Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(010)-1862/2022 12.05.2022 BAKI ŞƏHƏRİ SURAXANI RAYON MƏHKƏMƏSİ Hakim Məmmədov Tural Nurulla oğlunun sədrliyi, Həsənzadə Leyla Fərhad qızının katibliyi, İddiaçı və onun etibarnamə üzrə nümayəndəsi və vəkili Vəkil iştirakı ilə İddiaçı Cavabdeh qarşı “aliment” tələbinə dair iddia ərizəsi üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq, məhkəmə Müəyyən etdi: İddiaçı Cavabdeh qarşı “aliment” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək 04.08.2011-ci il tarixdə doğulmuş X5 və 03.02.2014-cü il tarixdə doğulmuş X1 yetkinlik yaşına çatanadək saxlanılmaları üçün Cavabdeh hər ay hər bir uşağa görə 250 manat olmaqla cəmi 500 manat sabit pul məbləğində aliment tutularaq ona ödənilməsi haqqında qətnamə qəbul edilməsini xahiş etmişdir. İddiaçı tələbini onunla əsaslandırmışdır ki, o, cavabdehlə 05 noyabr 2010-cu il tarixdə Suraxanı Rayon Qeydiyyat Şöbəsində rəsmi olaraq nikaha daxil olmuşdur. Ailə quran zaman özünə məxsus olan əmlakını və cehiz əşyalarını apararaq cavabdehin ailə üzvləri ilə birlikdə yaşadığı mənzilə köçmüş və ailənin bütün üzvləri ilə birlikdə ümumi təsərrüfat aparmaqla ailə üzvü olmuşdur. Həmin nikahdan 2 övladları - 04.08.2011-ci il tarixdə X5 və 03.02.2014-cü il tarixdə X3 dünyaya gəlmişdir. Cavabdeh və ailə üzvləri ona mənzildə yaşamağa imkan verməmiş, heç bir səbəb olmadan evdə dava salmaqla onu söyüb təhqir etmiş və uşaqlarını da götürüb evdən getməyini tələb etmiş və bir neçə dəfə uşaqlarla birlikdə mənzildən qovmuşlar. Lakin o, uşaqların xatirinə ailənin dağılmaması üçün geri qayıdaraq ailə münasibətlərini bərpa etməyə çalışmışdır. Mənzildən qovulduqdan sonra uşaqlara birlikdə öz valideynlərinin mənzilində yaşamağa məcbur olmuş və hazırda da orada yaşayır və uşaqların maddi ehtiyaclarını onlar qarşılayırlar. Eyni zamanda qeyd edir ki, cavabdeh ona məxsus olan qızıl-zinət əşyalarını almış və hazırda da ondadır. Bir neçə dəfə həmin qızıl-zinət əşyalarının geri qaytarılmasını tələb etsə də, lakin cavabdeh geri qaytarmamış və onları özünün aldığını bildirmişdir. O, qeyd olunan məsələ ilə bağlı uşaqların xatirinə və ailənin dağılmaması üçün hüquq-mühafizə orqanlarına müraciət etməmişdir. O, hazırda iki uşaqlar birlikdə cavabdehdən ayrı yaşayır. O uşaqların xatirinə aralarındakı nikahın pozulmasını istəmir. Cavabdeh uşaqlara maddi cəhətdən köməklik göstərmir. Hər iki uşaq məktəbdə oxuyur və o, onları geyimlə, məktəb ləvazimatları ilə təmin etməkdə çətinlik çəkir. Məhkəmə iclasında İddiaçı iddia ərizəsində qeyd olunanlara uyğun izahat verərək iddianın təmin edilməsini xahiş etdi. Məhkəmə iclasında iddiaçının etibarnamə üzrə nümayəndəsi və vəkili Vəkil iddiaçı ilə eyni məzmunlu izahat verərək iddia tələbinin təmin edilməsini xahiş etdi. Cavabdeh məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada məlumat verilməsinə baxmayaraq məhkəmə iclasına gəlməmiş və gəlməməsinin səbələri barədə məlumat verməmişdir. Məhkəmə AR MPM-nin 185.5-ci maddəsinə uyğun olaraq işə cavabdehin iştirakı olmadan baxmağı mümkün hesab etmişdir. Məhkəmə iddiaçı tərəfi dinləyib, iş materiallarını nəzərdən keçirərək hesab edir ki, iddia qismən təmin olunmalıdır. İş materiallarında olan: - AZ İ № 623095 nömrəli nikahın bağlanması haqqında şəhadətnamənin surətindən görünür ki, Cavabdeh ilə X4 05.11.2010-cu ildə nikaha daxil olmuş, bu barədə nikahın bağlanması haqqında akt qeydləri kitabında 1348 nömrə ilə qeyd edilmişdir. Arvada Hacıməmmədova soyadı verilmişdir. - AZ-İİ 935709 nömrəli Doğum haqqında şəhadətnamənin surətindən görünür ki, X5 04.08.2011-ci il tarixdə anadan olmuşdur. Atası Cavabdeh, anası İddiaçıdır. - AZ-İİİ 046736 nömrəli Doğum haqqında şəhadətnamənin surətindən görünür ki, X3 03.02.2013-cü il tarixdə anadan olmuşdur. Atası Cavabdeh, anası İddiaçıdır. Beləliklə işin məhkəmə tərəfindən müəyyən olunan halları ondan ibarətdir ki, iddiaçı ilə cavabdeh rəsmi nikaha daxil olaraq evlənmiş, birgə nikahlarından iki uşaqları doğulmuşdur. Hazırda tərəflərin arasındakı nikah pozulmamışdır və iddiaçı onların birgə nikahından doğulmuş yetkinlik yaşına çatmayan uşaqları ilə birlikdə cavabdehdən ayrı yaşayır. Məhkəmə hesab edir ki, iddia tələbi qismən əsaslıdır. Azərbaycan Respublikası Ailə Məcəlləsinin 75-ci maddəsinə əsasən, valideynlər uşaqlarını saxlamağa borcludurlar. Valideynlər uşaqlarını saxlamadıqda uşaqların saxlanılması üçün vəsait (aliment) valideynlərdən məhkəmə qaydasında tutulur. Azərbaycan Respublikası Ailə Məcəllənin 78.1-ci maddəsində isə göstərilmişdir ki, valideynlər arasında yetkinlik yaşına çatmayan uşaqlara aliment ödənilməsi barədə saziş yoxdursa, eləcə də aliment verməyə borclu olan valideynin qazancı qeyri-müntəzəm, dəyişən olarsa uşaqların saxlanılması üçün vəsait tutulmasını tələb edən şəxsin xahişi ilə alimentin miqdarı məhkəmə tərəfindən hər ay ödənilməli olan sabit pul məbləğində və ya eyni zamanda həm sabit pul məbləğində, həm də bu Məcəllənin 76-cı maddəsinə uyğun olaraq qazancın müəyyən hissəsi kimi müəyyən edilə bilər. Məhkəmə qeyd edir ki, iddia tələbində qeyd olunan aliment məbləğinin ödənilməsi üçün iddiaçı tərəfindən cavabdehin həmin alimenti ödəməyə zəruri vəsaitinin kifayət qədər olması sübuta yetirilmədiyindən əsaslı deyildir. Azərbaycan Respublikası Ailə Məcəlləsinin 76, 78 və 112-ci maddələrinin şərh edilməsinə dair Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 27 iyul 2016-cı il tarixli Qərarında qeyd olunmuşdur ki, nikahın pozulması ilə əlaqədar uşağın valideynlərdən birinin himayəsinə verilməsi, uşağa qulluq, onun sağlamlıq, təhsil, inkişaf, məişət qayğılarının çəkilməsinin uşağın himayəsində olduğu valideynin üzərinə düşməsi, yaşayış minimumunu müəyyən edən qanunvericilik aktlarında göstərilən minimum dolanacaq xərclərinə yaxın məbləğin aliment kimi digər valideyndən tutulmasına əsas ola bilər. Belə ki, aliment ödəyən valideynin rəsmi olaraq heç bir yerdə işləməməsi və ya qazanca malik olmaması onu uşağı saxlamaq və maddi təminatı ödəmək vəzifəsindən azad etmir. Bu zaman uşağın Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş minimum dolanacaq xərclərindən az olmayan maddi təminat almaq hüququ vardır. «Azərbaycan Respublikasında 2022-ci il üçün yaşayış minimumu haqqında» Azərbaycan Respublikasının Qanunu ilə 2022-ci il üçün yaşayış minimumu ölkə üzrə uşaqlar üçün 193 manat məbləğində müəyyən edilmişdir. Belə olan halda məhkəmə hesab edir ki, yetkinlik yaşına çatmayanların saxlanılması üçün minimum yaşayış həddinə uyğun məbləğ seçilməlidir. Tərəflərin birgə nikahından doğulmuş 04.08.2011-ci il təvəllüdlü X5 və 03.02.2013cü təvəllüdlü X1 yetkinlik yaşına çatanadək saxlanılmaları üçün hər ay hər uşağa görə 193 manat olmaqla, ümumilikdə 386 manat sabit pul məbləğində alimentin təyin edilməsi qanunauyğun və məqsədəmüvafiqdir. «Uşaq hüquqları haqqında» Konvensiyanın 3-cü maddəsinin tələbinə görə, sosial təminat məsələləri ilə məşğul olan dövlət idarələri və ya özəl idarələr, habelə məhkəmələr, inzibati orqanlar, yaxud qanunvericilik orqanları tərəfindən həyata keçirilibkeçirilməməsindən asılı olmayaraq, uşaqlar barəsində görülən bütün tədbirlərdə uşağın maraqlarının daha yaxşı təmin edilməsinə ilk növbədə diqqət yetirilir. «Uşaq hüquqları haqqında» Azərbaycan Respublikası Qanununun 3-cü maddəsinin tələbinə görə, uşaqlar barəsində dövlət siyasəti hər bir uşağın zəruri maddi və məişət şəraitində böyüyüb tərbiyyə olunmasının, mütərəqqi tələblər əsasında təhsil almasının, layiqli vətəndaş kimi formalaşmasının təmin edilməsinə yönəldilir. Həmin Qanunun 13-cü maddəsinin tələbinə görə isə, uşağın qanunvericiliklə müəyyən edilmiş minimum dolanacaq xərclərindən az olmayan maddi təminat almaq hüququ vardır. Azərbaycan Respublikası Ailə Məcəlləsinin 100.2-ci maddəsinə əsasən aliment məhkəmə qərarı ilə tutulduqda aliment məhkəməyə müraciət edildiyi tarixdən tutulur. Belə olan halda, məhkəmə hesab edir ki, alimentin tutulması, iddia ərizəsi məhkəməyə daxil olduğu tarixdən, başqa sözlə 28.03.2022-ci il tarixdən başlayaraq hesablanmalıdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Azərbaycan Respublikası MPM-nin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 234.2.1-ci maddəsinə əsasən şəxsin saxlanılması üçün vəsaitlərin, o cümlədən alimentlərin tutulması haqqında qətnamələr dərhal icra olunur. Qeyd edilənlərə əsasən, Azərbaycan Respublikası MPM-nın müvafiq maddələrini rəhbər tutaraq məhkəmə Q ə t e t d i: İddia qismən təmin edilsin. Cavabdeh 28.03.2022-ci il tarixdən hesablanmaqla 04.08.2011-ci il təvəllüdlü X2 və 03.02.2013-cü təvəllüdlü X1 yetkinlik yaşına çatanadək saxlanılmaları üçün hər ay hər uşağa görə 193 manat olmaqla, ümumilikdə 386 manat sabit pul məbləğində alimenti tutularaq İddiaçı ödənilsin. Qətnamə dərhal icra edilsin. Qətnamədən onun tərəflərə rəsmi qaydada təqdim edildiyi gündən 1 (bir) ay müddətində Bakı şəhəri Suraxanı Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, qəbul edildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim Tural Məmmədov
Məhkəmə qərarları › İş №2(010)-1862/2022
Bakı Şəhəri Suraxanı Rayon Məhkəməsi Qətnamə — İş №2(010)-1862/2022
12.05.2022 · Ailə münasibətləri üzrə mübahisələr - Alimentin təyin edilməsi tələbi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver