Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(010)-1745/2022 27.04.2022 BAKI ŞƏHƏRİ SURAXANI RAYON MƏHKƏMƏSİ Bakı şəhəri Suraxanı rayon məhkəməsinin hakimi Qafarova Rübabə Nurulla qızının sədrliyi, Rəhimov Bəhlul Qılman oğlunun katibliyi ilə, İddiaçı və Cavabdeh iştirakı ilə, İddiaçı Cavabdeh qarşı "aliment" tələbinə dair iddia ərizəsi üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddia tələbi Cavabdeh ilə birgə nikahından anadan olmuş 18.04.2010-cü il təvəllüdlü X4, 30.11.2012-ci il təvəllüdlü X5 və 31.10.2016-cı il təvəllüdlü X3 yetkinlik yaşlarına çatanadək saxlanması üçün Cavabdeh hər ay hər uşağa görə sabit pul məbləğində 193 (bir yüz doxsan üç) manat alimentin tutulması. İddia tələbinin dəlilləri İddiaçı Cavabdeh ilə 12.03.2010-cu ildə rəsmi nikaha daxil olmuşdur. Cavabdehlə birgə nikahından 18.04.2010-cü il təvəllüdlü X4, 30.11.2012-ci il təvəllüdlü X5 və 30.10.2016-cı il təvəllüdlü X6 adlı övladları anadan olmuşdur. Əvvəllər ailə münasibətləri normal olsa da hazırda aralarındakı münasibətləri xeyli korlanmışdır. O, hal-hazırda uşaqları ilə birlikdə Bakı şəhərində vaideynlərinin yanında yaşamağa məcbur olmuşdur. Bütün bu müddət ərzində cavabdeh birgə nikahdan olmuş övladlarının qayğısına qalmayır və bir valideyn kimi onların maddi cəhətdən normal yaşamasına heç bir köməklik göstərmir. Qazandığı pulları yalnız özü üçün xərcləyir. Hal-hazırda uşaqlarının bütün qayğılarını o, tək özü çəkir. Lakin onun özünün də maddi köməyə böyük ehtiyacı vardır. O, aralarındakı problemin həlli ilə bağlı Mediasiya Şurasına müraciət etmiş, lakin cavabdeh mediasiya sessiyasında iştirak etmədiyi üçün məhkəməyə müraciət etmək məcburiyyətində qalmışdır. Tərəflərin izahatı İddiaçı iddia tələbini müdafiə edərək, izahatında iddia tələbinin təmin edilməsini xahiş etmişdir. İddiaçı izahatında göstərdi ki, cavabdehlə yanvar ayından bir yerdə yaşamırlar. Cavabdeh qışda anasının evinə göndərirdi, təssərüfatda iş vaxtı çatanda geri gətirirdi. Cavabdeh heyvandarlıqla məşğuldur, meyvə bağları var, kifayət qədər gəlirə sahibdir. Uşaqlar ataları ilə yaşadıqları vaxt onlara yaxşı baxmışdır. Cavabdeh iddia tələbini qismən qəbul edərək izahatında göstərdi ki, o, Xaçmaz rayonunda yaşayır və orada fəhlə işləyir. O, iddiaçının tələb etdiyi miqdarda aliment ödəyə bilməz və buna etiraz edir. Uşaqlarının saxlanılması üçün hər ay yalnız hər uşağa görə 100 manat sabit pul məbləğində aliment ödəyə bilər. İddiaçının adını çəkdiyi meyvə bağlarından isə maksimum 1000 manat pul götürür. O, izahatında bildirdi ki, uşaqların saxlanması üçün onlara ümumilikdə ay ərzində 200-250 manat pul xərcləyib. İş materiallarına əlavə edilmiş: Xaçmaz RİHB-nın Hacıəlibəy İƏD-nin nümayəndəliyi tərəfindən 12.03.2010-cu il tarixdə verilmiş nikah haqqında şəhadətnamədən müəyyən olunur ki, Cavabdeh ilə X1 arasında nikah 12.03.2010-cu il tarixdə bağlanmışdır. Xaçmaz RİHB-nın Hacıəlibəy İƏD-nin nümayəndəliyi tərəfindən 28.06.2011-ci il tarixdə verilmiş doğum haqqında şəhadətnamədən müəyyən olunur ki, X4 18.04.2010-cu ildə doğulmuş və valideynləri Cavabdeh və İddiaçıdır. Xaçmaz RİHB-nın Hacıəlibəy İƏD-nin nümayəndəliyi tərəfindən 09.07.2013-cü il tarixdə verilmiş doğum haqqında şəhadətnamədən müəyyən olunur ki, X5 30.11.2012-ci il tarixdə doğulmuş və valideynləri Cavabdeh və İddiaçıdır. Xaçmaz RİHB-nın Hacıəlibəy İƏD-nin nümayəndəliyi tərəfindən 10.02.2017-ci il tarixdə verilmiş doğum haqqında şəhadətnamədən müəyyən olunur ki, X6 31.10.2016-cı il tarixdə doğulmuş və valideynləri Cavabdeh və İddiaçıdır. Mediator F.İmanovun 28.02.2022-ci il tarixli “ilkin mediasiya sessiyasında iştirak edilməməsi barədə arayışından müəyyən olunur ki, Bu arayış İddiaçı İsfəndiyar qızının aliment tələbinə dair mübahisəsi üzrə Cavabdeh 28.02.2022-ci il tarixində, 16:30 - 17:00dək saatlarında keçirilməsi nəzərdə tutulan ilkin mediasiya sessiyasında iştirak etmədiyini təsdiq etmək üçün verilir. İddiaçı İsfəndiyar qızı (050 34825-91) və Cavabdeh (***-***-**-**) ilkin mediasiya sessiyasının tarixi, 28.02.2022-ci il tarixdə saatı və yeri barədə 5 gün əvvəlcədən əlaqə saxlanılmış və sms. məktub vasitəsi ilə məlumatlandırılmışdır. Məhkəmənin mövqeyi Məhkəmə, proses iştirakçılarını dinləyib, iddia ərizəsini və işin faktiki hallarını araşdıraraq, işdə olan sənədləri tədqiq etməklə sübutları qiymətləndirərək hesab edir ki, aşağıda göstərilənlərə əsasən iddia qismən təmin edilməlidir. Məhkəmə müəyyən edir ki, iddiaçı cavabdehdən üç övladının yetkinlik yaşına çatanadək saxlanılması üçün hər ay hər biri üçün 193 manat sabit pul məbləğində aliment tutulmasına dair qətnamə çıxarılmasını xahiş etmişdir. Azərbaycan Respublikası Ailə Məcəlləsinin 75.1-ci maddəsinə əsasən, valideynlər uşaqlarını saxlamağa borcludurlar. Həmin Məcəllənin 75.4-cü maddəsinə əsasən, valideynlər uşaqlarını saxlamadıqda uşaqların saxlanması üçün vəsait (aliment) valideynlərdən məhkəmə qaydasında tutulur. Azərbaycan Respublikası Ailə Məcəlləsinin 78.1-ci maddəsinə əsasən, valideynlər arasında yetkinlik yaşına çatmayan uşaqlara aliment ödənilməsi barədə saziş yoxdursa, eləcə də aliment verməyə borclu olan valideynin qazancı (gəliri) qeyri-müntəzəm, dəyişən olarsa, ya da qazancın (gəlirin) hamısını və ya bir hissəsini həmin valideyn natura və ya xarici valyuta ilə alırsa, yaxud onun qazancı və ya sair gəliri yoxdursa, habelə alimentin valideynin qazancından (gəlirindən) müəyyən hissə kimi tutulması mümkün olmadığı, çətinlik törətdiyi və ya tərəflərdən birinin marağını əhəmiyyətli dərəcədə pozduğu başqa hallarda, uşaqların saxlanması üçün vəsait tutulmasını tələb edən şəxsin xahişi ilə alimentin miqdarı məhkəmə tərəfindən hər ay ödənilməli olan sabit pul məbləğində və ya eyni zamanda həm sabit pul məbləğində, həm də bu Məcəllənin 76-cı maddəsinə uyğun olaraq qazancın (gəlirin) müəyyən hissəsi kimi müəyyən edilə bilər. Həmin Məcəllənin 78.2-ci maddəsinə əsasən, sabit pul məbləğinin miqdarı məhkəmə tərəfindən tərəflərin maddi və ailə vəziyyəti, diqqətə layiq olan digər hallar nəzərə alınmaqla uşağın əvvəlki təminatının səviyyəsinin mümkün qədər maksimal saxlanması əsas tutularaq müəyyən edilir. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin “Azərbaycan Respublikası Ailə Məcəlləsinin 76, 78 və 112-ci maddələrinin şərh edilməsinə” dair 27.07.2016-cı il tarixli Qərarında göstərilir ki, nikahın pozulması ilə əlaqədar uşağın valideynlərdən birinin himayəsinə verilməsi, uşağa qulluq, onun sağlamlıq, təhsil, inkişaf, məişət qayğılarının çəkilməsinin uşağın himayəsində olduğu valideynin üzərinə düşməsi - yaşayış minimumunu müəyyən edən qanunvericilik aktlarında göstərilən minimum dolanacaq xərclərinə yaxın məbləğin aliment kimi digər valideyndən tutulmasına əsas olar bilər. Belə ki, aliment ödəyən valideynin rəsmi olaraq heç bir yerdə işləməməsi və ya qazanca malik olmaması onu uşağı saxlamaq və maddi təminatı ödəmək vəzifəsindən azad etmir. "Azərbaycan Respublikasında 2022-ci il üçün yaşayış minimumu haqqında" Azərbaycan Respublikası Qanununa əsasən 2022-ci il üçün yaşayış minimumu uşaqlara görə 193 (yüz doxsan üç) manat məbləğində müəyyən edilmişdir. Məhkəmə alimentin miqdarını müəyyən edərkən, onun iddiaçının tələb etdiyi kimi hər ay 193 manat məbləğində təyin edilməsini əsaslı hesab etmir. Belə ki, ümumilikdə 579 manat sabit pul məbləğində alimenti ödəmək üçün cavabdehin kifayət qədər maddi imkanının olması iş materialları ilə sübut edilmir. Belə olan halda, məhkəmə tələb edilən məbləğdə alimentin tutulmasını qanuni və ədalətli hesab etmir. Məhkəmə həmçinin cavabdeh tərəfin 100 manat məbləğində aliment təyin edilməsinə dair dəlillərini də ədalətli və ağlabatan hesab etmir. Beləliklə, məhkəmə hesab edir ki, cavabdehdən tutulan alimentin miqdarı müəyyən edilərkən, tərəflərin ailə və maddi vəziyyəti, uşağın saxlanmasının hər iki valideynin vəzifəsi olması və uşağın saxlanması ilə bağlı valideynlərin bərabər hüquq və vəzifələrə malik olmaları, iddiaçı tərəfindən cavabdehin daha yüksək gəlirə sahib olmasını təsdiq edən hər hansı bir sübutun məhkəməyə təqdim edilməməsi, 2022-ci il üçün uşaqların saxlanmasına görə yaşayış minimumu kimi Qanunla müəyyən edilmiş yaşayış minimumu həddi, saxlanılması üçün xeyrinə aliment tutulan uşaqların normal şəraitdə yaşamasının təmin edilməsi və fiziki cəhətdən sağlam inkişafı üçün cavabdehdən hər ay hər uşağa görə 150 (bir yüz əlli) manat sabit pul məbləğində aliment tutulmalıdır. Məhkəmə hesab edir ki, bu halda bütün tərəflərin mənafeyi nəzərə alınır və bu məbləğ Ailə Məcəlləsinin 78.2-ci maddəsinin tələbləri nəzərə alınmaqla, xeyrinə aliment tutulan uşaqların əvvəlki təminatının səviyyəsinin mümkün qədər maksimal saxlanması üçün ağlabatan məbləğdir. Yuxarıda qeyd olunanları nəzərə alaraq məhkəmə hesab edir ki, iddia qismən təmin olunmalı, Cavabdeh İddiaçı xeyrinə 18.04.2010-cü il təvəllüdlü X4, 30.11.2012-ci il təvəllüdlü X5 və 30.10.2016-cı il təvəllüdlü X3 yetkinlik yaşına çatanadək saxlanılması üçün 09.03.2022-ci il tarixdən başlayaraq hər ay hər uşağa görə 150 (bir yüz əlli) manat olmaqla cəmi 450 (dörd yüz əlli) manat sabit pul məbləğində aliment tutulmalıdır. Eləcə də məhkəmə qeyd edir ki, iddiaçı aliment tələbinə dair iddia ərizəsini 09.03.2022-ci ildə məhkəməyə vermişdir. Məhkəmə Azərbaycan Respublikası Ailə Məcəlləsinin 100.2-ci maddəsinə görə aliment məhkəməyə müraciət edildiyi vaxtdan tutulur. Qanunvericiliyin müvafiq normasının tələblərinə uyğun olaraq məhkəmə hesab edir ki, alimentin tutulmasının əvvəli 09.03.2022-ci il tarixdən hesablanmalıdır. Məhkəmə həmçinin vurğulayır ki, Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 234.2.1-ci maddəsinə əsasən şəxsin saxlanılması üçün vəsaitlərin, o cümlədən alimentlərin alınması haqqında qətnamələr dərhal icra olunur. Sözügedən normadan irəli gələrək məhkəmə qeyd edir ki, bu qətnamə dərhal icra olunmalıdır. Məhkəmə Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinın 14.2 və 77.1-ci maddələrini nəzərə almışdır ki, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Məhkəmə həmçinin nəzərə almışdır ki, iş üzrə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra, həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verilməli, ərizədə qoyulmuş tələb üzrə nəticəyə gələrkən yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlara əsaslanılmalıdır. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia qismən təmin edilsin. Cavabdeh İddiaçı xeyrinə 18.04.2010-cü il təvəllüdlü X4, 30.11.2012-ci il təvəllüdlü X5 və 30.10.2016-cı il təvəllüdlü X3 yetkinlik yaşına çatanadək saxlanılması üçün 09.03.2022-ci il tarixdən başlayaraq hər ay hər uşağa görə 150 (bir yüz əlli) manat olmaqla cəmi 450 (dörd yüz əlli) manat sabit pul məbləğində aliment tutulsun. Qətnamə alimentin tutulması hissəsində dərhal icra edilsin. İddia qalan hissədə təmin edilməsin. Qətnamədən məhkəmə qətnaməsi rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı şəhəri Suraxanı Rayon Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə qəbul edildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Sədrlik edən Rübabə Qafarova
Məhkəmə qərarları › İş №2(010)-1745/2022
Bakı Şəhəri Suraxanı Rayon Məhkəməsi Qətnamə — İş №2(010)-1745/2022
27.04.2022 · Ailə münasibətləri üzrə mübahisələr - Alimentin təyin edilməsi tələbi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver