Məhkəmə qərarları › İş №2(010)-1853/2020

Bakı Şəhəri Suraxanı Rayon Məhkəməsi Qətnamə — İş №2(010)-1853/2020

12.10.2020 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Sığorta müqaviləsi üzrə mübahisələr - Sığorta ödənişinin ödənilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(010)-1853/2020 12.10.2020 BAKI ŞƏHƏRİ SURAXANI RAYON MƏHKƏMƏSİ Hakim Məmmədov Tural Nurulla oğlunun sədrliyi, Məhərrəmov Orxan Kazım oğlunun katibliyi ilə, İddiaçı “xxxxxxxxxx” ASC-nin Cavabdeh qarşı subroqasiya qaydasında pul tələbinə dair mülki işə Bakı şəhəri Suraxanı Rayon Məhkəməsində açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı “xxxxxxxxxx” ASC Cavabdeh qarşı subroqasiya qaydasında pul tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraicət edərək, Cavabdeh 210 manat sığorta ödənişi, 500 manat işlərin görülməsi xərcinin və 30 manat dövlət rüsumunun, cəmi 740 manat məbləğində pul vəsaitinin tutularaq iddiaçı “xxxxxxxxxx” ASC-nin hesabına ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı tələbini onunla əsaslandırmışdır ki, “xxxxxxxxxx” ASC ilə X3 arasında xx.xx.2019-cu il tarixdə PAA********** saylı sığorta müqaviləsi bağlanmış və “Mercedes Benz E240” markalı, **-VD-*** dövlət qeydiyyat nişanlı avtomobil sığorta olunaraq, avtonəqliyyat vasitəsi sahiblərinin mülki məsuliyyətinin icbari sığortası növü üzrə sığorta təminatı almışdır. Cavabdeh xx.xx.2019-cu il tarixdə “Mercedes Benz E240” markalı, **- VD-*** dövlət qeydiyyat nişanlı avtomobili idarə edərkən Bakı şəhəri, Babək prospektində yol nəqliyyat hadisəsi törətmiş və “Tofash Sahin” markalı, **-MD-*** dövlət qeydiyyat nişanlı avtomobilə zərər vurmuşdur. Qeyd olunan zərərin aradan qaldırılması üçün “xxxxxxxxxx” ASC 210 manat məbləğində sığorta ödənişi həyata keçirmişdir. Yol-nəqliyyat hadisəsi ilə bağlı Bakı şəhər BPİ DYPİ-dən xx.xx.2019-cu il tarixli, İXP ******* saylı inzibati xəta haqqında Protokol daxil olmuş, həmin Protokola əsasən Cavabdeh Azərbaycan Respublikası İXM-nin 332.1-ci maddəsi ilə təqsirli bilinmişdir. Bakı şəhər BPİ DYPİ-nin “xxxxxxxxxx” ASC-yə təqdim etdiyi xx.xx.2019-cu il tarixli, 046-38831 saylı arayışa əsasən Cavabdeh yol-nəqliyyat hadisəsində təqsirli bilinmiş və nəticədə cavabdehin zərərin aradan qaldırılmasına dair mülki məsuliyyəti yaranmışdır. Həmçinin qeyd olunan arayışda Cavabdeh yol-nəqliyyat hadisəsinin baş verdiyi vaxt “Mercedes Benz E240” markalı, **- VD-*** dövlət qeydiyyat nişanlı avtomobili müvafiq etibarnamə olmadan idarə etdiyi qeyd olunmuşdur. İddiaçı “xxxxxxxxxx” ASC məhkəməyə yazılı şəkildə müraciət edərək iş üzrə keçiriləck məhkəmə iclaslarının onların nümayəndəsinin iştirakı olmadan keçirilməsini xahiş etmişdir. Məhkəmə iddiaçının ərizəsini nəzərə alaraq işə iddiaçı tərəfin iştirakı olmadan baxılmasını və nəticə verilməsini mümkün hesab edir. İş üzrə Cavabdeh məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada məlumat verilməsinə baxmayaraq o, məhkəmə iclasına gəlməmiş və gəlməmələrinin səbəbi barədə məhkəməyə məlumat verməmişdir. Məhkəmə Azərbaycan Respublikası MPM-nin 185.5-ci maddəsinə əsasən işə cavabdehin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmənin əvvəlki iclaslarında iştirak edən Cavabdeh iddianı qismən qəbul edərək izahatında göstərmişdir ki, o, hadisə zamanı avtomobili mülkiyyətçinin verdiyi etibarnamənin müddəti bitdikdən sonra idarə edərkən hadisəni törətmiş, lakin, hadisə zamanı “Tofash Şahin” markalı avtomobilə iddiaçı təşkilatın göstərdiyi məbləğdə yox, daha az ziyan dəymişdir. Məhkəmə təqdim edilmiş sübutlara hüquqi qiymət verərək hesab edir ki, iddia qismən, sığorta ödənişi hissəsində təmin edilməli, qalan işlərin görülməsi xərcinin ödənilməsi hissəsində təmin edilməməlidir. Belə ki, iş materiallarında olan: - İcbari sığorta müqaviləsinə dair elektron məlumatın çıxarışından görünür ki, sığortaçı “xxxxxxxxxx” ASC ilə sığortalı X3 arasında “Mercedes Benz E240” markalı, **- VD-*** dövlət qeydiyyat nişanlı avtomobilin icbari sığorta olunması barədə xx.xx.2019-cu il tarixli, sığorta təminatının müddəti 1 il olan, PAA********** №-li sığorta müqaviləsi bağlanmışdır. - İnzibati xəta haqqında İXP ******* nömrəli protokolunun surətindən görünür ki, Cavabdeh yol-nəqliyyat hadisəsi törətməkdə təqsirli bilindiyinə görə İnzibati Xətalar Məcəlləsinin 332.1-ci və 327.1-ci maddələri ilə təqsirli bilinmişdir. - Dövlət Yol Polisi tərəfindən verilən xx.xx.2019-cu il tarixli arayışın surətindən görünür ki, xx.xx.2019-cu il tarixində Babək prospektində yol-nəqliyyat hadisəsi baş vermiş, avtomobilin markası “Mercedes Benz E240” markalı, **-VD-*** dövlət qeydiyyat nişanlı, mülkiyyətçisi X3, hadisə baş verdiyi anda sürücü Cavabdeh olmuşdur. - İddiaçı tərəfindən zərərin hesablanmasına dair sənəddən görünür ki, X2 məxsus “Tofash Şahin” markalı **-MD-*** dövlət qeydiyyat nişanlı avtomobilin təmiri üçün 210 manat pul xərclənmişdir. - 19-08098/08 AA-6811/19 saylı Sığorta aktından və 012600 saylı ödəniş tapşırığından görünür ki, X1 ödənişi 210 manat təşkil etmişdir. - İcbari sığortalar haqqında Azərbaycan Respublikasının Qanununun 25.1-ci maddəsinə görə sığortaçının mülki məsuliyyətin icbari sığortası üzrə verdiyi sığorta ödənişi məbləğində sığortalıya və (və ya) müvafiq hallarda sığorta olunana qarşı subroqasiya hüququ aşağıda göstərilən hallarda yaranır: - 25.1.3. icbari sığorta şəhadətnaməsində göstərilən əmlakın onu istifadə etməyə, idarə etməyə, işlətməyə və digər qaydada istismar etməyə hüququ olmayan şəxs tərəfindən istismar edilməsi; bu zaman, müvafiq əmlak buna hüququ olmayan şəxs tərəfindən sığortalının və ya sığorta olunanın, bu barədə məlumatlı olmağa borclu olduğu hallar istisna olmaqla, xəbəri olmadan istismar edilərsə, subroqasiya hüququ həmin şəxsə qarşı yaranır. Qanunun tələbindən göründüyü kimi, iddiaçının cavabdehə qarşı subroqasiya hüququ yaranmışdır. Belə ki, iş materialları ilə müəyyən edilir ki, Cavabdeh yol-nəqliyyat hadisəsi baş verən vaxtı sözügedən avtomobili idarə etmək hüququ olmamışdır. İş materialları ilə, həmçinin o da müəyyən edilir ki, sığortaçı tərəfindən 210 manat sığorta ödənişi edilmişdir. Belə olan halda, məhkəmə hesab edir ki, 210 manat məbləğ Cavabdeh iddiaçı “xxxxxxxxxx” ASC-nin xeyrinə tutulmalıdır. İddia tələbinin 500 manatın işlərin görülməsi xərclərinin əvəzi kimi tutulması hissəsi ilə bağlı məhkəmə qeyd edir ki, iddiaçı tələbini bu hissədə əsaslandırmamış, tələbin əsaslı olmasına dəlalət edən hər hansı sənəd-sübut məhkəməyə təqdim etməmişdir. Halbuki, MPM-nin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Məhkəmə iş üzrə sübutlara Mülki Prosessual Məcəllənin 88-ci maddəsinin tələblərinə uyğun olaraq obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra, Mülki Prosessual Məcəllənin 217.4-cü maddəsində təsbit edilmiş bilavasitəlilik prinsipinə uyğun olaraq yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlara əsaslanmışdır. Hazırkı iş üzrə çəkilmiş məhkəmə xərcləri Azərbaycan Respublikası MPM-in 119.1ci maddəsi ilə müəyyən edilmiş qaydada ödənilmiş iddia tələbinin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilməlidir, yəni iddia qismən təmin edilmədiyindən iddiaçı tərəfindən dövlət büdcəsinə ödənilmiş dövlət rüsumunun 20 (iyirmi) manatı cavabdehə aid edilməlidir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Şərh olunanlara və Azərbaycan Respublikası MPM-nin qeyd edilən maddələrinə əsasən, məhkəmə QƏT ETDİ: İddia qismən təmin edilsin. Cavabdeh 210 (iki yüz on) manat məbləğində sığorta ödənişi və 30 (otuz) manat məbləğində dövlət rüsumu tutularaq iddiaçı "xxxxxxxxxx" Açıq Səhmdar Cəmiyyətinin hesabına ödənilsin. İddia qalan hissədə təmin edilməsin. Qətnamədən onun tərəflərə rəsmi qaydada təqdim edildiyi gündən 1 (bir) ay müddətində Bakı şəhəri Suraxanı Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, qəbul edildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim Tural Məmmədov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar