Məhkəmə qərarları › İş №2(010)-1624/2022

Bakı Şəhəri Suraxanı Rayon Məhkəməsi Qətnamə — İş №2(010)-1624/2022

11.05.2022 · Ailə münasibətləri üzrə mübahisələr - Alimentin təyin edilməsi tələbi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(010)-1624/2022 11.05.2022 BAKI ŞƏHƏRİ SURAXANI RAYON MƏHKƏMƏSİ Hakim Talıbova Leyla Oruc qızının sədrliyi, Mahmudov Ruslan Elxan oğlunun katibliyi ilə, İddiaçı cavabdeh Archıl Huseınova qarşı “aliment” tələbinə dair mülki işə açıq məhkəmə iclasında baxaraq, M Ü Ə Y Y Ə N E T D İ: İddiaçı cavabdeh Archıl Huseınova qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdeh Archıl Huseınov ilə birgə nikahlarından olan 15.09.2008-ci il təvəllüdlü X3, 31.05.2010-cu il təvəllüdlü X4 və 17.10.2018-ci il təvəllüdlü X5 yetkinlik yaşına çatanadək saxlanılması üçün hər ay bir uşağa 193 manat olmaqla, ümumilikdə 579 manat pul məbləğində sabit pul məbləğində alimentin cavabdeh Archıl Huseınovdan tutularaq iddiaçıya ödənilməsinə dair qətnamə qəbul edilməsini xahiş etmişdir. İddiaçı etibarnamə üzrə nümayəndəsi (vəkili) Könül İskəndərli ərizə ilə məhkəməyə müraciət edərək, üzürlü səbəblə bağlı olaraq məhkəmə iclasında iştirak edə bilməyəcəyini, mülki işə onun iştirakı olmadan baxılaraq iddianın təmin edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Məhkəmə Azərbaycan Respublikası MPM-nin 184-cü maddəsinin tələblərinə əsasən mülki işə iddiaçının iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. İddiaçı iddia tələbini onunla əsaslandırmışdır ki, o, cavabdeh Archıl Huseınov oğlu ilə 13.02.2009-cu ildə rəsmi nikaha daxil olmaqla ailə həyatı qurmuşlar. Həmin nikahdan 15.09.2008-ci il təvəllüdlü X6, 31.05.2010-cu il təvəllüdlü X8 və 17.10.2018-ci il təvəllüdlü X9 adlı üç övladları dünyaya gəlmişdir. Cavabdeh ailəsinə biganə münasibət bəslədiyindən onunla yaşamaq dözülməzdir və hal-hazırda isə cavabdehlə ayrı yaşayırlar. Belə ki, azyaşlı üç övladının saxlanılması xərcləri yalnızca onun hesabına ödənilir. Cavabdeh (ata) Huseinov Archıl övladları 15.09.2008-ci il təvəllüdlü X3, 31.05.2010-cu il təvəllüdlü X4 və 17.10.2018-ci il təvəllüdlü X1, maddi və mənəvi tələbatlarının ödənilməsində iştirak etmir. Uşaqlar böyüdükcə onların saxlanılması xərcləri də artır ki, bu vəsaitin bir hissəsidə qanunvericiliyə müvafiq olaraq cavabdeh (ata) tərəfindən ödənilməlidir. Birgə nikahdan dünyaya gələn 15.09.2008-ci il təvəllüdlü X3, 31.05.2010-cu il təvəllüdlü X4 və 17.10.2018-ci il təvəllüdlü X5 yetkinlik yaşına çatanadək saxlanılması üçün hər ay hər uşaq üçün 193 manat olmaqla sabit pul məbləğində alimentin, ümumilikdə 579 manat sabit pul məbləğində alimentin cavabdeh Huseinov Archıl tərəfindən onun xeyrinə tutulması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Məhkəmə iclasının yeri və vaxtı barədə lazımi qaydada cavabdehə məlumat verilməsinə baxmayaraq, məhkəmə iclasına gəlməmiş, gəlməməsinin səbəbləri barəsində məhkəməyə heç bir məlumat verməmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəllənin 185.5-ci maddəsinə əsasən, məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilmiş cavabdehin gəlməməsinin səbəbləri haqqında məlumat olmadıqda və ya məhkəmə gəlməməyin səbəblərini üzrsüz hesab etdikdə, yaxud məhkəmə cavabdehin icraatı qəsdən yubandırdığını aşkar etdikdə, işə baxmağa haqlıdır. Bu halda qətnamə çəkişmə şəraitində qəbul edilmiş kimi qiymətləndirilərək cavabdehə apellyasiya qaydasında şikayət etmək hüququ verilir. Məhkəmə Azərbaycan Respublikası MPM-nin 185.5-ci maddəsinə əsasən cavabdehin iştirakı olmadan işə mahiyyəti üzrə baxılmasını mümkün hesab etmişdir. Məhkəmə iş materiallarını araşdıraraq hesab edir ki, iddia aşağıdakılara əsasən qismən təmin edilməlidir. Belə ki, iş materiallarına əlavə edilmiş Azərbaycan Respublikası Dövlət Miqrasiya Xidməti Miqrasiya Proseslərinin təhlili və İnformasiya Təminatı Baş İdarəsi tərəfindən verilmiş 28.01.2022-ci il tarixli məktubdan görünür ki, Ukrayna vətəndaşı, xx.xx.1979-cu il təvəllüdlü Archıl Huseınov sonuncu dəfə ünvan 1 ünvanında qeydiyyata alınmışdır. İş materiallarına əlavə edilmiş ilkin mediasiya sessiyasında iştirak edilməməsi barədə MSB/5-00509 saylı arayışdan görünür ki, 22.02.2021-ci il tarixdə saat 11:30-12:00 saatlarında keçirilən iclasda İddiaçı ilkin mediasiya sessiyasında nümayəndəsi, vəkili Könül İskəndərli vasitəsilə iştirak etmiş və 50 manat mediasiyaya dair xərc ödəmişdir, lakin Archıl Huseınov iştirak etməmişdir. İş materiallarına əlavə edilmiş Suraxanı rayon Qeydiyyat şöbəsi tərəfindən verilmiş doğum haqqında şəhadətnamənin surətindən görünür ki, X6 15.09.2008-ci il tarixdə anadan olmuşdur. X14, anası İddiaçıdır. İş materiallarına əlavə edilmiş Suraxanı rayon Qeydiyyat şöbəsi tərəfindən verilmiş doğum haqqında şəhadətnamənin surətindən görünür ki, X8 31.05.2010-cu il tarixdə anadan olmuşdur. X14, anası İddiaçıdır. İş materiallarına əlavə edilmiş X11 şəhər Baş ərazi ədliyyə idarəsi İndustrial və Nemişlyansk rayonları VVAD qeydiyyat Şöbəsi tərəfindən verilmiş doğum haqqında şəhadətnamənin təsdiq olunmuş surətindən görünür ki, X9 17.10.2018-ci il tarixdə anadan olmuşdur. X2, anası İddiaçıdır. İş materiallarına əlavə edilmiş Bakı Nikah evi tərəfindən verilmiş nikah haqqında şəhadətnamənin surətindən görünür ki, Hüseınov Arçil və X7 13.02.2009-cu il tarixdə nikahlarını bağlamışlar və bu barədə nikahın bağlanması haqqında akt qeydləri kitabında həmin tarixdə 156 nömrəsi ilə qeyd edilmişdir. Nikah bağlandıqdan sonra ərə Hüseynov, arvada Hüseynova soyadı verilmişdir. Azərbaycan Respublikası Ailə Məcəlləsinin 100.2-ci maddəsinə əsasən, aliment məhkəməyə müraciət edildiyi vaxtdan tutulur. Azərbaycan Respublikası Konstitusiyasının 34-cü maddəsinin İV bəndinə əsasən ər ilə arvadın hüquqları bərabərdir. Uşaqlara qayğı göstərmək, onları tərbiyə etmək valideynlərin həm hüququ həm də borcudur. Birləşmiş Millətlər Təşkilatının Uşaq Hüquqları haqqında Konvensiyasının 3-cü maddəsinə əsasən uşaqlar barəsində bütün tədbirlərdə əsas diqqət uşaq mənafelərinin daha yaxşı təmin edilməsinə yönəldilir, istər bu tədbirlər sosial təminat məsələləri ilə məşğul olan dövlət idarələri və ya özəl idarələr tərəfindən görülsün, istərsə də məhkəmələr, inzibati və ya qanunvericilik orqanları tərəfindən. Azərbaycan Respublikası Ailə Məcəlləsinin 75.1-ci maddəsinə əsasən valideynlər uşaqlarını saxlamağa borcludurlar. Həmin məcəllənin 75.4-cü maddəsinə əsasən valideynlər uşaqları saxlamadıqda uşaqların saxlanması üçün vəsait (aliment) valideynlərdən məhkəmə qaydasında tutulur. Ailə Məcəlləsinin 78.1-ci maddəsinə əsasən valideynlər arasında yetkinlik yaşına çatmayan uşaqlara aliment ödənilməsi barədə saziş yoxdursa, eləcə də aliment verməyə borclu olan valideynin qazancı (gəliri) qeyri-müntəzəm, dəyişən olarsa, ya qazancın (gəlirin) hamısını və ya bir hissəsini həmin valideyn natura və ya xarici valyuta ilə alırsa, yaxud onun qazancı və ya sair gəliri yoxdursa, habelə alimentin valideynin qazancından (gəlirindən) müəyyən hissə kimi tutulması mümkün olmadığı, çətinlik törətdiyi və ya tərəflərdən birinin marağı əhəmiyyətli dərəcədə pozduğu başqa hallarda, uşaqların saxlanması üçün vəsait tutulması tələb edən şəxsin xahişi ilə alimentin miqdarı məhkəmə tərəfindən hər ay ödənilməli olan sabit pul məbləğində və ya eyni zamanda həm sabit pul məbləğində, həm də bu Məcəllənin 76-cı maddəsinə uyğun olaraq qazancın (gəlirin) müəyyən hissəsi kimi müəyyən edilə bilər. Məhkəmə iclasında iddiaçı tərəfindən cavabdehin rəsmi qazancının, əlavə qazancının və ya gəlirinin olması barədə heç bir sübut məhkəməyə təqdim edilməmişdir. Məhkəmə hesab edir ki, alimentin miqdarı müəyyən edilərkən yalnız bir tərəfin deyil, hər iki tərəfin ailə və maddi vəziyyəti nəzərə alınmalıdır. Məhkəmə qeyd edir ki, cavabdehin maddi vəziyyətində hər-hansı yaxşılaşma olmasına dair işdə sübut yoxdur. Məhkəmə hesab edir ki, cavabdeh tərəfin gəlir əldə etməsi barədə məlumat olmasa belə, hər ay hər üç uşağa birlikdə 579 manat sabit pul məbləğində aliment ödəməsi onun əmək haqqı həddini aşan daha çox vəsait xərcləməsinə gətirib çıxara bilər və əmək haqqından və ya gəlirindən yüksək miqdarda vəsait ödənilməsi onun üçün əlverişsiz hal yarada bilər. Bundan başqa məhkəmə hesab edir ki, cavabdehin özünün saxlanılması üçün minimum tələbatını ödəyə bilməsi halı da nəzərə alınmalıdır. Yuxarıda qeyd olunanları nəzərə alaraq məhkəmə belə qənaətə gəlir ki, əsas diqqət yetkinlik yaşına çatmamış uşaqların mənafeyinə, uşağın maddi cəhətdən təmin olunmasına yönəlməli və Archıl Huseınovdan 01.03.2022-ci il tarixdən hesablanmaqla 15.09.2008-ci il təvəllüdlü X3, 31.05.2010-cu il təvəllüdlü X4 və 17.10.2018-ci il təvəllüdlü X5 yetkinlik yaşlarına çatana kimi saxlanmaları üçün hər ay hər uşağa 150 manat olmaqla, cəmi 450 manat pul məbləğində aliment tutularaq İddiaçı verilməlidir. Azərbaycan Respublikasında 2022-ci il üçün yaşayış minumumu haqqında Qanuna əsasən 01 yanvar 2022-ci il tarixdən uşaqlar üçün məbləğ 193 manat müəyyən edilmişdir. Azərbaycan Respublikasının MPM-nin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə görə isə hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Məhkəmə iş üzrə sübutlara Azərbaycan Respublikasının MPM-nin 88-ci maddəsinin tələblərinə uyğun olaraq obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət vermiş, ərizədə qoyulmuş tələblər üzrə nəticəyə gələrkən isə Azərbaycan Respublikasının MPM-nin 217.4-cü maddəsində təsbit edilmiş bilavasitəlilik prinsipinə uyğun olaraq yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlara əsaslanmışdır. Azərbaycan Respublikasının Mülki-Prosessual Məcəlləsinin 234.2.1-ci maddəsinə əsasən, şəxsin saxlanılmasıüçün vəsaitlərin, o cümlədən alimentlərin alınması haqqında qətnamələr dərhal icra olunur. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 112.1.3-cü maddəsinə əsasən, iddianın qiyməti, aliment alınması haqqındakı iddialarda – bir il ərzində ödəmənin məcmusu ilə müəyyən edilir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 119.2-ci maddəsinə əsasən, iddiaçı müəyyən olunmuş qaydada dövlət rüsumunu ödəməkdən azad edilmişsə, dövlət rüsumu iddianın təmin edilmiş hissəsinə münasib olaraq cavabdehdən tutularaq dövlət gəlirinə alınır. Bundan başqa 01.10.2021-ci il tarixdə qüvvəyə minmiş “X12” Azərbaycan Respublikası Qanunun 8.1.2-ci maddəsinə əsasən iddia qiyməti 1.000 manatdan 10.000 manatadək olduqda 30 manat və 1.000 manatdan yuxarı olan iddia qiymətinin 1 faizi dövlət rüsumu kimi ödənilməlidir. Məhkəmə xərcləri ilə bağlı məsələni müzakirə edərək məhkəmə belə qənaətə gəlir ki, hazırkı iddianın qiymətinin, yəni bir il ərzində ödəmənin məcmusunun 1000 manatdan artıq olmasını nəzərə alaraq, ödənilməli 24 manat dövlət rüsumu Archıl Huseınovdan dövlət gəlirinə tutulmalıdır. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 227 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə Q Ə T E T D İ: İddia qismən təmin edilsin. Archıl Huseınovdan 01.03.2022-ci il tarixdən hesablanmaqla 15.09.2008-ci il təvəllüdlü X3, 31.05.2010-cu il təvəllüdlü X4 və 17.10.2018-ci il təvəllüdlü X5 yetkinlik yaşlarına çatana kimi saxlanmaları üçün hər ay hər uşağa 150 manat, cəmi 450 (dörd yüz əlli) manat sabit pul məbləğində aliment tutularaq İddiaçı verilsin. İddia qalan hissədə təmin olunmasın. Məhkəmə xərcləri - 24 (iyirmi dörd) manat dövlət rüsumu cavabdeh Archıl Huseınovdan tutularaq dövlət büdcəsinə ödənilsin. Qətnamə dərhal icra olunsun. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı şəhəri Suraxanı Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, qəbul edildiyi gündən 1 ay keçdikdən sonra qanuni qüvvəyə minir. Sədrlik edən Leyla Talıbova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar