Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(010)-1854/2021 23.06.2021 BAKI ŞƏHƏRİ SURAXANI RAYON MƏHKƏMƏSİ Hakim Qafarova Rübabə Nurulla qızının sədrliyi, Rəhimov Bəhlul Qılman oğlunun katibliyi, İddiaçıların iştirakı ilə, İddiaçılar İddiaçı1, İddiaçı2 və İddiaçı3 Cavabdeh MMC-yə qarşı əmək haqqı tələbinə dair iddia ərizəsi üzrə mülki işə məhkəmənin binasında, açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İddiaçılar cavabdehə qarşı əmək haqqı tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdeh tərəfindən İddiaçı1 Cavabdeh MMC-də 17.08.2016-cı ildən 05.08.2020-ci tarixinə qədər olan dövrə, İddiaçı2 10.12.2014-cü ildən 23.06.2020-ci il tarixə qədər olan dövrə və İddiaçı3 07.04.2016-cı ildən 05.08.2020-ci il tarixə qədər olan dövrə görə axşam və gecə növbələrinə görə əlavə haqqın ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişlər. İddiaçılar tələblərini onunla əsaslandırmışdırlar ki, onlar Cavabdeh MMC-nin sabiq işçiləridirlər. İddiaçı1 həmin təşkilatda 17.08.2016-cı ildə işə qəbul edilmiş, 05.08.2020-ci ildə Azərbaycan Respublikası Əmək Məcəlləsinin 70-ci maddəsinin “b” bəndinə əsasən işdən çıxarılmışdır. İddiaçı3 həmin təşkilata 07.04.2016-cı ildə işə qəbul edilmiş, 05.08.2020-ci ildə Əmək Məcəlləsinin “b” bəndinə əsasən işdən azad edilmişdir. İddiaçı2 həmin təşkilata 10.12.2014-cü ildə işə qəbul edilmiş, 23.06.2020-ci ildə Əmək Məcəlləsinin 68-ci maddəsinin “a” bəndinə əsasən işdən azad edilmişdir. Onlar cəmiyyətdə qaz kəsici peşəsində işləmişlər, iş rejimləri növbəli olmuşdur. Gündəlik iş vaxtları səhər saat 08:00dan 16:00-dək, 16:00-dan gecə saat 24:00-dək, 24:00-dan səhər saat 08:00-dək olmuşdur. Onlar cəmiyyətdə əmək müqaviləsi əsasında işləmişlər. İddiaçılardan İddiaçı1 və İddiaçı3 ştatların ixtisarı ilə əlaqədar olaraq işdən azad edilsə də onlara qabaqcadan xəbərdarlıq edilməmişdir. İşlədiyi dövrlərdə onlara axşam və gecə növbələrində iş rejiminə görə əmək haqqı ödənilməmişdir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 05.04.2001-ci il tarixli 74 saylı qərarına görə saat 18:00-dan 22:00-dək axşam növbəsi, 22:00-dan səhər saat 06:00-dak olan müddət gecə vaxtı hesab edilir. Adı çəkilən qərara görə tarif maaşlarının 20-40% həcmində əlavə haqq ödənilməli olduğu halda cəmiyyət axşam və gecə növbəsində işə görə onlara işlədiyi dövrdə ödəniş etməmişdir. Qeyd edilənlərə əsasən onlar Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X1 Xidmətinin Bakı şəhər idarəsinə müraciət etmişlər, həmin idarə tərəfindən verilmiş 27.11.2020-ci il tarixli cavab məktubunda cəmiyyət tərəfindən Əmək Məcəlləsinin 83.2-ci maddəsinin tələblərinin pozulduğuna görə rəhbərliyinin inzibati qaydada cəzalandırıldığı qeyd edilmişdir. Məhkəmə iclasında iştirak edən İddiaçı1 iddia tələbinin dəlillərini müdafiə edərək məhkəmədən tələbinin təmin edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən İddiaçı2 iddia tələbinin dəlillərini müdafiə edərək məhkəmədən tələbinin təmin edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən İddiaçı3 iddia tələbinin dəlillərini müdafiə edərək məhkəmədən tələbinin təmin edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İş materiallarına əlavə edilən: İT-İ ******* nömrəli əmək kitabçasının surətindən görünür ki, İddiaçı1 17.08.2016-cı il tarixdən 05.08.2020-ci il tarixədək Cavabdeh MMC-də işləmiş, Azərbaycan Respublikası Əmək Məcəlləsinin 70-ci maddəsinin “b” bəndinə əsasən işdən azad edilmişdir. İT-İ ******* nömrəli əmək kitabçasının surətindən görünür ki, İddiaçı3 07.04.2016-cı il tarixdən 05.08.2020-ci il tarixədək Cavabdeh MMC-də işləmiş, Azərbaycan Respublikası Əmək Məcəlləsinin 70-ci maddəsinin “b” bəndinə əsasən işdən azad edilmişdir. İT-İ ******* nömrəli əmək kitabçasının surətindən görünür ki, İddiaçı2 10.12.2014-cü il tarixdən 23.06.2020-ci il tarixədək Cavabdeh MMC-də işləmiş, Azərbaycan Respublikası Əmək Məcəlləsinin 68-ci maddəsinin “a” bəndinə əsasən işdən azad edilmişdir. Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X1 Xidmətinin Bakı şəhər idarəsinin 27.11.2020-ci il tarixli **********8 nömrəli məktubunun surətindən görünür ki, Cavabdeh MMC-nin hazırkı iş üzrə iddiaçılarla, eyni zamanda digər şəxslərlə bağlanmış əmək müqavilələrinə xitam verilərkən, həmçinin əmək şəraitinə, növbəli iş rejiminə görə, məzuniyyətə görə əmək haqqının ödənilməsində də təşkilat tərəfindən Əmək Məcəlləsinin tələblərinin pozulduğu aşkar edilmişdir. Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X1 Xidmətinin Bakı şəhər idarəsi tərəfindən məhkəməyə təqdim edilən 26.10.2020-ci il tarixli MN ******* nömrəli inzibati tənbeh vermə haqqında qərarın surətindən görünür ki, Cavabdeh MMC-nin direktoru X2 Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 192.6-cı maddəsi ilə təqsirli bilinərək 1500 manat məbləğində inzibati cərimə olunmuşdur. Azərbaycan Respublikası Əmək Məcəlləsinin 95.1-ci maddəsinə əsasən iş vaxtının rejimi qaydaları - gündəlik iş vaxtının müddəti, onun başlanması və qurtarması, işdə fasilələrin vaxtı və müddəti, sutkadakı növbələrin sayı, növbə sənədləri və onların tərtibi, bir növbədən digər növbəyə keçirilmə, iş vaxtının cəmlənmiş uçotu, işlənmiş iş günlərinin istirahət günləri ilə əvəz edilməsi (əvəzgünün verilməsi) qaydaları, habelə həftəlik iş günlərinin sayı müəssisədaxili intizam qaydaları və ya əmək müqaviləsi, kollektiv müqavilə ilə müəyyən edilir. Həmin Məcəllənin 95.2-ci maddəsinə əsasən iş vaxtının rejimi və onu müəyyən edən qaydalar bu Məcəllə və digər normativ hüquqi aktlarla müəyyən edilmiş iş vaxtı müddətinə əməl olunmaqla işəgötürənin əmri (sərəncamı, qərarı) ilə təsdiq edilir. Bu qaydalarla işçilər hökmən tanış edilməlidirlər. Həmin qaydaların iş rejimini tənzimləyən əsas bölmələri böyüdülmüş şəkildə bütün işçilərin hər gün görə biləcəyi yerdən asılmalıdır. Həmin Məcəllənin 166.2-ci maddəsinə əsasən gecə vaxtı yerinə yetirilən iş, habelə çoxnövbəli iş rejiminə görə əmək haqqına əlavə ödəmənin konkret məbləği əmək müqaviləsi və ya kollektiv müqavilə ilə müəyyən edilir. Qanunvericiliyin yuxarıda sadalanan normalarının məzmunundan göründüyü kimi, işçilərin növbəli iş rejimi, gecə vaxtı işləmələri, həmin işlərə görə əlavə haqqın məbləği dəqiq formada müəyyən edilməli, işçi və işə götürən arasında bağlanmış müqavilə, yaxud daxili əmrlər ilə rəsmiləşdirilməlidir. Hazırkı iş üzrə isə, belə bir halın mövcudluğu sübuta yetirilmir. Belə ki, iddiaçılar işlədikləri müddətdə axşam və ya gecə növbəsində işləmələrini, işləmişlərsə hansı müddətlərdə işlədiklərini təsdiq edəcək hər hansı mötəbər sübutu məhkəməyə təqdim etməmişlər. Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X1 Xidmətinin Bakı şəhər idarəsinin 27.11.2020-ci il tarixli məktubu ilə cavabdeh təşkilat tərəfindən növbəli iş rejiminə görə əmək haqqının ödənilməsində Əmək Məcəlləsinin tələblərinin pozulduğu qeyd edilsə də, bunun hansı iddiaçıya münasibətdə hansı formada olduğu dəqiq göstərilməmişdir. Göründüyü kimi, iddiaçıların iddia tələbində əsaslandığı hallar iş materialları ilə öz təsdiqini tapmır. Məhkəmə qeyd edir ki, mülki prosesdə qəbul edilmiş və sübut hüququnun tələbləri baxımından mühüm əhəmiyyətə malik olan formal həqiqət prinsipinə görə sübutların toplanması və təqdim edilməsi yükü bütünlüklə tərəflərin üzərinə düşür. Mülki-Prosessual Məcəllə sübutetmə vəzifələrinin bölgüsünün ümumi qaydasını müəyyən edir. Bu qaydaya görə iş iştirakçıları tələb və etirazlarını əsaslandırdıqları faktları isbat etməlidirlər. Məhkəmə öz istəyinə görə iş iştirakçısı olan bu və ya başqa şəxsi onun öz iddia və etirazlarını əsaslandırmaq üçün söykəndiyi halların və qanunla sübut etməli olduğu başqa halların sübut olunması yükündən azad edə, yaxud sübutetmə yükünü bölüşdürə bilməz. MPM sübutların toplanması və verilməsi yükünü sübutetmə yükünü daşıyan iş iştirakçılarının üzərinə qoyur. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməli, tərəflərin məhkəməyə təqdim etmədikləri faktları nəzərə almalıdır (MPM-in 14.2 və 77.1-ci maddələri). Həmin Məcəlləsinin 78.1-ci maddəsinin tələblərinə əsasən sübutlar işdə iştirak edən şəxslər tərəfindən birinci instansiya məhkəməsinə təqdim edilir. Məhkəmə hesab edir ki, işin obyektiv həlli üçün yalnız mötəbər sübutlardan istifadə oluna bilər. Sübutlar sübut edilən fakta birmənalı bağlı olmalı, yəni həmin faktın varlığı barədə güvənli nəticə çıxarmağa əsas verməlidir. Mülki prosesdə sübutlar əsasında nəticə çıxararkən aşağıdakı qayda əsas tutulmalıdır: 1) güvənli nəticəyə gəlməkdən ötrü bir yox, bir neçə sübut olmalıdır; 2) sübutların heç birinin güvənliliyi şübhə doğurmamalıdır; 3) bu sübutlar bir-birini təsdiq etməli və tamamlamalıdır; 4) bu sübutlar birlikdə dəyərləndirilməlidir. Hazırkı işdə iddiaçıların tələbinin əsaslılığı maddi hüquq normalarının tələbləri baxımından öz təsdiqini tapmır. Beləliklə məhkəmə hesab edir ki, İddiaçılar İddiaçı1, İddiaçı2 və İddiaçı3 Cavabdeh MMC-yə qarşı əmək haqqı tələbinə dair iddiası təmin edilməməlidir. Azərbaycan Respublikası MPM-in 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istfadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 217.4-cü maddəsinə əsasən məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası MPM-in 119, 216-220, 227, 233 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddiaçılar İddiaçı1, İddiaçı2 və İddiaçı3 Cavabdeh MMC-yə qarşı əmək haqqı tələbinə dair iddiası təmin edilməsin. Qətnamədən onun tərəflərə rəsmi qaydada təqdim edildiyi gündən 1 (bir) ay müddətində Bakı şəhəri Suraxanı Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, qəbul edildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim Rübabə Qafarova
Məhkəmə qərarları › İş №2(010)-1854/2021
Bakı Şəhəri Suraxanı Rayon Məhkəməsi Qətnamə — İş №2(010)-1854/2021
23.06.2021 · Əmək mübahisələri - Əmək haqqı tələbi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver