbləğində dövlət rüsumu isə cavabdehdən tutularaq dövlət büdcəsinə ödənilməlidir.

Məhkəmənin gəldiyi nəticə.

19. Beləliklə, yuxarıda qeyd edilənlərə əsasən məhkəmə hesаb edir ki, iddia təmin edilməli, İddiaçı ünvan 2 ünvanında yerləşən fərdi yaşayış evi və evin yerləşdiyi torpaq sahəsindən istifadəsinə Cavabdeh tərəfindən törədilən maneələr aradan qaldırılmalı, iddiaçı həmin evə köçürülməli, ödənilmiş 100 manat məbləğində dövlət rüsumu dövlət büdcəsindən iddiaçıya qaytarılmalı, ödənilməmiş 100 manat məbləğində dövlət rüsumu isə cavabdehdən tutularaq dövlət büdcəsinə ödənilməlidir.

20. Şərh olunanlara əsaslanaraq və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 227, 233 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə

QƏT ETDİ:

İddia təmin edilsin. İddiaçı ünvan 2 ünvanında yerləşən fərdi yaşayış evi və evin yerləşdiyi torpaq sahəsindən istifadəsinə Cavabdeh tərəfindən törədilən maneələr aradan qaldırılsın və İddiaçı həmin evə köçürülsün. Ödənilmiş 100 (yüz) manat məbləğində dövlət rüsumu dövlət büdcəsindən İddiaçı qaytarılsın. Ödənilməmiş 100 (yüz) manat məbləğində dövlət rüsumu Cavabdeh tutularaq dövlət büdcəsinə ödənilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı şəhəri Suraxanı Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər.

Sədrlik edən Səlimə Miriyeva

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar