Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(010)-1858/2022 31.05.2022 BAKI ŞƏHƏRİ SURAXANI RAYON MƏHKƏMƏSİ Hakim Talıbova Leyla Oruc qızının sədrliyi, Mahmudov Ruslan Elxan oğlunun katibliyi, İddiaçı və onun vəkili Vəkil1, Cavabdeh etibarnamə üzrə nümayəndəsi (vəkili) Vəkil2 iştirakı ilə, İddiaçı Cavabdeh qarşı “birgə nikah dövründə fərdi yaşayış evinin əldə olunmasına çəkilmiş xərcin bölünməsi” tələbinə dair mülki işə açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İddiaçı Cavabdeh qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, ünvan 1 ünvanında yerləşən fərdi yaşayış evinin əldə olunmasına çəkilmiş xərcin, 52000 (əlli iki min) manat məbləğində pulun yarısının, yəni 26000 (iyirmi altı min) manat pul vəsaitinin cavabdehdən tutularaq ona (iddiaçıya) ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddiaçı iddianı müdafiə edərək izahatında göstərdi ki, o, Ermənistan Respublikasında anadan olmuş və məlum hadisələrlə bağlı olaraq Ermənistanda olan evlərini Hövsan qəsəbəsində yerləşən üç otaqlı evlə dəyişmişlər. 1997-1998-ci illərdə həmin evi 3000 dollara sataraq Goranboy rayonunun Qaradağlı kəndində 2700 dollara bacısından ev almışdır. 2013-cü ildə Goranboy rayonunun Qaradağlı kəndində yerləşən həmin evi 30000 dollara sataraq hazırkı mübahisəli fərdi yaşayış evini 52000 dollara almışdır. Həmin evi qızının qaynı X3 əlyazması nəticəsində yazılan qəbz əsasında almış və yalnız qeydiyyata alınmışlar. Onun Cavabdeh ilə arasında qeydə alınmış rəsmi nikahı Suraxanı rayon Qeydiyyat şöbəsi tərəfindən pozulmuş və bununla bağlı 26.11.2020-ci il tarixdə nikahın pozulması haqqında şəhadətnamə verilmişdir. O, cavabdehlə birgə nikahda olduğu dövrdə, yəni 2013-cü ildə öz gəliri hesabına Suraxanı rayonu, Əmircan qəsəbəsi, M.Seyidzadə küçəsi, dalan 2, ev 7A ünvanında yerləşən fərdi yaşayış evini əldə etmişdir. Belə ki, sözügedən fərdi yaşayış evi 3 otaq, 1 mətbəx və sanitar qovşaqdan ibarətdir. Sözügedən Suraxanı rayonu, Əmircan qəsəbəsi, M.Seyidzadə küçəsi, dalan 2, ev 7A ünvanında yerləşən fərdi yaşayış evinin təmiri üçün "Access Bank” QSC-dən kredit müqaviləsinə əsasən 5000 (beş min) manat kredit götürərək həmin evi təmir etdirmişdir. Hazırda isə sözügedən fərdi yaşayış evində cavabdeh yaşamaqda davam edir. Belə ki, birgə nikah dövründə əldə olunmuş və ərlə arvadın ümumi mülkiyyəti sayılan əmlakın bölünməsi barədə cavabdehlə aralarında hər hansı razılıq əldə olunmamışdır. Birgə nikah zamanı əldə olunmuş sözügedən fərdi yaşayış evinin hazırki bazar qiymətinin müəyyən edilməsi üçün "AB Consulting MMC-yə müraciət etmiş, Suraxanı rayonu, Əmircan qəsəbəsi, M.Seyidzadə küçəsi, dalan 2, ev 7A ünvanında yerləşən fərdi yaşayış evinə "AB Consulting” MMC-nin mütəxəssisləri tərəfindən baxış keçirilərək qiymətləndirilmə aparılmış və sözügedən fərdi yaşayış evinin hazırki bazar dəyərinin 52.000 (əlli iki min) manat olduğu müəyyən olunmuşdur. O, məhkəməyə müraciət etməzdən əvvəl mediasiya şurasına müraciət elmiş, lakin cavabdehlə razılığa gəlmək mümkün olmamışdır. Bu səbəbdən də Cavabdeh qarşı iddia qaldıraraq birgə nikah dövründə əldə olunmuş əmlaka çəkilən xərcin, 52.000 (əlli iki min) manat məbləğində pulun yarısının, yəni 26.000 (iyirmi altı min) manat məbləğində pul vəsaitinin cavabdehdən tutularaq ona ödənilməsini xahiş etmişdir. Cavabdeh Cavabdeh nümayəndəsi (vəkili) Vəkil2 iddia tələbini qəbul etməyərək bildirmişdir ki, İddiaçı tərəfindən qaldırılmış iddia tələbi əsassızdır. Belə ki, cavabdeh İddiaçı ilə rəsmi nikahda olmuş, lakin nikahları 26.11.2020-ci il tarixdə Suraxanı rayon Qeydiyyat şöbəsi tərəfindən pozulmuşdur. Sözügedən mübahisəli Suraxanı rayonu, Əmircan qəsəbəsi, M.Seyidzadə küçəsi, dalan 2, ev 7A ünvanında yerləşən fərdi yaşayış evi daşınmaz əmlakın dövlət reyestr xidmətində qeydiyyatdan keçməmiş və cavabdehin mülkiyyətində deyildir. Cavabdehin həmin mübahisəli evlə bağlı iddiaçı qarşısında hər hansı bir öhdəliyi mövcud olmadığından pulun ondan tələb olunması da qanunsuzdur. Belə ki, fərdi yaşayış evi qanunsuz tikilidir və həmin tikiliyə dair hər hansı icazə alınmamışdır. Hazırkı mübahisəli ev X4 tərəfindən alınmışdır və onun atası İddiaçı isə uzun müddət Rusiya Federasiyasında yaşamışdır. Hazırkı iddia tələbi ilə bağlı sübut təqdim olunmadığından iddia tələbinin rədd olunması ilə bağlı qətnamə qəbul edilməsini xahiş etmişdir. Məhkəmə iddiaçının və cavabdehin nümayəndəsinin izahatını dinləyib və iş materiallarını araşdıraraq hesab edir ki, aşağıdakı əsaslara görə iddia təmin olunmamalıdır. Əvvəlki məhkəmə iclasında iştirak edən şahid X4 ifadə verərək bildirmişdir ki, İddiaçı ilə Cavabdeh onun valideynləridir. Belə ki, o, hazırda ünvan 1 ünvanında yerləşən fərdi yaşayış evində yaşayır. O 2011-ci il tarixdə ailə qurmuş və 2013-cü il tarixdə isə hazırkı mübahisəli fərdi yaşayış evini Elvin Dünyamalıyevdən almışdır. O həmin evi alan zaman yüksək əmək haqqı almış və bundan əlavə avtomobil alğı-satqısı ilə məşğul olmuşdur. Onun atası 2013-cü ilə kimi Rusiya Federasiyasında olmuş və həmin evin alınması üçün nə atası, nə də anası pul vəsaiti xərcləməmişdir. Həmin ev onun vəsaiti hesabına və 52000 dollar məbləğində pul vəsaiti hesabına alınmışdır. Lakin həmin evin sənədləri mövcud olmamışdır. Fərdi yaşayış evini alan müddət ona qayınanası köməklik edərək 15000 manat məbləğində borc pul vermişdir. Əvvəlki məhkəmə iclasında iştirak edən şahid X2 ifadə verərək bildirmişdir ki, Cavabdeh onun bacısıdır, digər şahid X4 isə onun kürəkənidir. Hazırda ünvan 1 ünvanında yerləşən fərdi yaşayış evində Cavabdeh, Elşən Osmanov və Elşənin ailə üzvləri yaşayır. İddiaçı isə həmin evə hərdən gəlib-gedir. Onun qızı ilə Osmanov Elşən ailə quran vaxtlarda, yəni 2011-ci il tarixdə Cavabdeh ona qızına cehiz verməməsini, əvəzində onun yerinə 15000 manat pul verməsini bildirmişdir. Buna görə də o, ev almaq məqsədilə Osmanov Elşənə 15000 manat məbləğində pul vermişdir. Azərbaycan Respublikası MPM-nin 14.2-ci maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 88-ci maddəsinə əsasən, məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. Qeyd edilən Məcəllənin 106.1-ci maddəsinə əsasən, işdə iştirak edən şəxslərin iş üçün əhəmiyyətli olan və onlara məlum olan faktlar barədə izahatları iş üzrə toplanmış digər sübutlarla yanaşı yoxlanılmalı və qiymətləndirilməlidir. Belə ki, iş materiallarına əlavə edilmiş ilkin mediasiya sessiyasında iştirak edilməməsi barədə MŞB/6-387 saylı arayışdan görünür ki, 07.02.2022-ci il tarixdə saat 11:30-12:00 saatlarında keçirilməsi nəzərdə tutulan iclasda İddiaçı iştirak etmiş və 50 manat mediasiyaya dair xərc ödəmişdir. İş materiallarına əlavə edilmiş Suraxanı Rayon Qeydiyyat Şöbəsi tərəfindən verilmiş 26.11.2020-ci il tarixli nikahın pozulması haqqında şəhadətnamənin surətindən görünür ki, İddiaçı ilə Cavabdeh arasında bağlanmış nikah pozulmuşdur. Nikah pozulduqdan sonra kişiyə Osmanov, qadına Osmanova soyadı verilmişdir. İş materiallarına əlavə edilmiş 18.12.2019-cu il tarixli kredit müqavilədən görünür ki, "xxxx" Qapalı Səhmdar Cəmiyyəti ilə İddiaçı arasında 014A********** saylı kredit müqaviləsi bağlanmış, həmin müqavilənin şərtlərinə görə bank tərəfindən İddiaçı 36 ay müddətinə, 1,75 faiz dərəcəsi ilə 5000,00 manat məbləğində kredit verilmişdir. İş materiallarında olan Azərbaycan Respublikası “Bakı Torpaq” Layihə Smeta Borusu tərəfindən 20.06.2016-cı il (Lisenziya 089566 nömrəli İN/L-1479/2016) tarixdə verilmiş Memarlıq və Planlaşdırma Bölməsinin surətindən müəyyən edilir ki, ünvan 2 ünvanının hüququ subyekti İddiaçıdur. İş materiallarına əlavə edilmiş 21.05.2020-ci il tarixdə AB Consulting tərəfindən İddiaçı ünvanlanmış fərdi yaşayış evinin dəyərinin müəyyən etmək üçün qiymətləndirmə hesabatından müəyyən olunur ki, ünvan 1 ünvanında yerləşən fərdi yaşayış evinin hazırkı bazar qiyməti 52000 (əlli iki) manat müəyyən edilmişdir. Azərbaycan Respublikası MPM-nin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəllənin 81-ci maddəsinə əsasən, qanuna və ya digər normativ hüquqi aktlara əsasən, müəyyən sübutetmə vasitələri ilə təsdiq edilməli olan işin halları başqa sübutlarla təsdiq oluna bilməz. Azərbaycan Respublikası MPM-nin 217.4-cü maddəsinə əsasən, məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Azərbaycan Respublikası MPM-nin 218.3-cü maddəsinə əsasən, hakim işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 225.1-ci maddəsinə əsasən, ərlə arvadın nikah dövründə qazandıqları əmlak, əgər nikah kontraktında və ya onlar arasındakı razılaşmada ayrı qayda nəzərdə tutulmayıbsa, onların ümumi mülkiyyətidir. Azərbaycan Respublikası Ailə Məcəlləsinin 36.1-ci maddəsinə əsasən ər-arvadın ümumi əmlakının bölünməsi nikah dövründə, eləcə də onlardan birinin tələbi ilə nikah pozulduqdan sonra, habelə kreditor ödəməni ər-arvadın ümumi əmlakında olan onlardan birinin payına yönəltmək üçün ümumi əmlakın bölünməsi tələbi barədə ərizə verdikdə həyata keçirilir. Azərbaycan Respublikası Ailə Məcəlləsinin 32.1-ci maddəsinə əsasən nikah müddətində ər-arvadin əldə etdikləri əmlak onlarin ümumi birgə mülkiyyəti sayılır. Azərbaycan Respublikası Ailə Məcəlləsinin 32.2.2-ci maddəsinə əsasən ər-arvadın ümumi birgə mülkiyyətinə: ər-arvadın ümumi gəlirləri hesabına əldə edilən daşınar və daşınmaz əşyalar, qiymətli kağızlar, kredit idarələrinə və ya sair kommersiya təşkilatlarına qoyulmuş paylar, əmanətlər, kapitaldan olan paylar və əmlakın ər-arvaddan kimin adına əldə olunmasından, yaxud əmanətin kimin adına və ya kim tərəfindən qoyulmasından asılı olmayaraq nikah dövründə ər-arvadın qazandığı hər hansı sair əmlak daxildir. Bu Məcəllənin 36.4-cü maddəsinə əsasən məhkəmə ər-arvadın ümumi əmlakını bölərkən onların tələbi ilə hər birinə çatacaq əmlakı müəyyən edir. Qeyd edilən Məcəllənin 37.1-ci maddəsinə əsasən, ər-arvad arasındakı müqavilədə başqa hal nəzərdə tutulmayıbsa, onların ümumi əmlakının bölünməsi zamanı bu əmlakdakı payları bərabər hesab edilir. Azərbaycan Respublikasi Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikasında Mənzil X1” Azərbaycan Respublikası Qanununun 1-ci, 5-ci və 12-ci maddələrinin şərh edilməsinə dair 21 dekabr 2012-ci il tarixli qərarında qeyd olunur ki, ailə qanunvericiliyində ər-arvadın birgə mülkiyyətinin hüquqi statusunun açıqlanmasını zəruri hesab edir. Ailə Məcəlləsinin 32-ci maddəsinin tələblərinə əsasən əmlakın ər-arvadın birgə mülkiyyəti sayılması üçün iki şərtin eyni zamanda mövcud olması vacibdir: • əmlakın ər-arvadın nikah müddətində əldə olunması; • əmlakın ər-arvadın ümumi gəlirləri hesabına əldə olunması. İkinci şərt müvafiq əmlakın ər-arvadın birgə mülkiyyəti kimi tanınması üçün onun əvəzli, yəni nikah müddətində ər-arvadın əvəzli əqdlər əsasında əldə etmələrini tələb edir. Digər tərəfdən, Ailə Məcəlləsinin 34-cü maddəsinin məzmununa görə nikah dövründə hədiyyə şəklində və ya vərəsəlik qaydasında və digər əvəzsiz əqdlər üzrə əldə etdikləri əmlak ər-arvadın hər birinin ayrıca mülkiyyətindədir (ər-arvadın hər birinin əmlakıdır). İşin müəyyən edilmiş faktiki hallarından göründüyü kimi, mübahisəli ev Mülki Məcəllənin 180.1-ci maddəsinin tələblərinə görə özbaşına tikinti hesab edilir. Belə ki, Mülki Məcəllənin 180.1-ci maddəsinə əsasən tikinti məqsədləri üçün ayrılmayan torpaq sahəsində və ya buna lazımi icazələr almadan və ya şəhərsalma və tikinti normalarını və qaydalarını ciddi surətdə pozmaqla tikilmiş yaşayış evi, digər tikili, qurğu və ya başqa daşınmaz əmlak özbaşına tikinti sayılır. Beləliklə, mülki işin materiallarından və tərəflərin izahatından mübahisəsiz qaydada görünür ki, İddiaçı ilə Cavabdeh rəsmi nikahda olmuş, lakin nikahları 26.11.2020-ci il tarixdə Suraxanı Rayon Qeydiyyat Şöbəsi tərəfindən pozulmuşdur. Hazırda iddiaçı birgə nikah dövründə əldə olunmuş əmlakı ünvan 1 ünvanında yerləşən fərdi yaşayış evinin əldə olunmasına çəkilmiş xərcin bölünməsini xahiş edir. İddia tələbinə münasibətdə məhkəmə nəzərə alır ki, mülki prosesdə qəbul edilmiş və sübut hüququnun tələbləri baxımından mühüm əhəmiyyətə malik olan formal həqiqət prinsipinə görə sübutların toplanması və təqdim edilməsi yükü bütünlüklə tərəflərin üzərinə düşür. MPM sübutetmə vəzifələrinin bölgüsünün ümumi qaydasını müəyyən edir. Bu qaydaya görə iş iştirakçıları tələb və etirazlarını əsaslandırdıqları faktları isbat etməlidirlər. Məhkəmə öz istəyinə görə iş iştirakçısı olan bu və ya başqa şəxsi onun öz iddia və etirazlarını əsaslandırmaq üçün söykəndiyi halların və qanunla sübut etməli olduğu başqa halların sübut olunması yükündən azad edə, yaxud sübutetmə yükünü bölüşdürə bilməz. MPM məhkəməyə öz təşəbbüsü ilə sübutlar toplamaq hüququ vermir və sübutların toplanması və verilməsi yükünü bütünlüklə sübutetmə yükünü daşıyan iş iştirakçılarının üzərinə qoyur. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməli, tərəflərin məhkəməyə təqdim etmədikləri faktları nəzərə almalıdır (MPM-in 14.2 və 77.1-ci maddələri). Həmin Məcəlləsinin 78.1-ci maddəsinin tələblərinə əsasən sübutlar işdə iştirak edən şəxslər tərəfindən birinci instansiya məhkəməsinə təqdim edilir. Yuxarıda qeyd olunanlarla əlaqədar, məhkəmə hesab edir ki, hazırkı iddia tələbi üzrə sübutetmə yükü, yəni, ünvan 1 ünvanında yerləşən fərdi yaşayış evinin qanunla müəyyən olunmuş qaydada əldə olunması və həmin vəsaitin məhz onun hesabına ödənilməsi barədə sübutların təqdim edilməsi mülki prosessual qanunvericiliyə əsasən bilavasitə iddiaçının üzərinə düşür. Həmçinin məhkəmə hesab edir ki, işin obyektiv həlli üçün yalnız mötəbər sübutlardan istifadə oluna bilər. Sübutlar sübut edilən fakta birmənalı bağlı olmalı, yəni həmin faktın varlığı barədə güvənli nəticə çıxarmağa əsas verməlidir. Mülki prosesdə sübutlar əsasında nəticə çıxararkən aşağıdakı qayda əsas tutulmalıdır: 1) güvənli nəticəyə gəlməkdən ötrü bir yox, bir neçə sübut olmalıdır; 2) sübutların heç birinin güvənliliyi şübhə doğurmamalıdır; 3) bu sübutlar bir-birini təsdiq etməli və tamamlamalıdır; 4) bu sübutlar birlikdə dəyərləndirilməlidir. Başqa sözlə, bu sübutların mötəbər sübutlar kimi qəbul olunması üçün onların heç birinin güvənliliyi şübhə doğurmamalıdır. "Mahmudov Rusiyaya qarşı iş üzrə" 26 iyul 2007-ci il tarixli qərarında İnsan Hüquqları üzrə Avropa Məhkəməsi xatırlatmışdır ki, Konvensiya araşdırmalarında sübutları qiymətləndirərkən, bir qayda olaraq affirmanti, non neganti, incumbit probalion (sübutetmə yükü təkzib edənin deyil, iddia edənin üzərinə düşür) prinsipi rəhbər tutulur. Sübut kifayət qədər güclü, aydın və bir-birinə uyğun qənaətlərin mövculuğundan və ya təkzibedilməz oxşar fakt ehtimallarından irəli gələ bilər. Eyni zamanda "Qavazov" Bolqarıstana qarşı iş üzrə" 06 mart 2008-ci il larixli qərarında İnsan Hüquqları üzrə Avropa Məhkəməsi mövqeyini ifadə etmişdir ki, sübutları qiymətləndirərkən, bir qayda olaraq "Əsaslı şübhədən kənar" sübut standartları tətbiq edilir. İddiaçı tərəfindən mübahisəli evin qanunla müəyyən olunmuş qaydada əldə edilməsi, daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınması və ya evin tikintisi üçün lazımi icazələrin alınması barədə sübutlar təqdim edilmədiyini, tələbin əsaslı hesab edilməsi üçün tərəflərin mübahisəli ev üzərində dövlət tərəfindən tanınan hüquqlara malik olmadıqlarını nəzərə alaraq məhkəmə hesab edir ki, iddiaçının hazırki tələbinin qanuni əsası yoxdur və bu səbəbdən iddia təmin edilə bilməz. Başqa sözlə, iddiaçı özbaşına tikili olan fərdi yaşayış evinin əldə olunmasına ödənilmiş pul vəsaitinin cavabdehdən tutularaq ona ödənilməsini tələb edə bilməz. Yəni, mövcud olmayan hüquqa yaradılmış maneənin aradan qaldırılması, habelə onun müdafiəsi və realizəsi mümkün deyildir. Qeyd olunanlara əsasən məhkəmə hesab edir ki, iddiaçı tərəfin yaşayış evinə hər hansı hüququ mövcud olmadığından İddiaçı Cavabdeh qarşı birgə nikah dövründə fərdi yaşayış evinin əldə olunmasına çəkilmiş xərcin bölünməsi tələbinə dair iddia tələbi rədd olunmalıdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 107-ci maddəsinə əsasən, məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir. Həmin Məcəllənin 119.1-ci maddəsinə əsasən, məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Məhkəmə hesab edir ki, iddiaçının tələbi təmin edilmədiyindən ödənilmiş rüsumu onun özünə aid edilməlidir. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası MPM-nin 216-220, 227, 233, 360-cı maddələrini rəhbər tutaraq məhkəmə QƏT ETDİ: İddiaçı Cavabdeh qarşı birgə nikah dövründə fərdi yaşayış evinin əldə olunmasına çəkilmiş xərcin bölünməsi tələbinə dair iddia ərizəsi təmin edilməsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı şəhəri Suraxanı Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti verilə bilər. Sədrlik edən: Leyla Talıbova
Məhkəmə qərarları › İş №2(010)-1858/2022
Bakı Şəhəri Suraxanı Rayon Məhkəməsi Qətnamə — İş №2(010)-1858/2022
31.05.2022 · Ailə münasibətləri üzrə mübahisələr - Ailə münasibətləri üzrə sair mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver