Məhkəmə qərarları › İş №2(010)-1506/2021

Bakı Şəhəri Suraxanı Rayon Məhkəməsi Qətnamə — İş №2(010)-1506/2021

01.03.2021 · Ailə münasibətləri üzrə mübahisələr - Alimentin təyin edilməsi tələbi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(010)-1506/2021 01.03.2021 BAKI ŞƏHƏRİ SURAXANI RAYON MƏHKƏMƏSİ Hakim Talıbova Leyla Oruc qızının sədrliyi, Mahmudov Ruslan Elxan oğlunun katibliyi ilə, İddiaçı etibarnamə üzrə nümayəndəsi (vəkili) Vəkil və Cavabdehun iştirakları ilə, İddiaçı Cavabdeh qarşı “aliment” tələbinə dair iddiası üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq, M Ü Ə Y Y Ə N E T D İ: İddiaçı Cavabdeh qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, himayəsində olan xx.xx.2012-ci il təvəllüdlü X2 və xx.xx.2019-cu il təvəllüdlü X3 yetkinlik yaşlarına çatana kimi saxlanmaları üçün Cavabdeh hər ay qazancının (başqa gəlirlərin) 1/3 hissəsi məbləğində alimentin tutulması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddiaçı nümayəndəsi (vəkili) Vəkil məhkəmə iclasında iddianı müdafiə edərək bildirmişdir ki, iddiaçı ilə cavabdeh xx.xx.2011-ci il tarixdə rəsmi nikaha daxil olaraq ailə qurmuşlar. Birgə nikahlarından xx.xx.2012-ci il təvəllüdlü X6 oğlu və xx.xx.2019-cu il təvəllüdlü X5 adlı iki övladları doğulmuşdur. Cavabdehlə ailə qurduqdan sonra bir müddət mehriban yaşasalar da, sonradan cavabdehin valideyni ailəyə müdaxiləsi nəticəsində ailə münasibətləri pisləşmişdir. Artıq cavabdeh iddiaçını iki azyaşlı övladı ilə tərk edərək öz valideyni ilə yaşayır. Hazırda tərəflərin iki azyaşlı övladları iddiaçının himayəsindədir və övladlarına o baxır. Cavabdeh uşaqların saxlanması vəzifəsini yerinə yetirmir, uşaqların gündəlik tələbatını ödəmək üçün heç bir maddi yardım göstərmir. Cavabdeh Xüsusi Dövlət Mühafizə Xidmətin Müalicə Diaqnostika Mərkəzində və Bakı Sağlamlıq Mərkəzində həkim işləyir və aylıq gəliri yüksəkdir. Azyaşlı uşaqların maddi cəhətdən saxlanılması üçün cavabdehdən aliment tutulması zərurəti yaranmışdır və bu səbəbdən də məhkəməyə müraciət etmək qərarına gəlmişdir. Qeyd olunanlara əsasən məhkəmədən iddianın təmin edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Cavabdeh iddia tələbini qəbul edərək bildirmişdir ki, hər iki uşaq onun övladıdır və bu əsasla iddiaçının ona qarşı aliment tələbini qəbul edir. Odur ki, uşaqların saxlanılması üçün əmək haqqının 1/3 hissəsinin ondan tutularaq iddiaçıya ödənilməsinə etiraz etmədiyini bildirmiş və buna dair ərizə təqdim etmişdir. Məhkəmə iş üzrə iddiaçının nümayəndəsinin (vəkil) və cavabdehin izahatını dinləyərək və iş materiallarını araşdıraraq hesab edir ki, iddia aşağıdakılara əsasən təmin edilməlidir. Belə ki, iş materiallarına əlavə edilmiş Bakı şəhəri, Binəqədi rayon Qeydiyyat Şöbəsi tərəfindən verilmiş nikah haqqında şəhadətnamənin təsdiq olunmuş surətindən görünür ki, Cavabdeh və İddiaçı xx.xx.2011-ci il tarixdə nikahlarını bağlamışlar və bu barədə nikahın bağlanması haqqında akt qeydləri kitabında həmin tarixdə 649 nömrəsi ilə qeyd edilmişdir. Nikah bağlandıqdan sonra ərə Şirinov, arvada Şirinova soyadı verilmişdir. iş materiallarına əlavə edilmiş Bakı şəhəri Binəqədi rayon Qeydiyyat şöbəsi tərəfindən xx.xx.2012-ci il tarixdə verilmiş doğum haqqında şəhadətnamənin təsdiq olunmuş surətindən görünür ki, X6 oğlu xx.xx.2012-ci il tarixdə doğulmuş, valideynləri Cavabdeh və İddiaçıdır. İş materiallarına əlavə edilmiş 3 saylı Bakı “Asan Xidmət Mərkəzi” Qeydiyyat şöbəsi tərəfindən xx.xx.2019-cu il tarixdə verilmiş doğum haqqında şəhadətnamənin təsdiq olunmuş surətindən görünür ki, X5 xx.xx.2019-cu il tarixdə doğulmuş, valideynləri Cavabdeh və İddiaçıdır. İş materiallarına əlavə edilmiş Azərbaycan Respublikası XDM Xidməti tərəfindən verilmiş xx.xx.2021-ci il tarixli əmək haqqı barəsində məktubdan müəyyən olunur ki, Cavabdeh aylıq aylıq əmək haqqı 1490,40 manat təşkil edir. Azərbaycan Respublikası Konstitusiyasının 34-cü maddəsinin İV bəndinə əsasən ər ilə arvadın hüquqları bərabərdir. Uşaqlara qayğı göstərmək, onları tərbiyə etmək valideynlərin həm hüququ, həm də borcudur. X1 Uşaq Hüquqları haqqında Konvensiyasının 3-cü maddəsinə əsasən uşaqlar barəsində bütün tədbirlərdə əsas diqqət uşaq mənafelərinin daha yaxşı təmin edilməsinə yönəldilir, istər bu tədbirlər sosial təminat məsələləri ilə məşğul olan dövlət idarələri və ya özəl idarələr tərəfindən görülsün, istərsə də məhkəmələr, inzibati və ya qanunvericilik orqanları tərəfindən. Azərbaycan Respublikası Ailə Məcəlləsinin 75.1-ci maddəsinə əsasən valideynlər uşaqlarını saxlamağa borcludurlar. Uşaqlarını saxlamağın qayda və formasını valideynlər müstəqil müəyyən edirlər. Valideynlər bu Məcəllənin 16-cı fəslinə uyğun olaraq yetkinlik yaşına çatmayan uşaqlarını saxlamaq barədə saziş (aliment ödənilməsi barədə saziş) bağlamaq hüququna malikdirlər. Valideynlər uşaqlarını saxlamadıqda uşaqların saxlanması üçün vəsait (aliment) valideynlərdən məhkəmə qaydasında tutulur (75.1-75.4cü maddələr). Həmin Məcəlləsinin 76-cı maddəsinə əsasən, aliment ödənilməsi barədə razılıq olmadıqda uşaqlar üçün onların valideynlərindən məhkəmə tərəfindən hər ay bir uşağa görə-qazancın və (və ya) valideynlərin başqa gəlirlərinin dörddə bir hissəsi, iki uşağa görəqazancın və (və ya) valideynlərin başqa gəlirlərinin üçdə bir hissəsi, üç və daha çox uşağa görə qazancın (başqa gəlirlərin) yarısı miqdarında aliment tutulur. Həmin Məcəllənin 78.1-ci maddəsinə görə valideynlər arasında yetkinlik yaşına çatmayan uşaqlara aliment ödənilməsi barədə saziş yoxdursa, eləcə də aliment verməyə borclu olan valideynin qazancı (gəliri) qeyri-müntəzəm, dəyişən olarsa, ya da qazancın (gəlirin) hamısını və ya bir hissəsini həmin valideyn natura və ya xarici valyuta ilə alırsa, yaxud onun qazancı və ya sair gəliri yoxdursa, habelə alimentin valideynin qazancından (gəlirindən) müəyyən hissə kimi tutulması mümkün olmadığı, çətinlik törətdiyi və tərəflərdən birinin marağını əhəmiyyətli dərəcədə pozduğu başqa hallarda, uşaqların saxlanması üçün vəsait tutulmasını tələb edən şəxsin xahişi ilə alimentin miqdarı məhkəmə tərəfindən hər ay ödənilməli olan sabit pul məbləğində və ya eyni zamanda, həm sabit pul məbləğində, həm də bu Məcəllənin 76-cı maddəsinə uyğun olaraq qazancın (gəlirin) müəyyən hissəsi kimi müəyyən edilə bilər. Həmin Məcəllənin 78.2-ci maddəsinə əsasən isə sabit pul məbləğinin miqdarı məhkəmə tərəfindən tərəflərin maddi və ailə vəziyyəti, diqqətəlayiq olan digər hallar nəzərə alınmaqla uşağın əvvəlki təminatının səviyyəsinin mümkün qədər maksimal saxlanması əsas tutularaq müəyyən edilir. Məhkəmə hesab edir ki, əsas diqqət yetkinlik yaşına çatmamış uşağın mənafeyinə, uşağın maddi cəhətdən təmin olunmasına yönəlməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 233.4-cü maddəsinə əsasən cavabdehdən vaxtaşırı ödəmələrin alınmasını qət edən qətnamə qanuni qüvvəyə mindikdən sonra, ödəmələrin miqdarını müəyyənləşdirən və ya onların davam etməsinə təsir edən hallar dəyişərsə, hər bir tərəf yeni iddia vermək yolu ilə ödəmələrin miqdarını və müddətlərini dəyişdirməyi tələb etməyə haqlıdır. Azərbaycan Respublikası Ailə Məcəlləsinin 100.2-ci maddəsinə əsasən, aliment məhkəməyə müraciət edildiyi vaxtdan tutulur. Azərbaycan Respublikası Ailə Məcəlləsinin 112.1.-ci maddəsinə əsasən aliment ödənilməsi barədə saziş olmadıqda məhkəmə tərəfindən alimentin miqdarı müəyyən olunduqdan sonra tərəflərdən birinin ailə və ya maddi vəziyyətində dəyişiklik olmuşsa, məhkəmə tərəflərdən istənilən birinin tələbi ilə alimentin müəyyən olunmuş miqdarını dəyişə bilər və ya aliment ödəməli olan şəxsi tərəflərin diqqətəlayiq başqa maraqlarını da nəzərə almaqla aliment ödəməkdən azad edə bilər. Məhkəmə iş üzrə sübutlara Mülki Prosessual Məcəllənin 88-ci maddəsinin tələblərinə uyğun olaraq obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət vermiş, iddia ərizəsində qoyulmuş tələb üzrə nəticəyə gələrkən isə Mülki Prosessual Məcəllənin 217.4-cü maddəsində təsbit edilmiş bilavasitəlilik prinsipinə uyğun olaraq yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlara əsaslanmışdır. Azərbaycan Respublikası Xüsusi Dövlət Mühafizə Xidməti tərəfindən verilmiş xx.xx.2021-ci il tarixli arayışına əsasən Cavabdeh aylıq pul məvacibi 1490,40 manat təşkil edir. Məhkəmə hesab edir ki, əsas diqqət yetkinlik yaşına çatmamış uşağın mənafeyinə, uşağın maddi cəhətdən təmin olunmasına yönəlməli, Azərbaycan Respublikasında bir uşaq üçün yaşayış minimumunun 175 manat olmasını nəzərə alaraq, xx.xx.2012-ci il təvəllüdlü X6 oğlunun və xx.xx.2019-cu il təvəllüdlü X3 yetkinlik yaşına çatanadək saxlanmaları üçün xx.xx.2021-ci il tarixdən başlayaraq Cavabdeh hər ay iki uşağa görəqazancın (başqa gəlirlərin) üçdə bir hissəsi miqdarında aliment İddiaçı xeyrinə tutulmalıdır. «Uşaq hüquqları haqqında» Azərbaycan Respublikasının Qanunun 13-cü maddəsinə əsasən, uşağın Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş minumum dolanacaq xərclərindən az olmayan maddi təminat almaq hüququ vardır. Azərbaycan Respublikasında 2021-ci il üçün yaşayış minumumu haqqında Qanuna əsasən xx xxxxxx 2021-ci il tarixdən uşaqlar üçün məbləğ 175 manat müəyyən edilmişdir. Azərbaycan Respublikasının Mülki-Prosessual Məcəlləsinin 234.2.1-ci maddəsinə əsasən, şəxsin saxlanılması üçün vəsaitlərin, o cümlədən alimentlərin alınması haqqında qətnamələr dərhal icra olunur. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 112.1.3-cü maddəsinə əsasən, iddianın qiyməti, aliment alınması haqqındakı iddialarda – bir il ərzində ödəmənin məcmusu ilə müəyyən edilir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 119.2-ci maddəsinə əsasən, iddiaçı müəyyən olunmuş qaydada dövlət rüsumunu ödəməkdən azad edilmişsə, dövlət rüsumu iddianın təmin edilmiş hissəsinə münasib olaraq cavabdehdən tutularaq dövlət gəlirinə alınır. Bundan başqa “Dövlət rüsumu haqqında” Azərbaycan Respublikası Qanununun 8.1.1-ci maddəsinə əsasən, məhkəməyə verilən iddia ərizələrindən iddia qiyməti 500 manatdan çox olduqda 30 manat məbləğində dövlət rüsumu tutulur. Məhkəmə xərcləri ilə bağlı məsələni müzakirə edərək məhkəmə belə qənaətə gəlir ki, hazırkı iddianın qiymətinin, yəni bir il ərzində ödəmənin məcmusunun 500 manatdan artıq olmasını nəzərə alaraq, ödənilməli 30(otuz) manat dövlət rüsumu Cavabdeh dövlət gəlirinə tutulmalıdır. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 227-ci maddələrini rəhbər tutaraq, məhkəmə Q Ə T E T D İ: İddia təmin edilsin. Cavabdeh xx.xx.2012-ci il təvəllüdlü X6 oğlunun və xx.xx.2019-cu il təvəllüdlü X3 yetkinlik yaşlarına çatana kimi saxlanmaları üçün xx.xx.2021-ci il tarixdən başlayaraq, hər ay iki uşağa görə-qazancın (başqa gəlirlərin) üçdə bir hissəsi miqdarında aliment tutularaq İddiaçı verilsin. Məhkəmə xərcləri – 30 (otuz) manat məbləğində dövlət rüsumu Cavabdeh tutularaq Azərbaycan Respublikasının dövlət büdcəsinə keçirilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı şəhəri Suraxanı Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti verilə bilər. Hakim Leyla Talıbova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar