Məhkəmə qərarları › İş №2(010)-1754/2022

Bakı Şəhəri Suraxanı Rayon Məhkəməsi Qətnamə — İş №2(010)-1754/2022

27.04.2022 · Ailə münasibətləri üzrə mübahisələr - Alimentin təyin edilməsi tələbi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(010)-1754/2022 27.04.2022 BAKI ŞƏHƏRİ SURAXANI RAYON MƏHKƏMƏSİ Hakim Talıbova Leyla Oruc qızının sədrliyi, Mahmudov Ruslan Elxan oğlunun katibliyi, İddiaçı X1 iştirakı ilə İddiaçı X1 Cavabdeh qarşı “aliment” tələbinə dair mülki işə açıq məhkəmə iclasında baxaraq, M Ü Ə Y Y Ə N E T D İ: İddiaçı X4 Cavabdeh qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək Cavabdeh ilə faktiki ailə münasibətlərindən dünyaya gələn 04.10.2012-ci il təvəllüdlü X5 və 06.12.2016-cı il təvəllüdlü X7 yetkinlik yaşlarına çatanadək saxlanması üçün Cavabdeh hər ay hər uşağa görə 193 manat olmaqla, cəmi 386 manat sabit pul məbləğində alimentin tutulub ona (iddiaçıya) verilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddiaçı X4 məhkəmə iclasında iddianı müdafiə edərək bildirmişdir ki, o Cavabdeh ilə 2011-ci il tarixdə qeyri-rəsmi nikah münasibətinə daxil olaraq ailə qurmuşdur. Faktiki nikahından iki övladları 04.10.2012-ci il təvəllüdlü X12 və 06.12.2016-cı il təvəllüdlü X13 dünyaya gəlmişdir. Cavabdehlə münasibətləri ilk vaxtlar yaxşı olsa da, sonradan xasiyyətlərinin uyğunlaşmaması üçün münasibətləri korlanmışdır. Hazırda cavabdeh uşaqlarla maraqlanmır, və onların normal, sağlam böyüməsi, habelə maddi tələbatlarının ödənilməsi üçün ona heç bir köməklik göstərmir. 04.10.2012-ci il təvəllüdlü X8 və 06.12.2016-cı il təvəllüdlü X10 tək başına böyütmək onun üçün çox çətindir. Baxmayaraq ki, uşaqları saxlamaq həm valideyn, həm də ata kimi cavabdehin borcu və vəzifəsidir. Qeyd edilənlərə əsasən iddianın təmin edilməsini məhkəmədən xahiş etmişdir. Cavabdehin yaşadığı yer üzrə bildiriş göndərilsə də, Naxçıvan MR Şərur rayon İcra Hakimiyyəti Cəlilkənd İnzibati Ərazi dairəsi üzrə Nümayəndəliyi tərəfindən adı çəkilən şəxsin qeydiyyatda olduğu Naxçıvan MR, Şərur rayon Cəlilkənd İƏD-si üzrə Nümayəndəlikdə qeydiyyatda olmasına baxmayaraq Cavabdeh uzun müddətdir ki, ailəlikcə ərazidə yaşamadıqları barədə məktub daxil olmuşdur. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 147-ci maddəsinə əsasən, cavabdehin faktiki olduğu yer məlum olmadıqda, məhkəmə cavabdehin məlum olan axırıncı yaşayış yeri üzrə yerli özünüidarə orqanının, müvafiq icra hakimiyyəti orqanının və ya cavabdehin məlum olan axırıncı iş yeri üzrə müdiriyyətin çağırış vərəqəsini aldığını təsdiq edən qeyd yazılmış çağırış vərəqəsi məhkəməyə daxil olduqdan sonra işə baxmağa başlayır. Cavabdeh məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq, məhkəmə iclasına gəlməmiş, gəlməmələrinin səbəbləri barədə məhkəməyə heç bir məlumat verməmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 185.5-ci maddəsinə əsasən, məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilmiş cavabdehin gəlməməsinin səbəbləri haqqında məlumat olmadıqda və ya məhkəmə gəlməməyin səbəblərini üzrsüz hesab etdikdə, yaxud məhkəmə cavabdehin icraatı qəsdən yubandırdığını aşkar etdikdə, işə baxmağa haqlıdır. Bu halda qətnamə çəkişmə şəraitində qəbul edilmiş kimi qiymətləndirilərək cavabdehə apellyasiya qaydasında şikayət etmək hüququ verilir. Məhkəmə işə cavabdehin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə iş üzrə iddiaçının izahatını dinləyərək və iş materiallarını araşdıraraq hesab edir ki, iddia aşağıdakılara əsasən təmin edilməlidir. Belə ki, iş materiallarına əlavə edilmiş 11.01.2022-ci il tarixli ilkin Mediasiya Sessiyasında iştirak edilməməsi barədə arayışdan görünür ki, X4 mediasiya şurasında 11.01.2022-ci il tarixdə 09:30-10:00 saatlarına təyin olunmuş iclasda iştirak etmiş və ilkin mediasiya sessiyasının keçirilməsi üçün 50 manat məbləğində mediasiyaya dair xərci ödəmişdir. İş materiallarına əlavə edilmiş Quba rayon Qeydiyyat Şöbəsi tərəfindən verilmiş doğum haqqında şəhadətnamənin təsdiq olunmuş surətindən görünür ki, X12 04.10.2012ci il tarixdə anadan olmuşdur. Atası Cavabdeh, anası X2r. İş materiallarına əlavə edilmiş Şərur rayon Qeydiyyat Şöbəsi tərəfindən verilmiş doğum haqqında şəhadətnamənin təsdiq olunmuş surətindən görünür ki, X13 06.12.2016cı il tarixdə anadan olmuşdur. Atası Cavabdeh, anası X2r. İş materiallarına əlavə olunmuş Naxçıvan MR, Şərur rayon Qeydiyyat Şöbəsi tərəfindən verilmiş atalığın müəyyən edilməsi haqqında şəhadətnamənin təsdiq olunmuş surətindən müəyyən olunur ki, Cavabdeh 06.12.2016-cı il təvəllüdlü X9 atası hesab olunmuşdur. İş materiallarına əlavə olunmuş Quba rayon Qeydiyyat Şöbəsi tərəfindən verilmiş atalığın müəyyən edilməsi haqqında şəhadətnamənin təsdiq olunmuş surətindən müəyyən olunur ki, Cavabdeh 04.10.2012-ci il təvəllüdlü X6 atası hesab olunmuşdur. Azərbaycan Respublikası Ailə Məcəlləsinin 100.2-ci maddəsinə əsasən, aliment məhkəməyə müraciət edildiyi vaxtdan tutulur. Azərbaycan Respublikası Konstitusiyasının 34-cü maddəsinin İV bəndinə əsasən ər ilə arvadın hüquqları bərabərdir. Uşaqlara qayğı göstərmək, onları tərbiyə etmək valideynlərin həm hüququ həm də borcudur. Birləşmiş Millətlər Təşkilatının Uşaq Hüquqları haqqında Konvensiyasının 3-cü maddəsinə əsasən uşaqlar barəsində bütün tədbirlərdə əsas diqqət uşaq mənafelərinin daha yaxşı təmin edilməsinə yönəldilir, istər bu tədbirlər sosial təminat məsələləri ilə məşğul olan dövlət idarələri və ya özəl idarələr tərəfindən görülsün, istərsə də məhkəmələr, inzibati və ya qanunvericilik orqanları tərəfindən. Azərbaycan Respublikası Ailə Məcəlləsinin 75.1-ci maddəsinə əsasən valideynlər uşaqlarını saxlamağa borcludurlar. Həmin məcəllənin 75.4-cü maddəsinə əsasən valideynlər uşaqları saxlamadıqda uşaqların saxlanması üçün vəsait (aliment) valideynlərdən məhkəmə qaydasında tutulur. Ailə Məcəlləsinin 78.1-ci maddəsinə əsasən valideynlər arasında yetkinlik yaşına çatmayan uşaqlara aliment ödənilməsi barədə saziş yoxdursa, eləcə də aliment verməyə borclu olan valideynin qazancı (gəliri) qeyri-müntəzəm, dəyişən olarsa, ya qazancın (gəlirin) hamısını və ya bir hissəsini həmin valideyn natura və ya xarici valyuta ilə alırsa, yaxud onun qazancı və ya sair gəliri yoxdursa, habelə alimentin valideynin qazancından (gəlirindən) müəyyən hissə kimi tutulması mümkün olmadığı, çətinlik törətdiyi və ya tərəflərdən birinin marağı əhəmiyyətli dərəcədə pozduğu başqa hallarda, uşaqların saxlanması üçün vəsait tutulması tələb edən şəxsin xahişi ilə alimentin miqdarı məhkəmə tərəfindən hər ay ödənilməli olan sabit pul məbləğində və ya eyni zamanda həm sabit pul məbləğində, həm də bu Məcəllənin 76-cı maddəsinə uyğun olaraq qazancın (gəlirin) müəyyən hissəsi kimi müəyyən edilə bilər. Azərbaycan Respublikasında 2022-ci il üçün yaşayış minumumu haqqında Qanuna əsasən 01 yanvar 2022-ci il tarixdən uşaqlar üçün məbləğ 193 manat müəyyən edilmişdir. Məhkəmə hesab edir ki, əsas diqqət yetkinlik yaşına çatmamış uşağın mənafeyinə, uşağın maddi cəhətdən təmin olunmasına yönəlməli, Cavabdeh 09.03.2022-ci il tarixdən hesablanmaqla 04.10.2012-ci il təvəllüdlü X5 və 06.12.2016-cı il təvəllüdlü X7 yetkinlik yaşlarına çatana kimi saxlanmaları üçün hər ay hər uşağa 193 manat sabit pul məbləğində aliment tutularaq X3 verilməlidir. Azərbaycan Respublikasının Mülki-Prosessual Məcəlləsinin 234.2.1-ci maddəsinə əsasən, şəxsin saxlanılması üçün vəsaitlərin, o cümlədən alimentlərin alınması haqqında qətnamələr dərhal icra olunur. Azərbaycan Respublikasının MPM-nin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə görə isə hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Məhkəmə iş üzrə sübutlara Azərbaycan Respublikasının MPM-nin 88-ci maddəsinin tələblərinə uyğun olaraq obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət vermiş, ərizədə qoyulmuş tələblər üzrə nəticəyə gələrkən isə Azərbaycan Respublikasının MPM-nin 217.4-cü maddəsində təsbit edilmiş bilavasitəlilik prinsipinə uyğun olaraq yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlara əsaslanmışdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 112.1.3-cü maddəsinə əsasən, iddianın qiyməti, aliment alınması haqqındakı iddialarda – bir il ərzində ödəmənin məcmusu ilə müəyyən edilir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 119.2-ci maddəsinə əsasən, iddiaçı müəyyən olunmuş qaydada dövlət rüsumunu ödəməkdən azad edilmişsə, dövlət rüsumu iddianın təmin edilmiş hissəsinə münasib olaraq cavabdehdən tutularaq dövlət gəlirinə alınır. Bundan başqa 01.10.2021-ci il tarixdə qüvvəyə minmiş “X14” Azərbaycan Respublikası Qanunun 8.1.2-ci maddəsinə əsasən iddia qiyməti 1.000 manatdan 10.000 manatadək olduqda 30 manat və 1.000 manatdan yuxarı olan iddia qiymətinin 1 faizi dövlət rüsumu kimi ödənilməlidir. Məhkəmə xərcləri ilə bağlı məsələni müzakirə edərək məhkəmə belə qənaətə gəlir ki, hazırkı iddianın qiymətinin, yəni bir il ərzində ödəmənin məcmusunun 1000 manatdan artıq olmasını nəzərə alaraq, ödənilməli 16.32 manat dövlət rüsumu Cavabdeh dövlət gəlirinə tutulmalıdır. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 227 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə Q Ə T E T D İ: İddia təmin edilsin. Cavabdeh 09.03.2022-ci il tarixdən hesablanmaqla 04.10.2012-ci il təvəllüdlü X5 və 06.12.2016-cı il təvəllüdlü X7 yetkinlik yaşlarına çatana kimi saxlanması üçün hər ay hər uşağa 193 manat olmaqla, cəmi 386 (üç yüz səksən altı) manat sabit pul məbləğində aliment tutularaq X3 verilsin. Məhkəmə xərcləri-16.32 (on altı manat, otuz iki qəpik) manat dövlət rüsumu Cavabdeh tutularaq dövlət büdcəsinə ödənilsin. Qətnamə aliment hissəsində dərhal icra olunsun. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı şəhəri Suraxanı Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, qəbul edildiyi gündən 1 ay keçdikdən sonra qanuni qüvvəyə minir. Sədrlik edən Leyla Talıbova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar