Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(010)-1660/2022 18.04.2022 BAKI ŞƏHƏRİ SURAXANI RAYON MƏHKƏMƏSİ Hakim Məmmədov Tural Nurulla oğlunun sədrliyi, Həsənzadə Leyla Fərhad qızının katibliyi, İddiaçı Cavabdeh iştirakı ilə İddiaçı Cavabdeh qarşı “aliment” tələbinə dair iddia ərizəsi üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq, məhkəmə Müəyyən etdi: İddiaçı Cavabdeh qarşı “aliment” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək cavabdehlə birgə nikahdan doğulmuş 06.09.2019-cu il təvəllüdlü X1 yetkinlik yaşına çatanadək saxlanılması üçün 200 manat məbləğində alimentin və onun xəstəliyi ilə əlaqədar çəkilmiş əlavə xərclərin ödənilməsi məqsədilə hər ay 100 manat məbləğində pulun və 50 manat məbləğində mediasiya xərcinin Cavabdeh tutularaq ona ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddiaçı tələbini onunla əsaslandırmışdır ki, o, cavabdehlə 28.03.2012-ci il tarixdə nikaha daxil olmuş və birgə nikahdan 05.04.2014-cü il tarixdə X4 adlı övladları doğulmuşdur. Suraxanı Rayon Məhkəməsinin 2(010)-6610/2016 saylı, 24.10.2016-cı il tarixli qətnaməsi ilə tərəflər arasında olan nikah pozulmuş və birgə nikahdan doğulan 05.04.2014-cü il təvəllüdlü X2 anasının yanında qalması və yetkinlik yaşına çatanadək saxlanılması üçün hər ay Cavabdeh 117 manat alimentin tutularaq ona ödənilməsi qət edilmişdir. Sonradan münasibətləri düzəlmiş və yenidən barışaraq faktiki olaraq birgə yaşamağa başlamışlar. Faktiki ailə münasibətlərindən 06.09.2019-cu il tarixdə X5 adlı övladları dünyaya gəlmişdir. Doğum haqqında şəhadətnamədə onun atası Cavabdeh göstərilmişdir. Son vaxtlar münasibətləri pozulmuş və ayrılmışlar. O, hazırda uşaqları ilə birgə valideynlərinin yanında yaşayır. Cavabdehin uşaqların saxlanılması üçün aliment ödəməyə kifayət qədər imkanı vardır. Birgə nikahdan doğulmuş X5 anadangəlmə Daun sindromlu xəstədir və mütəmadi olaraq müalicəyə ehtiyacı vardır. Ona “Q 90 Daun sindromu F 701 Yüngül dərəcəli əqli gerilik, qulluq tələb edən ciddi davranış pozuntusu” diaqnozu qoyulmuşdur. Onun müalicəsinə hər ay orta hesabla 150 manat pul xərclənir, lakin cavabdeh tərəfindən müalicəyə və dərmanların alınmasına heç bir köməklik göstərilmir. Cavabdeh etirazla məhkəməyə müraciət edərək, iddia tələbi ilə qismən razı olduğunu və birgə nikahdan doğulmuş 06.09.2019-cu il təvəllüdlü X1 yetkinlik yaşına çatanadək saxlanılması üçün hər ay 120 manat məbləğində aliment ödəməyə razı olduğunu və iddia tələbini qalan hissədə qəbul etməyərək həmin hissədə sübuta yetirilmədiyindən onun təmin edilməməsini xahiş etdi. Məhkəmə iclasında İddiaçı iddia ərizəsində qeyd olunanlara uyğun izahat verib iddianın təmin olunması barədə qətnamə qəbul edilməsini məhkəmədən xahiş etdi. Məhkəmə iclasında Cavabdeh təqdim etdiyi etiraz ərizəsinə uyğun izahat verərək iddia tələbini qismən qəbul etdiyini bildirdi. Məhkəmə iddiaçı və cavabdehi dinləyib, iş materiallarını nəzərdən keçirərək hesab edir ki, iddia qismən təmin olunmalıdır. İş materiallarında olan: Suraxanı Rayon Məhkəməsinin 2(010)-6610/2016 saylı, 24.10.2016-cı il tarixli qətnaməsindən görünür ki, Cavabdeh ilə İddiaçı arasında olan nikah pozulmuş, birgə nikahdan doğulan 05.04.2014-cü il təvəllüdlü X2 anasının yanında qalması və yetkinlik yaşına çatanadək saxlanılması üçün hər ay Cavabdeh 117 manat alimentin tutularaq ona ödənilməsi qət edilmişdir. -Doğum haqqında şəhadətnamənin təsdiq edilmiş surətindən görünür ki, X5 06.09.2019-cu il tarixdə anadan olmuşdur. Atası Cavabdeh, anası İddiaçıdır. Beləliklə işin məhkəmə tərəfindən müəyyən olunan halları ondan ibarətdir ki, iddiaçı ilə cavabdeh rəsmi nikaha daxil olaraq evlənmiş, nikahda olduqları dövrdə birgə nikahlarından 05.04.2014-cü il təvəllüdlü X4 dünyaya gəlmişdir. Tərəflər arasında olan nikah 2016-cı ildə rəsmi olaraq pozulsa da, daha sonra barışaraq ailə münasibətlərini davam etdirmiş və 06.09.2019-cu il tarixdə X5 adlı övladları dünyaya gəlmişdir. Hazırda tərəflər arasında münasibət yenidən pozulduğu üçün İddiaçı övladları ilə birlikdə cavabdehdən ayrı yaşayır. Hal-hazırda iddiaçı 06.09.2019-cu il tarixdə doğulmuş X1 yetkinlik yaşına çatanadək saxlanılması üçün aliment və xəstəliyi ilə əlaqədar çəkilmiş xərclərinin ödənilməsini tələb edir. Azərbaycan Respublikası Ailə Məcəlləsinin 75-ci maddəsinə əsasən, valideynlər uşaqlarını saxlamağa borcludurlar. Valideynlər uşaqlarını saxlamadıqda uşaqların saxlanılması üçün vəsait (aliment) valideynlərdən məhkəmə qaydasında tutulur. Azərbaycan Respublikası Ailə Məcəllənin 78.1-ci maddəsində isə göstərilmişdir ki, valideynlər arasında yetkinlik yaşına çatmayan uşaqlara aliment ödənilməsi barədə saziş yoxdursa, eləcə də aliment verməyə borclu olan valideynin qazancı qeyri-müntəzəm, dəyişən olarsa uşaqların saxlanılması üçün vəsait tutulmasını tələb edən şəxsin xahişi ilə alimentin miqdarı məhkəmə tərəfindən hər ay ödənilməli olan sabit pul məbləğində və ya eyni zamanda həm sabit pul məbləğində, həm də bu Məcəllənin 76-cı maddəsinə uyğun olaraq qazancın müəyyən hissəsi kimi müəyyən edilə bilər. Məhkəmə qeyd edir ki, iddia tələbində qeyd olunan aliment məbləğinin ödənilməsi üçün iddiaçı tərəfindən cavabdehin həmin alimenti ödəməyə zəruri vəsaitinin kifayət qədər olması sübuta yetirilmədiyindən alimentin tələbdə göstərilən miqdarda tutulması əsaslı deyildir. Məhkəmə, azyaşlının saxlanılması üçün aliment miqdarını müəyyən edərkən «Azərbaycan Respublikasında 2022-ci il üçün yaşayış minimumu haqqında» Azərbaycan Respublikasının Qanununa əsaslanır. Həmin Qanunla ilə 2022-ci il üçün yaşayış minimumu ölkə üzrə uşaqlar üçün 193 manat məbləğində müəyyən edilmişdir. Azərbaycan Respublikası Ailə Məcəlləsinin 76, 78 və 112-ci maddələrinin şərh edilməsinə dair Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 27 iyul 2016-cı il tarixli Qərarında qeyd olunmuşdur ki, nikahın pozulması ilə əlaqədar uşağın valideynlərdən birinin himayəsinə verilməsi, uşağa qulluq, onun sağlamlıq, təhsil, inkişaf, məişət qayğılarının çəkilməsinin uşağın himayəsində olduğu valideynin üzərinə düşməsi, yaşayış minimumunu müəyyən edən qanunvericilik aktlarında göstərilən minimum dolanacaq xərclərinə yaxın məbləğin aliment kimi digər valideyndən tutulmasına əsas ola bilər. Belə ki, aliment ödəyən valideynin rəsmi olaraq heç bir yerdə işləməməsi və ya qazanca malik olmaması onu uşağı saxlamaq və maddi təminatı ödəmək vəzifəsindən azad etmir. Bu zaman uşağın Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş minimum dolanacaq xərclərindən az olmayan maddi təminat almaq hüququ vardır. Belə olan halda, məhkəmə hesab edir ki, birgə nikahdan doğulmuş 06.09.2019-cu il təvəllüdlü X1 yetkinlik yaşına çatanadək saxlanılması üçün hər ay 193 manat sabit pul məbləğində alimentin təyin edilməsi qanunauyğun və məqsədəmüvafiqdir. «Uşaq hüquqları haqqında» Konvensiyanın 3-cü maddəsinin tələbinə görə, sosial təminat məsələləri ilə məşğul olan dövlət idarələri və ya özəl idarələr, habelə məhkəmələr, inzibati orqanlar, yaxud qanunvericilik orqanları tərəfindən həyata keçirilibkeçirilməməsindən asılı olmayaraq, uşaqlar barəsində görülən bütün tədbirlərdə uşağın maraqlarının daha yaxşı təmin edilməsinə ilk növbədə diqqət yetirilir. «Uşaq hüquqları haqqında» Azərbaycan Respublikası Qanununun 3-cü maddəsinin tələbinə görə, uşaqlar barəsində dövlət siyasəti hər bir uşağın zəruri maddi və məişət şəraitində böyüyüb tərbiyyə olunmasının, mütərəqqi tələblər əsasında təhsil almasının, layiqli vətəndaş kimi formalaşmasının təmin edilməsinə yönəldilir. Həmin Qanunun 13-cü maddəsinin tələbinə görə isə, uşağın qanunvericiliklə müəyyən edilmiş minimum dolanacaq xərclərindən az olmayan maddi təminat almaq hüququ vardır. Məhkəmə hesab edir ki, iddia tələbi birgə nikahdan doğulmuş 06.09.2019-cu il təvəllüdlü X1 xəstəliyi ilə əlaqədar çəkilmiş əlavə xərclərin ödənilməsi hissəsində təmin edilməməlidir. Belə ki, Ailə Məcəlləsinin 56.1.-ci maddəsinə əsasən valideynlər öz uşaqları barəsində bərabər hüquq və vəzifələrə malikdirlər. Həmin Məcəlləsinin 81.1.-ci maddəsinə əsasən alimentin tutulması barədə saziş olmadıqda və ya sazişdə müstəsna hallarla (ağır xəstə, şikəst olan uşaqlara, habelə əmək qabiliyyəti olmayan və maddi yardıma ehtiyacı olan yetkinlik yaşına çatmış övladlara göstərilən kənar xidmətin haqqının ödənilməsi ilə əlaqədar və digər hallarda) əlaqədar yaranmış xərclərin ödənilməsi qaydası müəyyən edilməmişsə, valideynlərdən hər biri məhkəmə tərəfindən əlavə xərclərin ödənilməsinə cəlb oluna bilər. Həmin Məcəllənin 81.2.-ci maddəsinə əsasən valideynlərin əlavə xərclərə cəlb olunması qaydasını məhkəmə müəyyən edir. Bu xərclərin miqdarı məhkəmə tərəfindən valideynlərin və uşaqların ailə və maddi vəziyyəti, eləcə də tərəflərin diqqətəlayiq olan digər maraqları nəzərə alınmaqla, hər ay ödənilməli olan sabit pul məbləğində müəyyən olunur. Həmin Məcəlləsinin 81.3.-cü maddəsinə əsasən məhkəmə valideynləri faktiki çəkilmiş əlavə xərclərə, eləcə də gələcəkdə çəkilməsi zəruri olan xərclərə cəlb edə bilər. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun Azərbaycan Respublikası Ailə Məcəlləsinin 80 və 81-ci maddələrinin bəzi müddəalarının şərh edilməsinə dair 27 yanvar 2015-ci il tarixli Qərarında qeyd edilmişdir ki, valideynlər övladlarına görə əlavə xərclərin çəkilməsində könüllü iştirak etmədikdə, onları saxlayan şəxslər – digər valideyn, qəyyum, himayəçi, tərbiyəçi, yetkinlik yaşına çatmış övlad isə özü (o, fəaliyyət qabiliyyətlidirsə) məhkəmədə iddia qaldıra bilər. Bu halda Ailə Məcəlləsinin 81.2-ci maddəsinə uyğun olaraq valideynlərin əlavə xərclərə cəlb olunması qaydasını məhkəmə müəyyən edir. Bu xərclərin miqdarı məhkəmə tərəfindən valideynlərin və uşaqların ailə və maddi vəziyyəti, eləcə də tərəflərin diqqətəlayiq olan digər maraqları nəzərə alınmaqla, hər ay ödənilməli olan sabit pul məbləğində müəyyən olunur. Məhkəmə valideynləri nəinki faktiki çəkilmiş xərclərdə iştiraka, habelə gələcəkdə çəkilməsi zəruri olan xərclərə də cəlb edə bilər (Ailə Məcəlləsinin 81.3-cü maddəsi). Bu barədə məhkəməyə müraciət edən şəxs gələcəkdə çəkilməsi zəruri olan xərcləri mötəbər sübutlarla əsaslandırmalıdır. Valideynlərin verməli olduğu əlavə xərclərin miqdarı hər bir işin konkret halından asılıdır, əlavə xərclər dəyişməz deyildir. Belə ki, sonralar daha yüksək xərclərin çəkilməsi tələb edilərsə, bu məqsədlə təkrarən məhkəməyə müraciət etmək imkanı istisna edilmir. İddiaçı tərəfin təqdim etdiyi tibb müəssisəsində tibbi müayinədən keçməklə bağlı sənədlər və həkim reseptləri ilə bağlı məhkəmə qeyd edir ki, bu sənədlərlə iddia tələbinin qeyd edilən hissəsi sübut edilmir. Belə ki, həmin sənədlərlə azyaşlının müxtəlif müayinələrdən keçməsi və müalicələr qəbul etməsi görünsə də, iddia tələbində qeyd edildiyi kimi tələb edilən məbləğdə xərc çəkilməsi faktı müəyyən edilmir. Ona görə də, məhkəmə həmin sənədləri sübut baxımından kafi hesab edə bilməz. Tutulacaq aliment məbləğinə gəldikdə isə, Azərbaycan Respublikası Ailə Məcəlləsinin 100.2-ci maddəsinə əsasən aliment məhkəmə qərarı ilə tutulduqda aliment məhkəməyə müraciət edildiyi tarixdən tutulur. Belə olan halda, məhkəmə hesab edir ki, alimentin tutulması, iddia ərizəsi məhkəməyə daxil olduğu tarixdən, başqa sözlə 01.03.2022-ci il tarixdən başlayaraq hesablanmalıdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Azərbaycan Respublikası MPM-nin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 119.1-ci maddəsinin tələblərinə görə məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 234.2.1-ci maddəsinə əsasən şəxsin saxlanılması üçün vəsaitlərin, o cümlədən alimentlərin tutulması haqqında qətnamələr dərhal icra olunur. Qeyd edilənlərə əsasən, Azərbaycan Respublikası MPM-nın müvafiq maddələrini rəhbər tutaraq məhkəmə Q ə t e t d i: İddia qismən təmin edilsin. İddiaçı ilə Cavabdeh birgə nikahından doğulmuş 06.09.2019-cu il təvəllüdlü X3 yetkinlik yaşına çatanadək saxlanılması üçün Cavabdeh 01.03.2022-ci il tarixdən hesablanmaqla hər ay 193 manat sabit pul məbləğində aliment tutularaq İddiaçı ödənilsin. İddia qalan hissədə təmin edilməsin. Qətnamə dərhal icra edilsin. Qətnamədən onun tərəflərə rəsmi qaydada təqdim edildiyi gündən 1 (bir) ay müddətində Bakı şəhəri Suraxanı Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, qəbul edildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim Tural Məmmədov
Məhkəmə qərarları › İş №2(010)-1660/2022
Bakı Şəhəri Suraxanı Rayon Məhkəməsi Qətnamə — İş №2(010)-1660/2022
18.04.2022 · Ailə münasibətləri üzrə mübahisələr - Alimentin təyin edilməsi tələbi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver