Məhkəmə qərarları › İş №2(010)-1620/2022

Bakı Şəhəri Suraxanı Rayon Məhkəməsi Qətnamə — İş №2(010)-1620/2022

25.04.2022 · Ailə münasibətləri üzrə mübahisələr - Ailə münasibətləri üzrə sair mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(010)-1620/2022 25.04.2022 BAKI ŞƏHƏRİ SURAXANI RAYON MƏHKƏMƏSİ Hakim Mahmudova Təranə Nəriman qızının sədrliyi, məhkəmə iclas katibi X8 qızının katibliyi, İddiaçı, Cavabdeh iştirakları ilə, İddiaçı cavabdeh X3 qarşı “aliment borcunu ödəməkdən azad etmə” tələbinə dair iddiası üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq, məhkəmə müəyyən etdi: İddia tələbi: İddiaçı cavabdeh X3 qarşı “aliment borcunu ödəməkdən azad etmə” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdeh X3 ödənilməli olan 5000 manat aliment borcunu ödəməkdən azad edilməyi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Tərəflərin izahatları: Məhkəmə iclasında İddiaçı iddia tələbini müdafiə edərək və iddia ərizəsində yazılanlara uyğun izahat verərək bildirdi ki, 2019-cu ildə nikahları pozulub və onda hər ay 160 manat tutulması qət edilib. Rəsmi iş yeri olanda 3 ay müddətində ondan 200 manat aliment tutulub. Ona daha əvvəl İcra şöbəsindən Beynəlxalq bankın kartı verilmiş və o, iki dəfə həmin karta ödəniş etmişdir. Lakin həmin kart deaktiv edildikdən sonra cavabdehin şəxsi kart hesabına ödəniş etmişdir. Sonra işdən çıxması və pandemiya dövrü olduğu üçün işləyə bilmədi. Sonradan isə hər ay olmasa da 2 aydan bir ödənişləri olurdu. Həmin dövrdə səhhətində problemlər var idi, işləmirdi və adına heç bir əmlak yox idi. Rəsmi iş yeri olmadığı üçün vaxtında ödənişlərini edə bilməmişdir. Onun cavabdehə 5000 manat məbləğində aliment borcunun olması mümkün deyil. Çünki dekabrda inzibati qaydada tutulduqda və həmçinin ondan sonra da cavabdehin kart hesabına dəfələrlə ödənişlər etmiş, lakin qəbzləri saxlamamışdır. Hazırda işlə təmin olunmuşdur və alimentdən imtina etmir. Aliment əmək haqqına yönəldiləcəyi təqdirdə hazırki aliment məbləğini və köhnə borclarını ödəyəcəyini, lakin buna baxmayaraq iddianın təmin olunmasını məhkəmədən xahiş etdi. Cavabdeh X4 iddia tələbini qəbul etməyərək bildirdi ki, Suraxanı Rayon Məhkəməsinin hakimi Nərminə Rzayevanın qəbul etdiyi 2019-cu il tarixli qətnamə əsasında iddiaçıdan onun xeyrinə 160 manat məbləğində aliment tutulması qət edilib. Dəfələrlə alimentin gecikməsi, ödənilməməsi ilə bağlı İcra Şöbəsinə müraciət eləmişdir. İddiaçı hər dəfə işləmədiyini, evini su basdığını, kirayə pulu verdiyini, səhhətində problemlər olduğunu bəhanə gətirərək aliment ödəməkdən yayınır. Onun hazırda 5 min manat məbləğində borcu var. İddiaçının ödəniş etdiyi kart onun X9 kartıdır. Alimentin ödənilməsi üçün ayrıca debet kart deyil və onun özünə məxsus kartdır. O, həmin kart hesabını icra məmuruna təqdim eləmişdir və iddiaçı ilk dəfə 220 manat, rəsmi iş yerində işlədiyi vaxt 2 dəfə 200 manat ödəniş edib. Sonra 2-3 ay ödəniş etməyib. Bir dəfə 80 manatı Suraxanı da əlbəəl verib. Sonra yenidən əlavə olaraq 180 manat kart hesabına köçürüb. Bir dəfə də 80-100 manat olmaqla, cəmi 1260 manat ödəniş etmişdir. Borc məbləği icra məmuru ilə hesablanmışdır və 6420 manat təşkil edir. Uşaq məktəbəqədər hazırlıq dövründədir. Onun geyimi, yeməyi, şəxsi inkişafı, məktəbəqədər dövründə çəkilən xərcləri ilə özü məşğul olur. İddiaçı isə işləmədiyini əsas gətirərək, aliment ödəməkdən qaçır. Axırıncı dəfə dekabr ayında iddiaçıya 10 sutka inzibati həbs verilib. O borcunu ödəmək istəmədiyi üçün vaxtı uzatmaq məqsədilə məhkəməyə müraciət edir. Buna görə də qeyd olunanların nəzərə alınaraq iddianın rədd edilməsini məhkəmədən xahiş etdi. İş materiallarına əlavə edilmiş: Belə ki, iş materiallarında olan Bakı şəhəri Suraxanı Rayon Məhkəməsinin 2(010)- 1428/2019 nömrəli iş üzrə qəbul etdiyi 05 mart 2019-cu il tarixli qətnaməsindən görünür ki, iddiaçı X1 cavabdeh İddiaçı qarşı “nikahın pozulması, uşağın ananın yanında saxlanılması və aliment” tələbinə dair iddiası təmin edilərək, İddiaçı ilə X4 arasında Bakı şəhəri 4 saylı Asan Xidmət Mərkəzi tərəfindən 14 avqust 2016-cı il tarixdə bağlanmış 1008 akt qeydi ilə qeyd olunmuş nikah pozulması, nikah pozulduqdan sonra tərəflərin birgə nikahından doğulmuş 04 iyun 2017-ci il təvəllüdlü X2 anası X1 himayəsində saxlanılması, İddiaçı 04 iyun 2017-ci il təvəllüdlü X2 yetkinlik yaşına çatanadək saxlanması üçün 22 yanvar 2019cu il tarixdən hesablanaraq hər ay 160 manat sabit pul məbləğində alimentin tutularaq X5ma ödənilməsi qət edilmişdir. Məhkəmə tərəfindən tələb olunan 60675/2019-19-11 №-li icra işi materiallarından görünür ki, Bakı şəhəri Suraxanı Rayon Məhkəməsinin 2(010)-1428/2019 nömrəli iş üzrə qəbul etdiyi 05 mart 2019-cu il tarixli qətnaməsi əsasında həmin tarixdə icra vərəqəsi verilmiş və 16.04.2019-cu il tarixdə icraata başlamaq haqqında qərar qəbul olunmuşdur. 16.04.2019-cu il tarixli tələbin könüllü icrası haqqında bildirişdən görünür ki, İddiaçı qərar və bildirişlə tanış olmuşdur. 17.06.2020-ci il tarixli qərardan görünür ki, icra sənədi üzrə borclu İddiaçı yaşadığı yeri müəyyən etmək mümkün olmadığından borclu barəsində axtarış elan olunmuşdur. 01.09.2020-ci il tarixdə İddiaçı tərəfindən yazılmış izahatdan görünür ki, pandemiya dövrü olduğundan və kirayədə qaldığından borcunu ödəyə bilməmişdir. Təyin olunmuş borcu ödəməkdə qərəzli deyildir, qısa bir müddət ərzində tələbkarın razılıq məktubunu şöbəyə təqdim edəcəkdir. 13.10.2020-ci il tarixdə İddiaçı tərəfindən yazılmış izahatdan görünür ki, pandemiya dövrü işləyə bilməmiş və aliment borcu yığılmışdır. Hazırda restoranda ofisiant işləyir və aliment borcunun əmək haqqına yönəldilməsini xahiş etmişdir. 16.12.2021-ci il tarixdə X4 tərəfindən yazılmış izahatdan görünür ki, hazırda İddiaçı 5000 manat aliment borcu var. 21.12.2021-ci il tarixdə İddiaçı tərəfindən yazılmış izahatdan görünür ki, işlədiyi restorandan xəbərsiz olaraq onu işdən azad etmişlər. Borcu ödəməyə imkanı yoxdur. Amma bir neçə saat vaxt verilsə qohumlarından taparaq alimentin müəyyən bir qismini ödəyə bilər. Bakı şəhəri Suraxanı Rayon Məhkəməsinin 3(010)-1748/2021 nömrəli iş üzrə qəbul etdiyi 21.12.2021-ci il tarixli qətnaməsindən görünür ki, borclu İddiaçı barəsində inzibati protokol tərtib olunmuş və 10 gün müddətinə inzibati həbs olunmuşdur. Ödəniş kartı üzrə çıxarışdan görünür ki, İddiaçı tərəfindən X1 hesabına 150, 200, 200, 100, 50, 180, 200 manat məbləğində ödənişlər olmuşdur. 28.02.2022-ci il tarixli mədaxil qəbzindən görünür ki, iddiaçı tərəfindən məhkəməyə iddia ərizəsi verilərkən ümumilikdə 71 manat məbləğində dövlət rüsumu ödənilmişdir. Tətbiq edilən hüquq: Azərbaycan Respublikası Konstitusiyasına əsasən uşaqların qayğısına qalmaq və onları tərbiyə etmək valideynlərin borcudur. Bu borcun yerinə yetirilməsinə dövlət nəzarət edir (Maddə 17, İİ hissə). Nikah və ailə dövlətin himayəsindədir. Analıq, atalıq, uşaqlıq qanunla mühafizə edilir. Dövlət çoxuşaqlı ailələrə yardım göstərir. Ər ilə arvadın hüquqları bərabərdir. Uşaqlara qayğı göstərmək, onları tərbiyə etmək valideynlərin həm hüququ, həm də borcudur (Maddə 34). “Uşaq hüquqları haqqında” Azərbaycan Respublikası Qanununun 19-cu maddəsinə əsasən, valideynlərin uşağın tərbiyəsində bərabər hüquq və vəzifələri vardır. Uşağın qabiliyyətinin inkişaf etdirilməsi, onun maddi və mənəvi tələbatlarının təmin edilməsi, hüquq və mənafelərinin mühafizəsi valideynlərin əsas vəzifələridir. Azərbaycan Respublikası Milli Məclisinin 21 iyul 1992-ci il tarixli 236 saylı qərarı ilə Azərbaycan Respublikasının qoşulduğu, BMT-nin Baş Məclisinin 20 noyabr 1989-cu il tarixdə qəbul etdiyi “Uşaq hüquqları haqqında” Konvensiyanın 3-cü maddəsinə əsasən uşaqlar barəsində bütün tədbirlərdə əsas diqqət uşaq mənafelərinin daha yaxşı təmin edilməsinə yönəldilir, istər bu tədbirlər sosial təminat məsələləri ilə məşğul olan dövlət idarələri və ya özəl idarələr tərəfindən görülsün, istərsə də məhkəmələr, inzibati və ya qanunvericilik orqanları tərəfindən. Azərbaycan Respublikası Ailə Məcəlləsinin 75.1-ci maddəsinə əsasən, valideynlər uşaqlarını saxlamağa borcludurlar. Həmin Məcəllənin 56.1-ci maddəsinə əsasən valideynlər öz uşaqları barəsində bərabər hüquq və vəzifələrə malikdirlər. “Аzərbаycаn Respublikası Аilə Məcəlləsinin 76, 78 və 112-ci maddələrinin şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 27 iyul 2016-cı il tarixli qərarında göstərilmişdir ki, nikahın pozulması ilə əlaqədar uşağın valideynlərdən birinin himayəsinə verilməsi, uşağa qulluq, onun sağlamlıq, təhsil, inkişaf, məişət qayğılarının çəkilməsinin uşağın himayəsində olduğu valideynin üzərinə düşməsi, yaşayış minimumunu müəyyən edən qanunvericilik aktlarında göstərilən minimum dolanacaq xərclərinə yaxın məbləğin aliment kimi digər valideyndən tutulmasına əsas olar bilər. Belə ki, aliment ödəyən valideynin rəsmi olaraq heç bir yerdə işləməməsi və ya qazanca malik olmaması onu uşağı saxlamaq və maddi təminatı ödəmək vəzifəsindən azad etmir. Azərbaycan Respublikası Ailə Məcəlləsinin 107.2-ci maddəsinə əsasən aliment onun ödənilməsi barədə saziş əsasında tutulduqda, aliment üzrə borcları ödəməkdən azad edilmə və ya onun miqdarının azaldılması tərəflərin razılığı ilə həyata keçirilə bilər. Həmin Məcəllənin 107.2-ci maddəsinə əsasən məhkəmə aliment ödəməli şəxsin iddiası üzrə aliment borcunun şəxsin xəstəliyi və digər üzürlü səbəblərə görə əmələ gəldiyini, ailə və maddi vəziyyətinin bu borcları ödəməyə imkan vermədiyini müəyyən edərsə, onu həmin borcları ödəməkdən tamamilə və ya qismən azad edə bilər. Məhkəmənin mövqeyi: Məhkəmə iş materiallarını və işin faktiki hallarını araşdıraraq, tərəflərin izahatını dinləyərək, işdə olan sənədləri tədqiq edərək və sübutları qiymətləndirərək hesab edir ki, aşağıda göstərilənlərə əsasən iddia rədd edilməlidir. Hazırda iddiaçı yetkinlik yaşına çatmayan uşağın saxlanılması üçün ondan cavabdehin xeyrinə məhkəmə qətnaməsi ilə tutulması qət edilmiş aliment borcunu ödəməkdən azad edilməyini xahiş edir. Qanunvericilik aliment borcunun tamamilə və ya qismən azad edilməsinin əsaslarını müəyyən etmişdir. İddiaçının qeyd etdiyi kimi pandemiya və digər səbəblərdən onun işləməməsi onun aliment borclarından azad edilməsi üçün qanuni əsas deyildir. Qanunvericiliyin mənasına görə, yalnız aliment borcunun şəxsin xəstəliyi və digər üzrlü səbəblərə görə əmələ gəldiyi, ailə və maddi vəziyyətinin bu borcları ödəməyə imkan vermədiyi müəyyən edildiyi halda, aliment borclarını ödəməkdən azad edilə bilmə imkanı nəzərdə tutulmuşdur ki, bu hallar da mövcud deyildir. Bundan əlavə, icra işi materiallarından da görünür ki, tələbin könüllü icrası barədə bildiriş borclu tərəfindən qəbul edilmiş və tanış olmuşdur. Borclu hər dəfəsində müxtəlif bəhanələr gətirərək, pandemiya vəziyyəti olduğunu, kirayədə qaldığını, kirayədə qaldığı evi su basdığını, işdən çıxarıldığını və s. əsas gətirərək alimenti ödəməkdən yayınmış və nəticədə barəsində inzibati protokol tərtib olunaraq, məhkəmənin qərarı ilə inzibati qaydada həbs olunmuşdur. Göründüyü kimi iddiaçı silinməsini tələb etdiyi aliment borcunun qanunda qeyd olunmuş əsaslara görə yaranmasına dair məhkəyə heç bir sübut təqdim etmədiyindən məhkəmə hesab edir ki, iddiaçının qeyd olunan tələbi əsassızdır və təmin olunmamalıdır. Məhkəmə xərcləri: Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 107-ci maddəsinə əsasən, məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir. Həmin Məcəllənin 119.1-ci maddəsinə görə, məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. İddia rədd edildiyi üçün iddiaçı tərəfindən ödənilmiş 71 manat məbləğində rüsum iddiaçının özünə aid edilməlidir. Yuxarıda qeyd olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220-ci maddələrini rəhbər tutaraq, məhkəmə qət etdi: İddia rədd edilsin. İddiaçı cavabdeh X3 qarşı “aliment borcunu ödəməkdən azad etmə” tələbinə dair iddiası təmin edilməsin. İddiaçı tərəfindən ödənilmiş 71 (yetmiş bir) manat dövlət rüsumu onun özünə aid edilsin. Qətnamədən, məhkəmə qətnaməsi işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı şəhəri Suraxanı Rayon Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilməmişdirsə, işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar